Xix əsrin birinci yarısında Azərbaycan mədəniyyəti



Yüklə 25,64 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü25,64 Kb.
#38004
  1   2   3
XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti
2103020013523800-Bildiris

XIX əsrin birinci yarısında Azərbaycan mədəniyyəti

XIX əsrdə Azərbaycan mədəniyyətində milliliklə ümumbəşərilik, milli-mənəvi dəyərlərlə, Şərq dəyərlərilə müasir, Avropa dəyərləri vəhdət təşkil etdi.Ulu Öndər Heydər Əliyev XIX əsr Azərbaycan mədəniyyəti haqqında demişdir: "XIX əsr bizim qazandığımız uğurların, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə, XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin, Abbasqulu Ağa Bakıxanovun və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli-maarifçilik ideyalarının gerçəkləşməsilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi".

ABŞ tədqiqatçısı T.Svyatoçovski yazır ki, Rusiyanın işğaldan sonra Azərbaycanın hər iki hissəsi müəyyən cəhətdən bir-birilə yaxınlaşsa da, digər səbəblərdən onlar bir-birindən uzaqlaşmağa başladılar. Bu uzaqlaşmanın bir əlaməti də Arazın şimal hissəsində ziyalı təbəqəsinin inkişaf etməsi idi. Bu ictimai qüvvə və eyni zamanda, mədəni hadisə ənənəvi islam mədəniyyəti və Rusiyanın təmsil etdiyi nisbətən müasir Avropa mədəniyyətinin qovuşmağından meydana gəldi. "Ziyalılar" (intelligensiya) termini Azərbaycanın tarixi kontekstində Avropa dillərində olduğundan bir qədər fərqli məna daşıyır. Bu, sözün geniş yayıldığı Rusiyada onun ənənəvi izahı müxtəlif sosial təbəqələrdən olan ayrı-ayrı fərdlərin ümumi peşə və ya iqtisadi vəziyyətlərinə görə deyil, ideyalarına görə birləşərək qrup yaratması idi.

"Azərbaycan tarixi" kitabında isə XIX əsrin birinci yarısındakı Azərbaycan mədəniyyəti haqqında geniş məlumat verilmişdir. Burada göstərilir ki, XIX yüzilliyin birinci yarısı Azərbaycanın maarif işində yeni bir dövrüdür. Zəngin mədəni irsə malik olan xalqımızın qabaqcıl ziyalıları dünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnərək, müasir mədəni nailiyyətlər və ənənələr ruhunda inkişaf edir, Azərbaycanda xalq maarifini yüksəltməklə xalqın savadlanması qayğısına qalır, yeni tipli təhsil ocaqları açmaq üçün hakim dairələrə müraciətlər edir, çox çətinliklə də olsa, öz niyyətlərinə nail olurdular.

Həmin dövr Azərbaycan ziyalıları arasında Abbasqulu Ağa Bakıxanov xüsusi yer tutur. Bakı xanları nəslindən olan A.A.Bakıxanov Əmirhacıyan kəndində doğulmuş, gəncliyi isə Qubada keçmişdi. Öz dövrünün savadlı adamlarından olan mütəfəkkir-alim Şərq dillərinin, fəlsəfə və ədəbiyyatın gözəl bilicisi idi. Qafqazdakı rus qoşunları baş komandanının tərcüməçisi olan A.A.Bakıxanov Tiflisdə rus və Qafqazın digər xalqlarının görkəmli elm və mədəniyyət xadimləri ilə tanış olmuş, rus dilini mükəmməl öyrənmişdi.

Azərbaycan maarifçiliyinin ilk nümayəndələrindən biri də böyük maarifçi-demokrat, alim-filosof, ictimai xadim və dramaturq Mirzə Fətəli Axundov olmuşdur. XIX yüzilliyin birinci yarısında Azərbaycan təhsil ocaqları əsasən məscidlərin nəzdindəki məktəblər və mədrəsələr idi. Azərbaycanın bir sıra görkəmli maarif və mədəniyyət xadimləri məhz həmin təhsil ocaqlarında maariflənmişdilər. Azərbaycanın bir çox şəhər və kəndlərində belə təhsil ocaqları fəaliyyət göstərirdi. 1858-ci ildə Şamaxı quberniyasında 4700 nəfərin təhsil aldığı 299 məktəb və mədrəsə var idi. Onlardan 262-si kənddə, 37-si isə şəhərdə idi. Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra milli maarifçilərin səyi ilə Azərbaycan-rus məktəbləri yaradıldı. Bu tipli ilk məktəblər keçən yüzilliyin 30-cu illərində Şuşada, Nuxada, Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda açılmışdı. Əsasən varlıların uşaqlarının təhsil aldığı həmin ibtidai təhsil məktəblərində rus və Azərbaycan dilləri, coğrafiya və şəriət tədris olunurdu. Sonrakı illərdə bu məktəblərdən əlavə, dörd sinifli məktəblər də açıldı. Deyilən tədris müəssisələrini açmaqda çar hökumətinin əsas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siyasətini yürütməkdə ona kömək edə biləcək tərcüməçilər - mirzələr, bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi.

