13.1. İqlimi.
Afrikanın iqlimi hər şeydən əvvəl, qitənin coğrafi mövqeyi ilə onun ekvatorial, tropik və qismən subtropik qurşaqlarda yerləşməsi ilə müəyyən edilir. Materik ərazisinin təxminən ¾ hissəsi üzərində günəş ildə iki dəfə zenitdə olur və bol şüa enerjisi verir. Afrikanın ekvatorial qurşağında ümumi radiasiyanın illik kəmiyyəti 100-140 kkal/sm², tropik qurşaqlarda 180-200 kkal/sm², Böyük Səhranın şərqində 220 kkal/sm²,subtropik qurşaqlarda isə 140-160 kkal/sm²-ə bərabərdir. İllik radiasiya balansı materik üzərində 60-70 kkal/sm²-dir. Beləliklə, Afrika illik radiasiya kəmiyyəti və radiasiya balansına görə başqa materiklərdən fərqlənir. O Yer kürəsinin ən isti materikidir.
Afrika iqliminə qonşu okeanların və Asiya üzərində yaranan barik sahələrin, eləcə də materikin şimal və cənub hissəsində fəsillər üzrə bir-birinin əksi olan dəyişkən təzyiq sahələrinin təsiri böyükdür. Afrika üzərində subtropiklərarası atmosfer sirkulyasiyası, külək rejimi yağıntıların materikin üzərində paylanmasının əsas amilidir. Ekvatorial qurşaqda alçaq təzyiq sahəsi, tropiklərdə isə yüksək təzyiq sahəsinin hakim olması il ərzində tropiklərdən ekvator qurşağına hava cərəyanı yaranmasına səbəb olur. Bundan əlavə Afrikanı şərqdən və qərbdən əhatə edən Hind və Atlantik okeanları üzərində mövcud olan daimi təzyiq sahələrindən (Cənubi Hind okeanı, Şimali və Cənubi Atlantika antisiklonları) müxtəlif xassəli hava kütlələri daxil olur.
Ekvatorial qurşaqda il boyu qalxan cərəyan, tropiklərdə isə enən hava cərəyanları, tropiklərlə ekvator arasında isə üfüqi hava cərəyanları hakimdir.
Ekvatorial zonada passatlar çox rütubətlənir və keçdiyi yarımkürənin subekvatorial qurşağında ekvatorial mussonları adlanırlar. Bu küləklər ekvatorial qurşağa şimal-şərqdən (şimal yarımkürəsində qış olan zaman) və cənub-şərqdən (cənub yarımkürəsində qış olan zaman) əsir. Ekvator qurşağını keçdikdə bunlar ekvatordan şimalda sağa, cənubda isə sola meyl edirlər.
Qışda Ön Asiya yaylaları üzərində yaranan yüksək təzyiq sahəsindən materikin şimal-şərqinə (xüsusilə Somaliyə) passatlar daxil olur. Dəniz üzərindən keçən passatlar xeyli rütubətlənir və yağıntı verir. Fəsillərin dəyişməsi ilə əlaqədar olaraq Cənubi Hind okeanı antisiklonunun da təsir dairəsi dəyişir. Şimal yarımkürənin qışında onun sol cinahı küləkləri Afrikanın cənub-şərq sahillərinə, cənub yarımkürənin qışında isə cənub subekvatorial və tropik qurşaqlarında şərq sahillərə (Əjdaha dağlarına) çox yağıntı verir, qurunun içərilərinə isə quru halda daxil olur.
Afrikada yağıntılar qeyri-bərabər paylanmışdır. Başqa materiklərin eyni coğrafi enlikdə yerləşən vilayətləri (Cənubi və Mərkəzi Amerika, Cənubi və Cənub-Şərqi Asiya) Afrikadan daha çox yağıntı alır. Bu ilk növbədə atmosfer sirkulyasiyasının xarakterindən və kənar vilayətlərdən Afrikaya gələn hava kütlələrinin fiziki-dinamiki xüsusiyyətlərindən asılıdır.
Rütubətləmə dərəcəsinə görə Afrikada bir neçə qurşaq aydın seçilir. Ekvator qurşağı yağıntıların bolluğu ilə başqa sahələrdən kəskin fərqlənir. Burada yağıntıların illik miqdarı 1500-2000 mm-dir. Maksimal yağıntı ekvatoru coğrafi ekvatora yalnız Konqo hövzəsində uyğun gəlir. Qvineya körfəzi sahilində ən çox yağıntılar körfəzin şimal-şərq küncündə (Niger çayının deltası və Kamerun dağlarının qərb yamacları) və Yuxarı Qvineya yüksəkliyinin qərb hissəsində (Leone-Liberiya massivində, Futa-Callon dağları və s.) 5°-10° şimal enlikləri arasında düşür Ekvator qurşağında yağıntılar il boyu bərabər paylanmışdır. Burada quraq ay yoxdur. Lakin payız və yazda günəş ekvatorda zenitdə olduqda yağıntılar daha çox düşür.
Dostları ilə paylaş: |