MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/24
tarix28.11.2016
ölçüsü5,01 Kb.
#319
  1   2   3   4   5   6   7   8   9   ...   24

 
MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENA FƏNNİ 
 
AZƏRBAYCAN BÖLMƏSİ 
 
 
MÜHAZİRƏ 1. MİKROBİOLOGİYA, SANİTARİYA VƏ GİGİYENANIN 
İNKİŞAF TARİXİ VƏ VƏZİFƏLƏRİ 
 
Plan  
1.  Mikrobiologiyanın predmeti və vəzifələri 
2.  Mikrobiologiyanın  inkişaf tarixi  
3.  Gigiyenanın predmeti və vəzifələri 
4.   Qida gigiyenasının inkişaf tarixi 
5.  Ölkədə sanitar xidməti, onun məqsədi və vəzifələri 
 
 
 
1. Mikrobiologiyanın predmeti və vəzifələri 
İnsanı  əhatə  edən  mühiti  bitki  və  heyvanlarsız  təsəvvür  etmək  mümkün 
deyildir. Bu canlıların sayəsində insanlar qidalanır, geyinir, hətta yaşayış üçün lazım 
olan  ev  əşyaları  və  s.  əldə  edirlər.  Lakin  canlılar  arasında  təbiətin  bütün  ağırlığını 
daşıyan  elə  orqanizmlər  də  vardır  ki,  bunları  adi  gözlə  görmək  mümkün  deyildir. 
Belə  canlılara  çox  kiçik  ölçülü,  adi  gözlə  görünməyən  canlılar  -  mikroorqanizmlər 
aiddir. Mikroorqanizmlərdən bəhs edən elm  mikrobiologiya adlanır  (latınca  micros  – 
kiçik,  bios  -  həyat,  logos  -  elm).  O,  biologiyanın  mühüm  sahəsi  olub, 
mikroorqanizmlərin  xarici  görünüşünü,  hüceyrə  quruluşunu,  yayılmasını, 
təsnifatını,  ünsiyyət  və  dəyişkənliyini,  ekologiyasını,  fizioloji  xüsusiyyətlərini, 
biokimyasını  və  həyat  fəaliyyətlərini,  insanların  mənafeyinə  uyğun  istiqamətdə 
tətbiqolunma  yollarını  öyrənən  elmdir.  Mikroorqanizmlərin  ölçüsü  o  qədər  kiçikdir 
ki,  bir  damcı  suda  onlar  milyonlarla  olur  və  yalnız  yüksək  böyütmə  qabiliyyətinə 
malik  mikroskopla  müşahidə edilə bilirlər. Bu orqanizmlərə bakteriyalar,  viruslar, 
maya  və  kif  göbələkləri,  mikroskopik  yosunlar  və  ibtidailər  aiddir.  Sonuncularla 
alqologiya və protozoologiya elmləri məşğul olur. 
Mikroorqanizmlər  təbiətdə  –  bütün  iqlim  zonalarının  torpaqlarında,  suyunda 
və  havasında  geniş  yayılmışdır.  Müxtəlif  mikroblar  çoxlu  miqdarda  bədən 
səthində,  heyvan  və insan bağırsaqlarında, bitkilərdə, bizi əhatə edən əşyalarda  və 
qida 
məhsullarında 
yaşayırlar. 
Akademik 
V.L.Omelyanski 
yazırdı: 
«Görünməyənlər,  onlar  insanları  daim  müşayiət  edir,  onun  həyatına  ya  dost  kimi, 
ya da düşmən kimi qarışırlar». 
Mikrob  növlərinin  çoxlu  miqdarda  olması  aşağıdakı  əsas  amillərlə 
əlaqədardır: onların  müxtəlif qidalardan  istifadə qabiliyyəti,  yaşayış şəraitinə asan 
uyğunlaşması,  isti,  soyuq  və  rütubət  çatışmamazlığına  yüksək  davamlılığı  və 
sürətlə çoxalma qabiliyyəti ilə. 

Mikroorqanizmlərin bizim planetin həyatında da böyük əhəmiyyəti vardır. Onlar 
təbiətdə  müxtəlif  maddələrin çevrilməsində  fəal  iştirak edirlər. Daş kömürün,  neftin, 
bəzi filizlərin əmələ gəlməsi onların həyat fəaliyyəti ilə əlaqədardır. 
Torpağın,  onun  strukturunun  əmələ  gəlməsində  və  məhsuldarlığında 
mikroorqanizmlərin  rolu  əvəzsizdir. Mikroorqanizmlərdən  sənayedə  üzvi  turşuların 
(süd,  yağ,  limon),  asetonun,  butil  və  etil  spirtinin,  vitaminlərin,  amin  turşuların, 
ferment  preparatların  və  antibiotiklərin  istehsalında  istifadə  edilir.  Bir  çox 
mikroorqanizmlər  qədimdən  yeyinti  və  yüngül  sənaye  sahələrində,  həmçinin  ev 
təsərrüfatında  tətbiq  olunurlar.  Mayalardan  turş  süd  məhsulları  hazırlanmasında 
istifadə  edilir.  Onlar  pendirin  yetişməsi  prosesində,  meyvə  və  tərəvəzlərin 
turşudulmasında iştirak edirlər. 
Mikroorqanizmlər  tədqiqatçıların  diqqətini  qida  zülalının  potensial  istehsalçısı 
kimi də cəlb edirlər (mayalar, sianobakteriyalar). 
Mikroorqanizmlər  sürətlə  çoxaldıqlarına  və  sadə  quruluşlu  olduqlarına  görə 
irsiyyət  və  dəyişkənliyin  öyrənilməsində  onlardan  bir  model  kimi  istifadə  edilir. 
Lakin qeyd etmək  lazımdır ki, təbiətdə  xeyirli  mikroorqanizmlərlə bərabər,  insan, 
bitki  və  heyvanlarda  xəstəlik törədən, qida  məhsullarını  xarab edənlərə də təsadüf 
edilir.  Bunlar  patogen  mikroorqanizmlər  adlanırlar.  Bunların  bir  qismi  keçmişdə 
insanların kütləvi qırılmasına – epidemiyalara (taun,  vəba, çiçək,  malyariya  və s.) 
səbəb olmuşdur. 
Mikroorqanizmlərin  xüsusiyyətlərini  bilməklə  məhsulların  daşınması  və 
saxlanması  zamanı  onların  inkişafının  qarşısını  almaq  istiqamətində  əvvəlcədən 
müvafiq  tədbirlər  həyata  keçirmək  mümkündür.  Beləliklə,  mikrobiologiya  ərzaq 
məhsullarının əmtəəşünaslığı və qida məhsullarının istehsal texnologiyası ilə də sıx 
surətdə əlaqədardır. 
Müasir  mikrobiologiyanın  qarşısında  duran  vəzifələr  o  qədər  müxtəlif  və 
spesifikdir ki, ondan  xüsusi  fənlər – tibbi,  baytarlıq, texniki,  geoloji, kosmik  və s. 
mikrobiologiya  sahələri  ayrılmışdır.  Texniki  mikrobiologiyanın  əsas  vəzifəsi 
müxtəlif  istehsalat proseslərində  istifadə olunan  faydalı  mikroorqanizmlərin rolu  və 
əhəmiyyəti,  eləcə  də  onların  zərərli  nümayəndələrinin  inkişafına  və  həyat 
fəaliyyətinə təsir yollarının öyrənməsindən ibarətdir. 
Texniki  mikrobiologiyanın əsas  bölmələrindən biri qida  mikrobiologiyasıdır ki, 
biz  bu  barədə  kitabın  gələcək  fəsillərində  ətraflı  məlumat  verəcəyik.  Müasir 
mərhələdə mikrobiologiya elminin rolu daha da artır. Mikrobiologiyanı bilmədən ölkə 
əhalisinin təmiz qida məhsulları ilə təmin edilməsini yaxşılaşdırmaq, onun keyfiyyətini 
artırmaq məsələsini müvəffəqiyyətlə həll etmək mümkün deyildir. 
 
2. Mikrobiologiyanın  inkişaf tarixi  
Mikrobiologiyanın  bir  elm  kimi  formalaşması  mikroskopun  kəşfi  ilə  bağlıdır. 
Mikroorqanizmlər  barədə  ilk  düzgün  məlumat  verən,  yəni  onları  kəşf  edən, 
hollandiyalı  təbiətşünas  Antoni  Van  Levenhuq  (1632-1723)  olmuşdur.  O,  160-300 
dəfəyə  qədər  böyütmə  qabiliyyətinə  malik  linzalardan  ibarət  olan  sadə  mikroskoplar 
hazırlamış  və  diş  ərpini,  ot  həlimini  tədqiq  etdikdə  xırda  canlıların  olduğunu  birinci 
olaraq göstərmişdir. 1695-ci ildə Antoni Van Levenhuk hazırladığı «Təbiətin sirləri» 

adlı kitabında 3 mikrob formasının (dairəvi, çöpvari və vergülvari) təsvirini və onların 
şəkillərini vermişdir. 
Bu  dövrdə  müxtəlif  ölkələrdə  canlıların  öyrənilməsi  sahəsində  tədqiqatlar 
aparılırdı. İngilis fiziki Robert Huk (1635-1703) 1660-cı ildə okulyar və obyektivli 
mikroskop düzəldərək bitkilərin hüceyrələrini, kök və s. hissələrini öyrənmişdir və 
onların  quruluşunu  əks  etdirən  «Mikroqrafiya»  adlı  əsərini  çap  etmişdir.  İlk  dəfə 
hüceyrə  termini  R.Huk  tərəfindən  elmə  daxil  olmuşdur. Mikrobiologiya elminin  ilk 
inkişaf  dövrü  morfoloji  inkişaf  dövrü  olduğuna  görə,  bu  sahədə  çalışan  alimlər 
mikroorqanizmləri  də  sistemləşdirməyə  təşəbbüs  göstərmişlər.  Hətta  məşhur 
təbiətşünas  İsveç  alimi  K.Linney  (1707-1778)  mikroorqanizmləri  «xaos» 
adlandıraraq xüsusi bir qrupa ayırmışdır. 
Bu  dövrdə  tədqiqatçılar,  mikrobların  təbiətdəki  fəaliyyətini  və  törətdikləri 
xəstəlikləri  öyrənməzdən  əvvəl,  onların  xarici  görünüşü  ilə  məşğul  olurdular. 
Morfoloji  dövr  alimlərindən  danimarkalı  Otto  Mülleri  və  Erenberqi  göstərmək 
olar.  Müller  öz  kitabında  mikrobların  müxtəlif  formalarını  qeyd  etmiş,  hazırda 
mikrobiologiyada təsadüf etdiyimiz bakteriya və spiril adları isə ilk dəfə Erenberq 
tərəfindən işlədilmişdir. 
Morfoloji dövrdə tapılan  mikrobların görünüşü etibarilə müəyyən bir sistemə 
salınması  1854-cü  ildə  Kon  tərəfindən  həll  edilmişdir  və  həmin  təsnifat  hələ  də 
qüvvədədir. Kon mikrobları basil və spiril formalarına ayırmışdır. 
Mikrobların tədqiqinin morfoloji dövrü  əsrin 60-cı illərində fizioloji dövr ilə 
əvəz  olunmuşdur.  Bu  dövrdə  mikrobiologiya  sahəsində  L.Paster, R.Kox, İ.Meçnikov, 
L.Senkovski,  D.İvanovski,  S.Vinoqradski  kimi  dünya  şöhrəti  qazanmış  simalar 
meydana çıxır. 
 
Fiziolojidövrün  əsasınıqoyanfransızalimiLuiPaster  (1822-1895)  olmuşdur.  O 
ilk  dəfə  göstərmişdir  ki,  mikroblar  nəinki  xarici  görünüşcə,  hətta  müxtəlif 
xüsusiyyətləri  və  ayrı-ayrı  proseslərdə  iştirakı  ilə  də  bir-birindən  fərqlənirlər.  Bu 
sahədə  öz  tədqiqatlarını  genişləndirən  L.Paster  1857-ci  ildən  1869-cu  ilə  qədər 
qıcqırma, onu əmələ gətirən mikroblar, pivə və üzüm çaxırını xarab edən mikroblar, 
ipək  qurdunun  xəstəliklərinin  öyrənilməsi  ilə  məşğul  olmuşdur.  Nəticədə  o, 
qıcqırma  proseslərinin  biokimyəvi  mahiyyətini  açaraq,  onların  müxtəlif  növ 
mikroorqanizmlərin  iştirakı  ilə  baş  verdiyini  göstərmişdir.  L.Paster  yağ  turşusuna 
qıcqırmanın  biokimyəvi  mahiyyətini  öyrənərkən,  anaerobiozu,  yəni  molekulyar 
oksigensiz  həyatı  kəşf  etmiş  və  göstərmişdir  ki,  qıcqırma  həmin  bakteriyalar  üçün 
enerji  mənbəyidir.  L.Pasterin  bu  kəşfləri  ilə  əlaqədar  olaraq  mikrobiologiyada  yeni 
sahə  –  texniki  mikrobiologiya  sahəsi  meydana  çıxmışdır.  O,  şərabçılıq,  pivə 
hazırlama və s. yeyinti sənaye sahələrinin elmi əsasını da vermişdir. L.Paster şərabı 
xarab olmaqdan qorumaq  üçün  xüsusi bir  üsul (pasterizasiya) təklif etmişdir ki, bu 
da  yeyinti  məhsullarının  konservləşdirilməsində  geniş  tətbiq  olunur.  Pasterin  tibbi 
mikrobiologiya  sahəsində  də  olduqca  böyük  xidməti  olmuşdur.  O,  ilk  dəfə  toyuq 
vəbası mikroblarını kəşf etmiş, ipək qurdu xəstəliyini öyrənmiş, daha sonra isə insan 
və  heyvanların  xəstələnməsinə  səbəb  olan  mikroorqanizmlərlə  məşğul  olmuşdur. 
L.Paster  qarayara  və  toyuq  vəbasına  qarşı spesifik  mübarizə  üsullarını  irəli  sürmüş 
və onların müsbət nəticə verdiyini isbat etmişdir. 

L.Paster  öz  əməkdaşı  E.Ru  ilə  birlikdə  quduzluq  xəstəliyini  də  tədqiq  etmiş, 
1885-ci ildə ona qarşı peyvənd kəşf etmişdir. 
Pasterin  fəaliyyətinin  ən  mühim  mərhələləri  vaxtı  ilə  onun  laboratoriyasının 
evin divarına vurulmuş xatirə lövhəsində qısa olaraq belə göstərilmişdir: 
1857- qıcqırma 
1860-öz-özünə törəmə 
1865-şərab və pivə xəstəlikləri 
1868-barama qurdlarının xəstəlikləri 
1881-yoluxma və vaksina 
1885-quduzluqdan qorunma 
Mikrobiologiyanın  inkişafında  mühüm  rol  oynayanlardan  biri  də  alman  alimi 
Robert  Kox  olmuşdur  (1843-1910).  O,  insanlar  arasında  müxtəlif  yoluxucu 
xəstəliklərin bakteriyalar tərəfindən törədildiyini  isbat etmiş  və  1882-ci  ildə  vərəmin 
törədicilərini  tapmışdır.  Vərəmi  törədən  bakteriyalar  onun  şərəfinə  «Kox  çöpləri» 
adlandırılmışdır.  Vərəmin  öyrənilməsinə  görə  1905-ci  ildə  R.Kox  Nobel  mükafatına 
layiq  görülmüşdür.  O,  bərk  qidalı  mühitdə  mikrobların  təmiz  kulturasını  almaq 
üsulunu  hazırlamışdır.  R.Kox  patogen  mikroblarla  mübarizə  məqsədilə  dezinfeksiya 
üsulunu, anilin rəngləri ilə mikrobların boyanmasını, eləcə də mikrofotoqrafiyanı kəşf 
etməklə  mikrobiologiya  texnikasının  əsasını  qoyan  tədqiqatçı  alim  kimi  tarixə  daxil 
olmuşdur.  R.  Kox  ilk  dəfə  eksperimentlə  F.Henli  tərəfindən  yoluxucu  xəstəliyin 
spesifikliyinə  dair  irəli  sürülən  fikri  əsaslandırmış  və  infeksiyanın  spesifiklik 
qanununu kəşf etmişdir. Bunun üçün 3 şərt irəli sürmüşdür.  
1.  Yoluxucu  xəstəlik  zamanı  xəstə  orqanizmdə  mütləq  bu  amil  tapılmalı  və  o 
amil sağlam adamlarda və başqa xəstəliklərdə olmamalıdır. 
2.  Həmin amilin təmiz kulturası alınmalıdır. 
3.  Təmiz  kulturanı  sağlam  heyvana  vurduqda  o,  həmin  xəstəliyə 
yoluxmalıdır.Ona görə də bu hazırda Henli-Kox triadası adlanır.  
Qarayaranın  etimologiyasının  Kox  tərəfindən  öyrənilməsi  (1876)  tibbi 
mikrobiologiyanın başlanğıcının parlaq dövrü olmuşdur. 
Mikrobiologiyanın  -inkişafında  dünya  şöhrəti  qazanan  alimlərdən  biri  də    İ.İ. 
Meçnikov  (1845-1916)  olmuşdur.  Onu  haqlı  olaraq  tibbi  mikrobiologiyanın  və 
immunologiyanın  banilərindən  hesab  edirlər.  O,  ilk  dəfə  1883-cü  ildə  immunitetin  
foqositar  nəzəriyyəsini  irəli  sürüb  əsaslandırmışdır.  İnsanın  keçirdiyi  bəzi 
xəstəliklərdən  sonra      həmin  xəstəliyə  yoluxmaması  çoxdan  məlum  idi.  Lakin 
qazanılmış  aktiv  immunitetin  mahiyyəti  məlum  deyildi.  Meçnikov  bu  prosesin 
təbiətinin öyrənərək göstərdi ki, orqanizmin xəstəlikdən qorunması  mürəkkəb bioloji 
bir reaksiyadan asılıdır ki, bunun da əsasını foqositlər təşkil edir. Bu nəzəriyyəyə görə 
orqanizmə  daxil  olan  yad  cisimlər  orqanizmdə  olan  xüsusi  hüceyrələr-foqositlər 
tərəfindən  udularaq  məhv  edilir  və  ona  görə  də  orqanizm  yoluxduqda  belə 
xəstələnmir.  Meçnikov  immunitetdə  foqositozun  rolunu  aydınlaşdırmışdır.  1909-cu 
ildə bu nəzəriyyəyə görə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin o, ilk dəfə 
dizenteriya 
mikrobunu 
görmüş 
və 
insanın 
tez 
qocalması 
səbəblərini 
aydınlaşdırmışdır. 
Bakteriyaların  düzgün  təsnifatı  F.Kon  (1828-1898)  tərəfindən  verilmişdir.  O 
bakteriyaları bitkilər aləminə aid edərək onları yosunlarla eyni qrupda cəmləşdirir və 

bakteriyaları  morfologiyasına  görə  kokklar,  çöplər  və  spirillər  kimi  3  qrupa  ayırır. 
F.Kon  bakteriyaların  sabitliyini  müdafiə  etməklə  monomorfizm  cərəyanına  çaşçılıq 
edirdi. 
 
Bunun  əksinə  olaraq  K.  Hegel  (1817-1891)  bakteriya  növlərinin  sabit 
olmadığını,  xarici  mühit  amilləri  təsiri  altında  özlərinin  morfoloji  və  fizioloji 
xüsusiyyətlərini dəyişərək bir bir növün digər növə keçə biləcəyini iddia edərək ikinci 
bir  cərəyanın-polimorfizmə  tərəfdar  çıxır.  Elmin  sonrakı  nailiyyətləri  göstərdi  ki  , 
həqiqətən  bakteriyaların  da  özünə  məxsus  növləri  var.  Lakin  bu  növlərdə  müəyyən 
inkişaf mərhələsi və uyğunlaşma nəzərə çarpır.  
Mikrobiologiyanın  inkişafında  N.F.Qamaleyanın  da  (1859-1949)  rolu  böyük 
olmuşdur. O, ilk dəfə bakteriofaqların  və taun çöplərinin  mikroblardan kiçik canlı 
olmasını müəyyən etmişdir. 
Mikrobiologiyanın inkişafında S.N.Vinoqradskinin və digər rus alimlərinin də 
böyük rolu olmuşdur. S.N.Vinoqradski nitrifikasiya prosesini, anaerob bakteriyalar 
tərəfindən  atmosfer  azotunun  fiksə  olunma  hadisəsini  kəşf  etmişdir.  O,  həmçinin 
kükürd,  dəmir  mənimsəyən  bakteriyalarda  xemosintez  (enerjinin  hidrogen  sulfid, 
ammonyak  əmələ  gəlməsi  və  s.  oksidləşmə  proseslərindən  alınması)  qabiliyyətini 
aşkar  etmişdir.  Bütün  bu  tədqiqatlarla    S.N.Vinoqradski  mikrooekoloji  prinsipin 
əsasını qoymuşdur. 
 M.Beyerinq  (1851-1931)  S.N.  Vinoqradskinin  mikrooekoloji  prinsipini 
müdafiəedən  alimlərdən  biri  olmuşdur.  O,  mikroorqanizmlərin  təbiətdə  və  azot 
dövranında rolunu öyrənmiş və azot toplayan – atmosfer azotunu feksəedən aerob 
Azotobacter  chroococcum-u  torpaqdan  ayırmışdır.  M.Beyerinq  S.N.  Vinoqradski 
ilə birlikdə kənd təsərrüfatı mikrobiologiyasının əsasını qoymuşdur.  
Mikroorqanizmlərin  təbiətdə  maddələr  dövranında  fəal  iştirakı  barədə 
məlumatlar XIX əsrin 70-80-ci illərində daha da genişlənir. 1877-ci ildə T. Şlezinq 
A.Myunts  niritləşmənin  mikrobioloji  təbiətini  göstərirlər.  1882-ci  ildə  P.Degeren 
denitritləşmə  prosesinin  mahiyyətini  və  iki  il  sonra  bitki  qalıqlarının  anaerob 
parçalanmasını öyrənir. 
1867-ci  ildə  H.Helrigel  və  H.Vilfart  M.C.  Varoninin  təklif  etdiyi  kök 
yumruları bakteriyalarının azot fiksə etdiyini  göstərirlər.  
S.A.Korolyov  və  A.F.Voytkeviç  isə  süd  turşusu  bakteriya-larının  süd 
məhsullarının  istehsalında,  yetişməsində  və  konservləşdi-rilməsində  rolunu  ətraflı 
öyrənmişlər.  V.S.Butkeviç  və  S.P.  Kostıçev  isə  üzvi  turşuların  istehsalında 
göbələklərin  həyat  fəaliyyətini  öyrənmişlər.  1930-cu  ildə  limon  turşusunun  istehsalı 
təşkil olunmuşdur. 
Texniki  mikrobiologiyanın  inkişafında  S.P.Kostıçev,  S.N.İvanov,  A.İ. 
Lebedevin böyük xidmətləriolmuşdur. Lebedev spirtə qıcqırma prosesinin kimyəvi 
mexanizmini öyrənmişdir. 
V.N.Şapoşnikov  və  A.J.  Manteyfel  tərəfindən  mikrobların  müxtəlif  sənaye 
sahələrində  istifadəsi  məsələləri  ətraflı  öyrənilmiş  və  zavod  şəraitində 
bakteriyaların  köməyi  ilə  süd  turşusunun,  aseton  və  butil  spirtinin  istehsalı 
üsullarıhazırlamışdır.  Sonralar    V.N.Şapoşnikov  və  F.M.  Çistyakovun  təklifi  ilə 
zavod miqyasında aseton və butil spirti alınmışdır. 

Mikrobiologiyanın  son  dövrdəki  inkişafında  ingilis  alimi  Fleminqin  (1851-
1931)  böyük  rolu  olmuşdur.  O,  ilk  dəfə  penisillin  adlanadırılan  antibiotiki  kəşf 
etmişdir.  E.B.Çeyn Q.Flori ilə birlikdə pensilinin kimyəvi tərkibini aydınlaşdırmış 
və penisillinixalis halda əldə etmişdir. 
Mikrobiologiyanın 
inkişafında, 
daha 
doğrusu 
mikroorqanizmlərin 
sistemləşdirilməsində Amerika alimi D. Bercinin tərtib etdiyi və vaxtaşırı bir neçə 
dəfə nəşr olunan təyinedicisinin də böyük rolu olmuşdur.  
Ən  nəhayət,  keçmiş  sovet  dövrü  ərzində  isə  ərzaq  xammalı  və  hazır  qida 
məhsullarında  onların  istehsalı  və  saxlanma  şəraitində  mikroorqanizmlərin 
öyrənilməsinə  dair  mikrobioloji  tədqiqatların  xeyli  hissəsi  C.V.Plaxanov  adına 
Moskva  Xalq  Təsərrüfatı  İnstitutunun  (indiki  Rusiya  İqtisadiyyat  Akademiyası) 
əmtəəşünaslıq  və  texnologiya  fakültələrində,  Xarkov  İctimai  İaşə  İnstitutunda 
(hazırda  Xarkov  Qidalanmanın  Texnologiyası  və  Təşkili  Akademiyası),  Mogilyov 
Texnologiya  İnstitutunda,  Kiyev  Ticarət  İqtisad  Universitetində  və  s.  bu  kimi  ali 
məktəblərdə  əmtəəşünas  və  texnoloq  alimlərin  (prof.  A.A.Kolesnik,  prof. 
A.Ş.Ratusnıy,  prof.  Y.V.Serevitinov,  prof.  D.İ.Lobanov,  E.R.Kozmina,  prof. 
V.S.Baranov,  prof.  M.İ.Peresiçniy,  prof.  Q.Q.Jarikova  və  s.)  rəhbərliyi  ilə 
aparılmışdır ki, onların da bu günkü qida mikrobiologiyası elminin MDB məkanında 
inkişafına böyük təsiri olmuşdur. 
Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  «Əmtəəşünaslıq»  və  «Texnologiya 
və  Dizayn»  fakultələrində  öyrənilən  iki  böyük  bölmədən  ibarət  olan 
«Mikrobiologiya,  sanitariya  və  gigiyena»  fənninin  bir  çox  fənlər  ilə  sıx  əlaqəsi 
vardır.  İlk  növbədə  mikrobiologiya  ayrı-ayrı  qida  məhsullarının  (şərab,  pivə,  spirt, 
süd  məhsulları,  sirkə  turşusu,  limon  turşusu)  istehsalı,  onların  (xüsusilə,  ət  və  ət 
məhsulları, çörək-bulka və qənnadı məmulatları, kulinar  məhsulları, yumurta, yağ və 
s.)  keyfiyyətli  saxlanması  və  bunlarda  mikrobların  həyat  fəaliyyətinin  öyrənilməsi 
baxımından tədris olunur. 
Mikrobiologiya  fənninin  ərzaq  mallarının  əmtəəşünaslığı  və  ekspertizası,  iaşə 
məhsullarının  texnologiyası,  bütövlükdə  qida  sənayesi  və    texnologiyaları  ilə 
əlaqədar çoxsaylı  fənlər ilə sıx əlaqəsi vardır. Çünki  hazırlanmış bir çox xörəklərin 
və  ya  yarımfabrikatların,  süd  və  süd  məhsullarının,  taxıl  və  çörək  məhsullarının, 
pivə  və  şərab  məhsullarının  və  s.  bu  kimi  çoxsaylı  məhsulların  keyfiyyətinə 
mikroorqanizmlər müxtəlif dərəcədə təsir göstərə bilir. Müxtəlif sahələrdə sanitariya 
və  gigiyenanın  tələblərinin  gözlənilməsi  isə  mikrobiologiyanı  bilmədən  mümkün 
deyildir. 
Mikrobiologiya  elminin  inkişafına  son  zamanlar  bizim  ölkədə  də  çox  böyük 
diqqət  yetirilir. Belə ki,  hazırda bir sıra təşkilatlar  yaradılmışdır ki, onlar  müxtəlif 
sənaye sahələrində, o cümlədən  yeyinti sənayesində  mikroorqanizmlərin  istifadəsi 
və məhsulların istehsalında onların tətbiqi məsələləri ilə məşğul olurlar. 
Son  illər dünya  miqyasında  mikrob  fermentlərindən  müxtəlif qida  məhsulları 
istehsalında  onların  keyfiyyətinin  yüksəldilməsində  geniş  istifadə  edilir. 
Mikrobların  köməyi  ilə  zülal  sintezi  iqtisadi  cəhətdən  daha  əlverişlidir.  Odur  ki, 
hazırda  sənaye  miqyasında  neft  karbohidrogenlərindən  mikrobları  yetişdirməklə 
zülal  əldə  edirlər.  İstehsal  edilmiş  zülallar,  bütün  bitki  zülallarına  nisbətən  bioloji 
cəhətdən tam keyfiyyətli olmaqla daha tez əldə edilir. 

Azərbaycanda  mikrobiologiya  sahəsində  elmi  tədqiqat  işlərinin  əsas  hissəsi 
Azərbaycan 
Respublikası 
Milli 
Elmlər 
Akademiyasının 
Mikrobiologiya 
İnstitutunda  və  həmçinin  mikrobiologiya  ilə  əlaqəli  digər  elmi-tədqiqat 
institutlarında, BDU, AzTU, AzDPU, AzKTA, AzDİU və s. bu kimi ali məktəblərin 
müvafiq kafedra və laboratoriyalarında davam etdirilir. 
Müstəqillik  dövründə  xüsusi  bir  inkişaf  mərhələsinə  qədəm  qoymuş, 
biotexnologiyanın  əsasını  təşkil  edən  mikrobiologiya  elminin  müxtəlif  istehsal 
sahələri  üçün  çox  böyük  əhəmiyyəti  vardır.  Süni  qida  məhsulları  isteysalının 
öyrənilməsi və gələcək inkişafı da mikrobiologiyanın inkişafı ilə əlaqədardır. 
Mikrobiologiyanın  respublikamızda  inkişafında  1922-ci  ildə  təşkil  olunmuş, 
Q.Musabəyovun  adını  daşıyan  Virusologiya  və  Gigiyena  İnstitutunun  rolu  böyuk 
olmuşdur.  Burada  qarın  yatalağı,  malyariya  və  s.  bu  tipli  xəstəliklərin  əleyhinə 
tədbirlər  işlənmiş,  ilk  dəfə  yerli  şəraitdə  brüselyozun  öyrənilməsi  üzrə  geniş 
tədqiqatlar  aparılmışdır.  Bu  institut  həm  də  böyük  vətən  müharibəsi  illərində  cəbhə 
üçün tibb preparatları hazırlanması işlərinə də cəlb olunmuşdur.  
S.Ağamalıoğlu  adına  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında  isə 
baytarlıq mikrobiologiyası və virusologiyasının əsası qoyulmuşdur. Görülən işlərin 
nəticəsi  kimi  burada  Azərbaycan  dilində  sahələrə  aid  tədris-metodiki  materiallar 
işlənib hazırlanmışdır. XX əsrin əvvəllərində isə N.Q.Uşinskinin rəhbərliyi altında 
M.V.Həsənov  və  digər  tədqiqatçıların  əməyi  sayəsində  neft  və  lay  sularının 
mikrobiologiyası öyrənilmişdir. 
Sonradan  şərəf  nişanı  ordenli  Azərbaycan  Elmi-Tədqiqat  İnstitutunda  kənd 
təsərrüfatı  heyvanlarında  mikrobioloji  xəstəliklərin  öyrənilməsi  və  profilaktikası 
istiqamətində  aparılmış  tədqiqatlar,  b.e.d.  Q.Ə.Sarıyev  və  əməkdaşları  tərəfindən 
orada indi də davam etdirilən elmi və praktiki işlər xüsusilə önəmlidir. 
Torpağın mikrobiologiyası və antibiotiklərlə əlaqədar isə uzun illər ərzində Bakı 
Dövlət  Universitetinin  «Mikrobiologiya»  kafedrasının  əməkdaşları  xeyli  işlər 
görmüşlər. 
Onların 
hazırladıqları 
«Ümumi 
mikrobiologiya» 
(1994), 
«Mikrobiologiyadan  praktikum»  (1978),  «Mikrobiologiyanın  və  virusologiyanın 
əsasları»  (1985),  «Bitki  fiziologiyası»  (1986)  və  s.  adda  tədris  vəsaitlərinin 
mikrobiologiya və onunla əlaqəli biliklərin öyrənilməsində rolu böyük olmuşdur. 
Tibbi  baxımdan  mikrobiologiyanın  respublikada  bir  elm  sahəsi  kimi 
inkişafında  isə  Azərbaycan  Tibb  Universiteti  «Mikrobiologiya»  kafedarsının 
əməkdaşlarının  da  əməyi  az  olmamışdır.  Prof.  N.Əliyevin  1975-ci  ildə  çap 
etdirdiyi 
«Mikrobiologiya» 
dərsliyinin 
tələbə 
və 
müəllim 
heyətinin 
savadlanmasında rolu danılmazdır. 
Bunların  ən  önəmlisi  isə  vaxtilə  Azərbaycan  Respublikası  Elmlər 
Akademiyası  nəzdində  yaradılmış,  indi  də  öz  fəaliyyətini  uğurla  davam  etdirən 
Mikrobiologiya İnstitutunun apardığı çoxsahəli tədqiqatlar olmuşdur.  
Ərzaq xammalı və hazır qida məhsullarının mikroorqanizmləri və bütövlükdə 
mikrobiologiyası  ilə  əlaqədar  Azərbaycan  Tibb  Universiteti,  Bakı  Dövlət 
Universiteti,  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyası,  Azərbaycan  Xalq 
Təsərrüfatı  İnstitutu,  Azərbaycan  Texnologiya  İnstitutu  və  s.  tədris  və  elm 
təşkilatlarında  aparılmış  və  indi  də  davam  etdirilən  mikrobioloji  tədqiqatların 
ölkədə  mikrobiologiya  elminin  inkişafında  əhəmiyyəti  böyük  olmuşdur.  Prof. 

R.A.Abuşov,  prof.  Ə.M.Əhmədov,  prof.  H.S.Qasımova  və  başqa  tanınmış 
alimlərin  rəhbərliyi  və  bilavasitə  iştirakı  ilə  aparılan  elmi-tədqiqat  işlərinin  qida 
məhsullarında  mikrobioloji  xəstəliklərin  müəyyən  edilməsində  və  qarşısının 
alınmasında qiyməti əvəzsizdir. 
Ən  nəhayət  Bakı  Dövlət  Universitetində  «Mikrobiologiya»  kafedrası 
əməkdaşlarının  rəhbərliyi  altında,  Azərbaycan  Tibb  Universitetinin  müvafiq 
kafedralarında  və  keçmiş  Bakı  Dövlət  Əmtəəşünaslıq-Kommersiya  İnstitutunda, 
sonradan  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  «Ərzaq  malları  əmtəəşünaslığı» 
və  «Qida  məhsullarının  texnologiyası»  kafedralarında  yerli  çörək  məhsullarının 
mikrobiologiyası  (b.e.n.  A.A.  Qurbanova),  ağacdağıdıcı  maya  göbələklərinin 
mikrobiologiyası  (b/m  M.H.  Məhərrəmova)  və  meyvə-tərəvəz  qatqılı  funksional 
əhəmiyyətli  qida  məhsullarında  bir  sıra  mikroorqanizmlərin  təsirinin  öyrənilməsi 
(dos. N.H. Qurbanov) ilə əlaqədar aparılmış və indi də davam etdirilən tədqiqatlar 
yaxın gələcəkdə ölkəmizdə mikrobiologiyanın inkişafında mühüm rol oynamalıdır. 
Bütövlükdə  götürdükdə,  Azərbaycanda  mikrobiologiya  sahəsində  elmi-
tədqiqat  işlərinin  əsas  hissəsi  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının 
Mikrobiologiya  İnstitutunda  və  həmçinin  mikrobiologiya  ilə  əlaqəli  digər  elmi-
tədqiqat institutlarında, BDU, AzTU, AzDİU və s. bu kimi ali məktəblərin müvafiq 
kafedra və laboratoriyalarında davam etdirilir. 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin