Serj Afanasiyan Tərcümə: Güntay Gəncalp (Cavanşir) Ermənistan Azərbaycan


Bakıda Şərq Millətlərinin Konqrəsi



Yüklə 1,47 Mb.
səhifə8/32
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#2390
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
Türklərin saldırısı
Bolşeviklərin təhdidi yenicə bitmişdi ki, daha başqa bir təhlükə ortaya çıxdı. Brest-Litovsk müzakirəsinin kəsilməsindən sonra almanlar fevral ayında saldırıya keçdilər. Türklər də Qafqaz ordu qərargahı ilə imzaladıqları tərki-savaş anlaşmasını ayaq altına alaraq fevralın 12-də cəbhə xəttini yarıb saldırıya keçdilər. Rus ordusundan boşaldılmış Qafqazda türklər müsəlmanların güvənliyini sağlamağı bəhanə etmişdilər. Ancaq gerçək hədəfləri rus istilasından qurtulmaq üçün Qafqazdakı soydaşlarına yardım etmək idi. Martın 6-da Istanbulda yarırəsmi qəzet olan “Təsviri-əfkar”qəzeti Qafqazın durumu ilə bağlı yazırdı ki, gürcülər əvvəllər Qafqaz müsəlmanlarına qarşı kötü niyyət bəsləyirdilər. “Ancaq son zamanlar Osmanlı müdaxiləsindən qorxan ermənilər və gürcülər, fəaliyətlərini birləşdirirərk Türkiyəyə qarşı nifrət savurmağa başlamışlar. Ermənilər Osmanlı ordusunun qarşısında dirənmək üçün iki ordu düzənləmişlər. Onlardan biri türk ordusuna qarşı vurqaç saldırısı düzənləyən dəstələrdən ibarətdir. Bu dəstənin amacı türk ordusunu müqəddəs Osmanlı torpaqlarından içlərə doğru uzaqlaşdırmaqdır. Qafqaz türklərinin tək arzusu öz aqibətlərini Osmanlı türkləri ilə birləşdirərək rus istilasından qurtulmaqdır.”

Türk ordusu dörd illik savaş sürəsində təcrübə qazanmışdı. Erməni və gürcü əsgərlər türk ordusuna qarşı çıxacaq gücdə deyildirlər. Ayrıca, Mesopotamiyadan gələn təqviyə güc də türk ordusuna qatılmışdı. Erməni və gürcü birlikləri 200 min nəfərdən ibarət idi. Müsəlmanlar Qafqaz əhalisinin 40 faizini təşkil edirdi. Onlar öz soydaşları olan Osmanlı ilə savaşmaq fikrində deyildilər. Tam tərsinə, qarşılamaq üçün türk ordusunun saldırısını səbirsizliklə bəkləməkdə idilər.

Rus ordusunun boşaldılıb yerinə erməni ordusunun yerləşdiyi Ərzincana fevralın 13-də türklər saldırdılar. Erməni ordusu Ərzincanı boşaldıb Ərzuruma geri çəkildi. 15 gün Ərzurumda qəhrəmanca dirəndilər. Andranik və onun partizanları erməni birliklərini qorumaq və gücləndirməklə görəvləndirilmişdilər. Onlar kürdlərin və türk ordusunun saldırısından qaçan erməniləri qoruyub yerbəyer etməli idilər. Andranik erməni könüllü birliklərinin məşhur komutanı idi. Savaş meydanında generallıq rütbəsinə yüksəlmişdi. 1917-ci ildə Qərb erəminləri ofisi tərəfindən üçüncü ordu komutanlığına gətirilmişdi. Bir çox erməni partizan birliklərinin rəhbərləri ona tabe idi. Erməni cəbhəsinin düşməsi ilə Andranik ümidsizliyə qapılır. Fevralın 19-da Paris erməniləri nümayəndəliyinin heyyət rəisi Boğus Nober Paşaya bu məzmunda bir teleqram göndərir: “Bizim 12 min əsgərimiz var. Düşmən saldırıya keçmişdir. Qafqaz ermənilərinə ümid bağlamaq olmaz. Onların 8 min nəfərlik ordusu var. Cəbhəni savunacaq gücdə deyillər. Hər şey dağılmaq üzrədir. Kötü xəbərlər gözləməkdəyik. İngiltərənin İrana daha çox qüvvə göndərməsi gərəkir. Müttəfiqlər Kilikiyəyə saldırıb Şərq xəttini işğal etməlidirlər. Bizim qurtuluşumuz ordadır.”27

Türklərin irəliləməsi təhlükəli durum oluşdurmuşdu. Seym general Vahab Paşaya teleqram göndərərək barışdan yana olduğunu bildirdi. Türklərlə müzakirəyə hazır olduqlarını duyurdular. Tərəfsiz bölgə olaraq qəbul edilən Trabzonda müzakirə başlamalı idi. Qafqaz nümayəndə heyyəti Çxen Keli başçılığında on nəfərdən ibarət idi. Gürcü Xaçaznuni və erməni Xatisyan da bu heyyətin içində idi. Heyyət hərəkətə hazırlandığı anda Karaxandan bir teleqraf gəldi. Teleqraf Batumi, Qars və Ərdhanın Türkiyəyə verildiyini bildirirdi. Qafqaz heyyəti sovetlərin qərarına şaşırmışdı. Türklərlə müzakirənin artıq bir anlamı olmayacağını hiss edirdilər. Ancaq heyyət türk tərəfinin Trabzona gələcəyini bildiyində müzakirəyə qatılım qərarı verdi. Heyyət martın 8-də Trabzona çatmışdı. Türkiyə tərəfi martın 12-də Trabzona gəldi. Martın 14-də Hüseyn Rauf bəy başqanlığğında müzakirə başladı. Hüseyn Rauf deyir: “Allaha şükr edirəm ki, mənə nəcib Qafqaz millətinin nümayəndə heyyətini qarşılama imkanı vermişdir. Qafqaz addım-addım bağımsızlığa doğru irəliləyir. Bu mübarək hadisəni görməyi öz həyatımın dəyərli xatirəsi kimi anımsayacağam.” Daha sonra da davam edir ki, təəssüflər olsun Türkiyə Qafqazla bağlı öz tarixi vəzifəsinə gərəyincə önəm verməmişdir. Dil və din baxımından bənzər olan Qafqaz əhalisinə yardım edə bilməmişik.28

Türkiyənin erməni və gürcünü görməzlikdən gəlməsi heç də bu iki millətin gələcəyi baxımından xoş hadisə deyildi. Əslində martın 10-da Vahab paşa general Lebdinskidən ordularını Brest-Litovsk anlaşmasına görə Qarsdan, Ərdhandan və Batumidən geri çəkməyi istəmişdi. Çxen Keli soruşdu ki, bu, müzakirənin davamını durdurmaq anlamındamı? Rauf bəy, özünü elə aparırdı ki, sanki Vahab paşanın bu təklifindən xəbərsizdir və dedi ki, mənim görəvim qurulmaqda olan Zaqafqaziya cümhuriyyətinin nümayəndə heyyəti ilə müzakirə aparmaqdır. Bu üzdən Rauf bəy soruşdu ki, bu cümhuriyyətin qanuni əsası nədir? Çxen Keli cavab verdi: Qafqaz öz məsuliyyətinin həddini bilən bir dövlət olmuşdur. Qafqaz cümhuriyyətinin xəbəri olmadan imzalanan Brest-Litovsk müqaviləsini qəbul etmirik. Türkiyə nümayəndə heyyəti bu cavabdan narahat olmuşdu. Türkiyə tərəfi dedi ki, iki müstəqil dövlət arasında imzalanan müqavilənin üçüncü tərəfin razı olub-olmamasına ehtiyacı olmaz. Zaqafqaziya cümhuriyyəti uluslar arası hüquq imkanlarından yararlanmaq istəyirsə, özünü bu hüququn qaydalarına uyqunlaşdırmalıdır. Örnəyin digər dövlətlər tərəfindən tanınmanız üçün çalışmalısınız. Yanvarın 23-də Zaqafqaziya höküməti bir teleqramla duyurmuşdu ki, öz siyasi fəaliyyətini Rusiya cümhuriyyətinin digər muxtar hökümətləri ilə uyğunlaşdıracaqdır. Bu üzdən Qafqaz özünü müstəqil bir dövlət kimi deyil, Rusiya federasiyasının bir üzvü kimi aparmalıdır. Türkiyə nümayəndə heyyəti davam edir: Osmanlı dövləti Rusiyaya qarşı hərbi əməliyyat keçirir. Zaqafqaziyada yeni dövlətin qurulacağını bildiyimizdə bu dövlətlə münasibət bərqərar etmək istəyimiz olmuşdur.

Türk heyyətinin istəkləri Qafqaz heyyəti tərəfindən qəbul edilir deyildi. Qafqaz nümayəndə heyyəti heç bir nəticə almadan martın 14-də Trabzondan ayrıldı. Zaqafqaziya heyyəti savaşmaq qərarına gəlmişdi. Ümumi səfərbərlik elan etdilər. Gegeçkori, Ramişvili və Karçikiyan müdafiə komitəsi təşkil etmək üçün tam səlahiyyət alıb bu məzmunda bir bəyaniyə yaydılar:

“Vətəndaşlar! Ortaq vətənimizin aqibətinin müəyyən edilməsi üçün uyğun zaman gəəlmişdir. Türkiyə dövlətinin bizə gətirdiyi təkliflərdən yəqin ki, xəbərdarsınız. Qafqaz xalqlarının xəbəri olmadan imzalanan Brest-Litovsk müqaviləsinin tanınmasını Türkiyə bizdən istəməkdədir. Onlar Qafqazı dünyadan təcrid edərək boğmaq istəyirlər. Silaha sarılmazsaq, türklərin qarşısında dirənə bilməyəcəyik.”29

Türkiyə qarşısında hər növ dirəniş ümidini itirən Seym aprelin 22-də fövqəladə bir toplantı keçirib, Qafqazın istiqlalını duyurmaq istədi. Çxen Keli rəisliyindəki hökümət düşünürdü ki, münasibətlər Rusiya ilə pozulmuşsa, o zaman Türkiyə ilə yaxşı münasibət qurulmalıdır. Bu zəif ümid tezliklə ümidsizliyə dönüşdü. Türkiyənin Qafqazın müstəqil olmasında başqa hədəfi var idi. Türkiyə Qafqazı Rusiyadan qopararaq Brest-Litovskdəki müqavilədən artıq imtiyaz əldə etmək istəyirdi. Türk ordusu Qafqazın giriş qapısı sayılan Qarsa yaxınlaşırdı. Seym gərgin günlər keçirirdi. Aprelin 23-də Çxen Keli Seymə xəbər vermədən Qarsı türklərə buraxdı. Çxen Kelinin bu əməli erməniləri sarsıtmışdı. Ermənilər bunu xəyanət olaraq adlandırdılar. Gürcülər Seymin rəyasətini ermənilərə buraxmaq istədiklərində ermənilər qəbul etmədilər. Çünkü ermənilər bilirdilər ki, öz torpaqlarını qorumaq fikrində olan gürcülər onlara dəstək verməyəcəklər. Digər tərəfdən isə, Qafqaz müsəlmanları səbirsizliklə türk ordusunun gəlişini bəkləməkdə idi və türk ordusu ilə işbirliyinə hazır durumdaydılar. 1918-ci il aprelin 26-da Çxen Keli Osmanlı dövlətinə teleqram göndərərək barış müzakirəsinin Batumidə yürüdülməsini istədi.






Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə