Xudafərin körpüsü "Yazıçı" nəşriyyatı, 1982



Yüklə 2,04 Mb.
səhifə1/31
tarix21.03.2017
ölçüsü2,04 Mb.
#12109
  1   2   3   4   5   6   7   8   9   ...   31

www.lit.az

Xudafərin körpüsü
© “Yazıçı“ nəşriyyatı, 1982.

© Q.Kərimzadə, 2002.


Bu mətni müəllifin razılıgı olmadan kommersiya məqsədi ilə istifadə etmək icazə verilmir.
“Qarlı aşırım“ əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası Fərman Kərimzadənin “Xudafərin körpüsü“ romanında XV əsrin axırı, XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınmışdır.

Romanda həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilmiş, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılmışdır.

DƏMİR AĞACDAN ASILAN BEŞİK

I hissə
PROLOQ


Daşın uzü soyuq olur. Nə günəş şüası ilə qızır, nə insan hənirtisi ilə isinir. Bu soyuq, qara, üzü parıltılı daş bir deyildi, iki deyildi... Minlərlə daşı çaylaqlardan gö-türmüşdülər, karxanalarda yonmuşdular, qabar gücünə, taqətdən düşən diz hesabına dağın sıldırım yalına qaldırmışdılar. Burada yumurta sarısından yoğrulan palçıqla biri-birinə bənd etmişdilər. Bürclər ucaltmışdılar, tağlı darvazalar hörmüşdülər, işıqsız zindanlar qurmuşdular.

Buludlara ilişib onları yun əlçimi kimi parçalayan qaya da buz kimi soyuq idi. Quzey divarı çayın sahilindən qartal uçuşu hündürlüyünə qalxan qayanın zirvəsində bünövrə tutmuşdu. Oradan da iyirmi beş, otuz qulac qalxırdı. Ensiz, uzun pəncərəsi lap yuxarıdaydı. Divarı mamır basmışdı, pəncərədən az aralıda daşların arasından dağdağan kolu bitib aşağı sallanmışdı. Pəncərənin yoğun dəmir barmaqlığını pas basmış, pasın üstünü isə daş xınası örtmüşdü. Pəncərənin aşağısı nov kimi yarıq idi. Bu pəncərədən aşağıya baxmaq hər adamın işi deyildi. Aşağılarda səsi eşidilən çayı həmişə görmək mümkün deyildi. Duman dərəyə yüngül, ağ pərdə çəkirdi. Bə’zən də elə qalınlaşırdı ki, sanki o dərələr ağızbaağız qarla dolub.

Düz baxanda meşəli təpələr, dağlar görünürdü. Bu meşələrin üstündə isə bir zirvə ucalırdı. Başı kəllə qəndə oxşayırdı, aşağı getdikcə qarlı şırımlar açılırdı. Nəhəng ağ saqqallı bu zirvə Savalan dağı idi.

– Ana, Savalanın zirvəsinə çıxsan hara görünər?

– Sən ora çıxa bilməzsən, oğlum. Çox ucadı.

– De görüm hara görünər?

– Haranı görmək istəyirsən, oğlum?

– Bu yanda Təbrizi, o yanda Dəmir qapı Dərbəndi.

Aləmşahbəyim ağlayırdı. Ceyran gözlərindən – qarası mavi, ağı boynundakı “Emruzi bikr” incisi kimi ağ yaş axırdı. O incinin danələrinə bənzəyən gilələr yuvarlanıb düşürdü. Amma yanaqlarında kədər əvəzinə şuxluq, alnında, çatma qaşları arasındakı düyündə ağrı əvəzinə qürur hissi vardı.

– Niyə ağlayırsan, ana? Qorxursan yıxılam?

– Yıxılmağından qorxmuram, oğul. Sənin Savalana çıxmağını gözlərimin qabağına gətirəndə sevindiyimdən ürəyim kövrəldi.

– Adam sevindiyindən də ağlayarmı, ana?

– Ağlayar, oğlum, ağlayar.

