1. Multikulturalizmə giriş fənninin predmeti və obyekti


Tolerantlıq və onun multikulturalizm siyasətində mahiyyəti



Yüklə 35,16 Kb.
səhifə12/12
tarix30.12.2021
ölçüsü35,16 Kb.
#49276
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 1

9. Tolerantlıq və onun multikulturalizm siyasətində mahiyyəti

Multikulturalizm məfhumunun məzmununu daha da aydın şəkildə müəyyənləşdirmək üçün onu tolerantlıq məfhumu ilə müqayisə etmək məqsədəuyğundur. Multikulturalizm məfhumu öz məzmununa görə tolerantlıq məfhumuna yaxındır. Daha konkret desək, tolerantlıq multikulturalizm siyasətinin əsasını təşkil edir. Yuxarıda qeyd etdik ki, müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər etnik-mədəni dəyərlərdə öz əksini tapır. Etnik-mədəni dəyərlərin müəyyən qismi etnik və dini azlıqlara məxsusdur. Multikulturalizm bir siyasət kimi bu azlıqlara və onlara məxsus olan etnik-mədəni dəyərlərə münasibətdə titul xalq tərəfindən dözümlülüyün, yəni tolerantlığın nümayiş etdirilməsini nəzərdə tutur. Lakin multikulturalizm məfhumunun həcmi tolerantlıq məfhumunun həcmi ilə məhdudlaşmır. Onun həcmi daha genişdir.

“Tolerantlıq” sosioloji termin kimi başqa dünyagörüşünə, həyat tərzinə, davranış, adət və ənənələrə dözümlə yanaşmaq deməkdir. Lakin o, əsla “özgə dəyərlərə” laqeydlik anlamına gəlmir. Eyni zamanda o, başqa dünyagörüşlərini və başqa həyat tərzlərini qəbul etmək demək deyil. Tolerantlığın əsas mahiyyəti başqalarına da öz dünyagörüşlərinə uyğun yaşamaq hüququ verməkdən ibarətdir. “Tolerantlıq” kimi yeni bir anlayış keçmiş SRİ məkanında yaşayan xalqların leksikonuna XX əsrin 80-cı illərinin sonlarından bəri daxil olmuşdur. Latın dilindən tərcümədə “tolerantia” sözünün hərfi mənası “dözüm”, fransız dilindən tərcümədə isə “tolerant” “dözümlü” deməkdir. Artıq XX əsrin sonlarında tolerantlıq və multikulturalizm varlığın yeni atributuna çevrildi.Tolerantlıq başqa tip mədəniyyətləri, çeşidli özünüifadə üsullarını, insan fərdiliyinin müxtəlif təzahür formalarını düzgün dərk etmək və qəbul etmək bacarığıdır. Lakin tolerantlıq cılız hisslərin diktəsi altında yersiz güzəşt etmək, yalançı mərhəmət göstərmək, həddindən artıq həlim olmaq, yaxud prinsipial dəyərləri tapdalamaq demək deyil. O, həmçinin sosial ədalətsizliyə dözmək, şəxsi əqidədən imtina etmək, özgə əqidələri qəbul etmək, eləcə də şəxsi əqidəni başqasına sırımaq (prozelitizm) anlamına gəlmir.

Tolerantlığın tiplərinin sinifləşdirilməsi aşağıdakı vacib mənaları özündə ifadə edir: 1. Etnoslararası tolerantlıq – başqa milli, etnik və irqi ənənələrə hörmət şəklində ifadə olunur. Bu baxımdan tolerant insan hər hansı xalqa və onun hər bir nümayəndəsinə hörmət və məhəbbətlə yanaşan insandır. 2. Konfessiyalararası (dini) tolerantlıq – bir dini konfessiyaya mənsub olan möminin, yaxud hər hansı din mənsubunun başqa dinin mənsublarının ruhani dəyərlərinə hörmətlə yanaşmasında ifadə olunur. Bu münasibət bütün insanların eyni bir substansiyadan və vahid ruhani mənşədən olması prinsipinin mütləq şəkildə tanınmasına əsaslanır. 3. Sosial-qrup tolerantlığı – baxışlarında və əməllərində insan həyatı, azadlığı və sağlamlığı üçün heç bir real, yaxud potensial təhlükə daşımayan başqa sosial qrupların (siniflər, təbəqələr, stratalar, təşkilatlar, hərəkatlar və s.) cəmiyyətin vacib elementi olması faktını qəbul etmək və onlara olduqca səmimi münasibət göstərməkdə ifadə olunur. 4. Ekoloji tolerantlıq – bütün həyat formalarına səmimi hörmətdə və məhəbbətdə təzahür edir. Hər hansı varlığın təbii qanunauyğunluğun nəticəsi olmasını və onların hər birinin həyat zəncirində xüsusi və vacib rolu olmasını dərk etmək kimi ali prinsiplərə əsaslanır. 5. Pedaqoji tolerantlıq – hər hansı xidmətlərinə baxmayaraq, pedaqoqun şagirdlərə və tələbələrə səmimi münasibəti, eləcə də onların hüquq və azadlıqlarına, yaradıcı və tənqidi düşüncələrinə yüksək dözümlü münasibət və hörmət kimi ifadə olunur. 6. Fizioloji tolerantlıq - əqli, fizioloji və fiziki sağlamlıq problemləri olan şəxslərə münasibətdə mərhəmət, dözümlülük, hörmət və məhəbbət kimi təzahür edir. 7. Siyasi tolerantlıq – çeşidli siyasi baxışlarda mövcud olan fərqləri nəzərə almayaraq, siyasi opponentlərə əsl professional hörmət və dözümlülük nümayiş etdirmək deməkdir. Bu münasibətin əksi kimi isə

tarixən siyasi səhnəyə diktatura, faşizm, qatı millətçilik, totalitar rejimlər, istibdad, başqafikirliliyə qarşı repressiyalar və s. çıxır. 8. Diplomatik tolerantlıq – mövcud beynəlxalq və regional münasibətlər sistemind vətəndaşların həyatları, sağlamlıq və azadlıqları üçün təhlükə yaratmayan müxtəlif ölkələrə, təşkilatlara və birliklərə səmimi münasibətin ifadəsi kimi təzahür edir. 9. Elmi tolerantlıq - ümumbəşəri mənəvi dəyərlərə və fundamental təbiət qanunlarına əsla zidd olmayan fərqli elmi məktəblərə, ideyalara, təlimlərə və ən yeni elmi nəzəriyyələrin apologetlərinə (yun.“apo” - müdafiə, “logos” - söz - hər hansı ideyanı, təlimi, elmi, yaxud dini nəzəriyyəni müdafiə edən səriştəli şəxs) qarşı tolerant və səmimi münasibət, həmçinin başqaları tərəfindən ifadə olunan əsl elmi tənqidə dözümlülük kimi təzahür edir. Burada elm adamı, “həqiqət ideyaların plüralizmindən, müxtəlifliklərin nisbətindən və sağlam mübahisədən doğur” kimi prinsipə əsaslanmalıdır. 10. Administrativ tolerantlıq fundamental iş və idarəçilik prinsiplərinə xələl gətirməmək şərtləri ilə tabeçilikdə olan aşağı rütbəli və vəzifəli şəxslərə münasibətdə mərhəmət, dözümlülük, hörmət və əsl qayğı göstərilməsini nəzərdə tutur. 11. Cinsi tolerantlıq - əks cinsin bütün nümayəndələrinə, eləcə də cinsi azlıqların mənsublarına münasibətdə dözümlülük şəklində təzahür edir.

Beləliklə, müşahidə edirik ki, tolerantlığın müxtəlif istiqamətləri və çox fərqli tipləri mövcuddur. Lakin onların hamısını bir ortaq məxrəc birləşdirir: “başqa varlığa, başqa ideyaya, başqa dünyagörüşünə, başqa dəyərlərə münasibətdə açıq olmaq, ona hörmətlə yanaşmaq, bir şərtlə ki, o, insanların həyatı, sağlamlığı və azadlığı üçün heç bir təhlükə mənbəyi olmasın”. Bu ümumi prinsiplərin formalaşması tarixi mərhələlərlə baş vermiş, mütləq şəkildə dünya mədəniyyəti ilə, xüsusilə də din və fəlsəfə ilə bağlı əxlaqi istiqamət kimi ifadə olunmuşdur.


Tolerantlığın əsas mahiyyətini və sərhədlərini təyin etmək üçün,mütləq onun əksi kimi ifadə olunan dözümsüzlüyü, yaxud intolerantlığı, onun formalarını və təzahür tiplərini analiz etmək və dərindən öyrənmək son dərəcə vacibdir. Əsasən intolerantlıq (lat. intolerantia - dözülməzlik, dözümsüzlük) belə bir əqidəyə, ideyaya əsaslanır ki, eqoizmin əsiri olan fərd, kollektiv, yaxud sosium öz əhatəsini, dünyagörüşü sistemini, həyat tərzini başqalarından yüksəkdə tutur, hər kəsin onu nümunə kimi qəbul etməsinə iddia edir və bu iddia fövqəladə şəkildə israrlı olur. Bu təkcə elementar həmrəyliyin yoxluğu demək deyil, həm də insanda neqativ stereotiplərə əsaslanan elə bir psixoloji halətdir ki, o, başqasını başqa cür görünməsinə, düşünməsinə, yaşamasına, hətta sadəcə mövcud olmasına görə israrla qəbul etmək istəmir. Burada söhbət cəmiyyət və şəxsiyyət üçün son dərəcə təhlükəli olan məqamlardan, yəni üzdəniraq üstünlük, böyüklük kompleksindən, “mənəm-mənəmlik” formasında təzahür edən paranoyadan (yun. paranoia - ağılsızlıq, dəlilik) gedir. Bu vəziyyət bir fərdin psixoloji sərhədlərini aşaraq kollektiv xarakter alanda, daha da təhlükəli olur və qatı millətçilik, faşizm, şovinizm, rasizm, ksenofobiya, etnosentrizm, etnik zorakılıq kimi bəşəri dəyərlərə zidd olan formalar alır. Bu kompleksin bir etnos səviyyəsində reallaşdırılması isə soyqırım aktının gerçəkləşdirilməsi kimi, bəşəriyyətə qarşı cinayətlərlə nəticələnir. İntolerantlıq hər hansı mübahisəli situasiyada inandırmaq, razılaşdırmaq, qəbul etmək kimi sırf kompromis prinsipləri qəti olaraq inkar edir və öz “yeganə silahından” - əzmək, yatırmaq və məhv etməkdən istifadə edir. Bu “özgə baxışların” daşıyıcıları olan digər insanların mövcud olmaq hüquqlarının əlindən alınması deməkdir. İntolerantlıq hər hansı yeniliyə qarşı çıxır. O, adi ədəbsizlikdən və özgə təzahürə qıcıqlanmadan tutmuş, “başqalarının” metodiki və məqsədyönlü şəkildə məhv edilməsinə, etnik təmizləmə aktlarına qədər geniş diapazonda ifadə olunur.
Yüklə 35,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin