3. Azərbaycanda multikulturalizm fənninin metodları (müşahidə, müqayisə,ekperiment)
Hər bir fənnin tədqiqat metodları olduğu kimi “Multikulturalizmə giriş” fənninin də tədqiqat metodları vardır. Metod (yunan dilindən tərcümədə “nəyəsə aparan yol” deməkdir) elmi biliyin əldə olunmasının yolu, dərketmə prosesinin, xüsusən də elmin predmetinin öyrənilməsi üsuludur. Elmi cəhətdən əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktik fəaliyyətdə tətbiqinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi
elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. Buna görə də hər bir elmdə, o cümlədən hər bir tədris fənnində tətbiq ediləcək müvafiq metodların seçilməsi mühüm bir məsələdir. “Multikulturalizmə giriş” fənnində müşahidə, müqayisə, ölçü, eksperiment, induksiya və deduksiya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə, təsnifat və analogiya kimi ümumməntiqi metodlardan və ya elmi idrakın ümumi metodlarından istifadə olunur.
Müşahidə - cisim və hadisələrin öyrənilməsinə, onların mənasının və əhəmiyyətinin müəyyən edilməsinə yönələn gerçəkliyin məqsədyönlü qavrayışıdır. Müşahidə prosesi müşahidənin obyekti (müşahidə olunan cisim və ya hadisə), müşahidənin subyekti (müşahidəçi), müşahidənin vasitələri və müşahidənin məqsədi kimi tərkib hissələrdən ibarətdir. Müşahidə tədqiq olunan obyekt haqqında ilkin məlumatın alınmasına yönəlmişdir. Müşahidə vasitəsi kimi insanın hiss orqanları çıxış edir. Bir qayda olaraq müşahidə zamanı subyekt obyektin inkişafına müdaxilə etmir. Obyekt təbii, adi şəraitdə olur. Subyekt isə onu öyrənir. Müşahidə nəticəsində əldə olunan məlumat subyektin istəyindən, arzularından asılı olmur. Başqa sözlə desək, bu məlumat obyektiv xarakter daşıyır. O, müşahidə olunan cisim və hadisələrin obyektiv əlamətləri və münasibətləri haqqında bizə xəbər verir. Sözügedən məlumatın məzmunu tədqiq olunan cisim və hadisələrin sonrakı öyrənilməsinin növbəti mərhələlərində tədqiqatçı üçün faydalı olur.Müşahidənin iki növü vardır: a. Xarici və ya kənardan aparılan müşahidə. Xarici müşahidədə müşahidəçi baş verən prosesi kənardan izləyir; b. Daxili müşahidə. Burada müşahidəçi baş verən prosesin fəal iştirakçısı kimi çıxış edir. Məsələn, bu və ya digər Avropa ölkəsinə miqrant kimi gəlmiş əcnəbilərin adət-ənənələrini öyrənmək üçün tədqiqatçı onları 2 yolla müşahidə edə bilər. Ya onları kənardan seyr edə bilər, yaxud onlarla yaxından tanış olub aralarında tədqiqatını apara bilər. Birinci halda aparılan müşahidə xarici, ikinci haldakı isə daxili müşahidə adlanacaqdır. Bundan başqa müşahidə zamanı texniki vasitələrdən istifadə olunubolunmamasından asılı olaraq müşahidə bilavasitə və ya dolayı (instrumental) olabilər. Bilavasitə müşahidədə subyekt obyekt haqqında məlumatı heç bir texniki vasitədən (audio, video vasitələrdən, müxtəlif texiki avadanlıqlar və s.) istifadə etmədən əldə edir. Subyekt obyekt haqqında bilikləri dolayı yolla da (məsələn, müsahibə və ya anket sorğusu yolu ilə) əldə edə bilər. Belə müşahidəni dolayısı adlandırırlar.
Dərketmə prosesinin səmərəli metodu olmaq üçün müşahidə bir sıra tələblərə cavab verməlidir. İlk növbədə müşahidə planlı şəkildə aparılmalıdır. Müəyyən müşahidə aparmağı nəzərdə tutan tədqiqatçı konkret plan əsasında fəaliyyət göstərməlidir. Bundan başqa müşahidə məqsədyönlü olmalıdır. Tədqiqatçı bu və ya digər hadisəni müşahidə edərkən qarşısında müəyyən məqsəd qoymalıdır. O, müşahidə olunan hadisənin bütün əlamətlərini deyil, tədqiqat üçün müəyyən əhəmiyyət daşıyan əlamətini öyrənməlidir. Planlı və məqsədyönlü şəkildə aparılan müşahidə konkret situasiyadan asılı olaraq müşahidə metodunun yuxarıda qeyd olunan növlərindən (daxili, xarici, bilavasitə və dolayı) biri və ya
bir neçəsi vasitəsilə fəal şəkildə həyata keçirilməlidir. Müşahidənin çevik olması onun qarşısında qoyulan daha bir mühüm tələbdir.
