Dənli yemlər –. Dənli yemlərin tərkibində zibil qarışığı 0.5 %, qaramuq otu 0.1%, sürmə və qaraçor 0.15%, ala – acı yonca 0.04% ola bilər. Çürüntülü iyi, qaralmış qabığı, qəhvəyi rəngdə endospermi və çox miqdarda ammonyakı olan dənli yemlər heyvanların yemləndirilməsində istifadə edilmir. Cecə və yağsızlaşdırılmış cecə - Azərbaycanda cecə və yağsızlaşdırılmış cecələrdən pambıq, günəbaxan, arpa, ümumiyyətlə isə maldarlıqda raps, yağçiçəyi, türpəng, kətan cecələri və s. istifadə olunur. Pambığın yağsızlaşdırılmış cecəsində azad qossipolun miqdarı 0.1% - dən (1000 mq/kq) artıq olmamalıdır
Qarışıq yemlər zülal – vitamin əlavələri keyfiyyətli xammaldan hazırlandıqda və səmərəli istifadə edildikdə heyvanların sağlamlığına heç bir təhlükə yaratmırlar..
Heyvanlar üçün təhlükə yaradan amillərdən biri də yemlərdə çox miqdarda azot turşusunun duzlarının (nitratlar KNO3 və nitritlər KNO2) toplanmasıdır. Bu toplanma torpağa bir dəfədə hektara 60 kq-dan artıq, il ərzində isə 150 kq-dan artıq azot gübrəsi verdikdə və ya yağmurlu yay aylarında, quraqlıq olduqda çoxlu miqdarda torpağa donuz və quş peyini verdikdə əmələ gəlir.
SUYUN KEYFİYYƏTİ
Heyvanların içməli suyu müəyyən edilmiş Dövlət Standartlarına və Dünya Sağlamlıq Təşkilatının göstəricilərinə uyğun olmalıdır. Dünya Sağlamlıq Təşkilatının (1995) normativlərinə uyğun olaraq içməli suyun tərkibində (mq/l-ə): barium 0.7, bor 0.3, kadmium 0.003, manqan 0.1, mis 2, molibden 0.07, mərgümüş 0.07, nikel 0.02, nitratlar 50, nitritlər 3, ümumi civə 0.001, qurğuşun 0.01, selen 0.01, sürmə 0.05, ftor 1.5, xrom 0.05, sianidlər 0.07 və dəmir 0.03 olmalıdır
İçməli suda pestisidlərin miqdarı dəqiq göstərilməlidir. Məsələn aldirinin miqdarı 0.03 mkq/l – dən arıq olmamalı, heptaxlor və onun ttörəmələrinin miqdarı 0.03 mkq/l - ə DDT 2 mkq/l - ə, karbofos 5mkq/l-ə, lindan 2mkq/l olmalıdır.Suda kimyəvi elementlərin miqdarının qiymətləndirilməsində aşağıdakı göstəricilər nəzərdə tutulmalıdır.
TÖVLƏLƏRİN MİKROİQLİMİ
Heyvanların xəstəliklərinin əksəriyyəti tövlələrdə mikroiqlimin zoogigiyeniki göstəricilərinin (hərarəti, nisbi nəmliyi, zərərverici qazların – karbon, ammonyak, hidrogen sulfid olması, mikrob və tozla çirklənməsi, havanın sürətinin) gözlənilməməsidir. Qış aylarında heyvanların gəzintiləri gündüz, yay aylarında isə səhər tezdən və axşam saatlarında təşkil olunur. İsti hava olan bölgələrdə heyvanları isti, gün vurmamaq üçün saat 12 – 18 – dək gəzintiyə buraxmaq olmaz..
. Daxili xəstəliklərin ümumi profilaktikası orqanizmin rezistentliyini artıran, xəstəliyi əmələ gətirən səbəbləri aradan qaldıran sağlamlıq və qoruyucu kompleks ədbirlər sistemidir.
DİSPANSERİZASİYA
Heyvanların xəstəliklərinin ümumi profilaktikasının əsasını dispanserizasiya təşkil edir. Dispanserizasiya – yüksək məhsuldar, sağlam heyvan naxırı (sürünün) yaradılmasına yönəlmiş profilaktiki və müalicəvi tədbirlərdən ibarət planlı sistemdir.
Dispanserizasiya – diaqnosika, müalicə və profilaktika mərhələlərindən ibarətdir.
Dispanserizasiyanın diaqnostik mərhələsi: - Bu mərhələdə heyvanların təsərrüfat istismarının təhlili – heyvanların cinsi, yaşı, məhsuldarlığın hesaba alınması müəyyənləşdirilir.
Yemləmənin təhlili – yemləmənin tipi, səviyyəsi, sayı, yemlərin keyfiyyəti və laborator müayinələr əsasında (yemlərdə protein, karbohidratlar, karotin, Ca, P, K, Na, mikroelementlər) tərkibi müəyyənləşdirilir.
Saxlama şəraitinin təhlili – tövlələrin vəziyyəti, işıqlandırma və ventilyasiya səviyyəsi, nəmliyi, döşəmənin vəziyyəti, gəzintinin xarakteri, dezinfeksiyanın əsaslı surətdə aparılması və s. təhlil edilir.
Maddələr mübadiləsinin təhlili – son iki il ərzində qanın, südün və sidiyin laborator müayinələri əsasında aparılır.
Naxırda sindromatikanın təhlili –. Burada heyvanların son illər ərzindəki süd məhsuldarlığı, heyvanların kütləsinin tərəddüdü, yemlərlə təmin olunması, körpə heyvanların xəstəliklərinin, qısırlığın, doğum parezinin, endometritlərin, mastitlərin, asidoz, alkaloz və ketozun, hipovitaminozların mövcudluğu, heyvanların vaxtından əvvəl çıxdaş edilmə səbəbləri, törədici buğaların keyfiyyəti müəyyənləşdirilib hesaba alınır.
Laborator müayinələri: Qanın, sidiyin və südün müayinələri hökmən aparılmalıdır Damazlıq təsərrüfatlarında və süni mayalanma məntəqələrində nümunələr inəklərin 30 – 40 % - dən, düyələrin və törədici buğaların hamısından götürülür. Sidik nümunələri naxırın 10 – 15 % - dən götürülür. Qalan təsərrüfatlarda qan, sidik və südün nümunələri heyvanların 5 – 15 %- dən götürülür.
Qanın müayinəsi: İribuynuzlu heyvanların qanında hemoqlobinin, leykositlərin, qan serumunda ümumi zülalın, kalsiumun, fosforun və karotinin, qanın plazmasında isə qələvi ehtiyatının miqdarı təyin edilir. Sidiyin müayinəsi: Sidikdə onun sıxlığı (xüsusi çəkisi), reaksiyası (pH) təyin olunur. Keton cisimlərinin, urobilinin, zülalın (keyfiyyər reaksiyası) olması yoxlanılır..
Südün müayinəsi: Təzə sağılmış süd nümunələrinin müayinəsi əsas etibarı ilə ketoz və mastitlərin aşkar olunması üçün aparılır. Keton cisimlərinin miqdarını keyfiyyət reaksiyası ilə (reaktiv Lestrade) müəyyənləşdirilir.
Heyvanların saxlanması, yemlənməsi və istismarının təhlili..
Yemləmənin təhlili.
.Klinik və laborator müayinələrin nəticələri.
Aparılan müayinələrdən sonra kliniki – laborator göstəricilər əsasında heyvanlar 3 qrupa bölünür:
Kliniki sağlam – maddələr mübadiləsində pozğunluq olmayan heyvanlar
Kliniki sağlam, ancaq laborator göstəricilərində dəyişiklik olan heyvanlar
Xəstə heyvanlar
. Dispanserizasiyanın nəticələrinə aid akt rəhbərliyə təqdim olunur və istehsalat müşavirəsində müzakirə edilir.
Xəstəliklərin otlaq dövründə profilaktikası. Heyvanların otlaq şəraitində saxlanması maldarlığın inkişafında mühüm rol oynayır. Heyvanları otlaq şəraitində saxladıqda yemlərin qiyməti 50%, bir sentner süd üçün isə xərclər 18% aşağı düşür. Təbii otlaqlarda otun hündürlüyü 8 – 12, süni otlaqlarda isə 10 – 20 sm olmalıdır.. Azot gübrəsindən ammonium şorası hər hektar otlaq sahəsinə 150 – 200 kq hesabı ilə iki hissədə verilməlidir. Hər hektara miqdarı 240 kq – dan artıq olmamalıdır. hər hektara 15 – 17 ton hesabı ilə peyin şirəsinin verilməsi məqsədəuyğun hesab olunur.
. Torpağa peyin şirəsinin verilməsi otlaqların sanitar vəziyyətini pisləşdirir, otlaqlarda nitrat və nitritlərin toplnması gedir. Belə hallarda heyvanlar otlaqlara buraxıldıqda birinci 110 – 15 gün ərzində maqnezium çatışmazlığı və işgənbənin timpaniysının profilaktikası məqsədilə onlara qaba yemlərin verilməsi daha məsləhətdir.
HEYVANLARIN DAXİLİ XƏSTƏLİKLƏRİNİN ÜMUMİ PROFİLAKTİKASININ NƏZƏRİ VƏ TƏŞKİLİ ƏSASLARI
Daxili xəstəliklərin profilaktikası – sağlam, yüksək məhsuldar və rezistentli, möhkəm konstitusiyaya malik, yüksək səviyyədə maddələr mübadiləsi olan heyvanlardan ibarət naxır (sürü) yaratmaq tədbirlər sistemidir
.
Mövsümi ritmiklik. Heyvan orqanizmində gedən gedən bütün fizioloji proseslər ritmik olub ilin fəsillərindən asılı olaraq dəyişir. ritmikliyində gedən dəyişikliklərin vaxtında müəyyən edilməsi maddələr mübadiləsi pozğunluqlarının subklinik formasını müəyyən etmək üçün çox vacibdir.
Yaş ritmikliyi. Bala ana bətnində olduqda, doğulduqdan sonra, yaşla əlaqədar orqanizmdə fizioloji proseslərin dəyişməsinin profilaktika və müalicə işlərinin təşkilində rolu çox böyükdür.
Muhazirə №- 2
Heyvanların daxili xəstəliklərinin ümumi müalicəsi (terapiyası)
PLan
1.-Baytarlıq terpiyasının prinsipləri
2. Baytarlıq terapiyasının metod və vasitələri
3.-İxtisaslaşdırılmış maldarlıq təsərrüfatlarında mualicə və profilaktika tədbirlərinin aparılması.
4.-Qoyunçuluq təsərrüfatlarında daxili xəstəliklərə qarşı aparılan mualicə və profilaktika tədbirləri.
Heyvanların yoluxmayan daxili xəstəliklərinin müalicəsi digər xəstəliklər kimi məqsədəuyğun və elmi əsaslarla aparıldıqda yaxşı nəticə verir. müalicənin əsas məqsədi – heyvanın tam sağalması, məhsuldarlığının bərpası və tam dəyərli məhsulun alınmasıdır. Müasir baytarlıq terapiyasının əsas prinsipləri – profilaktiki və fizioloji kompleks və aktiv olması, birdə ki, iqtisadi səmərəlilik prinsipidir.
Profilaktiki prinsip. Müasir dövrdə ixtisaslaşdırılmış təsərrüfatlarda sənaye texnologiyası şəraitində bu əsas prinsipdir. Burada, xırda fermalarda və fərdi təsərrüfatlarda aparılan müalicə işlərindən fərqli olaraq fərdi müalicə ilə birgə, qrup şəklində aparılan müalicə xüsusi əhəmiyyət kəsb edir. Gizli formada keçən xəstəliklər müəyyən olunduqdan sonra qrup şəklində müalicə tədbirləri konkret olaraq hansısa bir qrup (bir sex) məsələn, iri buynuzlu heyvanların müalicəsi – ketoz və osteodistrofiya xəstəliyində, zülal və karbohidrat çatışmazlığında, buzovların kəskin mədə - bağırsaq pozğunluqlarında, kütləvi repirator xəstəlikləri zamanı (məslən, aerozolterpiya), donuzlarda hipovitaminozlar və xora xəstəliyi, qoyunlarda ketoz və bazoar xəstəliyi və s. heyvanlar üzərində aparılır. qrup şəklində aparılan profilaktiki terapiya adətən sənaye və yerli istehsalatda buraxılan vasitə və preparatlardan istifadə edilir. Bunlardan, dietik yemlər, premikslər, vitamin və mikroelement əlavələri, yem təbaşiri, siolit, sümük unu, vitamin preparatları və s. göstərmək olar. Bu məqsədlə fizioterapevtiki üsullardan: ultrabənövşəyi şüalar, heyvanların isidilməsi, çimizdirilməsi, gəzinti və s. istifadə edilir. Qrup şəklində aparılan müalicə bəzi funksiyaların və sağlamlığın bərpasından əlavə yeni xəstəliklərin əmələ gəlməsinin də qarşısını alır. Məsələn, inək və camışlarda ketoz xəstəliyi zamanı qaraciyərin patologiyasını, doznuzlarda hipovitaminozları və xora xəstəliyini və s. göstərmək olar.
Fizioloji prinsip. Orqanizmdə gedən fizioloji prosesləri dərindən bilərək planlı şəkildə müalicənin aparılmasını nəzərdə tutur. Terapiyanın empirizmə söykənən qeyri - ənənəvi növlərindən (homeopatiya, xalq baytarlıq təbabəti) fərqli olaraq müasir terapiya fizioloji mexanizm biliklərinə söykənir. Hər bir konkret müalicə orqan və sistemin fiziologiyası əsasında aparılır. Məsələn, mədə - bağırsaqların iltihabı ilə keçən xəstəliklərin müalicəsində dərman preparatları və dietanı, selikli qişaların funksiyasını, mədə, pankreatik və bağırsaq şirəsinin ifrazatını, ödün ayrılmasını, peristaltikanı, həzm prosesinin getməsini nəzərə alaraq təyin edirlər.Tənəffüs sistemi orqanlarının iltihabı ilə keçən xəstəliklərin müalicəsi bronxların və alveolların eksudatdan təmizlənməsi və qaz mübadiləsinin bərpasına yönəlir. Terapiyanın fizioloji prinsipi ondan ibarətdir ki, orqanizm özünü müxtəlif zərərli təsirlərdən qoruyaraq sistemlərdə pozulmuş funksiyanı bərpa etsin. Bu prosesdə orqanizm fizioloji funksiyalarda (faqositoz, hüceyrə və humoral immuniteti, sekretor, fermentativ, tənəffüs, hormonal funksiyaların güclənməsi və normallaşması) səmərəli istifadə edir. Orqanizmin fəaliyyətində fizioloji proseslər müdafiə xarakteri daşıyır. Onlar orqanizmi xarici mühitin mənfi təsirlərindən qoruyaraq müvazinətin pozulmasına imkan vermir. Müdafiə xarakteri daşıyan funksiyalar fizioloji olaraq orqanizmi patoloji proseslərdən qoruyur.Fizioloji terapiyanın əsas şərtlərindən biri də tətbiq olunan müalicə vasitələrinin orqanizmin müdafiə əhəmiyyətli fizioloji reaksiyalarına stimuləedici təsir göstərməsidir.Bu terapiyanın tələblərindən biri də ondan ibarətdir ki, istifadə edilən müalicə metod və vasitələri ardıcıllıqla aparılsın,dərman preparatlarının dozlarına, formalarına, işlədilmə qaydalarına, müalicə müddətinə ciddi riayət edilsin. Heyvanın növü, cinsi, yaşı, saxlanma şəraiti və s. nəzərə alınsın.Kompleks terapiyada orqanizmin norma və patologiyasında neyroendokrin sisteminin tənzimlənməsi nəzərə alınmalıdır. Kompleks müalicə patoloji prosesin xarakteri müəyyən edildikdən sonra əsas etioloji və patogenetik amillər nəzərə alınmaqla təyin edilir.
Asidozları səbəblərinə görə alimentar, metabolik və respirator formalara bölürlər.
Alimentar asidoz heyvanın uzun müddət turş yemlərlə (cecə, turş xassələi torpaqlardan yığılmış yemlər, pis keyfiyyətli silos və s.) yemlənməsi üzvi və qeyri – üzvi turşularla zəhərlənməsi nəticəsində əmələ gəlir.
Metabolik asidoz işgənbədə həzm prosesinin pozulması nəticəsində hiperketonemiya, qanda süd turşusu və piroüçüm turşusu (aseton) cisimlərinin çoxalması zamanı müşahidə edilir. sağlam heyvanların qanında 1 – 5 mq% - ə qədər keton cisimləri olur ki, bunlar qaraciyər və eninə zolaqlı əzələlərdə qlikogenin sintezində iştirak edir. Maddələr mübadiləsi pozğunluqları zamanı oksidləşmə proseslərinin səviyyəsi aşağı düşdükdə qanda keton cisimlərinin miqdarı çoxalmağa başlayır.
Respirator asidoz isə ağciyər tənəffüsünün pozulması ilə əlaqədar toxumalarda karbon qazının kəskin surətdə çoxalması zamanı müşahidə olunur. Buna səbəb havada karbon qazının çoxalması, ağciyər vasitəsilə karbon qazının ifrazı çətinləşir.
Klinik təcrübələrdə kompensasiya olunmuş və kompensasiya olunmamış asidoz formalarının fərqləndirilməsinin əhəmiyyəti böyükdür.
Kompensasiya olunmuş asidoz zamanı qandakı buferlər çoxlu miqdarda turş məhsulları tutub saxladıqları üçün hidrogen ionlarının konsentrasiyası, daha doğrusu pH dəyişir. Kompensasiya olunmuş asidoz zəif, mülayim və kəskin dərəcəli olsa da qarşısı alınan prosesdir.
Kompensasiya olunmamış asidoz zamanı isə qanda qələvi ehtiyatı tükənir, Ph 0.2 – 0.3 və bir qədər də çox turşuluğa meyl edir. Belə vəziyyətin qarşısını almaq mümkün olmadığı üçün heyvan ölür.
Maddələr mübadiləsi intensiv getdikdə, qanda turşu – qələvi müvazinəti optimal səviyyədə qalır, lakin yem payında turş yemlər qələvilərə nisbətən bir qədər çox olduqda buferlər sisteminin (qandakı zülallar, karbonat və bikarbonatlr, fosfatlar, hemoqlobin) ehtiyatı və bir də axıra qədər oksidləşməmiş məhsulların güclü surətdə orqanizmdən ifrazı hesabına qanda turşu – qələvi müvazinəti uzun müddət pozulmur. Lakin turş yemlərin yem payında çox olması və belə yemlərlə heyvanın uzun müddət yemləndirilməsi zamanı bu müvazinət pozulur, qanda keton cisimləri (β – oksiyağ və asetosirkə turşuları, aseton) toplanır. Maddələr mübadiləsi normal getdikdə bu turşular karbon qazı və suya qədər parçalanır. Keton cisimləri isə qlikogenin sintezində iştirak edir və onun cüzi hissəsi sidiklə ifraz olunur. Lakin maddələr mübadiləsi pozğunluqları olduqda qanda keton cisimləri çoxalmağa başlayır. Orqanizm öz daxili müvazinətini saxlamaq, baş vermiş pozuntunu bərpa etmək üçün heyvan dərisi, sidiyi, südü və nəfəsi ilə birlikdə keton cisimlərini ifraz etməyə başlayır. Nəticədə ketonemiya (qanda keton cisimlərinin çoxalması), ketonuriya (sidikdə keton cisimlərinin olması), ketonolaktiya (südə keton cisimlərinin keçməsi) müşahidə olunur. Bütün bunlar ketozlar adı ilə məşhur olan bir qrup mübadilə pozuntuları xəstəliklərinin əlamətləridir.Bu xəstəliklər çox vaxt subkliniki formada getdiyi üçün onları yalnız qan, sidik, süd nümunələrini biokimyəvi üsullarla müayinə etmək yolu ilə müəyyənləşdirmək olur.Ketozların subklinik formaları zamanı orqanizmdə asidoz vəziyyət yaranır. Asidozların əmələgəlmə səbəblərinə görə təsnifatı mövcuddur ki, bu da biokimyəvi üsullar, profilaktika və müalicə tədbirləri aparmaq üçün çox vacibdir.
Bol zülalla yemləmə nəticəsində əmələ gələn maddələr mübadiləsi pozuntuları – asidoz. Yem payında zülalların miqdarı çox olduqda işgənbədə gedən həzm prosesləri kəskin surətdə dəyişir, işgənbə möhtəviyyatında turşuluq artıb mikrofloraya təsir edir, infuzorların bir qismi məhv olur, digər qismi isə öz formasını dəyişir və sellülozanın hidrolizi çətinləşir. Yağ turşularının qıcqırması çox sürətlə gedir. Zülalların axıra qədər parçalanmaması nəticəsində əmələ gələn turş xassəli aralıq məhsulları (toksalbuminlər, histamin, peptonlar və s.) qana sorularaq asidozluqdan başqa xronik intoksikasiya yaradır.
Bəzi heyvanları (əsasən, sağlam inək və camışları) tövlə şəraitində üzun müddət saxladıqda onları konsentrat yemlərlə bir tərəfli yemləyirlər. Bu cür yemləmə isə heyvan orqanizmində pozuntular törədir. Konsentrat yemlərin tərkibində sulfat və fosfat turşularının radikalları olduğu üçün bunlar qana sorularaq asidozluğu daha da yüksəldir. Aminturşuların parçalanması güclənir, sidik cövhərinin sintezi artır, nəticədə orqanimzdə zülalların parçalanması sayəsində yaranmış son və aralıq məhsullar toplanır. Bununla yanaşı qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatı tükənir və piylənmə başlayaraq, degenerativ pozuntu əmələ gəlir. Piy degenerasiyasına başqa orqanlarda da təsadüf edilir. Qaraciyərin neytrallaşdırıcı funksiyası zəiflədiyi üçün keton cisimlərinin hasil olması güclənir, onun ödyaratma qabiliyyəti isə pozulur. Qanda bilirubin və onun törəmələri çoxalır.
Zülal və karbohidratların azlığı nəticəsində əmələ gələn maddələr mübadiləsi pozuntuları – asidoz. Xüsusən qış fəslində tövlə şəraitində uzun müddət heyvana verilən yemlərin tərkibində zülalların və karbohidratların miqdarca az olması sayəsində orqanizmin bu maddələrə olan ehtiyacı tamamilə ödənilmir. Bu isə dərin mübadilə pozuntusuna səbəb olur. Nəticədə qaraciyərin qlikogen hasil etmə funksiyası pozulduğu üçün hiperketonemiya baş verir. qanda bir sıra biokimyəvi dəyişikliklər gedərək, onda zülalların, hemoqlobinin, eritrositlərin, sidikdə isə azot və sidik cövhərinin miqdarı azalır. B qrupundan olan vitaminlərin sintezi pozulur. Sidikdə bir sıra maddələr, o cümlədən, keton cisimləri, urobilin, bəzən hətta zülal da olur.
Turş xassəli torpaqlarda bitən yem otları ilə heyvanları yemlədikdə əmələ gələn maddələr mübadiləsi pozuntuları – asidoz. Torpaqda turşuluq yüksək olduqda bitkilərdə fotosintez hadisəsi zəif gedir, bu da onların yem dəyərliliyini aşağı salır. Belə yemlərin tərkibində fosfor, kalsium, kalium, natrium kimi elementlər kifayət qədər olmadığı üçün heyvan orqanizmi öz ehtiyat mənbələrindəki minerallardan istifadə etməli olduğu üçün onlar bədəndə azalır, heyvanlar uzun müddət belə yemlərlə yemləndirildikdə mübadilə prosesləri pozulur və asidoz başlayır.
Tərkibində yağ turşusu olan silosla yemləmə nəticəsində əmələ gələn maddələr mübadiləsi pozuntuları – asidoz. Silos şirəli yem olub, mədə - bağırsaq sistemində motor və sekretor fəaliyyətinin gücləndirilməsinə kömək edir. Keyfiyyətli silosun tərkibində 80 % - ə qədər süd turşusu və 20 % sirkə turşusu olur. Lakin yağ turşusu olmur. Silosda yağ turşusu olduqda o, heyvanı zəhərləyir, asidoz əmələ gələrək ketonuriya, hətta ketonolaktiya başlayır. Ana orqanizmində əmələ gəlmiş turş məhsullar ana bətnindəki balanı da zəhərləyir. Ona görə belə balalar, hətta doğulan kimi dispepsiyaya tutulur.
Heyvanın saxlanma gigiyenasının pozulması nəticəsində əmələ gələn asidozluq. Heyvanlar tövlə şəraitində saxlandığı dövrdə, xüsusən sağmal inək və camışlar vaxtaşırı gəzdirilmədikdə (aktiv hərəkətlər məhdudlaşdırıldıqda), binada ventilyasiya sistemi saz olmadıqda, işıq və ultrabənövşəyi şüalar azlıq etdikdə orqanizmdə oksigen azlığı baş verir. Nəticədə qanda və toxumalarda turş məhsullar toplanaraq asidoz əmələ gətirir. Bu isə subklinik, hətta klinik ketoza da səbəb olur.
Zülallar, karbohidratlar, vitaminlər və minerallar ye payında kifayət qədər olmadıqda maddələr mübadiləsi pozulur, orqanizmdə turşu – qələvi müvazinəti müəyyən dərəcədə dəyişir və asidoz başlayır. Bütün bunlara qarşı ümumi profilaktik tədbirlər aparılır.
Aktiv terapiya – müasir baytarlığın vacib prinsiplərindən biridir. Passiv, gözləyici prinsiplərdən fərqli olaraq aktiv terapiya erkən müalicə yardımını xəstəliyin kliniki əlamətləri yeni büruzə verdiyi və ya hələ gizli (subkliniki) keçən müddətdə göstərməyini nəzərdə tutur. Qrup şəklində aparılan müalicədə aktiv terapiya profilaktiki terapiya ilə birlikdə aparılır.
Yoluxmayan xəstəliklərin patogenezində elə bir mərhələ olur ki, xəstəliyin kliniki əlamətləri büruzə vermədən orqan və sistemlərin funksiyaları pozularaq göstəriciləri normadan kənara çıxır. Xəstəliyin bu mərhələsi subklinik (kliniki əlamətlər büruzə verməmiş, gizli keçən) və ya premorbid pillə adlanır. Infeksion patologiyalarda bu mərhələni inkubasion dövr adlandırırlar. Maddələr mübadiləsinin əksər xəstəliklərində aktiv terapiyadan istifadə olunur. Bunun üçün xəstəliyin kliniki əlamətləri büruzə vermədən əvvəl qanda vitamin – mineral maddələri və ya onların nisbəti, fermentlərin, hormonların, qələvi ehtiyatının, keton cisimlərinin, sidik cövhərinin və xolestrinin miqdarı təyin olunur. Məsələn, kliniki əlamətləri büruzə verməzdən öncə körpə heyvanların raxit xəstəliyini sümüklərin rentgenometriyası və qanda qələvi – fosfataza ehtiyatının artması ilə təyin etmək olar. Qanda qlükozanın miqdarının kəskin artması ətyeyənlərdə diabet xəstəliyinin başlanğıc formasını göstərir. Miokardın erkən pozğunluqlarını klinik əlamətlər büruzə vermədən elektrokardioqrafiya üsulu ilə müəyyən etmək olar.
Baytarlıq terapiyasının iqtisadi səmərəlilik prinsipi.baytarlıq terapiyasının iqtisadi səmərəlilik prinsipi o deməkdir ki, kənd təsərrüfatı heyvanlarının müalicəsi məqsədəuyğun və iqtisadi nöqteyi nəzərdən səmərəli olmalıdır. Tibbi terapiyadan fərqli olaraq baytarlıqda kənd təsərrüfatı heyvanlarının müalicəsində məqsədəuyğunluğa və iqtisadi göstəricilərə üstünlük verilir. Konkret halda terapiyanı məqsədəuyğunluğunu müəyyənləşdirmək, yəni müalicəni aparmaq və ya heyvanı çıxdaş etmək sualının cavabı baytar həkiminin üzərinə düşür. O isə, iqtisadi hesablamalara əsasən qərar qəbul edir. Bu iqtisadi məsələlər “Baytarlığın təşkili və iqtisadiyyatı” fənnində öz yerini tapmışdır. Təcrübələr göstərir ki, daxili xəstəliklərin erkən dövründə kəskin gedişi zamanı aparılan müalicə əksər hallarda iqtisadi cəhətdən səmərəli olur və baytar həkiminə haqq qazandırır. Məsələn, proqressiv irinli - nekrotik pnevmoniyalarda, travmatik perikarditdə, qaraciyərin sirrozu və ağciyərin emfizeması xəstəliyi zamanı orqanlarda bərpa olunmayan proseslər getdikcə artır. Belə hallarda qərar komissiya tərəfindən verilməlidir: heyvan kəsimə diaqnoz dəqiqləşdirildikdən və ya müalicə kursu aparıldıqdan sonra göndərilir. Belə hallarda nəzərə alınan amillər: xəstəliyin proqnozu, müalicəsi, yemlərin və qulluğun xərcləri, eləcə də zəifləmiş xəstə heyvanın infeksiya mənbəyinə çevrilməsi və s. – dir.
Baytarlıq terapiyasının vasitələri: Baytar həkimi öz praktiki işində müxtəlif mexaniki, fiziki, kimyəvi və bioloji vasitələrdən istifadə edir. Mexaniki və fiziki vasitələrə çoxlu sayda təbii və xüsusi fizioterapevtiki amillər aiddir. Bunlardan gəzintini, masajı, orqanların ovuşdurulmasını, soyuq və istiliyi, ultrabənövşəyi şüalanmanı, halvanizasiya, elektroforez və induktoterapiyanı və ultra yüksək tezlikli terapiyanı və s. göstərmək olar. Bu siyahıya terapiyanın qeyri - ənənəvi növlərini də (iynə ilə terapiya, yandırma, elektropunktura, lazer şüaları və maqnitli sahələrlə təsir etməni və s.) daxil etmək olar.Kimyəvi və bioloji təsirli vasitələrə yerlərdə və apteklərdə, eləcə də əczaçılıq və mikrobioloji sənayelərdə hazırlanmış dərman preparatları aiddir. Hal – hazırda insan və heyvanların müalicəsi üçün yüz mindən artıq dərman preparatlarından istifadə edilir. Azərbaycanda da bu rəqəm yüksəkdir və buu siyahı getdikcə artır. Köhnə preparatlar yeni, ucuz və ziyansız, əsasən də yüksək səmərəli və müalicədə daha effektli olan preparatlarla əvəz olunur. Bioloji elmlər – farmakologiya və biotexnologiya inkişaf etdikcə bitki və heyvan mənşəli bioloji aktiv dərman preparatları mühüm əhəmiyyət kəsb edir və geniş yayılır. Bunlardan mikrobioloji sintez əsasında alınan preparatlar, vitaminlər, bitki, ferment və hormonal vasitələr, poli və qammaqlobulinlər, prostaglandinlər, interferonlar və s. müasir baytarlıq elmində və təcrübədə geniş istifadə edilir. Preparatların belə bölünməsi şərti xarakter daşıyır. Onların bölünməsi əsasən orqanizmin ayrı – ayrı orqan və sistemlərinə üstünlüklə təsir etməsindən asılıdır. Birdə ki, belə bölünmə baytar mütəxəssislərinin işini asanlaşdırır və onları istifadə edərkən daha məqsədəuyğun dərman preparatlarının seçilməsinə nail olur.Baytar mütəxəssisləri dərman preparatlarından istifadə edərkən bilməlidirlər ki, hər bi preparat müalicəvi təsirindən başqa əlavə, əksər hallarda qeyri - əlverişli təsirə də malikdir. Bu isə öz növbəsində dərman preparatlarının forma və dozasından asılıdır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq hər yeni çıxan dərman preparatı geniş istifadəyə buraxılmazdan əvvəl laborator və istehsalat sınaqlarından keçirilir. Öncə laborator sonralar isə bir neçə baş və iri qrup heyvanlar üzərində aparılan sınaqlardan sonra dərman preparatının metodiki göstəriş və təlimta uyğun geniş istifadəsinə icazə verilir.
Terapiya üsulları – dərman maddələrinin və müalicə vasitələrinin orqanizmdə elmi əsaslarla müəyyən istiqamətdə istifadə edərək yaranmış funksiya pozğunluqlarının bərpasına yönəlmiş bir prosesdir.
Kliniki baytarlıqda terapiya üsullarının beş növü mövcuddur. Bunlar etiotrop, patogenetik, sinir - trofik funksiyaları tənzimləyən, əvəzedici və simptomatik üsullardır. Terapiya üsulları müxtəlifdir. Bunlardan birinci ikisi daha mühüm əhəmiyyət kəsb edir, qalan üçü isə əlavə terapiya üsulları adlanır, çünki faktiki olaraq bunlar patogenetik terapiyanın əsas hissələri hesab olunur. Terapiya üsullarının belə bölünməsi şərtidir və məqsədəuyğundur. Belə ki, baytar həkimi – terapevt çox saylı patogenetik vasitələr içərisində öz seçimini apara bilir və bununla da öz işini asanlaşdırır.
Etiotrop (səbəbini müəyyənləşdirən) terapiya
Etioloji faktorun (xəstəliyi törədən amilin) ləğvi və zəifləməsinə yönəldilən terapevtiki vasitələrin istifadəsi etiotrop terapiya adlanır. Müalicədə istifadə edilən bu metodun başlıca məqsədi xəstəliyin törədicisinə təsir etməkdir. Çox saylı etiotrop təsirli dərman qrupu preparatları orqanizmdə iltihabı proseslə edən xəstəliklərin müalicəsində istifadə edilir. Bunlara respirator ( rinitlər, bronxitlər, pnevmoniyalar, plevritlər), mədə - bağırsaq (stomatitlər, farengitlər, qastroenteritlər ), ürək – damar (miokarditlər, mioperikarditlər), sinir sistemi (meningitlər, ensefalitlər, mielitlər) xəstəlikləri aiddir. Başqa (ginekoloji, cərrahi, infeksion) xəstəliklərdə olduğu kimi burada antimikrob (antibiotiklər, sulfanilamidlər, nitrofuranlar, novarsenol və s.) preparatlar geniş istifadə edilir. Etiotrop vasitələr ancaq müstəqil və ya şərti patogen mikrofloranın sakitləşdirilməsi məqsədilə istifadə olunur və buna görə də orqanizmdə sağalma tezləşir.Etiotrop vasitələrə şərti olaraq spesifik immun serumları, anatoksinləri, bakteriofaqları, antihelmintikləri, tükyeyənlərə qarşı dərman preparatlarını, torcuq və udlaqdan cərrahi yolla yabancı cisimlərin çıxarılmasını və s. ayırd edirlər. Beləliklə, müalicənin bu metodunun başlıca məqsədi xəstəlik törədicisinə təsir etməkdir. Ona görə də xəstəliyin törədicisi orqanizmdə öz patogen təsirini göstərməkdə davam etdiyi müddətdə etiotrop terapiya üsulundan istifadə edilir. Bu zaman öncə spesifik müalicə vasitələri tətbiq edilir. Bu preparatlar xəstəlik törədicisinin həyat fəaliyyətini pozaraq onu məhv edir və orqanizmin spesifik müdafiə mexanizmlərini səfərbərliyə alır.
PATOGENETİK TERAPİYA
Orqanizmin müdafiə qüvvələrini stimullaşdırıb səfərbər edərək patoloji prosesin ləğvinə, yəni xəstəliyin inkişaf mexanizmini məhv etməyə yönəlmiş bir üsuldur. Bu üsulun tətbiqində əsas məqsəd orqan və toxumalarda mövcud olan funksional pozğunluqları bərpa edərək orqanizmin daxili mühitini nizama salıb xəstənin tez sağalmasına nail olmaqdır. Patogenetik mexanizmləri (xəstəliyin gedişi mexanizmini) zəiflədərək və ya məhv edərək patogenik terapiya, patogenezə əks olan “sanogenezin” (orqanizmin pozulmuş özünü tənzimləmə mexanizminin bərpası) normallaşmasına kömək edir. Bu isə öz növbəsində xəstənin sağalmasına səbəb olur. Xəstəliyin gedişinə (patogenezə) məqsədyönlü təsir edərək etioloji faktorun (əmələ gəlmə səbəbinin) zəifləməsinə və ləğvinə nail olmaq mümkündür. Ona görə də patogenetik terapiya etiotrop terapiya ilə sıx əlaqədədir və bunu praktiki olaraq orqanizmin bütün sistemlərinin hamısının patologiyasında istifadə edirlər. Buna görə də patogenetik terapiya etiotrop terapiya ilə birlikdə xəstəlikləri əmələ gətirən səbəblər aradan qaldırıldıqdan sonra təyin edilir. Patogenetik vasitələr orqanizmə kompleks şəkildə müxtəlif (humoral, mərkəzi və vegetativ sinir sistemi, immunobioloji müdafiənin aktivləşməsi) yollarla təsir edir. Hər bir etiotrop terapiya vasitəsi eyni zamanda patogenezə də təsir göstərir və patogenetik müalicə vasitəsilə birlikdə müəyyən dərəcədə xəstəliyi əmələ gətirən amillərə mənfi təsir göstərir. Beləliklə, terapiyanın bu iki mühüm üsulu həmişə biri digərini tamamlayır.
Patogenetik terapiya vasitələrinə: - təbii və süni radiasiya (günəş və ultrabənövşəyi şüalar), su əməliyyatları, qızdırıcı kompreslər, qıcıqlandırıcı vasitələr (dəri örtüyünün skipidarla övkələnməsi, xardal yaxması, bankaların qoyulması, masaj, elektroakapunktura, elektroterapiya), orqan və toxumaları stimullaşdıran dərman preparatları (bəlğəmgətiricilər, yumşaldıcılar, peristaltikanı gücləndiricilər, sidik qovucular, mədə - bağırsaqlarda vəzlərin ifrazatını gücləndiricilər, ürək fəaliyyətini stimullaşdırıcılar, öd qovucular) aiddirlər.Patogenetik terapiya metodlarına bəzi kompleks müalicə üsullarını da (mədə önlükləri və mədənin yuyulması, imalələr, işgənbə və kitabçanın deşilməsi, sidik kisəsinin kateterizasiyası, qan buraxma və s.) aid edirlər. adı çəkilən vasitələrdən baytar həkimi öz kliniki təcrübəsinə və farmakoloji resepturaya, dərs vəsaitinə, mövcud təlimatlara və məsləhətlərə əsaslanaraq istifadə edir.Müasir biologiya elminin, habelə əczaçılıq kimyasının nəaliyyətləri müalicə elmi xəzinəsini çoxlu yeni preparatlarla, vasitə və metodlarla zənginləşdirmişdir. Patogenetik terapiyanın nəzdində qeyri – spesifik stimuləedici terapiya özünə məxsus xüsusi yer tutur. Bunlar, əsasən bitki və heyvan mənşəli orqanizmə üzvi maddələr şəklində parenteral yolla yeridilən preparatlardır. Keçən əsrlərdə xəstəliyə emprik yanaşmadan geniş istifadə edirlərmiş: - bir çox xəstəliklər zamanı baytar həkimləri xəstəliyi kəskinləşdirmək məqsədilə dəri altına skipidar (skipidaro terapiya), ixtiol (ixtiolo terapiya), qaynadılmış irin (pioterapiya), yağsızlaşdırılmış üzsüz süd (laktoterapiya) və başqa qeyri – spesifik vasitələrdən yeridirlərmiş. Bununla da bəzi hallarda xəstəliyi kəskinləşdirərək (şiddətləndirərək) tez bir müddətdə xəstənin sağalmasına nail olurlarmış. Müasir dövrdə praktiki olaraq öz əhəmiyyətini itirmişlər. bunların əvəzinə daha müasir elmi surətdə əsaslandırılmış üsullar mövcuddur. Ancaq qeyri – spesifik təsir bir üsul kimi qalır və qrup preparatlar çoxu öz əhəmiyyətini itirməmişdir.
Baytarlıq təcrübəsində qeyri – spesifik stimuləedici terapiya üsulları qrupundan seroterapiya, hemoterapiya, lizatoterapiya, sitotoksinoterapiya, toxuma terapiyasə, poli və qammaqlobilin terapiya geniş istifadə olunurlar.
Dostları ilə paylaş: |