İQTİSADİYYATA GİRİŞ
MÖVZU 3. İQTİSADİ SİSTEM
P L A N
1. İqtisadi sistem, onun mahiyyəti və formaları
2. Bazar münasibətləri iqtisadi sistem
a. Xalis (sərbəst) kapitalizm
b. İnhisarçı kapitalizm
3. Qeyri-bazar iqtisadi sistemi
a. Ənənəvi sistem
b. İnzibati-amirlik sistemi
4. Qarışıq iqtisadi sistem
5. Bazar iqtisadi sisteminin modelləri
6. Resursların və gəlirlərin dövr etməsi
İqtisadi sistem, onun mahiyyəti və formaları
Sistem (system) sözünün yunan dilindən tərcüməsi müxtəlif hissələrdən ibarət olan tam, yaxud bütov mənasının verir. İqtisadi sistem dedikdə təbiətin, cəmiyyətin və insan fəaliyyətinin qarşılıqlı əlaqəsi, habelə kompleksli surətdə inkişafı başa düşülür. Deməli, iqtisadi sistem təsərrüfat həyatı hadisələrinini və prinsiplərinin inkişafı gedişini özündə əks etdirir. Bu baxımdan iqtisadi sistem konkret hər hansı bir cəmiyyətin istehsal imkanlarına, ölkənin və əhalinin maddi-mənəvi ehtiyaclarının ödənilməsi səviyyəsinə uyğun olmalıdır. Başqa sözlə iqtisadi sistem – cəmiyyət miqyasında iqtisadi əlaqələrin və insanların çoxcəhətli təsərrüfat fəaliyyətinin ümumi nəticəsi olub, bütovlükdə ölkənin, onun əhasilinin maddi-mənəvi tələbatarının dolğun ödənilməsi məqsədinə xidmət edir. Nobel mükafatı laureatı Vasili Leontiyev (ABŞ) iqtisadi sistem anlayışını belə müəyyənləşdirmişdir: «Hər bir ölkənin iqtisadiyyatı – qarşılıqlı əlaqə və asılılıqda çoxsaylı fəaliyyət növlərindən ibarətdir. Bu vahid sistemin hər bir həlqəsi başqasına nə isə (məhsul-xidmət) verməklə, eyni zamanda digərlərindən nə isə almaqla yaşaya bilər». Başqa bir fikrə görə, iqtisadi sistem – cəmiyyətdə baş verən iqtisadi proseslərin, mülkiyyət münasibətləri və hüquqi-təşkilat formaları əsasında həyata keçirilməsidir. İlk baxışda mürəkkəb və qarışıq görünən cəmiyyətin təsərrüfat həyatı, ölkənin iqtisadi sistemi, şübhəsiz müəyyən qaydalar, prinsiplər əsasında təşkil olunaraq idarə edilir. İqtisadi sistem cəmiyyət miqyasında istehsalla istehlakçılar arasındakı əlaqələri müxtəlif formalarda nizamlayıb reallaşdıraraq, ölkənin iqtisadi-sosial inkişafını təmin edir.
Eyni zamanda iqtisadi nəzəriyyədə iqtisadi sistem anlayışına qısa və geniş təriflər də verilir. Qısa tərifə əsasən «cəmiyyətdə başlıca iqtisadi münasibətlər (mülkiyyət) və istehsalın (müəssisələrin, şirkətlərin, birliklərin) təşkilati-hüquqi formaları bazasında yaranmış prosesə iqtisadi sistem deyilir. «Geniş tərifə görə «iqtisadi sistem – iqtisadiyyatın əsas problemlərinin həllinin təşkili və idarə olunmasına görə mövcud resurslardan (torpaq, kapital, əmək, sahibkarlıq qabiliyyəti) istifadə edərək cəmiyyətin, habelə onun üzvlərinin tələbatlarının ödənilməsi prosesinə deyilir»
Aydındır ki, müxtəlif tarixi dövrlərdə cəmiyyətin ehtiyaclarını və insanların tələbatlarını ödəmək üçün ölkənin iqtisadi resursları, oradakı mülkəyyət (icma, xüsusi, dövlət, korporativ, bələdiyyə, qarışıq) formaları, konkret daxili-xarici vəziyyətin mühüm əhəmiyyəti vardır. Lakin ən qədim dövrlərdən başlayaraq bizim günlərə qədər müxtəlif ictismai-iqtisadi quruluş mərhələləri keçmiş insan cəmiyyəti yaşayıb inkişaf etmək üçün hökmən müxtəlif təyinatlı məhsul və xidmətləri istehsal etmiş, bunların bölgüsünü həyata keçirmiş, mübadilə etmiş, nəhayət istehlak məqsədi ilə sərf olunmuşdur.
Deməli, bütün iqtisadi sistemlər həmişə «nə istehsal etməli, necə istehsal etməli və kim üçün isitehsal etməli?» problemi ilə bu və ya digər formada qarşılışmışlar. Bu həyatı suallara cavab isə məhdud iqtisadi resurslara cəmiyyətin artan tələbatlarını necə ödəməyin optial yollarını tapmaq istiqamətində axtarılmışdır. Müxtəlif iqtisadi sistemlər bu məqsədi, məhdud iqtisadi resurslardan səmərəli istifadə etməklə, cəmiyyətin və onun üzvlərinin tələbatlarını daha dolğun ödəməklə reallaşdırmağa çalışmışlar.
Hər hansı bir iqtisadi sistemdə – torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti kimi istehsal amillərinin qarqşılıqlı əlaqəsi və bir-birini tamamlayan fəaliyyəti əsas şərtdir. İqtisadi sistemin strukturunun (quruluşunun) tərkib hissələri kimi səciyyəldəndirilən bu istehsal amillərinin fasiləsiz hərəkəti və fəaliyyəti, şübhəsiz müəyyən qanunlar, qanunauyğunluqlar, prinsiplər, modellər, (variantlar) əəsasında baş verir. İqtisadi sistemin mahiyyətindən və məqsədindən irəli gələn vəzifəsi, bütövlükdə ölkənin təsərrüfat həyatının normal fəaliyyətinə xidmət göstərmək, əhalinin yaşayış səviyyəsini yüksəltməkdir.
İqtisadi nəzəriyyə (economics) elmi, indiyədək bəşər cəmiyyəti tarixində mövcud olmuş iqtisadi sistemləri (onların müxtəlif forma, model, variantları, da daxil edilməklə) 2 böyük qrupa ayrılır. Birincisi, bazar iqtisadi sistemi olub, özündə bu sistemin xalis bazar (sərbəst bazar, rəqabət bazarı) və müasir bazar (inhisarçı, korporasiya) formalarını, yaxud tiplərini birləşdirir. İkinçisi, qeyri-bazar iqtisadi sistemi adlanıb, özündə ənənəvi və əmrlə idarə ounan inzibati-amirlik iqtisadi sistemlərini birləşdirir. Törəmə bir forma kimi qarışıq iqtisadi sistemi göstərmək olar.
Ölkənin iqtisadi resursları və siyasi-ictimai quruluşundan asılı olaraq, həm bazar, həm də qeyri-bazar iqtisadi sistemlərinin müxtəlif modelləri mümkündür. Tarixi ardıcıllıq cəhətdən qeyri-bazar iqtisadi sisteminin qədimliyinə baxmayaraq,bazar münasibətləri iqtisadi sisteminin müasir dövr üçün əhəmiyyətini nəzərə alaraq, ilk növbədə onun formalarını nəzərdən keçirmək məqsədəuyğundur.
Dostları ilə paylaş: |