– Onda məni Savalana kimi apar, ətəyinə çatdır, özüm qalxacağam.

Aləmşahbəyimin ürəyi sıxıldı. Qızılgülün əyilmiş yarpağına oxşar dodağını inci parıltılı dişlərinin arasında sıxdı. Qəhər onu boğdu. Sonra bu qəhər əridi, suya çevrildi, ürəyinə axdı elə bil. Daha bu sevincdən deyildi. Özünü zorla ələ aldı. Oğlu onun əlini dartıb cavab istəyirdi.

– Gedərik, oğlum, gedərik.

Aləmşahbəyim qalxdı. Yeddi yaşına qədəm qoymuş oğlu İsmayılın yumşaq, kiçik barmaqlarını ovcuna aldı, kiçik hücrənin qapısına getdi. Hücrənin səkkiz küncü vardı. Hər küncdən tavanın dəbilqə içərisinə oxşayan səqfinə xət gedirdi. O xətlər birləşən yerdən bir qəndil asılmışdı. Qızıl suyu ilə suvarılmış qəndilin səkkiz şamlıq şamdanı vardı. Şamdanlar bir-biri ilə qızılgül yarpaqları və qönçələri ilə birləşmişdi. Bu güllər və yarpaqlar da çox zərifliklə tuncdan tökülmüşdü. Şamdanlardakı şamlar yarıya qədər yanmış, yanlarında üst-üstə qalaqlanmışdı.

Yerə zərif naxışları olan iri xalça salınmışdı. Amma hücrənin alaqaranlığı xalçanın rənglərini boğmuşdu. Xalçanın, qəndilin incəliyi yanında divarların biri-birinə geydirilmiş iri daşları kobud və köntöy görünürdü. O daşlardan soyuq şüalanırdı elə bil. Bu hücrə qalanın quzey tərəfində olduğundan heç vaxt buraya gün düşməmişdi. Pəncərədən süzülən sanki aydınlıq gecənin ay işığı idi.

Ana-bala xalçanın üstündən keçib qapıya qədər getdilər və ayaqlarının səsi eşidilmədi. İsmayılın əynində güllü, xaraya oxşar Gəncə parçasından kaftan vardı. Kaftanda təkcə güllər deyil, əli oxlu, qılınclı, gül budaqlarının arasında görünən gənc döyüşçülər də təsvir edilmişdi. Belində gümüş kəmər parıldayırdı. Qırmızı atlasdan tikilən şalvarının qırışları tərpəndikcə qırmızı parıltı alınırdı. Ayağındakı məstlər isə qızıl saplarla işlənmişdi. Başında ağ çalma vardı.

Hücrənin palıd qapısı yağlanmış kimi parıldayırdı. Çərçivədən iki yerdən qapının eninə paslı, ox ucu şəklində bəndlər uzanırdı. Bu bəndlər yumruq boyda gülmıxla qapıya bərkidilmişdi. Adama elə gəlirdi ki, bu qapını pəhləvanlar var gücləri ilə dartsalar güclə açılar. Amma İsmayıl əlini atan kimi qapı səssizcə açıldı. İçəriyə gün işığı düşdü. Ananın da, oğlunun da gözləri qamaşdı, əllərini qaşlarının üstünə qoymalı oldular. Bu işıq günəşdən deyil, hücrənin qabağındakı daş hovuzdakı sudan əks eləyirdi. Onlar çıxan hücrə tək deyildi. Yan-yana neçəsi vardı. Hamısının da qapısı uzun bir daş eyvana açılırdı. Eyvanın üstü də tağ şəklində hörülmüşdü. Hər hücrənin qabağındakı sütunların arası çatma qaşlar kimi dartılmışdı. Sütunların arasındakı pillələr hovuz olan daş meydana enirdi. Bura kiçik bir karvansaraya da oxşayırdı. Meydanı hücrələr əhatə eləmişdi. Amma burada çox az adam yaşayırdı. Aləmşahbəyim, oğlanları Sultanəli, İbrahim və İsmayılla bura sığınmışdı. Bir də onların xidmətçisi Səkinə. Bu kiçik şəhər-karvansaray onların məhbəsi idi. Quş quşluğuyla buraya səkə bilməzdi. Onları ağızda dil, gözdə gilə kimi qoruyurdular. Amma neçə ilin içində onlar keşikçiləri görməmişdilər.

