Şirvani Ədilli
MƏNİM ODLAR DİYARIM
(Şeirlər)
“Türküstan” kitabxanası
Redaktor:
Fil. e. d., prof. Nəsir Əhmədli
Ədilli Şirvani
Mənim odlar diyarım. Şeirlər. Redaktor və ön sözün müəllifi fil. e. d., pr. N. Əhmədli. Bakı, “Adiloğlu”–2011, 112 səh.
Kitabda müəllifin vətənpərvərlik, sevgi, satirik və digər mövzularda olan şeirləri toplanmışdır. Kitab bədii ədəbiyyatla maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
BAKI – “ADİLOĞLU” – 2011
Redaktordan:
Canı canan üçün sevən şair
Şirvani Ədillinin “Mənim odlar diyarım” şeirlər kitabının əlyazmasını diqqətlə oxuyub çox sevindim. İllərdən bəri beynimdə gəzdirdiyim, 1999-cu ildə iki ölkənin – Fransa ilə ABŞ-nın vətəndaşı və Milli Qəhrəman Jilber de Lafeyetə (1757-1834) həsr etdiyim “Altruist” adlı yazımda ifadə etdiyim bir keyfiyyəti gördüm onda. Heç kəsdən heç nə ummadan başqalarının qeydinə qalan, başqalarının azadlığı, xoşbəxtliyi naminə öz şəxsi, fərdi mənafeyini, var-dövlətini, lazım gələndə canını qurban verən adama altruist deyirlər. Latıncadan alınmış həmin sözü (alter – başqası) elmi ədəbiyyata məşhur fransız filosofu O. Kont (1798-1857) gətirib. Başqa əksliklərdə olduğu kimi altruizmlə eqoizmin “qızıl ortasını”, vəhdətini tapıb özündə birləşdirmək, yəni Füzulinin dediyi kimi, eyni vaxtda həm canı canan üçün, həm də cananı can üçün sevmək, sağlam canla sağlam canana qovuşmaq ideal variantdır. Bu fikri tələbə vaxtı – 60-cı illərdə yazdığım şeirlərimin birinin son bəndində belə ifadə etmişdim:
Ölüb can qurtarmaq istəmirəm mən,
Qurumuş budaqdan yerə nə kölgə?
Mən səni yaşadıb, özüm də, Vətən,
Yaşamaq istərəm səninlə birgə.
Eyni fikrə Şirvaninin “Döyüşə gedirəm” şeirində rast gəldim və fərəhləndim ki, çağdaş gənclərimiz yaşatmaq üçün yaşamaq amalındadırlar:
Mən döyüşə getmirəm fəda edəm canımı,
Mən döyüşə gedirəm məhv edəm düşmanımı.
Mən döyüşə getmirəm tabutum geri dönsün,
Məni kimsə ağlasın, kimsə yasa bürünsün.
Ölməyə qəhrəmanlıq, igidlik demərəm mən,
Hünərin var ölmədən igid, qəhrəman ol sən!
...Mən gedirəm millətin haqqın geri almağa,
Yağılar üzərində qəti zəfər çalmağa...
Şirvani “millət” deyəndə təkcə ərazisinin beşdə biri yağı tapdağında olan 9 milyonluq Quzey Azərbaucan xalqını nəzərdə tutmur, 50 milyonluq bütöv Azərbaycanı öz poetik düşüncəsinə hədəf seçir:
Oldu “Türkmənçay” Azərbaycana tarix ləkəsi,
İki əsr oldu Quzey Rusiya müstəmləkəsi,
Sonra da oldu Güney farsdan əsarət çəkəsi,
Bu Araz millətə göz dağı olan seldir axı,
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
Bütöv Azərbaycandan keçən, Məhəmməd Əmin Rəsulza-dələrin, Əli bəy Hüseynzadələrin, Əhməd Cavadların, Üzeyir Hacıbəylilərin... arzusuna qovuşan bu yol daha da genişlənərək bütün türk dünyasını ağuşuna alır:
Millət kimi artıq özünüdərk çağımızdır,
Türkük, Vətənin üç yanı namərd yağımızdır,
Dərbənddən üzü Kəngərə öz torpağımızdır,
Yadlarda qalan elləri azad edərik biz,
Yol dahilərin qoyduğu yoldur, gedərik biz!
