3) 85-(46-14)=53.
Bunu əsaslandırmaq üçün “ədəddən fərqin çıxılması”qayfasını tətbiq edirik.85-(46-14)=(85-46)+14=39+14=53.
Bu tip misallar həll etməklə,şagirdlərin yaxşı qavramasına səbəb olarıq.Sonra misalların forması dəyişdirilməli və izah yolları aydınlaşdırılmalıdır.Mötərzəli ifadələrdə mörtərzənin yerini dəyişdirdikdə,qiymət dəyişə bilər.
56.İbtidai siniflərdə həndəsə elementlərinin öyrədilməsi metodikası: sadə həndəsi fiqurların əsas xassələri, I-IV siniflərdə həndəsə materialının tədrisinin ümumi məsələləri.
I-IV siniflərdə həndəsə materialının öyrənilməsi şagirdlərdə həndəsi təsəvvürlərin formalaşdırılmasına xidmət edir. Bunun əsasında fəza təsəvvürlərinin və təxəyyülünün formalaşdırılması, riyazi nitqin və təfəkkürünün inkişaf etdirilməsi, məqsədyönlü praktik vərdişlərin formalaşdırılması və inkişaf etdirilməsi həyata keçirilir. Şagirdlərdə həndəsi təsəvvürlərin formalaşdırılması üçün aparılan təlim işinin sistemi bu cür olmalıdır:
şagirdlər müşahidə etməklə, həndəsi fiqurun xassələrini aşkar edir,
müvafiq terminləri öyrənir və zəruri praktik vərdişlər qazanırlar.
Sadə həndəsi fiqurların əsas xassələri
İbtidai siniflərdə şagirdlər ən sadə müstəvi fiqurları öyrənirlər. Bəzi fəza fiqurları: kub, paralelepiped, silindr tanışlıq məqsədilə şagirdlərə öyrədilir.
Həndəsi fiqurun aşağıdakı ümumi xassələri vardır:
həndəsi fiqurun hissəsi də həndəsi fiqurdur,
bir neçə həndəsi fiqurun birləşməsi də həndəsi fiqurdur.
Həndəsi fiqurların xassələri:
İxtiyari düz xəttə aid olan və olmayan nöqtələr vardır.
İxtiyari iki nöqtədən ancaq bir düz xətt keçirmək olar.
İki müxtəlif düz xətt ya kəsişmir, ya da ancaq bir nöqtədə kəsişir.
Düz xətt üzərində ixtiyari üç nöqtədən ancaq biri digər ikisinin arasındadır.
Düz xətt müstəvini iki yarımmüstəviyə ayırır.
Düz xətt parçasının uzunluğu onu əmələ gətirən hissələrin uzunluqları cəminə bərabərdir. Parçanın uzunluğuna məsafə deyilir.
İxtiyari yarımdüzxəttin başlanğıcından verilən uzunluqda ancaq bir parça ayırmaq olar.
Hər bir bucağın sıfırdan böyük müəyyən dərəcə qiyməti (ölçüsü) var.
Verilmiş yarımmüstəvi üzərində ixtiyari yarımdüzxəttdən, dərəcə ölçüsü verilmiş və qiyməti 180o-dən kiçik olan ancaq bir bucaq ayırmaq olar.
I-IV siniflərdə həndəsə materialının tədrisinin ümumi məsələləri
İbtidai siniflərin riyaziyyat kursu orta məktəb riyaziyyatı kursunun həm başlanğıcı və həm də tərkib hissəsi olub, onunla üzvi surətdə əlaqədardır.
İbtidai məktəb şagirdlərinin ölçü, forma haqqında təsəvvürlərini və ümumiyyətlə fəza təsəvvürlərini inkişaf etdirmək üçün həndəsə elementlərinin hesab materialı ilə əlaqəli tədrisinin böyük əhəmiyyəti vardır.Hələ I sinifdən üçbucaqlar, kvadratlar, dairələr, kublar – say vasitələri kimi işlədilir və eyni zamanda şagirdlər həmin fiqurlar (obrazlar) haqqında əyani təsəvvürlər əldə edirlər. Təlimin sonrakı mərhələsində həmin fiqurlar öyrənmə obyektinə çevrilir. Onlar məsələlər həllində həm illüstrasiya rolunu, həm də obyekt rolunu oynayır. Məsələn, «Yüzlük» mövzusunda parçalardan ədədlərin müqayisəsində, nömrələmədə və ya toplama və çıxma əməlləri zamanı illüstrativ material kimi istifadə olunur.
Vurma əməlinin yerdəyişmə xassəsini öyrədərkən düzbucaqlının kvadrat xanalara ayrılmasında parçanın bərabər hissələrə bölünməsindən istifadə olunur.Həndəsədən praktik işlər zamanı şagirdlər ölçmə, çəkmə (sadə qurma) işləri ilə tanış olur və onlarda ölçmə – qrafik vərdişləri formalaşır.
21-dən 100-ə qədər ədədləri öyrənərkən, şagirdlər parçaların uzunluqlarını müqayisə etməyi, santimetr və desimetrlə ölçməyi öyrənirlər, adlı ədədlər arasındakı münasibətləri yazılı şəkildə ifadə edirlər:
1 m = 10 dm 1 dm = 10 sm
Bundan sonra parçaların toplanması və çıxılmasına, üçbucağın, düzbucaqlının perimetrinin hesablanmasına aid praktik işlər verilir.100 dairəsində ədədləri və əməlləri öyrənərkən, şagirdlər bucaq, düz bucaq, düzbucaqlı və kvadrat anlayışları ilə tanış edilirlər. «Hissələr» mövzusu daxilində şagirdlər əyani-intuitiv əsasda kəmiyyətin bərabər hissələri, onların tələffüzü, işarə edilməsi, müqayisə edilməsini öyrənirlər. Əyani və illüstrativ material kimi parçalardan, düzbucaqlı və kvadratdan, dairədən istifadə olunur. Bu fiqurların 2, 4, 8, 16, 3, 6 bərabər hissələrə bölünməsi şagirdlərin kəmiyyətin hissələri haqqında təsəvvürlərini və biliklərini inkişaf etdirir.
Hissə anlayışını verərkən, bir cəhətə diqqət yetirmək lazımdır: şagirdlərin görmə yaddaşına üstünlük vermək məqsədilə, həm də elə fiqur seçmək lazımdır ki, onu bərabər hissələrə böldükdə, alınan hissələr verilmiş fiqura oxşamasın (şəkil 41).
M in dairəsində ədədlər və əməllər tədris edilərkən, şagirdlər iki üsulla parçaları müqayisə edirlər:
parçaları üst-üstə qoymaqla,
parçaları bilavasitə ölçməklə.
Birinci halda şagirdlər ölçüsünə görə böyük parçanı müəyyən edirlər, ikinci halda isə parçaların miqdari xarakteristikası olan ədədləri müqayisə edirlər. Bu zaman onlar uzunluğun yeni vahidləri: kilometr (km) və millimetr (mm) ilə tanış olurlar.Millimetr haqqında təsəvvürü sinif daxilində, bilavasitə xətkeş üzərində yaratmaq olar. Kilometr haqqında təsəvvür yaratmaq üçün məktəbdən kənarda iki obyekt arasında olan məsafəni misal göstərmək lazımdır. Ola bilər ki, 500 metrlik məsafəni ölçüb, kilometr haqqında təsəvvür yaradılsın.
«Çoxrəqəmli ədədlər» mövzusu daxilində şagirdlər həndəsi kəmiyyət olan sahə, fiqurun sahəsi, sahə ölçü vahidləri, onlar arasındakı münasibətləri öyrənirlər. Sahə ölçü vahidləri cədvəli tərtib edilir. Şagirdlər ar, hektar, kv.km kimi sahə ölçü vahidləri ilə tanış olur və həmin ölçü vahidlərin tətbiqi yerləri göstərilir.
IV sinifdə «Kəsrlər» mövzusu öyrənilərkən, müxtəlif həndəsi fiqurlardan illüstrativ material kimi istifadə olunur, kəsrlərin alınması, müqayisə edilməsi, bərabərləşdirilməsi və s.
I-IV siniflərdə praktik xarakterli həndəsə elementlərinin öyrənilməsi bilavasitə praktik işlərlə və məsələlər həlli vasitəsilə həyata keçirilir.
Həndəsə materialının tədrisində bu elmə xas olan xüsusiyyətləri nəzərə almaq lazımdır. Bunlar aşağıdakılardır:
1. Həndəsənin deduktiv elm olduğunu nəzərə alıb, həndəsi anlayışların deduktiv metodla öyrədilməsi.
2. Tədris materialının ümumi kursun məntiqinə uyğunlaşdırılması.
Əsas məqsəd şagirdlərdə müxtəlif növlə həndəsi fiqurlar haqqında təsəvvürlər yaratmaqdan, ölçmə və qurma vərdişləri formalaşdırmaqdan ibarətdir. İbtidai məktəb şagirdləri nöqtə, düz xətt, düz xətt parçası, sınıq xətt, bucaq, düz bucaq, müxtəlif çoxbucaqlılar, dairə, çevrə kimi həndəsi fiqurları tanımağı, fərqləndirməyi, eyni cinsli fiqurları müqayisə etməyi və nəhayət həndəsi kəmiyyətləri ölçməyi bacarmalıdırlar. Həndəsi anlayışların tərifləri ciddi məntiqi şəkildə deyil, əyani-intuitiv əsasda öyrədilir və anlayışın mühüm əlamətləri göstərilir. Həmin əlamətlər anlayışın məzmununu özündə əks etdirir.
Qeyri aşkar şəkildə də olsa, şagirdlər anlayışın cinsi və növü ilə tanış olurlar. Məsələn, düzbucaqlının bitişik tərəfləri bərabər olduqda, kvadrat alınır. Məsələn, kvadrat anlayışının ən yaxın cinsi düzbucaqlı, uzaq cinsi paraleloqramdır. Düzbucaqlı anlayışının məzmununa «bitişik tərəflərin bərabərliyi» şərtini daxil etdikdə, məzmun artır və anlayışın həcmi daralır, nəticədə kvadrat alırıq.
Aşkardır ki, «cins-növ» münasibəti nisbidir, çünki «düzbucaqlı» anlayışı «kvadrat» anlayışına görə cins olduğu halda, «paraleloqrama» görə növ olur.
Dostları ilə paylaş: |