1) Riyaziyyat təlimində qiymətləndirmə mexanizmlərinin tətbiqi zərurətini əsaslandıra bilir; 2) Diaqnostik, formativ və summativ qiymətləndirmə barədə məlumatlı olduğunu nümayiş etdirməyi bacarır; 3) Qiymətləndirmənin komponentlər üzrə şərhini verə bilir; 4) Qiymətləndirmə meyarlarını müəyyənləşdirməyi bacarır; 5) Rubriklərlərdən qiymətləndirmə (formativ) üsulu və vasitəsi kimi faydalanmağı bacarır.
Əhatə olunan məsələlər:
. Riyaziyyat təlimində qiymətləndirmə mexanizmlərinin tətbiqi zərurəti;
. Diaqnostik qiymətləndirmə;
. Formativ qiymətləndirmə;
. Summativ qiymətləndirmə;
. Qiymətləndirmənin komponentlər üzrə şərhi;
. Rubriklər qiymətləndirmə (formativ) üsulu və vasitəsi kimi;
. Qiymətləndirmə meyarlarının müəyyən olunması.
. Riyaziyyat təlimində qiymətləndirmə mexanizmlərinin tətbiqi zərurəti Fənlər (o cümlədən riyaziyyat) üzrə məzmun standartlarının müəyyən olunmasında əsas məqsəd həmin standartların hər bir şagird tərəfindən mənimsənilməsi istiqamətində hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun bilik və bacarıqlara nail olmaq üçün hər bir şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək səviyyəli standartları mənimsəməsi üçün zəruri şərait yaradılmalıdır. Optimal vəziyyətdə heç bir şagirdin tədris ili boyunca geri qalmasına imkan verilməməli, əksinə, hər bir şagirdin irəliləməsi diqqət mərkəzində olmalıdır. Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və bir çox hallarda rəsmi olmayan prosesdir. Bu prosesdə müəllimlərin şagirdlər üzərində müşahidəsi, şagirdlərin sinif işləri və ev tapşırıqlarını yerinə yetirmələri, yazılı və şifahi cavabları əhəmiyyətlilik baxımından eyni dərəcədə vacibdir.
Qiymətləndirmə qrup həyatının ümdə psixoloji problemlərindən biridir. Məlum həqiqətdir ki, insanların bir-birinə verdikləri emosional və ya intellektual, əxlaqi və ya estetik qiymətlər nəinki fəaliyyət və ünsiyyət prosesində şəxsiyyətin, həm də şəxsiyyətlərarası münasibətlərin formalaşdırılmasında önəmli rol oynayır. Pedaqoji qiymət, qiymətin özünəməxsus növü kimi meydana çıxır. Uzun illər bundan öncə sübut olunmuşdur ki, qiymət tərbiyə vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Müəyyən edilmişdir ki, qiymət təkcə şagirdin əqli işinə deyil, həm də onun yaşadığı müvəffəqiyyət və uğursuzluq hissləri vasitəsilə affektiv-iradə sahəsinə, iddia səviyyəsinin, niyyətlərinin və münasibətlərinin formalaşmasına köklü təsir göstərir. Məktəb təcrübəsində qiymət tarixən motivasiya yaratmaq vasitəsi kimi əmələ gəlib. Məktəb təcrübəsində əvvəlcə ”sözlüqiymət” bərqərar olmuş və özünəməxsus yer almışdır. Məktəbin inkişafının müəyyən bir mərhələsində “rəqəmli qiymət” meydana çıxmış və tədricən az qala başlıca qiymətləndirmə, əslində isə özünəməxsus nəzarət vasitəsinə çevrilmişdi. Rəqəmli qiymət kəmiyyət göstəricilərinə əsaslanırdı, dərsdə sözlü qiymətləndirməyə nisbətən müəllimin hökmünü, ədasını daha aydın göstərirdi. Ümumiyyətlə, rəqəmli qiymət və sözlü qiymət özlərinin funksiyalarına görə bir-birindən köklü surətdə fərqlənirlər. Vurğuladığımız kimi, rəqəmli qiymət şagirdin tədris fəaliyyətinin nəticəsini ancaq kəmiyyət baxımından təsvir etdiyi halda, sözlü qiymət onu məzmunca, keyfiyyət ölçüləri ilə səciyyələndirir. Sözlü qiymətin iki tipini-1) müvəffəqiyyətin bilavasitə hesaba alınmasında və 2) müvəffəqiyyətin hesaba alınması gedişində şagirdlərə verilən sözlü qiymətləri fərqləndirmək olar. İkinci tip qiymətləri partsial (latıncapartsialus,pars(partis)-“hissə”, “ayrıca”,”xüsusi” deməkdir) qiymətlər kimi səciyyələndirirlər. Pedaqoji qiymətin obyektivliyi məsələsi həmişə aktual olmuşdur. Pedaqogika və fənlərin tədrisi metodikasında qiymət meyarlarına nə qədər əhəmiyyət verilsə də, subyektiv amillər qiymətləndirmə prosesində önəmli rol oynayır. Unudulmamalıdır ki, pedaqoji qiymətin effektləri önəmli psixoloji-pedaqoji problemdir, tələbat-motivasiya sahəsinin formalaşması ilə bağlıdır (şagirdin tələbat-motivasiya sahəsini formalaşdırmaq, onun özünü aktuallaşdırması üçün əlverişli şərait yaratmaq tədris fəaliyyətinin səmərəli olmasının rəhnidir).
Düzgün həyata keçirilmiş qiymətləndirmənin nəticələri müəllimin fəaliyyəti, bu fəaliyyətin şagirdlərin tələbatına nə dərəcədə cavab verməsi, habelə kurikulumda, planlaşdırmada və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması zərurəti haqqında qərar qəbul etməyə imkan verir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:
-şagirdin irəliləyişlərinin(geriləmələrinin) izlənilməsi(monitorinqi); -təlim prosesində qərarların qəbulu; -şagirdin təlim nəticələrinin qiymətləndirilməsi; -kurikulumun qiymətləndirilməsi; Qiymətləndirmə və təlim proseslərinə təhsilin qaşılıqlı əlaqədə olan iki tərəfi kimi baxılır. Sistemli proses olan qiymətləndirmə-təlim nəticələri ilə maraqlı tərəflər arasında səmərəli əks- əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur:
-Qiymətləndirmə məlumatları; -Məlumatların toplanması; -Qiymətləndirmə nəticələri; -Qiymətləndirmə standartları. Yeni qiymətləndirmə sisteminin yaradılmasını zəruri edən amillər. Təhsil fəaliyyətinin səmərəlilik səviyyəsinin müəyyən edilməsi.
Təhsil standartlarının tələbata uyğunluğunun monitorinqinin həyata keçirilməsi.
Ölkə üzrə şagirdlərin nailiyyətləri barədə obyektiv məlumatların əldə edilməsi.