Kitabda 100-ə yaxın müxtəlif mövzulu, müxtəlif janrlı şeir toplanıb. Mən onların bədii keyfiyyətini qiymətləndirmək istəmirəm. Qoy oxucu özü mülahizə yürütsün. Bircə onu deyim ki, Şirvaninin hər bir əsərində orijinal düşüncə tərzi, yenilik axtarışı duyulur. Şeirlərin bir hissəsi qəzəl janrındadır və burada müəllif əruz vəzni ilə heca vəzni arasında sanki bir körpü yaratmağa çalışıb. Ş. Ədillinin bu sahəyə aid “Əruz vəzninin sadələşdirilmiş qəlibləri” adlı maraqlı araşdırması da var.
Gənc dostumuza həm milli mücadilə yolunda, həm də bədii və elmi yaradıcılıqda uğurlar arzulayıram. Belə gəncləri görəndə istər-istəməz qürur hissi keçirirsən və düşünürsən ki, “Hələ yaşamağa dəyər bir az da”.
Nəsir ƏHMƏDLİ
Filologiya elmləri doktoru,
professor.
Vətənpərvərlik mövzusunda
olan şeirlər
Əziz Vətən
Əziz Vətən,
Bu ürəyim, canım kimi,
Damarımda qanım kimi
varlığıma bağlısan sən!
Əziz Vətən,
Hər an necə qərar tutar
ruh bədəndə,
Qərar tutduq biz də səndə!
Azadlığın bizim üçün
bir səadət,
Əsirliyin bizə zillət,
Yad əllərdə qalan ellər
qəlbimizdə dərin yara,
Can verərik, qan tökərik,
çıxaq xoşbəxt sabahlara!
Əziz Vətən,
Sənə olan məhəbbətim
həyatıma məna verən
hiss olubdur,
O ülvi hiss bu dünyada
mənlə birgə doğulubdur,
Mənlə birgə öləcəkdir,
Könlüm vətən sevgisiylə
ağlayacaq, güləcəkdir!
Bütöv Vətən,
Sən millətin ən böyük bir diləyisən,
Hava-su tək gərəyisən,
Bütövlüyün millət üçün şərəf-şandır,
Əsl ömür sürən insan
bu amalla yaşayandır!
Əziz Vətən, əziz Vətən,
Qəlbimizdə bütövsən sən,
Orda “Araz” adında bir
sərhəd də yox,
Ayrılıq yox, həsrət də yox,
Birdir Gəncə, Təbriz, Zəncan,
Kərkük, Bakı, Qəzvin, Tehran!
Qədim, ulu Əkbatanım,
İlk vətənim, ilk məkanım,
Bir eli də gərək anım,
Doğma, əziz Xorasanım,
Öz ünvanım,
Gündoğanım!
Yurdumun bütün elləri,
Xoyu, Dərbəndi, Kəngəri
bir olubdur, bir olacaq,
Bütöv Vətən torpağında
bir gün bütöv dövlətim də
qurulacaq!
18. 05. 2009.
Mənim Odlar diyarım
Bu elin hər daşının, torpağının türklüyü var,
Hər ağac, hər kolunun, yarpağının türklüyü var,
Suyunun, səhrasının, yaylağının türklüyü var,
Enməz, üçrəngli, böyük bayrağının türklüyü var,
Türklüyüm, bir uca milliyyətim – Odlar diyarım,
Qürurum, varlığım, heysiyyətim – Odlar diyarım!
Ulu tarix, ulu Kəngər, Alatey, Qutdu bu el,
Mərd Kiağsar, qoca Zərdüşt, Dədə Qorquddu bu el,
Odunun nuru ilə haqq yolunu tutdu bu el,
Qüdrətiylə ucalıb düşməni qorxutdu bu el,
Adı tarixdə qədimdən qədim Odlar diyarım,
Qürurum, varlığım, heysiyyətim – Odlar diyarım!
Köksü üstündə də baxma, neçə sərhəd dayanar,
Yenə gerçəkdə, ürəklərdə bütövdür bu diyar,
Lənətə gəlmiş o sərhədləri qırmaqdı qərar,
Xalqımın qırmağa güc-qüvvəsi də, haqqı da var,
Budur uğrundakı son niyyətim, Odlar diyarım,
Qürurum, varlığım, heysiyyətim – Odlar diyarım!
May, 2005.
Döyüşə gedirəm
Mən döyüşə getmirəm fəda edəm canımı,
Mən döyüşə gedirəm məhv edəm düşmanımı.
Mən döyüşə getmirəm tabutum geri dönsün,
Məni kimsə ağlasın, kimsə yasa bürünsün.
Ölməyə qəhrəmanlıq, igidlik demərəm mən,
Hünərin var ölmədən igid, qəhrəman ol sən!
Düşündürməz heç zaman döyüşdə ölmək məni,
Hər an hazır olaram öldürməyə düşməni!
Rus, ingilis, fransız – öz haqqına çatanlar,
Başqasının haqqını almağa can atanlar.
Mən gedirəm millətin haqqın geri almağa,
Yağılar üzərində qəti zəfər çalmağa!
Mən gedirəm qaytaram əsir elləri geri,
Qıram torpaq üstünə çəkilən sərhədləri!
Fevral, 2002.
Uğur marşı
Birdir bizim ellərimiz,
Dərbəndimiz, Kəngərimiz ,
Çıxıb qından xəncərimiz,
Hədəf bəlli, qərar qəti,
Uğur sənə, Türk milləti!
Var gücümüz, qüvvətimiz,
Özgəyə yox minnətimiz,
Bütövlükdür niyyətimiiz,
Budur millət şərafəti,
Hədəf bəlli, qərar qəti,
Uğur sənə, Türk milləti!
Aş Arazı, keç o taya,
Bax Təbrizə, Urmiyaya,
Gəl yenidən bu dünyaya,
Anla yenə bu hikməti,
Hədəf bəlli, qərar qəti,
Uğur sənə, Türk milləti!
Kim “böyüklük” edər bizə?
Qır sədləri, çıx Körfəzə,
Zalımları əzə-əzə
Al əbədi hürriyyəti!
Hədəf bəlli, qərar qəti,
Uğur sənə, Türk milləti!
Oktyabr, 2000.
Ay quzeydən gələn namərd
Şimal düşmənlərimizə
Ay quzeydən gələn namərd,
Qorxmursansa adımı de!
Qələmlə ad silən namərd,
Doğmamı de, yadımı de.
Ay quzeydən gələn namərd,
Məni yaxşı bilən namərd,
Məndən qorxub-silən namərd,
Axı yaxşı bilirsən sən,
Kimliyimi doğru desən
Kəsəmməzsən mənimlə şərt,
Qoyammazsan mənə sərhəd!
Desən hardan gəlir səsim,
Desən əlim çatır hara,
Sən olarsan mənə təslim,
Dağılarsan para-para!
Ay quzeydən gələn namərd,
Sözlə məni bölən namərd,
Saxta sözün, yalanların
Faş olacaq bil ki, yarın!
Tarix bir gün əsarəti
Keçmişlərə atacaqdır,
Ellər alıb hürriyyəti
Səadətə çatacaqdır!
Avqust, 2000.
Savaş
Sahibsiz olan məmləkətin batması haqdır,
Sən sahib olursan bu vətən batmayacaqdır!
M. A. Ərsoy
Millət kimi artıq özünüdərk çağımızdır,
Türkük, Vətənin üç yanı namərd yağımızdır,
Dərbənddən üzü Kəngərə öz torpağımızdır,
Yadlarda qalan elləri azad edərik biz,
Yol dahilərin qoyduğu yoldur, gedərik biz!
Bizlər sevərik xalqı, eli, milləti candan,
Öz xalqını sevməklə çatar haqqına insan,
Millətçilərik, indi bizimdir daha meydan,
Qoy hamı gəlib qüvvəmizi görsün, inansın,
Yoxdur önümüzdə elə qüvvət ki, dayansın!
Hürriyyət olar dünyada hər xalqa səadət,
Hürriyyətin uğrunda zəfərdir bizə qismət,
Bu yolda bizimlə olacaq çünki, ədalət!
Bir qovğada hansı ulusun qayəsi haqdır,
Haqqın gücünə sonda o qalib çıxacaqdır!
Aprel, 2000.
Millətçilərik biz
Nə qəsbkarıq biz, nə əsarətçilərik biz,
Müstəmləkəlikdən ki şikayətçilərik biz,
Nə saxta, riyakar, nə də bidətçilərik biz,
Meydanda ləyaqətli siyasətçilərik biz,
Sadiq sözünə, andına millətçilərik biz!
Mənfur yağılar istəyinə millət əzilməz,
Namərd qabağında axı Türk oğlu əyilməz,
Xalq olmamış azad bu savaşdan da çəkilməz,
Bir kimsə bu yoldan bizi ki, döndərə bilməz,
Çatsın səsimiz hər yana - millətçilərik biz,
Sadiq sözünə, andına, millətçilərik biz!
Yol başlamışıq vahid Azərbaycanımızçün,
Yox qorxu müqəddəs bu gedişdə canımızçün,
Heç bir vədə gəlməz ləkə Türk ad-sanımızçün,
Çıxmışsa qınından bu qılınc düşmanımızçün,
O bir daha dönməz qına, millətçilərk biz,
Sadiq sözünə, andına, millətçilərik biz!
İyun, 1999.
Bir eldir axı
Adımız Türkdü bizim, yurdumuz “Odlar”dır axı,
Ən qədimdən də qədim tariximiz vardır axı,
Xalqımız neyçün əsarətlərə düçardır axı?
Niyə bu ellərin üstündəki yad əldir axı?
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
Oldu “Türkmənçay” Azərbaycana tarix ləkəsi,
İki əsr oldu Quzey Rusiya müstəmləkəsi,
Sonra da oldu Güney farsdan əsarət çəkəsi,
Bu Araz millətə göz dağı olan seldir axı,
Zəngəzur, Göyçə, Güney,Borçalı bir eldir axı!
Eləsin satqına, xainlərə lənət yaradan,
Zəngəzur, Göyçə de, hay torpağı oldu haradan?
Bəs deyilmiş kimi millət də qovuldu oradan,
Qəlbimizdə bu dərin ağrıdı, nisgildir axı,
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
Yağılar tapdağı altındakı nakam Qarabağ,
Çəkilən dağların üstündə olub bir yeni dağ,
Qarabağsız bəs olarmı bu elin bir günü ağ?
Həsrətik biz bu əziz yurda neçə ildir axı,
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
Oldu yad ölkə yeri Borçalı tək cənnətimiz,
Orda yad ölkə vətəndaşlarıdır millətimiz,
Bir gün axır ki, yaranmazmı bütöv dövlətimiz,
Qəhrəman xalqımızın tarixi əvvəldir axı,
Zəngəzur, Göyçə, Güney, Borçalı bir eldir axı!
Yanvar, 1999.
Sevgi şeirləri
Sənli günlərim.
Sənli günlərim,
Ömrümə bir silinməz naxış,
Yada salmaq –
Əlçatmaz zirvəyə
həsrətlə baxış!
Sənli günlərim,
Demirəm qədrini
bilməmişəm mən,
Bilmişəm,
Bəlkə də daha çox
indi bildiyimdən!
Nə edə bilərdim ki?
Tutub saxlaya bilməzdim ki
mən zamanı,
Bilirdim, ötəcəkdi,
Bir xəyala dönəcəkdi
hər bir anı!
Sənli günlərim,
O günlərdə sən mənimçün
bir səadət,
Mən səninçün bir xəyaldım,
Səndən bir saf könül aldım.
O günlərin səadəti
o qədər böyükdü ki,
Sanki gerçək deyildi,
Mənimçün də bir xəyaldı,
Elə xəyal tək də qaldı!
O səadət bir xəyaldısa,
həmin xəyal indi də var,
Bəs nə yoxdur,
nədir qəlbdəki intizar?
Hər halda o günlər yoxdur –
sənli günlərim!
Bəlkə bu şeir qaytaracaq,
o günləri?
Yox, hər halda qaytarmayacaq,
Daim sızıldayacaq
həsrət yarasının yeri.
19. 04. 2010.
Varam
...yoxsan,
Sən mənim üçün
Xoş arzularsan demək,
Baharda qarsan demək,
Qışda baharsan demək.
Yoxsan,
sən mənim üçün
daha çox varsan demək...
B. Vahabzadə.
Varam!
Qışında qaram,
Yayında baram,
Varam, varam, mən varam,
Bir gerçəyəm, aşkaram!
Varam,
Hər an ürəyimdə
səni anaram,
Eşqinlə yanaram.
Varam,
Gördüyüm hər şeydə
səni bularam,
Səninlə qalaram.
Varam,
Mən sənə ömürdə
sonadək yaram,
Sənsiz bimaram!
12. 07. 2007.
Qəzəl
Heç nəyim yoxdur, cahanda bir nigarım var mənim,
Ondan ayrıysam nə səbrim, nə qərarım var mənim.
Heç nəyin çəkməz bu könlüm həsrətin bir dəm, fəqət
Yalnız o gülçün ürəkdə intizarım var mənim!
Ayrılıq həsrətlə doydurduqda aşiq könlümü
Sanki, Məcnun tək biyabandan güzarım var mənim.
Dörd fəsilnən dövr edər daim təbiət, amma bu
Gerçək eşqimlə ömürlük bir baharım var mənim.
Ey Ədilli, Tanrı bəxş etmişsə bu eşqi mənə,
Artıq aləmdə nə dərdim, nə qubarım var mənim!
06. 01. 2007.
Səadətim
Göydə bəxt ulduzu aramışam mən,
Nə bilim, sən elə göydən düşmüsən!
Qapını üzünə qapamışam mən,
Çölündə “sən” adlı səadət ikən!
Bu könlüm gör necə sevibmiş səni,
Heç kimi o qədər sevməyəcək tək,
Ağıl bu qədərmi kor imiş yəni?
Ona görünməmiş bu boyda gerçək!
Ay mənim mələk tək məsum baxışlım,
Qəlbə düşmən oldum tərk edib səni,
Ölümsə cəzası bu günahımın,
Gəl öz əllərinlə vur öldür məni!
17. 07. 2006.
Səni sevə-sevə
Səni sevə-sevə böyüyürəm mən,
Çıxıram biryolluq uşaqlığımdan,
Qorxmuram dünyada sanki, heç nədən,
Hər ağrı-acıya hazıram hər an!
Səni sevə-sevə güc alıram mən,
Dağı dağ üstünə qoyuram, inan,
Səni sevə-sevə ucalıram mən,
Qovuşur gözümdə yerlə asiman!
Səni sevə-sevə, sevə-sevə mən,
Keçirəm ömrün hər bənd-bərəsindən,
Dözürəm taleyin hər sınağına,
Çatıram ömrümün xoşbəxt çağına!
Səni sevə-sevə, sevə-sevə mən,
Sevinnəm ürəkdən, gülləm ürəkdən!
Səni sevə-sevə bil, gülüm, hər an
Qəm-kədər deyilən nə varsa, yalan!
05. 04. 2006.
Mən ağlamaq istəyirəm
Mən ağlamaq istəyirəm
sənsiz ötən günlərimi,
Sənsiz düşən axşamımı,
sənsiz gələn səhərimi,
Sənsiz olan sevincimi,
sənsiz olan kədərimi.
Mən ağlamaq istəyirəm
Sənsiz keçən hər bir anı,
Sənsiz mənə bəxş edilən
uc-bucaqsız bu dünyanı.
Mən ağlamaq istəyirəm
Sənsiz ötən
gənclik adlı xoş çağımı,
Sənsiz gülən taleyimi
sənsiz yanan ocağımı.
Mən ağlamaq istəyirəm
sənsiz baxan gözlərimi,
Sənsiz gedən ayağımı,
sənsiz düşən izlərimi
Mən ağlamaq istəyırəm!
Mən ağlamaq istəyirəm
sənsiz vuran ürəyimi,
Sənsiz guya fəth etdiyim
hər arzumu, diləyımı,
mən ağlamaq istəyırəm...
Gülüm, axı sənsiz arzu
arzu deyil,
Sənsiz dilək
dilək deyil,
Sənsiz axı bu dünyada
heç nə mənə gərək deyil!
13. 11. 2005.
Sən deyilsən
Get, daha sən
Sən deyilsən!
Get, get, daha,
məndən döndər üzünü sən,
Bir sözünlə ürəyimdə öldürmüsən,
dəfn etmisən özünü sən!
Sən əgər sən olsa idin
Bəlkə dünya
başqa dünya olacaqdı,
Bəlkə ruhum bir ölməzlik,
əbədiyyət bulacaqdı?
Necə batdın bu günaha,
Mənimçün yox oldun daha!
Bir sözünlə mən taleyin
yolunda bərk yıxılmışam,
Bu yolun toz-dumanında
sənlə birgə yox olmuşam...
01. 09. 2005.
Get, sevgilim
Get, sevgilim,
Su tək duru bir sevdadan,
Sevgi dolu bir dünyadan,
Ağrımadan,
Acımadan
bir anda əl götürdün sən.
Bir səadət qapısında
Varın olan, yoxun olan,
Sənə səndən yaxın olan
bir aşiqi itirdin sən!
Bir gerçək eşq dastanını
başlamamış bitirdin sən!
Get sevgilim,
O aşiqi bir də harda görəcəksən?
Nə küçədə, nə tinlərdə,
nə yollarda görəcəksən.
Görməsən də, bilməsən də
Yenə hər an o səninlə yaşayacaq,
Uzun ömür yollarında
Qəm yükünü səndən alıb daşıyacaq.
Görməsən də, bilməsən də
Ağlayanda göz yaşını
silən əlin mən olacam,
Dərd içində son təsəlli kəlməsini
deyən dilin mən olacam.
Görməsən də, bilməsən də
Qəmlərini sovuşduran,
Səni sənə qovuşduran,
Ümidini alışdıran,
Hey güldürüb-danışdıran
bir xoş baxış mən olacam,
Toz-dumanlı yollarına
yağan yağış mən olacam.
Bir xoş, həzin nəğmə səsi
Qəmlərini bircə anlıq unutdursa
həmin o səs mən olacam,
Həyatına məna verən
sevgi, həvəs mən olacam.
Görməsən də, bilməsən də
Tale yolun bağlananda
Rastına bir cığır çıxsa,
həmin cığır mən olacam,
Taleyində çatdığın hər
sevinc, uğur mən olacam.
Tanımadın, tanı məni,
Səni sənsiz sevə-sevə
sonda dönüb sən olacam!
29. 08. 2005.
Mənə çıx get deyən gözəl
Mənə “çıx get” deyən gözəl,
Sonra “niyə aramırsan?”
deyərək inciyən gözəl,
Sanma səni unutmuşam,
Sənsiz keçən hər günümü
ürəyimdə yas tutmuşam,
Qəlbin həsrət yanğısını
göz yaşımla soyutmuşam!
Gecə-gündüz göz yaşımı
şəlalə tək axıtmışam,
Mən xəyallar axınında
yüz yol sənə qayıtmışam,
Sanma səni unutmuşam!
Ağlamışam, ağlamışam,
çeşmələri qurutmuşam,
Ürəyimin tellərində
Qəm nəğməsi çaldırmışam,
qəm nəğməsi oxutmuşam,
Sanma səni unutmuşam,
Sanma səni unutmuşam!
Unudaram bu dünyada
hər acımı, fəryadımı,
Unudaram qəlbimdəki
hər arzumu, muradımı,
Unudaram öz adımı,
Unutmaram səni bir an,
Heç nə səni silə bilməz
bil ki, mənim yaddaşımdan!
Avqust, 2005.
Sənsiz bu dünya ki heç gəlir mənə
Sənsiz bu dünya ki heç gəlir mənə,
Sənsiz həyatımın mənası nədir?
Hər arzum, diləyim bağlıdır sənə
Mənim xoşbəxtliyim səndə, səndədir!
Tək sən ol, daha nə gərəyimdi ki?
Varlığın ömrümə yetər ki mənim,
Eşqinlə yaşayan ürəyimdi ki,
Dayansa bu ömrüm bitər ki mənim!
Gülüm, bu dünyada nədən keçsə də
Ürək heç keçərmi öz sevgisindən?
Yox, çətin bu sevda başımdan gedə,
Mənim varlığımda, özümdəsən sən!
24. 07. 2005.
Mənim biganə sevgilim
Bu könlüm gör nələr söylər
Mənim biganə sevgilim.
Səni arif bilər söylər,
Mənim biganə sevgilim.
Könül kamdan dönərmi heç,
Səmalardan enərmi heç,
Eşq atəşi sönərmi heç?
Mənim biganə sevgilim!
Qaçıb gözdən itər oldun,
Nə tez məndən gedər oldun,
Eşqdə bura qədər oldun?
Mənim biganə sevgilim!
Aramızda sədd nə boyda,
Sən o tayda, mən bu tayda,
Sən nə hayda, mən nə hayda,
Mənim biganə sevgilim!
Bildinmi “eşq” sözü nədir,
Bu həyatın özü nədir,
Seçdinmi ən düzü nədir?
Mənim biganə sevgilim!
Könül yanıb-alışacaq,
Xəyallara qarışacaq.
O kimlə söz danışacaq?
Mənim biganə sevgilim!
Sənsiz deyib-gülməz idim,
Heç özümə gəlməz idim,
Səni belə bilməz idim
Mənim biganə sevgilim!
May, 2005.
Adi bir insan tək tapmışdım səni
Adi bir insan tək tapmışdım səni,
İndi mələk kimi çıxdın əlimdən.
Yoox, yoox, sən bu eşqə saldınsa məni,
Mənlə olmasan da, yenə mənimsən!
Könül biganədir özgəyə, bil, sən,
Eşqim səmasında tək süzəsisən,
Yoox, yoox, sən adi bir insan deyilsən,
Allahın yerdəki möcüzəsisən!
Amma işlətdiyin o “yox” kəlməsi
Taleyimdə ağır qəzamdır mənim,
Bəlkə nə vaxtsa bir günah etmişəm,
Tanrıdan bu da bir cəzamdır mənim!
Bir ömür, bir həyat gedərmi hədər?
Belə qəm libası geyinməmişdim,
İtirəndə əzab çəkdiyim qədər
Heç səni tapanda sevinməmişdim!
21. 01. 2005.
Bir köhnə sevgi
Bu gün bir gözəli gördüm, qayıtdı
Bir köhnə məhəbbət, bir köhnə sevgi.
O ötən illərdən bir xoş həyatdı,
Nə qədər mehriban, nə qədər ülvi!
Aman Tanrım, on il keçməmiş sanki,
Yenə həmin gülüş, yenə həmin söz,
Qəlbim, hislərim də lap o zamankı,
Hər şey necə rəvan, hər şey necə düz.
O, həmin o idi, mən də həmin mən,
Biz dəyişməmişdik, dəyişən ildi.
Daha xoşbəxt idim o günlərimdən,
Sanki könlüm daha nakam deyildi.
O, həmin o idi, mən də həmin mən,
Kim deyər ötən gün qayıtmaz geri,
İnsanlar sağ olsa hər an yenidən
Qaytarıb yaşayar ötən günləri!
Ona solmayan bir çiçək demişdim,
Yenə solmamışdı, olsa da ana.
Mən elə bu cür də zənn eyləmişdim,
Gəlinlik nə gözəl yaraşmış ona!
07. 01. 2005.
Bir gözəl ağlar qoymuşam
Bir gözəl ağlar qoymuşam,
Daş ürəyim ağlamazmı?
O qara gözlərin ahı
Gözlərimi dağlamazmı?
O bir qızdı qəlbi kövrək,
Sanki göydən enmiş mələk,
Məni kim sevər onun tək?
Bu könlüm yas saxlamazmı?
Bir gün düşsə o dərd-sərə,
Nəzər salsa ötənlərə,
Nifrətindən vurub yerə
Şəklimi ayaqlamazmı?
Yanvar, 2004.
Bir an baxdım gül çöhrənə
Bir an baxdım gül çöhrənə,
Gözlərində məna gördüm.
Baxıb gülümsədin mənə,
Gülüşündə yenə gördüm.
Sən bir xəyal dünyasısan,
İçində bir sevda yanar,
Eşqə əsir olasısan,
Dodaq susar, dilin danar!
Dil sussa da bilərəm mən
Baxışların nələr deyər,
Könlün hər an aşiqindən
Bir ömürlük eşq istəyər!
Dekabr, 2003.
Küsən yar
Dörd günlük sükutdan sonrakı zənglə
Dəstəyi qaldıran əlinə qurban,
Səsimi eşidib tez mənə ərklə,
“Küsmüşəm” söyləyən dilinə qurban!
Səni bircə kərə küsdürüncə mən,
Yüz kərə küsərəm özüm özümdən,
Sənin tək bir yara biganə olmaq,
Bu eşq aləmində böyük bir günah!
Varmı bu qəlbimə bir özgə məlhəm,
Bircə gülüşündən, bircə sözündən?
De ki, bu dünyada doyarmı bir dəm,
Əllərim əlindən, gözüm gözündən?
09. 12. 2003.
Dostları ilə paylaş: |