1. Multikulturalizmə giriş fənninin predmeti və obyekti


Azərbaycanda multikulturalizm fənninin metodları (analiz-sintez, induksiya-deduksiya)



Yüklə 35,16 Kb.
səhifə9/12
tarix30.12.2021
ölçüsü35,16 Kb.
#49276
1   ...   4   5   6   7   8   9   10   11   12
Mövzu 1

4. Azərbaycanda multikulturalizm fənninin metodları (analiz-sintez, induksiya-deduksiya)

Hər bir fənnin tədqiqat metodları olduğu kimi “Multikulturalizmə giriş” fənninin də tədqiqat metodları vardır. Metod (yunan dilindən tərcümədə “nəyəsə aparan yol” deməkdir) elmi biliyin əldə olunmasının yolu, dərketmə prosesinin, xüsusən də elmin predmetinin öyrənilməsi üsuludur. Elmi cəhətdən əsaslandırılmış metodların tətbiq edilməsi idrakın müvəffəqiyyətlə inkişafının ən mühüm şərtidir. Metod elmi biliyin əldə edilməsinin və onun praktik fəaliyyətdə tətbiqinin yollarını, üsullarını göstərir. Əgər metodun tətbiq edilməsinin məqsədi elmi biliyin əldə edilməsidirsə, onda tətbiq edilən metodun özü də elmi olmalıdır. Buna görə də hər bir elmdə, o cümlədən hər bir tədris fənnində tətbiq ediləcək müvafiq metodların seçilməsi mühüm bir məsələdir. “Multikulturalizmə giriş” fənnində müşahidə, müqayisə, ölçü, eksperiment, induksiya və deduksiya, analiz və sintez, abstraktlaşma, ümumiləşdirmə, təsnifat və analogiya kimi ümumməntiqi metodlardan və ya elmi idrakın ümumi metodlarından istifadə olunur.

Analiz (yunan dilindən tərcümədə - təhlil, bölmə, ayrıma) – tədqiq olunan obyektin xəyalən tərkib elementlərə bölünməsini nəzərdə tutan bir tədqiqat metodudur. Analiz tədqiqatçıya obyekti tərkib hissələrə bölməklə onun mahiyyətini dərk etməyə imkan verir. Analiz vasitəsilə tədqiq olunan obyektin strukturu, tərkib hissələri, onların arasındakı münasibət müəyyənləşdirilir. Bir məntiqi əməliyyat olaraq analiz hər bir elmi tədqiqatın tərkib hissəsi kimi özünü göstərir. Tədqiqatçı tədqiq olunan obyektin quruluşunu, tərkibini, funksiyalarını, əlamətlərini, eləcə də əlamətlər arasındakı əlaqələri öyrənmək məqsədini güdəndə analiz elmi tədqiqatın birinci mərhələsini təşkil edir. Analiz ümumi dərketmə prosesinin hissi idrak mərhələsində özünü büruzə verir. Ümumi dərketmə prosesinin nəzəri mərhələsində analiz özünü əqli yaxud məntiqi təhlil kimi göstərir.

Analiz vasitəsilə tədqiq olunan obyektin bütün tərkib hissələri öyrənildikdən sonra dərketmə prosesinin sintez adlanan növbəti mərhələsi gəlir. İnduksiya deduksiyaya əks olduğu kimi, analiz də sintezə əks olan metoddur. Əgər analiz tədqiq olunan obyektin xəyalən tərkib elementlərə bölünməsini nəzərdə tutursa, sintez (yunan dilindən tərcümədə- birləşmə) bu elementlərin fikrən bütövə birləşdirilməsini nəzərdə tutur. Sintez analizə əks olsa da, o, sonuncunun davamı kimi çıxış edir. Sintez tədqiq olunan obyekti bütövlükdə öyrənir. O, bütövün elementlərini necə gəldi birləşdirmir. Sintez nəticəsində hissələr bütövə müəyyən bir mühüm cəhət əsasında birləşdirilir. Analiz və sintez metodlarının əhəmiyyətini Azərbaycan Respublikasının multikulturalizm siyasətinin timsalında göstərmək olar. Azərbaycan Respublikasının multikulturalizm siyasətini öyrənərkən əvvəlcə analiz metodu vasitəsilə bu siyasətin əsas elementləri (istiqamətləri) müəyyən edilir, hər bir element (istiqamət) ayrı-ayrılıqda nəzərdən keçirilir, onlar arasında əlaqə nəzərə çarpdırılır. Sonra isə sintez metodu vasitəsilə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin tərkib hissələri haqqında toplanan məlumat bir yerə cəmləşdirilərək bu siyasət haqqında bütöv bilik əldə olunur.

İnduksiya (latın dilindən tərcümədə- yönəltmək) - bir tədqiqat metodu kimi biliyin konkret faktlardan ümumi müddəalara doğru hərəkətini ifadə edir. İnduktiv metod vasitəsilə konkret faktlar toplanır və ümumiləşdirilir. Nəticədə ümumiləşdirilmiş yeni bilik alınır. İnduksiya - məqsədi biliyin fərdi hökmdən ümumi hökmə doğru hərəkətini təhlil etməkdən ibarət olan tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi forma kimi də çıxış edir. O, düşünülən məzmunun elə bir sabit əlaqəsidir ki, orada fikir xüsusi məddəalardan ümumi müddəalara tərəf yönəlmişdir. Aristotel əqli nəticənin bir forması kimi induksiyanın böyük idraki əhəmiyyətini qeyd etmişdir. Aristotelin fikrincə, induksiyanın müşahidə və eksperimentlə sıx bağlı olması, induktiv ümumiləşdirmənin yoxlanılması onu deduktiv əqli nəticə ilə müqayisədə daha sadə və geniş istifadə olunan edir. İnduktiv metod “Multikulturalizmə giriş” fənnində çox istifadə olunan metodlardan biridir. Fənnin bir çox nəzəri müddəaları induktiv metodla alınmışdır. Məsələn, cəmiyyətdə dini ekstremizmin yayılmasında savadsızlığın böyük rol oynaması müddəası induktiv yolla əldə olunan faktların ümumiləşdirilməsdir. Ümumi biliyin əldə edilməsində bütün faktlar istifadə olunursa, induksiya tam olur. Əks halda o, natamam olur. Əksər hallarda induktiv metodun tətbiqi zamanı əsasən obyektiv səbəblərdən bütün faktları nəzərə almaq çətindir. Buna görə də natamam induksiyaya daha çox rast gəlinir. Lakin tam induksiyadan fərqli olaraq natamam induksiyada əldə edilən bilik ehtimali xarakter daşıyır.

Deduksiya - induksiyaya əks olan metoddur. Deduksiya (latın dilindən tərcümədə- çıxartmaq) - bir tədqiqat metodu kimi bir və ya bir neçə ümumi xarakterli həqiqi müddəadan yeni həqiqi biliyin alınmasını səciyyələndirir. Əldə edilən bilik, bir qayda olaraq, zəruri xarakter daşıyır. Natamam induksiyadan fərqli olaraq deduktiv metod vasitəsilə alınan nəticə ehtimal xarakterli deyildir. İnduksiya kimi deduksiya da tədqiqat metodu olmaqla yanaşı müəyyən məntiqi forma kimi də çıxış edir. Bu özünü deduktiv əqli nəticədə göstərir. Deduktiv əqli nəticədə təfəkkür ümumi müqəddimədən (ilkin verilən həqiqi müddəa) xüsusi müqəddiməyə tərəf yönəlir. Deduktiv əqli nəticədən alınan yeni biliyin (nəticənin) həqiqi olması üçün müqəddimələr həqiqi olmalıdır və məntiqin qaydalarına riayət edilməlidir. Əgər müqəddimələr həqiqi müddəalardan ibarətdirsə və düzgün təfəkkürün qaydalarına riayət olunursa, alınan nəticə həqiqi olacaqdır. “Multikulturalizmə giriş” fənnində induktiv metod kimi deduktiv metodunda istifadə sahəsi genişdir. Bu metod vasitəsilə həqiqiliyi müəyyən edilmiş ümumi müddəalardan məntiqi yolla yeni həqiqi müddəalar əldə olunur. Məsələn, etnikmədəni müxtəlifliyin multikulturalizm siyasəti vasitəsilə tənzimlənməsinin vacibliyini əsaslandırarkən bir çox tədqiqatçılar tərəfindən həqiqi müddəa kimi qəbul olunmuş müasir dövrdə ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması ideyasına istinad etmək olar.

6. Multikulturalizm dövlət siyasəti kimi

Multikulturalizm termini iki mənada işlədilir: geniş və dar mənalarda. Sözün geniş mənasında multikulturalizm termini çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilirsə, sözün dar mənasında bu termin cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel) “Müqayisəli Multikulturalizm” adlı məqaləsində multikulturalizm termininin ədəbiyyatda ən azı 3 müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci mənada bu termin elə bir sosial-tarixi situasiyanı xarakterizə edir ki, orada bir neçə müxtəlif etnik-mədəni qrupun nümayəndələri birgə yaşayırlar. Onun fikrincə, bu mənada işlədilən multikulturalizm termini deskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin bu mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm termininin sözün geniş mənasında işlədilməsini xatırladır. Dyumoçelə görə, multikulturalizm termininin ikinci mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Multikulturalizm termininin ikinci mənası onun birinci mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin ikinci mənada işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm sözünün dar mənası ilə eynidir. Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası normative xarakter daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə olmalı olduğunu göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda multikulturalizm fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms Tallinin əsərlərində istifadə edilməsini göstərir. Bu müəlliflər hesab edirlər ki, etnik-mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik qorunmalı və inkişaf etdirilməlidir. Bu, multikultural ədalətin normativ tələbidir. Əslində Dyumoçelin təqdim etdiyi multikulturalizm termininin üçüncü mənası bu terminin ikinci mənasının konkretləşdirilməsidir. Bu səbəbdən onu multikulturalizm termininin ayrıca bir mənası kimi vermək düzgün deyil.

Beləliklə, siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu sosial hadisənin mühüm cəhətini xarakterizə edir- onu dövlət ideologiyasınin tərkib hissəsi, dövlət siyasətinin mühüm istiqaməti kimi təqdim edir. Daha konkret desək, multikulturalizm siyasət modeli kimi cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasını nəzərdə tutur. Etnik, irqi, dini və mədəni

müxtəlifliklərin qorunması ictimai inkişafın mühüm mənbələrindən biridir. Bununla bağlı 2 noyabr 2001-ci il tarixində UNESKO-nun “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi”nin “Mədəni müxtəliflik, bəşəriyyətin ümumi irsi” adlı 1-ci maddəsində deyilir: “Mübadilənin, innovasiyanın və yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə də mədəni müxtəliflik bəşəriyyətin ümumi irsidir və o, indiki və gələcək nəsillərin rifahı naminə tanınmalı və təsdiq olunmalıdır”. Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına yüksək önəm verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”.




Yüklə 35,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin