6. Cinayətdə iştirakçılıq.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əksər maddələrinin
qanunverici quruluşu elədir ki, cinayətin bir şəxs tərəfindən törədilməsini nəzərdə
tutur. Lakin cinayət iki və ya daha artıq şəxs tərəfindən də törədilə bilər. Axırıncı
halda, müəyyən əlamətlərin mövcudluğu zamanı cinayətdə iştirakçılıq yaranmış
olur. İştirakçılıq zamanı cinayətkarlar öz səylərini birləşdirərək, çox vaxt öz
aralarında rolları bölüşdürürlər. Bu, cinayətin törədilməsini asanlaşdırır, cinayətə
daha böyük inamla və daha az risklə getməyə imkan yaradır ki, bu da cinayəti daha
KitabYurdu.az
181
təhlükəli edir. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən, iki və ya daha çox
şəxsin qəsdən cinayət törətməkdə qəsdən iştirakı iştirakçılıq sayılır.
İki və daha çox şəxsin cinayətdə iştirakı bu şəxslərin cinayət məsuliyyətinə
cəlb edilməsi üçün onların hamısının qanunla müəyyən edilmiş yaş həddinə
çatmasını və həmçinin cinayət törədildiyi zaman bütün iştirakçıların anlaqlı
olmasını nəzərdə tutur. Buna görə də anlaqsız şəxslərin və yaxud yetkinlik yaşına
çatmayanların ictimai-təhlükəli əməli birgə törətməsi iştirakçılıq yaratmır.
İştirakçılıq – cinayətin törədilməsində iki və ya daha çox şəxsin birgə
iştirakıdır. Cinayətdə birgə iştirakçılıq ümumi nəticənin əldə edilməsi üçün
iştirakçıların hərəkətlərinin qarşılıqlı olaraq şərtləşdirilməsində özünü göstərir.
Ancaq hərəkətlərin birgəliyi təkcə obyektiv deyil, həm de iştirakçılığın subyektiv
əlamətlərini əks etdirməlidir. Subyektiv cəhətdən hərəkətlərin birgəliyi vahid
psixoloji birliyə malik olan iştirakçıların mənafelərinin üst-üstə düşməsi ilə
şərtləşir.
İştirakçılıq yalnız qəsdən edilən cinayətlərdə mümkündür. Ehtiyatsızlıq
üzündən törədilən cinayətlərdə isə iştirakçılıq istisna olunur. Buna görə də
subyektiv cəhətdən o təkcə iştirakçılar arasında subyektiv əlaqənin olması ilə deyil,
həm də şəxsin törətdiyi əmələ və onun nəticələrinə psixoloji münasibəti ilə
müəyyən olunur. Yalnız, qəsdən cinayət törətməkdə qəsdən birgə iştirak,
iştirakçılıq yaradır.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində
cinayətdə iştirakçılığın bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup
şəxs, mütəşəkkil dəstə və cinayətkar birlik (cinayətkar təşkilat) formaları göstərilir.
Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə
törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bu,
iştirakçılığın az yayılan və daha az təhlükəli olan formasıdır. İştirakçılığın bu
forması razılaşmanın minimum dərəcəsi, yəni cinayət törədilməsi anına qədər
iştirakçılar arasında əlbirliyin qeyri - mümkünlüyü ilə şərlənir. Burada cinayətin
bütün iştirakçıları cinayətin birlikdə icraçısı kimi çıxış edirlər və onların birləşməsi
yalnız cinayətin törədilməsi zamanı mümkün olur. Bir qrup şəxs tərəfindən
qabaqcadan razılaşmadan törədilən cinayətlərə zorlama və s. cinayətlər misal ola
bilər.
Qabacadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən
cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab
olunur. Qabaqcadan razılaşmaqla yaranan iştirakçılıq, cinayətin obyektiv cəhətini
təşkil edən hərəkətlərin, daha dəqiq desək, Cinayət Məcəlləsinin xüsusi hissəsinin
maddələrində nəzərdə tutulan əməllərin icrasına qədər iştirakçılar arasında
razılaşmanın mövcud olmasını nəzərdə tutur.
Bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya
daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət
mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur.
