RAİF QARADAĞ
NEFT FIRTINASI
Bakı – Qanun – 2009
Az2
Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди:
Мирзя Янсярли (Лямбяли)
АМЕА З.М.Бцнйадов адына Шяргшцнаслыг Институтунун елми ишчиси, Азярбайъан Йазычылар вя Журналистляр Бирликляринин цзвц
Redaktor: Namiq Məmmədov
АМЕА З.М.Бцнйадов адына Шяргшцнаслыг
Институтунун елми ишчиси
Раиф Гарадаь. Нефт фыртынасы.
Бакы, Ганун, 2009. 256 сящ.
Китабда АБШ-ын, Инэилтярянин, Алманийанын вя Русийанын (сонра ССРИ) XIX ясрин сону XX ясрин 50-ъи илляриня гядяр Орта Шяргин, Бакынын, Иранын, Ирагын, Румынийанын, Мексиканын, Панаманын вя Ъянуб-Шярги Асийа юлкяляринин нефт мянбялярини яля кечирмяк уьрунда апардыглары мцбаризяляр эениш якс олунмушдур. Бурада ясасян Рокфеллерин “Стандард Ойл” иля Детердингин “Роййал Датч-шелл Груп” нефт ширкятляринин фяаЛиййятляри даща эениш ишыгландырылмышдыр.
Ясярдя Османлы Империйасынын нефтя гурбан едилмяси факты да мАраг доьурур.
Раиф Гарадаьын бу ясяри 1969-ъу илдя Истанбулда 5-ъи дяфя няшр олунмушдур.
Az2
© QANUN, 2009
© R.Qaradağ, 2009
Ön söz
Dünyada ağla gələn hər şey maddi qaynaqlara bağlıdır. Hərb və sülh, xam maddə mənbələri üzərində və bu mənbələri yerləşdiyi sahələrin çevrəsində cərəyan edən bir çox gizli və qorxunc mücadilənin nəticəsidir. İnsanlar yaşamaq ücün güclü olmağın vacibliyini qədim dövrlərdən anlamışdilar.
Müasir dövrün böyük dövlətləri, dünənin ibtidai mübarizəsini daha geniş imkanlarla və daha ciddi üsullarla davam etdirməkdədir. Son dövrün tarixi tədqiq edilsə, bu mübarizə olduqca aydın şəkildə meydana çıxar. Son əsrlərin dərinliklərində qalan bu mübarizənin mərkəzində neft dayanır. XX əsrin başlanğıcından bəşəriyyət xam maddə qaynaqlarına sahib olmaq, dünyaya bu yolla hakimiyyət və üstünlüyünü qəbul etdirmək istəyən dövlətlərin mübarizəsinə şahid olmuşdur və bu mübarizə hələ də davam etməkdədir.
Neft, XIX əsrin sonundan başlayaraq, XX əsr boyu da bütün xam maddələrə başçılıq etməkdədir. Bu da təkzib olunmaz faktdır ki, əgər bu gün dünya texnika sahəsində bu qədər sürətlə irəliyə getmişdisə, bunun üçün neftə borcludur. Neft, insan həyatının hər sahəsində böyük təsirə malik olan xam maddədir. 1880-ci ildən bəri onun ətrafında cərəyan edən çarpışmalar neftin nə qədər böyük təsirə malik bir maddə olduğu fikrini təsdiqləyir.
Hələ də dünyada neftə sahiblik edən iki beynəlmiləl nəhəng şirkət, böyük və çox ciddi bir mübarizəni aparmaqda davam edirlər. Bu iki şirkətin apardığı mübarizə, bir-birilərinin əllərindəki neft sahələrini, nəyin bahasına olursa olsun almaq və bu yolla dünyaya hakim olmaq üçün var gücü ilə davam etməkdədir. Bu mübarizə amerikalı milyarder Con Rokfellerin qurduğu nəhəng trest-“STANDARD OYL KOMPANİ” ilə ingilis-holland birliyi olaraq fəaliyyət göstərən “ROYYAL DATÇ-ŞELL QRUP” və Rusiya arasında davam etməkdədir. Bu kitabda oxuyacağımız hər şeyin tam həqiqət olduğunu deyə bilmərik. Amma həqiqətə ən yaxın olanıdır deyə bilərik. Həqiqətən də burada təsvir olunanlar real hadisələrdir, bir xəyal məhsulu və yaxud mübaliğə deyildir.
Yazılıb ərsəyə gəlmiş bu əsərin xətasız olduğunu da deyə bilmərik. Əlbəttə, burada bir çox xətalar ola bilər. Bəlkə də böyük miqyasda nöqsanların olması da labüddür. Biz bunu bilirik və bundan qaça bilmədiyimiz üçün təəssüf duyuruq. Ancaq, buna baxmayaraq, tam əminliklə deyə bilərəm ki, 30 illik bir çalışma sonunda meydana gələn bu kitab, həqiqətə ən yaxın olanıdır. Bu kitabdakı xəta və nöqsanları bağışlayacağınızı ümid edirəm.
Raif Qaradağ
Pendik / Istanbul 18/6/1969
NEFT MÜBARİZƏSİNİN BAŞLANMASI
Qorxunc mərmilərlə hər tərəf bir anda yerindən oynadı. Top səsləri İranın mərkəzi Tehranda dalbadal gurlayır, mərmilər İran Milli Məclisinin divarlarını dəlir, damını çökdürür və ətrafı qorxunc toz-torpaq bürüyürdü.
Dalbadal gurlayan top səslərinin aləmi bürüyən gurultusu Tehranda gözlənilməyən və faciəli bir çaxnaşmanın düşməsinə səbəb olmuşdur.Tehran küçələri bu vəhşi təcavüzün sonunda cəsədlərlə dolu bir hərb meydanına çevrilmişdir.
Nə vardı, nə olurdu? Qudurğancasına davam edən və zavallı xalqı hədəf alan bu qaniçənlik nə idi? İranın paytaxtı Tehranda neftin səbəb olduğu bir iğtişaş baş vermişdir...
Çevrilişlərin qanunu yoxdur, çevriliş çevrilişdir. İçməyə qan axtarar! Və bunun üçün də baş verdiyi hər bir yerdə bir cani, qaniçən bir canavar tapar. Budur Tehranda da belə bir canavar var. Bunun adı Lyaxovdur. Bu canavar ruhlu adam İran ordusuna təlim verən rus zabitlərindən olan və haqqında çox danışılan bir polkovnikdir. Bu polkovnik İran əsgərlərinə təlim verməklə məşğul idi. O, Tehran küçələrini günahsız xalqın qanına bulayacaq xüsusi əmrlər verir, tabeliyindəki əsgərləri məsum xalqın üstünə saldırırdı...
Tehrandakı iğtişaş qısa zamanda Milli Məclisi yerlə yeksan etmiş, top mərmiləri bu möhtəşəm binada sağ bir yer qoymamışdı. Lakin Lyaxovun tabeliyindəki İran topçusu buna baxmayaraq, alov püskürən lülələri bu tarixi binanın dağıntıları üzərindən uzaqlaşdırmırdı. Bu bombardman İranın milli iftixar mənbəyi olan əsərlərin mühüm bir hissəsini yerlə yeksan etmişdi.
Tehran, tarixinin bəlkə də ən qorxunc gününü yaşayırdı. Bir rus polkovnikinin əmri altında olan iranlı əsgərlər, yad bir komandandan aldıqları əmrlərlə vətəndaşlarını, qan qardaşlarını öldürür, milli əsərlərini vəhşi bir intiqam hissi ilə məhv edirdilər...
Tehranın səmalarını topların uğultusu inlədərkən, kazak süvariləri də şəhəri darmadağın edirdilər. Polkovnik Lyaxovun başçılığı altında əsgərlər top mərmiləri ilə yerlə yeksan edilmiş Milli Məclisə gedərək, bombardmandan nə yollasa canını qurtara bilən deputatları həbs edirdilər.
Bombardmanla birlikdə şəhərdə başlayan çaxnaşma, kazak əsgərlərinin qaniçəncəsinə hücumları ilə insanın tüklərini biz-biz edən qorxunc bir mənzərə yaratmışdı. Tehran xalqı canavar bir komandirin tabeliyində olan qardaşlarından, öz əsgərlərindən qaçır, ölməmək üçün şəhəri tərk edir, dağlara sığınırdılar. Lakin hər biri canavara dönmüş əsgərlər bu biçarə xalqı yenə sağ buraxmaq istəmir, öldürür, öldürür, öldürürdülər...
1908-ci il noyabrın 26-da başlayan bu çevrilişin səbəbi nə idi? Necə olur ki, bu rus polkovniki təlim keçmək üçün tabeliyinə verilmiş iranlı əsgərlərə qan qardaşlarını öldürtdürürdü? Zahirən çevriliş mənzərəsini xatırladan bu hadisənin iç-üzü tam başqa idi. Bu çevriliş medalyonunun tərs tərəfi neft qoxurdu. Bir sözlə hər tərəfdən neftin çirkli rəngi görünürdü.
Bəli! Bu çevrilişin əsl səbəbkarı neft idi...
Neft XX əsrin ən qiymətli xam maddəsi... Dünyanın ən qüdrətli və rəqibsiz xam maddəsi halına gətirildikdən sonra, neftin çıxdığı hər bir yerdə iğtişaşlar, qətllər, hökumət çevrilişləri bir-birini əvəz etmişdir. Neftə sahib ölkələrin xalqları heç bir zaman rahat nəfəs almamışdı... İran da bu ölkələrdən biri və bəlkə də birincisi idi. Bu maddə İranda kəşf edildikdən bəri İran rahatlıq və dinclik nə olduğunu bilməmişdi. İranın son əsrlər tarixi neft üzündən meydana çıxan bir çox iğtişaşların, qətllərin və çevrilişlərin, hətta hökumət dəyişikliklərinin şahidi olmuşdur.
Bütün bu iğtişaşların, qətllərin sonunda isə minlərlə iranlı nədən öldüklərini bilmədən dünyadan köç etmiş, İranda qardaş qardaşı qırmışdı...
İranda bu səfər baş verən iğtişaş, İran tarixi üçün bir üz qarası idi. Çünki, Milli Məclisin topa tutulması, xalqın qətlə yetirilməsi əmrini polkovnik Lyaxova verən, İran şahının özü idi. Yəni bu əmr Məhəmmədəli şah tərəfindən verilmişdir.
Tehranda başlayan bu iğtişaşın səbəblərini anlamaq üçün bir az gerilərə, Nəsrəddin şahın dövrünə nəzər salmaq gərəkdi. Ancaq bu zaman İranda davam etməkdə olan ixtişaşların iç-üzü açıla bilər.
26 noyabr 1908-ci il ixtişaşı, taxta oturan türk soylu bir şahı taxtdan endirmək və yaxud hər hansı bir səbəbdən meydana gəlməmişdi. Bu ixtişaş İran torpaqları üzərində öz iqtisadi hakimiyyətini qurmaq istəyən neft sahibkarlarının əməlləri idi. İranda bu hadisələr cərəyan edərkən artıq neft cahanşümül gücə və qüdrətə malik olduğunu sübut etmiş bir maddə idi.
Əgər diqqət etsək görərik ki, 1900-cu illərdə neft bugünkü qədər məşhur bir maddə deyildi. Lakin onun gələcək uğurlarının artıq diaqnozu qoyulmuşdu. Bu diaqnoz belə idi: Neft dünyanı idarə etmək qabiliyyətinə malik bir qüvvədir.
XX əsrin adı dillərdən düşməyən ən qüdrətli maddəsi-neft... Bu gün dünyaya hakim olan maddə budur. Neft neçə dövlətləri əlində oyuncaq və alət halına gətirmişdi. Neft irili-xırdalı neçə-neçə dövlətlərə istiqlal verdiyi kimi, taxt-tac sahiblərini də qoca imperiyaları ilə bir yerdə məhv etmiş cahanşümül bir qüdrətdir. Neft bir çox dövlət və hökumət başçılarını da vaxtsız olaraq dünyadan köçürtmüşdü. Neft, dünyanın nizamını tənzimləyən başlıca qüvvədir. Bu gün müharibələr onunla aparılır... Bütün texnikanın hərəkəti onunla təmin olunur. İnsanların və mədəniyyətlərin rifah və inkişafında birinci planda yenə də neft durur.
Mədəniyyətlərin inkişafında hüdudsuz təsirlərə malik olan və həmişə birinci olan nefti əldə etmək üçün, ağıla gəlməyən qaranlıq, qarışıq və qeyri-insani yollara müraciət edilir. Nefti əldə etmək üçün nəhənglər arasında aparılan mübarizələr qorxuncdur. Neft səltənətini davam etdirmək üçün edilən təşəbbüslər, XX əsr dediyimiz və mədəni vəsfini verdiyimiz dünyamız üçün üz qızardıcıdır. Neft uğrunda mübarizədə insan dediyimiz ünsürün zərrəcə qiyməti yoxdur. Neft bugünkü möhtəşəm mövqeyini, qan dəryaları üzərində bina etmiş qorxunc bir qüvvədir! Neft uğrunda axan qanlar, neftdən möhtəşəm yeni bir qüdrət tapılmadıqca axmaqda davam edəcək və neftə sahib olmaq istəyən dövlətlər bu qorxunc mübarizədə insanları məhv etməkdə bir-birləri ilə yarışacaqlar!
İngiltərənin XX əsrdə yetişdirdiyi ən dəyərli dövlət xadimi olan Çörçill, 1936-cı ildə, İngiltərə parlamentinin aşağı palatasında neft və İngiltərənin mənfəətləri müzakirə edilərkən neftin əhəmiyyəti haqqında dediyi bu sözləri bütün dünyaya bəyan etdi: “Bir damla neft bir damla qandan daha qiymətlidir” və yenə Birinci Dünya müharibəsində Fransanı və müttəfiqlərini zəfərə çatdırmaqda böyük xidmətləri olan Klemanso Amerika prezidenti Vilsona göndərdiyi bir teleqrafda eynilə bunları yazırdı:
“Əgər müttəfiqlər müharibəni udmaq istəyirlərsə, Fransanın qana möhtac olduğu qədər neftə də möhtac olduğunu bilməlidirlər.”
Bəli...Bu misalları çoxaltmaq da olar. Lakin misalları çoxaltmaq bizi mövzudan uzaqlaşdıra bilər. Onun üçün də əsas hadisədən danışmaq daha doğru olardı. İrəlidəki səhifələrdə hadisələrin necə cərəyan etdiyini müşahidə etdikdən sonra neft haqqında daha geniş bir məlumata sahib olacağıq.
Biz burada neftin necə çıxarıldığını, necə emal edilib dünya bazarına çıxarıldığını tədqiq etməyəcəyik. Sadəcə, neftin dünya siyasətinə necə hakim olduğunu, bu hakimiyyət uğrunda aparılmış mübarizələri göstərməyə çalışacağıq. Bu əsərdə nəhəng şirkətlərin – “Standard Oyl” ilə “Royyal Datç-Şell Qrup”un bazar əldə etmək üçün necə mübarizə apardıqlarını nəzərinizə çatdıracağıq. Biz bu əsərdə Rusiyanın, İngiltərənin, Amerikanın, Almaniyanın, Fransanın siyasətinə hakim olan neftin təsbit və təsvirinə çalışacağıq. Biz bu nəhənglər mübarizəsinin sonunda dövlətlərin necə darmadağın olduğunun, dünya xəritəsinin yenidən necə tənzimləndiyinin şahidi olacağıq. Oxucu bu yazıları oxuyarkən, dünyanı idarə edənlərin kimlər olduğunu bütün çılpaqlığı ilə anlayacaq və hökm çıxaracaqdır.
Oxuyacaqlarınız heç də bir xəyal məhsulu deyildir. Yaşanmış və yaşanmaqda olan bu mübarizənin insafsız, mərhəmətsiz səhifələrindən ibarətdir.
BİR ÖLKƏ BAŞÇISININ ÖLDÜRÜLMƏSİ
1920-ci ildə Amerika Birləşmiş Ştatlarında Respublikaçılar Partiyası iqtidarda idi. İqtidar partiyasının sədri isə ölkə siyasətini çox gözəl bilən Hardinq idi. Neft işlərindən bir az başı çıxanlar Respublikaçılar Partiyasının seçkilərdəki məsrəflərinin Rokfellerin qurduğu nəhəng neft şirkəti olan “Standard Oyl” tərəfindən ödənildiyini bilirlər. “Standard Oyl” bu baxımdan Amerikanın daxili və xarici siyasətində böyük nüfuza malik idi. 1920-ci illərdə isə bu şirkət, Amerikanın daxili və xarici siyasətini tamamilə əlində saxlayıb, öz mənafeyi istiqamətinə yönəldirdi... Seçkilərdə “Standard Oyl”un dəstəklədiyi Respublikaçılar Partiyasının namizədi Hardinq, prezident olar olmaz, ilk işi bu şirkətin idarəçilərindən olan Huqheusu xarici işlər üzrə müşavir təyin etmək oldu. Bu təyinat ilə “Standard Oyl” Amerikanın xarici siyasətində söz sahibliyi əldə etdi. O illərdə Amerika Birləşmiş Ştatlarının Ağ Evdən deyil, “Standard Oyl”dan idarə edildiyini söyləsək, zənn edirik ki, o qədər də böyük mübaliğəyə yol vermərik.
“Standard Oyl” prezident Hardinqin yaşadığı 1923-cü ilə qədər Amerika Birləşmiş Ştatlarında hakimi mütləq və Hardinq də, bu şirkətin icraedici aləti rolunu oynadı. Almanya tərəfindən Birinci Dünya müharibəsinə girməyə məcbur edilən və məşhur Monro doktirinasını tərk edən Amerika Birləşmiş Ştatları, dünya siyasətində təsirli bir ünsür, qüvvətli-qüdrətli bir dövlət olmaq istəyirdi. Lakin “Standard Oyl”un öz neft mənfəətləri istiqamətində etdiyi müdaxilələr buna mane olurdu. Bu müdaxilələr, Amerika xarici siyasətinin zəifləməsinə, hədəfdən uzaqlaşmasına, dolayısı ilə prezident Hardinqin reytinqdən düşməsinə səbəb olurdu. Nəhayət, elə bir an gəldi ki, Hardinq “Standard Oyl”un müdaxilələrinə əhəmiyyət vermədi və başqa sözlə desək bu nəhəng şirkətə arxasını çevirdi. Və...bu andan etibarən, amerikalı prezident Hardinq öz taleyini yalnız özü təyin etmiş oldu.
“Standard Oyl” böyük vəsait hesabına iqtidara gətirdiyi bir şəxsin birdən- birə ondan üz çevirməsinə və dünya neft siyasətindəki mövqeyindən uzaqlaşdırılmasına göz yummaq niyyətində deyildi. Hardinqə təzyiqlər başlandı. Lakin prezident özünü bütün təzyiqlərə qarşı qoymuşdur. Lakin artıq çox gec idi. O qədər gec idi ki, başına gələcəkləri dəyişdirmək üçün edə biləcəyi heç bir şey qalmamışdır.
“Standard Oyl” Amerika Birləşmiş Ştatlarının əsas güc strukturlarına yerləşdirdiyi adamlara tamamən hakim idi. Prezident Hardinq “Standard Oyl”u dünya neft inhisarçılığına aparan yolda ya dəstəkləyəcək, Amerika dövlətinin ordusunu, donanmasını, hava qüvvələrini bu şirkətin siyasətinə yardımçı edəcək və yaxud da taleyinə boyun əyəcəkdi.
Prezident Hardinq, “Standard Oyl” dan gələn əvvəl mülayim, sonra isə hədələyici təklifləri Amerika Birləşmiş Ştatlarının mənfəətlərinə zidd olduğu üçün rədd etmişdi. Bu arada edilən bütün cəhdlər nəticəsiz qaldı. Hardinq “Standard Oyl” a qarşı son sözünü söyləmişdi: Artıq neft inhisarçılarına xidmət etməyəcəkdir. Prezident Hardinqi belə bir manevr etməyə sövq edən səbəblərin kökündə nəyin dayandığını müəyyən etmək mümkün deyildir. Lakin “Standard Oyl” un prezidentə etdiyi müdaxilələri və təzyiqləri də nəzərdən qaçırmamalıyıq. Hər nə olursa olsun, Hardinqin qərarının və bu qərarın icrası zamanı aparacağı mübarizəsinin ona çox baha başa gələcəyi də bir həqiqət idi. Lakin, bu mübarizənin sonunda Hardinq artıq məğlub olmuş, həyatını itirmişdi. Prezident Hardinq, şirkətə müqavimət göstərmək qərarını verdikdən, “Standard Oyl”a arxa çevirdikdən sonra Amerikanın daxili və xarici siyasətində əsaslı dəyişikliklər etdi.
Hardinqin yeni siyasəti, İngiltərə və Avropa dövlətləri ilə dostcasına münasibətlər qurmaqdan ibarət idi. O İngiltərə ilə ixtilafa səbəb ola biləcək məsələlərdə çox diqqətli və həssas davranırdı. “Standard Oyl” prezidentin yeni siyasəti qarşısında dünya neft hakimiyyətinin əldən çıxdığını görüncə, prezidentə qarşı olduqca sərt, lakin gizli bir mübarizəyə qərar verdi. “Standard Oyl”un başladığı bu mübarizə həqiqətən də çox qorxunc idi. Prezidentin əleyhinə başladılan mətbuat davası xalqın Hardinq haqqındakı müsbət yönlü fikirlərinin dəyişməsinə səbəb oldu. Hardinq, sanki hər tərəfdən çevrə içinə alınmışdır. Etimad etdiyi, güvəndiyi insanlar getdikcə onun ətrafından çəkilirdilər. Onun öz sözləri ilə desək ətrafını bir xəyanət şəbəkəsi sarımışdı. Amerika prezidenti o hala gəlmişdi ki, ətrafındakı insanlardan sıxılır, onlardan qaçır, hamıdan gizli xəlvət bir guşəyə çəkilmək istəyirdi. İş o yerə gəlib çatdı ki, Amerika Birləşmiş Ştatlarının birinci şəxsi Vaşinqtonu bir müddət üçün tərk etməyə və bütün bu təzyiqlərdən, ətrafındakı düşmən hesab etdiyi insan çevrəsindən qurtulmaq üçün heç kimsəyə xəbər vermədən uzaqlaşmağa, heç olmasa bir müddət dincəlməyə qərar verdi. Prezidentin getdiyi yeri hələ heç kimsə bilmirdi. Təbii ki, bir neçə yaxını istisna olunmaqla. Bir neçə yaxınından biri “Standard Oyl”un icraedici şəxslərindən birisi olan Dauqhtery idi. Prezident Amerika Birləşmiş Ştatların şimalına istirahət etməyə getmişdir. Lakin bu gediş onun sonu oldu. Prezidentin yeri öyrənildikdən bir-iki gün sonra, Amerikadakı xəbər agentliklərinin və qəzetlərin telefonları dayanmadan çalır, teleqraflar dünyanın ən uzaq məmləkətlərinə məşum bur xəbəri çatdırırdı. Bu xəbər, Amerika prezidenti Hardinqin ölüm xəbəri idi.
Prezident nədən ölmüşdür? Gerçək əcəlin önündən heç kimsə qaça bilməz. Lakin bu vaxtsız ölüm də normal qəbul edilə bilməz. Agentliklər və qəzetlər Hardinqin ani ölümünə zəhərli bir böcək dişləməsinin səbəb olduğunu rəsmi olaraq bildirsələr də, ölüm anında prezidentin yanında “Standard Oyl” neft şirkətinin məsul şəxslərindən biri olan Dauqhterynin olması, bir çox dedi-qodulara yol açmışdır. Bu ittihamlar qarşısında isə Dauqhtery susmağa üstünlük verirdi. Lakin bu vaxt susmayan və səsini dünyaya yayan birisi də vardı. Bu, şübhəsiz ki, prezidentin arvadı idi. O, ittiham edirdi. Həqiqətən də xanım Hardinq keçirtdiyi bir mətbuat konfransında prezidentin bir zəhərli böcək ucbatından öldüyünü kədərli şəkildə bəyan edən rəsmi mənbələrin bəyanatını qəti şəkildə rədd etmişdi. Xanım Hardinq bununla kifayətlənməmiş, aləmi vəlvələyə salan bir ittihamla da çıxış etmişdi. Bu ittihama görə, əri zəhərli bir böcək tərəfindən zəhərlənib ölməmiş, boyun əymək istəmədiyi bir neçə şirkət tərəfindən zəhərləndirilib öldürülmüşdür. Bu iddia çox qorxunc idi. Görəsən prezidentin arvadı hansı şirkətlərdən bəhs edirdi? Açıq aydın olmasa da Hardinqin arvadının üstüörtülü şəkildə ittiham etdiyi müəssisə ərinə prezidentlik qapılarını açan şirkət, yəni “Standard Oyl” idi.
Lakin qəribədir ki, ortaya atılan bu iddiaya və ölənin Amerika Birləşmiş Ştatlarının prezidenti olmasına baxmayaraq, heç bir tədbir görülmədi. Rəsmi strukturlar, Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi sanki bu ittihamı eşitmədi və heç bir reaksiya vermədi. Bununla da, neft uğrunda ölən milyonların sırasına bir prezident də əlavə olundu.
“ROYYAL DATÇ – ŞELL QRUP”
NECƏ QURULDU?
Neft ətrafında cərəyan edən bu qorxunc mübarizə zaman-zaman İngiltərə ilə Rusiyanı, Almaniyanı, Amerikanı qarşı qarşıya qoymuşdur. Lakin bu mübarizədə İngiltərənin daimi rəqibi Amerika Birləşmiş Ştatları idi.
Bugünkü İngiltərə İmperiyası əgər bu gün bir neft imperiyası olaraq qəbul edilirsə, ingilislər bunun üçün İndoneziyada vəzifə borcunu yerinə yetirərkən dərin zəkası və bəxtinin köməkliyi ilə “Royyal Datç” (sonradan “Royyal Datç-Şell Qrup” adını aldı) neftçıxartma şirkətinin başına keçən ser Henri Vilhelm Aqustus Deterdinq adlı bir yəhudiyə borcludur.
Bu adam Hollandiyanın mərkəzi Amsterdam şəhərində sadə bir yəhudi ailəsində anadan olmuşdur. Ailənin maddi durumunun o qədər də yaxşı olmaması Deterdinqin mütəmadi olaraq təhsil almasına mane olurdu. Bütün təhsili Hollandiyada kasıb ailələr üçün açılmış olan milli məktəblərdən öyrəndiklərindən ibarət idi. 1874-cü ildə, hələ uşaq ikən işləmək məcburiyyətində qalmışdı. Bu vaxt Amsterdamda fəaliyyət göstərən “Tvensch Bank Wereening”in keçirtdiyi müsabiqədə iştirak etdi və bu müsabiqəni asanlıqla qazandı. Deterdinq ilk iş fəaliyyətinə belə başladı. Deterdinq ayda 20 florin maaşla işə başladığı “Tvensch Bank Wereening”də çalışqanlığı və kəskin zəkası ilə fərqləndi. 1888-ci ilə qədər bu bankda çalışan Deterdinq, eyni ildə Hollandiyanın ən böyük və ən mühüm bankı olan “Handel Matschappy Bank”ın elan etdiyi müsabiqədə iştirak etdi. Fitri zəkası və çalışqanlığı ilə gənc Deterdinq müsabiqədən keçərək işə başladı və çalışqanlığı ilə dərhal rəislərinin nəzər-diqqətini cəlb etdi. Onu, hələ 23 yaşında ikən bankın mühüm şöbələrindən biri olan Sumatraya müdir təyin etdilər. Burada işə başlayan Deterdinq çalışqanlığı ilə orada da fərqləndi. Bu arada, o, Sumatrada neft axtaran “Royyal Datç Şirkəti”nin İdarə Heyətinin sədri Kesslerin nəzəri diqqətini cəlb etdi. Kessler ona öz şirkətində vəzifə təklif etdi. Deterdinq düşünmədən bu vəzifəni qəbul edərək, “Royyal Datç Şirkəti”ndə çalışmağa başladı. Elə bu tarixdən də Deterdinqin taleyi dəyişdi. Təbii ki, elə bu vaxt ingilis-holland işbirliyi halında çalışan neft şirkətlərinin də taleyi dəyişdi. Deterdinq 1892-ci ildə “Royyal Datç Şirkəti”nin Sumatra Baş müfəttişliyinə təyin edildi. Bu təyinat, özü üçün də, şirkətin irəliləməsi üçün də mühüm bir addım idi. 1892-ci ildən 1897-ci ilə qədər Sumatra Baş müfəttişi vəzifəsində olan Deterdinq, şirkətin Sonda adalarındakı şöbəsinə müdir təyin edildi.
Deterdinq Penanqdakı idarəsində çalışarkən, “Royyal Datç Şirkəti”nin İdarə Heyətinin sədri Kessler onunla görüşmək üçün qəflətən Penanqa gəldi. “Royyal Datç Şirkəti”nin və ingilis-holland birliyinin gələcək taleyində, daha dəqiq desək, ingilis neft imperiyasının meydana gəlməsində mühüm bir rol oynayan bu görüşdə nələrin danışıldığını dəqiq bilmirik. Lakin bununla bərabər, Kesslerin Penanqdan mühüm qərarla ayrıldığına şübhə yoxdur. Bütün bunlara baxmayaraq, Deterdinq ilə Kessler arasında, bir neft şirkətinin kiçik bir idarəsində cərəyan edən bu görüşün keçirildiyi anda “Royyal Datç Şirkəti”nin kassaları bom-boşdu və şirkət iflasa uğramaq qarşısında idi.
Kessler şirkətin gələcək durumu ilə bağlı tamamilə ümidsiz idi. Bir neçə dəfə şirkəti bağlamağı da düşünmüşdü. Lakin hər dəfə də bu fikirdən vaz keçmişdi. Kessler məhz elə bu böhranlı zamanda Penanqa Deterdinqi görməyə getdi. Bu görüşün üstündən qısa bir müddət keçdikdən sonra şirkət Deterdinqin tövsiyəsi ilə ciddi fəaliyyətə başladı. Bu çox cəsarətli bir addım idi və şirkət hər cür çətinliyi göz altına alaraq, şirkətin 500.000 florilik aksiyasını bazara çıxartdı. Elə bu vaxt şirkətin Sonda adalarında apardığı qazma işlərindən müsbət nəticə əldə edildi. Neft yataqları tapılmışdır, özü də ki, çox zəngin bir neft yataqları. Neftin tapılması xəbəri bir anda hər şeyi dəyişdirdi. Artıq pis və böhranlı günlər geridə qalmışdı. İxrac edilən aksiyalar sürətlə satıldı. Şirkətin taleyi dəyişmişdi. Tapılan neft üzündən şirkət 8% qazanc əldə etdi. Şirkətin aksiyalarının qiymətinin yüksəlməsi neftin çox yaxşı satılmasına və şirkətin kassalarının pulla dolmasına səbəb olurdu.Elə bu vaxt şirkətin İdarə Heyətinin sədri Kessler birdən-birə xəstələndi və bir müddət sonra vəfat etdi. Əgər bu ölüm bir neçə ay əvvəl olsaydı, şirkət mütləq iflasa uğrayardı. Lakin indi belə bir təhlükə gözlənilmirdi. Çünki şirkətin kassaları dop-dolu idi və hər gün də bu qazanc artmaqda davam edirdi.
Kesslerin vəsiyyətnaməsi açıldiğı zaman, hər kəs, bütün hissədarlar heyrət içində qaldılar. Kessler öz vəsiyyətnaməsində onun yerinə keçəcək adamın Deterdinq olmasını istəyirdi. Buna baxmayaraq, İdarə Heyəti buna o qədər də asanlıqla qərar vermədi. Uzun və mübahisəli müzakirələrdən sonra, nəhayət Kesslerin vəsiyyətinin yerinə yetirilməsinə qərar verildi. Beləcə, Deterdinq ingilis-holland sərmayəsi ilə meydana gəlmiş “Royyal-Datç” neft şirkətinin İdarə Heyətinin sədri oldu. Deterdinq yeni vəzifəsini təhvil alanda, şirkətin kassalarında beş milyon florin vardı. Bu pul ilə çox işlər qurula biləcəyini bilən Deterdinq, böyük bir layihə tərtib etmək qərarına gəldi. Deterdinqin xəyalında qurduğu və tətbiqinə qərar verdiyi layihə doğrudan da böyük bir plan idi. Əgər şirkət bu layihənin tətbiqinə müvəffəq olmasa, iflas edəcəkdi. Lakin Deterdinq hesabları ən incə təfərrüatına qədər müəyyən etmiş, müvəffəqiyyətsizlik ehtimallarını heçə endirdikdən sonra buna qərar vermişdi. Deterdinqin düşündüyü bu nəhəng planın əsasını bu günə qədər dünya neft hakimiyyətini əlində saxlayan və bu hakimiyyəti əlindən qaçırmamaq üçün bütün imkanlarını səfərbər etmiş Amerikanın “Standard Oyl” neft tresti ilə Uzaq Şərq bazarlarında mübarizə təşkil edirdi. Deterdinq bu mübarizədə mütləq udacağına inanırdı. Doğrudan da o, bu mübarizədən qalib çıxdı və “Standard Oyl” neft trestini iflasa uğratdı. Deterdinqin bu planı iqtisadi sahədə bir hərb planı idi.
Deterdinq bu gücü haradan tapmışdı? Onu bu mübarizəyə sövq edən səbəb nə idi? Bu mübarizəni “Standard Oyl” trestinə qarşı necə aparacaq? Uğura necə çatacaqdı? Bütün bu suallar İdarə Heyətinin və şirkətə pul yatırtmış bir çoxlarının yuxusunu qaçırmışdı. Bir çoxları bu nəhəng layihənin tətbiqi zamanı şirkətin iflasa uğrayacağını açıqca söyləyirdilər. Lakin bütün bu təzyiqlərə, tənqidlərə və narahatlıqlara baxmayaraq, Deterdinq özünü çox soyuqqanlı aparır və onlara belə bir təminat verirdi: “Mübarizədə mütləq qalib gələcəyik”.
Deterdinqi bu mübarizəyə sövq edən amilin ingilis sərmayəsi olduğuna heç bir şübhə yox idi. Çünki o, ingilis banklarının Orta və Uzaq Şərqə qoyduqları sərmayənin miqdarını bilirdi. Sonra Deterdinq bu müəssisələrlə ayrı-ayrılıqda, müxtəlif şəkillərdə və müxtəlif zamanlarda təmas qurmuş, onların dəstəyini qazanmışdı. İngilislərin bir imperiya qurmaq mübarizəsi apardıqlarını Deterdinq çox gözəl bilirdi. O bütün bunları bildiyi üçün də mübarizəyə qərar vermişdi. Deterdinq bilirdi ki, ingilislər onu xüsusilə, İngiltərənin mənafeyi üçün yalqız buraxmayacaqlar. Deterdinq həqiqətən də doğru düşünürdü. Həqiqətən də irəlidə görüləcəyi kimi, ingilislər ən ümidsiz hallarda belə bu bölgələrə pul yatırtmaqdan vaz keçməmişlər.
Deterdinqi bu mübarizəyə sövq edən səbəblərdən birisi ingilis lirəsi olduğu qədər ikinci səbəb əlində olan zəngin neft yataqlarından çıxarılan neftin ən böyük alıcısı olan Çin bazarları idi. Bəli, bu ikinci səbəb Deterdinqi mübarizəyə sövq edən amillərdən birisi və ən qüvvətlisi idi.
Sonradan Ser adını alacaq və Əlahəzrət İngiltərə Kralı və Böyük Britaniya İmperiyasının Girdə Nışanını daşıyacaq olan bu adamı mübarizəyə sövq edən ən mühüm iki amili müəyyən etdikdən sonra hadisəni beləcə nəql edə bilərik.
İNGİLİS TİCARƏT İMPERİYASI
İngiltərə kraliça Viktoria dövründən böyük bir həşəmətlə və qüdrətlə dünya dənizlərinə hakim idi. Bu hakimiyyət yeni müstəmləkələr zəbt etmişdi. Bu müstəmləkələr sayəsində isə dünyanın dörd bir tərəfindən toplanan var-dövlət ingilis adacıqlarına axırdı. İnsan ağlını başdan çıxaracaq bu zənginliklər içərisində İngiltərə imperiyanın təməlinin sağlam və prinsipial nəsillər tərəfindən bina edilməsini istəyir və bunun üçün də həssaslıqla çalışırdı. İngilislər çox gözəl bilirdilər ki, dənizlərə hakim olan millətlər dünyaya da hakim olurlar. Bu üstünlüyü və dünya hakimiyyətini əllərindən qaçırmamaq üçün nə mümkünsə etməyi, səhlənkarlığı, başısoyuqluğu onların apardığı siyasətə uyğun olmayan bir prinsip olaraq qəbul etmişlər. Beləcə bu prinsipin işığı altında ingilislər, admiral Nelsonun Trafalqardan bəri yenilməz olan donanmasının qüdrət və bəsirətini bu gün də göstərə bilərdilər.
İctimai əsaslara görə mühafizəkarların başında həmişə bir şəxsiyyətin durmasına baxmayaraq, ingilislər, dünyadakı hər yeniliyi və irəli addımı böyük bir həssaslıqla izləyirdilər. Onlar yenilikləri qəbul etməkdə bir an belə tərəddüd göstərmirdilər. Edilən kəşflərə xüsusi maraq göstərir və bütün yenilikləri əldə edirdilər.
