1968
440
MOLLA NƏSRƏDDİN — 66
(Zarafat)
Mirzə Cəlilə min rəhmət!
441
ZARAFATSIZ
Zarafatsız, əziz oxucum, sənə bir para ciddi söz demək
istəyirəm və bir para mətləblərdən agah eləmək istəyirəm səni.
Zarafat bir yana qalsın, indi işdi-şayət, şər deməsən, xeyir
gəlməz, günlərin bir günündə, məsələn, mənim bu yazım keçdi
sənin əlinə. Təsadüfən elə oldu ki, o gün, ayıb olmasın əhli-
əyalın uşaqları yığışdırdı apardı bacısıgilə. Və sən özün də
iraq-iraq, bir balaca timo olduğun səbəbə görə onlara qoşula
bilmədin və qaldın evdə. Televizorun da ki, bir balaca əngəl
çıxarıb və radion da xarab olub. Axşamlar nərd oynadığın
qonşun üç gündür köçüb bağa və axşamlar mırt vurduğun
dostun iclasdadır. Və belə olan surətdə, niyyət olmasın, qismət
olsun, sən bir balaca darıxırsan və özünə bir məşğuliyyət
axtarırsan ki, başını birtəhər qarışdırasan və birdən gözün
sataşır, ayıb olmasın, bizim bu cızma-qaraya və bekarçılıqdan
götürüb başlayırsan bunun ora-burasını ditdələməyə. Fələyin
işini bilmək olmaz, birdən, məsələn, tutalım, sən bu səfsəfəni
oxumağa başladın və hətta, dilim-ağzım qurusun, oxuyub başa
çatdın və bu zaman da bəzi-bəzi məsələlər səninçün aydın oldu
və bəzi-bəzi məsələlər sənin üçün aydın olmadı. O vədə sən
istəyəcəksən ki, haman bu qaranlıq qalan zatları bir allah
bəndəsindən soraqlaşıb biləsən və aydınlaşdırasan. O vədə səni
artıq zəhmətə salmamaq üçün mən elə bu başdan bir iki kəlmə
sözümü demək istəyirəm. Şərti şumda kəsək ki, xırmanda spor
eləməyək.
Bəli, nuri-didəm, əgər ki, bu yazımı ayaqdan başa, yəni
geridən qabağa yox, elə öz qaydasınca, yəni ki, başdan ayağa,
əvvəldən axıra oxusan o vədə birinci səhifəni açıb görəcəksən
ki, bəli yuxarıda yazılıb: ANAR və ondan bir az aşağıda
yazılıb: MOLLA NƏSRƏDDİN-66 və onun altında mötərizə
içində xırdaca-xırdaca yazılıb ki, "zarafat".
442
Bu yerində barmağını dişləyəcəksən ki, aya, görəsən bunlar
nə deyən şeydir? Yəni ki, Anar nədir? Molla Nəsrəddin niyə
olsun 66, tramvay-zad deyil ki və zarafat ləfzi niyə görə
mötərizə içinə alınıb.
Əzizim, heç ürəyini sıxma, kefini pozma, bir hövsələni bas,
bir səbr elə, toxda, darıxma, tələsmə, bu saatca hamısını sənə
dürlü-durlü, bircə-bircə deyəcəyəm. Anar — mənim ismi-
şərifimdir, yəni ki, adımdır. 66, yəni bu yazını mən yazmışam
miladın 1966-cı ilində və hicrinin... vallah, heç özüm də
bilmirəm ki, hicrinin neçənci ili olur.
Zarafat ləfzinin mötərizəyə alınması o mətləbə işarədir ki,
yəni hər yazının özünün bir məxsusu növü var, buna da frəng
hükəmaları "janr" deyirlər. Məsələn, necə ki, roman, dram,
komediya, hekayə və bunun sayaq. Bu janr ki var, onu adətə
görə mötərizə içində və xırda yazırlar. İndi biz də, yalandan
belə eləmişik ki, ayıb olmasın, özümüzü böyük-böyük
yazıçılara oxşadaq. Yəni ki, bu cızma-qaramızın növü, ya
bəistilahi-frənk janrı — zarafat janrıdır. Maşallah de, gözə
gətirərsən.
Hə, o ki qaldı Molla Nəsrəddinə, burda məsələ bir az tuldur.
Cümlə-cahan məxluquna məlumdur ki, bir Molla Nəsrəddin
olub 600 il bundan əqdəm, biri də 60 il bundan qabaq (vallah,
lap adamın yadına təzə pul-köhnə pul əhvalatı düşür).
Orasını deyə bilərik ki, bu birinci Molla Nəsrəddin əntiqə
kişi olub, allah ona rəhmət eləsin, çünki diriyə də rəhmət var.
Miladın 1906-cı ilində şəhri Tiflisdə bir başqa Molla
Nəsrəddin peyda olub və bu birincisindən də yaxşı kişi olub.
Yığıb başına Mozalanı, Lağlağını, Qızdırmalını, Hərdəm-
xəyalı bir mizah, gülgi məcmuəsi çıxardıb küllü-aləmdə
məşhur olub.
Ay sənin canını yeyim, mənim gözəl oxucum, görürəm ki,
arifsən, bu yeri oxuyanda birdən qaşqabağını salladın, bir
papiros çıxarıb tələsik damağına aldın, durub əsəbanə var-gəl
elədin və ürəyində də dörd-beş dəfə dedin ki, "yox, bu lap ağ
443
oldu".
Sonra da mənim barəmdə bu tövr fikir elədin ki, "hərifin
iştahasına bax.
Sən bir təkəbbürə bax.
Sən bir təfəkkürə bax.
Sən bir təşəxxüsə bax.
Sən bir təşəbbüsə bax.
Gör aşnam özünü kimlərnən yan-yana qoyur. Bu lap urus
demişkən oldu "podtekst". Yəni, dediyi odur ki, bir Molla
Nəsrəddin olub, ikinci Molla Nəsrəddin olub, üçüncüsü də elə
mən özüməm. 66-cı ilin Molla Nəsrəddini. Anası ölmüşdü.
Asta ye, boğazında qalar".
Yox, yox, atam balası, vallah yox, billah yox, əşədibillah yox.
Zarafat qalsın bir yana, mən nəkarayam ki, belə xam
xəyallara düşəm. Mən hara, onlar hara? Gözlərimin işığı, mən
qələt eləyib deyərəm ki, üçüncü ya otuz üçüncü Molla
Nəsrəddinəm. Mənim dediyim odur ki, Molla nəsrəddinlərin
vaxtında üstünə gülməli çox şey vardı, indi də azdan-mazdan
tapılar...
Aşna, bu yerini oxuyanda bir udqundun, nəfəsini dərdin,
durdun armudu istəkana bir xoruz quyruğu çay süzdün, üç para
qənd saldın, iki dilim limon, başladın hirsnən qarışdırmağa,
dedin öz-özüvə — ay zalım, heç dinmə, tutmuşam, canımçün
elə yerdən yapışmışam ki, nə qədər çabalasan da xirtdəyini
əlimdən qurtara bilməyəcəksən. Səhvin belə zorbasını
görməmişdim, ədə, a mən deyən, necə yəni o vaxt, necə yəni
bu vaxt... əyə, bəyəm bilmirsən bu söhbətdən nə iyi gəlir?
Qadan alım iynəmə, qurban olum iynəmə, başıva dönüm
iynəmə. İynəmə, oturaq rubəru, adam balası adam kimi
danışaq. Hirsivi də qoy cibivə lazım olar. Məni qorxutma,
maralım, onsuz da qorxaçağam. Ürkərəm, ürəyim partlar,
qanım qalar üstündə, balalarım var. Vallah, billah burda bir
siyasi səhv-zad yoxdur. Axı sən qoymadın sözümü deyib axıra
444
çıxım, vurdun ağzımdan. Mənim dediyim nədir? Dediyim odur
ki, gözəlim, adamlar həmişə gülüblər. Lap elə pis vaxtlarda da,
işləri fırıq olanda da gülüblər, indi işlər düzələndə, ömrlər
firavan keçəndə də gülürlər. Amma niyə gülüblər və nəyə
gülüblər? Bax, qadası, məsələ də elə bundadır. Altmış il
bundan qabaq Molla Nəsrəddin nəyə gülürdü? Gəlsənə bir
sadalayaq; Molla Xəsrəddinə, mərsiyəxana, dərvişə, şeyxə,
bəyə, xana, mülkədara, milyonçuya, qaradavoya, sansora...
Mən ölüm elədir, elə deyil? Ay sağ ol, atan rəhmətlik. Deməli
o vaxt Molla Xəsrəddin vardı, bəy, xan, mülkədar, milyonçu
vardı, şeyx, dərviş, qaradavoy, sansor, zir-zibil vardı...
İndi hanı onlar? Yoxdu. Min şükür ki, yoxdur. Demək
onlara güldük qurtardıq. Bəs indi nə var ki, o vaxt yox idi? İndi
bax, bizim bu yaşadığımız şəhərdə neçə-neçə ali məktəb var,
fabrik-zavod var, kitabxana var, teatr var. Neçə-neçə gözəl-
göyçək bina var və bu binalarda da elə haman bu binaları
tikənlərin özləri, ya tay-tuşları, yar-yoldaşları — gözəl-göyçək
adamlar yaşayır. Hardaydı o vaxtın fəhləsində, bənnasında,
malakeşində o baxt ki, özü öz əliylə tikdiyi uca imarətdə özü və
kül-külfəti yaşayaydı.
O vaxtlar fəhlə-kəndçi, kasıb-kusub, fəqir-füqəra
azarlayanda pulsuz xəstəxana uzü görərdi? Övrət çadrasız
küçəyə çıxa bilərdi? İntelgent qoçunun qorxusundan çıqqırını
çıxardardı?
Getdi o dövranlar, çox şükür ki, getdi. Bir dəfəlik getdi.
Gurumbultuyla cəhənnəmə bezbilet vasil oldu. Bal da yesə
dirilməz.
Bəs belə olan surətdə bu qara günlərin qurtarıb getdiyini
görəndə, ağ günlərin həmişəlik gəldiyini görəndə, adam sevinib
gülməsin, əl çalıb oynamasın, neyləsin? Deməli, indi Molla
dayı gülsə sevindiyindən, xoşlandığından güləcək.
Qaranoy, görürəm bu yerdə yenə gözün kirpik çaldı, əvvəlcə
fikrə, sonra eyvana getdin, gözəl yaşıl şəhərimizin, qaşəng
mavi dənizimizin, pambıq kimi ağ buludlarımızın seyrinə
445
daldın, handan-hana özünə gəlib dedin: "Belə de. Məsələ bu
tövr imiş, deməli satira deyil, yumor, neynək, onda hər şey
aydındır, necə deyərlər, tüstüsü düz çıxar".
Ağrın-azarın mənə gəlsin, gəl sən bu misalı çəkmə, xoşum
gəlmir bu sözdən, bilmirəm kim dəb salıb bunu: tüstüsü düz
çıxsın. Yaxşı söz deyil bu. Səksəkəli ürəklərin sözüdür. Özünə,
dediyinə inanmayanların, inamından, əqidəsindən nigarançılıq
çəkənlərin sözüdür. Gəl inamımızı, sədaqətimizi əyri-düz
tüstüyə bağlamayaq. Tüstü ki var, xatalı şeydir —gülək belə
əssə, belə çıxacaq, elə əssə elə. Əzizimən, gəl ürəyimizi,
fikrimizi bayrağımızla düz eləyək. Al bayrağımızı ürəyimizdə
dalğalandıraq, başına dönüm və bu bayrağın həqiqətinə sadiq
qalaq, sözün doğrusuna inanaq, sözün doğrusunu deyək və
sözün doğrusunu deməkdən qorxmayaq.
Sözün doğrusu isə budur ki, ceyranım, hələ zir-zibili tamam
silib, süpürüb qurtara bilməmişik. Odur ki, sevincdən, fərəhdən
gülməklə bərabər hərdən-birdən acığnan da gülək, rişxəndlə,
kinayəylə, hirslə gülək, yana-yana gülək, gülə-gülə yandıraq.
Mən ölüm necə deyirəm? Sən bir kəlama diqqət elə!
Axmaq işlərə, əbləh söhbətlərə, mənasız hərəkətlərə gülək.
Altmış il bundan qabaq xanların, bəylərin, dərviş-
rövzəxanın, əyan-əşrəfin kökü kəsilib, amma, a başına dönüm,
qorxaqlığın kökü hələ kəsilməyib ha. Təkdən-birdən, ayda-ildə
bir dəfə, görürsən işdi düşür, qorxaq adama da rast gəlirsən.
Gündüz çıraqla axtaranda, yəni sözün düzü, elə gecə
çıraqsız axtarmayanda da bir də görürsan ki, qarşıva çıxdı kim?
Ay sağ ol. Qorxaq.
Bəli, bəli. QORXAQ. AXMAQ. ALÇAQ. YALTAQ.
Bu "ağlar". Bir də var "xorlar" — RÜŞVƏTXORLAR,
MÜFTƏXORLAR.
Bir də var "bazlar" — DƏSTƏBAZLAR, DOSTBAZLAR,
SÖZBAZLAR, QOHUMBAZLAR, YERLİBAZLAR.
Bir də var "pərəstlər" — ŞÖHRƏTPƏRƏSTLƏR,
MƏNSƏBPƏRƏSTLƏR və yenə YERLİPƏRƏSTLƏR.
446
Bir də var "karlar", yox, yox, şikəst karlar yox,
RİYAKARLAR, SAXTAKARLAR.
Bir də var "çılar": BÖHTANÇILAR, YALANÇILAR,
MİYANÇILAR.
Bir də var paxıllar, var, vallah var, billah var.
Bir də var — AVAMLAR, CAHİLLƏR, NADANLAR,
QANMAZLAR, desən yoxdur, çanımçün, inciyərəm səndən.
Bir də var LAQEYDLƏR, BİGANƏLƏR, DƏYMƏ
MƏNƏ, DƏYMƏRƏM SƏNƏLƏR, ƏŞİ MƏNİM NƏ
İŞİMƏLƏR, dad onların əlindən, dad-bidad.
Bir də var... Əl qərəz, hamısını saysam, deyəcəklər, ifrata
varırsan, boyaların tünddür, bə hanı yaxşı "çılar" — əlaçılar,
zərbəçilər...
Hanı yaxşı — "pərəstlər – həqiqətpərəstlər, vətənpərəstlər.
Hanı yaxşı "karlar" — sənətkarlar, fədakarlar.
Hanı mərdlər, qocaqlar, doğruçular, ağıllılar, gözəllər.
Deyirsən, yəni yoxdur? Necə yoxdur, əzizim, əksinə çoxdur.
Lap çoxdur. Pislərdən qat-qat çoxdur. Və elə ona görə də
yaxşılardan yazan da qat-qat çoxdur, yaxşılardan qat-qat çox
yazırlar və yaxşılardan qat-qat yaxşı yazırlar.
İndi ki, belə oldu, dostum, daha məndən umu-küsü eləmə,
mən də bu cızma-qaramda qoy pisləri pisləyim, pislərə və
pisliyə gülüm, orda-burda gözümə dəyən əyər-əysiyi, xırda-
xuruşu, kəm-kəsiri çıxarım gün işığına, camaat tamaşa eləsin,
gülən gülsün, gülümsünən gülümsünsün. Sənin də, quzu kəsim,
işdi-şayət dodağın qaçar — mənim başımın ucalığıdır, deyərəm
çox sağ ol, yox qaçmaz, neynək, yenə çox sağ ol, yenə var ol,
yüz yaşa.
Amma bir xahişim var, bu ilan-qurbağanı oxuyanda, gözünü
qıyıb oxumayasan ha. Neçin ki, sağ gözünü qıyıb sol gözünlə
oxusan, hər şey sənə sağ görünəcək, sol gözünü qıyıb sağ
gözünlə oxusan hər şey sənə sol görünəcək.
Gözlərin zəifdirsə, anam balası, neynək, tax eynək. Amma
bax ha, məbadə qara eynək taxasan, zərərdir. Cəhrayı eynək də
447
taxma, zərəri daha çoxdur. Elə adicə şüşə tax.
Qorxuram dəcəl uşaqlar eynəyini sındıra, başlayasan
zərrəbinlə baxmağa. Zərrəbinlə oxuma, qardaşım, özün-özünü
ürküdərsən, gözüvə cin-şeyatin görünər.
Zarafat bir yana qalsın, bütün bu dediklərim ciddi sözüm idi
ha.
Ciddi. Lap ciddi.
Zarafatsız.
Hə, indi bu yerdə ciddi söhbət qurtardı.
Keçək zarafata.
Zarafatcıl
448
MƏLUMAT
Xüsusi müxbirimiz Xəbərçi Xədicədən
Danabaş, 30 fevral.
Yaşıl ayın başında burada qabaqcıl içkibazların simpoziumu
açılmışdır. Səhər saat beşin yarısında müşavirə iştirakçıları
toplaşmağa başladılar... Xoş xaş iyi ətrafı bürümüşdür.
Qədəhlərin cingiltisi, stəkanların çıqqıltısı, şüşələrin açıltısı
gözəl bir ahəng yaradır. Hər tərəfdə şən əhvali-ruhiyyə
hakimdir. İştirakçıların kefi ala buluddadır. Hamı, necə
deyərlər, lül vurub, mil durub. Çoxdan bəri görüşməmiş köhnə
tanışlar bir–birilə mehriban zarafatlaşırlar: Aşna, içmisən çaxır,
gözlərin axır... və yaxud, xeyri yoxdur çaxırın, içmə açar
paxırın. Foyedə noxud, pudralı limon, vobla balığı satılır.
Divardakı lövhələrdə Ömər Xəyyamın, Bəhlul Danəndənin,
Kefli İsgəndərin portretləri nəzəri cəlb edir. Prezidium
masasının üstünə boş araq, çaxır, konyak, şampan, pivə şüşələri
düzülmüşdür.
Tamada — qocaman içkibaz Lül Qəmbər məclisi giriş
tostuyla açdı. Lül Qəmbər yoldaş içkibazlar məclisini mədəni
həyatımızda əlamətdar bir hadisə olduğunu qeyd etdi. Sonra o,
əsas tost üçün və əlavələr üçün reqlament təyin olunmasını
təklif etdi, əsas tost üçün yarım litr, əlavələr üçün yüz qram
reqlament təyin olundu.
Lül Qəmbər yoldaş dedi ki, iştirakçılar dörd seksiyaya
ayrılıblar: araq, konyak, şərab və pivə seksiyalarına. Sonra
L.Qəmbər yoldaş müşavirəyə başqa şəhərlərdən gəlmiş
qonaqları salamladı və onlara bir-bir söz verdi.
Qonaqlardan Soobrazim Natroixov iki məsləkdaşın cütləşib
üçüncüsünü axtarması metodunun səmərəli nəticələrindən
danışdı. Sonra qonaqlardan Vipivenko, Kindzmarauli,
Çaxiryan, Şaltay Baltayev və Aldıyatdı Batdıqaldıyev tost
dedilər, allahverdisi iştirakçılara.
449
Əsas tost üçün söz Hayıl Mayılova verilir. H.Mayılov
yoldaş içkibazlığın müvəffəqiyyətlərindən danışdı. Son iki il
ərzində içki mağazalarının sayı on dəfə, vıtrezvitellərin sayı
iyirmi dəfə artmış, on yeddi min içkibaz milissiyaya düşmüş,
onların on beş mini on beş sutkalıq həbs çəzasına məhkum
olunmuş, yerdə qalanları müxtəlif satirik jurnallarda, satirik
vitrinlərdə şəkillərini çap elətdirmiş, habelə işlədiyi idarələrdən
töhmətlər almışlar. Məhkəmə qərarları, karikaturalar və
töhmətlər fəxri sərgimizdə nümayiş etdirilir. H.Mayılov
nöqsanlara da göz yummadı. Müxtəlif içkilərə aludə olan
içkibazlar arasındakı ixtilaflardan da danışdı. O müxtəlif
seksiyalara mənsub olan içkibazları geniş konsalidasiyaya
çağırdı. Dedi ki, nə içirik içək, araq ya çaxır, amma bir-
birimizin üstünə çaxır atmayaq. Birləşib ümumi düşmənə —
huşyarlara, ayıqlara qarşı mübarizədə ayıq, bağışlayın, sərxoş
olaq.
H.Mayılov dedi ki, içkibazlar cəmiyyətinə üzv olmaq üçün
çoxlu ərizə verənlər var. Lakin vıtrezviteldən zəmanət
gətirmədiklərinə görə onların ərizələrinə baxılmayacaq.
H.Mayılov içkibazlığın zəngin ənənələrindən danışdı. Təsadüfi
deyildir ki, xalqımız hələ çox qədimlərdən bəri: çaxırı çaqqalın
boğazına töksən, canavarı basar, — deyə içkibazlığı yüksək
qiymətləndirmişdir. Biz Araq Şəmistanın ənənələrini deyil, Kefli
İsgəndərin ənənələrini yaşatmalıyıq. H.Mayılov tostunda qınından
çıxıb qınını bəyənməyən bəzi cavan içkibazları kəskin tənqid etdi.
Dedi ki, bu cavanlar çürük qərb modalarına aludə olur, milli
zəminimizdən ayrılırlar. Belə üzdəniraq "içkibazlar", "orijinallıq"
naminə ceçə arağı, tut arağı, "Atəşli" konyakı, Kəmşirin, Sadıllı,
Alabaşlı çaxırları kimi milli içkilərimizə xor baxıb rom, cin, viski,
kalvados, şerri-brendi kimi ikrahedici xarici markalar qarşısında
diz çökürlər. Biz bu biabırçılığa birdəfəlik son qoymalıyıq.
Simpozium iştirakçıları H.Mayılovun bu sözlərini sürəkli
alqışlarla qarşıladılar, qədəhləri bir qırağa qoyub milli şüşələri
boğazından içməyə başladılar, cuşa gəlib bir ağızdan.
450
Mişkə piyandır, ola bilməz,
Şəpkəsi yandır, ola bilməz...
mahnısını oxudular.
Məclis öz işini davam edir.
451
GÜLMƏŞƏKƏR KƏNDİNİN SABAHI
(Oçerk)
Maşınımız qəlbi dağlar boyunca məsafəni qət etdikcə sanki
nazlı bir gəlin kimi kəlağayı buludların arxasında yaşmaqlanan
zərif ayın cazibədar çöhrəsindən süzülən ziya yolumuzu
izləyirmiş kimi asfalt şosenin üzərinə pul–pul gümüşü
mirvarilər düzürdü. Qızmar günəşin zərrin şüaları yolumuzu
əbədi məşəl kimi işıqlandırırdı. Dərələrdən yel kimi, təpələrdən
sel kimi axıb gələn ilanvarı yol uzandıqça uzanır, enəldikcə
enəlir, çoxaldıqca çoxalır, bizi sanki, əfsanəvi bir diyarın
cazibədar üfüqlərinə doğru, lacivərd göylərin ənginliyində bərq
vurub sayrışan ulduzların füsunkar aləminə çəkib aparırdı.
Möhtəşəm günəş maşınımızın şüşələrində əks olunur, açıq
səma başımızın üzərində əlçatmaz, intəhasız bir ümman kimi
açılır, narın yağış qara yağımsız buludlardan əlini üzüb torpağa
pənah gətirir, damcılar, gilələr, işini görüb qurtarmış, yorulub
dincəlmək istəyən əfsanəvi bahadırlar kimi ana torpağın
mehriban qoynunda əbədi sığınacaq tapır. Əbədi sığınacaq!..
Əbədi məskən! Məzar! Mənzil! Mərkəz!
Mə, mə, mə... — deyə qoyunlar mələşdikçə örüşdən qayıdan
sürü bizi pəjmürdə xəyallardan ayırır, bu yerlərdə yaşayan,
xarüqələr yaradan əmək cəngavərlərinin bütün xəyal və
əfsanələrdən daha maraqlı, daha gözəl, daha cazibədar olan real
həyatlarına qaytarırdı.
Çoban tütəyinin həzin iniltisi nikbin gümrah bir marş
ritmində, gələcəyə, qələbəyə, irəliyə, qabağa, istiqbala, üfüqə,
vuruşa, döyüşə, mübarizəyə, hücuma çağıran bir zəfər himni
kimi, hünər simfoniyası kimi səslənirdi. Yol yoldaşım dərindən
köksünü ötürüb "heyf, səd heyf, min heyf" — dedi.
Mən onun bu yanıqlı ahını əlüstü dağlara ötürdükdən sonra,
qəmlənməsinin və təəssüf etməsinin səbəblərini soruşdum.
O, yenə də mənim sualıma cavab vermədi: heyf bu
452
dağlardan, heyf bu torpaqdan, heyf bu gözəl, namuslu,
əməksevər, zəhmətkeş, mehriban, gözüaçıq, gülərüz, mədəni,
oxumuş, hazırlıqlı, fədakar insanlardan. Heyf, Gülməşəkər
kəndinin bərəkətli torpaqlarından, heyf "Qırmızı pambıq"
kolxozunun işgüzar kollektivindən...
–Dostum, belə təəssüf etməyinin səbəbi nədir?
Dostum:
–Heç, —deyib bir daha ah çəkdi, ahını dağlara ötürdü,
papiros çıxardı, damağına qoydu, kibrit çəkdi, alovu papirosun
ucuna tutdu, papirosu yandırdı, bir qüllab aldı, tüstünün bir
qismini çiyərlərinə sümürdü, bir qismini burnunun sağ
pərəsindən, bir qismini sol qulağından buraxıb ağır–ağır,
tələsmədən, təmkinlə, aramla, səbrlə danışmağa başladı.
–Bilirsən, — dedi. — Bir vaxtlar "Qırmızı pambıq" kolxozu
hər yerdə məşhur idi. Bu kolxozun tarlalarında becərilən
pambıq o qədər yüksək keyfiyyətə malik idi ki, bu pambıqla
rahatca baş kəsmək olardı. Bəs indi? Kolxoz sədri Yalan
Planov, onun müavini Bəli Bəliyev və bir para tək-tük
yaramazlar kolxozu yaman günə qoyublar. Nə uzadım, özün
gedib görəcəksən...
Şər qarışanda Gülməşəkər kəndinə yetişdik. Axşamın
xeyrindən səhərin şəri yaxşıdır, — deyə birbaş sədrin evinə
yollandıq. Sən demə yaman yerdə axşamlamışıq. Süfrəyə toğlu,
kabab, qutab, şərab, gülab gəldi.
İçkidən imtina etdik.
Sədr:
–İnciyərəm, — dedi. — Elimizin adət-ənənəsi var. Köhnə
bazara təzə nırx qoymaq olmaz. Qonaq ev yiyəsinin... hm...
ceyranıdır, harda bağlasa orda durar. Geç gələn qonaq
kisəsindən yeyər. Dar dağa rast gəlməz, adam adama rast gələr.
Qonaq dediyin axşam gəlsin, sabah getsin. Qonaq qonmaq
sözündəndir. Bu gün siz bizə qonmusuz, sabah biz sizə
qonarıq. Borclu borclunun sağlığını istər. Əl əli yuyar, əl də
üzü. Örtülü bazar, dostluğu pozar. Sayanın quluyam,
453
saymayanın ağası. Qonşu qonşunun...
–Yaxşı, yaxşı, razıyıq — deyə yol yoldaşım sədri birtəhər
sakit etdi. Bəli Bəliyev arağı stəkanlara tökdü. Sədr:
–Arağın biri qaydadır, — dedi.
Birini içdik.
Bəli Bəliyev:
–İkisi cana faydadır, —dedi.
İkincisini də ötürdük.
Yalan Planov: — Üçü heç.
Bəli Bəliyev: —Dördü keç, —dedilər.
Üçüncü və dördüncü stəkanı da vurduq bədənə.
Mən masabəyindən söz alıb:
–Keçdin beşə, vur on beşə, — dedim.
Yol yoldaşım:
–Araq nədir, say nədi, arağa tay nədi? — deyəndə sədr Bəli
Bəliyevi anbara araq dalısınca göndərdi.
Sonrası yaxşı yadıma gəlmir. Onu bilirəm ki, sədr gözəl bir
nitq irad elədi. Kişi sən demə, çoxdanın natiqi imiş. Ağzından
elə bil dürr-cəvahir tökülürdü. Yol yoldaşım:
–Görürsən nə namuslu, əməksevər, zəhmətkeş, mehriban,
fədakar, gülərüz, müasir, oxumuş, hazırlıqlı, gözüaçıq
yoldaşdır. Kəlamına diqqət elə.
Yalan Planov bir çox görkəmli şəxslərin hikmətli sözlərini
yada saldı. Tez-tez Dəli Şeytandan tutarlı sitatlar gətirdi.
Sözünü Qurtarıb:
–Dəli Şeytan deyir: dur qadasın al bunun, — deyə mənim
üstümə cumub marçamarç o üzümdən, bu üzümdən öpdü.
Bayaqdan bəri bir qıraqda kirimişcə oturan Dedi Qoduyev
arabir:
–Yox, mən partlayacağam... Yox, mən gərək partlayam...
Yox, heç elə zarafat yoxdur, partlamalıyam, — deyə adda-
budda sözlər atırdı. Ancaq onun bu pərakəndə danışıqlarına
məhəl qoyan yox idi. Odur ki, o da axırda fənd işlətdi. Dəli
Şeytana müraciət elədi:
454
–Dəli Şeytan deyir: aç sandığı, tök pambığı.
Bu yerdə mən daha dözə bilmədim. Masabəyindən söz
istəyib dedim:
–Çox sağ olun. Kəndiniz, kolxozunuz, sahələriniz,
tarlalarınız, təsərrüfatınız, texnikanız, mədəni–məişət,
ələlxüsus, yeyinti-içinti işləriniz çox xoşumuza gəldi. Amma
necə deyərlər, dostluq olan yerdə gərək düzlük olsun. Ciddi
nöqsanlarınız da yox deyildir. Nöqsanlarınıza göz yuma
bilmərik. Məsələn, bax, siz yoldaş Dedi Qoduyev, ayıb deyilmi
sizinçin ki, "Qırmızı pambıq" kolxozu pambıq planı sarıdan
axsadığı bir vaxtda siz, kolxozun baş hesabdarı, pambığı
sandıqda gizlədirsiniz. El malını sandıqda gizlədənə ar olsun,
ar!
Dedi Qoduyev etiraz etmək istədi ki, guya bura dağ
yeriymiş, guya burda pambıq bitməzmiş, flan, plan.
Onun sözünü ağzında qoyub:
–Haqlı tənqiddən incimək lazım deyil, — dedim. Tənqidin
xeyri var. Tənqid gələcək inkişafımızın rəhnidir. Xeyirxahlıqla
edilən tənqidə qulaq asmaq, səmərəli nəticələr çıxarmaq
lazımdır.
Mənim bu sözlərimə hamı çəpik çaldı. Dedi Qoduyev
utandığından başını aşağı dikmişdi.
Sübh ala-qaranlıqda maşınımız bizi qonaqsevər, mənzərəli,
cazibədar, bərəkətli, füsunkar Gülməşəkər kəndinin mehriban,
müasir, mədəni, namuslu, sadə, əməksevər, zəhmətkeş,
gülərüz, oxumuş, hazırlıqlı, fədakar adamlarından ayırıb,
dağlar boyu ilan kimi qıvrılan yollara düzəldi. Günəşin zərrin
şüaları yolumuzu işıqlandırır, Gülməşəkər kəndinin işıqlı
gələçəyinin rəmzi kimi şölələnirdi.
Boşboğazov
|