Havaya ilkbaşlanğıc “statusu” verilməsi, Anaksimenin həyatın mənbəyi olan nəfəsin müşahidəsi nəticəsində də törəyə bilərdi. Belə ki, onun canla hava arasında analogiya aparması da məlumdur. Bu Anaksimenin dövrümüzə gəlib çatmış və ona məxsusluğu şübhə doğurmayan yeganə fraqmentində də əksini tapır: “Hava olan canımızın bizi saxladığına bənzər olaraq, nəfəs və hava da bütün dünyanı əhatə edir”.
Anaksimenin təlimi yunan elmi –nəzəri təfəkkürünün sonrakı inkişafında əhəmiyyətli rol oynamış, onun ideyaları Pifaqor, Anaksaqor, Apolloniyalı Diogen və atomistlərə birbaşa təsir göstərmişdir. Anaksimenin fəlsəfə tarixində əsas xidməti odur ki, O, yaranma prosesinin keyfiyyət aspektini izah edərək, prosesı kəmiyyət dəyişmələrinə müncər etmişdir. Onun konsepsiyasından belə məlum olur ki, kainatın müxtəlif hissələri heç də fərqli şeylərdən əmələ gəlməmiş və bir –birindən yalnız özündə ilkbaşlanğıcdan, yəni, havadan az, və ya çox miqdarda saxlaması ilə fərqlənir.
9.Heraklitin materialist fəlsəfəsi İoniyanın Miletdən sonra ikinci böyük şəhəri Efes tarixdə daha çox antik dövrün ilk dialektik filosoflarından Heraklitin vətəni kimi məşhur olub. Bloson oğlu Heraklit (təq. m.ö. 550-480) çar-kahin Kodridlər nəslindən olmuş, hakimiyyəti qardaşına könüllü güzəştə getmişdir.
Heraklit fəlsəfəsində “loqos” əsas anlayış kimi çıxış edir. Bütün fəlsəfə tarixçiləri efesli müdrikin kitabının “əbədi mövcud olan bu loqos...” sözləri ilə başlaması fikri ilə həmrəydirlər. Lakin, Heraklitin loqosu necə mənalandırması ona hansı məzmun verməsi haqqında müxtəlif rəylər var. Artıq o dövrdə yunan dilində “loqos” sözünün iyirmidən çox mənası vardı: söz, hekayə, nağıl etmə, “zəkanın obyektiv qanunu”, “dünya ruhu”, “hərəkət qanunu” və s.
Ümumiyyətlə, Heraklit fəlsəfəsində “loqos” anlayışını ayrıca təlim kimi götürmək mümkünsüzdür. Çünki, bu anlayış bütünlüklə Heraklit fəlsəfəsinə hopmuş, nüfuz etmişdir. “Loqos” anlayışı Heraklit fəlsəfəsində hər şeyin axması, şeylərin aramsız dəyişməsi haqqında ideyası ilə üzvü surətdə bağlıdır. Bütün şeylərin mütləq və aramsız dəyişməsi haqqında müddəa artıq qədim dövrlərdən heraklitizmin nüvəsi sayılırdı: əsas şüarı “hər şey axır” Heraklit axar çay obrazını fəlsəfi təliminin mərkəzinə gətirməklə göstərmək istəmişdir ki, şeylərin təbiəti hərəkətli, varlığın mahiyyəti isə aktivdir. Dünya –bir proses, şeylər axımıdır. Həyatın özü də hərəkət və aktivlikdir. Heraklit sükunət və hərəkətsizliyi “ölülərin xassəsi” kimi nəzərdən keçirir.