34. Siyasi intriqa İntriqa fransız sözü olub bir neçə mənaya malikdir. Birincisi, bu adətən, nəyə isə nail olmaqdan
ötrü fitnə və hiylələrin, ləyaqətsiz hərəkətlərin gizlədilməsidir. İkincisi, hərəkətlərin
gözlənilmədən mürəkkəb şəkildə dəyişdirilməsi vasitəsilə, personajların maraqlarının, şərait
xüsusiyyətlərinin toqquşması başa düşülür.
Dar mənada siyasi intriqa – adi şüurun mənfi olaraq qəbul etdiyi, adətən pis nəticələrə səbəb
olan, mürəkkəb, dolaşıq, bəzən müəmmalı vəziyyətdir. Zahirən intriqa, siyasi situasiyanın
inkişafının keyfiyyətcə yeni istiqamətini doğuran bir neçə müxtəlif nizamlı siyasi hadisə və
proseslərin zaman və məkan üzrə birləşməsini nəzərdə tutur. İntriqa daxili mexanizmlər
baxımından, hadisələrin sanki, spontan olaraq, gözlənilmədən, öz-özünə baş verdiyini göstərən
şəraiti yaratmaqla, onu lazımi nəticələr istiqamətində aparan siyasi qüvvə və ayrı-ayrı siyasi
xadimlərin siyasi-psixoloji oyunlarının, niyyətli cəhdlərinin nəticəsidir. Bu mexanizmlər
intriqanın siyasi qəsd növündə daha dəqiq şəkildə təzahür edir.
İntriqa çox az hallarda həqiqətən də təsadüfi hadisələrin nəticəsi olur – bu halda o,
nəticələrindən ən gözlənilməz qüvvə və fiqurların istifadə edə biləcəyi siyasi oyun olur. Müxtəlif
siyasi qüvvələrin dolaşıq mübarizəsi və bir-birini əldən salması nəticəsində hakimiyyətsiz
situasiya yaranır.
Psixoloji intriqa – hakimiyyət uğrunda olan qədim, ənənəvi mübarizə vasitələrindən biri olub,
elitar “siyasət hazırlama” vasitəsidir. İntriqanı ilk olaraq antik dövr müəllifləri təsvir etmişlər.
Məqsədyönlü intriqa kifayət qədər uzun, inkişafda olan proses olub, üç komponenti özündə
birləşdirir. Birincisi, başlanğıcdır – intriqa ilə bağlı fikir, ideya və məqsədlərin təzahürü. İkincisi,
kulminasiya – maksimum dolaşıq, sirli ahəngli kritik situasiyanın yaranması və eyni zamanda
qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şəraitin hazırlanması. Üçüncüsü, həlledilmə -
təşəbbüskarların əksəriyyətdən gizli olan intriqa məqsədlərinə nail olmaları. Cərəyan etmə
müddətinə və daxili dinamizminə görə intriqa tez sovuşan (məsələn, bu və ya digər siyasi
personajın və ya hətta siyasi qüvvənin fiziki olaraq aradan qaldırılması məqsədi) və latent olaraq
intriqa məqsədlərinə mane olan amillərin tədricən sıxışdırılmasına istiqamətlənmiş
uzunmüddətli növlərə bölünür (məsələn, məqsədli olaraq və mərhələlərlə siyasi rəqibləri
nüfuzdan salma və onların təsirlərini zəiflətmə).
Qarşıya qoyulmuş məqsədlərə görə intriqa şəxsiyyətə istiqamətlənmiş və sosial- siyasi
istiqamətlənmiş olmaqla iki yerə ayırırlar. Birinci qrupa, ayrı-ayrı siyasi personajların fiziki olaraq
yox edilməsinə; hakimiyyətdən uzaqlaşdırılmasına; siyasi nüfuzdan salınması və mənəvi-əxlaqi
ləkələnməsinə istiqamətlənmiş intriqalar aid edilir. İkinci qrupa, ayrı-ayrı xadimlərin deyil,
ölçüsündən asılı olmayaraq bu və ya digər qrupların fiziki və ya simvolik olaraq aradan
qaldırılması və ləkələnməsi məqsədi daşıyan intriqalar ai edilir.
Keçmiş dövrlərdən ta bugünkü günə qədər bütün siyasət tarixində, ənənəvi intriqa alətləri
demək olar ki, dəyişikliyə uğramamışlar. Bu həm fiziki olaraq aradan qaldırılma yollarına, həm
də siyasi və mənəvi cəhətdən nüfuzdan salınma vasitələrinə aiddir. Siyasi intriqa siyasətdaxili
olduğu kimi, siyasətxarici xarakter də daşıya bilər. Bu həm məqsədlərə əsasən, həm də intriqa
məqsədlərinə çatma vasitələri və intriqanın genişlənmə miqyasına əsasən də müəyyən edilə
bilər. Əgər birinci halda söhbət ayrıca bir dövlət daxilindəki siyasi təsirlərin balansının
dəyişdirilməsi haqqında gedirsə, ikinci halda isə, regional, kontinental və hətta ümumdünya
miqyasında gedir.
Siyasi intriqalar ali, elitar xarakter daşıyır və xalq kütlələrinin maraqlarına o qədə uyğun
gəlmirlər. Xalq kütlələri ayrı-ayrı hallarda real və ya potensial (kütləvi çıxış təhlükəsi) olaraq
siyasi intriqalara daxil ola bilərlər, lakin onlar istər-istəməz manipulyativ təsir obyektidirlər.