XəZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 3,03 Mb.
səhifə15/97
tarix02.01.2022
ölçüsü3,03 Mb.
#1042
1   ...   11   12   13   14   15   16   17   18   ...   97
Svetayevanın Pasternaka 10 iyul 1926-cı il tarixli məktubundan:

“…Nədi dünyanın leytmotivi?.. Güman ki, kişi leytmotivi!

Bir bədən olmağın mümkünsüzlüyü – bundan yanadı mənim gileyim. Qərq olmağın qeyri-mümkünlüyündən yana (“Əgər nə vaxtsa mən lap dibə ensəm…”)

…Boris, Boris, bir yerdə biz nə qədər xoşbəxt idik – Moskvada da, Veymarda da, Praqada da, bu dünyanın indi içimizə çökən hər guşəsində də. Sənin daimi “çıxıb getmə”lərin (mən belə görürəm bunu), bir də gizlincə sənin gözlərinlə uzanan baxışlar. Sənin həyatın – dünyanın bütün küçələrini dolaşıb qəfildən evə – mənim yanıma

qayıtmaqdı. Bir yerdə qaxılıb qalmağa səbrim çatmır, sən də bacarmırsan bunu. Olsa, uyuşardıq bəlkə…

Mənimlə dolmuş ürəyini qopar yerindən, əzizim. Özünə əziyyət vermə. Yaşa. Arvadını və oğlunu pərt eləmə. Səni hər şeydən və hamıdan azad eləyirəm. Nə istəyirsən al götür – neçə ki, almaq istəyin var!

Yadına sal ki, qanımız bizdən uludur, illah da səndə – bir semitdə. Onun coşqunluğunu alma. Bütün bunların hamısını lirik yox, epik ənginliklərdən götür…”

Svetayevanın Rilkeyə 14 avqust 1926-cı il tarixli məktubundan:

“…Əzizim Rayner, Boris daha mənə məktub yazmır. Sonuncu məktubunda belə yazırdı: “İçimdəki hər şey, iradədən başqa, “Sən” adlanır və Sənə məxsusdur”. “İradə” deyəndə hal-hazırda xaricdə olan arvadını və oğlunu nəzərdə tutur. Biləndə ki, onun ikinci “xariciyyəsi” var, yazdım ki, xaricdən iki məktub – yetər artıq! İki ölkə xarici olmur. Bir var ölkə daxilində, bir də var ölkədən xaric. Mən ölkə xaricindəyəm!..

Qoy o arvadına yazsın, arvadı da ona…”

Rilkenin Svetayevaya məktubundan:

19 avqust 1926

“…Borisin susqunluğu məni çox kədərləndirir və narahat edir. Belə çıxır ki, mənim zühur eləməyim onun var gücüylə sənə qarşı can atmasının qarşısını alıb. Bununla yanaşı, yaxşı başa düşürəm ki, sən “iki xaric” deyəndə (bir-birimizi fərqləndirəndə) ona qarşı çox sərt, sərt yox, bəlkə də amansız davranırsan”.

Uzun bir fasilədən sonra, 1926-cı ilin 31 dekabrında Pasternak Svetayevadan Rilkenin ölüm xəbərini verən bir məktub alır:



“Boris! Rayner Mariya Rilke öldü. Üç gün bundan əvvəl. Məni Yeni il bayramına çağırmağa gəlmişdilər, həm də bu xəbəri verdilər. Onun mənə yazdığı sonuncu məktub (6 sentyabr) belə bir hayqırtıyla bitirdi:

“İm Frühling? Mir ist lang. Eher! Eher!”* (“Yazdamı? Mənimçün bu uzun vaxtdı. Tez! Tez!” – alm.) – Görüşmək barədə danışırdıq. Onun bu məktubuna cavab vermədim, sonra Bellevidən bir sətirlik məktub yolladım: “Rainer, was ist? Rainer, liebst Du mich noch?”* (“Rayner, sənə nə olub? Sən hələ də məni sevirsən?” – alm.).

Bu xəbər Pasternakın mənəvi dünyasını alt-üst edir, ən gözəl arzu və ümidlərini yarımçıq qoyur.

5 fevralda Pasternak Svetayevanın bir fransız qəzetindən kəsib göndərdiyi, Rilkenin dəfnini təsvir edən qəzet məqaləsini alır.

3 fevralda isə Pasternak artıq bu xəbəri bilmişdi. Sarsıntısını bölüşmək üçün Svetayevaya üz tutmuş, aralarındakı yazışmanı yenidən bərpa etmişdi. Məktub bu sözlərlə başlayırdı:

“Əziz dostum! Bu məktubu sənə təsadüfən yazıram, sonra yenə susacağam. Sənin səbrinlə zarafat eləmək olmaz axı. Onun ölüm xəbərini alanda dumanlı pəncərələri alaqaranlığa qərq edən aramsız qar yağırdı… Nə qədər ağır olsa da, ikimizin necə yetim qaldığını təsəvvür edirsən? Yox, görünür, belə olmamalıdı – yazıqlığı tam boynuna götürəndə adam kiçilir. Mən lap heydən düşmüşəm. İndən belə uzun, təhqiramizcə uzun yaşamalıyıq – bu sənin də, mənim də borcumdu…”

Rilkenin ölümündən sonra Svetayeva ilə Pasternakın epistolyar romanı get-gedə arxada qalır.

31 dekabr 1929-cu ildə Svetayeva Pasternaka yazırdı: “Bizim hər məktubumuz sonuncudur. Biri – görüşə qədər sonuncu, o biri – həmişəlik sonuncu. Bəlkə ona görə az yazırıq ki, hər dəfə hər şey yenidən başlanır. Can həyatla qidalanır – burdasa canın qidası candı, özü-özünü yeməkdi, çarəsizlikdi… Vaxtım çatıncaya qədər Reyn xəzinəsi kimi, Sən mənim içimə gömülüsən…”

25 yanvar 1930-cu il tarixli məktubunda Svetayeva sanki Pasternaka son sözünü deyirdi: “Bir-birimiz üçün həyat məsələsi olmaq nəsibimiz deyilmiş, Qiyamət günü mənim əvəzimə cavab verməyəcəksən ki…”



Ruscadan çevirdi: Əhməd Oğuz






Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə