57. Azərbaycan xalq rəssamı Kamil Əliyevin həyat və yaradıcılığı.
Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində anadan olmuşdur. Anası Xanım, atası Müseyib kişi olub. 1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K. Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Kamil Əliyev həmçinin Böyük Vətən müharibəsində iştirak etmiş, döyüş rəşadətinə görə 22 orden və medalla təltif edilmişdir. .Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir. Kamil Əliyev1939-cu ildə Nizami Gəncəvinin 800 illik yubileyinə həsr olunan süjetli xalçaların toxunmasında fəal iştirak edir. Kamil Əliyevin ilk toxuduğu xalça 1958-ci ildə nəinki Azərbaycan, bütün Şərq poeziyasının tanınmış dühası Məhəmməd Füzuliyə həsr edilir. Bu xalçanın toxunması ideyası dahi Füzulinin dövlət tərəfindən qeyd edəcəyi 400 illik yubileyi ilə bağlı idi. Onun ölçüsü 140x220 sm., üzərindəki ilmələrin sayı isə milyonu keçmişdi. Kamil Əliyev yaradıcılığının əsasını Təbriz elit rəssamlıq məktəbi və Bakı məktəbinin xovlu xalça toxunuş üslubu təşkil edir. 1973-cü ildə böyük ustad şair İmadəddin Nəsiminin 600 illik yubileyi münasibətilə yaratmış olduğu portret xalçası nadir sənət abidəsi kimi fantastik zirvəyə ucalmışdır. “Nəsimi” xalçası “Azərxalça” Bədii İstehsalat Birliyinin Nardaran kəndində yerləşən toxuculuq sexində Kamil Əliyevin rəhbərliyi altında Əzizə Hüseynova, Gülbacı İbrahimova, Ruqiyyə Əliyeva və Əzizə Quliyeva xalçaçı qızlar tərəfindən toxunmuşdur. Bu xalça üzərinə 700 mindən artıq ilmə vurulmuşdur. 1978-ci ildə “Nizami Gəncəvi” xalçasının bədii tərtibatı üzərində işlərkən Kamil Əliyev qədim Quran əlyazması kitabında rast gəldiyi naxış elementlərindən istifadə edir. Rəssam öz aləmində dahi Nizamini Peyğəmbərlik səviyyəsinə ucaldır. O,ədəbiyyatımızın peyğəmbəri kimi göylərə yüksəldir. Daha sonralar toxunmuş “Mirzə Fətəli Axundov” (1978), “Aleksandr Sergeyeviç Puşkin” (1987), “Şota Rustaveli” (1981), “İndira Qandi” (1985), “Rabindranat Taqor” (1987) kimi xalçaların hər birində Kamil Əliyev tərəfindən istifadə edilən fərqli medalyon məmulat üzərində təqdim edilən şəxsin dünyaya baxışları və fəlsəfəsi ilə uzlaşır. Bu süjetlər qalereyasını zənginləşdirən, yeni ruh gətirən şəxsiyyətlər içərisində Azərbaycan üçün önəmli simalar və dünya miqyasında tanınan ictimai xadimlər və siyasətçilərdən Heydər Əliyev (1980, 1998, 2004), İlham Əliyev (1997), Məmmədəmin Rəsulzadə (1989), Mustafa Kamal Paşa Atatürk (1991, 1996), Süleyman Dəmirəl (1994), M’Bou (1984), B.Yeltsen (1996), Bill və Hillari Klinton (1997) və çoxlu burada adları çıkilməyən tanınmış şəxsiyyətlər var.
Dünyada sülhün bərqərar olması üçün atılan ən doğru addımlardan biri də insanların, millətlərin və dövlətlərin bir-birini tanımasıdır. Bu mənada Kamil Əliyev dünyada sülh naminə xidmət göstərən ən önəmli sima sayıla bilər. Hamı onu yaratdığı əsərlərilə tanıyır.
Dostları ilə paylaş: |