Mütəşəkkil dəstə iştirakçılar arasında mütəşəkkilliyin yüksək dərəcəsi ilə
xarakterizə olunur: rəhbərliyin mövcudluğu, cinayətin törədilməsi planının işlənib
hazırlanması, hazırlanmış planın reallaşdırılması üzrə hərəkətlərin müəyyən
KitabYurdu.az
182
edilməsi və vəzifələrin bölüşdürülməsi və s. Onun üçün peşəkarlıq və sabitlik
xasdır: qayda üzrə, iştirakçılar bir deyil, bir sıra cinayətlərin törədilməsi məqsədilə
birləşirlər. Son zamanlar respublikamızın iqtisadi və təsərrüfat həyatında baş verən
cinayətlərin çox hissəsinin məhz mütəşəkkil dəstə tərəfindən törədilməsinə daha
çox təsadüf edilir. Buna görə də qüvvədə olan cinayət qanunvericiliyində o,
məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur.
İştirakçılığın yuxarıda göstərilən formaları içərisində bəlkə də ən təhlükəlisi
cinayətkar birlik hesab olunur. Cinayətkar birlik, yaxud cinayətkar təşkilat
dedikdə, ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit
mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha
çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi başa düşülür. Cinayətkar birliyin
sabitliyi və mütəşəkkilliyi, bu birliyin üzvləri arasında uzun müddətli və yaxud
daimi əlaqələrin mövcudluğunu, həmçinin cinayətə hazırlıq və cinayətin
törədilməsinin spesifik metodlarını əks etdirir. Cinayətkar birliyin yaradılmasına
narkobiznes, terrorçuluq və s. bu kimi cinayətlərdə xüsusilə daha çox rast gəlinir.
Cinayətkar birliyin təşkil edilməsi və onda iştirak, cinayət məsuliyyətinə səbəb
olur və qanunvericilik tərəfindən ciddi surətdə cəzalandırılır.
Cinayət Məcəlləsinin 32-ci maddəsində cinayətdə iştirakın xarakterindən
asılı olaraq iştirakçılığın - icraçı, təşkilatçı, təhrikçi və köməkçi kimi növləri
fərqləndirilir.
Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun
törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də Cinayət
Qanunu ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən
şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır.
Cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə
rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar
təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır.
Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi
cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır.
Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət
törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla
yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya
vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş alətləri
gizlətməyi, belə alətləri almağı və yaxud satmağı qabaqcadan vəd etmiş şəxs
köməkçi sayılır.
Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin
törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq
müəyyən edilir.
7. Cəzanın anlayışı və məqsədi.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsində cəzanın
anlayışı verilmişdir. Həmin maddəyə əsasən, cəza məhkəmə hökmü ilə təyin edilən
cinayət - hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən
şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Qanunu ilə müəyyən edilən
KitabYurdu.az
183
məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının
məhdudlaşdırılmasından ibarətdir.
Cəza, digər dövlət məcburiyyəti tədbirlərindən (inzibati, mülki-hüquqi)
aşağıdakı mühüm əlamətləri ilə fərqlənir:
1) Cəza, yalnız cinayət qanunu ilə müəyyən olunur.
2) Cəza, cinayət qanununa uyğun olaraq yalnız məhkəmənin ittiham
hökmünə əsasən tətbiq olunur.
3) Digər inzibati, intizam, mülki - hüquqi sanksiyalar ayrıca hakimiyyət,
idarəetmə orqanları və yaxud vəzifəli şəxsin adından tətbiq edildiyi
halda, cəza yalnız dövlət adından məhkəmə tərəfindən tətbiq olunur. Bu,
cəzaya ictimai xarakter verir.
4) Cəza törədilən cinayətə görə tənbehdir.
5) Cəza məhkumluq yaradır; digər dövlət məcburiyyəti tədbirləri belə
nəticələr əmələ gətirmir.
6) Cəza, törədilən cinayətin hüquqi nəticəsidir.
Öz məzmununa görə cəza çox sərt olmaqla, təqsirli şəxsin hüquqlarının iri
miqyasda məhdudlaşdırılmasında ifadə olunur. Onun mahiyyəti cinayət törətmiş
şəxslərin mənəvi, siyasi, fiziki və əmlak xarakterli məhrumiyyətlərə məruz
qoymaqla, onları tənbeh etməkdən ibarətdir. Tənbehsiz cəza öz mənasını itirmiş
olardı və cinayətkarlıqla mübarizədə məcbur etmə vasitəsi hesab olunmazdı.
Cəzanın məqsədi Cinayət Məcəlləsinin 41.2.- ci maddəsinə müvafiq olaraq,
cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də
başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi
ilə tətbiq edilir.
Cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu əməyə
düzgün münasibət, qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət
ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəza insan ləyaqətini
alçaltma və yaxud fiziki əzab vermə məqsədi daşımır.
Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə anlayışları ilə sıx
əlaqədə, olmaqla, cinayətkarın şüurunda neqativ əhəmiyyətli oriyentasiyanı (səmti)
dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində
dövlətin səylərini əks etdirir.
Cinayət hüquq nəzəriyyəsində cəzanın xüsusi və ümumi xəbərdarlıq
məqsədi fərqləndirilir.
Xüsusi xəbərdarlıq cinayətkara göstərilən elə təsir vasitəsidir ki, onun
nəticəsində cinayətkar gələcəkdə yeni cinayətlər törətmir.
Ümumi xəbərdarlıq - ictimai cəhətdən möhkəm olmayan (qeyri-sabit olan)
şəxsləri cinayətkar əməllərdən saxlamaq məqsədi ilə göstərilən cəza təsiridir.
8. Cəzanın sistemi və növləri.
Cəzanın sistemi - cinayət törədilməsində təqsirli sayılan şəxslərə tətbiq
olunan, məhkəmələr üçün məcburi olan, ağırlığından asılı olaraq qanunla müəyyən
edilən qaydada düzülmüş cəza növlərinin qəti siyahısıdır.
KitabYurdu.az
184
Cinayət Məcəlləsinin 42 - cinayət maddəsinə əsasən cəzanın növləri
aşağıdakılardır:
1. cərimə
2. nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə;
3. müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə;
4. ictimai işlər;
5. xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum
etmə;
6. islah işləri;
7. hərbi xidmət üzrə məhdudlaşdırma;
8. əmlak müsadirəsi;
9. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma;
10. Azadlığın məhdudlaşdırılması;
11. İntizam xarakterli hərbi hissədə saxlama;
12. Müəyyən müddətə azadlıqdan məhrum etmə;
13. Ömürlük azadlıqdan məhrum etmə.
Cinayət qanunvericiliyində nəzərdə tutulan bütün bu cəza növləri üç qrupa
bölünür: əsas cəzalar; əlavə cəzalar; əsas və əlavə cəza - cəzalar.
Yalnız əsas cəza kimi tətbiq edilən cəzalara - ictimai işlər, islah işləri, hərbi
xidmət üzrə məhdudlaşdırma; intizam xarakterli hərbi hissədə saxlama, azadlığın
məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük
azadlıqdan məhrum etmə kimi cəza növləri aiddir. Bunlar, müstəqil tətbiq edilən,
hər hansı bir cəza növünə qoşula bilməyən cəzalardır.
Müstəqil tətbiq edilə bilməyən, yalnız əsas cəzalara qoşulan cəzalar əlavə
cəzalar hesab olunur. Cəzanın məqsədinin təmin edilməsində köməkçi xarakter
daşıyan bu cəza növlərinə - xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum etmə, nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum
etmə, əmlak müsadirəsi və Azərbaycan Respublikasının hüdudlarından kənara
məcburi çıxarma kimi cəzalar aiddir.
Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə cəza növləri isə, həm əsas, həm də əlavə cəza kimi
tətbiq edilir.
Cinayət Məcəlləsinin 44-57-ci maddələrində ayrı - ayrılıqda bu cəza
növlərindən bəhs olunur.
1. Cərimə cinayət qanunu (Cinayət Məcəlləsi) ilə müəyyən edilmiş hallarda
və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. O həm
əsas, həm də əlavə cəza kimi tətbiq edilən cəza növüdür.
Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə
alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş
minimum əmək haqqı məbləğinin yüz mislindən beş min mislinədək miqdarda
müəyyən olunur.
Cəriməni ödəməkdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər,
islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər.
2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü
KitabYurdu.az
185
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə
tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və
cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə
təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum
etmə cəzası məhkəmələr tərəfindən yalnız əlavə cəza kimi tətbiq edilir.
3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünü idarə
orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər
fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza
növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir
ildən üç ilədək müddətə təyin edilir.
4. İctimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında
haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə
yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və
gün ərzində saatdan çox ola bilməz. Şəxs həmin işlərin yerinə yetirilməsindən
qərəzli boyun qaçırdıqda, ictimai işlər azadlığın məhdudlaşdırılması və ya
müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir.
İctimai işlər birinci və ikinci qrup əlillərə, hamilə qadınlara, himayəsində
səkkiz yaşınadək uşağı olan qadınlara, pensiya yaşına çatmış qadın və kişilərə,
hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara
tətbiq oluna bilməz.
Qanunvericiliyə əsasən, ictimai işlər yalnız əsas cəza kimi tətbiq edilir.
5. Cinayət Məcəlləsinin 48-ci maddəsinə müvafiq olaraq, ağır və ya
xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə
cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını
nəzərə olaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət
təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə
xüsusi
və
ya
hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat
göndərir.
Bu cəzanın xüsusiyyəti məhkuma mənəvi təsir göstərmək və onu hərbi,
xüsusi rütbə və fəxri adların sahibi olan şəxslər üçün təyin edilmiş mümkün
imtiyaz və üstünlüklərdən məhrum etməkdə təzahür edir.
Xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə
cəzası yalnız əlavə cəza kimi tətbiq edilir.
6. İslah işləri əsas cəza növü olmaqla iki aydan iki ilədək müddətə təyin
edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir.
İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən
iyirmi faizədək məbləğdə pul tutulur. Şəxsin cəzanı çəkmədən qəsdən boyun
qaçırması, məhkəmə tərəfindən ona digər cəza növlərinin - azadlığın
məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə kimi
cəzaların tətbiqinə səbəb olur.
7. Hərbi xidmət üzrə məhdudlaşdırma məhkəmə tərəfindən yalnız əsas cəza
KitabYurdu.az
186
kimi, tətbiq edilir. Hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt
(bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət
törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda,
habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət
törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara Cinayət Məcəlləsinin
Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri
əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Bu cəza növünə
məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi
faizədək məbləğdə pul tutulur.
8. Əmlak müsadirəsi yalnız əlavə cəza kimi tətbiq edilməklə məhkumun
cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, habelə cinayət yolu
ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə
alınmasından ibarətdir. Məhkum və onun himayəsindəki şəxslər üçün
zəruri olan və cəzaların icrası haqqında qanunvericiliklə müəyyən edilən
əmlak müsadirə edilə bilməz.
Əmlak müsadirəsi yalnız qanunda nəzərdə tutulmuş hallarda təyin olunur.
9.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma
əcnəbilərə, onlar ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə təyin olunmuş
əsas cəza növünü çəkdikdən sonra, törədilmiş cinayətin xarakteri və ictimai
təhlükəlilik
dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran
hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin
həyat şəraitinə təsiri nəzərə alınmaqla tətbiq edilə bilər.
Cinayət Məcəlləmin 52.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir:
1) barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan
Respublikasının ərazisində daimi yaşayan şəxslərə;
2) barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan
Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə;
3) Azərbaycan Respublikasında doğulmuş şəxslərə;
4) valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan
şəxslərə;
5) qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən
siyasi sığınacaq verilmiş şəxslərə;
6) himayəsində, yetkinlik yaşına çatmayan uşağı, habelə fəaliyyət
qabiliyyəti olmayan və ya I və II qrup əlili olan şəxslərə;
7) məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz
qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən şəxslərə.
Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza
növü yalnız əlavə cəza kimi tətbiq edilir.
10. Azadlığın məhdudlaşdırılması əsas növü olmaqla, ittiham hökmü
çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən
təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə
saxlanılmasından ibarətdir.
KitabYurdu.az
187
Azadlığın məhdudlaşdırılması məhkumluğu olmayan və qəsdən cinayət
törətməyə görə bir ildən üç ilədək müddətə, ehtiyatsızlıqdan cinayət törətməyə
görə məhkum edilən şəxslərə isə bir ildən beş ilədək müddətə təyin edilir.
Qanunvericiliyə əsasən bir sıra şəxslərə - birinci və ikinci qrup əlillərə, hamilə
qadınlara və ya səkkiz yaşınadək uşağı olan qadınlara, qocalığa görə pensiya
yaşına çatmış qadın və kişilərə, habelə müddətli həqiqi hərbi xidmətdə olan hərbi
qulluqçulara bu cəza növü tətbiq edilə bilməz.
11. Cinayət qanunvericiliyində intizam xarakterli hərbi hissədə saxlama əsas
cəza növü kimi nəzərdə tutulmuşdur. İntizam xarakterli hərbi hissədə
saxlama növündə cəza 3 aydan 2 ilədək müddətə həqiqi hərbi xidmətdə
olan hərbi qulluqçulara, həmçinin kontrakt (bağlaşma) əsasında sıravi və
gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilir, bir
şərtlə ki, onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət
müddətini başa vurmamış olsunlar.
Bu cəza növünün hüquqi mahiyyəti, məhkumun müəyyən müddətə məcburi
olaraq intizam xarakterli hərbi hissəyə göndərilməsindən və orada islah
edilməsindən ibarətdir.
Azadlıqdan məhrum etmə cəzası intizam xarakterli hərbi hissədə saxlama
cəzası ilə əvəz edildikdə, azadlıqdan məhrum etmə cəzasının müddəti intizam
xarakterli hərbi hissədə saxlama cəzasının müddətinə günə gün hesabı ilə
hesablanır.
12. Cinayət Məcəlləsinin 55-ci maddəsində əsas cəza növü kimi müəyyən
müddətə azadlıqdan məhrum etmə cəzasından bəhs olunur.
Müəyyən müddətə azadlıqdan məhrum etmə məhkumun koloniya -
məntəqəyə, ümumi, ciddi və xüsusi rejimli islah koloniyasına və ya həbsxanaya
yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunmasından ibarətdir.
Müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası üç aydan on beş ilədək
müddətə müəyyən edilir. Lakin cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən
azadlıqdan məhrum etmə müddətinin qismən və ya tamamilə toplandığı hallarda,
azadlıqdan məhrum etmənin yuxarı həddi on beş ildən, hökmlərin məcmusu üzrə
isə iyirmi ildən artıq ola bilməz.
13. Azərbaycan Respublikası ölüm cəzasının ləğv olunması ilə əlaqədar 10
fevral 1998-ci il tarixli qanunu qəbul etməklə beynəlxalq aləmdə özünün
demokratik, dünyəvi və hüquqi dövlət olduğunu bir daha sübut etdi.
Əsas cəza növü kimi ömürlük azadlıqdan məhrum etmə də məhz bu qanunla
respublikamızın cinayət qanunvericiliyinə daxil edildi.
Qanunvericilik yalnız sülh və bəşəriyyət əleyhinə, müharibə cinayətləri ilə
əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır
cinayətlərə görə bu cəza növünün tətbiqinə yol verir. Lakin qanunvericilik burada
da humanizm prinsipindən çıxış edərək ömürlük azadlıqdan məhrum etmə cəzasını
müəyyən kateqoriya şəxslərə - qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam
olmayanlara, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə tətbiqini
qadağan edir.
Məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən
məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən cəkdiyini,
KitabYurdu.az
188
həmçinin onun bu cəzanı çəkdiyi müddətə qəsdən cinayət törətmədiyini nəzərə
alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə
gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə
azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından
əvvəl azad edə bilər.
TƏKRAR ÜÇÜN SUALLAR
1)
Hüququn bir sahəsi kimi cinayət hüququnun xüsusiyyətləri
nədən ibarətdir?
2)
Cinayət qanununun zamana və məkana görə qüvvəsi haqqında
danışın.
3)
Cinayət nədir? Onun hansı əlamətləri vardır?
4)
Cinayət məsuliyyətinin anlayışını izah edin, onun əsaslarını
göstərin.
5)
Cinayət tərkibinin və onun dörd elementinin anlayışını verin.
6)
Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin
xüsusiyyətləri nə ilə xarakterizə olunur?
7)
Əməlin cinayət olmasını aradan qaldıran hallar hansılardır?
8)
Cinayətdə iştirakçılıq necə yaranır? İştirakçılığın hansı forma
və növləri mövcuddur?
9)
Cəza, digər dövlət məcburetmə tədbirlərindən hansı əlamətləri
ilə fərqlənir?
10)
Cəzanın məqsədi nədir?
11)
Cinayət qanunvericiliyində cəzanın hansı növləri göstərilir?
KitabYurdu.az
189
Dostları ilə paylaş: |