Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi: -məktəbəqədər təhsil xidmətlərinə tələbatın təmin edilməsi baxımından ölkə
üzrə orta göstəricilərə uyğun olmayan yaşayış ərazilərində dövlət vəsaitləri hesabına
məktəbəqədər təhsil müəssisələrinin yaradılması, qeyri-dövlət mənbələrdən bu
sahəyə investisiya qoyuluşunun mərkəzi və yerli hakimiyyət orqanları, yerli
özünüidarəetmə orqanları (bələdiyyələr) tərəfindən dəstəklənməsi;
-məktəbəqədər təhsilin təşkilati diversifikasiyası vasitəsilə ictimai təlim-
tərbiyənin müxtəlif sosial təbəqələr üçün əlçatan olmasının gerçəkləşdirilməsi;
-məktəbəqədər təhsil müəssisələrində qısamüddətli və çevik vaxt cədvəli üzrə
yerləşdirilməsinə əsaslanan yeni məktəbəqədər təhsil formalarının təşkili;
-inklüziv təhsilə cəlb olunan məktəbəqədər təhsil müəssisələrinin işinin
səmərəli qurulması;
-məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların ailə şəraitində təlim
keçmələri üçün valideynlərə tədris-metodiki köməklik göstərilməsi (mövcud uşaq
bağçaları və orta məktəblər bazasında məktəbəqədər məsləhət-metodiki mərkəzlərin
yaradılması, ailə şəraitində təlim alan uşaqlar üçün xüsusi proqram və vəsaitlərin
işlənilməsi, valideynlər üçün seminar və treninqlərin təşkil olunması və s.);
-bazar münasibətləri şəraitində müasir məktəbəqədər təhsil xidmətlərinin
aztəminatlı ailələr üçün əlçatan olmasını təmin etmək məqsədi ilə ünvanlı dövlət
sosial yardım sisteminin müvafiq istiqamətdə təkmilləşdirilməsi;
-ödənişli məktəbəqədər təhsil xidmətlərinin ödənilməsi üzrə valideynlərə
vergi güzəştləri mexanizmlərinin tətbiqi;
-ölkə üzrə icbari məktəbəqədər təhsilin tətbiqi imkanlarının araşdırılması və
bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi;
-məktəbəqədər təhsillə əhatə səviyyəsinin daha da yüksəldilməsi, bu sahədə
beynəlxalq təcrübənin tətbiqi, müasir model və mexanizmlərin işlənib hazırlanması.