13.4. Heyvanlar aləmi.
Afrika heyvanlar aləminə görə başqa materiklərdən kəskin fərqlənir. Burada olan müxtəlif heyvan növlərinin bir çoxuna başqa materiklərdə, həmçinin Afrika ilə eyni coğrafi enliklərdə yerləşən sahələrdə belə rast gəlmək mümkün deyil. Materikin şimal hissəsi (Böyük Səhra və Atlas dağları) Qolarktika zoocoğrafi vilayətinə, qalan hissəsi isə Həbəşistan (Efiopiya) zoocoğrafi vilayətinə daxildir. Madaqaskar və ona yaxın adalar Madaqaskar zoocoğrafi vilayətinə aid edilir.
Qolarktikanın Aralıq dənizi yarımvilayətinə aid edilən Şimali Afrika heyvanlar aləminə görə Cənubi Avropaya (Aralıq dənizi adalarına) çox yaxındır. Lakin burada özünəməxsus heyvan növləri ilə yanaşı (tək hürgüclü dəvə, yallı qoyun, Afrika dəvəquşusu, buynuzlu gürzə, Əlclzairdə və Mərakeşdə quyruqsuz makaki meymunu və s.) Həbəşistan vilayəti üçün səciyyəvi heyvan növlərinə də rast gəlinir (Atlas dağlarında gözlüklü ilan və s.). Hər iki vilayət üçün səciyyəvi heyvanlardan antilop, şir, vəhşi pişik, zolaqlı kaftar, çaqqal və s. göstərmək olar. Bunlardan əlavə, Böyük Səhrada sürünənlərin bir çox növləri, müxtəlif kərtənkələlər, quşlardan flaminqo, dəvəquşu və s.vardır. Qışda buraya şimal ölkələrindən külli miqdarda quşlar uçub gəlir.
Həbəşistan zoocoğrafi vilayətinin heyvanlar aləmi də çox zəngindir. Bura üçün xarakterik heyvanlardan savannalar zonasında yaşayan zürafə, tropik Afrikada geniş areala malik olan şir (Leo-leo), hippopotam, kərgədan, Afrika fili, zebr (şərqi və cənubi Afrikada), Afrika tovuz quşu (Konqo hövzəsinin şərqində), qorilla, şimpanze və s.,həşəratlardan canlılar üçün çox təhlükəli olan sese milçəyi,yırtıcılardan savanna və seyrək meşələrdə çox yayılmış leopard, vəhşi pişik, kaftar, gəmiricilərin bir çox növü geniş yayılmışdır. Afrikada bir çox heyvanların arealını insan xeyli məhdudlaşdırmışdır. Ümumiyyətlə əhalisi sıx olan yerlərdə heyvanlar, xüsusən yırtıcılar çox qırılmışdır.
Dostları ilə paylaş: |