12.3. Faydalı qazıntıları.
Afrika müxtəlif faydalı qazıntlarla çox zəngindir. Faydalı qazıntıların müxtəlif mənşəli qrupları materikin ayrı-ayrı tektonik sahələri ilə əlaqədardır. Arxey və ptoterozoy qırışıqlığı zonası metal faydalı qazıntılarla, qiymətli daş-qaş yataqları ilə daha zəngindir. Burada ən çox maqmatik, metamorfik mənşəli faydalı qazıntı yataqları vardır. Qədim qalxanların aşınma qabığı ilə ilkin mineralların aşınmasından yaranan faydalı qazıntı yataqları, həmin sahələrdə çayların fəaliyyəti ilə əmələ gələn səpinti yataqları yayılmışdır. Postmaqmatik yataqların əksəriyyəti kristallik əsasla əlaqədar olub, onun səthə çıxdığı yerlərdə rast gəlinir. Faydalı qazıntıların çökmə yataqları platformanın çöküntü süxur örtüyü ilə əlaqədardır və əsasən sineklizlərdə əmələ gəlmişdir.
Qara metalın əsas yataqları (dəmir, manqan, titan, xrom) Şimali Qvineya yüksəkliklərində, Syerra-Leonedə, Aşağı Voltada, Cənubi Afrikada və Atlas dağlarındadır. Başqa sahələrdə də dəmir filiz yataqları məlumdur. (Konqo hövzəsinin kənar qalxmalarında, Misirdə, Böyük Səhranın qərbində, Şərqi Afrikada). Əlvan metalların böyük yataqları yenə qədim qırışıqlıq əsasın çıxıntıları ilə əlaqədar olmaqla, Katanqada (kobalt, mis, sink, qurğuşun), Şərqi Konqoda (sink), Şimali Qvineya və Atlas dağlarındadır.
Nadir metal yataqları Cənubi Afrikada Kalaxari sineklizini cənubdan və şərqdən əhatə edən kristallik əsasın qalxanlarında (litium, berillium, sürmə, uran), Katanqada (uran), Anqolada (uran) və s.sahələrdə məlumdur.
Əlvan metalların əhəmiyyətli yataqları Cənubi Afrikada (maqmatik mənşəli qızıl, platin), Şərqi Afrikada (postmaqmatik mənşəli qızıl) və Şimali Qvineyada aşkar edilmişdir. Qiymətli daşlardan almazın ən böyük yataqları Cənubi Afrika, Katanqa və Şimali Qvineyadadır. Qeyri-metal faydalı qazıntılardan asbestin böyük yataqları Cənubi Afrikada (kianit, qrafit), Şərqi Afrikada, Atlas dağlarındadır (fosforitlər).
Daş kömürün ən böyük yataqları Cənubi Afrikadadır (paleozoy çöküntülərində). Bundan əlavə Rodeziyada, Tanqanika və Nyasa gölləri ətrsfında və Atlas dağlarında çoxlu kömür yataqları vardır.
Neft yataqları əsasən III dövrün və mezozoyun dəniz çöküntüləri ilə əlaqədardır. Ən böyük yataqlar Şimali Afrikada II dünya müharibəsindən sonra açılmışdır. Hazırda Liviyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Niger, Oqove və Kvanze çayları mənsəbində neftin çox böyük yataqları məlumdur. Bunlardan bir çoxu istismar edilir (Misirdə,Əlcəzairdə və Liviyada). Yanar qaz yataqları Əlcəzairdə kəşf edilmişdir.
Dostları ilə paylaş: |