Sokrat. Antik fəlsəfədə klassik dövr üç böyük filosofun adı ilə bağlıdır: Sokrat, Platon, Aristotel. Platon Sokratın, Aristotel isə Platonun şagirdi olub. Onların fəlsəfi yaradıcılığı təkcə Antik fəlsəfə deyil, bütövlükdə dünya fəlsəfəsinin klassik dövrü hesab edilir.
Sokrat. Antik fəlsəfədə klassik dövr Sokratla başlayır. Sokrat(m.ö.469-399) Afinada anadan olub. Öz təlimini şifahi yaymış, heç bir əsər yazmamışdır. Çoxsaylı şagirdləri olmuşdur. Rəsmi dövlət Tanrıları tanımamaqda, yeni tanrılar yaratmaqda və gənclərin mənəviyyatını pozmaqda ittiham edilərək ölümə məhkum edilib. Məhkəmənin hökmünə görə özü zəhər içməklə qətlə yetirilib.
Sokratın fəlsəfəsinin əsas səciyyəsi belədir: a) söhbət (“dialektik”) səciyyəsi; b) induksiya yolu ilə anlayışların müəyyənləşdirilməsi; c) etik rasionalizm, əsas formulu belədir: “Fəzilət (müsbət dəyərləndirilən insani keyfiyyətlər) –bilikdir” Sokratın söhbətlərinin mövzusunu tipik sofistik problemlər təşkil edir: xeyir nədir, şər nədir; nə gözəl, nə eybəcərdir; fəzilət nədir, qəbahət nədir; “yaxşı olmağı” öyrənmək olarmı və bilik necə əldə olunur.
Sokrat öz söhbət metodunu “mayevtika” (mamaçalıq sənəti) adlandırıb. O, bununla demək istəyirdi ki, o, həqiqətin mənbəyi deyil, yalnız həqiqətin “doğuluşuna” kömək edir. Mayevtikanın qayəsi belədir: həmsöhbətin müddəalarını ziddiyyət və ironiyaya gətirməklə inkar etmə; hiyləgər bilməməzlik, cavabdan yayınma. Nəticədə o, həmsöhbətinin biliyinin həqiqi olmadığını sübuta yetirir. Bu zaman Sokrat özünün heç nə bilmədiyini deyərək, “xalis həqiqəti” söyləyir. Belə ki, ö hesab edir ki, İlahi müdrikliklə müqayisədə insan biliyi bir heçdir.
Sokrat sofistlərin relyativizmini inkar edərək göstərmək istəyir ki, Xeyir, Ədalət kimi universal (ən ümumi) dəyər və normalar mövcuddur. Bunun üçün insana yanılmalardan, həqiqi olmayan biliklərdə qurtulmağa kömək etmək lazımdır. Bu səbəbdən o, verilmiş anlayışların təhlili və onların təyinin axtarılmasından başlayır. “Ədalət nədir?”, “Cəsarət nədir?” və s. Ona görə, anlayışları təhlil edərək şeylərin əslində nə olduğunu dərk edə bilərik. Əgər anlayış yoxdursa, bilik də yoxdur. Deməli, fəaliyyət də ola bilməz –xeyrin, əxlaqın nə olduğunu bilməyən insan xeyir yarada, əxlaqlı ola bilməz. Sokrata görə hər bir insan ruhunda bir xeyir başlanğıcı var. İnsan ona, yəni qəlbinin səsinə qulaq asarsa xeyir törədər. Buradan onun məşhur tezisi alınır: “Öz-özünü dərk et”.