Heydər OĞuz adını sən qoy! Bənzərsiz imza



Yüklə 0,6 Mb.
səhifə1/9
tarix04.01.2017
ölçüsü0,6 Mb.
#4498
  1   2   3   4   5   6   7   8   9



Heydər OĞUZ


Adını sən qoy!


Bənzərsiz imza
Vətənin sərhəddi olur, sözün sərhəddi olmur. Sərhədsiz sözlər sərhəd tanımayan ürəklərə düşən toxumdan cücərib qalxır. Sərhədsiz könüllərdən qidalanan sərhədsiz sözlər bəşərin mənəvi dəyəri kimi tarixin simasına çevrilir və tarix özü bu mənəvi dəyərdə yaşayaraq gələcək nəsillərə ötürülür.

Belə sərhədsiz söz simalarından biri kimi Heydər Oğuz həm publisistik, həm də ədəbi yaradıcılığı ilə diqqət çəkir. Uzun illərdən bəri tanıdığım şair yaşıdlarından ən çox düşüncə sabitliyi ilə seçılıb. O həmişə bir cəbhənin döyüşkən əsgəri olub. Başqaları kimi tez-tez səngərini dəyişməyib.

İlk gənclik illərindən tanıdığım Heydər Oğuz poeziyaya həmişə sadiq qalıb. Ən çətin məqamlarda siyasi döyüşkənliyinə poetik düşüncələrlə sığal çəkib. Siyasi düşüncə sabitliyi bəlkə poetik uğurlarında təkanverici rol oynayıb. ”Qanun sözü başlar, əzizim, ”qan “ ilə ancaq“ düşüncəsi - ”Qanuni olan yerdə hüquq xurd-xəşil olmaz” - məntiqi ilə sabitləşir:
Yadlar çıxarıb keyf edər işrət varımızla,

Əfsus ki, bizim xalqa çatan qəm-kədər oldu…
Vətənə, torpağa məhəbbət hissi H. Oğuz yaradıcılığında bir az fərqli ifadə edilir. O, Vətənə təkcə sevgi dolu baxışlarla baxmır. Onun baxışlarında bir az tənqid ruh, bir az da qınaq var.

Vətən təəssübkeşi olmaq hamının borcudur, amma bəyənilməyən tərəfinə güzgü tutmaq, güzgünü silib təmizlədiyimiz kimi, bəyənilməyən tərəfini ortadan qaldırmaq da bir borcdur. H.Oğuz yaradıcılığında Vətənin bu tərəfi də var. ”Mən sənin qanlı tənin üstə ötən bülbülünəm “ - deyən şair zülmə boyun əyməməyə, öz haqqı uğrunda mübarizəyə səsləyir:


Can verir zalıma məzlum, əyərək zülmə boyun,

Qurtuluş çarəsidir eyləmək üsyan, Vətənim.
Heydər Oğuz klassik əruz vəznini yaxşı bildiyi üçün tez-tez bu formaya üz tutur. Əruz vəznində yazdığı qəzəllər özünün bədii tutumu ilə diqqəti xüsusilə cəlb edir.

Sevgi hissinin ifadəsi onun yaradıcılığında bəzən heyrətə dönür. Bu heyrətdən doğan düşüncələrin ifadəsi də elə heyrətamiz olur oxucu üçün:


Sevgi deyilən şey nə hikmət, nə sirr,

Ulduzlar bu hissi duyaraq əsir,

Can bədən içinə həbs olmuş əsir,

Bitməzmi çəkdiyim bu çilə, Allah?
H.Oğuzun həm məhəbbəti, həm də məhəbbət şeirləri bənzərsizdir. Fikir lakonikliyi, düşüncənin ifadə tərzi, obrazlılıq maraqlı və yenidir:
Arx su daşıyanda gülə, sünbülə,

Adətdir, bir başı bağlanar gölə,

Aşiqin gözləri dönüncə gülə,

Ona suyu verən göldü məhəbbət.
Həyatda çəkisizliklər çoxdur. Ümid çəkisizliyi, münasibət çəkisizliyi… Bir də var ədalətin çəkisizliyi. Bu çəkisizliklər şair düşüncələrini tarıma çəkir, onun yuxusuna haram qatır, ürəyini tarımar edir:

Ürəyimdə saxladığım sözümü

Deyəmməsəm, hava gələr başıma.

Göz yaşımda dəfn etmişəm özümü,

Nələr gəldi, nələr, nələr başıma.
Poetik axtarış yuxusuz gecələrdən, narahat anlardan keçir. Yaradıcılıq prosesi vaxt tanımır. Belə bir ağırlığı daşımaq şairlərin taleyinə biçilib elə bil. Heydər Oğuz da bu yolun yolçusu kimi eyni əzabları daşıyır:
Heydər, Ana yurdun qansa dərmanı,

Haramdır məzara aparmaq qanı,

Haqqın buyruğusa cihad fərmanı,

Uğrunda baş qoyub ölməyə nə var?!
Aylar-illər ötür. Daş-kəsəkli ömür yolları kimi poeziya yolu da narahat dolu düşüncələrdən keçir. Yaşanmış və yaşanası ömrün müəyyən anları poetik duyğulara çevrilir. Və bu duyğu dolu sətirlər şair ömrünü mənalandırır. Şair ömrü isə ilk baxışda çox kiçik görünən cəmi bir imzadan ibarətdir. Bu imzanın dəyəri isə bənzərsizlıyindədir. Heydər Oğuz imzası həqiqətən də bənzərsiz imzadır. İnanırıq ki, aylar, illər ötəcək, onun imzası bir millətin şərəf və qürur yeri olacaq.

Məmməd TAHİR, şair.
Adını sən qoy!

Əlində tutduğun bu kiçik kitab

Sanma ki, sadəcə söz yığınıdır.

Dərdim bir manqaldır, ürəyim kabab,

Şeirimsə manqalda köz yığınıdır.
Gördüyün hər sətir sətir deyil tək,

Fənərdir, nur saçır nə qədər sirrə.

Kədər baxçasında bal arısı tək

Hər güldən, çiçəkdən çəkmişəm şirə.


Övladım olubdur şeirin hər sətri,

Hər biri doğmadır, əzizdir mənə.

Bəlkə də sizlərə xoş gəlməz ətri,

Ən çirkli misram da təmizdir mənə.


Balanı doqquz ay gəzdirər ana,

Söz var ki, illərlə gəzib içimdə.

Söz var, doğulunca yük olub cana,

Söz də var, ruhumu əzib içimdə.


Hər biri ən əziz balam olunca

Bilmirəm, hansıyla böyüyüb boyum?

Bilmirəm, hansıdır hansından uca,

Hansının adını kitaba qoyum?


Hansısa övladı tutub üzünə

Söz-söz, sətir-sətir oxunmaq da var,

Bir başqa övladın baxıb gözünə

Digər bir ürəyə toxunmaq da var.


Mənə əziz gəlir hər söz, hər mətn,

Yuyulub gözümdən axan yağışla.

Ad seçmək kitabı yazmaqdan çətin,

Ad seçə bilmirəm, məni bağışla!


Hər misra qəlbimə batan ox ucu,

Aç, oxu kitabı, öz acını duy!

Hansı dərdə ortaq olsan, oxucu,

O dərdlə kitabın adını sən qoy!




vətənpərvərlik şeirləri


Vətən marşı
Məhv etmədədir xalqı düçar olduğu zillət,

Dur, dur ki, Vətəndaş, bu cəhənnəm odu dursun!

Zülmün ayaq altında inildər qoca millət,

Zalım bizə qandal vuracaqmışsa da vursun!

Fərq varmı bu dövlət ilə zindan arasında!

Yurdum çabalar, çırpınar al qan arasında!


Zalımlara qul tək, kölə tək baş əyən insan -

İstər avam olsun, ya da istərsə də alim,

Məzlumluğu vermişsə əgər zülmünə imkan,

Əslində onun tam özüdür bəlkə də zalim.

Kim zülmə baş əyməkdədi nadanlıq içində,

Zalımlığı yaymaqdadı insanlıq içində.


Axdıqca yaşın, qan damacaq nurlu gözündən,

Susduqca sənin sinənə dağlar çəkəcəklər.

Yalvarma ki, xoşlanmayacaq kimsə sözündən,

Etdikcə fəqan bağrına qəm, dərd əkəcəklər.

Dərk et ki, gözündən nə qədər yaş axacaqdır,

Aləm sənə rişxənd edəcək, kəm baxacaqdır.


Düşmən obamın üstə atın kişnədir indi,

Məğlub Vətənin tapdalanan bayrağı sızlar.

Bir parça təsəlliyə elim təşnədir indi,

Sızlar, Ana Yurdum, Qarabağ torpağı sızlar.

Altında yatan cəddimiz artıq bizi gözlər!

Qurtarmalıyıq çünkü əzabdan onu bizlər!


Yetməzmi, İlahi, gözümüzdən tökülən yaş?

Allah, bu yazıq millətimin, bəs, suçu nəydi?

Torpaq - deyə, hər çınqıl üçün qoyduğumuz baş

Top oldu ayaqlarda və daşdan daşa dəydi.

Heç sorma: nədən, çağlayıb axmaqda bulaqlar?

Dolmuş gözüdür, dağların onlar, bizə ağlar.


Dur, dur ki, Vətəndaş! Səni səslər Ana Yurdum.

Qalxıb yenə dünyaya, “varam mən” – deyə söylə!

Biz yatdığımızçün boyanıb al qana Yurdum.

Dövran gedə bilməz, sürə biməz yenə böylə!

Varsansa əgər, kükrəyərək qüvvəni göstər!

Getməz hədər Azadlıq üçün tökdüyümüz tər!



Sanmayın tək Qarabağ bölgəmiz işğal olunub
Sanmayın tək Qarabağ bölgəmiz işğal olunub,

Naxçıvandan Bakıya ölkəmiz işğal olunub.


Danışan başda dərin iz buraxırkən dəyənək

Siz deyin, ölkəmizin vardımı gerçək hüququ?

Fikrini söyləməyə haqqı da çatmırsa, demək

Zülmə baş əyməyə var, susmağa var tək hüququ.

Yenicə tikdiyimiz tingəmiz işğal olunub,

Sanmayın tək Qarabağ bolgəmiz işğal olunub.


Seçə bilmirsək əgər Məclisə gerçək vəkili,

Hansı haqdan danışıb söz deməyə var üzümüz?

Kim ağız açsa həmin an kəsilir bizdə dili,

Xaricin lütfünə, əfsus ki, dikilmiş gözümüz.

Milli Məclisə gedən döngəmiz işğal olunub,

Sanmayın tək Qarabağ bölgəmiz işğal olunub.


İtirib dərsə gedib dərs oxumaq haqlarını,

İtirib körpə fidan qızlarımız məktəbini.

Qoruyur təkcə corablar toxumaq haqlarını,

Ya da erkən ərə getmək üçün özlər kəbini.

Mədəni haqlarımız, ilkəmiz işğal olunub,

Sanmayın tək Qarabağ bölgəmiz işğal olunub.


Millətin ruhu əlindən alınıb işrət ilə,

Qalmayıb düşmənə yumruq vuracaq qüdrətimiz.

Talanır sərvətimiz, məhv olunur rüşvət ilə

Sovrulur göylərə düşmən malı tək dövlətimiz .

Varımız- dövlətimiz, sikkəmiz işğal olunub,

Sanmayın tək Qarabağ bölgəmiz işğal olunub.


Neçə müddətdi ki, həsrətdi müəzzin səsinə,

Nizə tək göylərə sancılmış olan minbərimiz.

Dinimiz çünkü qalıbdır dini yox öhdəsinə,

Görəsən əfv edəcəkmi bizi peyğəmbərimiz?

Camimiz, minbərimiz, təkkəmiz işğal olunub,

Sanmayın, tək Qarabağ bölgəmiz işğal olunub.

Naxçıvandan Bakıya ölkəmiz işğal olunub.
Hər kəs şərik tikəmizə, Vətənim!
Bu dünyada yaman dərdə düşmüşük,

Fələk gülmür üzümüzə, Vətənim!

Qara günlü bəxtimizlə oynayır,

Qəlbimizi üzə-üzə, Vətənim!


Yurdumda, gör, kimlər meydan sulayır?

Qapımızda sarı qurdlar ulayır,

İtlərimiz qurda quyruq bulayır,

Hürür bizim üstümüzə, Vətənim!


Dünya acdır, sən yağlıca bir kökə,

Yeyə-yeyə, salıb səni bu kökə.

Gen ağzından yerə düşüb bir tikə,

Hər kəs şərik tikəmizə, Vətənim!


Yatırtmaqçün yumşaq edib balıncı,

Nağıl deyir başbilənim - nağılçı.

Müzeylərdə Xətainin qılıncı

Yatır hələ üzü bizə, Vətənim!


Heydər Oğuz yanır, yaman odlanır!

Qara bağrı, qəlbi, aman, odlanır!

Kibrit düşüb sanki saman odlanır!

Boğuluruq tüstümüzə, Vətənim!



Kimə güvənirsən, zalım balası?!
Demə, var əynimdə dəmir qiyafət,

Gün gələr, zirehin sənə olar yük.

Hər səbrin qisası özünə nisbət,

Böyük səbrlərin qisası böyük.

Qoymaz qiyamətə bu xalq qisası,

Kimə güvənirsən, zalım balası?!


Hələ məhv etməyib zülmün milləti,

Hər susqun baxışda bir qiyam yatar.

Dəyənək artırar yalnız nifrəti,

Hər ahın altında intiqam yatar.

Nifrətlə ölçülər öcün miqyası,

Nəyə güvənirsən, zalım balası?!


Hara aparırsan xalqı, de, hara?

Yetər, sırıdığın o ağ yalanı.

Bu millət əlindən gəlibdir zara,

Allah da götürməz belə bəlanı

Qul neylər gələndə Haqqın bəlası?

Kimə güvənirsən, zalım balası?!


İçki məclisində çözülə bilməz

Məmləkət dərdləri, yoxsul gileyi.

Həll edilə bilməz, cızıla bilməz

Qumar masasında ölkə taleyi.

Vəzifə mülk deyil miras qalası.

Kimə güvənirsən, zalım balası?!


Fırtına qopmadan dərər nəfəsin,

Qopanda sahillər gələr ona dar.

Eşit milyonların ucalan səsin

Yoxsa bu dalğalar səni də udar.

Merata çevirər fələk mirası,

Kimə güvənirsən, zalım balası?!


Qorxunc kabus kimi çıxacaq bir gün

Qarşına bu millət əlində yaba.

Od vurub mülkünü yaxacaq bir gün

Evini yıxdığın bu el, bu oba.

Zülmün öz başına uçar qalası,

Kimə güvənirsən, zalım balası?!

Naxçıvan köçkünü”yəm
Baxma belə susqunam,

Dağlayır söz içimi.

Çölüm çölü yandırır,

İçimsə öz içimi.

Ürək çuval deyilk ki,

Ağzın açam, söz deyəm.

Heç kimin görmədiyi

“Naxçıvan köçkünü”yəm!


Sanmayın, bu, qapımın

Paslanan kilididir.

Pas, onun gözləməkdən

Saralan ümididir

Nolar, kilid olanda,

Onun ruhu yox, bəyəm?

Heç kimin görmədiyi

“Naxçıvan köçkünu”yəm!


Şah məni eldən sayır,

El məni şahdan sayır.

Xan məni öz mülkünə

Göz tikən şeytan sayır

Qalmışam ortalıqda,

Yox sahibim, yox yiyəm!

Heç kimin görmədiyi

“Naxçıvan köçkünü”yəm!


Səpələndim ətrafa,

Kölə oldum, qul oldum.

Qürbətin yollarında

Başmaq dəldim, yoruldum.

Bir nəfəs dinclik üçün

Gərək, min yol baş əyəm.

Heç kimin görmədiyi

“Naxçıvan köçkünü”yəm!


Diplomumun həsrətdən

Sifəti saralıbdır.

Üz-gözünü mənim tək

Toz qoynuna alıbdır.

Halımı görməyənlər

Sanır ağayam, bəyəm

Heç kimin görmədiyi

“Naxçıvan köçkünü”yəm!


Dilimin ucbatından

Olmuşam dil qaçqını.

Mənim halım çətindir,

Nədir ki, el qaçqını?

O üzdən dərdli-dərdli

Durmadan ötən neyəm.

Heç kimin görmədiyi

“Naxçıvan köçkünü”yəm!


Millət yatır zənn edir

Belimdəki yağırı.

Halbuki mənə düşdü

Dərdlərin ən ağırı

Kimdənsə küsməmişəm

Taleyin küskünüyəm.

Heç kimin görmədiyi

Naxçıvan “köçkünüyəm”!


Dərdlər yeyib içimi

Bir sümük, dərim qalıb.

Hirslə dolmuş bardağam

Bir damla yerim qalıb.

Gərək daşam, biləsiz,

Kiməm, nəçiyəm, nəyəm?

Heç kimi görmədiyi

“Naxçıvan köçkünü”yəm!


Ah ilə zar içində

Zillətdən qurtarmaqçün Azərbaycan türkünü,

Gözə aldın hər şeyi, həbs, ölüm, sürgünü.

Sən bir yol salıb getdin rəhbər tutub ülkünü

Yol elə dolanbac ki, naşı azar içində,

Millət səni özləyir ah ilə zar içində.


Su kimi təmiz idin, su kimi axıb getdin,

Su yangı söndürəndi, sən isə yaxıb getdin.

Vəzifən bitməmişdi, Bəy, hara çıxıb getdin?

Bələdçi gözləyirik biz intizar içində,

Millət səni özləyir ah ilə zar içində.
Qürurlu duruşundan yağırdı türk vüqarı,

Sən idin bu ölkənin şan- şöhrəti, ilqarı!

Məzara apardığın qəlbin sirlər məzarı.

Gör, neçə məzar yatır bircə məzar içində?

Millət səni özləyir ah ilə zar içində.
Yəqin qəlbin qırılıb bizdəki qəddarlığa -

VƏFA DARLIĞI olan belə “vəfadarlığa”.

Bəy, səni necə qıydıq bu ikiqat darlığa?

Sən məzar içindəsən, məzar hasar içində.

Millət səni özləyir ah ilə zar içində.
Sən Haqqa yürüyəli haram halala dönüb,

Siyasət bazar olub, məfkurən mala dönüb,

Piştaxta arxasında bəylər dəllala dönüb,

Satan alandan çoxdur həmin bazar içində,

Millət səni özləyir ah ilə zar içində.

Vətən eşqi
Vətən eşqi mənə hər şeydən əzəldi,

Çəkərəm hər nə bədəldi.

Onun uğrunda ölüm də, tələf olmaq da gözəldi.

Böyük amalımız ətrafa yayıldı,

Biri qəflətdən ayıldı,

Biri qorxub da bayıldı.

Birinin kürkünə min bir birə düşdü,

Zalımın qəlbi qırıldı, yerə düşdü.

Qorxudan beynini müdhiş fikir aldı

Kükrəyib hakimi-mütləq

Bizi zindalara saldı.

Kiminin qəsdinə durdu,

Kiminin boynunu vurdu,

Eyləsək fikri xülasə,

Özünü boş yerə yordu.

Amma biz durmadan artdıq.

O yazıq anladı artıq,

Təsir etməz alışan qəlblərə süngü.

O, Vətən eşqidi çünkü.

Vətən eşqi mənə hər şeydən əzəldi.

Çəkərəm hər nə bədəldi.

Onun uğrunda ölüm də, tələf olmaq da gözəldi!


Əsgər ölümünə “yanan” deputat
Əsgər ölümünə “yanan” deputat,

Bu yanğı o igid nəri qaytarmır.

İstərsən, aləmi bir-birinə qat,

Heç nə o nərləri geri qaytarmır.


Hər gün yoğunladıb şələ bığını,

Sən hardan anlarsan bala dağını?

Qaytara bilirsən qaytar sağını,

Yardımlar övladı diri qaytarmır.


“Bala olacağam” - deyib anaya

Qıyma ki, o yara yenə qanaya.

Ana ürəyində çıxsan da Aya,

Övladın tutduğu yeri qaytarmır.


Sən hələ çalış ol, elin vəkili,

Bir başqa ananın yanmasın dili.

Yalandan töksən də gözündən seli,

Qaytarmır gedəni, kiri, qaytarmır.


Ana ürəyini yaxdırsa acı,

Hümmət ola bilməz dərdin əlacı.

Pul bir əl çirkidir, övlad baş tacı,

O tacı əllərin kiri qaytarmır.


Zabitin əlində ölən igidi

Əvəz edə bilməz dünyanın vədi.

Səngərdə ölməyən nakam şəhidi,

Heydər, o vədlərin biri qaytarmır.

……. daş atan(lar)a
Səni qınamıram Bəyə daş atan,

Bəyliyi, bəyliyə erməyən bilməz.

İsti qucaqlara baş qoyub yatan,

Soyuq bucaqları görməyən bilməz.


Nədir keşməkeşli insan həyatı -

Yaşamayan sanar asan həyatı.

Nədir istibdadın zindan həyatı -

Zindanlarda ömür sürməyən bilməz!


Çınqıllı yollarda yormayan qədəm

Qayaya xor baxar, dağa baxar kəm.

Milli azadlığın qədrini, dədəm,

Canını bu yola verməyən bilməz.


Dünən yumurtadan çıxan cücələr

Bilməz-çəkinirlər nədən beçələr?

Niyə qorxuludur qara gecələr -

Ormanın qoynuna girməyən bilməz!


Ömür qurbanlıqsa müqəddəs yola,

Sərf edə bilməzsən sağa və sola.

Ondan imtina da haramdır qula -

Halal bir meyvəni dərməyən bilməz!


Heydər deyər: saray necə tikilir,

Necə yer qazılır, özül tökülür,

Tikincə yolunda nələr çəkilir -

Ömründə bir hasar hörməyən bilməz!



Yaz, ey qələmim!
Heyrət ki, elim dad eləyir bunca yazardan.

Yazmaz biri lakin nə Vətəndən, nə diyardan.

Onlar ki, ayırmaz ürəyin nazlı nigardan,

Xalqın dili olmaq da sənin öhdənə düşdü

Yaz, ey qələmim, dərdləri yazmaq sənə düşdü.
Gör, bir nə qədər əhli qələm var papaq altda,

Canana qəzəl söyləyər onlar dodaq altda.

Ya Rəbb, gözəl ölkəm çabalarkən ayaq altda

Əfv et ki, çətin iş naşı bir bəndənə düşdü,

Yaz, ey qələmim, dərdləri yazmaq sənə düşdü.
Könlüm, mətin ol, çünkü bu iş can tələb eylər,

Can üstə ölümcül Vətənim qan tələb eylər.

Hər hansı müqəddəs dava qurban tələb eylər.

Al qırmızı geymək sırası növbənə düşdü,

Yaz, ey qələmim, dərdləri yazmaq sənə düşdü.
Saxta müxalifət
Bir vaxtlar hər bir şahın axta xacəsi vardı,

Sarayında yalmanan bir qulbeçəsi vardı,

Yazığın nə gündüzü, nə də gecəsi vardı.

İndisə vardır mənən bir axta müxalifət,

Sarayın xacəsidir bu saxta müxalifət.
Yarasa tək quş görsə, dərhal bilib işini,

Qanadını göstərib xatırlar keçmişini,

Sıçan görüncə ancaq tez göstərər dişini.

Xoş gündə iqtidardır, dar vaxtda müxalifət.

Sarayın xacəsidir bu saxta müxalifət.
Sürtüb qoxan leşinə müxalifət ətrini,

Bəzərsən “Məclis” adlı piştaxtanı, vitrini.

Siyasət dəllalları ondan istər xətrini -

Sənsiz kasıb görsənir piştaxta, müxalifət!

Ey sarayın xacəsi, ey saxta müxalifət.
Qızarıb utanmırsan baxmadan öz yaşına,

Daş atıb sevinirsən dünənki yoldaşına,

Bir zaman tuş gəlməmiş özün də yol daşına

Daş atmadan bir dayan, bir toxta, müxalifət!

Ey sarayın xacəsi, ey saxta müxalifət.
Məqsəd müxalifətə müxalifət olmaqsa,

Gerçəyə, həqiqətə müxalifət olmaqsa,

Demokratik dövlətə müxalifət olmaqsa,

Müxalifətsən, bəli -dırnaqda “müxalifət”

Ey sarayın xacəsi, ey saxta müxalifət.
Adına fikir versən, adı böyük özündən,

Gözünə baxa bilməz, tanıyarsan gözündən,

Tələyə düşüb çünkü iddiası üzündən,

Demokratik rəng verir paytaxta müxalifət,

Ey sarayın xacəsi, ey saxta müxalifət.
Hərçənd bişib rüzgarın atəşində, dağında,

Bir vaxt o da qovrulub müxalifət yağında,

Təəssüf ki, dözməyib ömrünün son çağında,

Baxmayaraq çox görüb qış, şaxta müxalifət,

Sarayın xacəsidir bu saxta müxalifət.
Sarayın qapısında büküb ürkək boynunu,

Qırmızı almalarla dolduraraq qoynunu,

Oynamağa can atır öz rolunu, oynunu.

Dayanmağa çalışır ayaqda müxalifət,

Sarayın xacəsidir bu saxta müxalifət
Əməliylə özünü yaman günə salıbdır-

Nə müxalifət kimi müxalifət qalıbdır,

Nə də iqtidar kimi bir vəzifə alıbdır.

Nə palan ola bilir, nə noxta müxalifət,

Sarayın xacəsidir bu saxta müxalifət.
Heydər Oğuz deyər ki, məni çəksəniz dara,

Ağa ağ deyəcəyəm, siyah qaraya qara.

Hərçənd gəlmək olsa da haqqınız iqtidara,

Beləmi çıxacaqsız siz taxta, müxalifət?!

Ey sarayın xacəsi, ey saxta müxalifət!
Nə biz beçə arıyıq, nə də siz ana arı
Mitinq dediz, meydanda ayaq yorduq, qıç qırdıq,

Boğaz yırtılınacan “lider, lider”-qışqırdıq,

Milli həyəcan ilə qınımızdan fışqırdıq.

Necə tez unutdunuz əhd-peymanı, ilqarı

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Bu yollarda çürüdü bizim də gəncliyimiz,

Əlimizdən alındı hər cürə dincliyimiz,

Sizlərə uymaq oldu bəlkə də gicliyimiz,

Sizsə havalandınız gəldikçə sizə sarı

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Səsiniz gələn kimi tez yetişdik haraya,

Düşmən olduq sizinçün yaxın qohum-qaraya.

Sizsə bizi satdınız bir mandata, paraya.

Bir yerə gələmmirsiz, insafa gəlin barı

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Bəsdir, daha millətin ruhuyla oynadınız!

Məzlumun naləsiylə, ahıyla oynadınız!

Bir vaxtlar bu oyunu dahiylə oynadınız,

İndi bəs, nədir sizin qarnınızın azarı?

