4.Pedaqoji mövqelər. Pedaqoji fəaliyyətin zəruri məsələlərindən biri müəllimin şagirdlə qarşılıqlı təsir prosesində ortaya qoyulan mövqeyində özünü göstərir. Pedaqoji fəaliyyətdə psixoloqlar bir sıra pedaqoji mövqeləri qruplaşdırırlar:
1. Pedaqoqun “qapalı mövqeyi” – şəxssiz, xüsusilə, obyektiv icmal etmə tərzi ilə öz fikir və tərəddüdlərindən, təlimin hər hansı emosional – sərvət dəyərlərindən məhrum olunmuş mövqedir;
2. Pedaqoqun “açıq mövqeyi” – öz pedaqoji hərtərəfliliyindən və səhvsizliyindən qorxmayaraq öyrənənlərə şəxsi təcrübəsini açır, şagirdlərin və özünün yaşantılarını gerçəkləşdirməklə materialı, adətən, qavrama prizmasından şərh edir;
3.Uşağa yönəlmiş “qarşılıqlı hərəkət” mövqeyi. Bu mövqedə uşağa səhv etməyə imkan verilir, tənqid isə özünütənqid şəklində tətbiq olunur. Müəllim uşağa xas olan yanlış düşüncəni özünə şamil edir, beləliklə, bu düşüncəni tənqidə məruz qoymaqla səhvin nədə olduğunu və ondan necə yaxa qurtarmağı göstərmiş olur (“vaxtılə düşünürdüm ki”, “əvvəllər mənə elə gəlirdi ki”və s. ).
Pedaqoji fəaliyyətin səviyyəsinə və keyfiyyətinə pedaqoqun peşə uğurluluğu ciddi təsir göstərir. Peşəkar uğurun ən vacib komponentlərinə aşağıdakıları aid etmək olar:
peşə sahəsində özünügerçəkləşdirmənin adekvatlığı;
peşəkar identifikasiya;
dərk olunmuş peşəkar mövqeyin olması;
peşəkar tapşırıqları keyfiyyətli icra etmək qabiliyyəti;
peşəkar bilik və bacarıqları yaradıcı şəkildə tətbiq etmək qabiliyyəti;
müəllimin özünün peşəkar təsirlərinin nəticələrini proqnozlaşdırmaq qabiliyyəti;
peşəkar əməllərin məsuliyyətini daşımaq qabiliyyəti;
peşəkar refleksiya;
peşəkar fəaliyyətdən zövq ala bilmək qabiliyyəti;
cəmiyyətlə qarşılıqlı əlaqəyə girmək bacarığı;
peşəkar inkişafa və ustalığa meyillilik;
peşəkar təkmilləşməyə tələbat.
Pedaqoji fəaliyyətin strukturunda təlim motivləri xüsusi rola malikdir.
Pedaqoji fəaliyyətin motivlərini onun meyarlarından çıxış edərək aşağıdakı kimi qruplaşdırmaq olar:
geniş peşəkar motivlər (uşaqlarla yeni üsullarla işləmək istəyi, pedaqoji peşəyə maraq, özünü yaradıcı şəkildə gerçəkləşdirmək imkanı və b. );
prestij (yarışmanı qazanmaqla əməkdaşlar tərəfindən qəbul olunmaq istəyi, məktəbdə, şəhərdə, regionda və s. ən yaxşı müəllim olmaq meyili);
sosial motivlər (öz statusunu dəyişmək istəyi, karyera qurmaq meyili və b. );
əməkdaşlıq motivləri (işdə gördüyündən istifadə etmək istəyi, funksional imkanlarını genişləndirmək meyili, yaradıcı qruplarda əməkdaşlara rəhbərlik etmək və b. );
özünüaktuallaşdırma motivləri (ekstraklass müəllim olmaq istəyi, daimi axtarışa tələbat, eksperiment etmək meyili, nəzəriyyə və praktikada yeni nailiyyətlərdən xəbərdar olmaq istəyi, müasir psixologiya və pedaqogikada baş vermiş yenilikləri mənimsəmək və b. ) və s.
Təəssüf ki, müasir cəmiyyətlərdə pedaqoji və pedaqoq (müəllim, tərbiyəçi və s. ) ixtisasının seçimində əsas olan motivlər pedaqoji fəaliyyətə uyğun gəlmir.
E.P.İlin çoxsaylı sorğularının nəticəsi göstərir ki, 30-45% ali məktəbə daxil olmuş tələbə müəllimlik peşəsinə müsbət yanaşır. Təqribən 40% bu və ya digər fənnə marağa görə, daxil olur, bilavasitə müəllim fəaliyyətinə maraqları olmur. 13-22% tələbələr nə müəllim fəaliyyətinə, nə də profili olan fənnə müsbət yanaşır, ali məktəbə daxil olmaq motivlərini isə ya (oğlanlarda) orduya getməmək, ya da (qızlarda) ali təhsilli olmağın prestiji ilə əlaqələndirirlər. Təəssüf ki, bu tendensiya bir neçə onilliklərdir ki, davam edir.
Pedaqoji fakültələri bitirən tələbələrin yalnız ¼-i müəllimliyin onların peşəsi olduğunu qeyd edirlər.
Dostları ilə paylaş: |