KitabYurdu.az
92
içərisində mühüm yer tutur. Bu münasibətlərin özünəməxsusluğu onun məzmunu
və obyekti araşdırılarkən aydın olur. Bu mülki hüquq münasibətlərinin obyekti
şəxsiyyətin mənəvi, yaradıcı fəaliyyətidir. Bura elm, ədəbiyyat və incəsənət
əsərləri aiddir.
Şəxsi qeyri-əmlak münasibətləri içərisində təşkilati mülki hüquq
münasibətləri mühüm yer tutur. Təşkilati hüquq münasibətləri əmlak və şəxsi qeyri-
əmlak münasibətləri ilə əlaqədardır. Çox zaman onlar arasında hüquqi əlaqələrin
reallaşmasına xidmət edir. Bu cür münasibətlərə misal olaraq, nümayəndəliyi
(təmsilçiliyi) göstərmək olar. Mülki hüquq münasibətləri içərisində nəzarətedici
münasibətlər də özünəməxsus yer tutur. Burada subyektlərdən birinə digərinin
fəaliyyətinə nəzarət etmək hüququ verilir. Məsələn, sifarişçinin sifarişi qəbul
edənin işinə nəzarəti. Qeyd etdiyimiz münasibətlərin lazımi səviyyədə reallaşması
üçün məlumat münasibətlərinin də xidməti az deyildir. Bu cür münasibətə sifarişi
qəbul edənin sifarişçiyə mövcud vəziyyət barədə məlumat verməsi və s. misal ola
bilər.
Subyektlərin əlaqəsinə görə mülki hüquq münasibətləri mütləq və nisbi
hüquq münasibətlərinə bölünür.
Mütləq hüquq münasibətlərində səlahiyyətli şəxs qarşısında bütün digər
şəxslər məsuliyyət daşıyırlar. Bu münasibətlərə mülkiyyət hüququ münasibətlərini
aid etmək olar. Məsələn, vətəndaş ona məxsus olan yaşayış evi üzərində
mülkiyyətçiyə xas olan bütün hüquqlara malikdir və digər şəxslər onun bu
hüquqlarmı pozmaqdan çəkinməlidirlər.
Nisbi hüquq münasibətlərində isə səlahiyyətli şəxs qarşısında, ancaq bir və
ya bir neçə konkret şəxs məsuliyyət daşıyır. Bu münasibətlərdə səlahiyyətli şəxsin
hüququ nisbi hüquq münasibətləri ilə tənzim edilir. Məsələn, borc müqaviləsinə
əsasən, səlahiyyətli şəxs, yəni kreditor öz borcunu yalnız bir şəxsdən, borcludan
tələb edə bilər.
Hüquqların həyata keçirilməsi ilə mülki hüquq münasibətləri əşya və
öhdəlik hüquq münasibətlərinə bölünür.
Əşya münasibətləri bu və ya digər subyektlərin - təbii obyektlər, istehsal
vasitələri, əməyin nəticələrinə malik olması ilə bağlı olan münasibətlərdir. Onların
hamısı öz-özlüyündə, birinci, subyektin ona məxsus olan əşyaya, ikinci, onun və
digər şəxslər barəsində bu əşyaya olan münasibətlərini təşkil edir.
Əşya münasibətlərinin bu cür ikili təbiəti prinsipial əhəmiyyətə malikdir.
Şəxsin əşyaya olan münasibəti normal istehsalı müəyyən edən şərtdir. İstehsal o
vaxt maksimum effektli olur ki, istehsalçı əşyaya sahiblik etsin, ondan istifadə
etsin və onun üzərində sərəncam versin.
Əmlak münasibətlərinin hüquqi xarakterindən danışsaq, onu deməliyik ki,
əşya sahibi əmlaka öz şəxsi əmlakı kimi yalnız kənar şəxslərin müdaxiləsinin
qarşısı alındıqdan sonra münasibət göstərə bilər.
Öhdəlik münasibətləri - əmlakın bir şəxsdən digərinə keçməsi ilə bağlıdır.
Əgər səlahiyyətli şəxsin marağının təmin edilməsi üçün vəzifə daşıyan şəxslərin
fəal hərəkəti tələb olunarsa bu cür hüquq münasibətləri öhdəlik münasibətləri
adlanır. Məsələn, satıcı, satdığı əşyanın qiymətini alıcıdan tələb etməyə haqlıdır.
Burada alıcının fəal hərəkət etməsi tələb olunur. Bu münasibətlər təbiətən
müxtəlifdirlər. Onların ən böyük qrupu əmlakın sahibliyə, istifadəyə və sərəncama
verilməsinə səbəb olan müqavilələr əsasında, müəyyən bir hissəsi isə iştirakçılar
arasında hər hansı razılığın olmadığı hallarda yaranır. Onlara ziyanvurma
KitabYurdu.az
93
nəticəsində əmələ gələn öhdəliklər və s. misal ola bilər.
Hüquqi məzmununa görə mülki hüquq münasibətləri sadə və mürəkkəb
hüquq münasibətlərinə bölünür. Əgər bir tərəfdə hüquq, digər tərəfdə vəzifə varsa,
bu cür hüquq münasibətlərinə sadə və yaxud birtərəfli hüquq münasibətləri deyilir.
Məsələn, borc müqaviləsindən yaranan münasibətlər və s. Hər iki tərəfdə hüquq və
vəzifələrin olduğu münasibətlərə mürəkkəb və yaxud ikitərəfli hüquq
münasibətləri deyilir. Alqı-satqı, əmlak kirayəsi və s. müqavilələrdən əmələ gələn
münasibətlər buna misal ola bilər.
Mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamının
əsasları. - Mülki hüquq münasibətlərinin əmələ gəlməsi (dəyişməsi, xitamı) əsasını
hüquqi faktlar təşkil edir. Hüquqi faktlar dedikdə, hüquq normasında nəzərdə
tutulan və hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitam edilməsinə
səbəb olan həyati hallar başa düşülür. Lakin faktların hamısı deyil, yalnız müəyyən
hüquqi nəticələrə səbəb olan hüquqi əhəmiyyətli faktlar hüquqi faktdır.
Hüquqi faktlar üçün üç əsas hal xarakterikdir:
1) hüquqi fakt - bizim şüurumuzdan, düşüncəmizdən asılı olmayan real
gerçəklikdir;
2) hüquqi fakt - mülki hüquq normalarında nəzərdə tutulur. Məhz bu
normalar onun hüquqi əhəmiyyət kəsb etdiyini bildirir;
3) hüquqi fakt - hansı faktların mülki hüquq normaları əsasında müəyyən
nəticəyə gəlməsini müəyyən edir.
Hüquqi nəticəyə səbəb olan hüquqi faktlar üç dərəcəyə (kateqoriyaya)
bölünür:
1. Hüquq yaradan hüquqi faktlar;
2. Hüquq dəyişən hüquqi faktlar;
3. Xitamverici hüquqi faktlar.
Hüquq yaradan hüquqi faktlar mülki hüquq münasibətlərinin yaranmasına
səbəb olur. Buna alqı-satqı müqaviləsini misal göstərmək olar. Burada, alıcıda
aldığı əşyaya mülkiyyət hüququ yaranır. Adətən, hüquq yaradan hüquqi faktlarda
subyektə hüquq ilk dəfə verilir.
Hüquq dəyişən faktlar o hüquqi faktlara deyilir ki, burada fakt mütləq hüquq
münasibətlərinin dəyişməsinə səbəb olur. Bu cür faktlara borcun tələb edilməsinin
güzəşti və ya başqa şəxsə keçirilməsini misal göstərmək olar. Mülki hüquq
münasibətlərinin dəyişməsi təkcə bu münasibətlərin subyektiv tərkibində deyil,
həm də obyektlərinin, məzmununun dəyişməsində özünü göstərir. Məsələn, əmlak
kirayəsi (icarə) müqaviləsinə əsasən, kirayəçi (icarəçi) əşyanı itirərsə, onun
dəyərini ödəməlidir.
Xitamverici hüquqi faktlar elə faktlardır ki, burada mövcud hüquq normaları
əsasında mülki hüquq münasibətlərinə xitam verilir. Mülki hüquq münasibətlərinə
xitam verilməsi şəraitdən asılı olaraq müxtəlif cür olur. Məsələn, mülkiyyət
hüququ olan obyektin məhvi, sıradan çıxması, hüquq münasibətlərinə girən
iştirakçılardan birinin ölməsi, borclunun borcu ödəməsi və s.
Mülki hüquqi nəticələrin baş verməsi üçün tələb olunur ki, onları yaradan
şərait qanunla müəyyən olunsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-
cü maddəsində deyilir: «Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə
nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə
nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və
vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir». Hüquqi nəticələr müxtəlifdir.
KitabYurdu.az
94
Məsələn, insanın doğulması faktı ilə onun mülki hüquq qabiliyyəti yaranır,
vətəndaşın 18 yaşına çatması ilə o, tam fəaliyyət qabiliyyəti əldə edir, iddianın irəli
sürülməsi iddia müddətinin axımını kəsir.
Hüquqi faktların daha çoxsaylı qrupunu mülki hüquq münasibət-ərinin
əmələ gəlməsi, dəyişməsi və ya xitamı ilə bağlı vəziyyətlər (əsaslar) təşkil edir.
Mülki Məcəllənin yuxarıda qeyd etdiyimiz maddəsinin 2-ci hissəsində onlar
sadalanmışdır. Həmin əsaslara əqdlər, müqavilələr, səlahiyyətli orqanların verdiyi
aktlar, elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması, başqa şəxsə zərər
vurulması, əsassız varlanma və s. daxildir. Qanun mülki hüquq münasibətlərinin
əmələ gəlməsi, dəyişməsi və xitam olunmasını çox vaxt bir vəziyyətlə deyil,
hüquqi və ya faktiki tərib adlanan hüquqi faktların məcmusu ilə əlaqələndirir.
Məsələn, vəsiyyətnaməyə görə vərəsə üç hüquqi faktın yaranması ilə miras
əmlakına sahib olur: vəsiyyətnamənin tərtib olunması, vəsiyyət edənin ölümü,
mirasın qəbul edilməsinə razılığın olması.
Yaratdığı hüquqi nəticələrdən və insanların iradəsi ilə əlaqəsindən asılı
olaraq hüquqi faktlar təsnifləşdirilir. Mülki qanunvericilikdə hüquqi faktların iki
növü fərqləndirilir.
1. Hadisələr;
2. Hərəkətlər.
İnsanların iradəsi ilə əlaqəsi olmayan hüquqi faktlara hadisələr deyilir.
Hadisələrə insanın anadan olması, onun təbii ölümü, zəlzələ, ildırım çaxması və s.
misal ola bilər. O hadisələr hüquqi əhəmiyyət kəsb edir ki, onların baş verməsi
hüquqi nəticələrə səbəb olur. Məsələn, insanın anadan olması, valideynlərin uşağı
saxlamaq və tərbiyə etmək vəzifəsini əmələ gətirir, yaxud insanın ölməsi, bir
hüquqi fakt kimi vərəsələr arasında hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb
olur və s.
Mülki hüquqda hadisələr də iki qrupa bölünür:
1. Mütləq və yaxud fors-major hadisələr;
2. Nisbi hadisələr.
Mütləq hadisələr elə hadisələrdir ki, onların yaranması və inkişafı insanın
iradəvi fəaliyyəti ilə bilavasitə bağlı deyil. Məsələn, zəlzələ, vaxtın keçməsi və s.
Nisbi hüquqi hadisələr insanların fəaliyyəti nəticəsində yaranır, ancaq bu
hərəkətdən asılı olmayaraq inkişaf edir. Məsələn, yanğın, insan ölümü, insanın
doğulması və s.
Hərəkətlər insanların iradəvi hərəkətlərinin, yəni şüurlu fəaliyyətinin nəticəsi
olan həyati faktlardır. Qanun isə onları müəyyən hüquqi nəticə ilə əlaqələndirir.
Hüquqi faktların əksəriyyətini hərəkətlər təşkil edir. Hərəkətlər də öz növbəsində
hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür.
Hüquqauyğun hərəkətlər o hərəkətlərə deyilir ki, onlar hüquq normalarının
(qanunun) tələbləri ilə üst-üstə düşür, heç bir halda qanuna zidd olmur. Qanun
əsasında bağlanılmış bütün mülki-hüquqi əqdlər alqı-satqı, dəyişmə və s.
müqavilələr belələrindəndir.
Hüquqauyğun hərəkətlər içərisində hüquqi aktlar və hüquqi əməllər mühüm
yer tutur. Mülki hüquqda mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə
və xitam edilməsinə yönəldilmiş hüquqi fəaliyyət hüquqi akt adlanır. Mülki hüquqi
aktlar sistemində əsas yerlərdən birini əqdlər tutur. Hüquqi aktlara, həmçinin,
səlahiyyətli dövlət orqanlarının fərdi aktları, ərizələr, şikayətlər, sazişlər və s.
aiddir. Vətəndaşların və təşkilatların müəyyən hüquqi nəticələr əldə edilməsinə
KitabYurdu.az
95
yönəldilmiş hüquqauyğun fəaliyyəti saziş adlanır. Sazişlərin əhatə dairəsi olduqca
genişdir.
Hüquqi əməl mülki hüquq subyektinin elə hüquqauyğun hərəkətidir ki,
burada hüquqi nəticə şəxsin arzusundan asılı olmayaraq baş verir. Hüquqi əməllərə
elmi əsərin yaradılması, müəssisələrdə malların hazırlanması və s. misal ola bilər.
Mülki hüquqda bəzən hərəkətsizlik də, yəni qanunla nəzərdə tutulmuş
müəyyən hərəkətləri etməmək də hüquqi nəticələrə səbəb olur. Məsələn,
kreditorun vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etməməsi və ya
borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə
yetirməməsi və s.
Hüquqauyğun hərəkətlərdən fərqli olaraq, hüquqazidd hərəkətlər hüquq
pozuntusuna səbəb olan hərəkətlərdir. Öhdəliklərin yerinə yetirilməməsi,
başqasının mülkiyyətinə ziyan vurulması və s. hüquqazidd hərəkətlərə misal ola
bilər. Hüquqazidd hərəkətlər hüququ pozan şəxs üçün xoşagəlməz hüquqi
nəticələrə səbəb olur. Bu hərəkətlər hüquq normaları və cəmiyyətin mənafeyinə
zidd olduqlarına görə mülki hüquqi məsuliyyət yaradır.
Mülki hüquq münasibətlərinin məzmunu və forması. - Mülki hüquq
münasibətlərinə onların strukturu aspektində baxılmalıdır. Digər hüquq
münasibətlərində olduğu kimi mülki hüquq münasibətləri də öz strukturuna görə
aşağıdakı hissələrdən ibarətdir:
1) məzmun və forma;
2) subyektlər;
3) obyektlər.
İctimai münasibətlərin mülki hüquqi tənzimi prosesində onların
iştirakçılarına verilən subyektiv hüquq və vəzifələr, mövcud olan hüquq
münasibətləri çərçivəsində onların gələcək davranışlarını qabaqcadan müəyyən
edir. İstənilən ictimai münasibət kimi, mülki hüquq münasibətləri də insanlar
arasındakı qarşılıqlı əlaqələr nəticəsində formalaşır. Hüquq münasibətlərində
iştirakçıların qarşılıqlı əlaqələri, onların malik olduqları subyektiv hüquqlara və
daşıdıqları vəzifələrə uyğun olaraq həyata keçirilir. Belə ki, alqı-satqı müqaviləsi
üzrə hüquq münasibətlərində satıcı satdığı əşyanı müqavilə ilə müəyyən edilmiş
şərtlərlə və müddətdə alıcının mülkiyyətinə verir, alıcı isə müqavilədə nəzərdə
tutulmuş müddətdə müəyyən pul məbləğini satıcıya ödəyir.
Mülki hüququn predmetinə daxil olan ictimai münasibətlər hüquqi
nizamasalınma nəticəsində yoxa çıxmırlar, əksinə, hüquqi forma əldə edirlər. Buna
görə də mülki hüquq münasibətlərinin məzmunu onların iştirakçılarının subyektiv
hüquq və vəzifələrinə uyğun olaraq həyata keçirilən qarşılıqlı əlaqələrini əmələ
gətirir.
Mülki hüquq münasibətlərinin iştirakçılarına aid olan subyektiv hüquq və
vəzifələr onun hüquqi formasını təşkil edir. Subyektiv hüquq dedikdə, səlahiyyətli
şəxsin mümkün davranışının hüquqi təminat ölçüsü başa düşülür. Subyektiv vəzifə
isə mülki hüquq münasibətlərində vəzifəli şəxsin lazımi davranışının hüquqi
cəhətdən şərtləndirilmiş ölçüsüdür. Subyektiv mülki hüquq və vəzifələrin
xüsusiyyətləri onların əmlak və şəxsi qeyri-əmlak xarakterli olmasından ibarətdir.
Belə ki, mülkiyyət hüququ, mülkiyyətçinin öz əşyasına sahiblik, istifadə və
sərəncamvermə kimi hüquqi təminat imkanlarını müəyyən edən əmlak hüququdur.
Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiə hüququ isə, səlahiyyətli şəxsin, onun
şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi
KitabYurdu.az
96
tələbinin hüquqi təminat imkanlarını müəyyən edən şəxsi qeyri-əmlak hüququdur.
3. Mülki hüquq münasibətlərinin subyektləri və
obyektləri
Mülki hüquq münasibətlərinin subyektləri. Fiziki şəxslər. Mülki hüquq
münasibətlərinin iştirakçılarına bu münasibətlərin subyektləri deyilir, Mülki hüquq
münasibətlərinin subyektlərinə fiziki şəxslər, hüquqi şəxslər, dövlət və inzibati-
ərazi qurumları daxildir. İstənilən ictimai münasibət kimi mülki hüquq
münasibətləri də insanlar arasında əmələ gəlir. İnsanlar bu hüquq münasibətlərində
həm ayrıca fərd, həm də mütəşəkkil kollektivlər şəklində çıxış edirlər. Mülki
qanunvericilikdə bu ayrıca fərdlər fiziki şəxs adlandırılır.
Hüquq subyektliyi - şəxsin (subyektin) hüquq münasibətlərinin iştirakçısı
olması üçün onun sosial-hüquqi imkanını əks etdirir. Hüquq subyektliyinin
yaranması, dəyişməsi və xitamı təkcə insanın anadan olması, inkişafı və ölümü
faktı ilə deyil, həm də sosial şəraitin müəyyən kompleksi ilə əlaqədardır. Şəxsin
hüquq subyektliyinə malik olması üçün maddi və hüquqi təminat lazımdır.
Hüquq subyektliyi, hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin məcmusunu
təşkil edir. Hüquq qabiliyyəti dedikdə, subyektin mülki hüquqlara malik olmaq və
mülki hüquq vəzifələri daşımaq qabiliyyəti başa düşülür. Fəaliyyət qabiliyyəti isə
subyektin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü
üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Mülki hüquq
subyektliyi mülki hüquq münasibətlərinin müxtəlif iştirakçıları üçün eyni deyildir.
Vətəndaşlarda bu ümumi, hüquqi şəxslərdə xüsusi, dövlət üçün isə universal
xarakter daşıyır.
Hüquq subyektliyini subyektiv hüquqla eyniləşdirmək olmaz. Onun
mahiyyəti «hüquqda» deyil, qabiliyyətdə əks olunur. Hüquq subyektliyi ilə
subyektiv mülki hüquq arasında fərq ondan ibarətdir ki, əgər birincisi subyektin
hüquq əldə etmək qabiliyyətini göstərirsə, ikincisi subyektin qanunla müəyyən
olunmuş davranış ölçüsüdür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 - 42-ci maddələrində mülki
hüquq münasibətlərinin subyektlərindən biri olan fiziki şəxslərdən bəhs edilir.
Fiziki şəxslər dedikdə, təkcə respublika vətəndaşları deyil, həm də Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər də başa düşülür. Respublikamızda mülki hüquq
qabiliyyətinin xarakterik cəhəti ondan ibarətdir ki, bu hüquq qabiliyyəti bütün
fiziki şəxslər üçün eyni dərəcədə tanınır və real surətdə təmin edilir.
Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə
xətm edilir. Bəzi normalar hələ doğulmamış uşağın hüquqlarının qorunduğunu
nəzərdə tutur. Belə ki, Mülki Məcəllənin 25.3-cü maddəsinə əsasən, vərəsə olmaq
hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə
yalnız doğumdan sonra mümkündür. Fiziki şəxslərin mülki hüquq qabiliyyətinin
məzmununa xüsusi mülkiyyətdə əmlaka malik olmaq, yaşayış yeri seçmək, elm,
ədəbiyyat, incəsənət əsərlərinin, kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin
müəllifi olmaq, ümumiyyətlə respublika ərazisində istədiyi kimi hərəkət etmək və
s. hallar daxildir.
Respublika qanunvericiliyinə uyğun olaraq fiziki şəxslərin hüquq
qabiliyyətindən məhrum edilməsi yolverilməzdir.
Fiziki şəxslərin mülki hüququn subyekti sifətində çıxış etməsi üçün mülki
KitabYurdu.az
97
hüquq qabiliyyəti ilə yanaşı, fəaliyyət qabiliyyətinə də malik olması vacibdir.
Fəaliyyət qabiliyyətinin olub-olmaması hüquq qabiliyyətinin məzmununa təsir
göstərmir. Məsələn, fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hüquq
qabiliyyətini tam saxlayır.
Bütün vətəndaşlar eyni ölçüdə fəaliyyət qabiliyyətinə malik deyil. Qanun
insanın intellektual, iradəvi və yetkinlik səviyyəsini, onun öz hərəkətlərini başa
düşmək və onlara rəhbərlik etmək qabiliyyətini nəzərə alaraq fəaliyyət
qabiliyyətinin müxtəlif dərəcələrini müəyyən edir. Fiziki şəxsin fəaliyyət
qabiliyyətindəki fərq qanunvericilik tərəfindən yaş və tibbi əsaslara görə müəyyən
olunur.
Fiziki şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on
səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Bu cür şəxslər hüquqlar əldə
etməkdə və həyata keçirməkdə, öz üzərinə müvafiq vəzifələr qoymaq və onları icra
etməkdə, habelə öz hərəkətlərinə görə məsuliyyət daşımaqda müstəqildir. Şəxsin
tam fəaliyyət qabiliyyətinə malik olması bir sıra sosial və psixoloji hallardan
asılıdır.
7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlıların) fəaliyyət
qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların
məhdud fəaliyyət qabiliyyəti vardır. Mülki qanunvericilik bu yaşda olan şəxslərin də
aşağıdakı qruplarını fərqləndirir:
1) 7 yaşından 14 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər;
2) 14 yaşından 18 yaşınadək olan məhdud fəaliyyət qabiliyyətli şəxslər.
Mülki Məcəllənin 29-cu maddəsinə əsasən xırda məişət xarakterli əqdlər
istisna olmaqla, 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların əvəzinə
əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar
bağlaya bilərlər.
14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın vurduğu ziyana görə
onun valideynləri, övladlığa götürənlər və ya qəyyumları məsuliyyət daşıyırlar.
14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müstəqil
surətdə öz qazancları, təqaüdləri və digər gəlirləri barəsində sərəncam vermək;
elm, ədəbiyyat və ya incəsənət əsərlərinə, ixtiralara dair müəllif hüquqlarını həyata
keçirmək; qanuna uyğun olaraq kredit idarələrinə əmanət qoymaq və onlar
barəsində sərəncam vermək; bir sıra xırda məişət xarakterli əqdləri bağlamaq
hüququ vardır. Digər hallarda bu şəxslər əqdləri yalnız öz qanuni
nümayəndələrinin - valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların
yazılı razılığı ilə bağlaya bilərlər.
14 yaşından 18 yaşınadək olan şəxslər vurduqları ziyana görə qanunvericiliyə
uyğun olaraq məsuliyyət daşıyırlar.
Yetkinlik yaşı çatmayan şəxslərin fəaliyyət qabiliyyəti üçün xarakterik
cəhətlərdən biri də budur ki, onların fəaliyyət qabiliyyəti darala və genişlənə bilər.
Belə ki, on səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi halda, on
səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam fəaliyyət qabiliyyəti
əldə edir.
Mülki Məcəllənin 32-ci maddəsinə əsasən spirtli içkilərdən və ya narkotik
vasitələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini
ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən
məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. O, yalnız
himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya və
KitabYurdu.az
98
digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin bu cür
fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil surətdə əmlak
məsuliyyəti daşıyır.
Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar
aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını
ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş himayəçilik məhkəmənin qərarına
əsasən ləğv olunur.
Şəxsin nəinki yaş, habelə psixi vəziyyəti onun fəaliyyət qabiliyyətini
müəyyən edə bilər. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin
mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Şəxsin, fəaliyyət qabiliyyəti olmayan sayılması üçün hüquqi və tibbi
kriteriya lazımdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz
hərəkətlərinə rəhbərlik edə bilməməsi (hüquqi kriteriya) ağıl zəifliyi və ya ruhi
xəstəlik (tibbi kriteriya) ilə şərtlənir. Bu cür şəxslər üzərində qəyyumluq
müəyyənləşdirilir. Onların adından əqdləri həmin şəxsin qəyyumu bağlayır.
Şəxs sağaldıqda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində
müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
Mülki qanunvericilikdə fiziki şəxsin hüquqi taleyi ilə bağlı mübahisə doğuran
məsələlərdən biri də şəxsin xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsidir.
Ümumi qaydalara görə, bizim qanunvericilikdə şəxsin xəbərsiz itkin düşmüş elan
edilməsi kimi kateqoriyanın olması, mülki hüquq münasibəti subyektlərindən
birinin, məsələn, borclunun, ərin (arvadın), digər qohumların və s. olmaması ilə
yaranan hüquqi qeyri-müəyyənlikləri aradan qaldırmaq zəruriyyəti ilə əlaqədardır.
Mülki Məcəllənin 40.1-cı maddəsinə əsasən, əgər fiziki şəxsin olduğu yer
məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı
şəxslərin ərizəsinə əsasən, məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə
bilər. Xəbərsiz itkindüşmə faktı müəyyən hüquqi nəticələrə səbəb olur: həmin
şəxsin qanuni əmlakının daimi idarə edilməsi üçün qəyyumluq müəyyən edilir; bu
əmlak hesabına onun borcları ödənilir; öhdəsində olan şəxslərə dolanacaq xərcləri
verilir; əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə
pensiya almaq hüququ əmələ gəlir və s.
Xəbərsiz itkin düşmüş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə
məhkəmə onun xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında qərarı, habelə onun
əmlakının idarə olunması haqqında qərarı ləğv edir.
Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində
məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt
hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə
və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə
bilər.
Mülki Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq hərbi əməliyyatlarla
əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi
əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında
ölmüş elan edilə bilər. Ölmüş elanetmə halında ölüm günü məhkəmə qərarının
qanuni qüvvəyə mindiyi gün hesab edilir.
Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə,
məhkəmə əvvəlki qətnaməni ləğv edir; ölüm haqqında qeydiyyat ləğv olunur; əgər
yeni nikah bağlanmamışdırsa, nikah bərpa olunur. Qayıtma vaxtından asılı
Dostları ilə paylaş: |