Müqayisə- idrak prosesinin ən geniş yayılmış və universal metodlarından biridir. Bu metod cisim və hadisələrin mahiyyətinin müəyyən edilməsində mühüm rol oynayır. Müqayisənin əsas məqsədi obyektlər arasında oxşar və fərqli cəhətləri müəyyən etməkdən ibarətdir. Buna obyektlərin bir-birilə müəyyən əsasa görə tutuşdurulması vasitəsilə nail olunur. Digər tədqiqat metodları kimi müqayisə də səmərəli olmaq üçün müəyyən tələblərə cavab verməlidir. Belə tələblərdən aşağıdakıları göstərmək olar: 1.Müqayisə bir metod kimi aralarında müəyyən oxşar əlamət olan obyektlərə münasibətdə tətbiq olunmalıdır; 2. Müqayisə cisim və hadisələrin mühüm əlamətləri üzrə aparılmalıdır. Məsələn, cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin effektivliyi baxımından iki ölkə arasında müqayisə aparılarkən bu ölkələr arasında müəyyən oxşar əlamətlər olmalıdır. Bu əlamətlər ölkələrin tarixində, coğrafiyasında, etno-siyasi, dini durumunda və ya digər mühüm əlamətində öz əksini tapmalıdır. Deyilənləri nəzərə alaraq, etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin effektivliyi baxımından, məsələn, Azərbaycanla Qazaxstanın müqayisə olunması Azərbaycanla Almaniyanın müqayisə olunmasından daha məqsədəuyğundur, çünki Azərbaycanla Qazaxstanın tarix, coğrafiya, etno-mədəni mühit və s. baxımından oxşar cəhətləri onun Almaniya ilə oxşar cəhətlərindən daha çoxdur.
Eksperiment (latın dilindən tərcümədə- təcrübə)- empirik tədqiqatın elə bir metodudur ki, o, bu və ya digər müddəanın həqiqiliyini yoxlamaq məqsədilə müşahidə situasiyası yaradaraq nəzarət və idarə olunan şəraitdə əşya və hadisələri tədqiq edir. Eksperiment müşahidə, ölçü və tədqiq olunan obyektlərə fiziki təsirdən ibarətdir. Müşahidədən fərqli olaraq eksperiment zamanı tədqiq edilən şərait əvvəlcədən mövcud olmur. O, xüsusi məqsədlə yaradılır. Digər empirik tədqiqat metodlarından fərqli olaraq eksperiment tədqiq olunan obyektin gedişatına müdaxilə etməyi nəzərdə tutur. Eksperiment zəruri şərtlərin yaradılmasına maneçilik törədən bütün təsirlərin və faktorların aradan götürülməsini, müvafiq texniki qurğularla müşahidənin və ölçünün aparılmasını ehtiva edir. Başqa sözlə desək, eksperiment obyekti dərk etmək məqsədilə həmin obyektə və ya onu əhatə edən mühitə bilavasitə fiziki təsiri nəzərdə tutan dərketmə metodudur. Elmi idrakın tədqiqat metodu olan eksperimentin əsas xüsusiyyəti ondadır ki, burada məqsədyönlü şəkildə süni situasiya yaradılır. Belə bir situasiyanın yaradılmasında zərurət isə obyektin daha dərindən öyrənilməsidir. Tədqiqatçı məqsədyönlü şəkildə yaratdığı situasiyaya müdaxilə edərək faktorlarla manipulyasiya edir və tədqiq olunan obyektin davranışında baş verən müvafiq dəyişiklikləri qeydə alır. Eksperiment elmi idrakın metodları arasında aparıcı rol oynayır və bir çox hallarda elmi biliyin həqiqiliyinin meyarı funksiyasını yerinə yetirir. Eksperiment vasitəsilə biliyin həqiqi olub-olmaması müəyyən edilir. Onun bu rolu özünü xüsusilə təbiət elmlərində göstərir. Lakin eksperimentin sözügedən funksiyası ictimai elmlərdə, o cümlədən “Multikulturalizmə giriş” fənnində də öz ifadəsini tapır. İctimai elmlər sahəsində müxtəlif eksperimentlər vasitəsilə cəmiyyətdəki hadisələr arasında səbəb-nəticə əlaqələri müəyyən edilir və yaxud tədqiq olunan hadisələrə müəyyən əlamətin xas olub-olmaması yoxlanılır. Məsələn, konkret bir ölkədə etnik və dini ayrı-seçkiliyin olub-olmamasını yoxlamaq məqsədilə bir eksperiment keçirtmək olar. Eksperiment zamanı respondentlər üçün nəzarət və idarə olunan müşahidə situasiyası yaradaraq onlara müəyyən suallar verməklə, qarşılarına müəyyən praktik seçim etmək məsələsini qoymaqla qeyd olunan müddəanın həqiqiliyini eksperimental yolla sübuta yetirmək mümkündür.
Dostları ilə paylaş: |