Mövzu 5 Dövlət, müəssisə və təşkilatların maliyyəsi 5.1.Dövlət maliyyəsinin mahiyyəti
5.2. Dövlət maliyyəsinin funksiyaları
5.3. Dövlət maliyyəsinin hüquqi formaları
5.4.Dövlət maliyyəsinin təşkili prinsipləri
5.5.Dövlət gəlirlərinin tərkibi
5.6.Dövlət xərclərinin təsnifatı
5.7.Müəssisədə məhsul istehsalı və satışı xərcləri
5.8.Müəssisə və təşkilatların pul fondunun və mənfəətin formalaşması mənbələri
1. Dövlət maliyyəsinin mahiyyəti Bazar iqtisadiyyatı şəraitində mülkiyyətin müxtəlif formaları yaranır. Ona görə də maliyyə münasibətləri yalnız dövlət səviyyəsində deyil, müxtəlif mülkiyyət formalı müəssisələr səviyyəsində də baş verir. Maliyyə sisteminin tərkib hissəsi olmaqla, müəssisələrin maliyyəsi ümumi daxili məhsulun yaradılması, bölgüsü və istifadəsi proseslərinin dəyər formasındakı ifadəsini əks etdirir. Maliyyə münasibətləri əsasən məcmu ictimai məhsulun və milli gəlirin yarandığı maddi istehsal sahələrində baş verir. Müəssisələrin maliyyəsi müəssisədə gəlirlərin və yığımın yaradılması, bölüşdürülməsi və istifadəsi proseslərində meydana çıxan pul münasibətlərinin məcmusunu ifadə edir və o, geniş təkrar istehsalın fasiləsizliyinin təmin edilməsinin mühüm şərtidir.
Müəssisələrin maliyyəsi-təsərrüfat subyektlərində pul fondlarının və yığımlarının formalaşdırılması, bölüşdürülməsi və geniş təkrar istehsal xərclərinin maliyyələşdirilməsi, maliyyə-bank sistemi qarşısında öhdəliklərin yerinə yetirilməsi, işçilərin maddi stimullaşdırılması və sosial təminatı üzrə istifadəsi ilə əlaqədar yaranan iqtisadi münasibətlərdir.
İqtisadi məzmununa görə müəssisələrin maliyyə münasibətlərini aşağıdakı istiqamətlər üzrə sistemləşdirmək olar:
Müəssisənin təsisçiləri arasında – nizamnamə kapitalının yaradılması ilə əlaqədar olan maliyyə münasibətləri.
Müəssisə və təşkilatlar arasında - məhsulun istehsalı və satışı ilə əlaqədar yaranan maliyyə münasibətləri.
Müəssisə və onun ayrı – ayrı bölmələri – filialları, sexləri, şöbələri arasında xərclərin maliyyələşdirilməsi, mənfəətin bölgüsü və istifadəsi zamanı yaranan maliyyə münasibətləri.
Müəssisə və işçilər arasında – gəlirlərin bölgüsü və istifadəsi, müəssisənin səhm və istiqrazlarının buraxılışı və yerləşdirilməsi, istiqrazlar üzrə faizlərin və dividentlərin ödənişi, fiziki şəxslərdən gəlir vergisi tutulan zaman yaranan maliyyə münasibətləri.
Müəssislər və yuxarı təşkilatlar, müəssisələr və onların üzv olduqları ittifaq assosiasiyaları arasında yaranan maliyyə münasibətləri.
Maliyyə münasibətləri mərkəzləşdirilmiş məqsədli pul fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi, məqsədli proqramların maliyyələşdirilməsi, elmi tədqiqat işlərinin aparılması, qaytarılmaq şərti ilə verilən maliyyə yardımları zamanı təzahür edir.
Kommersiya müəssisə və təşkilatları arasında – qiymətli kağızların yerləşdirilməsi və emissiyası qarşılıqlı kreditləşdirmə, birgə müəssisələrin yaradılmasındakı pay iştirakı ilə əlaqədar yaranan maliyyə münasibətləri.
Müəssisələr və dövlət maliyyə sistemi arasında vergilərin ödənilməsi və büdcəyə digər ödənişlərin həyata keçirilməsində, büdcədənkənar fondların yaradılmasında, vergi güzəştləri, cərimə sanksiyaları tətbiq edilərkən yaranan maliyyə münasibətləri.
Müəssisə və bank sistemi arasında – kommersiya banklarında pulların saxlanması, ssuda alınması və ödənilməsi zamanı bank kreditlərinə görə faizlərin ödənilməsi, digər bank xidmətləri zamanı yaranan maliyyə münasibətləri.
Müəssisələr və sığorta təşkilatları arasında - əmlakın sığortalanması zamanı ayrı-ayrı işçi kateqoriyalarının, kommersiya sahibkarlıq risklərinin sığortalanması zamanı yaranan maliyyə münasibətləri.
Müəssisələr və investisiyalar arasında – özəlləşdirmə və investisiya fəaliyyəti həyata keçirilən zaman yaranan maliyyə münasibətləri.