Hovuzun yanından bürclərin üstünə pillələr qalxırdı. Ana-bala həmin pillələri qalxdılar. Əvvəllər İsmayılın ayağı bir pillədən o birisinə çatmırdı. Anası qolundan dartıb çıxarırdı! On-on iki pilləni qalxıb bürcə çatdılar. Burada donmuş, qurumuş, daş geyinmiş döyüşçülərə oxşayan qala dişləri yan-yana dayanmışdı. Ana-bala onların yanından keçib gəzinməyə başladılar.

Günəş əyilmişdi. Aşağıdakı dərələri, vadiləri, dağları bənövşəyi rəngə çalan kölgə basmışdı. Təkcə qalanın bürclərini və Savalanı günəş işıqlandırırdı.

– Ana, mən darıxıram. Niyə burdan çıxıb getmirik?

– Hara, oğlum?

– Ərdəbilə, evimizə.

– Evimiz yadına gəlirmi?

– Gəlir. Bir ağ at gəlib həyətimizdə ayaqlarını yerə döyüb kişnəyirdi.

Bu sözdən sonra Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü. Artıq onun gözləri, qaşları arasındakı düyün də ağlayırdı. İsmayıl təəccüblə dönüb anasına baxdı.

– Sən niyə ağlayırsan? Atın ayağını yerə döyüb kişnəməsinə görə heç gör adam ağlayar? Mən uşağam, heç ağlamıram...

Ağlayan Aləmşahbəyim – Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, ağlamayan uşaq isə Şeyx Heydərin oğlu İsmayıl idi.

BABA UZUN HƏSƏN, NƏNƏ SARA XATUN,

ATA HEYDƏR SƏFƏVİ...


Gün qüruba əyilmişdi. Kirs dağının üstünə toplaşan qara buludlar biri-biri ilə vuruşan əjdahalara oxşayırdı. Amma o əjdahalarda güc, taqət qalmamışdı. Tökülən qanları özlərini və səmanı qan rənginə boyamışdı. İndi daha yavaş-yavaş, halsız-halsız biri-birlərinə ağız atır, quyruqlarını, qanadlarını uzadıb çəkir, elə bil can verirdilər. Onların arxasında isə nəhəng bir kürədən çıxan, məcməyiyə oxşayan günəş elə bil bu qanlı döyüşdən qorxub Kirs dağının dalında gizlənib yaxasını qurtarmağa çalışırdı.

Uzun Həsən, Govur arxının yanındakı təpədə, çadırının yanında dayanıb bu “döyüşə” baxırdı. O qədər dərin fikrə getmişdi ki, anası Sara xatunun gəlib onun yanında dayan-masını bilməmişdi.

– Sabah yaxşıca yağış yağacaq, oğlum. Uzun Həsən dönüb dolu əndamlı, boy-buxunlu, yerişindən, duruşundan hökm və hikkə tökülən anasına baxdı. O, zərxaradan tuman geyinmişdi. Belində zümrüd qaşlı qızıl kəmər, əynində qanovuzdan köynək, onun üstündən pərəngli, qollarının ağzı və ətəkləri daş-qaşla bəzənmiş güləçə vardı: Yaylığının altından şah tacına oxşar, ondan ensiz, alnını tutan dingə qoymuşdu. Belinə vurduqu sağ əlinin şana barmaqlarında çoxlu üzük parlayırdı. Biləyində isə almasları bərq vuran bilərzik üfüqün qırmızı işığını əks elətdirirdi.

Uzun Həsən anasının geyinib-bəzənməsinə təəccüb elədi. Son iki ildə onu belə körməmişdi.

– Xeyir ola, ana?

– Xeyirdi, ağrın ürəyimə.

Uzun Həsən başını döndərib yenə də buludlara baxdı. “Əjdahalar” artıq əriyir, bozarır, göyərirdilər. Təpədən aşağıda ordugahın çadırları cərgə ilə düzülmüşdü. Amma bu ordugah ona çox kiçik görünürdü, az görünürdü. Arazın o biri tayında dayanmış Teymurləng nəvəsi Sultan Əbu Səidin qoşunundan çox az idi. Meydan müharibəsinə girsə, uduzardı. Amma bu müharibə olmalı idi. Qaraqoyunlu sultanı Cahan şah Həqiqini məğlub eləyib Ağqoyunlulara ölkənin sultanlıq taxtına yol açdığından iki il keçsə də, hələ də kifayət qədər qüvvə toplayıb təzədən babasının tutduğu yerlərə göz tikən Sultan Əbu Səidə qalib gəlmək iqtidarında deyildi.

Babası Fəxrəddin Qara Yuluk Osman bəy Diyarbəkrdə hök-mranlıq edəndə Teymurləngə sədaqət göstərmiş, İldırımla Teymurun Anqara meydan döyüşündə onun tərəfində olmuşdur. İndi üstündən altmış altı il keçəndən sonra nəvələr düşmən kimi üz-üzə dayanmışlar.

– Ana, deyirsən sabah yağış yağacaq?

– Deyəsən, görmədin gün batanda buludlar necə qaralmışdı.

Neçə vaxt idi ki, Qarabağa yağış düşmürdü. Düzənlərin otu qurumuşdu, heyvanlar, atlar otlamağa bir şey tapmırdı. Anası yağışı yad etməklə oğlunun ürəyinə çökən qara fikirləri dağıtmaq, ona yaz yağışı kimi sərinlik gətirmək istəyirdi.

– Ana, belə bəzənib, geyinmək də yağışa görədi? Ya toy var, mən xəbər tutmamışam?

Sara xatun qürurunu pozmadı.

– Ay oğul, ana sənə qurban, nə qədər ki, sən varsan, mən elə toyda, bayramdayam. Nə oldu, elçilər qayıtdı?

– Qayıtdı.

– Nə deyib?

– Deyib ki, tanımıram Uzun Həsəni. Düşmənəm onunla.

– Ay hay... Fərhad ölüb, külüngünün səsi gəlmir. Mən özüm gedəcəm danışığa. İnanmıram sənin göndərdiyin adamlara.

Uzun Həsən anasına tərəf döndü. Anası nə qədər hündürboy olsa da, oğlunun çiyninə də çatmırdı boyu. Üstü tüklü əlləri anasının əllərindən də xeyli böyük idi. Qızıl dəstəkli əyri qılıncının üstünə qoyduğu sol əlinin adsız barmağındakı almas qaşlı üzük də onun barmaqlarını nəcibləndirə bilməmişdi.

– Mən boyda oğulun anası düşmənlə danışığa getsin?

– Bəs Trabzonda Fateh Sultan Məhəmmədlə niyə danışığa getmişdim?

– Onda qohumlarımız dar ayaqda idi. Rəhmətlik imperator dördüncü İohannın qardaşı Davusu xilas eləmək istəyirdik. Goruna lə’nət. Necə ki, oldu. Əlinə dönüm o Fateh Məhəmmədin, yeddi oğlunun özüylə bərabər başını vurdurdu.

Sara xatun oğluna e’tiraz etdi.

– Hər necə olsa qayınatanın qardaşı, arvadın Dəspinə xatunun əmisiydi.

– Arvadımın əmisi olsa da düşmənim Cahan şahın qayınatasıydı.

Sara xatun dolub hirslənmiş oğlunu sakitləşdirmək üçün dedi:

– Onu Fateh Məhəmməd öldürdü, yeznəsini də sən. Keçi öldü, qoturluğu kəsildi. İndi mən Sultan Əbu Səidin yanına gedəcəm. Mənim sözümü yerə salmaz. Yerə salsa da vaxt qazanarıq.

Anasının təklifi oğlunun ağlına batdı. Vaxt qazanmaq. İndi bu vaxt ona hər şeydən irəli idi.

– Hazırlaş, sabah gedirsən. Kimi özünlə götürəcəksən?

– Şeyx Heydəri, sonrasına da baxarıq.

Hava qaralmışdı. Amma göy üzü hələ də açıq idi. Havada uçuşan gecə quşları görünürdü. Uzun Həsən dönüb çadırına girdi. Çadır alaçıq şəklində dəyirmi qurulmuşdu, çox böyük idi. Baş tərəfdə taxt qoyulmuş, çubuqlardan hörülüb üstünə keçə çəkilmiş divarın dibinə döşəkçələr düzülmüşdü. O, başını əyib içəri girsə də alaçığın qapısından asılan örtüyü salmamışdı. Şamların zəif işığı qapıda dayanan iki keşikçidən birinin sağ qoluna geydiyi qalxanın üstünə düşmüşdü. O birisinin silueti isə havanın fonunda aydın seçilirdi.

– Şeyx Heydəri yanıma çağırın.

Xidmətçilər Şeyx Heydərin dalınca gedəndə Sara xatun yanaşı qurulmuş üç çadırdan hansına girəcəyini fikirləşdi. Bu alaçıqlar gəlinlərinin çadırları idi. Birində Canbəyim xatun, ortadakı alaçıqda Səlcuqşahbəyim, üçüncüdə isə Dəspinə xatun yaşayırdı. Böyük gəlinin yanına getmədi. O, hərəmxananın böyük xatunu, şahzadə Uğurlu Məhəmmədin anası idi. Səlcuqşahbəyim xatun isə oğluna iki oğlan doğmuşdu. Sultan Xəlil və Sultan Yaqubu. Üçüncü gəlin Trabzon imperatorları olan Komnenoslardan IV İohannın qızı Feodara idi ki, bu ocağa gəlin gələndə adını dəyişib Dəspinə xatun qoymuşdular.

Sara xatun bir an ayaq saxladı.

“Dəspinə tərsa qızıdır. Onun yanına birinci getməyim yaxşı olar. Özü də qız anasıdır. Bu dünyaya e’tibar yoxdur, bilmək olmaz”.

Sara xatun alaçığa girəndə onu lətif bir ətir iyi vurdu. Yox, bu Şiraz ətri deyildi. Görünür onun Trabzondan qızlıq vaxtı gətirdiyi ətirlərdən idi. Bu axşam saçlarını onunla sirab eləyib ərini gözləyirdi. Amma qayınanasını gördü. Zəriflikdə, qızılı saçlarda, mavi gözlərdə özünə oxşayan qızı Aləmşahbəyimin başını dizinin üstündən götürdü və ayağa qalxdı. Aləmşahbəyim də ayağa durdu və irəli yeriyib nənəsinin əlindən öpdü. Nənəsi də onun alnından öpəndən sonra Bizans ipəyindən tikilmiş pərdənin arxasına keçdi. Sara xatun dayanıb Dəspinə xatuna baxdı. O, başdan ayağa ağ geyimdə idi. Döşləri səmərqənd kağızı kimi ağ tülün altından qızıl gül qönçələri kimi irəli çıxmışdı. Əyninə kip, Bizans üsulunda tikilən donu beldən nazilir, sonra yanlara qalxıb qövs cızaraq aşağıya xalçanın üstünə enirdi. Qulağının üstündən almaslar parıldaşan telbasanla qızılı saçlarını yığmış, o saçların bir hörüyü çiynindən sallanıb budlarına qədər uzanmışdı.

– Sara xatun heyranlıqla ona baxırdı.

– Allah təala sənin bu gözəlliyini mənim oğluma çox görməsin.

– Sağ ol, ana.

Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. Bilirdi ki, o imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkçənin üstündə oturdu.

– Əyləş, qızım. – dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”

Dəspinə xatun da oturdu.

– Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma qızım, hökmdar zövcəsi gərək hər bəd xəbərə dözümlü olsun.

– Nə olub?

– Heç nə olmayıb. Ola bilər.

– Nə?


– Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da... Teymur nəvəsi Sultan Əbu Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum döyüşdə uduzsa biz hamımız əsir oluruq.

– Yox, ana, mən əsir olan deyiləm.

– Sağ ol, qızım. Çingizlə Xərəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da ağır bir gündəydi. Qarşısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri. Hərəmləri ələ düşməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada çay Arazdı, o da bir az aralıdı.

Sara xatun barmağından bir üzük çıxarıb Dəspinə xatuna verdi.

– Qapı açılır. Görsək ki, düşmən güc gəlir, onda bu qaşın içindəki süleymaniyyə zəhəri köməyimizə çatar. Ölüm haqdı. Döyüşdə ər ölürsə, o qəhrəmandı. Arvadı da onunla bərabər ölürsə, o da namus qəhrəmanıdır.

Dəspinə xatun üzüyü aldı, qaşına baxdı.

– Ana, bu üzükləri çoxdan saxlayırsan?

– Çoxdan. Fateh Sultan Məhəmmədlə danışığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim artdıqca da düzəltdirmişəm.

– Gecən xeyrə qalsın, qızım. Deyir axşamın xeyrindən səhərin şəri yaxşıdır.

Sara xatun əlini yerə dayaq verib qalxana qədər çinar boylu Dəspinə xatun ayaq üstündə idi. Sara xatun əllərini göyə qaldırdı.

– Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə.

– Amin, - deyə Dəspinə xatun ona səs verdi. Amma bu “amin“də” duadakından daha böyük bir kədər, yalvarış və titrəyiş vardı.

Uzun Həsən anasının “Şeyx Heydərlə gedəcəyəm” deməyinin mə’nasını tez almışdı. O, xəbər tutmuşdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki Şeyx Səfiyyəddin pirində ziyarət etmiş, oraya böyük nəzir-niyaz vermişdi. Hazırda həmin pirin şeyxi Şeyx Heydərdi. Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiş, onlardan Heydər dünyaya gəlmişdi. Cüneydi Şirvanşahlar öldürəndən sonra Heydəri dayısı Uzun Həsən böyütmüşdü.

Alaçığa ruhanilər kimi uzun əba geyib başına ağ çalma qoymuş Şeyx Heydər girdi. Dayısına tə’zim eləyib:

– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırışınızla gəlmişəm, dediyinizə müntəzirəm.

Heydər o zaman on dörd, on beş yaşında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil təhsil almışdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də atası Cüneydin üzünü görməsə belə onun yolu ilə getmiş, şiəliyi, səfəvilərin batin elmini də öyrənmişdi.

– Gəl otur.

O, dayısının göstərdiyi yerdə bardaş qurub oturdu. İri ağıllı gözlərini dayısına dikdi.

– Eşidirəm.

– Məsələdən yəqin ki, xəbərdarsan?!

– Bəli.

– İndi bizə vaxt qazanmaq, Sultan Əbu Səidə nə vasitə ilə olur-olsun tə’sir köstərmək lazımdır. Sabah tezdən, Allah qoysa sübh namazından sonra nənən Sara xatunla Əbu Səidin ordugahına gedirsən. Sənin getməyin çox vacibdi. Əmir Teymur sizin ocağa bağlı olub. Əbu Səid sənə e’tinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. Yox, bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, İldırıma, Teymura qalmayan dünya bizə də qalmayacaq. Ağılsızlıq ucundan ölənlər bu saydıqlarımın heç biri olmur. Biz Sultandan gücsüzük. Ondan bir qışı Qarabağda qalmağa rüsxət alsaq, Allah qoysa yazda qoşun toplayıb öhdəsindən gələrik. Elə belə də deyərsiniz. Deyərsiniz, qışı Qarabağda qalaq, yazda köçüb ata-baba yurdumuz Diyarbəkrə, Amidə gedərik. İndi tərpənsək, yolda mal-heyvanımız qırılar. Fikrim sənə aydın oldu, bacıoğlu?



