KitabYurdu.az
167
ümumi əmlakını bölmək və ya bir-birinə aliment verməklə əlaqədar
olaraq mübahisələri baş verdikdə.
Nikahın pozulması haqqında ərizə cavabdehin yaşayış yerində verilir.
Məhkəmə ər-arvadı barışdırmaq üçün tədbirlər görür, işə baxılmasını təxirə salıb,
barışmaq üçün onlara üç aydan çox olmayaraq vaxt təyin edə bilər. Barışıq
olmadıqda və ya onlar nikahın pozulmasında təkid etdikdə nikah pozulur.
Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda, pozulmanın dövlət
qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə
məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş
sayılır.
TƏKRAR ÜÇÜN SUALLAR
1) Ailə hüququnu hüququn digər sahələrindən fərqləndirən əsas xüsusiyyətlər
hansılardır?
2) Ailə hüququ hansı münasibətləri tənzim edir?
3) Ailə nədir? Ailə hüququnun subyektlərinə kimlər daxildir?
4) Ailə hüququnda nikahın anlayışını izah edin. Nikahın bağlanması şərtləri
haqqında danışın.
5) Nikah hansı hüquqi faktlar mövcud olduqda xitam edilir?
Mövzu 9.
CİNAYƏT HÜQUQUNUN
ƏSASLARI
P L A N
1. Cinayət hüququnun anlayışı və vəzifələri.
2. Cinayət qanunu və cinayətin anlayışı.
3. Cinayət məsuliyyətinin anlayışı və əsasları.
4. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti.
5. Əməlin cinayət olmasını aradan qaldıran hallar.
6. Cinayətdə iştirakçılıq.
7. Cəzanın anlayışı və məqsədi.
8. Cəzanın sistemi və növləri.
KitabYurdu.az
168
1. Cinayət hüququnun anlayışı və vəzifələri
Cinayət hüququ, hüququn müstəqil bir sahəsi olub, xüsusiyyətləri özünün
predmet və metodu ilə müəyyən edilir. Cinayət hüququnun tənzim edilməsinin
predmetini yalnız cinayətin baş verməsi ilə əlaqədar olan ictimai münasibətlər
təşkil edir. Cinayət hüquq pozuntusunun subyekti kimi cinayət törətmiş şəxslər və
hüquq tətbiqedici orqanlar şəxsində dövlət çıxış edir.
Cinayət hüququnun ictimai münasibətlərin nizama salınması metodu
qanunla cinayət hesab edilən əməllər və onların törədilməsi ilə tətbiq edilən
cəzaların müəyyən edilməsindən ibarətdir.
Cinayət hüququnun xüsusiyyətləri həmçinin onun vəzifə və funksiyalarında
özünü göstərir. Cinayət hüququnun əsas vəzifəsi-cəmiyyəti ən təhlükəli hüquq
pozuntularından (cinayətlərdən) müdafiə (mühafizə) etməkdir. Buna görə də
cinayət hüququnun əsas funksiyası - mühafizəedici funksiyadır. Bununla belə,
cinayət hüququ ümumi və xüsusi xəbərdaredici, həmçinin, tərbiyəvi funksiyaları
da həyata keçirir.
Cinayət hüququ hüququn bir sahəsi kimi mövcud ictimai münasibətlər
sistemi üçün təhlükəli əməllərin cinayət olmasını və cəzalandırılmasını, həmçinin
cinayət məsuliyyəti və ondan azad etməni müəyyən edən, ali hakimiyyət orqanları
tərəfindən təsbit edilən hüquq normalarının məcmusudur.
Azərbaycan Respublikasının qüvvədə olan yeni Cinayət Məcəlləsi qəbul
edilərkən ictimai həyatın son illərdə siyasi, iqtisadi və sosial sahələrində baş verən
keyfiyyət dəyişiklikləri nəzərə alındı. Bu, xüsusilə, cinayət hüququnun mühafizə
etdiyi sahələrdən hansının daha çox üstünlük təşkil etməsində özünü göstərdi.
