30. XX əsrin 50-60ci illərində İtaliyanın Sosial iqtisadi vəziyyəti. 50-ci illərin əvvəllərində İtaliyada əlverişli iqtisadi şərait yarandı. Sənaye məhsulu istehsalı müharibədən əvvəlki səviyyəyə çatdı. 50-ci illərdə sənaye məhsulu istehsalının illik artımı 10% oldu. Belə inkişafın başlıca səbəbi xüsusi inhisarlara dövlət yardımı verilməsi, xarici kapitalın ölkəyə gəlməsi, elmi-texniki yeniliklərin tətbiq edilməsi və ölkədaxili tələbatla bağlı idi. Yeni texnologiyanın tətbiqi əmək mahsuldarlığını artırmağa imkan verdi. İtaliyanın xarici ticarəti xeyli genişləndi. Ölkə AİB-ə daxil olduqdan sonra xarici ticarət dövriyyəsinin həcmi daha da artdı. İtaliyada sənayenin yeni sahələri olan elektrotexnika, maşınqayırma, kimya və başqa sahələr inkişaf etdi. Qısa müddət ərzində İtaliyada iqtisadi möcüzə baş verdi. 50-ci illərdə və 60-cı illərin əvvəllərində yüksək iqtisadi inkişaf İtaliyada milli gəlirin təxminən 2 dəfə artmasına gətirib çıxardı. Beləliklə, İtaliya dünyanın yüksək inkişaf etmiş ölkəsinə çevrildi. İtaliya vətəndaşlarının həyatı və ölkənin sosial vəziyyəti xeyli dəyişdi. İtalyan iqtisadiyyatının başlıca səciyyəvi cəhəti istehsalın və kapitalın mərkəzləşməsinin və təmərküzləşməsinin yüksək səviyyədə olmasında idi. Məsələn, FİAT avtomobil qrupu maşın istehsalının 80%-ni öz əlində cəmləşdirmişdi. “Pirelli”rezin konserni dünya bazarına sürətlə daxil olurdu. Eyni zamanda dövlət inhisarçı kapitalizmi də inkişaf edirdi. Dövlət çuqun əridilməsinin 82%-ni, polad əridilməsinin 51%-ni öz elində cəmləşdirmişdi. Neft və qaz sahəsi Milli cəmiyyətinin əlində toplanmışdı. 50-ci illərin sonunda iqtisadiyyatın dövlət bölməsinə nəzarət nazirliyi, 60ci illərin əvvəllərində isə elektroenergetika sənayesi üzrə milli birlik yaradıldı. 50-ci illərin sonuna yaxın İtaliya iqtisadi cəhətdən müstəqil dövlətə çevrildi. Artıq İtaliya dünyanın müxtəlif regionlarına kapital qoymağa başladı. Ölkədə ABŞ inhisarları güclü mövqeyə malik idilər. Bununla belə, ölkədə istehsal qüvvələrinin yerləşməsi bərabər səviyyədə deyildi.
İtaliyanın cənubundakı vilayətlərdə, Siciliya və Sardiniya adalarında ölkə əhalisinin 1/3 hissəsi yaşasa da, burada işsizlik və yoxsulluq hökm sürürdü. 1950ci ildə xristian demokratlar hökuməti aqrar islahat haqqında qanun qəbul etdi. Qanuna görə, iri torpaq sahiblərindən artıq torpaqlar alınaraq haqqı ödənilməklə ehtiyacı olan kəndlilərə verilirdi. 1959-cu il üçün kəndlilərin əlinə bu və ya digər yolla 1,5 milyon hektar torpaq keçmişdi.