KitabYurdu.az
160
qanunvericiliyinin əsasını Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi
və bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktları
və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Qüvvədə olan ailə hüququnun mənbələri sırasında ilk növbədə Azərbaycan
Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasını qeyd etmək lazımdır. Çünki,
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olub, respublikamızın
qanunvericilik sisteminin əsasıdır. Bütün digər qanunlar Konstitusiya əsasında və
ona uyğun olaraq qəbul edilir.
İctimai-siyasi həyatın bütün sahələrini tənzim edən, Azərbaycan
Respublikasının bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlardan keçmiş
beynəlxalq normaya çevrilmiş ən ali dəyərlərə - insan hüquqları, milli suverenlik
və demokratiya prinsiplərinə əsaslanan bu Konstitusiya ailə hüququnun da əsas
müddəalarını özündə əks etdirir. Bütün vətəndaşların qanun qarşısında bərabərliyi,
qadının və kişinin eyni hüquqa malik olması, ailəyə dövlət tərəfindən yardım
göstərilməsi və s. prinsipləri elan etməklə Konstitusiyamız dünyanın ən
demokratik, humanist konstitusiyalarından biri olduğunu təsdiq etmişdir.
Konstitusiyanın 17-ci maddəsi elan edir ki, bizim cəmiyyətdə ailə dövlət
tərəfindən xüsusi olaraq himayə edilir. Uşaqların qayğısına qalmaq və onları
tərbiyə etməyi valideynlərin əsas vəzifəsi hesab edən Konstitusiya, bu vəzifənin
yerinə yetirilməsinə dövlət tərəfindən nəzarət edildiyini də göstərmişdir.
Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa
çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç
kəs zorla evləndirilə (ərə verilə) bilməz. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə
edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Valideynlərin hüquq və vəzifələrini
qeyd etməklə yanaşı, bu maddə onlara hörmət etməyi və qayğılarına qalmağı da
uşaqların borcu hesab edir.
Ailə hüququnun mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il
1 iyun tarixindən qüvvəyə minmiş yeni Ailə Məcəlləsi əsas yer tutur. Ailə
münasibətlərini ətraflı normalaşdıran bu məcəllə qanunların sistematik külliyyatı
olmaqla 8 bölmə, 28 fəsil, 195 maddədən ibarətdir. Məcəllə respublika
vətəndaşlarının ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi, nikahın
bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və
şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə
qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər
şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir,
habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi
qaydalarını müəyyən edir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; ailə
münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin
maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri
əsasında qurulması; ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə
Vətənə sədaqət ruhunda tərbiyə edilməsi; ana və uşaqların mənafeyinin hərtərəfli
müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; ailə
münasibətlərində zərərli adətlərin aradan qaldırılması; uşaqlarda ailə və cəmiyyət
qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi vəzifələrini qarşısına məqsəd qoyan
bu məcəllə, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və
KitabYurdu.az
161
dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada
məhdudlaşdırılmasını qadağan edir.
Ailə forması - insanların qarşılıqlı münasibətlərinin xüsusi sahəsini təşkil
edir. Ancaq bu münasibətlər şəxsi, intim xarakter daşıdığı hallarda, tamamilə,
hüquq normaları ilə nizama salınmır. Bununla belə, cəmiyyətin mövcudluğu,
xoşbəxtliyi və firavanlığı əsasən, ailə münasibətlərinin sağlam inkişafından
asılıdır. Böyüməkdə olan nəsillərin sağlamlığının möhkəmləndirilməsində və
tərbiyəsində, cəmiyyətin iqtisadi və sosial tərəqqisinin təmin edilməsində,
demoqrafiya proseslərinin yaxşılaşdırılmasında ailənin rolu hüdudsuzdur. İnsanın
xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin
əsasları ailədə formalaşır. Cəmiyyət möhkəm, mənəvi və əxlaqi cəhətdən sağlam
ailələr olmasını ürəkdən istəyir. Buna görə də respublikamızın ailə qanunvericiliyi
ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı
məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin
qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım
və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin
olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə hüququ nikahdan, qohumluqdan, uşaqları övladlığa və daimi tərbiyəyə
götürməkdən əmələ gələn şəxsi, yəni qeyri-əmlak münasibətlərini və bunlarla
əlaqədar əmlak münasibətlərini tənzim edən hüquq normalarının məcmusundan
ibarətdir. Demək, ailə hüququnun predmeti dedikdə, ailədə ərlə arvad arasında,
ailənin digər üzvləri arasında əmələ gələn şəxsi və əmlak münasibətləri başa
düşülür.
2. Ailə hüququnun əsas prinsipləri.
Ailə hüququnun müstəqilliyi, onun, hüququn digər sahələrindən fərqli
cəhətləri, öz ifadəsini ailə hüququnun prinsiplərində tapmışdır. Həmin prinsiplərə
aşağıdakılar daxildir:
1) qadınla kişinin şəxsi və əmlak hüquq bərabərliyi;
2) təknikahlıq;
3) boşanma azadlığı;
4) nikahın bağlanmasında azadlıq və könüllülük;
5) ana və uşaq haqqında dövlət qayğısı, onların mənafeyinin mühafizəsi;
6) ailə münasibətlərinin tənzim olunmasında dinin iştirakına yol
verilməməsi;
7) uşaqların ailə tərbiyəsinin təmin edilməsi;
8) milliyyətindən, irqindən, sosial vəziyyətindən, dini və dil
mənsubiyyətindən asılı olmayaraq ailə münasibətlərində vətəndaşların
hüquq bərabərliyi;
9) valideynlik hüquqlarının müdafiəsi.
Sosiologiya elmində ailə dedikdə, nikaha, qohumluğa, uşaqları tərbiyəyə
götürməyə əsaslanan şəxslərin ümumi həyatı və mənafeləri, qarşılıqlı qayğıları ilə
səciyyələnən ittifaqı başa düşülür. Hüquqi mənada ailə özündə hüquqi əlaqəni əks
etdirir. Ailə üzvlərinin hüquq və vəzifələri ön plana çəkilir.
KitabYurdu.az
162
İstənilən hüquq münasibəti kimi, ailə hüquq münasibətləri də onların
subyektləri, obyektləri, məzmun və əmələgəlmə əsaslarının təhlili nəticəsində daha
çox aydın olur.
Ailə-hüquq münasibətlərinin subyektlərini - ailə üzvləri: ər-arvad
(qanunvericiliklə müəyyən edilən qaydada nikah bağlamış kişi və qadın);
qohumlar (bir-birlərindən törəyən şəxslər, məsələn, ata və oğul, yaxud ümumi
mənşəyə malik olan şəxslər, məsələn, əmi və qardaşoğlu və s.), övladlığa
götürülən və övladlığa götürənlər, faktiki tərbiyəçilər və tərbiyə edilənlər, ögey
atalar, analar, oğullar, qızlar təşkil edir.
Ailə-hüquq münasibətlərinin obyektlərinə isə ailə üzvlərinin hərəkətləri
(məsələn, atanın alimenti ödəməsi, valideynlərin uşaqlarını tərbiyə etmələri üzrə
fəaliyyəti və s.), yaxud da əşyalar (məsələn, ər-arvadın birgə mülkiyyətindən ibarət
olan əşyası və s.) daxildir.
Ailə-hüquq münasibətlərinin əmələgəlmə əsasını həm hərəkətlər, həm də
hadisələr təşkil edir. Məlum olduğu kimi, hərəkətlər də öz növbəsində
hüquqauyğun və hüquqazidd hərəkətlərə bölünür. Hüquqauyğun hərəkətlərə -
atalığın müəyyən olunması, uşaqların tərbiyə edilməsi və s. aiddir. Hüquqazidd
hərəkətlərə isə yetkinlik yaşına çatmayanların nikaha girmələri, valideynlərin öz
uşaqlarını tərbiyə etmək vəzifələrini yerinə yetirməkdən boyun qaçırmaları,
valideynlərin öz hüquqlarından sui-istifadə etmələri və s. misal ola bilər. Ailə
hüquq münasibətlərinin subyektlərinin mənafelərinin müdafiəsi ilə əlaqədar olan
bu hərəkətlər müəyyən hüquqi nəticələrin əmələ gəlməsinə səbəb olurlar. Hüquqi
faktlara - hadisələrə isə uşağın anadan olması, qan qohumluğu faktı, hamiləlik və s.
aiddir.
Ailə-hüquq münasibətlərinin məzmunu dedikdə, ailə üzvlərinin hüquq və
vəzifələri başa düşülür. Onlar şəxsi, yəni qeyri-əmlak və əmlak xarakteri daşıyırlar.
Subyektlər arasında hüquq və vəzifələrin qarşılıqlı əlaqəsindən asılı olaraq
ailə hüquq münasibətləri aşağıdakı qruplara bölünür:
1. Ər-arvadın şəxsi və əmlak hüquq münasibətləri;
2. Valideynlərin və uşaqların şəxsi və əmlak hüquq münasibətləri;
3. Ailənin digər üzvləri arasında şəxsi və əmlak hüquq münasibətləri.
Ər-arvad arasında ailə hüquq münasibətləri nikahın qeydə alınması
nəticəsində əmələ gəlir. Bu münasibətlər şəxsi və əmlak xarakterli münasibətlərə
bölünür. Şəxsi hüquq münasibətlərinin mahiyyəti ondan ibarətdir ki, bu
münasibətlər iqtisadi məzmuna malik deyillər və ər-arvadın şəxsiyyəti ilə
bağlıdırlar. Ər-arvadın şəxsi hüquqlarına onların nikah bağlanarkən soyad seçmək
hüququ, istədikləri məşğuliyyəti, sənət və yaşayış yerini seçmək hüququ və s.
hüquqları aid etmək olar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-30-cu
maddələri (VI fəsil) ər-arvadın şəxsi hüquq və vəzifələrinə həsr edilmişdir. Həmin
maddələrə əsasən, respublika Konstitusiyasında təsbit edilmiş qadın və kişinin
hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi
və əmlak hüquqlarına malikdirlər. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili,
eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun
olaraq birgə həll edilir.
Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi
KitabYurdu.az
163
əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət
göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların
sağlamlığının qayğısına qalmalıdırlar.
Ər-arvad arasında əmələ gələn əmlak münasibətlərinə onların ümumi birgə
və onların hər birinin ayrıca mülkiyyəti, habelə ər-arvadın bir-birini saxlamaq
vəzifələri ilə əmələ gələn əmlak münasibətləri daxildir. Nikah müddətində ər-
arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın
ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual
fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, pul vəsaitləri, qiymətli kağızlar,
əmanətlər, daşınar və daşınmaz əşyalar və s. daxildir. Ümumiyyətlə, bu obyektlərin
dairəsi çox genişdir. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə
nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə etdikləri əmlak
onların ayrıca əmlakıdır. Bura, həmçinin, onların fərdi istifadəsində olan əşyalar və
s. daxildir.
Ailə Məcəlləsinin XIV fəsli (84-87-ci maddələr) ər-arvadın aliment
öhdəliklərinə, habelə onların bir-birini saxlamaq vəzifələrinə həsr edilmişdir. 84-
cü maddəyə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.
Onların bu vəzifəsi nikah münasibətlərinə xitam verildikdən sonra da saxlanılır.
Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin
ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan
digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna
malikdirlər:
1) əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad;
2) hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il
ərzində arvad;
3) ümumi əlil uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad - uşaq 18
yaşına çatana qədər;
4) I qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad.
Aliment almaq üçün müraciət etmiş iddiaçılara bir sıra prosessual güzəştlər
verilmişdir. Belə ki, onlar dövlət rüsumunu ödəməkdən azad edilir, iddia,
iddiaçının arzusu ilə həm cavabdehin, həm də iddiaçının yaşadığı yerdə
məhkəməyə verilə bilər və s.
Aliment alınması barədə mülki işlərə qısa müddətdə baxılır. Alimentin
miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti,
tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan
sabit pul məbləği formasında müəyyən edilir.
Məhkəmənin aliment tutulması haqqında qərarı dərhal qüvvəyə minir.
Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən, valideynlərin və uşaqların hüquq
və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq
olunmasına əsaslanır. Nikahdakı valideynlərdən olan uşağın mənşəyi onların
nikahı haqqında qeydlə təsdiq olunur.
Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə
ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən
birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq
yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında
KitabYurdu.az
164
müəyyən olunur. Uşağın anası ilə cavabdehin birgə yaşaması və ümumi təsərrüfatı
idarə etməsi atalığın müəyyən edilməsi üçün zəruri şərt olması ilə əlaqədar olaraq
məhkəmə işi həll edərkən bunları nəzərə alır.
Valideynlərlə uşaqlar arasında əmələ gələn hüquq münasibətləri də iki qrupa
bölünür: şəxsi və əmlak hüquq münasibətləri. Şəxsi münasibətlərə valideynlərin
uşaqlara ad qoymaq və soyad vermək, uşaqları tərbiyə etmək, onların mənafeyini
müdafiə və təmsil etməklə əlaqədar yaranan hüquq və vəzifələr, əmlak
münasibətlərinin tərkibinə isə valideynlərə və uşaqlara məxsus olan əmlak, habelə
alimentlə bağlı münasibətlər daxildir.
Ailə qanunvericiliyinə müvafiq olaraq 18 yaşına (yetkinlik yaşına) çatmayan
və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir
uşaq ailədə yaşamaq və tərbiyə almaq; öz valideynləri və başqa qohumları ilə
ünsiyyətdə olmaq; öz hüquqlarını və qanuni mənafelərini müdafiə etmək; ailədə
onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək,
habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək; ad, ata
adı və soyadı daşımaq və s. hüquqlara malikdir. Eyni zamanda valideynlər də öz
uşaqları barəsində qanunla müəyyən edilmiş qaydada bərabər hüquqlara
malikdirlər və bərabər vəzifələr daşıyırlar.
Ümumi qaydaya görə valideynlərə və uşaqlara məxsus olan əmlak onların
hər birinin öz ayrıca əmlakıdır. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların
əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və
uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya
həmin əmlaka sahiblik edə bilərlər. Lakin əgər uşaqlar valideynlərlə birlikdə öz
əməyi və ya şəxsi vəsaitləri ilə bu və ya digər əmlakın əldə edilməsində iştirak
etmişlərsə, onların həmin əmlaka mülkiyyət hüququ yaranır. Eyni zamanda uşaqlar
öz gəlirlərinə, vərəsəlik və ya hədiyyə şəklində əldə etdikləri əmlaka tam
mülkiyyət hüququna malikdirlər. Aliment, pensiya, müavinətlər şəklində uşağa
ödənilən məbləğ valideynlərin sərəncamına daxil olur, onlar tərəfindən uşaqların
saxlanılmasına, tərbiyəsinə və təhsilinə xərclənir.
Ailə Məcəlləsinin XIII fəslində (75-83-cü maddələr) valideynlərin və
uşaqların aliment öhdəlikləri tənzim olunur. Valideynlər yetkinlik yaşına
çatmamış, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan
yetkinlik yaşına çatmamış övladlarını saxlamağa borcludurlar. Qanuna görə bu
borc, yəni uşaqlara aliment vermək vəzifəsi valideynlərin hər ikisinin üzərinə
düşür. Valideynlər öz uşaqlarının saxlanılması üçün könüllü surətdə vəsait
verməkdən boyun qaçırdıqda, vəsait məhkəmə qaydasında tutula bilər. Öz
növbəsində, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma
ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı
göstərməyə borcludur. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək
qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment
əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan tutulur. Övladların
hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və
övladların maddi və ailə vəziyyəti nəzərə alınmaqla hər ay ödənilməli olan sabit
pul məbləğində müəyyən edilir.
KitabYurdu.az
165
3. Nikahın anlayışı və şərtləri.
Nikah - kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti
orqanında qeydiyyata alınan könüllü, bərabərhüquqlu ittifaqıdır. Ailə
qanunvericiliyində nikahın bağlanması üçün bir sıra şərtlər nəzərdə tutulmuşdur:
1. Nikaha daxil olan şəxslərin yazılı razılığı.
Bu şərt öz ifadəsini Ailə Məcəlləsinin 11-ci maddəsində tapmışdır. Yazılı
razılığın mahiyyəti ondan ibarətdir ki, evlənmək arzusunda olanlar nikahın
bağlanması üçün kənardan heç bir təzyiq olmadan, könüllü surətdə yalnız öz
iradələrini təsdiq edilmiş formada - yazılı formada ifadə etməklə müvafiq orqana
müraciət edə bilərlər.
2. Nikah yaşı.
Ailə Məcəlləsinin 10-cu maddəsinə müvafiq olaraq, Azərbaycan
Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən
olunur. Minimum yaş həddinin qanunvericiliklə müəyyən edilməsində məqsəd
ondan ibarətdir ki, nikaha daxil olan şəxslər fiziki, psixoloji və mənəvi cəhətdən
yetkin olsunlar. Lakin qanunvericilik burada bəzi istisnalara yol verir. Belə ki,
üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış
şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə
nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Üzrlü
səbəblərə yetkinlik yaşına çatmamışın hamilə olması və yaxud uşaq doğması,
oğlanın hərbi xidmətə çağırılması, uzaq xarici səfərə getmə və s. misal ola bilər.
Nikah yaşına çatmamış şəxs nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət
qabiliyyəti əldə edir.
3. Başqa nikahda olmamaq.
Bu o deməkdir ki, şəxs, ancaq bir rəsmi nikahda ola bilər. Ailə Məcəlləsinin
12.0.3.-cü maddəsində qeyd edilir ki, ikisindən biri və ya hər ikisi başqası ilə
nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir.
4. Nikaha daxil olan şəxslərin fəaliyyət qabiliyyətinə malik olması.
Bu şərt nikaha daxil olan şəxsin öz hərəkətlərinin hüquqi əhəmiyyətini və
nəticələrini qiymətləndirməyə qabil olmasını əks etdirir. Belə ki, ikisindən biri və
ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən
fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında nikahın bağlanmasına
yol verilmir.
5. Yaxın qohumlar arasında nikahın bağlanmasına yol verilməməsi.
Yaxın qohumlar dedikdə, valideynlər və uşaqlar, baba, nənə və nəvələr,
doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar başa düşülür. Ailə
qanunvericiliyində övladlığa götürənlər və övladlığa götürülənlər mənşə üzrə
qohumlara bərabər tutulduğuna görə onlar arasında nikahın bağlanmasına yol
verilmir.
4. Nikahın bağlanılması və xitamı.
Nikaha daxil olmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti
orqanına ərizə ilə şəxsən müraciət edir, tələb olunan sənədləri - şəxsiyyət vəsiqəsi
və ya hərbi biletlərini təqdim edirlər. Ərizə qanunvericiliklə müəyyən edilmiş
KitabYurdu.az
166
qaydada tərtib edilməli və nikahın bağlanması üçün tələb olunan şərtlərə cavab
verməlidir. Nikah ərizə verildiyi gündən 1 ay sonra onu təqdim edənlərin iştirakı
ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla
bilər. Hamiləlik, uşağın doğulması və digər hallarda nikah ərizə verilən gün
bağlana bilər.
Nikahın qeydiyyatı nikaha daxil olan şəxslərin iştirakı ilə həyata keçirilir.
Mərasimdə evlənənlərin arzusu ilə şahidlər, qohumlar və digər şəxslər iştirak edə
bilər. Nikah dövlət qeydiyyatına alınan gündən ər və arvadın hüquq və vəzifələri
yaranır. Tərəflərə nikahın bağlanmasını təsdiq edən şəhadətnamə verilir.
Ailə Məcəlləsinin 9.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı nikahın qeydiyyatından imtina etdikdə nikaha daxil olmaq istəyən şəxslər
məhkəməyə şikayət edə bilərlər.
Nikahın bağlanması şərtlərinin pozulması onun məhkəmə qaydasında
etibarsız sayılmasına səbəb olur. Etibarsız hesab edilmiş nikah ər və arvad üçün
heç bir hüquq və vəzifələr yaratmır. Lakin qanunvericilik burada uşaqların
mənafelərini nəzərə alır. Odur ki, nikahın etibarsız sayılması bu nikahdan doğulan
və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan
uşaqların hüquqlarına təsir etmir.
Etibarsız hesab edilən nikahda olmuş şəxslərin birlikdə əldə etdikləri əmlaka
ailə hüquq normaları tətbiq edilmir. Həmin əmlaka Azərbaycan Respublikası
Mülki Məcəlləsinin ümumi paylı mülkiyyət haqqında müddəaları tətbiq edilir.
Nikah aşağıdakı hüquqi faktlar mövcud olduqda xitam edilir:
1) ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə;
2) ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də
məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın)
qəyyumunun ərizəsi əsasında nikaha xitam verildikdə, yəni boşanma nəticəsində.
Nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən və
məhkəmə tərəfindən həyata keçirilir. Əgər ər-arvadın yetkinlik yaşına çatmayan
ümumi uşaqları yoxdursa onda nikah onların razılığı əsasında müvafiq icra
hakimiyyəti orqanında xitam edilə bilər.
Ailə Məcəlləsinin 17.2-ci maddəsində göstərilir ki, yetkinlik yaşına
çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi
əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti
orqanında aparılır:
1) ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə;
2) ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab
edildikdə;
3) ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan
məhrum olunduqda.
Məhkəmə qaydasında nikah aşağıdakı hallarda pozulur:
1) qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın
yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda;
2) ər-arvaddan biri nikahın pozulmasına razı olmadıqda;
3) ər-arvad arasında nikahın pozulmasına razılıq olduqda, lakin onların
Dostları ilə paylaş: |