İngilislər bu yeniliklər çərçivəsində XIX əsrin ikinci yarısından etibarən neft ilə çox yaxından maraqlanmağa başladılar. Galisiyanın, Çexoslovakiyanın, Rumıniyanın, Osmanlı İmperiyasının, İranın neft sahələri onların hədəfləri sırasında idi. Çünki ingilislər neftin cahanşümül əhəmiyyətini hələ o vaxtdan görmüşlər və buna görə də tədbirlər hazırlamışlar. İngilislər dünyadakı neft sahələrini ələ keçirmək üçün yeni siyasi xətt götürdükləri və özlərini neft mübarizəsinin içərisinə atdıqları vaxt Amerikada “Standard Oyl”un qurucusu Rokfeller nefti kiçik şüşələrə tökdürərək revmatizm dərmanı kimi Amerikanın hər tərəfinə göndərərək satdırmağa çalışırdı. Rokfeller hələ neftin həqiqi qüdrətini o qədər də anlamırdı. 1860-cı illərdə cərəyan edən bu “Revmatizm dərmanı” satışı, Rokfellerin qüvvətlənməsinə və Amerikadakı neft sahələrinə əl atmasına imkan verdi. XIX əsrin sonlarına doğru ingilislər ilə amerikalılar neft sahəsində qarşı-qarşıya gəldilər və beləcə o tarixdən bəri də dünya öz müqəddəratını neft sahibkarlarının əlinə təslim etdi.
Ancaq Rokfeller neft bazarına ingilislərdən daha əvvəl girməklə öz gücünü göstərdi və dünya miqyasında bir “Neft İmperiyası” qurmağa müvəffəq oldu.
İNGİLİSLƏR VƏ AMERİKALILAR
QARŞI-QARŞIYA
XIX əsrin sonundan etibarən ingilislər ilə amerikalılar neft bazarında faktiki olaraq qarşı qarşıya gəldilər. Rokfeller, əvvəlcə, Uzaq Şərqdə özünə rəqib olan ingilis-holland birliyi “Royyal-Datç” şirkətinin müvəffəqiyyətini gördükdən sonra, mübarizəni daha ciddi şəkildə davam etdirməyə qərar verdi. Mübarizə Çin torpaqlarında başladı. Deterdinq, Çini bir “Amerika bazarı” olmaqdan çıxartmaq və bir qitə böyüklüyündəki bu dövləti “ingilis bazarı” halına gətirmək üçün durmadan çalışırdı. Hər iki şirkət “Çin bazarı” üçün ölçüyə gəlməz bir mübarizəyə başladı.
Rokfeller, əlində olan 900 milyon dollar ilə 5 milyon florin sərmayəli “Royyal-Datç” şirkətini, necə də olsa məğlub edəcəyini düşünürdü. Lakin onun nəzərə almadığı nöqtə, Sumatranın Amerikaya nəzərən Çin bazarlarına daha yaxın olması idi. Bu səbəbdən də nəticə onun düşündüyü kimi alınmadı. Deterdinq, Çin bazarına yaxın olan neft sahələrindən əldə etdiyi nefti çox ucuz qiymətə satır, “Standard Oyl” isə Amerikadan nəql etdiyi neftini nəql etmə xərcini də əlavə etdikdə “Royyal-Datç”ın satdığı qiymətə verə bilmirdi. Yəni, arada bir qiymət fərqi vardır və bu fərq ilk andan etibarən təşəbbüsü ingilislərin əlinə vermişdi. Amerikalılar bu durumda ingilislərlə rəqabət apara bilmirdilər və hər keçən gün “Standard Oyl”un satışları bu böyük Çin bazarında aşağı düşürdü.
Rokfeller, müşkül durumda qalmışdı və o dövrün 450 milyonluq Çin bazarının əlindən çıxması ilə razılaşa bilmirdi. Rokfeller artıq ingilislərə qarşı qiymət rəqabətində uduzmağa başlamışdı. Elə zamanlar olurdu ki, o nefti ziyanına satırdı. Lakin yenə də nəticə əldə edə bilmirdi. İngilislər bu mübarizə üçün hər şeyi səfərbər etmişdilər. Çində yerləşmiş olan missionerlər bu mübarizədə ingilisləri böyük səylə dəstəkləyirdilər və Rokfellerin bu mübarizəni uduzmasında böyük rol oynayırdılar. Çin bazarı əldən çıxmışdı və belə bir nəticənin alınmasında ingilis diplomatları da birinci dərəcəli rol oynamışdılar. İngiltərə, mübarizənin qazanılması üçün öz diplomatlarını səfərbər etmişdi. Hollandiyanın Xarici İşlər Nazirliyi də bu arada boş dayanmamışdı. O da bütün imkanlarını səfərbər edərək bu mübarizədə İngiltərəyə kömək edirdi.
Rokfeller, qiymət rəqabətinin nəticə vermədiyini görüncə, Çin bazarlarında yeni bir üsul tətbiq etməyə başladı. “Standart Oyl”dan alınacaq hər litr mazuta qarşılıq əvəz olaraq bir lampa verdi və beləcə də əvvəlcədən itirdiyi milyonlarına yenilərini əlavə etdi.
Rokfellerin bu mübarizə tərzi “Royyal-Datç”ın İdarə Heyətinin üzvlərini çox pis qorxutdu. Onlar, şirkətin belə bir mübarizəyə davam gətirməyəcəyini, məğlub olaraq iflasa uğrayacağını zənn edirdilər. Məhz elə bu səbəb, Deterdinqi İdarə Heyətinin fövqəladə iclasını çağırmasına məcbur etdi. Şirkət içərisindəki ab-hava onsuz da gərgin idi. İdarə Heyətinin üzvləri Deterdinqi tənqid etməkdən çəkinmirdilər. Onların iddiasına görə, şirkət, əlindəki sərmayə ilə mübarizəyə davam edə bilməzdi. Mübarizə dərhal dayandırılmalı idi. Hətta Deterdinqi təhdid etdilər. Onlar Deterdinqə mübarizəni dayandırmadığı təqdirdə dərhal ümumi heyətin toplantıya çağırmasını və şirkətin məhvinə gedilməməsini qəti bir şəkildə təklif etdilər. Lakin Deterdinq, bütün bu qışqırıqlara, təzyiqlərə qulaq asmadı. İdarə Heyəti üzvlərinin təhqiredici sözlərinə təmkin nümayiş edirdi və sonunda qazandı.
Deterdinq, İdarə Heyəti üzvlərinə mübarizənin onların qazanacağına çox az qaldığını, müvəffəqiyyətin əldə tutulacaq bir yaxınlıqda olduğu halda mübarizəni dayandırmağın təhlükəli olduğunu onlara anlatdı...Onlar da onun bu izahatını anlayaraq, Deterdinqin fikirlərini qəbul etdilər. Deterdinq, mübarizəni qazandı. Bundan sonra ona yalnız bütün gücü ilə Rokfellerə qarşı başladığı mübarizəni davam etdirmək qalırdı. Deterdinq belə də eylədi və bütün imkanlarını ortaya qoyaraq Rokfellerin üzərinə getdi. Bu elə bir yürüş idi ki, neft tarixi bəlkə də bir daha beləsinə şahid olmayacaqdır. Çox ucuz qiymətə neft satdı. Buna satdı da deyilə bilinməz, payladı! Bəli, havayı payladı.
Bu qızğın mübarizənin sonunda Deterdinq Rokfelleri yerə vurdu. Bu mübarizə “Standard Oyl” neft trestinə milyonlarla dollara başa gəldi. Buna baxmayaraq, müəyyən bir zaman üçün mübarizədən vaz keçdi və Çin bazarlarındakı yerini Deterdinqə verdi.
Artıq “Royyal-Datç” Uzaq Şərqin neft bazarının tam hakimi oldu.
“Royyal Datç” Rokfeller ilə apardığı mübarizədə itirdiyi florinlərini geri almaq üçün neftin qiymətini bir qədər yuxarı qaldırdı və düşdüyü ziyanları beləcə çox qısa zaman içərisində kompensasiya etdi. Bundan sonra Deterdinq Orta Şərqdə tapılmış neft yataqlarının istismarını və satışını ələ keçirmək üçün müəyyən addımlar atmağı planlaşdırmağa başladı.
“ROYYAL – DATÇ” ORTA ŞƏRQDƏ
Deterdinq Uzaq Şərqdəki müvəffəqiyyətindən sonra Orta Şərqə əl atdı. Tale bu adamın üzünə gülürdü. Hər girdiyi mübarizədən qalib çıxır və sərmayəsi artdıqca başqa neft sahələrinə əl atırdı.
Deterdinq bu mübarizəni davam etdirərək dünyanın digər yerlərində neft çıxartmaq üçün yeni-yeni səlahiyyətlər alır və durmadan çalışırdı. 1900-cü illərə doğru, Deterdinqi Londonda gələcək Britaniya Neft İmperiyası müqaviləsini imzalayarkən görürük.
Deterdinqin yeni neft ortağı özü kimi yəhudi olan lord Berstid, yəni Marküs Samuel idi.
Deterdinq bu anlaşmanı imzaladığı gün, “Royyal Datç”ın əlində 8 milyon florin, hal-hazırda neft verən sahələrlə bərabər bir çox xam neft torpaqları da var idi. O vaxt isə, Rokfellerin sərmayəsi 1,5 milyard dollara yaxın idi.
Deterdinq Samuel Marküs ilə olan müqaviləni o zaman üçün çox dahiyanə sayılan bir ideyasını gerçəkləşdirmək üçün bağlamışdı. Marküs Samuelin bir dəniz nəqliyyat şirkəti və bir neçə nəqliyyat gəmisi var idi. Deterdinqin ortaq olduğu firma “Şell Transport and Trading Co” idi. Marküs Samuel bu nəqliyyat gəmiləri ilə Uzaq Şərqə səfərlər edir və oranın zəngin sərvətlərini İngiltərə və Avropa bazarlarına nəql edirdi. Deterding müqaviləni məhz bu gəmilərdən istifadə etmək üçün imzalamışdır.
Marküs Samuelin gəmiləri artıq ticarət malı əvəzinə neft daşıyacaqdır. Bundan sonra iki yəhudi qurduqları bu imperiyanı Əlahəzrət İngiltərə kralı və Britaniya imperatoruna hədiyyə edəcəkdilər. Bu imperiyanın yeni adı isə, İngilis Neft İmperiyası idi.
İki yəhudinin birləşməsi ilə meydana gələn şirkətin yeni adı isə “Royyal Datç – Şell” oldu.
Deterdinq bu anlaşmadan sonra özünü qüvvətli hiss etməyə başlamışdı. Bunda da haqlı idi. Təkbaşına mübarizə apardığı anlarda belə o öz qüvvəsini sübut etməyi bacarmışdı. İndi daha da qüvvətli olduğu anlarda aparacağı mübarizələri əlbəttə ki, qazanacaqdır. Artıq Rokfellerdən heç bir qorxusu qalmamışdı. Beləcə bu nöqtədən hərəkət etməyə başlayan Deterdinq Rokfeller qrupu ilə amansız bir mübarizəyə başladı. Uzaq Şərqdən uzaqlaşdırdığı “Standard Oyl” ilə Orta Şərqdə, sonra da Avropa bazarlarında rəqabətə və mübarizəyə başladı. Bu sahələrdə də oyunu qazandı. İndi onun hədəfi Amerika qitəsi idi.
Avropada mübarizəni qazandıqdan sonra, onu Amerikada görürük. Geniş və çox zəngin neft sahələrində Deterdinq və Rokfeller bəzən yan-yana və çox zaman qarşı-qarşıya və amansızcasına mübarizə edirdilər. Nəticədə, Deterdinq Amerika qitəsinə yerləşməyə müvəffəq oldu. Artıq Deterdinqin də Texasda neft sahələri vardır və hər keçən gün bu sahələrin hüdudları genişlənirdi.
Deterdinq Amerikaya yerləşərkən, bir tərəfdən də Latın Amerikasını öz mənfəət mənbəyi etməyə çalışırdı. Deterdinq hər getdiyi yerdə Rokfellerlə qarşılaşır və amansız mübarizədən sonra, Rokfellerin ondan əvvəl qurduqlarını məhv edərək əvəzinə öz hakimiyyətini bərqərar edirdi.
Mübarizə əməlli-başlı qızışmışdı. Deterdinq, Amerika qitəsindəki bütün müvəffəqiyyətinə görə, Rokfellerin Amerikada hakimiyyətini qurmaq üçün məhv etdiyi amerikalı neft sahibkarlarına borclu idi.
Deterdinq incə və qıvraq yəhudi zəkası ilə Rokfellerin məhv etməyə çalışdığı neft sahibkarlarına əl uzatdı. Bu, zahirdə bir dost əli idi. Əslində Deterdinq, Dünya Neft İmperiyasını qurmaq istəyirdi. Bu dost (!) əl, amerikan iş adamlarını fövqəladə dərəcədə mütəəssir etdi və Deterdinqə daha sıx dostluq telləri ilə bağlanmalarına səbəb oldu. Deterdinq onlara sərmayə yardımı etdi və beləcə Rokfellerə qarşı mübarizəni davam etdirdi.
DETERDİNQİN
ORTA ŞƏRQƏ ƏL ATMASI
Deterdinq Amerikada neft uğrunda mübarizə apardığı sıralarda Orta Şərq və Avropada da dayanmadan neft axtarırdı. Bu məmləkətlərdən, xüsusilə, Orta Şərqdə İranda neft çıxartmaq səlahiyyətlərini əldə etmək üçün çalışırdı. Bir başqa ingilis neft şirkəti olan “Burmah Oyl” da Deterdinqin bu fəaliyyətinin mərkəzi olaraq Orta Şərqdə çalışırdı.
XIX əsrin sonlarında, bütün Avropa dövlətləri Orta Şərqdə Osmanlı İmperiyası hüdudları içərisində tapılan yeraltı sərvətlərə və həm də İrandakı çox zəngin neft ehtiyatlarına göz dikmişdilər.
XIX əsrin sonlarında, dünyanın dörd böyük dövləti- İngiltərə, Almaniya, Rusiya və Fransa bu mübarizəyə atılmışdılar. Tarix kitablarının “Şərq siyasəti” adını verdikləri bu mübarizənin mərkəzini neft təşkil edirdi. 1854-cü ildə ilk öncə Qaliçyada tapılan neftdən sonra, Avropanın gözləri bu yeni və kirli rəngli yeraltı sərvətə dikilmişdi. İbtidai vasitələrlə qazılan neft quyuları üçün böyük mübarizələr cərəyan etməkdə idi. Bu dörd dövlət yer altından püskürən neftin dəyərini bilir və onu əldə etmək üçün durmadan bir-biri ilə mübarizə edirdilər. İngiltərə Hollandiya Hindistanında (İndoneziya) bir Hollandiya şirkəti ilə müştərək neft axtarışlarına başlamışdı. Bununla bərabər bir neçə şirkət də Orta Şərqdə eyni məqsəd üçün çalışırdılar. İngilislərin Uzaq Şərqdə iki mühüm şirkəti vardı. Bunlardan biri, Kessler adında bir şəxsin rəhbərlik etdiyi neft şirkəti (İngilis sərmayəsi ilə birləşdikdən sonra “Royyal-Datç” adını almış şirkətdən söhbət gedir), ikincisi isə, “Burmah Oyl” adlı ingilis şirkəti idi.
Bu şirkətin sərmayəsinin İngilis Entellijans Servisi ilə Dəniz Birinci Lordluğuna aid olduğu haqqında olduqca geniş qənaətlər vardır. “Burmah Oyl” Osmanlı İmperiyasının hüdudları daxilində olan İraq və Ərəbistanın neft sahələri ilə İran neft sahələrində çalışır və bütün fəaliyyətini bu məntəqələrdə cəmləşdirirdi. Bu sıralarda, Osmanlı İmperiyası ilə Almanya arasında bəzi ticarət müqavilələri imzalandı. 1886-cı ildən etibarən almanlar “Deutsche Orient Bank” ilə birlikdə, Almaniya və Avropanın bir çox məmləkətlərində, Orta Şərqdə, Misir, İran və Osmanlı İmperiyası hüdudları daxilində müxtəlif şöbələr açmış olan Fələstin Bankı vasitəsilə bu məntəqələrə və xüsusilə, Osmanlı dövlətinə sərmayə yatırtmağa başladılar. Bu banklardan “Deutsche Orient Bank” inşasını üzərinə götürdüyü Anadolu və Bağdad dəmir yolları vasitəsilə Osmanlı İmperiyasına böyük sərmayə qoydu. Beləliklə Bağdad xəttinin inşası başlandı. Əslində almanlar bu xətti, Mosul neft sahələrini əldə etmək üçün inşa edirdilər.
Beləcə, almanlar bu xətti inşa edərkən, İranda kanadalı bir mühəndis səssiz-sədasız çalışmalara başlayır və Atəş məlakəsi Hörmüzün məbədini tapmaq üçün tələb olunan icazəni alır.
İRANIN NEFT SAHƏLƏRİNİN
ƏLDƏN ÇIXMASI
Villiam Knot D’Arcy adlı kanadalı mühəndis London şəhərinin müəyyən dairələrindən maliyyə yardımı əldə etdikdən sonra Nəsrəddin şahdan İranda arxeoloji araşdırmalar aparmaq üçün icazə almışdır.
Villiam Knot D’Arcy tarixdə “Atəş məlakəsi” kimi tanınan Hörmüzün öz qüvvət və qüdrətini neftdən aldığını bilirdi. Arxeoloji tətqiqatlar adı altında aparılan bu araşdırmalarda əsas məqsəd İranda nefti tapmaq idi. Əslində bu arxeoloji tədqiqatlar onu zərrəcə maraqlandırmırdı.
Kanadalı mühəndis Villiam Knot D’Arcy İranda neft axtardığı zaman, İranın daxili vəziyyəti də gərgin idi. “Atəş məlakəsi”nin yurdu olan İranda, istər ingilislər, istərsə də ruslar və almanlar qiyməti hər gün bir az artan nefti tapmaq və istismar etmək üçün amansız bir mübarizə aparırdılar.
Nəsrəddin şahın mütləq hakimiyyətinin davam etdiyi İranda isə Fransanın da qatılması ilə sayı dördə qədər yüksəlmiş olan dünyanın böyük dövlətləri arasındakı mübarizə, hər gün artan bir sürətlə davam edir və bu talesiz məmləkət bir cahan mübarizəsinin mərkəzinə çevrilirdi.
Rusiya İranda çox qüvvətli və qüdrətli bir təşkilat quraraq bir çox imtiyazlar əldə etmişdir.
İranın baş vəziri Əliəsfər xan qatı ruspərəst idi. Ruslar Əliəsfər xan sayəsində, İrana hərbi qüvvə gətirmiş, İran, ordusunun təlim və tərbiyəsini əllərinə almışdılar. Bu rus zabit heyəti içərisində, xüsusilə, İran zabitlərini yetişdirmək vəzifəsini üzərinə götürən polkovnik Lyaxov, İran tarixində məşum rolunu oynamağa başladı.
İranda mövcudluğu sabit olan neft, hələ yer üzünə çıxarılmadan bu məmləkətdə dəhşətli rolunu oynamağa başlamışdır...
Nəsrəddin şah və Əliəsfər xanın ruspərəstliyi günü-gündən xalqın onlara düşmən münasibət bəsləmələrinə səbəb olurdu.
Şahın və baş vəzirin bu hərəkətləri İranda böyük mənfəətləri olan ingilisləri zorla mücadiləyə sövq edirdi. Elə ingilislərin də istədiyi bu idi. Onlar üçün bundan münasib bir zaman tapıla bilməzdi. İngiltərə Entellijans Servisi və neft sahibkarlarının casusları dərhal fəaliyyətə keçdilər və hər bir vasitəyə müraciət edərək şah və baş vəzirin əleyhinə kəskin bir təşviqata başlayaraq və müvəffəqiyyətə nail oldular.
Şah və baş vəzir əleyhinə aparılan təşviqatları İngiltərədə təhsil görmüş və ya görməkdə olan ziyalılar idarə edirdi və geniş xalq kütlələrini şaha qarşı qaldırırdılar. Dövrün ən böyük alimlərindən olan Şeyx Cəmaləddin Əfqani də bu hərəkatı dəstəkləyənlər arasında idi. Hətta, hərəkatın bir növ lideri hesab edilirdi. Əliəsfər xanın, bütün bu hadisələr qarşısında çarəsiz qaldığı və daha sərt tədbirlərə əl atdığı ingilislərin xeyrinə idi. Əliəsfər xanın gördüyü ən şiddətli tədbir, İranda xalqın çox sevdiyi, elminə hörmət etdiyi Şeyx Cəmaləddin Əfqanini ölkədən sürgün etdirməsi olmuşdur. Lakin, bu tədbir də fayda verməmiş və şeyxin sürgün edilməsi xalqın ona olan düşmənçiliyini daha da artırmışdır. İranda hökumət tamamilə çarəsiz vəziyyətdə idi. Şeyxin sürgün hadisəsi, onsuz da qəzəblənmiş xalqın daha da coşmasına səbəb oldu. İndi İranda hər an qarşısı alınmaz iğtişaş baş verə bilərdi.
Hökumət bütün bunları bilir, görür, lakin xalqın üzərinə daha çox getməyə ehtiyat edirdi. Əliəsfər xan, çox gözəl bilirdi ki, tədbirləri bir az da sərtləşdirsə, çevriliş qaçılmaz olacaqdır. Onun üçün, Əliəsfər xan, bir başqa yolu, xalqı sakitləşdirmək yolunu sınamağı qarşısına məqsəd qoydu.
İran hökuməti, 1894-cü ilin may ayında şahın padşahlığının 50 illik ildönümü münasibəti ilə keçiriləcək möhtəşəm şənliklərin hazırlığını görürdü. Baş vəzir xalqın bu şənliklərlə sakitləşəcəyini ümid edirdi. Nəsrəddin şah da bu mərasimin təmtəraqlı keçməsini arzu edirdi. Bu səbəbdən də şah, hazırlıqların hər bir xırdalığı ilə şəxsən özü məşğul olurdu. Artıq hər şey, bütün hazırlıqlar tamamlanmışdır. Nəsrəddin şah da, baş vəzir Əliəsfər xan da hazırlıqlardan çox razı idilər və tədbir gününün gəlməsini gözləyirdilər.
Mərasimin keçirildiyi günə təsadüf edən bazar günündən əvvəlki cümə günü şah adəti üzrə cümə namazını qılmaq üçün Əbdüləzim məscidinə getmişdir. Yanında dövlətin məsul vəzifə sahibləri və həmişəkindən çox sayda mühafizəçiləri var idi. Bütün yollar kəsilmiş, fövqəladə tədbirlər görülmüşdür. Şah da, baş vəzir də bir sui-qəsddən qorxurdular. Şah, cümə namazını belə bir ab-havada qıldıqdan sonra məsciddən çıxıb saraya gedirdi. Nəsrəddin şahı görmək üçün məscidin önündə toplaşmış xalq arasından gözlənilmədən bir adam çıxıb şahın üzərinə hücum etdi. Bu çıxış o qədər anidən oldu ki, mühafizəçilər yerlərindən belə tərpənə bilmədilər. Adam dəlicəsinə şahın üzərinə cumdu və əlində tutduğu bir xəncərlə şahın harasına gəldi vurmağa başladı. Şah, bu gözlənilməyən təcavüzün sonunda elə yerindəcə öldü. Beləcə türk olan Qacar xanədanına məxsus bir şah sui-qəsdin qurbanı oldu. Qatil qaçmağa fürsət tapa bilmədi və dərhal həbs edildi.
Molla Rza adlı qatil beləcə İran tarixinə adını yazdırdı. Molla Rzanın işlətdiyi cinayət, müasir İran tarixində, neft uğrunda işlənmiş ilk sui-qəsd olaraq təsdiqlənmiş və tarixə də belə düşəcəkdir.
Bəli, Nəsrəddin şah, İranın neft üçün verdiyi ilk qurban idi. Lakin, irəlidə görəcəyik ki, bu heç də sonuncu qurban olmayacaqdır.
RUSLARIN İRANDA FƏALİYYƏTİ
Nəsrəddin şahın şəxsində İrana endirilən bu mənfur və vəhşi zərbədən sonra, hökumət hürkmüş və şiddətli tədbirlər görməyə məcbur olmuşdur. Əsasən də bir hökumət çevrilişi gözləyən Baş vəzir Əliəsfər xan, buna imkan verməmək üçün dərhal fövqəladə vəziyyət elan etdi. İranda yerləşən rus hərbi qüvvəsinin komandanı polkovnik Lyaxova çox geniş səlahiyyətlərlə Tehranda asayişi təmin etmək əmri verildi. Polkovnik Lyaxov da bu işi öz üsulları ilə icra etməyi bacardı. Lyaxov, geniş şəkildə həbslərə başladı və vəziyyət bu şiddətli tədbirlər sayəsində qısa zamanda tənzimləndi. Baş vəzir Əliəsfər xan isə İran dövlətinin paytaxtı Tehranda Lyaxovun axıtdığı qanlar qurumamış, uzun illər İran Azərbaycanında valilik edən və qətlə yetirilmiş şahın varisi Muzəffərəddin xanı İranın şahı elan etdi. Qətlə yetirilmiş Nəsrəddin şahın cənazəsi dəfn edilənə qədər Muzəffərəddin xan Tehrana gəldi.
Ruslar İranın taleyinə o dərəcə hakim olmuş, bu hakimiyyətlərini o dərəcədə möhkəmlətmişdilər ki, yeni şah rusların bu durumundan hürkdü və bir müddət sonra o da sələfi Nəsrəddin şah kimi rusların toruna düşdü. Ruslar, Muzəffərəddin şaha Fransanın İrana 1901-ci ildə 8% ilə verdiyi istiqrazın yerinə 5% ilə daha geniş kreditlər verərək yeni imtiyazlar əldə etdilər. Rusların Muzəffərəddin şahdan aldıqları yeni imtiyazlardan ən mühümü İranın şimalındakı neft sahələri idi. Ruslar bu dövrdə ingilislərdən daha cəld tərpənmiş və İranın şimal bölgələrini tamamən öz hakimiyyətləri altına almışdılar.
İstiqraz müqaviləsinin imzalandığı tarixdən bir il sonra, yəni 1902-ci ilin sonlarında, ilk istiqraz müqaviləsinə əlavə olaraq, ruslar 35 milyon rubl yenə verdilər. Beləcə İran ruslar ilə 1901-ci ilin sonlarında müqavilə bağladıqları 60 milyon rublluq istiqrazı 95 milyon rubla çatdırdı və buna qarşılıq olaraq Rusiyaya böyük imtiyazlar verdi.
İran ilə Rusiya arasındakı bu anlaşmalar və rusların istiqraz yolu ilə İrana yerləşmələri İngiltərəni narahat etməyə bilməzdi. İllər boyunca İranın içərisində açıq və ya gizli apardığı neft axtarışlarının bir nəticə verməməsi bu narahatçılığı daha da artırırdı. Bu səbəbdən də ingilislər, nefti bir an əvvəl tapmaq üçün geniş surətdə tədbirlər görməyə başladılar. Bu tədbirlər təbii ki, gözlə görülən, əllə tutulan deyildi. Deterdinqin adamları müxtəlif adlarla və müxtəlif peşə sahibləri kimi, xüsusilə, “arxeologiya mütəxəssisləri” adı ilə İrana gəlməyə başladılar. Bu adamlar İranın hər tərəfini ələk-vələk etdilər, lakin nefti tapa bilmədilər. Deterdinq İranda neftin olduğunu dəqiq bilirdi. Elə bil öz əli ilə qoymuşdur. Lakin aldığı cavablar mənfi idi. Ayrıca, atəş məlakəsi Hörmüzün tarixi varlığı da burada neftin olduğunu deməyə təminat verirdi. Ona görə də “neftə rast gəlmədik” sözü əlindəki dəlillərə uyğun gəlmirdi. Beləcə, bu səbəbdən də Deterdinq, İrana göndərdiyi adamlarına fasiləsiz olaraq neft axtarışlarını davam etdirmələrini və necə olursa-olsun nefti tapmalarını əmr etdi. Deterdinqin adamları bir tərəfdən bütün İranı alt-üst edərkən, o biri tərəfdə isə, Villiam Knot D’Arcy deyilən bir adam, London şəhərindəki bankirlərin bir hissəsinin təmsilçisi kimi İranı başdan-başa dolaşır və atəş məlakəsi Hörmüzün enerji mənbəyi olan nefti axtarırdı. Villiam Knot D’Arcy həqiqətən də bir çox yerlərdə neftə təsadüf etdi, lakin bu neft, torpaqla qarışmış kirli və qiymət etibarı ilə bir şey ifadə etməyən çamurdan ibarət idi. Uzun müddət davam etdirdiyi bu araşdırmalar onu qorxutmadı. Əksinə onu axtarışları daha inadla davam etdirməyə sövq etdi.
VİLLİAM KNOT D’ARCYİN MACƏRASI
D’Arcy Iranın hər tərəfində durmadan nefti axtardı. Onu bu araşdırmalarda ingilislərin qurduğu və həmin dövrdə Orta Şərqin ən mühüm şirkətlərindən olan «Burmah Oyl» dəstəkləyirdi. Hər cür maddi fədakarlıqdan qaçmayan şirkətin tək istədiyi yalnız nefti tapmaq idi. D’Arcy də durmadan, dincəlmədən İranın dərinliklərində neft axtarırdı. Bu axtarışlar uzun müddət davam etdi, lakin heç bir nəticə vermədi. «Burmah Oyl» şirkətinin idarəçiləri artıq İrandan ümüdlərini kəsdilər. Şirkət bu qənaətə gəldikdən sonra D’Arcyə verdiyi krediti kəsmək qərarına gəldı. D’Arcy isə buna baxmayaraq, ümidini kəsməmişdi. O, İranda neft tapacağına çox inanırdı. “Burmah Oyl” krediti kəsdikdən sonra D’Arcy nəfəs dərmədən Londona getdi və şirkət idarəçiləri ilə görüşdü. Londonda, qaranlıq və alaqaranlıq otaqlarda ingilis bankirlərindən gələcək axtarışlar üçün yenidən pul almağa nail oldu. Böyük bir əzm və inadla İrandakı neft axtarışlarını davam etdirən D’Arcy isdədiyinə nail ola bilmirdi. Neft sanki İrandan qeyb olmuş, Atəş məlakəsinin məmləkətini nura qərq edən qüdrət sirrə dönmüşdür.
D’Arcy, tarixdən oxuduqlarından, öyrəndiklərindən bilirdi ki, İran torpağında neft var. Bu tarixi məlumatlardan əlavə, geoloji tədqiqatlar və hesabatlar da bunu təsdiqləyirdi. İrandakı hər şey bu məmləkətdə kifayət qədər neftin olduğunu göstərirdi. Lakin bu neft harada idi? Bu suala cavab verilə bilmirdi. Beləliklə,Villiam Knot D’Arcyin bütün əməkləri boşa çıxdı. Londondakı bankirlər də artıq ona pul vermək istəmədilər və krediti kəsdılər.
Buна görə də «Burmah Oyl» da İran neft sahələrindən ümidini kəsməli oldu. «Burmah Oyl» İranda neft tapmaq üçün tam altı milyon sterlinq xərcləmişdir.
Villiam Knot D’Arcy Londona etdiyi səyahətdən sanki arxasınca qovurmuşlar kimi İrana geri döndü. İranda çalışdığı vaxtlarda bir mühəndis olaraq əvvəllər Nəsrəddin şaha, sonra da Müzəffərddin şaha xidmət etdi. Hər iki şahla yaxın dostluq onun İran sarayında teknika üzrə müşavir olaraq yüksək mövqeyə çatmasına səbəb oldu. Londondan İrana döndüyü vaxt pulsuz, bütün ümidləri qırılmış, əhval-ruhiyyəsi olmayan bir insan idi. Lakin İran sarayındakı teknika üzrə müşavir vəzifəsinə təkrar başlayınca iş dəyişdi. Artıq D’Arcyin əli pulla oynayırdı. Elə bu vaxtlar Müzəffərəddin şah İranda dəmiryol çəkilməsinə qərar verdi və dəmiryolunun inşasında D’Arcyə də vəzifə tapşırdı. Xəttin bir qisminin çəkilməsinə D’Arcy rəhbərlik edəcəkdir. Xeyli yaşlı olan D’Arcy, bu inşaatdan çoxлу pul qazandı. Ümidini itirdiyi üçün neft onu artiq maraqlandırmırdı. Çoxlu pulu olmasına baxmayaraq, neft işinə təkrar dönmədi. Onun həyatda artıq istəyəcəyi bir şey qalmamışdır. Kənara çəkilib, əlindəki bol pulla rahat bir həyat sürə bilərdi. D’Arcy artıq bunu düşünürdü. Ömürü boyu xristian olduğu üçün, indi dinə tamamən qapanmağı, tərki-dünya olmağı qərara almışdır. D’Arcy bu qərarı verdikdən sonra tam bir missioner kimi, dünyəvi olan hər bir işi buraxdı, yalnız axirəti fikirləşməyə başladı. Beləcə, aylar keçdi. Günlərin bir günü Müzəffərəddin şaha gələn hesabatlar içərisində bir dənəsi şahın fövqəladə sevincinə səbəb oldu. Hesabat, İranın cənubunda Xuzistan əyalətində açıqlıqda axan və odla dərhal alışan xam neftin mövcudluğundan bəhs edirdi. Müzəffərəddin şah vəziyyəti öyrənməyi D’Arcyə tapşırdı. İranda neft tapılmışdır. Ancaq D’Arcyin neftə qarşı heç bir marağı qalmamışdı. Lakin getməyə də bilməzdi, verilən əmri verinə yetirməyə borclu idi. Neftin tapıldığı Xuzistan əyalərinə getdi, nefti yaxından gördü və müəyyən tədqiqatlar apardıqdan sonra, hazırladığı hesabatı şaha təqdim etdi. Bu hesabatda Xuzistan əyalətində zəngin neft yataqlarının tapıldığını və bu neftin açıqdan axdığı bildirilirdi. Şah, bu hesabatda verilən müjdəyə çox şad oldu və D’Arcyi mükafatlandırdısa da buna baxmayaraq, nefti işlətmək və ya ondan istifadə etmək qərarına gəlmədi. Lakin ingilislər Xuzistan əyalətində neftin tapılması xəbərini almış, artıq hazırlıqlara başlamışdılar. İngilislərin məsələni bildiklərindən xəbərsiz olan şah, bu işin üstünü beləcə ört-basdır etdiyini düşündü və həqiqətən də uzun müddət neftdən heç bəhs edilmədi.
Qoca D’Arcy isə, bu son vəzifəsindən sonra özünü tamamilə dinə həsr etdi. Hətta çağrılmadıqca, şahın hüzuruna belə getmirdi. Belə hərəkət etməklə o özünün yaddan çıxarılacağını zənn edirdi. Artıq həddən artıq qocalmış D’Arcy, birdən-birə məmləkətinə getməyi qərara aldı. Bu arzusunu şaha ərz etdiyi vaxt, Müzəffərəddin şah ciddi şəkildə mütəəsir oldu. Onu İranda yubandırmaq üçün nə mümkünsə etdi, lakin qoca D’Arcy yaşının xeyli keçdiyini, öz vətəninə gedib orada ölmək arzusunda olduğunu bildirincə, şah onun getməsinə icazə verdi.
Müzəffərəddin şah çox sevdiyi D’Arcyi məmnun etmək üçün ona hədiyyə ərməğan etmək istədi. D’Arcy sərvətdə gözü olmadığını bildirsə də onun özünün də bəzi gizli niyyətləri olduğu anlaşıldı. Beləliklə D’Arcy pul və cəvahirat kimi qiymətli şeyləri rədd edərək, şahdan İranda torpağın həm altında, həm də üstündə araşdırmalar aparmaq üçün icazə verməsini xahiş etdi və bu icazəni də aldı.
Müzəffərəddin şah sevimli müşavirinin bu arzusunu necə rədd edə bilərdi? O, bu icazəni verməkdə bir qəbahət də görmürdü. Bax beləcə, kanadalı mühəndis Villiam Knot D’Arcy bu gün ətrafında qorxunc mübarizələrin cərəyan etdiyi İran neftinin imtiyazını əldə etdi. Müzzəffərəddin şahın özünün verdiyi fərmanda eynilə bunlar yazılırdı:
“Kanada hökuməti ilə İran şahənşahlığı arasında mövcud olan çox səmimi münasibətlərə əsaslanaraq Kanada hökuməti təbəəsindən Villiam Knot D’Arcyə, əqrəbalarına, dostlarına və yaxınlarına 60 il müddətinə İran Şahənşahının tabeliyində olan torpaqların dərinliklərində istədikləri şəkildə sərbəst araşdırma və tədqiqat aparmaq səlahiyyəti verilsin. Göstərilən bu səlahiyyətdən və sərbəstlikdən yararlanan Kanada höküməti təbəəsindən olan Villiam Knot D’Arcy və ya əqrabalarının, yaxın dostlarının təsbit edərək işlədəcəkləri bütün yeraltı və yerüstü sərvətlər onların şəxsi qanuni malı olacaqdir.”
Müzəffərəddin şah D’Arcyə bu geniş imtiyaz vəsiqəsini verdikdən beş il sonra 1906-cı ildə vəfat etdi. Yerinə oğlu Məhəmmədəli İran şahı oldu və İran üçün əsl fəlakətli dövr də elə bu tarixdən sonra başladı.
Dostları ilə paylaş: |