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Bacarmırsız, bu işi bir əhlinə ötürün,

Boynunuzdan yuxarı arzudan əl götürün,

Yerinizə layiqli birisini gətirin

Bitsin artıq millətin qəlbindəki ah-zarı,

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Milləti susqunluğa salan sizlər olubsuz,

Əzmini əllərindən alan sizlər olubsuz,

Yenə tək ümid yeri qalan sizlər olubsuz,

Kimdir bu işi pozan, tapın o saxtakarı,

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Boş yerə aranızda girərək min bir bəhsə,

Parçalayıb diddiniz milləti hissə-hissə.

Kimini son mənzilə, kiminisə məhbəsə

Yola salıb dəyişdiz gündə min yol qərarı,

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Ümidlə baxdıq sizə, önə çıxdız hansınız,

Hamınız bir-birindən fərqlənməz insansınız.

Artıq fitlər çalınıb, qalıbdır son şansınız.

Qorxuram, əlimizdən qaçıraq bu qatarı

Nə biz beçə arıyıq, nə də siz ana arı.
Müxalifət varmı ki, anası olsun hələ?
Ana müxalifət lideriyəm” deyənlərə
Yeni bir söz gətirib meydana müxalifət,

Guya bir bala vardır, bir ana müxalifət.

Görmürlər sanki qalıb viranə müxalifət,

Rejim meydan sulayır bizlərə gülə-gülə.

Müxalifət varmı ki, anası olsun hələ?
Ölkədə hər örgütün məramları eynisə,

Hədəfinin ən kiçik məqamları eynisə,

Hətta söylədikləri kəlamları eynisə,

Bir soran lazım: niyə ayrılıbsınız belə?

Müxalifət varmı ki, anası olsun hələ?
Sığmazkən əməliniz nə vicdana, nə dinə,

Utanmadan deyirsiz “ana liderəm” yenə?

“Bəs, ata lider kimdir?”- onda cavab ver mənə.

Ey “ana müxalifət” sözünü salan dilə,

Müxalifət varmı ki, anası olsun hələ?
Təkcə liderlər fərqi ayırıbsa milləti,

Sizsiniz demək xalqın ən önəmli illəti,

Şəxsi marağınızdan çəkirik bu zilləti.

Bəs deyilmi, şahlıqla girmişik son yüzilə?

Müxalifət varmı ki, anası olsun hələ?
Görünüşdə bir yurda böyük ağsaqqalsınız,

Əslindəsə dükanda səs salan baqqalsınız.

Bilin ki, əqidəni satan andan lalsınız,

Nitqinizmi quruyur mandat dəyincə ələ?

Müxalifət varmı ki, anası olsun hələ?
Dünənin satılmışı bu günün satqınına

Əxlaq dərsi öyrədir, hey hıqqana-hıqqana.

Unudur ki, bir vaxtlar özü xalqın haqqına

Qarşı çıxıb xəyanət eləmişdi bu elə.

Müxalifət varmı ki, anası olsun hələ?
Sizi almayıblarsa, deməyin: satılmadıq,

Deputat tövləsində sürüyə qatılmadıq.

Ağ yalandır, desəniz: süfrədən atılmadıq.

Millət şahiddir buna, sizi atıblar çölə

Müxalifət varmı ki, anası olsun hələ?
Hələ də gözləriniz ölkə xaricindədir,

Moskvada, Nyu-Yorkda, hətta uzaq Çindədir.

Halbuki dərmanınız ölkənin içindədir.

Yadlar sizi çatdırmaz getdiyiniz mənzilə.

Müxalifət varmı ki, anası olsun hələ?
Azadlığın yolunda daş və kəsək oldunuz,

Bu milləti uyudan yorğan-döşək oldunuz,

Bizlərə göstərilən əyri dirsək oldunuz,

Bizi yoldan etdiniz özünüz bilə-bilə

Müxalifət varmı ki, anası olsun hələ?
Heydər Oğuz deyər ki, alsan ondan xəbəri-

Rejimin əllərində duz yalayıb hər biri.

Duz yalayan quzudan olmaz ölkə rəhbəri,

Bu gün öz davasında səmimi olsa belə,

Müxalifət varmı ki, anası olsun hələ?


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin