Suisidlərin profilaktikası. Suisidlərin qarşısının alınmasına yönəlmiş bütün tədbirlər birincili, ikincili və üçüncülü profilaktikaya bölünür.
Birincili profilaktikaya əhali arasında səhiyyə maarifi işi, sağlam həyat tərzinin təbliği, narkomaniya və alkoqolizmlə mübarizə aiddir. Buraya, həmçinin tibb işçilərinin bilik səviyyəsinin yüksəldilməsi, psixoloq və sosial işçilərin peşəkar hazırlığının artırılması daxil edilir.
İkincili profilaktika böhran mərkəzləri, “inam telefonları” kimi ictimai yönümlü müəssisələr, həmçinin suisidönü davranışlı xəstələrə yardım göstərən qeyri – hökümət təşkilatları (qadınlar, gənclər və s.) səviyyəsində aparılır.
Ən nəhayət, üçüncülü profilaktikaya təkrari suisidal cəhdlərin qarşısını alan tibbi, sosial tədbirlər və özünəyardım və qarşılıqlı yardımın müxtəlif formaları aiddir.
27.Ailə psixoterapiyası
Psixoloji xidmət xalis praktik təşkilatdır. Fundamental tədqiqatların aparılması onun vəzifəsinə daxil deyildir və daxil ola da bilməz. Psixoloji xidmətin əsas vəzifəsi psixologiya elminin nailiyyətləri səviyyəsində praktik problemləri həll etməkdən ibarətdir.Psixoloji kömək özündə psixodiaqnostikanı, psixokorreksiyanı, psixoterapiyanı, psixoloji məsləhətləri, peşəkar istiqamətləri və s. birləşdirir. Yaşından, sağlamlığının vəziyyətindən, həyat durumlarından, sosioloji sınaqların xüsusiyyətlərindən və s. asılı olaraq belə kömək peşəkar psixoloji təhsilli psixoloq-mütəxəssis tərəfindən göstərilə bilər. Bu mütəxəssis psixoloji hadisələri qiymətləndirmək metodlarına yiyələnmişdir və onları korreksiya etmək bacarığına malikdir.Psixoloji məsləhət hər gün insan həyatının müxtəlif aspektləri ilə qarşılaşılır. Məsləhətverən/məsləhətçi (konsultant) həmişə məsləhət verdiyi şəxslə (kliyentlə) onun xırda və mühüm problemlərini birlikdə müzakirə edərək kliyentə kömək göstərməyə çalışır. Belə problemlərə aşağıdakıları aid etmək olar:
gündəlik çıxış yollarının və yaxın nəticələrin əsaslandırılmasını diqqətlə nəzərdən keçirmək;
qarışıq şəxsiyyətlərarası münasibətləri və çoxsaylı emosional problemləri həll etmək;
daxili xaos hissini-qeyri müəyyənliyi və səbatsızlığı pozitiv və məqsəduyğun etmək.
Konsultant kimdir? O, kliyentin dostu, peşəkar məsləhətçi, müəllim, ekspert, həyat döngələrində çaşıb qalmış kliyentin yol yoldaşı, yoxsa mütləq həqiqət saçan mələkdir? Əksəriyyət, xüsusən də işə yeni başlayan konsultantlar psixoloji köməyin göstərilməsi prosesində konsultantın rolu haqqında suala universal cavabın olmadığından özlərini itirirlər. Şübhəsiz ki, konsultantın rolu bir neçə amillə şərtlənmiş olur. Bu bir tərəfdən konsultantın mənsub olduğu müəyyən nəzəri istiqamətdən, onun ixtisaslaşmasından, şəxsiyyət əlamətlərindən, digər tərəfdən isə kliyentin gözləntilərindən asılı olacaqdır.Qeyd etmək lazımdır ki, psixoloq-konsultantın davranışını müəyyən edən bir sıra prinsiplər mövcuddur:
1) Kliyentə qiymət verilmədən xoşniyyətli münasibət:
Bu forma içərisində professional davranışın kompleksi gizlənir, bu prinsip kliyentin özünü sakit və rahat hiss etməsi üçündür. Xoşniyyətli davranış eşidə bilmək bacarığı ilə ifadə olunur, belə davranış kliyenti dinləmək və ona lazımi kömək etmək, onu tənqid etməmək kimi özünü göstərir.
2) Kliyentin norma və dəyərlərinin müəyyən edilməsi:
Psixoloq təkcə sosial norma və qaydaları deyil, həm də həyati ideal və prinsipləri (kliyentin) nəzərə almalıdır. Effektiv fəaliyyət yalnız kliyentin dəyərlər sisteminə söykəndikdə alına bilər. Kliyentə tənqidi münasibət onun susmağı ilə nəticələnə bilər.
3) Məsləhət verməyin qadağan olunması:
Kliyentə məsləhət vermək olmaz. Bunun üçün əsas çoxdur. Psixoloqun təcrübəsinin nə qədər olmasına baxmayaraq onun kliyentə məsləhət verməsi mümkün deyil. Hər birimizin həyatı fərdi və təxmin olunmazdır. Məsləhət verərək konsultant baş verəcəklərin məsuliyyətini boynuna götürür.
4) Anonimlik:
Psixoloji konsultasiyanın vacib şərtlərindən biri anonimlik hesab olunur. Bu o deməkdir ki, kliyent tərəfindən psixoloqa çatdırılan istənilən informasiya onun icazəsi olmadan çatdırıla bilməz. Bu qaydada istisna mövcuddur ki, (əvvəlcədən kliyent bu barədə xəbərdar olunur) bu da kiminsə həyatı üçün təhlükə törədə bildikdə bu istisnalar mümkün ola bilər.
Dostları ilə paylaş: |