Şəxsiyyətin, onun hüquq və azadlıqlarının cinayət-hüquqi vasitələrlə müdafiəsi
birinci yerdə durdu. Bundan başqa, mülkiyyətin, formalarından asılı olmayaraq
bərabər qaydada mühafizə edilməsinə göstəriş verildi. Təbii mühit, ictimai və
dövlət mənafeləri, hüquq qaydaları, bəşəriyyətin təhlükəsizliyi və sülhün təmini
cinayət-hüquqi mühafizənin əsas obyektləri sırasına daxil edildi.
Cinayət hüququ cinayətkarlıqla mübarizədə strateji və taktiki cəhətləri
müəyyən edən cinayət üzrə siyasətin həyata keçirilməsi vasitəsidir. Müasir
mərhələdə bu siyasət iki əsas tendensiya ilə xarakterizə olunur. Birincisi, ağır
cinayətlər törədən, yaxud cinayət qanununu dəfələrlə pozan şəxslərə (xüsusilə
residivistlərə, peşəkar cinayətkarlara-mafiya strukturlarının, yaxşı təşkil olunmuş
cinayət qruplarının rəhbərlərinə) sərt cəza tədbirlərinin tətbiqi. İkincisi, böyük
ictimai təhlükə hesab edilməyən cinayətlərə görə cinayət məsuliyyətinin
sferalarının məhdudlaşdırılması. Belə ki, cinayət qanununu ilk dəfə pozan şəxsə
cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan cəza tətbiq edilir. Bu, şərti məhkum
etmə, hökmün icrasını təxirə salma, habelə cəzanı əvəz edən digər inzibati,
tərbiyəvi və ictimai xarakterli tədbirlərlə həyata keçirilə bilər.
2. Cinayət qanunu və cinayətin anlayışı.
Cinayət qanunu - Respublikanın ali qanunverici orqanı (Milli Məclis)
tərəfindən qəbul edilən - cinayət məsuliyyətinin prinsiplərini və əsaslarını, hansı
əməllərin cinayət olduğunu və belə əməlləri törətmədə təqsiri olan şəxslər
KitabYurdu.az
169
barəsində tətbiq ediləcək cəzaları, məsuliyyətdən və cəzadan azad etmənin
şərtlərini müəyyən edən hüquq normalarından ibarət aktdır.
1
Cinayət hüququnun xüsusiyyətləri ondan ibarətdir ki, yalnız cinayət qanunu
cinayət hüquq normalarını: əməli cinayət və cəzalanmalı olması, cinayət
məsuliyyətinin əsasları, cəzanın sistemi, onun təyin edilməsi şərtləri və
qaydalarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad etmə və s.
normaları özündə əks etdirir. Cinayət qanunu cinayət hüququnun vahid və yeganə
mənbəyidir. Heç bir digər hüquqi aktlar və yaxud məhkəmə qərarları cinayət
hüquq normalarını təyin edə bilməz.
Azərbaycan Respublikasında cinayət qanunvericiliyinin əsasını 1999-cu il
dekabrın 30-da qəbul edilmiş, 2000-ci ilin sentyabrın 1-də qüvvəyə minmiş
Azərbaycan Respublikası Cinayət Məcəlləsi təşkil edir. Keçən dövr ərzində
qüvvədə olan Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər edilmişdir.
Cinayət Məcəlləsi cinayət hüquq normalarının sistemləşdirilmiş ifadəsidir. O
iki hissədən ibarətdir: ümumi və xüsusi. Ümumi hissədə cinayət hüququnun rəhbər
prinsipləri və ümumi müddəaları şərh olunur, xüsusidə isə konkret cinayətlər və bu
cinayətlərə görə cəzaların növləri və hədləri müəyyən olunur. Ümumi və xüsusi
hissələr qarşılıqlı əlaqədədirlər və vahid tamı təşkil edirlər: ümumi hissəyə
müraciət etmədən xüsusi hissənin normalarını tətbiq etmək olmaz.
Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələri bölmələrə və yaxud
fəsillərə bölünür, sonuncular da öz növbəsində məzmununu cinayət - hüquq
normaları təşkil edən maddələrdən (353 maddə) ibarətdir. Cinayət Məcəlləsinin
Ümumi hissəsinin maddələri təyinedici normalar olmaqla, cinayət məsuliyyətinin
prinsiplərini və əsaslarını, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad
etmənin şərtlərini müəyyən edir və möhkəmləndirir. Ümumidən fərqli olaraq,
Xüsusi hissənin normaları quruluşca iki hissədən: dispozisiya (müəyyən növ
cinayətin əlamətlərini nəzərdə tutan norma) və sanksiyadan (müəyyən növ
cinayətə görə cəzanın növünü və həddini nəzərdə tutan normadan) ibarətdir.
Cinayət Məcəlləsinin ümumi hissəsində cinayət qanununun məkana və
zamana görə qüvvəsi tənzim olunur.
Cinayət qanununun məkana görə qüvvəsi ərazi, vətəndaşlıq, real, universal
və cinayətkarın verilməsi prinsiplərinə əsaslanır.
Ərazi prinsipinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının
ərazisində cinayət törətmiş şəxslər - Azərbaycan Respublikasının vətəndaşları,
xarici ölkənin vətəndaşları, həmçinin vətəndaşlığı olmayan şəxslər Azərbaycan
Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.
Lakin bu qayda Azərbaycan Respublikası ərazisində cinayət törətmiş xarici
dövlətlərin diplomatik nümayəndələrinə və toxunulmazlıq hüququna malik olan
digər şəxslərə tətbiq edilmir. Belə ki, Cinayət Məcəlləsinin 11-ci maddəsinin 5-ci
hissəsinə əsasən, bu şəxslərin cinayət məsuliyyəti haqqında məsələ diplomatik
yollarla, yəni beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.
Cinayət qanununun vətəndaşlıq prinsipinə görə Azərbaycan Respublikasının
vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan
şəxslər Azərbaycan Respublikasının hüdudlarında kənarda törətdikləri əmələ görə,
bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici
KitabYurdu.az
170
dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin
şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, respublikanın qüvvədə olan yeni
Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər (Cinayət
Məcəlləsinin 12.1 maddəsi). Göstərilən şəxslər respublika ərazisində mühakimə
edilərkən onlara Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən
cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş
cəzanın yuxarı həddindən çox ola bilməz.
Cinayət Məcəlləsinin 12-ci maddəsinin 2-ci hissəsində cinayət qanununun
real prinsipindən bəhs olunur. Bu prinsipə müvafiq olaraq əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan
Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının maraqlarına qarşı
cinayət törətdikləri halda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və bu cinayətə görə xarici
dövlətdə məhkum olunmadıqda respublikanın cinayət qanunları əsasında cinayət
məsuliyyətinə cəlb edilə bilərlər.
Cinayət qanununun məkana görə qüvvəsinin universal prinsipinin tələblərinə
riayət etmək Azərbaycan Respublikasının cinayətkarlıqla mübarizə sahəsində
beynəlxalq - hüquqi öhdəliklərindən irəli gəlir. Universal prinsipin mahiyyətinə
görə şəxsin hansı ölkənin vətəndaşı olmasından və cinayəti hansı ölkənin
ərazisində törətməsindən asılı olmayaraq, onu istənilən dövlətin özünün milli
qanunvericiliyi ilə cinayət məsuliyyətinə almaq səlahiyyəti vardır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsində cinayət
qanunun zamana görə qüvvəsi təsbit olunmuşdur. Həmin maddəyə əsasən əməlin
cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə
olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan
əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz.
İctimai təhlükəli əməlin törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı
olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Göstərilən maddənin 3-cü hissəsi
cinayət qanununun geriyə qüvvəsinə yol verir, yəni qanun, onun qüvvəyə
minməsindən əvvəl törədilmiş əməllərə şamil edilir. Bu isə, yalnız əməlin cinayət
sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud
cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran hallarda mümkündür.
Əməlin cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı
ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran
cinayət qanunun geriyə qüvvəsi yoxdur. (Cinayət Məcəlləsinin maddə 10.4)
Cinayət hüququnun əsas anlayışlarından biri – cinayət anlayışdır. O
insanların hansı əməllərinin cinayət sayılması və onların qanun tərəfindən nə üçün
qadağan olunması və s. bu kimi suallara cavab verir.
Cinayət qanunu ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli
əməlin, yəni hərəkət və ya hərəkətsizliyin təqsirli olaraq törədilməsi cinayət
sayılır.
Cinayət hüquq ədəbiyyatında cinayət ictimai-təhlükəli, qeyri-hüquqi,
təqsirli, cəzalanmalı olan və qeyri-əxlaqi olan əməl kimi xarakterizə olunur.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14-cü maddəsinin 2-ci
hissəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş cəhətdən mövcud olsa da,
KitabYurdu.az
171
lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə,
cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi
yaratmayan əməl cinayət hesab edilmir. Buna görə də cinayətin ən vacib əlaməti
onu digər hüquq pozuntularından fərqləndirən xüsusi ictimai-təhlükəli olmasıdır.
Cinayətin ictimai-təhlükəliliyi ondan ibarətdir ki, o mövcud ictimai münasibətlərə
qəsd etməklə bu münasibətlərə çox mühüm ziyan yetirir və yaxud belə ziyanın
yetirilməsi təhlükəsini yaradır. İctimai münasibətlərə digər hüquq pozuntuları:
inzibati, intizam və mülki hüquq pozuntusu ilə ziyan vurulması o qədər də mühüm
əhəmiyyət kəsb etmir, buna görə də hüquq qaydalarının belə hüquq
pozuntularından mühafizə edilməsi üçün cinayət məsuliyyətinin müəyyən
edilməsinə ehtiyac yoxdur. Cinayətin ictimai təhlükəliliyinin xarakter və dərəcəsi
qəsd edilən obyektin əhəmiyyəti, bu obyektə vurulan ziyanın ağırlığı, həmçinin
təqsirin forması, əməlin motiv və məqsədi ilə xarakterizə olunan digər əlamətlərlə
müəyyən olunur.
Cinayətin ikinci əlaməti onun qeyri-hüquqiliyidir. Əməlin qeyri-hüquqiliyi
onun cinayət qanunvericiliyinin konkret norması ilə ziddiyyət, təşkil etməsində
özünü göstərir. İctimai-təhlükəli əməl yalnız o zaman cinayət sayılır ki, Cinayət
Məcəlləsinin bu və ya digər maddə-sində nəzərdə tutulmuş olsun.
Təqsirlilik-cinayətin növbəti mühüm əlamətidir. Əməlin cinayət hesab
edilməsi təkcə ictimai-təhlükəli və qeyri-hüquqi olması ilə deyil, həm də onun
təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır.
Cinayət cəzalanmalı olan əməldir. Əməli cinayət kimi xarakterizə edən
əlamət ondan ibarətdir ki, yalnız o əməl cinayətlərə aid edilir ki, onların
törədilməsinə görə qanun cinayət cəzası nəzərdə tutur.
Cinayətin qeyri-əxlaqiliyi isə, onun cəmiyyətdə mövcud olan əxlaq
normalarına və hakim mənəvi təsəvvürlərə zidd olmasıdır.
Beləliklə, cinayət - cinayət qanunu ilə mühafizə edilən ictimai münasibətlərə
mühüm ziyan yetirən və yaxud ziyan yetirməsi təhlükəsi yaradan, cinayət qanunu
ilə nəzərdə tutulan ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli, cəzalanmalı olan və
qeyri-əxlaqi olan əməldir.
Xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlər
böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə
bölünür.
Qüvvədə olan cinayət qanunvericiliyinə əsasən (2001-ci il iyulun 2-də
Cinayət Məcəlləsinə edilmiş dəyişiklik və əlavələr nəzərə alınmaqla) qəsdən və ya
azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud
qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə cinayət qanunu ilə nəzərdə
tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan
əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində yeddi
ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulan
əməllər az ağır cinayətlər sayılır.
Cinayət qanunu ilə qəsdən və ya ehtiyatsızlıqla törədilən və barəsində on iki
ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulan əməllər ağır
cinayətlər hesab olunur.
KitabYurdu.az
172
Qanunda daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır
cinayətlərə aid edilir.
3. Cinayət məsuliyyətinin anlayışı və əsasları.
Hüquq normalarının pozulmasında təqsirli olan şəxslərə tətbiq edilən dövlət
məcburiyyəti hüquqi məsuliyyətin müxtəlif formalarında ifadə olunur. Onlardan
biri də cinayət məsuliyyətidir.
Hüquqi məsuliyyətin digər formalarından o, yüksək ağırlığı ilə fərqlənir ki,
bu da cinayət işləri üzrə hökmün həmişə dövlət adından çıxarılması növündə
cəzanın tətbiqi ilə başa çatır.
Cinayət məsuliyyəti cinayət - hüquq münasibətləri çərçivəsində həyata
keçirilir (əmələ gəlir, reallaşır, xitam olunur). Cinayət hüquq münasibətləri -
cinayət törətmiş şəxslərlə dövlət arasında qanunla tənzim olunan münasibətlərdir.
Cinayət hüquq münasibətləri cinayətin törədilməsi anından əmələ gəlir. Məhz bu
andan cinayət törətmiş şəxslərin və dövləti təmsil edən ədalət mühakiməsi
orqanlarının hüquq və vəzifələri meydana çıxır: dövlətin təqsirli şəxslərə cinayət
məsuliyyətini təşkil edən məcburetmə tədbirlərini tətbiq etmək hüququ yaranır.
Bununla belə, təqsirli şəxslərə cinayət qanunu ilə müəyyən edilmiş hədlərdə
konkret təyin edilməsi onun vəzifəsidir. Öz növbəsində, təqsirli şəxslərin
məsuliyyət daşımaq vəzifəsi yaranır.
Ancaq bu şəxslər cəzanın, törətdikləri cinayətlərin xarakterinə və dərəcəsinə
müvafiq olaraq təyin edilməsində hüquqa malikdirlər. Cinayət məsuliyyətinin
müəyyən fəaliyyət hüdudları var. Cinayət hüquq münasibətləri, şəxslərin cinayət
törətdikləri andan dərhal, geniş miqyasda cinayət məsuliyyətinin əmələ gəlməsi ilə
əlamətdar olan və ancaq tədricən realizə olunan hüquq münasibətləridir. Cinayət
məsuliyyətinin faktiki olaraq reallaşdırılması şəxslərin ibtidai istintaq mərhələsində
müttəhim qismində cəlb edilməsi anından başlayır. Cinayət məsuliyyəti işə
məhkəmə baxışı ittiham hökmünün çıxarılması mərhələsində davam edir, o həm də
təyin olunmuş məhkəmə cəzasının real icrası mərhələsində də mövcud olur.
Cinayət məsuliyyəti, cinayət hüquq münasibətlərinin aradan qaldırılmasının
aşağıda göstərilmiş hallarında xitam olunur: Cəzanı çəkib qurtarma, cinayət
məsuliyyətindən azad etmə, amnistiya və yaxud əfv etmə haqqında akta görə.
Cinayət məsuliyyətinin əsaslarının müəyyən edilməsinə qanunvericilik və
cinayət hüquq nəzəriyyəsi iki aspektdən yanaşır: hüquqi və faktiki əsaslar. Cinayət
Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız cinayət qanunu ilə nəzərdə tutulmuş
cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya
hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Buradan belə nəticə çıxır
ki, cinayət məsuliyyətinin vacib və yeganə əsasları törədilmiş əməldə qanunda
göstərilmiş cinayət tərkibinin mövcud olmasıdır. Belə ki, şəxsi əqidə, niyyət və
baxışlarına (sonuncular əgər törədilmiş əməldə ifadə olunmursa) görə cinayət
məsuliyyətinə cəlb etmək olmaz. Bununla belə, əməl ictimai-təhlükəli olmalı, yeni
ictimai münasibətlərə ziyan vurmalıdır. Əgər subyektin davranışının müəyyən
forması cinayət məsuliyyətinin faktiki əsasları hesab olunursa, onda törədilmiş
əməldə qanunda nəzərdə tutulan konkret cinayət tərkibinin mövcud olması onun
KitabYurdu.az
173
hüquqi əsaslarını təşkil edir.
Cinayət tərkibi - konkret ictimai-təhlükəli əməli cinayət kimi xarakterizə
edən əlamətlərin cinayət qanunu ilə müəyyən edilmiş məcmusudur.
Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibini xarakterizə edən əlamətlər
dörd qrupa bölünür: obyekt və obyektiv cəhəti xarakterizə, edən əlamətlər (bunlar
cinayət tərkibinin obyektiv əlamətləri adlanır) və subyekt və subyektiv cəhəti
xarakterizə edən əlamətlər (subyektiv əlamətlər).
Cinayətin obyektini cinayət qanunu ilə mühafizə edilən o ictimai
münasibətlər təşkil edir ki, onlara cinayət nəticəsində mühüm ziyan yetirilir və
yaxud yetirilə bilər.
Cinayətin obyektiv cəhətinə törədilmiş əməlin (hərəkət və yaxud
hərəkətsizliyin) xüsusiyyətləri, bu əməlin nəticələri, yəni vurulmuş ziyan və
cinayətin zahiri tərəfini xarakterizə edən digər əlamətlər, məsələn: yeri, vaxtı,
üsulu, vasitəsi, şəraiti və s. aiddir.
Obyektiv cəhətin əlaməti kimi əməl, iki formada çıxış edir: cinayətkar
hərəkət və cinayətkar hərəkətsizlik.
Cinayətkar hərəkət - cinayət qanunu ilə qadağan olunan, fəal ictimai -
təhlükəli davranış aktıdır. Məsələn, qəsdən adam öldürmə (Cinayət Məcəlləsinin
120 maddəsi), qəsdən sağlamlığa ağu zərər vurma (maddə 126) və s.
Cinayətkar hərəkətsizlik – cinayət qanunu ilə qadağan olunan, passiv
ictimai-təhlükəli davranış aktıdır, yəni ziyanlı nəticələrin qarşısının alınması üçün
şəxsin, müəyyən hərəkətləri etməli olduğu halda onu etməməsidir. Cinayətkar
hərəkətsizlik şəraitində hər şeydən əvvəl müəyyən qaydada hərəkət etmək
vəzifəsini təyin etmək lazımdır. Hərəkət etmək vəzifəsi aşağıdakı əsaslardan irəli
gəlir: bilavasitə qanundan, məsələn, qanunvericiliyə və ya xüsusi qaydalara
müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü
səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi (maddə 142); təqsirli şəxsin
xidməti mövqeyindən, məsələn, vəzifəli şəxsin öz vəzifəsini yerinə yetirməməsi;
qohumluq münasibətindən, məsələn, uşaqlara və ya valideynlərə kömək
göstərməkdən qərəzli boyun qaçırma (maddə 176).
Cinayətkar hərəkət və yaxud hərəkətsizlik - insan davranışının iradəvi aktıdır,
buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və
ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret
şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanlarını müəyyən etmək
lazımdır. Belə ki, fiziki məcburiyyət, lazımi ixtisasın, istehsal təcrübəsinin
olmaması, qarşısı alınmaz qüvvə (təbii hadisələr, məsələn, zəlzələ, sel, daşqın və s.)
və s-nin təsiri altında şəxsin hərəkətsizlik etməsi cinayət məsuliyyətini istisna edən
hallardır.
Obyektiv cəhətin əlamətlərinə ictimai-təhlükəli əməl ilə baş verən ictimai -
təhlükəli nəticə arasında səbəbli əlaqə aiddir.
Cinayətin subyektiv cəhəti - əqli, iradi və motivasiya (motivlərin
formalaşması və inkişaf prosesi) proseslərinin üzvü vəhdətindən ibarət olub,
cinayətin törədilməsi ilə bilavasitə əlaqədar olan şəxsin psixi fəaliyyətidir. Təqsir,
motiv və məqsəd cinayətin subyektiv cəhətini xarakterizə edən hüquqi
əlamətlərdir.
Dostları ilə paylaş: |