16.İctimai rəyin ifadə olunma formaları İctimai rəyin daşıyıcısı ilə onu ifadə edən tərəf heç də həmişə eyni olmur. Yəni ola bilər ki, böyük sosial qrupların ictimai rəyi nisbətən xırda qruplar və hətta ayrı-ayrı adamlar tərəfindən ifadə olunsun. Deməli, cəmiyyətin hər bir üzvü ictimai rəyin ifadəçisi kimi çıxış edə bilər. Bu halda onun kütləvi elan etdiyi rəy ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələ barəsində hər hansı böyük sosial qrupun rəyini, münasibətini əks etdirməlidir. İctimai rəyin ifadə olunma növləri və formaları olduqca müxtəlifdir. Bu baxımdan üç növü xüsusi olaraq fərqləndirmək lazımdır.
Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə rəy müəyyən fərdin və ya fərdlər qrupunun gündəlik həyat şəraitinin təsiri altında formalaşır və hadisələrə bu səviyyədə münasibətini, qiymətini ifadə edir. Məsələn, küçədə, məhəllədə, bazarda, iş yerində və s. yerlərdə daxili və beynəlxalq məsələlərin müzakirə edilməsi, onlara münasibət bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması özünün lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fıkir yürüdülməsi və əsl mahiyyətinə dərindən nüfuz edilməməsi, əksər hallar-da qeyri-dəqiq olması ilə səciyyələnir. Lakin dediklərimiz ictimai rəyin bu növünə laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır.
İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli qanun layihələrinin ümumxalq müzakirəsini, mətbuat səhifələrində, radio və televiziyada həyatımızın ən aktual və əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai praktikamıza daha möhkəm daxil olmuşdur.
Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə əldə edilmiş nəticələrinin əhaliyə çatdırılmasıdır. Bu növ əsasən əhalinin müxtəlif qrup və təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə ifadə olunur. Məlum olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu istiqamətdə müəyyən addımlar atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallarıdır. Onlar cəmiyyətdəki ümumi iqlimi başa düşməkdə və qiymətləndirməkdə mühüm rol oynayır.
Elmi ədəbiyyatda ictimai rəyin təhlilində şəxsiyyətlərarası ünsiyyətə xüsusi diqqət yetirilir. İctimai rəyin ifadə olunmasının müxtəlif üsullarını və kanallarını sıx qarşılıqlı əlaqə və təsirdə götürmək zəruridir. Bu, bir tərəfdən ictimai rəyin nə dərəcədə kütləvi xarakter daşıdığını, bu prosesin özünəməxsusluqlarını və istiqamətlərini, ayrı-ayrı fəaliyyət formalarının intensivliyini öyrənməyə imkan verir. Digər tərəfdən, hər bir ifadə növünə ayrı-ayrılıqda xas olan üstünlükləri nəzərə almaq və ümumiləşdirmək ictimai rəyin mötəbərliyinin təmin olunmasının mühüm şərtidir.