Toxuma terapiyası – müalicə və profilaktika məqsədilə heyvan və bitki toxumalarından konservləşdirmə yolu ilə xüsusi hazırlanmış preparatların orqanizmə yeridilməsidir. Baytarlıq təcrübəsində ən geniş yayılmış qeyri – spesifik stimuləedici terapiyanın metodudur. Toxuma terapiyasının nəzəri əsaslarını qoyan Sovet akademiki V.P. Filatov olmuşdur (1933). O ilk dəfə insanlarda göz xəstəliklərinin müalicəsində toxuma terapiyasından istifadə edilməsini əsaslandırmışdır. Orqanizmdə müalicə məqsədilə aparılan və güclü təsir göstərən vasitələrdən biri olan tozuma terapiyası son zamanlar geniş inkişaf etmişdir. Toxuma preparatlarını aseptik şəraitdə təzə götürülmüş orqan və toxumaların xırdalanmış hissələrini soyuqda (orta hesabla 2 - 4°C) konservləşdirmə yolu ilə alırlar. Bunları soyuducularda 5 – 7 gün müddətində saxlayırlar. Bu orqanlardan hazırlanmış emulsiya və suspenziyaları qaynadaraq və ya 120°C avtoklavdan keçirərək steril flakonlarda saxlayırlar. Toxuma preparatlarını bitki mənşəli xammaldan (aloe), qaraciyər, dəri, dalaq, toxuma – aqar qarışığı, əzələlər və böyrəküstü vəzilərdən hazırlayırlar. Adətən, təcrübədə sənaye texnologiyası ilə flakonlarda buraxılan preparatlardan istifadə edilir. flakonların etiketlərində preparatı hazırlayan müəssisənin adı, dərmanın buraxılma tarixi, seriyası, yeridilmə dozaları və yararlılıq müddəti göstərilir.Toxuma preparatlarının orqanizmə qeyri – spesifik təsiri Filatova görə ondan ibarətdir ki, bitki və ya heyvan orqanizmindən götürülmüş toxumalar əlverişsiz (onları məhv etməyən) şəraitə düşdükdə onlarda mürəkkəb biokimyəvi proseslər gedir, belə ki, özünü müdafiə edən maddələr ifraz edirlər. Bunları da biogen stimulyatorlar adlandırırlar. Kimyəvi nöqteyi nəzərdən biogen stimulyatorlar zülal və qeyri – zülal təbiətli mürəkkəb kompleks birləşmələrdir. Toxuma preparatlarının tərkibində olan biogen stimulyatorlar və yüksək molekullu komponentlər maddələr mübadiləsi və heyvan zülalının sintezini aktivləşdirirlər, orqan və qanda zülal azotu və nuklein turşularının miqdarını artırırlar, orqanizmin immunobioloji reaktivliyini gücləndirirlər, mərkəzi və vegetativ sinir sisteminin tonusunu qaldırırlar. Beləliklə, toxuma preparatlarının ümumi stimuləedici təsiri başqa qeyri – spesifik vasitələrlə eynidir. Lakin, əgər toxuma preparatlarında zülal komponentləri varsa, müxtəlif orqan və tozumaların stimullaşdırılmasında onun spesifik təsiri təsiri də ola bilər. Toxuma preparatları xroniki keçən xəstəliklərdə, zəif davam edən patoloji proseslərdə: bronxit, bronxopnevmoniya, plevrit, ağciyərin emfizeması, dermatit, ekzema, anemiya, konyuktivit, yara və xoralarda, orqanizmin müdafiə gücünün stimullaşdırılması məqsədilə istifadə edilir. Bəzi hallarda toxuma preparatları quşçuluq və donuzçuluqda ət məhsuldarlığının artırılması məqsədilə istifadə edilir. Bu preparatlar dərialtı və ya əzələ daxili, nadir hallarda isə daxilə yeridilir.Cərrahiyyədə preparatlar implantasiya olunur və ya yara və xoraların üzərinə qoyulur. Toxuma preparatlarının dozaları flakonun etiketlərində və ya təlimatda göstərilir. Preparatlar orqanizmin vəziyyəti sinir sisteminin tipindən asılı olaraq istifadə edilir. Məsələn, İ.A.Kalaşnik və V.A.German üsulu ilə konservləşdirilmiş toxumadan hazırlanan dərman preparatı dərialtı və ya əzələ daxili hər kq diri kütləyə qr-la (atlara 0.02 – 0.07, iri buynuzlu heyvanlara 0.05 – 0.09, donuzlara 0.1 – 0.2, itlərə 0.2 – 0.3) dozada yeridilir. 8 – 10 gündən sonra inyeksiya təkrar olunur. Sepsis vəziyyət, xəstəliyin başlanğıc pilləsində, ürək – damar çatışmamazlıqlarında böyrəklər və qaraciyərin patologiyasında, kaxeksiyalarda, daxili orqanların absesində toxuma preparatlarının mənfi təsir göstərməsi onların istifadəsini qadağan edir.
Baytarlıq təcrübəsində geniş istifadə olunan zülal mənşəli preparatlar da mövcuddur ki, bunların stimuləedici təsiri orqanların parçalanması, orqanların və qanın hidrolizi nəticəsində əmələ gələn məhsullarla əlaqədar deyil. Belə preparatlar siyahısına poliqamma və laktoqlobulinlər, amin turşuları və s. aiddir. Bunlar qan və başqa toxumalardan hazırlanaraq fraksiyaya bölünür və ciddi təmizlənir, sterilizə edilərək, flakonlarda buraxılır. Belə preparatlara praktiki olaraq heç bir qadağa yoxdur. Bunları xəstəliyin erkən pilləsində, o cümlədən infeksiya xəstəlikləri zamanı da istifadə olunur.Bunların əsas təyinatı orqanizmin immun müdafiəsinin artırılmasıdır. Preparatların bir hissəsi anemiya və kaxeksiyalarda (kəskin arıqlama) orqanizmdə enerji və tikinti materialı kimi istifadə edilir. Məsələn, qeyri – spesifik qamma qlobulin körpə heyvanların xəstəliklərində (buzovların və çoşkaların dispepsiyası, bronxopnevmoniyalarda) geniş istifadə edilir. qlobulinlərin dozası və işlətmə qaydaları etiket və təlimatlarda göstərilir.
Dostları ilə paylaş: |