42.Fəlsəfədə şüur problemi, şüur və inikas Şüurun mahiyyəti. Fəlsəfi fikir tarixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətrafında fəlsəfi aspektdə aparılan prinsipial mübahisələrdə həlli böyük çətinlik törədən məsələ şüurun mənşəyi məsələsi olmuşdur. Ruhun, şüurun birinciliyini qəbul edən idealizm, maddi və mənəvinin paralel mövcudluğunu fərz edən dua-lizm, sözsüz ki, belə bir çətinliklə qarşılaşmırdı. Hər bir materialist isə materiya məsələsinə yaxınlaşarkən “öz-özünün səbəbidir” prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiyanın mövcudluğunu izah etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olurdu.
Qeyd etmək lazımdır ki, müasir fəlsəfə bir çox problemlərə mütləq səhih, və yaxud həqiqətə yaxın cavab verirsə (məsələn, təbiət, cəmiyyət, insan, tarix, varlıq, idrak problemləri), şüur problemi – yaranma mexanizmi, daxili mahiyyəti, materiyaya təsiri –hələ də tam aydınlaşdırılmamışdır. Hal-hazırda fəlsəfə yalnız aşağıdakı müddəaları yəqinliklə təsdiq edir: • • şüur mövcuddur;
• • o, xüsusi, ideal təbiətə(mahiyyətə) malikdir – bu müddəanı həm idealistlər, həm də materialistlər qəbul edir, lakin materialistlər şüurun materiyadan törəmə olduğunu bildirirlər.
Fəlsəfədə əsas müzakirə olunan məsələlərdən biri də şüurun mənşəyi problemidir. Şüurun mənşəyi haqqında fikirləri üç qrupa bölmək olar: • • şüur kosmik (və yaxud ilahi) mənşəlidir;
• • şüur bütün canlı orqanizmlərə xasdır (“bioloji” nöqteyi-nəzər);
• • şüur istisnasız olaraq insani xassədir (“insani” nöqteyi-nəzər).
Kosmik (ilahi) nöqteyi-nəzərə görə, şüur öz-özlüyündə mövcud olub, onun daşıyıcısı olan materiyadan –canlılardan, insandan asılı deyil. Şüur birbaşa öz mahiyyətinə görə vahid, bütöv olan kosmosdan (Allah zəkasından) “gəlir”. “Dünya şüurunun” hissəcikləri canlı orqanizmlər və insan şüuru şəklində təbiətə səpələnmişdir.
“Bioloji” nöqteyi-nəzərə görə şüur bütün canlı orqanizmlərə xasdır. Bu nöqteyi-nəzər tərəfdarları öz mövqelərini aşağıdakı müddəalarla əsaslandırırlar:
• • heyvanların həyati spontan (özbaşına) baş vermir, onların şüuruna tabedir və mənaya malikdir;
• • instinktlər təkcə anadangəlmə deyil, sonradan da qazanıla bilər;
• • canlılar həyatları boyu təcrübə toplayır və onlardan bacarıqla istifadə edirlər;
• • heyvanların (xüsusilə aliləri) bəzi hərəkətləri mürəkkəbdir (məs. ov etmə) və şüurun “işləməsini” tələb edir.
“İnsani” nöqteyi-nəzərə görə şüur –istisnasiz olaraq insan beyninin məhsuludur və yalnız insana məxsusdur, heyvanlar isə yalnız instinktə malikdir.