XIX yüzilliyin birinci yarısında Azərbaycanda çox inkişaf etmiş elm sahələrindən biri tarix elmi idi. Həmin dövrdə yaşayıb-yaratmış Mirzə Adıgözəl bəy, Mirzə Camal, Kərim Ağa Fateh, Seyid Həmid bu gün də əhəmiyyətini saxlayan bir sıra qiymətli tarix əsərləri yaratmışdır.

Əsasən xanlıqlar dövrünün tarixinə həsr edilmiş həmin əsərlərdən fərqli olaraq A.Bakıxanovun "Gülüstani-İrəm"ində qədim dövrdən başlamış XIX yüzilliyin əvvəllərinədək Şirvanın tarixi öz əksini tapmışdır. Kitab fars dilində yazılmış və müəllif tərəfindən rus dilinə tərcümə olunmuş, lakin çar Rusiyasında nəşr edilməmişdi. Ensiklopedik biliyə malik olan A.Bakıxanov pedaqogika, fəlsəfə, psixologiya, əxlaq, məntiq, coğrafiya, astronomiya və dilşünaslığa dair də əsərlər yazmışdı.

Azərbaycanlı alimlər rus şərqşünaslığının əsasının qoyulması və inkişafında da mühüm rol oynamışlar. XIX yüzilliyin başlanğıcında Mirzə Cəfər Topçubaşov Peterburq universitetində Şərq dillərini tədris etmiş, İran ədəbiyyatı kafedrasının müdiri olmuşdur. O, fras dilinin qrammatikasına dair bir sıra əsərlərin müəllifidir. M.Topçubaşov London Kral Asiya Cəmiyyətinin üzv seçilmişdi. A.S.Qriboyedov M.Topçubaşovun tələbəsi olmuşdu.

Görkəmli şərqşünas alim Mirzə Məhəmmədli Kazımbəy Qazan Universitetində İran ədəbiyyatı, türk-tatar dilləri müəllimi, professoru, fakültə dekanı olmuşdu. Şərqşünaslıq sahəsində 100-dən sox əsər yazmış M.Kazımbəy Azərbaycan dilinin qrammatikasını nəşr etdirmişdi. 1845-ci ildə Qazandan Peterburqa köçmüş M.Kazımbəy səhhətinə görə İran ədəbiyyatı kafedrasını tərk etmiş M.Topçubaşovun yerini tutmuşdu. N.Q.Çernışevski M.Kazımbəyin mühazirələrini dinləmişdi. Böyük alim B.B.Bartold yazmışdır ki, məhz "Senkovski və Kazımbəy öz mülahizələri ilə rus şərqşünaslığını yaratmışlar. Demək olar ki, sonrakı şərqşünaslar nəslinin hamısı bu alimlərdən birinin tələbəsi və ya onların tələbələrinin tələbələri olmuşlar". M.Kazımbəyin əsərlərinin çoxu Avropa dillərində də nəşr edilmişdir. O, Rusiya və bir sıra başqa ölkə akademiyalarının kral cəmiyyətlərinin üzvü olmuşdu.

Məşhur səyyah-alim Hacı Zeynalabdin Şirvani Şərq ölkələrinin çoxunu gəzmiş, 36 il müddətində 60 min km-ə qədər yol qət etmiş, əsərlərində gəzdiyi, gördüyü ölkələrin xalqlarının iqtisadi-mədəni həyatını, məişət və adətlərini təsvir etmişdir.

XIX yüzilliyin 30-cu illərində Azərbaycan mətbuatının əsası qoyulmuşdu. 1832-ci ildə Tiflisdə həftədə bir dəfə "Tatar xəbərləri" qəzeti çıxmağa başlamışdı. "Tiflisskiye vedomosti" qəzetinə əlavə kimi nəşr olunan bu qəzetdə əsasən rəsmi sənədlər, sərəncamlar dərc edilmişdi. 40-cı illərin əvvəllərində də Tiflisdə "Zaqafqazskiy vestnik" qəzetinə Azərbaycan dilində bir səhifə əlavə olunur və burada da rəsmi sənədlər çap edilirdi. 1850-ci illərin sonlarında Şamaxı quberniyasında iki kiçik mətbəə fəaliyyət göstərirdi.

