Bir təşkilat daxilində sənəd dövriyyəsinin avtomatlaşdırılması. İnternet və intranet vasitəsi ilə istifadəçilərin işini, işgüzar proseslərin idarəolunmasını, sənədlərin həyat dövrünün və versiyalarının yararlılığını, informasiyaya çıxış hüquqlarının dinamik idarə olunmasını tamamilə təmin edir.
Dövlət təşkilatları arasında sənəd dövriyyəsi milli şifrləmə standartlarından və məlumatların ötürülməsinin vahid standartlarından istifadə etməklə sənəd mübadiləsini, qarşılıqlı işgüzar prosesləri təmin edir.
Dövlət hakimiyyət orqanlarının kollektiv işinin planlaşdırılması layihənin vahid işçi məkanmı formalaşdırır və işgüzar prosesin şəbəkə planlaşdırılmasını, işçi qrupların yaradılmasını, icraya nəzarəti, işçi qrupların telekonfranslarının keçirilməsini təmin edir.
Dövlət informasiya portallarının yaradılması ayrı-ayrı dövlət idarələrinin, təşkilatların və hakimiyyət orqanlarının fəaliyyətini işıqlandıran məlumat xarakterli və normativ informasiyaların, həmçinin müxtəlif təşkilatların sistemlərinin birləşmiş informasiya resurslarının mərkəzləşdirilmiş qaydada idarə olunan vahid sistem çərçivəsində verilməsini nəzərdə tutur ki, bu zaman həmin informasiyaların hər birində əlavə düzəlişlərin edilməsinə icazə verilmir və bilavasitə məsul şəxslər tərəfindən standart şablonların doldurulmasından sonra bu informasiyaların qeyri-mərkəzləşdirilmiş qaydada nəşrinə imkanların verilməsi nəzərdə tutulur.
Vətəndaşların və təşkilatların müraciətlərinin işlənilməsi təşkilati və təşkilatlararası elektron sənəd dövriyyəsi sistemləri çərçivəsində vətəndaşların və təşkilatların internet vasitəsi ilə daxil olan müraciətlərinin işlənilməsi proseslərinin avtomatlaşdırılmasını təmin edir və bu zaman ərizənin işlənilməsinin standart marşrutunu və təşkilat, idarə, orqan daxilində onun iş reqlamentinə uyğun olaraq əlavə olunan sənədlər paketinin yaradılmasını, həmçinin sənədlər paketinin hərəkətinin internet vasitəsi ilə monitorinqini təşkil etməyə imkan verir.
İKT-dən istifadə etməklə dövlət hakimiyyət orqanları ilə vətəndaşlar arasında səmərəli qarşılıqlı fəaliyyətə şərait yaratmaq üçün aşağıdakı vəzifələrin həll olunması tələb olunur:
dövlət tərəfindən cəmiyyətə təqdim olunan informasiyanın həcminin maksimal dərəcədə genişləndirilməsi;
vətəndaşlara dövlət xidmətlərinin vətəndaşlar üçün ən əlverişli formalarda göstərilməsinin səmərəli sisteminin yaradılması;
dövlət orqanlarının və təşkilatlarının fəaliyyətinə ictimai nəzarət mexanizmlərinin formalaşdırılması.
Bu vəzifələrin həlli aşağıdakı prinsiplərə əsaslanmalıdır:
açıqlıq, informasiyanın tamlığı, dövlət orqanlarının fəaliyyətinin şəffaflığı;
dövlətlə vətəndaşlar arasında əks-əlaqələrin yaranması və qarşılıqlı fəaliyyətin inkişafı üçün şəraitin təmin olunması.
İnteqrasiya olunmuş elektron sistemlərin resurslarına gündəlik müraciət istifadəçilərdən hansısa xüsusi bilik və vərdişlər tələb etməməlidir. Hazırlıq səviyyəsindən asılı olmayaraq hər bir vətəndaş hakimiyyət strukturlarının nümayəndələrinə müraciət etmək imkanına malik olmalıdır.
Dövlət hakimiyyət orqanlarının işinə informasiya texnologiyalarının tətbiqi bu orqanların fəaliyyəti haqqında informasiyanın həcminin genişlənməsinə, cəmiyyət üçün dövlətin informasiya şəffaflığının və açıqlığının təmin olunmasına imkan verəcəkdir.
Dövlət idarəçiliyində İKT-nin tətbiqi ilə əlaqədar informasiya axınlarının artması və yüksək texnologiyalı istehsal bu proseslərə geniş kommunikativ bacarıqlara və vərdişlərə malik yüksək ixtisaslı icraçıların cəlb olunmasını tələb edir. Bu məsələni həll etmək üçün vahid informasiya-təhsil mühiti yaradılmalıdır. Bununla yanaşı İKT sahəsində peşəkar təhsilin təkmilləşdirilməsi, onun məzmun və struktur baxımdan yeniləşdirilməsi, təlim prosesinin müasir maddi-texniki bazasının formalaşdırılması tələb olunur.
Qeyd edək ki, son dövrlərə qədər Azərbaycanda dövlət idarəetmə və hakimiyyət orqanlarının, təsərrüfat subyektlərinin, vətəndaşların informasiya təminatı aşağı səviyyədə idi. İnformasiyaya çıxış imkanları onun sahə mənsubiyyəti ilə məhdudlaşdırılırdı. Əhalinin böyük əksəriyyəti informasiyanı ənənəvi formada - nəşr materialları, radio və televiziya vasitəsi ilə əldə edirdi. Mövcud informasiya-kommunikasiya sistemləri əsasən dövlət orqanlarının maraqlarına xidmət edirdi və bu sistemlər arasında bir qayda olaraq qarşılıqlı fəaliyyət mövcud deyildi. İnformasiya xidmətləri və resursları respublika ərazisində qeyri-bərabər paylaşdırılmışdı. Bütün bunlar isə öz növbəsində işlərin təkrarlanmasına, sistemlərin işlənib hazırlanması və istismarına çəkilən xərclərin artmasına səbəb olurdu. Bütün bu problemlərin aradan qaldırılması üçün 17 fevral 2003-cü il tarixdə “Azərbaycanın inkişafı naminə informasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” qəbul olunmuşdur. Strategiyada və onun əsasında hazırlanmış proqramlarda “elektron hökumət” layihəsinin reallaşdırılması nəzərdə tutulmuşdur ki, onun məqsədləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Dövlət idarəetmə orqanlarında və yerli özünüidarəetmə orqanlarında İKT-nin geniş tətbiq və inkişaf etdirilməsi;
Vətəndaşların, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyində iştirakı üçün uyğun şəraitin yaradılması;
İKT-dən istifadə etmək vasitəsi ilə siyasi sistemin müxtəlif hissələri arasında əməkdaşlığın gücləndirilməsi;
Dövlət qulluqçularının İKT sahəsində biliklərinin müntəzəm artırılması üçün mexanizmin işlənib hazırlanması və reallaşdırılması;
Dövlət idarəetmə orqanlarında və təşkilatlarında elektron sənəd dövriyyəsinin geniş tətbiqi;
Vətəndaşlara informasiya xidmətlərinin göstərilməsi, tematik, sahə, regional informasiya resurslarının, dövlət avtomatlaşdırılmış sistemlərinin yaradılması;
İKT-nin seçki proseslərində tətbiqinin inkişaf etdirilməsi.
Azərbaycanda artıq bütün dövlət idarəetmə orqanlarında daxili şəbəkələrin yaradılması və dövlət orqanlarının, təşkilatlarının internet şəbəkəsinə qoşulması, dövlət orqanlarında aralıq sənədlərin və əlavə informasiyaların ləğvini həyata keçirən və əsas informasiyanın kompüterin yaddaşında saxlanılmasını təmin edən informasiya sisteminin və ümumrespublika verilənlər bazasının yaradılması, idarəetmə proseslərinin proqnozlaşdırılması zamanı kompüterin imkanlarından istifadə olunması sahəsində işlər sürətlə həyata keçirilməkdədir.