Basqal Hamamı Şərq mədəniyyəti zənginliyi ilə dünyada məşhurdur. Əsasən şərq ölkələrində hamamların inşası, hamam mədəniyyəti daha geniş yayılmışdır. Şərqdə paklıq, təmizlik anlayışı hər zaman önəmli əhəmiyyət kəsb etmiş, hətta qərbin təmizliyi, hamam mədəniyyətini şərqdən öyrəndikləri haqqında mülahizələr də mövcuddur.
Xüsusən müsəlman ölkələrində adətən hamamlar məscidlərin yaxınlığında inşa olunardı. Müsəlmanlar cümə günü hamama gedib paklandıqdan sonra məscidə yollanardırlar. Yuyunma, paklanma yeri olan hamamlar həm yerli əhalinin istifadəsi üçün, həm də şəhərə gələn səyyahlar, tacirlər və digər qonaqların paklanması, istirahəti üçün nəzərdə tutulurdu. Bəzi mənbələrdə şəhərə gələn qonaqların hamamlarda paklandıqdan sonra şəhərə buraxıldığı faktı öz əksini tapmışdır. Əl-Kufinin (Ərəb tarixçisi, ?-926) öz qeydlərində Bərdədəki hamam haqqında bəhs etmişdir. Burada bildirilir ki, şəhərə gələn elçini ilk öncə hamama göndərər, daha sonra onu fəxri libasla təmin edərdilər. Bütün bu faktlar xalq, eləcə də yüksək zümrə nümayəndələrinin həyatında hamamların əhəmiyyətli mövqe tutduğunu bir daha sübut edir.
XIII-XIV əsrlərdə Azərbaycan şəhərlərində karvansaraylar, meydanbazar, məscidlərlə yanaşı hamamların inşası da geniş yayılmışdı. Bugünə qədər ən qədim hamam qalıqları Balaxanı qəsəbəsində XIV əsrdə inşa olunmuş Qum hamamına aiddir. Bu onu göstərir Abşeron yarımadasının bir çox kəndlərində, eləcə də bölgələrdə hamamların inşası çox qədim zamandan geniş yayılmışdır. Bunlardan biri də İsmayıllının Basqal kəndində yerləşən XVII əsrdə inşa olunmuş hamamıdır.
Basqal Hamam Muzeyi vaxtilə xalqın istifadə etdiyi qədim tarixə malik memarlıq abidəsidir. Bölgәnin әn qәdim tikililәrindәn olan bu hamam XVII әsrdә Kәlәküçә mәhәllәsindә inşa edilmişdir. Hamam Basqalın imkanlı və xeyriyyəçi insanlarının maddi dəstəyi ilə inşa olunmuş və xalqın ixtiyarına verilmişdir. Bəzi mənbələrə əsasən bu hamamın XVI əsrdə inşa edildiyi deyilir. Lakin ətrafdakı tikililərə, tikinti texnikası üslubuna uyğun olaraq qeydiyyata alınarkən hamamın XVII əsrə aid tikili olduğu göstərilmişdir. Basqaldakı dini, mülki və ictimai tikililər də Abşeron-Şirvan bölgəsinin memarlıq-tikinti ənənəsi əsasında hazırlanmış və bu məktəbin parlaq nümunələri sayılır. Hamam tikilisi ümumi planda dördkünc formalıdır vә üstü tağ bәndlәrlә saxlanan 2 günbәzlә örtülmüşdür ki, bu şərq memarlıq üslubunun təsirinin təzahürüdür. Hamam ümumilikdə iç-içə olan iki salon vә yardımçı otaqlardan ibarәtdir. Basqal hamamı da Azərbaycan ərazisindəki digər hamamlar kimi yer səthindən bir qədər dərində inşa olumuşdur. Buna səbəb belə tikilən hamamlarda istiliyin və sərinliyin uzunmüddət saxlamağın təmin edilməsi idi. Belə tikililər yayda sərin, qışda isə isti olurdu. Basqal hamamının yeganə işıq mənbəyi günbәz vә tavanın mәrkәzindә açılmış xüsusi baca (və ya pəncərə) olmuşdur. Yerli əhalinin sözlərinə əsasən hamamın hörülməsində yerli əhəng daşı və yumurta sarısından istifadə edilmişdir. Xalqın davamlı istifadə etdikləri kənd hamamı 1998-ci ildən sonra bir sıra səbəblərdən fəaliyyətini dayandırmışdır. Bunun başlıca səbəblərindən biri yerli əhalinin həyətyanı sahədə özlərinə məxsus hamamlar inşa etdiyi üçün, xalq arasında artıq ictimai hamama gəlməyə o qədər də maraq qalmamışdı. İnsanlar artıq əvvəlki kimi hamama tez-tez gəlmirdilər. Buna görə də hamamı qızdırmaq gün ərzində isti saxlamaq əlverişli deyildi. Digər səbəb isə hamamın qızdırılması ilə əlaqədar olmuşdur. Hamamın qızdırılması üçün tələb olunan odunu əldə etmək də maddi cəhətdən çətinlik yaradırdı. Bu səbəblərdən dolayı getdikcə tamamilə fəaliyyətini dayandıran hamam baxımsız qalmış və beləliklə qəzalı vəziyyətə düşmüşdü.
Basqal hamamı madii-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə alınmış, 2020-ci ildə bərpası başlamış və 2022-ci ildə hamam əsaslı təmir olunaraq Hamam Muzeyi olaraq ziyarətçilərin ixtiyarına verilmişdir. Bu muzeydə qonaqlar Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri haqqında geniş və olduqca maraqlı məlumatlar əldə edəcəklər. Eyni zamanda muzeydə keçmişdə insanların hamamda istifadə etdikləri əşyalar, təmizlik vasitələri, qadınların kosmetik vasitələri və digər dəyərli eksponatlar nümayiş olunur.
Külxana- Basqal hamamının maraqlı istilik təchizat sistemi olmuşdur. Dövrün digər hamamlarında olduğu kimi “Basqal hamamı” da döşəməaltı istilik sisteminə malik olmuşdur. Külxana deyilən hissədə xəznədəki su qızdırılır və hamamın divarları və döşəməsi boyunca çəkilmiş borular vasitəsilə kanalizasiya sisteminə axıdılırdı. Digər hissə isə hamamda çimənlər üçün xəznəyə axıdılırdı.
Külxana digər hamamlarda olduğu kimi Basqal hamamında da arxa hissədə inşa olunmuşdur. Hamamın tərkib hissəsi olan tağşəkilli formaya malik külxananın girişi ümumi hamamla bir deyil, müstəqil idi. Külxanaçı və ya ocaqçı hamamdakı suyun temperaturunun sabit saxlanılması və otaqlara ötürülməsinə məsuliyyətli idi. O, xəznə (soyuq və isti su anbarı) tərəfdən suyun toplanması üçün mis tiyan yerləşdirir və beləliklə suyun temperaturunu mütəmadi olaraq yoxlayırdı. Basqal hamamının suyu ətraf palıd meşələrində yerləşən təbii mənbədən öz axarı ilə tüng borular vasitəsilə ötürülürdü. Həmin su xəznəyə daxil olur, orada meşələrdən yığılan odunla qızdırılır və digər otaqlara paylanırdı. Hamamın suyunun qızdırılması üçün külxanada neftdən (qatran) və ya odundan istifadə edilirdi. Soyuq su külxanaya daxil olur, burada qızdırıldıqdan sonra otaqlara ötürülürdü.