MƏKTƏBDƏ KİMYA TƏDTİSİNİN MƏZMUNU VƏ QURULUŞU
Müasir mərhələdə Respublikamızın orta məktəblərində təlimin təşkilinin əsas iki forması- əsas və köməkçi formaları həyata keçirilir. Təlimin əsas təşkilat forması dərs, köməkçi formaları isə təlim ekskursiyaları, fakultətiv məşğələlər, maraq dərsləri, sınifdən və dərsdənxaric məşğələlər, şagirdlərin müəllimin tapşırığı ilə evdə həyata keçirdikləri məşğələlər, zaçotlar, imtahanlar və s. daxildir.
Təlimin təşkili formaları içərisində əsas yeri tədris müəssisələrində həyata keçirilən dərs təşkil edir. Dərs və köməkçi formalar haqqında pedaqogika elmində geniş məlumatlar verilib.
Dərs təlimin sinif-dərs sisteminin tərkib elementi hesab olunur. Bu sinif-dərs sisteminin əsas xüsusiyyəti yaş və fənn haqqında bilik səviyyələri təxminən bərabər olan dinləyiciləri kollektiv halında sabit qruplarda, bəlli məkanda (sinifdə) birləşdirməkdən ibarətdir.
Dərsin özünə məxsus səciyyəvi cəhətləri onu, təlimin digər təşkilatı formalarından fərqləndirir. Belə ki, dərs təsdiq olunmuş proqrama uyğun, cədvəllə müəyyənləşdirilmiş saatda və məkanda, müəyyən zaman ərzində (45 dəqiqə), daimi tərkibə malik şagirdlərlə aparılır.
Dərs tədris prosesinin elə bir hissəsidir ki, bu zaman təhsil, tərbiyə və inkişaf vəzifələri vəhdət halında yerinə yetirilir. Bu mənada dərsin mühüm xarakterik cəhətləri sırasına qeyd olunanları şamil etmək olar:
- Dərs cədvəllə nizamlanır və proqramla tənzimlənir.
- Köməkçi formalardan fərqli olaraq, dərs təlimin daimi formasıdır. Şagirdlərin dərsdə iştirakı məcburidir.
- Dərsdə şagirdlərin hamısı tədris proqramın tələbləri çərçivəsində kimyadan biliklər sistemini müəyyən məntiqi ardıcıllıqla mənimsəyirlər.
- Dərs təlim təşkilinin çevik forması olub, onda təlim işinin frontal, qrup, kollektiv və fərdi formalarından istifadə olunur.
- Dərs şagirdləri kollektivçiliyə, mehriban olmağa, başqalarına hörmət və ehtiram göstərməyə, onların fikirlərinə qulaq asmağa, vətənpərvərliyə və s. sövq edir.
Fikirimizi yekunlaşdıraraq belə deyə bilərik: Dərs orta ümumtəhsil məktəblərində təlimin əsas təşkilat forması olub, dəqiq müəyyən edilmiş vaxt müddətində bütün şagirdlər üçün məcburi olan xüsusi ayrılmış yerdə, müəyyən cədvəl üzrə müəllimin rəhbərliyi altında hər bir şagirdin xüsusiyyəti nəzərə alınmaqla daimi tərkibə malik şagird qrupu ilə kollektiv surətdə aparılır və bu zaman şagirdlərin idrak fəliyyətini inkişaf etdirən müxtəlif didaktik vəzifələr yerinə yetirilir
Kimya dərslərinin təsnifatı.
Metodik ədəbiyyatlarda dərslərin təsnifatı müxtəlif vahidlərlə xarakterizə edilir. Bu vahidlərdən ən çox işlədiləni tip hesab olunur. Müasir mərhələdə dərslərin tiplərə bölünməsinin əsasını aşağıdakı xüsusiyyətlər təşkil edir:
1. Tədris prosesinin mərhələləri. Buna S.V.İvanov, İ.N.Borisov, Ə.Ö.Əbdürrəhimov və başqalarının təsnif etdikləri- giriş dərsi, şagirdlərin maddələrlə ilk tanışlıq dərsi, anlayışların yaradılması dərsi, məşq edici dərslər və s. daxil edilir.
2. Dərslərin təşkili və keçirilməsinin üsulları. Prinsipal olaraq metodık ədəbiyyatlarda bu üsullar sırasına aşağıdakı qrup dərslər daxildir:
- tədris materialının müəllim tərəfindən şərhi-mühazirə, müsahibə, hekayə;
- çagirdlərin müstəqil işləri;
- seminar məşğələsi;
- kino dərsi;
- ekskursiya dərsi və s.
Kimya dərslərini tədris üsullarına əsaslanaraq tiplərə ayırmaq düzgün deyildir. Belə ki, həm tədris prosesində tətbiq olunan üsulun özü dərsin məzmununa və təlimin vəzifəsinə tabedir, həm də eyni bir üsul dərsdə müxtəlif didaktik vəzifələri yerinə yetirə bilər.
3. Təhsilin məqsədi. Kimya dərsləri başlıca olaraq aşağıdakı tiplərə bölünür: yeni materialın öyrədilməsi, biliyin təkrar edilməsi, yoxlanılması, hesaba alınması və s.
Metodist alimlər dərsləri əsasən üç tipə bölürlər:
1) Yeni materialın öyrədilməsi və yeni bacarıqların əldə edilməsi dərsləri;
2) Şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirən dərslər;
3) Şagirdlərin bilik və bacarıqlarını yoxlayan dərslər.
Didaktik vəzifələrin həllinin ümumi üsullarına əsasən hər bir dərs tipi özü də ayrılıqda dörd növə bölünür:
a) izahlı-illüstrativ üsulun istifadə olunduğu dərs;
b) evristik üsulun tətbiq edildiyi dərs;
c) tədqiqat üsulu əsasında keçilən dərs;
d) biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi ilə keçilən dərs.
Orta ümumitəhsil məktəblərində təlim materialının məzmunundan asılı olaraq dərsin beş müxtəlif tipi tətbiq edilir:
1.Yeni materialın öyrədilməsi dərsləri;
2. Nəzəri biliklərin və bacarıqlqrın təkmilləşdirilməsi və tətbiqi;
3. Biliklərin ümumiləşdirilməsi və sistemləşdirilməsi;
4. Bilik, bacarıq və vərdişlərin yoxlanılması;
5. Qarışıq (mürəkkəb) və ya kombinə edilmiş dərslər.
Tədrisin əsas vəzifəsi-yeni biliklərin verilməsi, biliklərin möhkəmləndirilməsi, təkrar edilməsi, ümumiləşdirilməsi, bacarıq və vərdişlərin formalaşdırılması, şagirdlərin ev tapşırıqlarının təşkili və s. ibarətdir. Bir neçə didaktik vəzifəni yerinə yetirən bu cür dərslərə qarışıq tipli və ya kombinə edilmiş dərslər deyilir. Kimya dərslərində ən çox istifadə olunan dərs tipi məhz kombinə edilmiş dərs tipidir. Qeyd etmək lazımdır ki, I-IV dərs tipləri də müəyyən dərəcədə qarışıqdır. Bu tiplərin əhatə dairəsi bunu göstərir.
Kombinə edilmiş dərs mürəkkəb olduğu kimi, onun gedişində tətbiq edilən üsul, priyom və yanaşmalar da müxtəlif olur. Bu isə öz növbəsində müəllimə sərbəstlik verir və müəllim şagirdlərin bilik, bacarıq və vərdişlərinin formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə edir.
Təssüf ki, bu üsul son zamanlar tənqid hədəfinə çevrilib (bu haqda sonra məlumat veriləcək).
Orta ixtisas məktəblərində kimya tədrisinin xüsusiyyətləri
“Ölkədə ali və orta ixtisas təhsilinin yenidən qurulmasının əsas istiqamətləri” haqqında verilən qərarda orta ixtisas məktəblərində ümumtəhsil və ixtisas predmetlərinin tədrisi səviyyəsinin daha da yüksəldilməsi, tələbələrə elmlərin əsaslarının şüurlu surətdə öyrədilməsi kimi mühüm vəzifələr irəli sürülmüşdür. Respublikamızın bir çox şəhər və rayonlarında (Bakı, Sumqayıt, Gəncə, Qazax, Lənkəran, Salyan, Şamaxı, Əli-Bayramlı, Şəki, Zaqatala və s.) uzun illərdən bəri fəaliyyət göstərən və orta təhsilə malik ixtisaslı kadrlar hazırlamasında mühüm rol oynayan məktəblər (texnikumlar) mövcuddur. Pedaqoji məktəb, tibb məktəbi, musiqi məktəbi, əczaçılıq məktəbi, politexnik texnikumu, maliyyə-kredit, energetika, kənd təsərrüfatı, ticarət, neft, kitabxanaçılıq, rabitə texnikumları və s, belə məktəblərə misaldır. Bu məktəblərdə iqtisad predmetləri ilə yanaşı, gələcək mütəxəssislərin elmi görüş dairəsinin formalaşmasında böyük əhəmiyyəti olan ümumtəhsil fənləri də tədris olunur. Buna görə də ixtisasını yaxşı bilən texniklər, aqronomlar, tibb işçiləri, müəllimlər, tərbiyəçilər, ticarətçilər və s. kadrların hazırlanması üçün tələbələrin ixtisas predmetlərini yaxşı öyrənmələri ilə bərabər ümumtəhsil fənlərinə də əsaslı şəkildə yiyələnməsi vacib şərtlərdəndir. Həmin məktəblərdə tədris olunan ümumtəhsil fənlərindən biri ölkəmizin xalq təsərrüfatının inkişafında mühüm rolu olan kimya predmetidir.
Orta ixtisas məktəblərinin birinci kursuna əsasən VIII sinfi qurtaranlar qəbul edildiyindən kimyanın tədrisinə ümumtəhsil IX sinfi üçün nəzərdə tutulmuş materiallardan başlanır. Orta ixtisas məktəbləri üçün hazırda qüvvədə olan kimya proqramına əsasən fənnin tədrisindən ötrü təxminən 60 saatdan 130 saata qədər vaxt nəzərdə tutulur. Kimya ilə əlaqəsi daha çox olan orta ixtisas məktəblərində (əczaçılıq məktəbində, neft texnikumunda və s.) isə fənnin tədrisinə ayrılan saatların miqdarı daha artıq olur. Göstərilən miqdar saatların təxminən 60 faizi qeyri-üzvi kimyanın, öyrənilməsi üçün sərf olunur. (Bu faiz göstəriciləri mütəmadi olaraq dəyişdirilir.)
Orta ixtisas məktəblərinin birinci kursunda qeyri-üzvi kimyaya aid nəzərdə tutulan mövzuların tədrisinə başlamazdan əvvəl tələbələrin kimyadan ümumtəhsil məktəblərinin səkkizinci sinfində öyrəndikləri materialı onların yadlarına salmaq və kursu daha səmərəli tədris etmək üçün təxminən 6-8 saat həcmində təkrar aparılır. Təkrar zamanı əsasən kimyanın əsas anlayışları və qanunları, oksidlər, əsaslar, turşular, duzlar, D.İ.Mendelyevin dövri qanunu və kimyəvi elementlərin dövri sistemi, nəhayət kimyəvi rabitənin növləri tələbələrdən soruşulur, aydın olmayan bu və ya digər məsələlər şərh edilərək, bir daha onlara xatırladılır. Bundan sonra qeyri-üzvi kimya üzrə başlıca olaraq beş mövzunun (elektrolitik dissosiasiya nəzəriyyəsi, oksigen yarımqrupu və kimyəvi reaksiyaların əsas qanuna uyğunluqları, azot yarımqrupu, karbon yarımqrupu, metallar) tədrisinə başlanılır. Orta ixtisas məktəblərinin spesifik xüsusiyyətindən asılı olaraq göstərilən mövzuların hər birinin tədrisi üçün uyğun miqdarda saat ayrılır. Digər tərəfdən hər mövzunun özünə məxsus tədris xüsusiyyətləri vardır. Orta ixtisas məktəblərinin təmayülündən asılı olaraq həmin xüsusiyyətlər tədris prosesində nəzərə alınmalı və ona uyğunlaşdırılmalıdır. Bununla belə kimya fənni keçilən bütün orta ixtisas məktəblərində qeyri-üzvi kimya kursunun müasir tələblər baxımından tədrisi üçün xarakterik olan ümumi xüsusiyyətlər də vardır. Aşağıda məsləhət gördüyümüz ümumi xüsusiyyətlərin mahiyyəti müxtəsər şəkildə də olsa şərh edilmişdir.
Orta ixtisas məktəblərində təhsil alan tələbələr qeyri-üzvi kimya kursu ilə əlaqədar didaktik materialı orta ümumtəhsil məktəblərinin IX sinfi üçün nəzərdə tutulan dərslikdən öyrənirlər. Kütləvi məktəblər üçün hazırda qüvvədə olan kimya proqramına əsasən IX-XI siniflərdə kimyanın tədrisi üçün 221 saat vaxt ayrılır. Göründüyü kimi, orta ümumtəhsil məktəblərinə nisbətən orta ixtisas məktəblərində kimyanın öyrənilməsindən ötrü ayrılan saatların miqdarı azalır. Buradan da orta ixtisas məktəblərində qeyri-üzvi kimya tədrisinin birinci xarakterik xüsusiyyəti mövzuların ümumiləşdirilmiş şəkildə keçirilməsindən, başqa sözlə desək, dərslərin icmal xarakterində, aparılmasından ibarət olduğu aydınlaşır. Bu zaman bu və ya digər mövzunun materialının təsviri xarakter daşıyan hissəsi üzərində dalanılmamalı, əsas momentlər şərh edilib yığcam şəkildə tələbələrin nəzərinə çatdırılmalıdır. Təsviri xarakterli materialı isə tələbələr müstəqil öyrənə bilərlər.
Qeyri-üzvi kimya tədrisinin ikinci xüsusiyyəti proqram materialının yeri gəldikcə respublikamızın ağır sənayesinin inkişafı ilə əlaqədar qara və əlvan metallurgiya, kimya sənayesi, neft-kimya istehsalatı, tikinti materialları sənayesi, kənd təsərrüfatının kimyalaşdırılması və s. məsələlərlə üzvi surətdə əlaqələndirilməsidir. Buna nail olmaq üçün müəllimlər özləri birinci növbədə müvafiq materiallara aid ədəbiyyat əldə etməli, onu dönə-dönə oxuyub öyrənməli, sonra isə həmin materialları tələbələrə necə öyrətmək üzərində düşünməlidir. Həmin materiallar tələbələrə dərs zamanı nisbətən yığcam şəkildə izah olunmalıdır. Tələbələrin göstərilən məsələlərlə daha geniş tanış edilməsi üçün onların konkret problemlər və mövzular üzrə “Respublikamızın yanacaq-energetika kompleksi”,Ölkəmizdə kənd təsərrüfatının kimyalaşdırılması vəziyyəti və perspektivləri”, “Kimya və süni qida problemi” referat yazmalarını məsləhət görürük. Göründüyü kimi, kimya kursu üzrə proqram mövzularının ölkəmizdə həlli vacib sayılan problemlərlə əlaqələndirilməsi üçün geniş imkanlar vardır. Bu imkanlardan bacarıqla istifadə etdikdə, yəni mövzular göstərilən problemlərə aid materiallar ilə metodik cəhətdən düzgün əlaqələndirildikdə və tələbələrə konkret mövzular üzrə referatlar yazdırıldıqda həm dərsin ideya-nəzəri səviyyəsi xeyli yüksələr, həm də tələbələr ölkəmizdə gedən quruculuq işləri əlaqədar materialları mükəmməl öyrənər. Bu isə onlarda elmi dünya görüşünün formalaşmasına xeyli kömək edər.
Kimya tədrisinin üçüncü xarakterik xüsusiyyəti (inkişafetdirici funksiya) müasir dövrdə surətlə artan elmi informasiyalarla tələbələrin müxtəsər də olsa tanış edilməsidir. Bu zaman ölkəmizdə istehsal edilən mühüm sintetik qida növləri (süni kürü, ət və s.), müxtəlif mineral gübrələr, alaq otları və həşəratlarla mübarizədə işlədilən yeni sintetik maddələr, bu sahədə respublikamızın kimyaçı alimlərinin xidməti, şüşə, silikat və metallurgiya sənayesindəki yeniliklər, yeni xəlitə növləri və onlardan istifadə kimi məsələlər üzərində xüsusi olaraq dayanmalıdır. Bu həm tələbələrin elmi görüş dairəsini genişləndirmək, həm də vətənpərvərlik tərbiyəsini gücləndirmək baxımından əhəmiyyətlidir.
Kimya tədrisinin dördüncü xüsusiyyəti təlim prosesində tələbələrə ümumbəşəri tərbiyənin aşılamasıdır. Kimya fənninin dəqiq elmi sübutları tələbələrdə didaktik materializm dünyagörüşünün formalaşması, möhkəm əqidə və inamın yaradılması, vətənə məhəbbət hissinin tərbiyə edilməsi üçün geniş imkanlar vardır. Vəzifə həmin imkanlardan məqsədyönlü şəkildə istifadə etməkdən ibarətdir. Çünki hazırkı dövrdə dərsin məqsədi düşünülərkən təhsil vəzifəsi ilə yanaşı tərbiyə vəzifəsi də qarşıya qoyulmalı və yerinə yetirilməlidir.
Kimya tədrisinin beşinci xüsusiyyəti təlim prosesində tələbələrin idrak fəaliyyətinin aktivləşdirilməsinə nail olmaqdan ibarətdir. Əks halda müasir dərsin qarşısında qoyulan üçüncü vəzifəni-inkişafetdirici vəzifəni müvəffəqiyyətlə həyata keçirmək olmaz. Tələbələrin idrak fəaliyyətini gücləndirmək məqsədilə həm keçən dərsin sorğusunda, həm də yeni materialın öyrədilməsi prosesində müsahibə üsulundan geniş istifadə edilməlidir. Müsahibə üçün suallar konkret və ardıcıl olmalı, didaktik materialı tamamilə əhatə etməlidir. Tələbələrin idrak fəaliyyətini gücləndirmək üçün sualların fərdiləşdirilməsi (qüvvəli, orta qüvvəli və zəif tələbələrin bilik səviyyəsi nəzərə alınmaqla suallar tərtib olunmalı və uyğun səviyyəli şagirdlərdən həmin suallara cavab tələb edilməlidir), bəzi sualların alternativ şəkildə qoyulması, sadə çalışma və istehsalat xarakterli məsələlərin həll etdirilməsi məqsədəuyğundur.
Kimya tədrisinin altıncı xüsusiyyəti təlim prosesinin təcrübə ilə müşayiət edilməsidir. Çalışmaq lazımdır ki, nəinki proqramda nəzərdə tutulan nümayiş təcrübələri, eləcə də laboratoriya məşğələləri günün tələbləri səviyyəsində yerinə yetirilsin. Bunun üçün hər məktəbdə yaxşı təchiz edilmiş kimya kabineti olmalıdır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, orta ixtisas məktəblərinin bəzilərində ayrıca kimya kabineti və laboratoriyası yoxdur. Lakin buradan heç də o nəticə çıxarılmamalıdır ki, kimyanı təcrübəsiz keçmək mümkündür. Bizcə istisna təşkil edən həmin məktəblərin müəllimləri tədris ilinin axırında yeni dərs ili üçün proqramın tələbinə əsasən reaktivləri, cihazları əldə edib ayrıca şkaflarda yerləşdirsə, onların köməyi ilə müvafiq təcrübələri özü nümayiş etdirər ki, bu da dərsin əyani qurulmasını təmin edər və təlim materialının əsaslı şəkildə mənimsənilməsinə səbəb olar.
Kimya tədrisinin yeddinci xüsusiyyəti fənlərarası və fəndaxili əlaqəni nəzərə almaqdan ibarətdir. Çünki kimyanın elə mövzuları vardır ki, o haqda fizika, biologiya, coğrafiya və sair fənlərin tədrisi zamanı bu və ya digər dərəcədə məlumat verilir. Kimya müəllimləri təkrara yol vermək üçün həmin məsələləri auditoriyada yenidən nəzərdən keçirməyib (buna həm də artıq vaxt gedər) tələbələri düşündürmək məqsədi ilə müstəqil öyrənmələrini tapşıra bilər.
Göstərilən ümumi xüsusiyyətlərlə bərabər hər bir ixtisas məktəbində kimya tədrisinin spesifik xüsusiyyəti də vardır. Bu xüsusiyyət təlim prosesində hökmən nəzərə alınmalıdır. Məsələn, orta musiqi məktəblərində kimya tədrisi prosesində ümumbəşəri tərbiyənin tərkib hissələrindən biri olan estetik tərbiyəyə daha çox fikir verməlidir. Başqa sözlə desək, kimya tədrisinin estetika ilə əlaqəsi diqqət mərkəzində saxlanılmalıdır. Çünki musiqi təhsili verən tədris müəssisələrinin spesifikası məhz bunu tələb edir. Kənd təsərrüfat texnikumunda ərzaq proqramının həyata keçirilməsində, məhsuldarlığın artırılmasında və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasında, politexnik texnikumunda texniki problemlərin həllində, tibb məktəbində ayrı-ayrı xəstəliklərin müalicəsində, əczaçılıq məktəbində müxtəlif dərman preparatlarının hazırlanmasında kimyanın rolu və əhəmiyyətinin aydınlaşdırılmasına daha çox fikir verilməlidir.
Dostları ilə paylaş: |