Ədəbiyyat. XIX yüzilliyin birinci yarısında Azərbaycan ədəbiyyatı iki - romantik və realist cərəyan istiqamətində inkişaf edirdi. Birinci cərəyanın nümayəndələrinin əksəriyyəti feodal ideologiyası ilə bağlı idi. Realist-mütərəqqi cərəyanın nümayəndələri isə ədəbiyyatımızı ölməz əsərlərlə zənginləşdirmişlər. Bu dövr aşıq yaradıcılığında ənənəvi lirik mövzularla yanaşı, qəhrəmanlıq, vətənpərvərlik motivləri, həmçinin, hakim siniflərin və müstəmləkəçilərin zülmündən şikayət də üstünlük təşkil edirdi.

Görkəmli mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) Gəncədə memar ailəsində anadan olmuşdu. O, ilk təhsilini məktəb və mədrəsədə almış, lakin dini xurafatın qatı düşməni olan şair Azərbaycan və Şərqin klassik ədəbiyyatını öyrənmiş, rus ədəbiyyatı ilə tanış olmuşdu. Gəncədən Tiflisə köçmüş şair burada M.F.Axundovla tanış olmuş, Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi olmuşdur. M.Ş.Vazeh lirik şeirlər yazmış, əsərlərində azadlıq müjdəçisi kimi çıxış etmişdir. Öz yaradıcılığında şair qadın azadlığı məsələsinə xüsusi yer verirdi, müsəlman qadınlarını çadranı atmağa çağırırdı. Şair cəsarətlə olmasa da, yoxsul kütlələrin vəziyyətini kökündən dəyişəcək, sosial dəyişikliklər barəsində mülahizələr söyləmişdir.

Mirzə Şəfinin şeirləri bizə orijinalda deyil, alman dilində çatmışdır. Onun şeirlərinin əlyazması alman yazıçısı F.Bodenştedt bu şerləri özününkü kimi  qələmə vermiş və belə uydurma irəli sürmüşdür ki, Mirzə Şəfi onun ləqəbidir. Şəfinin şeirlərinin bəziləri hələ o vaxt rus dilinə tərcümə edilmiş və görkəmli bəstəkar və pianoçu A.Q.Rubinşteyn həmin şeirlərə nəğmələr bəstələmişdi.

A.Bakıxanov da Qudsi ləqəbi ilə bir çox bədii əsərlər yazmışdır. O öz ədəbi yaradıcılığına başlayarkən dinin güclü təsiri altında idi. Qüdsi Tiflis mühitinə düşdükdən sonra onun dünyagörüşündə dəyişikliklər baş vermiş, maarifçi görüşlü əsərlər yazmış, lirik qəzəllərində məhəbbəti, dərin insani hissləri tərənnüm etmişdir. Yazıçı qubada "Gülüstan" adlı ədəbi dərnək təşkil etmişdi.

Realist ədəbi cərəyana İsmayıl bəy Qutqaşınlı da daxil idi. Rus ordusunda hərbi qulluq keçmiş, polkovnik, sonra isə general-mayor rütbəsi almış Qutqaşınlı fransız dlində yazılmış "Rəşid bəy və Səadət xanım" povestinin müəllifidir. O, Şərq qadınlarının hüquqsuz vəziyyətini tənqid edir, xalqın məişət və adətlərini əks etdirirdi.

Azərbaycan satirik poeziyasının görkəmli nümayəndəsi Qasım bəy Zakir (1786-1857) olmuşdur. Zakirin ədəbi irsinə müxtəlif mövzular və janrlarda yazılmış şeirlər daxildir. Zakir şeirlərinin çoxunun çapını görməmişdi. O, ümumiyyətlə, çar sisteminin əleyhdarı olmuşdu.

XIX yüzillikdə Azərbaycan mədəniyyətinin ən böyük nümayəndəsi, heç şübhəsiz ki, maarifçi-demokratik, görkəmli ictimai xadim, Azərbaycan realist ədəbiyyatının əsasını qoymuş Mirzə Fətəli Axundov (1812-1878) olmuşdur. Nuxa şəhərində anadan olmuş Fətəli dindar ailədə böyümüş, lakin bu yolla getməmiş, dünyəvi təhsilə üstünlük vermişdi. Hələ cavat yaşlarında Tiflisə gəlmiş, burada Qafqazın baş rəisinin dəftərxanasında tərcüməçi olmuş, həm də Tiflis qəza məktəbində Azərbaycan dilini tədris etmişdi. M.F.Axundov Tiflisdə M.Ş.Vazehlə tanış olmuşdu.

M.F.Axundov Azərbaycan klassik ədəbiyyatının ənənələri ilə yaxından tanış idi, Şərq dillərinə kamil yiyələnmişdi. O, rus ədəbiyyatı və dilini öyrənməyə də böyük əhəmiyyət vermiş, həmin dildə əsərlər də yazmışdı. M.F.Axundov Azərbaycan ədəbiyyatında dramaturgiyanın əsasını qoymuşdur. 50-ci illərdə yazdığı dram əsərlərini o dövrün güzgüsü adlandırmaq olar.


Yüklə 25,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə