MOLLA NƏSRƏDDİN — 86
Salam Molla Babam! Səni xoş gördük. Sən bizə-bizim
günlərə xoş gəlmisən, səfa gətirmisən. Özü də əsl məqamında,
yerində gəlmisən. Yerin yaman görünürdü, inan mənə...
Səksən il qabaq şəhri Tiflisdə peyda oldun, "Sizi deyib
gəlmişəm" söylədin. Gülməliyə güldün, ağlamalıya da... güldün.
Ay keçdi, il dolandı. Yellər əsdi, sellər gəldi, dünya dəyişdi.
Yeni günləri salamladın, güldüklərinin, lağa qoyduqlarının,
acı-acı rişxənd elədiklərinin çoxu "çirkə çıxıb" getdi... Təzə
həyatı xoş təbəssümlə qarşıladın. Amma iti gözlərin onu da
gördü ki, hər şey yerli-dibindən dəyişibsə də, gülməli,
sancmalı, qamçılamalı mətləblər hələ az deyil... Dediyini
dedin, damğaladığını damğaladın, nadürüstlər
nadürüstlüyündən, kəmfürsətlər kəmfürsətliyindən, yaltaqlar
yaltağlığından, axmaqlar axmağlığından yorulmadılarsa, sən də
onları ifşa etməkdən, hamısına öz payını verməkdən
yorulmadın. Yorulmadın, usanmadın, çəkinmədin, lakin bir
gün ömür sənə vəfasız çıxdı. Xoş bir gündə dünyaya qədəm
basmışdın, bəd bir gündə dünyayla vidalaşdın. Sənsiz keçən
günlər günlərə calandı, aylar aylara qovuşdu, illər illəri haqladı
və bu dəm — əsrin qurtara-qurtarında papağımızı qabağımıza
qoyub fikirləşəndə, götür-qoy eləyəndə, neynim, necə eləyim
deyəndə, görürük ki, sənsiz işimiz aşmayacaq. Gülmüşük də,
sevinmişik də, fərəhlənmişik də... Amma bəzən nəyə
güldüyümüzü
əməlli başlı başa düşməmişik, nəyə
sevindiyimizi doğrusu, heç qanmamışıq...
Sən nəyə gülürdün, möhtərəm babam — şaha, sultana,
dərvişə-rövzəxana, milyonçuya, qoçuya... Çox əcəb. İndi şükür
nə şah var, nə sultan, nə dərviş-rövzəxan, nə qoçu, nə
milyonçu... Dayan, dayan... Yəni deyirsən milyonçu yoxdur?
Əlbəttə yoxdur. Milyonçunun zavodu olar, fabriki olar,
521
mədənləri olar, çoxlu pulu olar... Düzdür, zavodu, fabriki,
mədəni olan milyonçumuz yoxdur, amma kisə-kisə kağız pulu
camadana, sandığa yığıb yerin altında basdıranlara, çürüdənlərə
nə ad qoyaq? Yaxşı milyonçu deməyək, minçi deyək, təzə
pulnan! Tamah ki eynidir, hərislik ki, haman sayaqdır, iştah ki,
yenə də diş altındadır (öz dişi yox, qızıl karonka olsun)...
Qoçu milyonçunun kökü kəsilib, doğrudur, amma orda-
burda yüz-yüz əlli araq vurub, üstündən də (ya altından da)
nəşə çəkib bulvarda cövlan eləyən, qıza-gəlinə sataşan
sataşqanların, cəyillərin, xuliqanların kökü kəsilməyib axı...
Mehriban Molla babam! Rüşvətə acı-acı gülmüsən, amma
vallah rüşvət də hələ meydandan çıxmayıb, intəhası adı
dəyişilib: indi rüşvət demirlər, hörmət deyirlər. "Nə hörmət
eləyim səninçün?" — yəni ki, aşna, düzünü de görüm,
könlündən nə keçir, pul deyirsən pul, daş-qaş deyirsən daş-qaş,
dublyonka, nə bilim layka-lama o da göz üstə, maşın, vəzifə —
sən bir him elə, düzələr. Ən ölüsü bədə-bəddə bir əntiqə
qonaqlıq...
Yerlibazlıqdan zənd-zəhlən gedirdi. Elə bilirsən indi
yoxdur?... Var, əziz babam, elə var, elə var, heç bəlkəm sənin
ağlıva da bu cürəsi gəlməmişdi... Vətən gözəl şeydir,
doğulduğun, dünyaya gəldiyin el-oba da əzizdir, doğmadır,
amma bu bəyəm o deməkdir ki, sənin rayonunda dünyaya
gələnlərin hamısı ucdantutma kamal əhlidir. Bütün qeyrilərinin
də ən böyük təqsiri və günahı odur ki, sizin rayondan əlli–
altmış kilometr o yanda dünyaya varid olublar...
Avamın, nadanın əlindən dad–bidad edirdin, babam, elə
bilirsən avamın, cahilin, nadanın day izi-tozu qalmayıb... Yox
babam, yox, vallah yox, billah yox, cağbəcağ sağ-salamatdırlar,
bili-bitdan kimi, kefləri kök, damaqları çağ — hərəsi də özünə bir
yaxşı peşə tapıb — başqalarının başına ağıl qoymaq peşəsi... Birisi
var, adını soruşursan, deyir ki, qoy bir əvvəlcə əlaqədar yoldaşlarla
razılaşdırım, sonra cavab verim. Başqa birisi var küçədə gedəndə
divara qısıla-qısıla gedir ki, kölgəsi düşməsin —öz kölgəsindən
522
qorxur... Başqa birisi də var — böyüyü şəhərin bu başında
asqıranda şəhərin o biri başından zəng vurub afiyət olsun —deyir...
Biri var təkrarsız pyeslər yazır, bircə dəfə oynanılandan sonra daha
təkrar ikinci dəfə oynamaq istəmirlər. Biri var tarix yazır, sübut
eləmək istəyir ki, bu xalq səhvən öz dilində danışır, gərək ta
qədimlərdən bəri tamam başqa bir dildə danışaydı... Biri də var,
gah Amerika yazıçısı Ken Boldan, gah çin alimi Ay Haydan, gah
ingilis diplomatı lord Sətəlcəmdən gah da ayatolla Fisincanidən
sitatlar gətirir, amma özünün də dediyini bir allah bəndəsi başa
düşmür...
Hamısının gözləri yol çəkir, Molla baba, hamısı sənə
həsrətdilər, sənin qələminə... Nə olaydı gələydin, görəydin,
güləydin, yazaydın... Çap edəydin demirəm, çünki sən
demişkən "burda mətləb bir az tuldur"...
Amma qəm yemə, Molla baba, hər halda üzümüz sabahadır,
qabağadır, işığadır...
Gün-gündən duman, çən çəkilib gedir, ayıq yaşamağa, oyaq
yaşamağa öyrəşirik. İçkinin tüstüsü, tərifli sözlərin, yağlı
tostların xumarı bala-bala uçub qeyb olur, ayıq başla,
yaşamağa, həyatımıza acıq gözlə baxmağa alışırıq... Sənin
təmiz gözlərinlə Molla babam! Nə yaxşı ki, səksən yaşın
məhz elə bax bu ilə, bu günlərə düşdü. O günlərə ki, düzə düz,
əyriyə əyri deyirik düzə əyri, əyriyə düz yox... Gülürsən,
babam, deyəsən sözlərimə tamam inanmırsan... Necə dedin?
"Hələ baxaq, gözləyək, görək axırı necə olur?". Nə deyirəm,
babam, baxaq, görək, amma gözləməyək... Bu yolda iş
gərəkdir, qurmalını qurmalıyıq, vurmalını vurmalıyıq,
gülməliyə gülməliyik... Qolumuzu çırmalayıb işə girişməsək,
doğrudan da heç nə dəyişməyəcək — köhnə hamam, köhnə
tas... Hər şey olmasa da, çox şey bizdən asılıdır, bizim
özümüzdən... Amma sən də kölgəni üstümüzdən əskik eləmə,
Molla baba, səndən hələ çox öyrənməliyik. Büdrəsək,
qolumuzdan yapış, çəkilsək ürək-dirək ver, mürgü döysək,
dümsüklə, oyat bizi... Qoyma haqq sözü gizlədib nahaq söz
523
danışaq, halala haram qataq, iş vaxtı yataq, tərif içində bataq və
nəhayət mənanın daşını ataq, elə qafiyəni qafiyəyə çataq...
Yubileyinə xoş gəlmisən — səksən yaşlı Molla Nəsrəddin
— həmişə cavan babam.
524
YAXŞI PADŞAHIN NAĞILI
Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət
edir ki, əyyami–qədimdə ya Çində, ya Maçində bir yaxşı
padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan,
hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən
ağır söz deməzmiş. Nə incidərmiş onları, nə boyunların
vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma
ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi.
Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və
padşah yazıq gecələr yata bilmirdi. Gecənin bir yarısı,
görürsən, dururdu, çırağı yandırırdı, bir-bir birələri tuturdu,
amma öldürmürdü. Onları arvadının çarpayısına atırdı. Padşah
arvadıyçün əldən-ayaqdan gedirdi. Lap "getmə gözümdən,
gedərəm özümdən" idi. Birələri də arvadının çarpayısına onu
incitmək, ona əziyyət vermək üçün atmırdı. Yox, padşah bilirdi
ki, birələrin arvadına heç bir ziyanı dəyməyəcək. Arvadı,
maşallah, elə bərk yatırdı ki, istəyirsən üstünə bir qoşun birə,
taxtabiti burax, vecinə deyildi. Arvad elə bərk yatırdı və həm
də elə bərk xoruldayırdı ki, büllur —dəmir-beton sarayın
sütunları tir-tir titrəyirdi.
Padşah qaragün birtəhər canını birələrdən qurtarıb
mürgüləyən kimi gözünün çimirini almamış təzədən dik atılırdı
— onu arvadının xorultusu oyadırdı. Sübh tezdən arvad
yuxudan dururdu — aya deyirdi sən çıxma, mən çıxım, günə
deyirdi sən çıxma, mən çıxım. Amma padşah səhər, xorultu
kəsiləndən sonra da yata bilmirdi —axı işi-gücü vardı. Bir
məmləkətin ki, padşahı səhər yatıb yuxuya qala, o məmləkətin
işləri nə sayaq olar?
Padşah belə bədbəxt padşah idi.
