Belə xəstələrə göstərilən yardım aşağıdakılardan ibarət olmalıdır: 1.Pasiyentlə sıx kontakt yaradıb onun dərdinə şərik olmaq, psixoloji iztirabları zəiflətmək;
2.Yaxın və doğmaları xəbərdar etmək, onların pasiyentlə ünsiyyətini və ona yardımı genişləndirmək;
3.Pasiyentin tələbatını hərtərəfli öyrənərək, mərhələlərlə həyata keçiriləcək real yardım proqramını planlaşdırmaq (ilk 24 saat, 48 saat, iki həftə, 1 ay, və i.a. müddətində);
4.Ehtiyac olduqda dərman müalicəsi təyin etmək və bir çox hallarda daha effektli və vacib olan psixoterapiya aparmaq.
Kifayət qədər sosial təhlükə yarada bilən pasiyenti psixiatriya xəstəxanasına yerləşdirmək lazımdır. Belə pasiyentləri məcburi qaydada hospitallaşdırmaq qanunvericilikdə nəzərdə tutulmuşdur. Lakin xəstəni könüllü xəstəxanaya gəlməyə inandırmağa və beləliklə onunla mütəxəssis arasında etibarın möhkəmlənməsinə çalışmaq lazımdır. Stasionarda təhlükəsizlik tədbirləri görmək lazımdır: potensial təhlükəli əşyaları təcrid etmək (ülgüc, qayış, elektrik cihazları, qayçı və s.) personala göstərişlər vermək, onların sayıqlığını artırmaq, dərman qəbuluna nəzarət etmək, intensiv terapevtik tədbirlər görmək. Yadda saxlamaq lazımdır ki, psixi xəstələrin demək olar ki, 40%-i suisid baxımından təhlükə törədir, bütün intiharların 1%-i psixiatriya xəstəxanalarında həyata keçirilir.
Vəziyyətin yaxşılaşmasından sonra da suisidin təkrar olunması riski qalır. Depressiya və ya şizofreniyanın simptomlarının zəifləməsi xəstəlikləri aktiv əməllərə təhrik edə bilər.
Statistika göstərir ki, birinci suisiddən sonra ilk üç ay ərzində təkrari cəhdlər tez – tez müşahidə olunur. Müalicə qəbul etməmiş xəstələrdə təkrari suisidal hərəkətlərin sayının xeyli yüksək olması elmi tədqiqatlarla sübut edilmişdir.
Somatik xəstəliklər praktikasında eftanaziya – sağalmayan somatik xəstəlikdən əziyyət çəkən xəstələrin həyatdan könüllü getməsi haqqında məsələ kəskin mübahisələr doğurur. Psixi sağlamlıq sahəsində çalışan mütəxəssislər, psixiatr və psixoloqlar 1996-cı ildə qəbul etdikləri Madrid bəyənnaməsində eftanaziyanı həkimlik sənəti ilə bir araya sığmayan qeyri – hümanist akt kimi rədd etmişlər.