– Bəli, gün kimi, hələ bir çox mətləblər var ki, onları da mən əşyayi-sübut kimi gətirib Sultanın fikrini döndərməyə çalışaram, inşallah.

Onlar söhbət elədikləri müddətdə Sara xatun böyük hərəm Canbəyim xatuna da üzüyü verib Səlcuqəşahbəyim xatunun çadırına girmişdi.

Səlcuqəşahbəyim xatun uzanıb yorğanı da başına çəkmişdi. Sara xatun gələndə kəniz onu oyatdı. O, qalxdı, saçları pırtlaşmışdı, çox yatdığından gözlərinin altı da şişmişdi.

“Ya oğlanlarına arxayındı, ya da oğlumdan əlini üzüb, onu gözləmir. Axşamnan yatıb heç nədən də xəbəri yoxdur”

Səlcuqəşahbəyim iri döşləri, ətli əndamı, ağbəniz çöhrəsi olan gəlin idi. Amma Sara xatun onu həmişə qaraqabaq görərdi. İndi də onunla heç bir zarafat eləmədi, xoş söz demədi.

Səlcuqəşahbəyim qalxıb gecə köynəyində qayınanasına yaxınlaşdı, onun əlindən öpdü. O, oturandan sonra özü də oturdu. Sara xatun dinməmiş özü başladı:

– Ana, bir şirin yuxu görürdüm. Görürdüm ki, göydə Günəşlə Ay yaxınlaşıb, bunlardan biri oğlum Xəlilə, o birisi Yaquba oxşayır. Bir də görmüşəm ki, rəmmal gəlib, buna rəml atdırıram. Deyir o Günəş ki var, tacdı...

Sara xatun əlini dodaqlarına qoydu.

– Sus! Hələ bu ölkənin günəşi batmayıb ki, burnu selikli oğlunun başına tac qoyasan.

– Mən elə demədim, yuxumu danışdım. Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə dəyişəcək, biz hamımız gedəcəyik, Allah eləməsin sahibimizin başından bir tük əskik olsun. Olur da, yə’ni mənim bu gül balalarımın başına...

– Ayıbdı, Səlcuqəşahbəyim. Mənim oğlumun düşməni elə onun evinin içindəymiş ki. Al bu üzüyü, qaşında zəhər var.

– Mənə zəhər verirsən? Bir səhvdi elədim, ağlım kəsmədi. Səlcuqəşahbəyim Sara xatuna tərəf dizin-dizin süründü.

– Sal, barmağında saxla, mən içəndə sən də içəcəksən.

Sara xatun hirslə dönüb ağır-ağır alaçıqdan çıxdı.

Torağaylar millənib göyün üzündə oxuyurdular. At belində oturan Sara xatun başını qaldırıb baxdısa da, onu görə bilmədi. Onunla yanaşı at sürən Şeyx Heydərə döndü:

– Bu torağay oxumağı xeyirliyədi, ya ziyanadır?

– Xeyirliyə olar, nənə.

Hava işıqlaşar-işıqlaşmaz yola düşmüşdülər. Qaradonlu yanında Arazı bərəylə keçmiş, Əbu Səidin Qızıltəpə yanında dayanan ordugahına yan almışdılar. Bir az da gedəndən sonra Əbu Səid döyüşçüləri onların qarşısına çıxdı.

– Kimsiniz, hara gedirsiniz?

– Elçiyik. Sultanın yanına gedirik.

Sara xatun qara çin xarasından çarşaf örtmüşdü. O, belə səfərə çıxanda mütləq çadra örtərdi. Özgə vaxt çadra nə olduğunu bilməzdi.

– Bu zənən xaylağı da elçidir? – Dəstə başçısının ki-nayəsinə Şeyx Heydər cavab verdi:

– O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi başçı.

Başçı əlini döşünə basıb tə’zim elədi. Sonra da başını qaldırıb qadına baxdı. Sara xatun barəsində çox eşitmişdi. Onunla Fateh Sultan Məhəmmədin danışıqlarından da xəbəri vardı. İndi elə bil çadralı qadına yox, atlı, çadralı, yanındakı çalmalı gənclə bərabər göydən enən məleykəyə baxırdı.

Sara xatunun da, Şeyx Heydərin də atları dayanmışdı. Çünki onların qabağını beş nəfərlik bir dəstə kəsmişdi. Hamısı da quruyub qalmışdı. Nə edəcəklərini bilmirdilər.

Sara xatun sifətini açıb onlara baxdı və dedi:

– Kişi qadının yolunu kəsməz. Mən Sultanla danışığa gedən hökmdar anasıyam.

Onlar tez yoldan çəkildilər və onları müşayiət eləməyə başladılar.

Uzaqdan Qızıltəpə görünəndə başçı onlardan yavaş-yavaş gəlməyi rica edib özü atını ordugaha çapdı.

Qızıltəpə ətrafı su dolu çuxurla əhatə olunmuş bir hündür, bir də alçaq təpədən ibarət idi ki, monqollar bu kiçik qalanı dağıdıb yerlə yeksan etmişdilər. Təpənin üstündə keşikçilər qaralırdı. Amma ordugah aşağıda salınmışdı və göz işlədikcə çadırlar düzülmüşdü. At kişnərtisi düzləri başına götürmüşdü. Hardansa qalxana dəyən qılınc səsi gəlirdi. Görünür məşq keçirdilər. Sara xatun görürdü ki, sultanın qoşunu oğlununkundan xeyli çoxdur.

Bir dəstə atlı ordugahdan çıxıb onlara tərəf çapırdı.

Yolun sağında onlardan az aralıda iri, nəhəng Hindistan fili dayanıb xortumunu yellədir, at kimi elə bil milçəyini qovurdu.

– Fili görürsənmi, ay nənə?

– Görmüşəm, ay bala. Teymur Anqaraya bunlardan düz otuz səkizini gətiribmiş. Rəhmətlik anam danışardı. Mən fili sonralar gördüm.

– İndi də Əbu Səid bizim üstümüzə fillə gəlib.

– Özünü qorxuzma. Allah kərimdi.

Dəstə çatdı, onları salamladılar. Özləri atdan düşdülər. Hökmdar sarayına bir ox mənzili qalmış atdan düşüb piyada getmək adət idi. Şeyx Heydər atdan düşüb nənəsinə də kömək eləmək istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxşayan razı olmadı.

– Sara xatun atdan düşməyəcək.

Sara xatunun atının yüyənindən tutub Sultan çadırının yanına qədər apardılar. Orada üzəngini basdılar, bu yaşlı, kök qadın çox yüngüllüklə atdan düşdü, çadrasını düzəltdi, bayaqkı adama baxdı.

– Buyurun, Sultan səni elə indi qəbul eləyir.

Ə’yan onlardan əvvəl çadıra girib diz çöküb tə’zim elədi, torpağı öpəndən sonra başını qaldırıb Sara xatunun gəldiyini xəbər verdi.

– Buyursun. Kişilər qorxularından gizlənib, arvadları qabağa veriblər... Bu sözü yavaş dedi ki, eşitməsinlər

Əyan qayıdıb onları içəri çağırdı. Şeyx Heydərə tapşırdı ki, əyilib torpağı öpsün. Heydər ona narazılıqla baxdı. Ə’yan bu baxışı gördü.

– Mən deyənə bax.

Heydər dinmədi.

Sara xatun başını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxşayırdı. Dirəkləri də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi kimi qızıldan idi. İçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaşa eləsin. Sultan Əbu Səid özü sadə geyinmişdi. Amma belə deyilmiş. O, altdan zireh qurşamış, üstündən xələt geymişdi. Xələti zirehin üstündən geyirdilər ki, günəş zirehi qızdırıb yayın istisində yeddi-səkkiz saatlıq vuruşmada onlara əziyyət verməsin.


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin