MƏDƏNİYYƏt və turizm naziRLİYİ zaqatala rayon məDƏNİYYƏt və turizm şÖBƏSİ zaqatala rayon məRKƏZLƏŞDİRİLMİŞ kitabxana sistemi



Yüklə 117,62 Kb.
tarix30.11.2016
ölçüsü117,62 Kb.
#527
AZƏRBAYCAN RESPUBLİKASI

MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
ZAQATALA RAYON MƏDƏNİYYƏT VƏ TURİZM ŞÖBƏSİ

ZAQATALA RAYON

MƏRKƏZLƏŞDİRİLMİŞ KITABXANA SİSTEMİ

http://kayzen.az/uploads/images/00/46/30/2012/08/16/7acfa7.jpg

BƏXTİYAR VAHABZADƏ- 90

ZAQATALA-2015

Tərtibçidən

Bu vəsaiti sevimli xalq şairimiz Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə sizə təqdim edirik.

Vəsait iki hissədən ibarətdir. Vəsaitin “İstiqlal və azadlıq şairi” adlanan birinci hissəsində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, ikinci hissəsində isə şairə həsr olunmuş kitabxana tədbirlərdən söhbət açılır.

Bildiyimiz kimi Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eyni zamanda bütün türk dünyasının əsərlərini sevərək oxuduğu, şəxsiyyətinə hörmətlə yanaşdığı bir sənətkardır. Çox təəssüf ki, 2009-cu ilin fevralında xalqımız onunla vidalaşmalı oldu. Dünyadan köçməsinə baxmayaraq Bəxtiyar sevərlərin ürəyində yaşayır və yaşayacaq.

Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi

haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur. 

Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikrin inkişafına dəyərli töhfələr bəxş etmiş xalq şairi Bəxtiyar Vahabzadənin 90 illiyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2015-ci il.

“İstiqlal və azadlıq şairi”

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almış, universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Daha sonralar o, Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır . Bəxtiyar Vahabzadə 1980-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü, 2000-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995  2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı il " Leninlə söhbət " və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.

Xalq şairi Bəxtiyar Vahabzadə özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan aparıcı sənətkarlardan biridir. Onu haqlı olaraq çağdaş milli şeirimizin canlı klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarım əsirlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. Onun "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri öz əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilib.

Şairin "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisistik kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur. Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra öz vəzifəsinə bərpa edilmişdir. Bəxtiyar Vahabzadə sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

Xalq şairi 2009-cu il fevral ayının 13-də, 84 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir .

BƏXTİYAR VAHABZADƏNİN HƏYAT VƏ

FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

1925 Vahabzadə Bəxtiyar Mahmud oğlu avqustun 16-da Şəki şəhərində anadan olmuşdur.
1942-1947 ADU-nun filologiya fakültəsində təhsil almışdır.

1951 "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1964 "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1950-1990 Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır.

1974 Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

1976 Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

1980  Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir.

1981 SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir.

1984 SSRİ Dövlət mükafatlarına layiq görülmüşdür.

1984 “Azərbaycanın Xalq şairi” fəxri adını almışdır.

1988 M.F.Axundov adına ədəbi mükafatın laureatı olmuşdur.

1991 Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi.

1995 “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.

2000 Azərbaycan MEA-nın həqiqi üzvü seçilmişdir.

1995-2000 Azərbaycan Milli Məclisinə deputat seçilmişdir.

2009 Fevral ayının 13-də Bakıda vəfat etmişdir.

B.Vahabzadənin anadan olmasının 90 illiyi ilə əlaqədar

kitabxanaların qarşısında duran vəzifələr
16 avqust 2015-ci ildə B.Vahabzadənin anadan olmasının 90 iliyidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 14 yanvar 2015-ci il tarixdə “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə əlaqədar olaraq bütün mədəni-maarif müəssisələrində o cümlədən kitabxanaçıların qarşısında da mühüm vəzifələr durur. Bu münasibətlə hər bir kitabxanada tədbirlər planı işlənib hazırlanmalıdır. Bu mövzudan bəhs edən kitabların, həmçinin dövrü mətbuat materiallarının geniş oxucu kütləsinə çatdırılması üçün əyani və şifahi təbliğatın bütün formalarından, kitab sərgilərindən, kitabxana plakatlarından, stendlərdən, oxucu konfranslarından, biblioqrafik xülasələrdən, məruzə və mühazirələrdən və s.geniş şəkildə istifadə edilməlidir.

Tədbirlərin başlanğıcı üçün sərgilərin təşkili vacibdir. Sərgilərin təşkilində aşagıdakı başlıqlardan istifadə etmək olar. “B.Vahabzadə-90”, “Poeziyamızın parlaq sənətkarı” və s. başlıqlardan istifadə etmək olar. Sərgi üçün nəzərdə tutulan materialları aşagıdakı formada yerləşdirmək olar.

1. Başlıq: “B.Vahabzadə-90”

2. Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



3.Sitat:

Dilimiz, millətimiz durduqca Bəxtiyar Vahabzadə də əbədi yaşayacaqdır.



Anar

yazıçı


4. Kitabların sərgisi

5. Dövrü mətbuatda nəşr olunan materiallar.

Kitabxanaçılar dövrü mətbuatda dərc olunan materialların kartotekasını hazırlayıb oxucuların istifadəsinə verməlidirlər. Həmçinin kitabxanada oxucularla sual-cavab gecələri keçirmək olar.

Kitabxana tədbirlərindən biri də icmallardır. Bəxtiyar Vahabzadənin bir-birindən maraqlı əsərlərinin icmalının keçirilməsi oxucularda maraq doğurar.

Kitabxanada “ Türk dünyasının istiqlal şairi “ mövzusunda oxucu konfransları təşkil etmək məqsədə uyğun olardı. Fonddan konfransın mövzusuna uyğun ədəbiyyat seçilərək məruzəçiyə və çıxışçılara tövsiyə olunmalıdır. Kitabxanaçı konfransda çıxış edəçək hər oxucunu kitablarla təmin etməlidir.Onların çıxışa hazır olduqlarını müəyyənləşdirdikdən sonra konfransın vaxtını təyin edib, elan yazmaq olar. Oxucu konfransının keçirilməsi üçün qabaqcadan ayrıca proqram tərtib edilməlidir. Proqramda keçiriləcək tədbirin adı, məruzəçinin və eləcə də çıxış edəcək şəxslərin adları göstərilməlidir.Tədbirin harada və nə vaxt keçiriləcəyi də qabaqcadan müəyyın edilməlidir. Oxucu konfransının gedişatı haqqında protokol yazılmalı, həmin protokol və məruzəçilərin çıxışlarının mətni kitabxanada saxlanılmalıdır.

Ədəbi-bədii gecələr kitabxanalarda keçirilən əsas tədbirlərdən biridir. Hazırladığımız ədəbi-bədii gecənin ssenarisini sizə təqdim edirik.

Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş

"İstiqlal və azadlıq şairi ”adlı ədəbi-bədii gecənin


SSENARİSİ
I aparıcı Salam hörmətli tədbir iştirakçıları. Bugünkü tədbirimiz böyükdən-kiçiyə

hamımızın yaxşı tanıdığı xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunub.


II aparıcı Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir.
I aparıcı Elinə, torpağına, kökünə bağlılıq, milli çalar Bəxtiyar şeirini artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisələrinə çevribdir.

II aparıcı Bəxtiyar Vahabzadə həqiqətən də xalqın şairi olmuşdur.O zamanın nəbzini tuta bilən xalqın dərdinə, sevincinə şərik olan bir insan idi. Onun şeirlərini təkcə kiçiklər deyil, böyüklər də əzbər bilirlər.


I aparıcı Vahabzadəyə görə, ana dili insanı vətənə bağlayan ən başlıca amillərdəndir. Ana dili xalqın varlığının mənəvi pasportudur. Şair 1954-cü ildə yazdığı «Ana dili» şeirində dilimizdə danışmağı özünə ar bilənlərə «Vətən çörəyi sizlərə qənim olsun», - deməklə özünün ana dilinə olan sonsuz məhəbbətini əyani olaraq sübut edir.
II aparıcı Şeirin hər bir misrasında dilimizin zərifliyi, qədim tarixi, zənginliyi duyulmaqdadır.
Oxucular “Ana dili” şeirini söyləyir
Dil açanda ilk dəfə ana söyləmişik biz,

“Ana dili” adlanır bizim ilk dərsliyimiz.

İlk mahnımız laylanı anamız öz südüylə

İçirir ruhumuza bu dildə gilə-gilə.

Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil, - əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bizim uca dağların sonsuz əzəmətindən,

Yatağına sığmayan çayların hiddətindən

Bu torpaqdan, bu yerdən

Elin bağrından qopan, yanıqlı nəğmələrdən,

Güllərin rənglərindən, çiçəklərin iyindən,

Mil düzünün, Muğanın sonsuz genişliyindən,

Ağ saçlı babaların əqlindən kamalından,

Düşmən üstünə cuman o Qıratın nalından

Qopan səsdən yarandın.

Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.

Ana dilim, səndədir xalqın əqli, hikməti,

Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.

Ürəklərə yol açan Füzulinin sənəti,

Ey dilim, qüdrətinlə dünyalara yol açmış.

Səndə mənim xalqımın qəhrəmanlıqla dolu

Tarixi varaqlanır,

Səndə neçə min illik mənim mədəniyyətim,

Şan-şöhrətim saxlanır.

Mənim adım, sanımsan,

Namusum, vicdanımsan.

Millətlərə, xalqlara xalqımızın adından

Məhəbbət dastanları yaradıldı bu dildə.

Moskvada Puşkinə heykəl qoyulan zaman,

Ona abidə qoydu bu dildə Şirvani də.

Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil, – əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır, onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək.

Ey öz doğma dilində danışmağı ar bilən,

Bunu iftixar bilən

Modalı ədəbazlar

Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.

Qoy bunlar mənim olsun.

Ancaq Vətən çörəyi,

Bir də ana ürəyi

Sizlərə qənim olsun.


II aparıcı Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur.Xalqı, cəmiyyəti düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusu olmuşdur. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə həhs olunmuş “Gülüstan “poemasında şair belə deyir
İpək yaylığı ilə o, asta-asta

Silib eynəyini gözünə taxdı.

Əyilib yavaşca masanın üstə,

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı,

Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,

Qıydı ürəklərin hicran səsinə.

O güldü haqq üçün daim çarpışan

Bir xalqın tarixi faciəsinə.
I aparıcı B.Vahabzadə şeir və poemalarında özünü dərin və orjinal fikirlər , pak hislər şairi kimi tanıtmışdır. Bəxtiyar Vahabzadənin anlamında ömür, yaşamaq aşağıdakı kimi mənalandırılır:

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

I aparıcı Deməli, ömrü fəaliyyətsiz keçirmək günahdır. Yaşamalısan: iş görməli, yaratmalı, qurmalı, ya da ki, qurulanı qorumalısan. Yanmaq əməlinlə başqalarının yoluna nur salmaqdır.

II aparıcı Vahabzadə də qələmdaşları kimi Vətən, Azərbaycan mövzusunda əsərlər yazıb. Təbii ki, şairin Vətən haqqında düşüncələri, anlamı tamam başqa məzmundadır: Vətəni seçmək azdır, onun yolunda həyatından keçməyə hazır olmalısan:

Vətəni sevirəm deyən çox olar,

Deməyə nə var ki, dil yorulmasa.

Vətən də bizim tək ölər, yox olar,

Vətənin yolunda ölən olmasa.
Oxucu “Ana yurdum” şeirini söyləyir.

Anaların laylasından,

Babaların tarlasından,

Nənələrin qorxuluğu almaq üçün

Çəftə suyu içirdiyi kasasından

Səni içdim udum-udum

Ana yurdum, ana yurdum!

Bağ gülündə, dağ qarında,

Sel-suların axarında,

Palıdların vüqarında

Səni gördüm,

Ana yurdum!

Tarixin uğuldayan dağ mehində,

Quşlarının cəh-cəhində

Yurddaşların kədərində, fərəhində

Səni duydum, ana yurdum!

Füzulinin “ah” səsində,

Üzeyirin nəğməsində,

Ələsgərin nəfəsində

Səni andım, ana yurdum.

Mənim andım - ana yurdum!
II aparıcı Yazıb-yaratdığı illər ərzində azərbaycan və rus dillərində onlarla şeir kitabları nəşr etdirmiş, bir sıra xalqların dillinə tərcümə olunmuş, çoxlu şeir, nəğmə, ballada, poema, qəzəl,rübai, hətta pyes və dogər janrlarda yazdığı qələm məhsulları ilə oxucuların qəlbinə yol tapmışdır.
I aparıcı Bəxtiyar Vahabzadənin əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yayılmış, tamaşaya qoyulmuş, başqa dillərə tərcümə edilmiş, Moskva, Daşkənd, Ankara, Tehran, Berlin və s. şəhərlərdə xarici dillərdə böyük tirajla nəşr olunmuşdur.
II aparıcı Bununla yanaşı, şairin lirikası və poemaları, dram əsərləri barədə qüdrətli sənətkar və alimlərdən ustad Məmmədhüseyn Şəhriyar, alman Əhməd Şmide, rus Yevgeni Yevtuşenko, qırğız Çingiz Aytmatov, qazax Oljas Süleymenov, türk Qaplan, Azərbaycanın xalq şairi Rəsul Rza, akademik Məmməd Arif və başqaları fikir söyləmiş, məqalələr yazmışlar.

I aparıcı Bəxtiyar Vahabzadə həm də publisist kimi tanınır. Onun altı kitabı - "Sənətkar və zaman", "Sadəlikdə böyüklük", "Vətən ocağının istisi", "Dərin qatlara işıq", "Gəlin açıq danışaq"E", "Şənbə gecəsinə gedən yol" vardır. Bu kitablarda onun tənqidi və publisistik məqalələri toplanmışdır. 

II aparıcı Bəxtiyar Vahabzadənin qələmə aldığı ağrılı mövzulardan biri 20 Yanvar faciəsi ilə bağlıdır. Şairin "Şəhidlər" poeması bu baxımdan ən dəyərli əsərlərindəndir

Oxucu Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirini söyləyir.
Şəhidlər
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər...
Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər...
O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər...
Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər...
Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər...
Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər...
Dözdü hər zillətə, dözdü hər şeyə,
" Dünyada mənimdə haqqım var " ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər...
İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər

I aparıcı B.Vahabzadə şair kimi həmişə tükənməz və böyük arzuların qanadlarında uçub, uçduqca da yüksəlib.


Kohnə arzularımın saçlarına dən düşür,

Dünənimin istəyi bu gün gözümdən düşür.

Mən sahili olmayan dənizlər istəyirəm,

Axşamları olmayan gündüzlər istəyirəm,

....Zirvəsi görünməyən zirvələr istəyirəm.
II aparıcı Zirvəsi görünməyən zirvələr istəyirəm deyən şairin ictimai siyasi fəaliyyəti də zəngin və təqdirə layiq olmuşdur. Ona görədə onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir.

I aparıcı "Azərbaycanın xalq şairi", "Əməkdar incəsənət xadimi" fəxri adları alan sənətkar SSRİ-nin və Azərbaycan SSR-in Dövlət mükafatları laureatı idi.

II aparıcı Müstəqil Azərbaycanın "İstiqlal" ordenini ilk alan sənətkarlardan biri B.Vahabzadə olmuşdur. O, dəfələrlə deputat seçilmiş, millət vəkili kimi fəaliyyət göstərmişdi.

I aparıcı Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.


II aparıcı: Əziz uşaqlar, hörmətli qonaqlar, beləliklə sevimli şairimizə həsr olunmuş

tədbirimizin sonuna gəldik.Bu tədbirimiz B.Vahabzadənin anadan

olmasının 90 illiyinə həsr olunub.

I aparıcı: Sonda onu da qeyd edək ki, Bəxtiyar Vahabzadə cismən bizimlə olmasa da, o

ruhən hər zaman bizimlədir. Xalqımız heç bir zaman o böyük sənətkarını

unutmayacaq.

SON

Ədəbiyyat siyahısı.
1.Vahabzadə, B. Seçilmiş əsərləri : 2 cilddə / B. M. Vahabzadə ; tərt.-red. A. Bağırov ; ön sözün müəl. Ç. T. Aytmatov ; bur. məsul Ə. Güləliyev. I cild : Şeirlər / B.Vahabzadə. - Təkrar nəşr. - Bakı : Öndər nəşriyyat, 2004. - 328 s.
2. Vahabzadə, B. Seçilmiş əsərləri : 2 cilddə / B. M. Vahabzadə ; tərt.-red. A. Bağırov ; bur. məsul Ə. Güləliyev. II cild : Poemalar. - Təkrar nəşr. - Bakı : Şərq-Qərb, 2004. - 320 s.
3. Vahabzadə, B. İstiqlal : şeirlər və poemalar / B. M. Vahabzadə ; red. Ə. Əliyev. - Bakı : Gənclik, 1999. - 496 s.
4. Vahabzadə, B. Bir ömür yuxu : şeirlər / B. M. Vahabzadə. - Bakı : Azərbaycan, 1998. - 192 s.
5. Vahabzadə, B. Əsərləri / B. M. Vahabzadə. II cild : 1960-1969. - Bakı : Azərbaycan nəşriyyatı, 2002. - 576 s.
6. Ağayeva, M. Bəxtiyar Vahabzadə pyeslərinin səhnə taleyi: [monoqrafiya] /M.Ağayeva; elmi red. İ.Kərimov; AMEA, Memarlıq və İncəsənət İn-tu.- Bakı: [Xəzər Univeristeti] 2013.- 158 s.
7.Alməmmədova, S. Bəxtiyar Vahabzadə poeziyasının dili: [monoqrafiya] /S.Alməmmədova; elmi

red. və ön sözün müəl. V. Arzumanlı.- Bakı: Elm, 2010.- 163 s.


İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

Tərtib edən: S.Rəhimova-metodika və biblioqrafiya şöbəsində böyük metodist

Redaktor: G.Məmmədova- MKS-nin direktoru

Kompyuter



yığımı: S.Rəhimova-metodika və biblioqrafiya şöbəsində böyük metodist
Yüklə 117,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin