RƏNG
Yanağov dünyaya gələndə yanaqları alma kimi qıpqırmızı
idi. Anası:
—Ay allah, gör nə göyçək, gül kimi uşaqdır, — dedi. —
Gül baladır, gül. Gəlsənə, ay kişi, adını elə Gülbala qoyaq.
Kişi:
—Malades arvad, — dedi. — Gül eləmisən. Kimin belə
oğlu var? Gül oğlandır, gül. Gəlsənə, ay arvad, elə adını
Güloğlan qoyaq.
Mərəkə qalxdı. Arvad dedi: Gülbala. Kişi dedi: Güloğlan.
Axır dilbir olub uşağın adını qoydular: Gül.
Gül Yanaqov beş yaşına çatanda atasıyla küçədə gedirdi, bir
əmiyə rast gəldi.
Əmi:
—Maşallah belə uşağa, — dedi. — Yanağından qan damır,
—sonra əlavə etdi, — pişt, hə pişt. — İki dəfə çırtıq çaldı və
uşağa bir qırmızı alma bağışladı.
Yeddi yaşına çatanda Gül Yanaqov məktəbə getdi. Sinfə
girəndə qıpqırmızı qızardı və müəllim onu birinci partada
əyləşdirdi.
Müəllim Gül Yanaqovun valideynlərini görəndə:
—Əhsən sizə, — deyirdi. — Yaxşı bala tərbiyə eləmisiz.
Doqrudan da gül kimi uşaqdır. Adıyla böyüsün. Sinifdə,
bayırda ağzını açıb bir kəlmə söz danışmaz, dərsi soruşuram
qıpqırmızı qızarır. Çox utancaq baladır. Maşallah. Varam belə
tərbiyə verən ata-anaya. Pedsovet adından bu təşəkkürnaməni
sizə təqdim edirəm.
Valideynlər təşəkkürnaməni Gülün çarpayısının başından
asdılar.
Günlərin bir günündə Gül orta məktəbi bitirib kağız-
kuğazını ali məktəbə verdi. Çağırdılar imtahana. Komissiyada
472
iki müəllim oturmuşdu.
Birinci müəllim soruşdu:
—Bala, adın nədir?
Gül qıpqırmızı qızardı. Heç nə demədi.
İkinci müəllim həlim səslə:
—Bala, — dedi, — niyə çəkinirsən bizdən? Biz adam ha
yemirik. Adını desənə.
Gül Yanaqov daha da pörtdü. Birinci müəllim əyilib
ikincinin qulağına pıçıldadı:
—Vallah, bizim zamanədə cavanlar elə sırtıqlaşıblar,
üzlərinin suyu elə tökülüb ki, belə utancaq gəncə rast gələndə
adamın ürəyi dağa dönür.
İkinci müəllim:
—Canımçün, lap ürəyimdən tikan çıxartdın, — dedi. —
Gəlsənə bu uşağı çox incitməyək. Sən canın, əlasın yaz, getsin.
–O da mənim lap gözüm üstə. Yazıq utandığından az qalır
yerə girsin.
Birinci müəllim bərkdən Gülə:
–Get, oğul bala, — dedi. — Ayın birində dərsə gələrsən.
Beş il Gül Yanaqov institutda oxudu. Nə bir imtahanda
cavab verdi, nə bir seminarda danışdı. Ancaq qızardı, utandı,
başını aşağı saldı, pörtdü.
Şəklini çəkdirib əlaçılar lövhəsindən asdılar.
Gül Yanaqovla bir kursda Dünya Gözəlova adlı göyçək bir
qız oxuyurdu. Bütün oğlanlar Dünyanın başına pərvanə kimi
dolanır, ona şirin-şirin təriflər deyirdilər. Bircə Gül Yanaqov
Dünya Gözəlovayla kəlmə də kəsməmişdi. Utandığından heç
ona salam da verməzdi. Bir gün Gül Yanaqov küçədə təsadüfən
Dünya Gözəlovayla rastlaşdı. Həyatında ilk dəfə ona:
—Salam, — dedi.
Dünya təəccüblə:
—Əleykəssalam, — dedi, ayaq saxladı. Gül Yanaqovu
diqqətlə başdan ayağa süzdü və xəbər aldı: —Necəsən?
Gül Yanaqov qıpqırmızı qızardı.
473
Dünya:
—Ah, — dedi. — Bilirəm. Nə yaxşı ki, sən adama şit-şılıq
komplimentlər deyən, qarabaqara adamın dalıyca düşən, zəng
vuran, təqib edən, yüz yağlı dil tökən oğlanlardan deyilsən.
Ancaq qəlbindəkiləri gözlərindən oxuyuram. — Bu yerdə
Dünya da qızardı, baxışlarını yerə dikdi və xəfif bir səslə: —
Mən də səni sevirəm. — dedi.
Doqquz gündən sonra evləndilər və doqquz aydan sonra bir
gecə Gül Dünyanı doğum evinə apardı. Səhərisi həkim gülə-
gülə Gülə:
—Gözünüz aydın, — dedi, — oğlandır.
Gül Yanaqov qıpqırmızı qızardı. Həkim: "Ah! Nə həyalı-
abırlı kişidir", deyə düşündü və əlavə etdi:
–Özü də iki oğlandır. Əkiz.
Günlərin bir günündə yaxşı bir vəzifə azad oldu. Adam
axtarmağa başladılar. Yığışıb müzakirə etdilər. Biri dedi ki, əsil
filənkəsin yeridir. Başqası dedi ki, yox, filankəs çox BOZ
adamdır. Gəlin filanı təyin edək, Üçüncüsü filana etiraz elədi,
dedi ki, filan AĞ ciyərdir. Peşmənkəs yaxşıdır. Buna da etiraz
olundu ki, peşmənkəsin qəlbi QARADIR.
—Bəs kim?
Kimsə dedi:
—Gül Yanaqov. Əlbəttə, Gül Yanaqov. Çox məsum
uşaqdır. Böyük-kiçik yeri biləndir. Söz deyirsən qıpqırmızı
qızarır.
Birisi sual verdi ki, axı nə olsun qızarır. Onda bəhmənkəsi
qoyaq, o, hələ həmişə qırmızıdır. Cavab bu oldu ki, yox,
bəhmənkəs qırmızı adamdır. Həmişə QIRMIZIDIR. Amma
Gül Yanaqov yeri gələndə qızarır, utandığından qızarır, bir
sözlə, bu qızarmaq o qızarmaqdan deyil.
Əlqərəz Gül Yanaqovu qoydular bu qulluğa.
Ay keçdi, il dolandı. Yaxşı bir iclas çağrıldı. Dedilər gərək
bu iclasda biri durub yaxşı bir məruzə eləsin. Biri dedi:
—Filankəs.
474
Başqası dedi:
—Yox, o yaman QARAQABAQDIR.
Dedilər:
—Filan.
—Yox, sonra üzümüzə AĞ olar.
—Peşməkan.
—Yox, onu bilmək olmaz, rəngdən-rəngə düşəndir.
—Bəs kim?
—Gül Yanaqov. Çox təvazökar yoldaşdır. Özü də fağır elə
utancaqdır, çıxacaq kürsüyə, utandığından bir kəlmə artıq-əskik
danışa bilməyəcək.
Bəli, məruzəçi təyin olundu. Gül Yanaqov kürsüyə qalxdı.
Qıpqırmızı qızardı. Alqış səsləri salonu sarsıtdı.
Bir gün dedilər, gərək xaricə adam getsin, özü də adam içinə
çıxarmalı adam olsun. Yığışdılar məşvərətə.
Biri dedi:
—Filankəs.
Dedilər:
—Heyf ki, mümkün deyil, o, SARILIQ xəstəliyinə tutulub.
—Filan.
—Adam üzünə çıxası deyil. Üzü ALA-BULADIR.
—Peşməkan.
—Uşaqlıqda GÖY öskürək keçirtməyib, orda tutar biabır
olarıq.
—Bəhmənkəs.
—Yox, o da bu yaxında kurortdan gəlib, gündə yaman
QARALIB.
–Bəs kim?
–Gül Yanaqov yaxşıdır.
Gül Yanaqov getdi. Nə dindi, nə danışdı. Bolluca tər tökdü.
Bolluca qızardı.
Bir gün dedilər gərək bir adam tapıb mükafat verək. Kimə
verək?
Biri dedi:
475
—Filankəsə.
O biri özündən çıxdı:
—Sən elə nə olsa filankəsi təklif edirsən, çünki sənin öz
QARABAĞLINDIR. Ayıb deyilmi, filan dura-dura...
—Aldatdım deməzsən, — deyə o birinin sözünü kəsdilər, —
filan sənin AĞSULUNDUR, onunçün o şirin düşüb. İndi ki,
belə oldu, verək Peşməkana.
–Xeyr, bağışlayacaqsan, peşməkan sənin
GÖYÇAYLINDIR. Bəhmənkəsə nə gəlib.
–O da sənin AĞDAMLINDIR.
–Bu da sənin AĞDAŞLINDIR.
–O da sizin tərəfdəndir — QARADAĞDAN.
–Bu da sizin tərəfdəndir — GÖYTƏPƏDƏN.
–QARAMƏRYAMLIDIR.
–SARIVƏLLİDİR.
–QIZIL AĞACDAN gəlib.
–BOZ DAĞIN ƏTƏYİNDƏNDİR.
–GÖYCƏ...
–GÖYGÖL...
Bir böyük yoldaş durub dedi ki:
–Ayıbdır, bəsdir, bir utanın. Mübahisə nəyə lazım. Gül
Yanaqovu qoyub dağa-daşa niyə düşmüsüz? Mükafatı ona
verməliyik. Çox insan adamdır, namuslu, vicdanlı, qeyrətli,
adətli, zəkalı, vəfalı, abırlı, həyalı. Mükafatı verəcəyik qıp-
qırmızı qızaracaq. Dedilər:
–Yox, bu lap ağ oldu, Gül Yanaqov sənin yerlindir, onunçün
hər yerə onu çəkirsən. Heç AĞINA-BOZUNA baxmırsan.
Böyük yoldaş:
–Bu lap ağ yalandır, — dedi, — Doğrudur, Gül Yanaqovla
mən bir küçədə anadan olmuşuq, amma mən belə şeylərə
məhəl qoyan adam deyiləm. Gül Yanaqov çox utancaqdır, mən
ona görə onu xoşlayıram, dünən saatı soruşdum, qıpqırmızı
qızardı. Başqasına söz deyirsən, baxır dik gözünün içinə, sənə
cavab qaytarır, səninlə razılaşmır, böyük-giçik tanımır. Amma
476
Gül Yanaqova söz deyirsən, görürsən bir qırmızı turp çıxdı bu
yanağından, bir qırmızı turp o yanağından, bir turp ordan, bir
turp burdan, bir turp, bir turp, bir turp, bir turp...
Böyük yoldaş elə cuşə gəlmişdi ki, özünü saxlaya bilmirdi,
xeyli müddət: "bir turp, bir turp" — deyə o yanağına, bu
yanağına lopuq vururdu. Üzünə su səpib birtəhər
sakitləşdirdilər və mükafatı Gül Yanaqova verdilər.
Bir gün böyük yoldaşın yaşı ötdü, yığışıb göndərdilər onu
pensiyaya. Başladılar yerinə adam axtarmağa.
–Filankəs. Filan. Peşməkan. Bəhmənkəs.
–Yox, Filankəs yaramaz, çevirər boz üzünü, bozaranda
adama elə bozarır ki, adamı ağ yuyub, qara sərir.
–Filan da olmaz. Qorxaqdır. Bir şey oldu sapsarı saralacaq.
–Peşməkan əsəbidir, gömgöy göyərəcək, ya da hirsindən
qapqara qaralaçaq.
–Bəhmənkəs zəifdir. Üstünə qışqıracaqlar, dili dodağı
əsəcək, ağappaq ağaracaq.
–Bəs kim?
–Əşi necə olub əvvəldən ağlımıza gəlməyib. Əlbəttə, Gül
Yanaqov.
Gül Yanaqov nə bozarırdı, nə saralırdı, nə göyərirdi, nə
ağarırdı, nə qaralırdı. O, yalnız qızarırdı: "Bir turp o
yanağından, bir turp bu yanağından".
Bəli, Gül Yanaqov keçdi iş başına.
...Xoş bir bahar günündə Gül Yanaqov oturmuşdu öz böyük
iş kabinetində, üstü qırmızı mahudlu masanın arxasında,
yanında da dayanmışdı ağ, sarı, bənövşəyi, şabalıdı, innabı,
firuzəyi, mavi, qırmızı telefonlar.
Gül Yanaqov eşq-məhəbbətə dair açıq-saçıq bir roman
oxuyurdu və bala-bala qızarırdı. Onun çəhrayı sifətinin şöləsi
stolun üstündəki şüşədə əks olunub bərq vururdu.
Birdən qırmızı telefon zəng çaldı. Gül Yanaqov diksindi.
Çünki bu telefon həmişə susardı. Dəstəyi qaldırdı, səs eşitdi:
–Gül Yanaqovdur?
477
Gül qıpqırmızı qızardı.
–İşdən çıxardılırsınız.
Gül Yanaqov həyatında ilk dəfə sapsarı saraldı.
Qara Dinməzov
Qara Qışqırıqov
478
BAŞIMIZIN AĞASI
(Əməkdar dəllək Davudun anadan olmasının 76
yaradıcılıq fəaliyyətinin 69 illiyi münasibətilə)
Mən bu təntənəli yubiley məqaləmi müdrik bir mükaliməylə
başlamaq istəyirəm. Deyir: ağsaqqalınız kimdir? Cavab
verirlər: Kosa.
Bu gün anadan olmasının 76, yaradıcılıq fəaliyyətinin 69
illiyini qeyd etdiyimiz əməkdar dəllək Davudu təbiət kosa və
keçəl yaratmışdır, amma o, öz namuslu əməyi, fədakar
zəhmətilə ağbirçək, ağsaqqal adını qazana bilmişdir. Dəllək
Davud (hamı məhəbbətlə onu belə adlandırır) yaxşı deyir ki,
adam gərək özü öz əliylə hörmət qazansın, çünki hər kəs öz
keçəlini qaşıyır, hərə bir tük versə idi, kosa da saqqallı olardı.
Ancaq Davud (hamı onu məhəbbətlə belə adlandırır) onu da
yaxşı deyir ki, öz-özlüyündə saqqal hələ heç nədir. Saqqalda
feyz olsaydı keçi şıxlıq alardı. Saçın altında gərək başın olsun,
saqqalıi altında da dişin. Yoxsa başıvı yeyərlər. Məhz buna
görə də Davudcan (hamı məhəbbətlə onu belə adlandırır)
həmişə şən, gümrahdır.
Doğrudan da, kim deyərdi ki, 69 ildən bəri başlarımızı
ixtiyarına verdiyimiz əməkdar dəllək Davudun yaradıcılıq
fəaliyyətinin 69 ili, anadan olmasının 76 illiyi tamam olur.
Bəli, bu belədir. 69 ildir ki, başlarımızı Davud dayıya (hamı
onu məhəbbətlə belə adlandırır) həvalə etmişik, 69 ildir
başlarımızı onun ixtiyarına vermişik. 69 ildir başımızın ağası
odur. Davud dayı əslinə qalsa, elə dəlləkliyi də bizim
başımızda öyrənib. Başımızı qaşımağa macalımız olmayanda
belə Davudun yanına gəlib başımızı düzəltdirmişik. Davud əmi
də (hamı onu məhəbbətlə belə adlandırır) nə qədər başı qarışıq
olsa da bizim başımızı qaydaya salmağa həmişə vaxt-tapıb,
başlarımızla çox əlləşib, axırı başımızı bir yana çıxarıb. Həmişə
479
də gülüşlə-zarafatla, şirin sözlə, xoş rəftarla. Bəli; bizim
Davud-qağa, (hamı onu məhəbbətlə belə adlandırır) belə
Davud qağadır.
Davud qağanın öz başı da çox bəlalar çəkib. Bir vaxt
dəlləkxananın müdiri Keçəl Həsən idi. Davud lələylə (hamı
onu məhəbbətlə belə adlandırır) yaman düşnüşmüşdü. Bir
dəlləkxanada iki keçəl olmaz, — deyə Davudu sıxışdırırdı, —
ya gərək mənim başıma saç gətirəsən, ya da burdan çıxıb
gedəsən. Davud lələ — ay rəhmətliyin oğlu, keçəl dərman bilsə
öz başına elər — deyə nə qədər onu ipə-sapa yatırtmaq istədisə
də olmadı. Əlacsız qalıb ərizə verdi işdən çıxdı. Dövran
dəyişdi, günlərin bir günündə Keçəl Həsəni çıxarıb Həsən
Keçəli dəlləkxanaya müdir qoydular. Davud dayı: —Eh dünya!
Dünya! — deyə yenidən köhnə yerinə qayıtdı.
Dəllək Davud indi dəlləklərin başbilənidir, cavan dəlləklər
ondan söz düşəndə məhəbbətlə: — O, dəllək Davud, o... —
deyirlər. Bu sözlər nə qədər səmimi, mənalı, hikmətli və
haqlıdır. Doğrudan da Davud kişi (hamı məhəbbətlə onu belə
adlandırır) öz zəngin təcrübəsini cavanlara da öyrədir. Davud
kişi başını birtəhər dolandıran, bir sayaq başını girrəyən başa
bəla dəlləklərdən deyil. O baş açmadığı, başa düşmədiyi
şeylərdən belə baş çıxarmağı bacarır. Burada mənim yadıma
bildirki "Bığ-saqqal" əhvalatı düşdü. Bığ-saqqal məsələlərinə
həsr olunmuş müşavirədə qızğın müzakirələr zamanı Davud
baba (hamı məhəbbətlə onu belə adlandırır) aydın, prinsipial
mövqe tutdu. Bəziləri iddia edirdilər ki, bığ köhnəlik
əlamətidir, raket və atom əsrində bığ qoymaq gülüncdür, sabah
biz Aya, Marsa, Günəşə bığla necə uca bilərik? Başqaları isə
etiraz edib deyirdilər ki, bığ qoymaq bizim ata-baba
qaydamızdır. Biz milli ənənələrimizə arxa çevirə bilmərik.
Məlumdur ki, hələ Koroğlu bığını yeddi dəfə qulağının ardına
burarmış, məlumdur ki, Qaçaq Nəbi də düşməndən intiqam
almaq istəyəndə onun bığını qırxarmış. Deməli, bu gün də bığı
qırxdırmaq üfunətli yabançı təsirlərin altına düşmək deməkdir.
480
Əlbəttə, həyat inkişaf edir, dəyişir, məsələn, bu gün saqqal
saxlamaq, doğrudan da köhnəpərəstlik olardı. Ancaq bığa söz
ola bilməz, heç üz vurmayın. Mübahisə çox qızışmışdı və bəlkə
dəllək Davud işə qarışmasaydı məsələ həll olunmayacaqdı.
Mirzə Davud (hamı onu məhəbbətlə belə adlandırır) mübahisə
edənlərə müdrik xalq misalını xatırlatdı: yuxarı tüpürürəm
bığdır, aşağı tüpürürəm saqqal. Sonra o saqqal qoymağın
əhəmiyyətini tutarlı subutlarla əsaslandırdı və dedi ki, saqqal
qoymaq çox vacibdir, çünki saqqalı olmayanın sözü keçməz.
Dodik (hamı onu məhəbbətlə belə adlandırır) belə Dodikdir.
Gəlin bu əziz yubiley günündə hörmətli Davud müəllimə
uzun ömür, cansağlığı, başağrısız həyat arzulayaq. Mən
məqaləmi yubilyarın şərəfinə şəxsən özüm yazdığım qısa bir
şerlə bitirmək istəyirəm:
Yaşa, yaşa, yüz yaşa
Başçılıq elə yenə
Saqqala, bığa, başa.
Dəlləklik peşəsində
Ömrünü xoş vur başa.
S.Yüzbaşov
481
ƏL ƏLİ YUYAR VƏ YAXUD
BOZBAŞ DƏSGAHI
Günəş öz iş gününü qurtarıb neçə deyərlər qızıl saçaqlı
örpəyini şəhərin üstündən çəkən dəmlər idi ki, təzə başlayan
romançılardan yoldaş nasir Dərə Düzov telefonun dəstəyini
götürüb gənc tənqid həvəskarı yoldaş alim Qarın Quliyeva
zəng elədi.
Xoş beş, on beş, filan-peşməkan.
Uzun sözün qısası Dərə Düzov yoldaş Qarın Quliyev
yoldaşı lütfən və səmimi qəlbdən öz xanə-xarabına dəvət elədi,
bozbaş qonaqlığına.
Qarın Quliyev bir gənc alim və ştatdankənar münəqqid kimi
bir balaca nəm-nüm elədi, amma telefon dəstəyindən boz-başın
iyi burnunu elə çaldı ki, qorxdu getməsə yaxşı düşməz.
Əgər ki, sizi əvvəlcə Dərə Düzovla (dostlar zarafata salıb
ona Dələdüzov deyirdilər), sonra isə yoldaş Qarın Quliyevlə
tanış etməli olsaq deməliyik ki, Dərə Düzov canlara dəyən
oğlan idi. Əmiri nərd atardı, harda aşdı orda tamadaydı və
ümumiyyətlə stili-üslubu da yaxşı, təzə, müasir idi: belə qısa,
kəsik-qırıq cümlələr, amma ki, dərin mənalı, sözlər hamısı iki
başlı, abzaslar yerli-yataqlı, fəsillər ködək, roman uzun. Dərə
Düzov həyatı beş barmağı kimi bilirdi desək düz olmaz, neçin
ki, bu ifadədə bir natamamlıq var. Niyə beş barmağı olsun ki,
halbuki kişinin on barmağı vardı (hələ on dənə ayaq barmağı
bir yana dursun).
Amma ki, Dərə Düzov həyata on barmağı kimi bələd olsa da
belə, əsərlərinin mövzusunu barmaqlarından sorub çıxartmırdı.
Baxmayaraq ki, təzə romanını "Əl əli yuyar, əl də üzü"
adlandırmışdı.
Bir sözlə, Dərə Düzov az aşın duzu deyildi.
O ki, qaldı yoldaş gənc alim Qarın Quliyev müəllimə, o da
482
romantik xəyallı bir gənc və aspirant idi.
Qarın Quliyevin yaxşı yasin oxuması, üç otağı, zil qara
bığları, sarı "Volqa"sı, qızıl dişləri və çəhrayı qalstuku vardı,
özü də, müxtəsəri yeyib içən oğlanlardan idi.
Bəli, mətləbdən kənar düşməyək.
Qarın Quliyev qabardin paltosunu geyib gəldi birbaş Dərə
Düzov müəllimgilə və Dərə Düzov onu görüb dedi ki, Ay səni
xoş gəlmisən, —və əlavə etdi ki, — Əşi, həmişə sən gələsən.
Dərə Düzovun həyat yoldaşı, rəfiqəsi və türkün sözü kəbinli
arvadı Nənəm Nəhrə xanım mətbəxdən çıxıb gələn qonağı,
yəni ki, gənc tərifçi Qarın Quliyev qardaşı kamal-ədəblə
salamlayıb dedi:
–Xoş gəlmisiz.
Dərə Düzov Qarın Quliyevi duz-buz kimi yalayıb hal–
əhval tutandan sonra, türkün sözü arvadına xitab edib:
–Ey yoldaş həyat yoldaşım, — dedi. — Tez bizə bir nahar
təşkil elə, yoxsa ki, acından qarnımız quruldayır.
Bu sözləri deyən kimi Dərə dodağını dişlədi:
–Aa, — dedi və əlavə etdi: — Əziz dostum Qarın, qarnım
quruldayır deyəndə ürəyinə sonra ayrı şey gəlib eləməsin ha,
elə söz gəlişi dedim. Eyham işarə-zad vurub eləmirəm. Əşi,
atan–anan rəhmətliklər də sənə ad tapıb qoyublar da...
Qarın: — hə, — dedi, — heç demə.
Elə bu dəm bozbaşın iyisi-qoxusu mətbəxdən hücum çəkib
bütün otağı basdı və Qarın Quliyev müəllim bir ehmallıca
udqundu.
Dərə Düzov da elə bu dəm dedi ki, buyur keç süfrənin
başına.
Qarın Quliyev də cavab verdi ki, bir əlimi yusaydım heç də
pis olmazdı.
Dərə Düzov da dedi ki, suyumuz kəsilib, amma mən sənin
əlinə su tökərəm, yuyarsan.
Mətbəxə keçdilər, Dərə Düzov su tökdü, Qarın Quliyev əlini
yudu və elə bu zaman Dərə Düzov xəbər aldı ki, gənc tərifçi
483
onun "Əl əli yuyar, əl də üzü" romanı haqda nə fikirdədir.
Qarın Quliyev əllərini yuyub qurtardı və dəsmalla əllərini silə–
silə cavab verdi ki, çox təəssüf hələ "Əl əli yuyar, əl də üzü"
romanını oxuyub feyziyab olmayıb.
Dərə Düzov bir belə yüngülcə boğazını arıtladı və hər iki
həmkar qələm sahibi otağa keçib süfrənin başında əyləşdilər.
Elə bu vaxt süfrəyə bozbaş gəldi, yamyaşıl göy-göyərti,
qıpqırmızı turp gəldi, bir də o xoruz quyruğu zəhirmar. Dərə
Düzov və Qarın Quliyev çirmələnib bozbaşa döşəndilər, nə
döşəndilər. Bir balaca toxtayan kimi Dərə Düzov necə deyərlər
söhbət köhləninin yügənini gətirib bağladı həmin o incə
mətləbə:
–Romanımı oxumamısan, — dedi, — canın sağ olsun.
Amma bir iş var, iki əməl. Qoca dindar kişilər inqilabdan əvvəl
demişkən allahdan gizli deyil, səndən nə gizlin. Bu gün axşam
mənim və bütün bizim vilayətin düşmənləri, necə deyərlər,
bizim arxamızı yerə vurmaq istəyir.
Elə bu dəm Nənəm Nehrə xanım otağa girib soruşdu ki:
–Qarın qardaş, necədi bozbaş, çiy deyil ki, odu zəif gəlirdi,
qorxuram yaxşı bişməmiş olsun, çiy-zad deyil ki?
Qarın Quliyev:
–Yox, yox — dedi, — çiy deyil.
Nənəm Nehrə xanım yenidən mətbəxə qayıtdı və Dərə
Düzov sözünə davam etdi:
–Bəli, onu deyirdim axı, bu axşama mənim romanımın
müzakirəsi təyin olub. Ali məktəb müəllimləri və tələbələri,
elmi institutun əməkdaşları, ümumən bütün ədəbi ictimaiyyət
və maraqlananlar dəvət edilir.
Elə bu zaman Nənəm Nehrə xanım otağa girib soruşdu ki:
–Qarın qardaş, bağışlayın, duzu necə, az deyil ki, qorxuram
şit ola.
Qarın Quliyev yoldaş:
–Yox, yox, — dedi. — Duzu lap yaxşıdır, şit deyil. Nənəm
Nehrə xanım mətbəxə qayıtdı və Dərə Düzov yenidən sözünə
484
davam etdi:
–Mən bu tayfaya yaxşı bələdəm. Birini vurmaq istəyəndə
əvvəldən çıxışçıları fitləyib buraxırlar, mən bu tayfaya yaxşı
bələdəm.
Elə bu vaxt Nənəm Nehrə xanım mətbəxdən gəlib xəbər aldı
ki:
–Qarın qardaş, bağışlayın, suyu çox olmayıb ki, qorxuram
suyu çox olsun.
Qarın Quliyev:
–Yox, yox, — dedi. — hər şey öz qaydasındadır.
Nənəm Nehrə xanım mətbəxə qayıtdı və Dərə Düzov sözünə
davam etdi:
–İndi görürsən də, yaman təkləyiblər məni, bibim oğlu Mərd
Məzarov kurorta gedib, uşaqlıq dostum Heydərqulu-xəstə yatır,
eloğlum Cızma Qarayev kəndə toya gedib, məhlə qonşumuz
Hətərən Pətərənov da ki, məndən bir balaca inciyib.
Elə bu dəm Nənəm Nehrə xanım mətbəxdən gəlib Qarın
Quliyevdən xəbər aldı ki, bibər necədi, şirindir?
Qarın Quliyev.
–Bəli, yaxşıdır, dedi, — şirindir.
Nənəm Nehrə xanım:
–Qarın qardaş, ətindən yeyin, — dedi, — bir yaxşı
çeynəyin, görün necə yumşaqdır. Əntiqə həzm olunur.
Qarın Quliyev:
–Bəli, —dedi, —əntiqə həzm olunur.
Nənəm Nehrə xanım yenidən mətbəxə qayıtdı və Dərə
Düzov sözünə davam etdi:
–Deməli, içirəm sənin sağlığına, Qarın, sən mənə qar-
daşdan yaxınsan, sağ ol, var ol, yüz yaşa, biz də kölgəndə
dolanaq.
–Sağ ol.
İçdilər.
–Pff! Zəhrimar — deyə Dərə Düzov üz-gözünü turşutdu. —
Gərək günahımdan keçəsən. Konyak cəhətdən yanında bir az
485
xəcalətəm. Ucuzudur — Üç ulduz. Gələn həftə bax bu Üç
ulduzun yerinə Beş ulduz qoymaq mənim boynuma.
...Axşam müzakirəyə gələn kimi Qarın Quliyev siyahıya
yazıldı. Ondan qabaq iki-üç nəfər danışdı.
Hamısı da ağzını yaman pis açdı. Əsərdə daş daş üstə
qoymadılar. Dedilər ki, "Əl əli yuyar, əl də üzü" romanında
yazıçı əli gəzməyib və romanın üzü astarından betərdir.
Dərə Düzov Qarın Quliyevin qulağına əyilib pıçıldadı ki:
–Ölmüşəm, gərək meyitimi yerdən götürəsən. Tutarlı danış.
Obrazlı dillə.
Qarın Quliyevin yalnız indi yadına düşdü ki, əsəri oxumayıb
öz yerində, tələm-tələsikdə baş qəhrəmanının adını soruşmağı
da unudub. Oğlan ya qız olduğunu bilmir.
Amma necə deyərlər kürsüyə çıxmaq bir ayıb, kürsüdən
düşmək iki ayıb.
Qarın Quliyevin içi od tutub yanırdı, dili–boğazı
qurumuşdu, qrafindən su töküb başına çəkdi və nitqinə başladı:
–Hörmətli qələm dostlarım və yoldaş ədəbiyyat
həvəskarları. Məndən qabaq çıxış edənlərin fikrinə şərik çıxa
bilməyəcəyəm. Niyə görə? Ona görə ki, halbuki əsər yaxşı
əsərdir, niyə onu tənqid edib qaralayaq.
Yoldaş gənc müəllif Dərə Düzovun "Əl əli yuyar, əl də üzü"
romanının əsas və başlıca məziyyəti ondan ibarətdir ki, bu
əsər... çiy əsər deyil. Bişmiş əsərdir. Bəli, bəli, çiy deyil,
bişmişdir. Bu əsərdə biz güclü od görürük. Gənc nasir
müəllimin, müəllif qəlbinin atəşin odunu, bəli, bəli, odunu.
Burda biz şit şeylərə rast gəlmirik. Əsər çox duzludur, bəli,
bəli, şit deyil, duzludur. Dili şirindir, bəli, bəli şirindir. Bəzi-
bəzi başqa yoldaşların bəzi-bəzi başqa əsərlərində olduğu kimi
burada su çox deyil, yox, yox əksinə, əsərin suyu azdır. Təbiət
təsvirləri yumşaqdır. Obrazlar ətli-qanlıdır, bəli, bəli ətli-qanlı.
Dərə Düzov çeynənmiş vasitələrə, bəli, bəli çeynənmiş
vasitələrə əl atmır. Ümumiyyətlə əsər təravətli, ətirli-qoxulu,
dadlı, ləzzətlidir, yaxşı həzm olunur. Deyəcəksiniz heç nöqsanı
486
yoxdur bəs? Var, əlbəttə, var. Doğrudur, bu mənim şəxsi
mülahizəmdir, müəllif mənim fikrimlə razılaşa da bilər,
razılaşmaya da. Amma mənə elə gəlir ki, müəllif yoldaş gənc
nasir Dərə Düzov fəsillərin arasında üç ulduz yox, beş ulduz
qoysa daha məqsədəuyğun və qat-qat daha münasib olar.
...Müzakirədən Dərə Düzov və Qarın Quliyev bir
qayıdırdılar. Şəhərə gecə düşmüşdü. Günəşin vəzifəsini
müvəqqəti ifa edən Ay tənbəl-tənbəl yerə işıq səpirdi. Dərə
Düzov qəsdən zümzümə edirdi. Birdən Qarın Quliyev əlini
alnına çırpıb ayaq saxladı: — Vay səni, — dedi, — tamam
yadımdan çıxdı. Demədim. Bir az yağlı idi.
—Nə?
Aciz Avara
Fənd Fərəc
|