Sözün düzü, padşahın öz padşahlığı üçün də çox gözü
atmırdı. Padşah olmaqdan lap bezmişdi. Ondan olsaydı çoxdan
525
taxt-tacdan əl çəkərdi. Amma əl çəkmirdi. Çünki əl çəksəydi
taxta vəziri çıxacaqdı. İşdi şayət vəzir şah olsaydı, o, nəinki
məmləkətdəki bütün birələri, taxtabitiləri, milçəkləri və
qarğaları qırıb öldürəcəkdi. Vəzir həm də o biri vəzirləri,
vəkilləri, kim bilir bəlkə elə padşahın özünü də cənnətə vasil
edəcəkdi.
Odur ki, padşah taxtı-tacdan əl çəkmirdi. Nə qədər yatmaq
tamarzısı olsa da, həmişəlik yuxuya qərq olmaq istəmirdi.
Padşah həm adil padşah idi, həm bədbəxt padşah idi, həm də
çox ağıllı, tədbirli padşah idi. Hamıdan, hamıdan ağıllı.
Hamıdan, hamıdan tədbirli.
Deməli yaxşı padşah adil idi, bədbəxt idi və ağıllı, tədbirli
idi. Amma padşah həm də yaman yalqız, təpə–tənha padşah idi.
O səbəbdən ki, məmləkətdə hərənin bir babı, bir curu, bir dostu
var idi.
Padşahın səkkiz aşpazı, səkkiz faytonçusu, səkkiz dəlləyi,
səkkiz vəzir-vəkili, bir qoşun qaraulçusu və bir qoşun saray
şairi vardı. Bir aşbazın o birindən zənd-zəhləsi gedirdi, çünki
biri deyirdi ki, bu dünya bir puçdur, o biri deyirdi, xeyr, əsla
belə deyil. Faytonçular elə hey bir-birinin ənginə qoyurdular.
Sözləri çəp gəlirdi. Biri deyirdi həyatın mənası var, o biri
deyirdi, dünyasında ola bilməz, yoxdur ki, yoxdur. Şairin biri o
birindən danos yazırdı ki, bəs flankəsin işlətdiyi qafiyələr əzəl-
axır məmləkətimizi bərbad edib xaraba qoyacaq. Qaraulçuların
bir-birini görməyə gözləri yox idi. Vəzirlər, vəkillər bir-birinin
ətini yeməyə hazırdılar. Amma buna baxmayaraq, onların heç
biri tək, yalqız deyildi. Hərə öz həmpeşələrinin, işdaşlarının
arasında idi. Bircə padşah tək idi. Padşahların həmpeşələri
olmur.
Padşahların həmpeşələri də olmur, arzuları da. Faytonçular
şair olmaq istəyirdi, şairlər dəllək, dəlləklər vəkil, vəkillər
vəzir, vəzirlər padşah. Yeni padşah olmağın hamı tamarzısıydı.
Hamı, bircə padşahdan savayı. Padşah onsuz da padşah idi və
odur ki, heç bir şey arzulamırdı.
526
Hamı bir-birindən material verirdi, öz həmpeşələrindən
padşaha qiybət qırırdılar. Amma padşah heç kəsə heç kəsdən
material, danos verə bilməzdi, heç kəsdən heç kəsə şikayətlənə
bilməzdi. Heç kəslə qiybət qıra bilmirdi. Ürəyini bircə
arvadına aça bilirdi, amma arvadı da onu atdı. Baş vəzirə
qoşulub qaçdı, bilmirəm Yaponiyaya, ya da həbəşlər ölkəsinə.
Bəlkə də Kanar adalarına.
Günlərin bir günü baş vəzir papağını qoyub qabağına
fikirləşdi, xeyli fikir edib anladı, qandı ki, padşah heç bir vaxt
ölüb-eləyən deyil və deməli bu gərək taxt-tacdan gözünü
çəksin. Baş vəzir isə yaman padşah olmaq istəyirdi. Padşah
olmaqdan da artıq padşahın arvadına gözü düşmüşdü.
Padşahın arvadı bir gözəl idi, bir gözəl idi, dilnən–söznən
deyib qurtarmaq olmaz. Dünyayi aləmdə tayı–bərabəri yox idi:
incəmiyan, nazikbədən, büllurbuxaq, almayanaq, gəl məni gör,
dərdimdən öl. Ağzına qoşa badam sığmaz. Mərmər sinəsində
naz-nazı ipək paltarın altından bir cüt şamama baş qaldırıb
"mənəm–mənəm" deyir. Yanaqlar — yaqutun qıraqları kimi,
elə bil qar üstünə qan damıb, qaşlar — qurulu yay, kirpiklər
yaydan çıxmış ox kimi elə uzundu ki, tamam gözünün üstünü
tutub, saçlar şəvə kimi. Beli elə nazik idi ki, gilas yesə deyərdin
boyludur. Boğazı elə zərif idi, su içsə görünərdi, yeriyəndə yerə
naz eləyir. Padşah da onu yaman istəyirdi. Yaman da qısqanc
idi padşah. Lap arvadını xoruzdan gizlədəndi. Qoymazdı
arvadının üstünə bir erkək milçək qonsun.
Bəli, baş vəzir, nə fənd işlətdisə, fürsət tapdı, padşahın
arvadıynan xəlvəti görüşdü. Nə dedi ona, nə boyun oldu, nə
vədlər verdi, deyə bilmərəm, əl-qərəz, günlərin bir günü
qoşulub qaçdılar. Bilmirəm Məqribə ya Məşriqə.
Baş vəzir, daha doğrusu təzə padşah vədinə xilaf çıxmadı —
arvadının xorultusunu maqnitofona yazdı və bu xorultunu
məmləkətinin himni elan etdi.
Hər gecə təzə məmləkətin radiosu xorultu-himni verirdi və
təzə padşah ləzzətlə qulaq asırdı. Axı o cavan arvadını yaman
527
sevirdi. Sevəndə isə xorultunu da musiqi kimi dinləyirsən.
Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca
padşahdan.
Qoca padşaha arvadının vəfasızlığı və baş vəzirin xəyanəti
yaman yer eləmişdi. O öz rəiyyətinə yad radionu dinləməyi
qadağan etmişdi. Amma gecələr xəlvətdə bütün əhali sabiq
padşah arvadının xorultusuna qulaq asırdı. Bəziləri ona görə
qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah arvadının
xorultusunu bundan əqdəm eşitməmişdi. Başqaları acıqcan
qulaq asırdılar: əcəb oldu bizim maymaq padşaha, yaxşı elədi
arvad, onu qoyub qaçdı. Bəziləri də ürək ağrısıyla dinləyirdilər:
axı necə oldu ki, bizim müdrik padşahımız bu cür arvadı əldən
verdi, bu cür məlahətli xorultunu himn eləmək ağlına gəlmədi.
Amma yad radionu hamıdan gizlicə padşah özü də tuturdu.
Müəyyən saatlarda padşah kirimişçə aradan çıxırdı.
Tranzistorunu götürüb sarayın məlum yerinə girirdi. O, radionu
qurur, illərlə dinlədiyi və əbədi itirdiyi xorultunu sanki yenidən
eşidir və uzaq gənclik günlərinin xatirələrinə dalırdı. Keçib
gedənləri bir-bir yadına salırdı —arvadıyla rəqs meydançasında
ilk tanışlığını, ulduzlu may gecəsində onu tramvaya ötürməsi,
sevgilisinin saçlarının və ağacların o axşamkı qoxusu və ilk
öpüş-büllur sarayın qaranlıq dəhlizindəki ilk öpüşləri... hər şey,
hər şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında.
Padşahın gözləri yaşarırdı. Axı padşah yaman yuxaürək padşah
idi.
Xorultu kəsilir və gecə düşürdü. Qoca, yalqız padşahın
yalqız yatağındakı yalqız uzun gecəsi. Yataqda artıq arvadı yox
idi, birələr, taxtabitilər də harasa qeyb olmuşdu. Amma onsuz
da indi padşah yata bilmirdi. Bütün gecəni gözünü də
qırpmırdı. Yuxusuzluq bəlasına düçar olmuşdu. Qış düşəndə
padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca
uzanırdı. Yuxusuz padşah gözlərini dama zilləyirdi — naxışlı
dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb
düşünürdü. Yaman düşünən padşah idi. O düşünürdü: nə
528
olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım
vəfasızı görəydim. Nə gözəl olardı, o vəfasız gələrdi yuxuma,
yanıma, bu sarayıma, ölkəmə. Heç kəs də bilməzdi, heç kəsin
də ağlına gəlməzdi, heç nə də lazım olmazdı — nə danışıq, nə
barışıq, nə söhbət, nə qeybət...
Amma birdən padşahın ağlına gəldi ki, yaxşı, axı sabiq
arvadı başqa birisinin də yuxusuna girə bilər. Padşah bir az da
fikirləşdi və lap dəli oldu: birdən doğrudan arvadı kiminsə
yuxusuna girir, bax elə bu saat rəiyyətlərindən biri onu yuxuda
görür. Bəlkə lap elə təzə baş vəzirim görür onu. Padşahı od
götürdü. O, yerindən sıçradı. Adil, rəhmdil və sakit padşah lap
özündən çıxmışdı. Belə xəyanəti o heç kəsə bağışlaya bilməzdi
— nə arvadına, nə birinci vəzirinə, nə axırıncı faytonçuya.
Padşah dərhal tədbir tökdü. O yaman tez-tədbir padşah idi:
bütün rəiyyət — baş vəzirdən aşpaza qədər hər səhər yazılı
surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim
etməlidir.
Bu gündən etibarən padşahın işi-peşəsi yuxuların
məzmununu oxumaq idi. Çoxusunun məzmunu qatmaqarışıq,
dolaşıq və səfeh idi. Tezliklə bu padşahın pisini vurdu. O
qərara gəldi ki, bu axının qabağını alsın. Padşah yuxuları
ixtisara salmaq haqqında fərman verdi. Ancaq bazar günləri
yuxu görməyə icazə verilirdi. Bəzi imtiyazlı şəxslərin —
vəzirlərin, vəkillərin — həftədə əlavə yarım yuxu görməyə
icazələri vardı — cümə günləri.
Padşah razıydı ki, heç kim, heç vaxt onun qanunlarını
pozmur. Hamı ancaq icazəli günlərdə yuxu görür və gördükləri
haqqında müfəssəl məlumat verirdi. Amma ortalığa təzə bir
məsələ çıxdı. Yuxular az olsa da, hər halda yenə də biməna,
biməzmun və səfeh idilər. Bu yuxuların məmləkətə heç bir
xeyri yox idi. Padşah çox fikirləşib axırı tapdı. O, bir komissiya
düzəltdi. Həmin komissiya yuxuları təyin və tənzim etməli,
yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi —heç bir
dolaşıqlıq, qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır. O yana,
529
bu yana yozulan şeylər görməməli, qara basmaq filan —
qadağandır! Yuxular sağlam ruhlu, aydın və açıq olmalıdır.
Yuxuların həftəlik icmalını oxuyanda padşahın üzü gülürdü.
Axı hamı eyni şeyi görürdü, amma hərə öz üslubunda,
ruhunda: biri padşahı uca dağın başında, biri güllü-çiçəkli
bağda, biri ağ atın belində görürdü. Belə yuxuları padşah çox
bəyənirdi — o yeknəsəklikdə müxtəlifliyi, müxtəliflikdə
yeknəsəqliyi xoşlayırdı. Padşah öz-özünə düşünürdü: "nə
qəribə yuxulardır. Mən — at belində! Axı mən ömrümdə at
minməmişəm. Görəsən at belində necə görünürəm? Kaş özümü
bircə dəfə yuxuda görəydim".
Ancaq görə bilmirdi. Çünki yata bilmirdi. Yuxusuz gecələri
uzandıqca uzanırdı. Bir gecə — ilin ən uzun gecəsi —
arvadının hörükləri kimi uzun və qara Şəbi-yeldada —
padşahın qəlbi kədər və yalqızlıq qəmiylə lim-həlim doldu.
Qəlbi daşa dönmədi, yox, amansızlaşmadı. Özünün özünə
yazığı gəldi.
Düşündü ki, bax indi bütün rəiyyətim arxayın-arxayın və
xoşbəxt–xoşbəxt yatır (yuxu görmürlər — çərşənbədir!) Amma
mən gözümün çimirini ala bilmirəm. Rəiyyət bəxtiyardır və
rahatdır, çünki padşahları mənəm —adiləm və müdrikəm.
Padşah bir az da düşündü və ağlına çox sadə, çox dərin bir fikir
gəldi: "yaxşı, niyə gərək hamının qeydinə qalasan, hamını
xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən. Niyə
hamının kefi kök olmalıdır, səninki pis".
Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa gəlib
ardını düşünməyə başladı. "Çox əcəb, əgər mənim arvadım,
ailəm, həmpeşəm, dostum, curum yoxdursa, heç olmasa
ortağım olmalıdır — yuxusuzluq şəriklərim. Kimsə
yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə mənimlə əlbir
olmalıdır. Kimsə yox, hamı! Səhərə yaxın qərar hazır idi:
məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar
banlayanda padşah bu qanunu imzaladı və ilk dəfə sakit və
bərk yatdı.
530
Sabahısı fərman camaata çatdırıldı: 1. Məmləkətdə heç kəs
yatmamalıdır. 2. Məmləkətdə hamı xoşbəxt olmalıdır.
Bütün məmləkət bu fərmanı sevinc və şadlıqla qarşıladı —
axı bu padşahın müdrikliyinin və camaat haqqında qayğısının
yeni təzahürü idi.
Padşahın qəlbi də camaatın sədaqətindən, səmimi
sevgisindən isinir, fərəhlə dolurdu. Bax bu saat, bu gecə vaxtı,
padşah yuxlaya bilmir, bütün məmləkət də yatmır. Doğrudur,
hərə öz evindədir, padşah isə əvvəlki kimi sarayında təkdir.
Amma o bütün varlığıyla min cüt qapanmamış, qırpılmayan
gözün mehriban baxışlarını duyur. Padşahın heç ağlına da
gəlmirdi ki, təbəələrinin yatıb yatmadığını yoxlasın. Onun
şübhədən, yalandan zəhləsi gedirdi. Padşah hamıya inanan
padşah idi.
–Təbəələrim xoşbəxtdirmi? — deyə padşah keçmiş ikinci
vəzirdən xəbər alırdı. Baş vəzir qaçandan sonra ikinci vəzir
onun yerini tutmuşdu.
–Əlbəttə, padşah sağ olsun, sizin təbəələriniz yer üzündə ən
xoşbəxt adamlardır.
–Onlar yaxşı, mehriban dolanırmı? — deyə padşah soruşurdu.
–Əlbəttə, padşah sağ olsun. Hər dəqiqə qucaqlaşıb
öpüşürlər.
–Bu ağ yalandır —deyə keçmiş üçüncü, indiki ikinci vəzir
qəflətən sözə qarışdı.
Hamı mat–məəttəl donub qaldı.
İkinci vəzir:
–Padşah sağ olsun — dedi — sizi daim aldadırlar.
Təbəələriniz heç də öpüşüb qucaqlaşmırlar. Onlar səhərdən
axşamacan qızğın mübahisə edirlər.
–Mübahisə edirlər? —deyə padşah təəccübləndi —nə barədə
mübahisə edirlər?
–Onlar bəhsə-bəhs edirlər. Hər biri deyir ki, dünyada ən
xoşbəxt adam mənəm.
–Hə, belə de —padşah rahat nəfəs aldı. —Onda eybi
531
yoxdur, bu sağlam mübahisədir.
Padşah fikrə getdi və öz-özünə qərara gəldi ki, ikinci vəziri
prinsipial və doğrucu adam kimi birinci vəzirin yerinə, birinci
vəziri isə ikincinin yerinə tə'yin eləsin.
Amma birdən üçüncü vəzir söz aldı.
–Padşah sağ olsun — dedi — məndən böyük vəzirlər, ikisi
də haqlıdır. Amma bir şeyi deməyi unutdular. Təbəələriniz
qucaqlaşıb öpüşürlər də, qızğın mübahisələr də edirlər. Ancaq
ən çox bir-birlərini əzişdirirlər.
–Əzişdirirlər? —padşah üz-gözünü turşutdu — aman allah,
bu nə vəhşilikdir. Axı niyə bir-birlərini əzişdirirlər.
–Bu səhər iki novcavan lap az qala bir–birlərini
öldürmüşdülər — deyə üçüncü vəzir xoş, həlim səslə sözünə
davam etdi — biri deyirdi ki, hamıdan çox padşahımızı mən
istəyirəm, o birisi deyirdi ki, dünyasında ola bilməz, məndən
çox onu istəyən yoxdur.
Padşah qızardı və utancaq-utancaq gülümsündü. Üçüncü
vəzir baş vəzir, baş vəzir üçüncü vəzir oldu. İkinci elə
ikinciliyində qaldı.
Gecə padşah düşünürdü: "Görünür mən çox yaxşı padşaham
ki, camaat məni bu qədər istəyir, bir–birlərini əzişdirirlər hətta.
Bu fikirlərdən padşahın camaata lap südü daşdı. "Neyləyim
ki, camaatımı bir az da artıq xoşbəxt eləyim" — deyə düşündü.
Yuxusuz gecələrində elə hey bu barədə düşünürdü.
Düşünürdü, tapa bilmirdi, darıxırdı. Nəhayət bir gecə ağlına
gözəl bir fikir gəldi: "Yaxşı, balam, vəzir demir ki, yuxular
qadağan olunandan bəri, camaat xeyli xoşbəxtləşib? Deməli
camaatı daha da xoşbəxt eləməkçün yenə bir şeyi qadağan
eləmək gərəkdir"...
Səhər padşah vəzir-vəkili məşvərətə çağırdı.
–Məsələ belədir —deyə onları işdən agah elədi və sözünü
belə tamamladı: — fikir məndən, qadağanları tapmaq sizdən.
Nəyi qadağan edək ki, camaatın kefi bir az da durulsun.
Vəzirlərdən biri əlifbadan "S" hərfinin çıxarılmasını və "S"
532
hərfi olan bütün sözlərin qadağan olunmasını təklif etdi. Onun
dili şirin idi. "S" yerinə "C" deyirdi.
O biri vəzir təklif etdi ki, qadınlar saçlarını dibindən
vurdursunlar; qızlara, qadınlara saç saxlamaq qadağan olunsun.
Onun arvadı daz keçəl idi.
Vəzirlərdən biri də dedi ki, hər yanı, hər şeyi mixəyi rəngə
boyayaq. O, daltonik idi, rəngləri ayıra bilmirdi.
Nəhayət vəzirlərdən biri də, nədənsə təklif elədi ki, sual
işarəsi və sual cümlələri qadağan olunsun.
Bütün təkliflər qəbul olundu. Padşah dedi:
—Amma unutmayın ha... Fərmanda xüsusi qeyd edilməlidir
ki, hamı xoşbəxt olmalıdır.
Bir neçə gündən sonra padşah: —təzə qanunlarımız yaxşı
icra olunur? —deyə xəbər almaq istədi, ancaq yadına düşdü ki,
sual qadağan olunub və cümləsini təsdiq şəklində dedi. Sonra
əlavə etdi —heç bir çətinlik–flan da yoxdur.
Baş vəzir:
—Yoxdur —dedi. Padşah:
—Amma mən özüm bəzi çətinliyə düşürəm — dedi. — Padşah
hamıdan qabaq özü öz qanunlarına riayət etməlidir. Doğrudur,
mən nə qadınam, nə də rəssam, odur ki, o maddələr heç vecimə
deyil... Amma... hərfi, bilirsiz də hansı hərfi deyirəm... Bu maddə
yaman cəncəl imiş. Mən heç bilməzdim ki, bizim yəcuc-məcuc
dilində həmin hərf olan bu qədər söz varmış. Amma bundan da
cəncəlli sual maddəsidir. Mənim iki qaraulçum var. Həmişə vaxtı
onlardan xəbər alardım. İndi qalmışam belə, xəbər ala bilmirəm.
Qaraulçulardan biri arifdir. Vaxtı bilmək istəyəndə ona deyirəm:
indi saat on ikidir. — Xeyr, padşah sağ olsun —deyir, yeddinin
yarısıdır. Amma ikinci qaraulçu qanmazın biridir. Həm qorxaqdır,
həm də yaltaq. Hansı saatı desəm: bəli, bəli, padşah sağ olsun, düz
buyurursunuz —deyir. Onun növbəsi olanda vaxtı bilə bilmirəm.
Padşahla vəzir qərara gəldilər ki, bundan sonra sual
qadağası, istisna olaraq onların ikisinə aid deyil. Bu gecə
vəzirlə söhbətdən sonra padşah yenə yata bilmirdi. O
533
düşünürdü. Düşünürdü ki, dünya çox gidi dünyadır. Onun
fərmanları gör nə qədər adamı xoşbəxt edib, padşahın özüyçün
isə bu qadağalar əziyyətdir, çətinlikdir. Bütün qadağaları yadda
saxlamaq yaman dərddir. İllah da padşahın özüyçün.
Padşah burda qalsın, sizə kimdən deyim, baş vəzirdən.
Günlərin bir günündə baş vəzir padşahın yanına iri bir
müçrü gətirdi. Mücrü dolu material idi. Baş vəzir o biri
vəzirlərin qanunu pozmalarına aid sənədlər gətirmişdi. Padşah
dəhşətə gəldi — burda nələr yox idi?! Maqnitofon lentinə
vəzirlərdən birinin səsi yazılmışdı — gecə vaxtı arvadıyla
söhbətdə o yasaq hərfli sözlər deyirdi. Mixəyi deyil, yaşıl
yarpaqlı budaq — bu budaq vəzirlərin birinin həyətlərindəki
ağacın budağıdır. Fotolardan biri başqa bir vəzirin uzun
hörüklü qızının şəkli idi. Və nəhayət, xüsusi gizli cihazla ikinci
vəzirin sayıqlamaları yazılmışdı — aydın məsələ idi ki,
sayıqlayırdısa, deməli yatıbmış, hətta yuxu da görürmüş,
yaramaz, özü də haçan — şənbə günü.
Padşahın dili-dodağı əsirdi. O çox kövrək və dəymədüşər
padşah idi.
—Neyləyək bunlara, bu qanunu pozanlara? — deyə padşah
həyəcanla soruşdu.
Baş vəzir xoş və mehriban səslə: — Padşah sağ olsun —
dedi — hələlik, əvvəl–əvvəl tutaq basaq. Dalısına baxarıq.
—Hara basaq?
—Məhbəsə — deyə vəzir həlim və yavaş səslə cavab verdi.
Padşah:
–Axı bizim məmləkətdə məhbəs yoxdur — dedi. Vəzir daha
da incə və yumşaq səslə:
–Yoxdur, tikərik —dedi.
Padşah fikrə getdi, sonra dedi:
–Onda ən yaxşı memarlara tapşırın. Müasir üslubda,
yaraşıqlı, sadə və dəbdəbəli olsun.
Vəzir:
–Ən yaxşı layihə üçün müsabiqə elan edirik —dedi.
534
Padşah:
–Bina əzəmətli, təntənəli və möhkəm tikilməlidir — dedi.
—Biz gələcəyi də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün
deyil, gələcək nəsillərçün də tikməliyik.
105 layihədən biri bəyənildi. Qısa müddətdə möhtəşəm və
geniş bir imarət ucaldıldı. İmarət nə imarət, ayağı dəryadan,
başı göydə buluddan nəm çəkir, bir kərpici qızıl, bir kərpici
gümüşdən, adam baxanda gözü qamaşır. Məhbəs elə yaraşıqlı
idi ki, adamlar qəsdən qanunu pozurdular — təki ora düşsünlər.
Tezliklə məhbəs zığ verincə doldu və heç bir cinayətlə ora
düşmək mümkün olmadı. Tək–tük zirəklər rüşvətlə, tanışlıqla
bir-iki gecəliyə 98-99-cu mərtəbələrdəki kameralara düşə
bilirdilər.
1000-ci məhbus-baş vəzirin gözəl və gənc bibisi qızı—Miss
Məhbəs e'lan edildi. Padşah şəxsən onu öpdü və biləyinə zərli
qolbaq-buxov taxdı.
Baş vəzir özü də Məhbəsdə özüyçün yeddi kameralıq bir
mənzil qapışdırmışdı. Pəncərəsindən gözəl mənzərə açılırdı:
dəniz görünürdü. Bilmirəm hansı dəniz — ya Qırmızı dəniz, ya
Sarı dəniz...
Sözün doğrusu, padşahın özünün də bu məhbəsdə gözü
vardı. Bir ara istəyirdi ora köçsün. Sonra fikirləşdi ki, qonşu
məmləkətlərdə bu hərəkəti düzgün qiymətləndirməzlər.
Padşah yata bilmirdi ki, bilmirdi. Yaman ürəyi darıxırdı.
Heç aram tapa bilmirdi. İcazə verilməli nə vardısa icazə
verilmişdi, qadağan olunmalı nə vardısa qadağan olunmuşdu.
Padşaha bircə düşünmək qalırdı. O da elə hey fikir çəkirdi.
Yenə dərin düşüncələrə dalmışdı ki, nagahan başına iki fikir
gəldi. Həm də bu iki fikir bir-biriylə həmqafiyə idi. Padşah lap
mat-məəttəl qaldı, bir az da düşündü və bu iki qafiyə fikrə
üçüncü bir qafiyə fikir də tapdı. Belə olan surətdə qərara gəldi
ki, bütün fikirlərini qafiyələsin. Padşah bu işə elə uydu ki,
uzun-uzadı bir şe'r yazdı. Şe'ri bitirəndə isə əvvəlki fikirlərini
unutdu və başa düşdü ki, fikir əsas deyil, əsas qafiyə və şe'rdir.
535
Əslinə baxanda şe'r yazmaq dünyada ən vacib işdir, padşahlıq,
taxt-tac-flan isə bir qoz. Bu fikrə gəlib padşah düz beş yüz əlli
beş şer yazdı. İndi padşah qəti yəqin eləmişdi ki, bu dünyaya
padşahlıq etməkçün yox, şe'r yazmaqçün gəlib. İstədi səhər bu
barədə bütün məmləkətə car çəksin. Ancaq o başdannan belə
bir fikrə gəldi ki, car çəkmək-flan lazım deyil, bu barədə
hamıya, illah da baş vəzirə demək də vacib deyil, lazım deyil
və hətta təhlükəlidir. Padşah belə qərara gəldi ki, mənim
padşahlığım gərək şairliyimə mane olmasın, şairliyim də
padşahlığıma. O çox ayıq padşah idi.
Amma hər bir şairin də, hər bir padşah kimi gərək camaatı,
kütləsi olsun. Padşah şerlərini saray şairlərinə oxumaq
istəmirdi. Onlara inanmırdı. Bir dəfə tək səbr gətirmişdi, saray
şairləri bir ağızdan demişdilər ki, xeyrədir. Axşam isə arvadı
vəzirə qoşulub qaçmışdı. Bundan sonra padşah saray şairlərinə
inamını itirmişdi.
Padşah vəziri hüzuruna çağırıb:
–Yanıma bir şair gətir — dedi.
Vəzir:
–Hansı kameradan? —deyə xəbər aldı.
Padşah:
–Hüzuruma əsl şair gətir —dedi.
Vəzir:
–Padşah sağ olsun — dedi — bir nəfər əsl var, amma o da dağa-
daşa düşüb. Bilmirəm indi hansı meşədə, hansı səhradadır.
Padşah:
–Yerin altında da olsa, üstündə də, tapın gətirin — dedi.
Soraqlaşıb şairi tapdılar, gətirdilər. Şair şümal boylu, enli
kürək, məğrur bir gənc idi. Bığ yeri bənövşə kimi yenicə baş
qaldırıb. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif-Kənan
onun əlinə su tökə bilməzdi. Üzünə baxan deyirdi bir də baxım.
Padşah ona yer göstərdi, sonra öz şe'rlərini oxumağa başladı.
Oxudu qurtardı.
–Necədir? — deyə xəbər aldı.
536
Şair:
–Nə necədir? — deyə soruşdu. Onun qanun–qadağalardan,
olar-olmazlardan xəbəri yox idi. Bilmirdi ki, sual vermək
qadağan olunub.
Padşah:
–Şerlər — dedi.
–Hansı şerlər?
–İndicə sizə oxuduqlarım.
–Məgər bunlar şer idi — deyə şair üçüncü dəfə qanunu
pozdu.
Padşah boğuq səslə:
–Bəli —dedi.
–Axı bunlar şer deyil.
–Niyə?
–Çünki şer tamam başqa şeydir.
Padşah:
–Deməli şerlərim xoşunuza gəlmədi? — dedi.
Şair:
–Hansı şerlər? —dedi.
Padşah qəmli—qəmli vəzirinə baxdı, həlim səslə:
–Bu adam dörd dəfə qanunu pozdu —dedi və lap yavaşdan
əlavə etdi: — işinə baxın.
Vəzir şairə:
–Siz həbs edilirsiniz — dedi.
Şair qanun–qadağalardan bixəbər olduğuyçün elə güman
etdi ki, guya onu şahın yazılarını bəyənmədiyinə görə həbs
edirlər.
Vəzir:
–Padşah sağ olsun —dedi —məhbəsdə boş yer qalmayıb.
İzn verin müvəqqəti olaraq bunu tövləyə salaq.
Padşah dodağını büzdü:
–Xırda-xuruş məsələlərçün mənim vaxtımı alma. Bu adam
qanunu pozub. O dustağa salınmalıdır. Harda, nə cür, nə
müddətə — bütün bunların nə əhəmiyyəti var?
537
Gecə isə padşah yenidən şer yazırdı. O yazır, yazır, elə hey
yazırdı, amma heç kəsə oxumurdu. Düz bir il durmadan yazdı.
Seçilmiş əsərlərinin yüz cildi tamam oldu. Düz bir il tamam
olanda padşah vəzirini çağırdı.
–Şairi hüzuruma gətir —dedi.
Bir qədərdən sonra padşahın hüzuruna saçı ağarmış, beli
bükülmüş, dişləri tökülmüş bir qocanı gətirdilər. Bu haman şair
idi.
Padşah mehribanlıqla:
–Yaman dəyişmisən — dedi — dünyasında tanımazdım.
Yəqin çox işləyirsən. Bizim bu andıra qalmış peşəmiz adamı
tez qocaldır — o yorğun-arğın bir ədayla əlavə etdi — mən də
bu ili çox işləmişəm. Xeyli yazıb-yaratmışam. "Mənim sözüm"
adlı kitab yazmışam. Bir qulaq ver.
Padşah düz beş saat yarım yazdıqlarını oxudu. Şair susub
durmuşdu.
Padşah oxuyub qurtardı, məlul–məlul şairə baxdı:
—Fikrini söylə, çəkinmə —dedi.
Şair:
—Əmr eləyin məni təzədən tövləyə salsınlar —dedi.
—Axı, niyə, niyə, niyə, nə üçün — həyəcandan padşahın
dili–dodağı təpirdi — niyə görə mənim şerlərimi bəyənmirsən?
—O doğrudan yanıb-yaxılırdı.
Şair:
—İnciməyin —dedi —hər kəs padşah ola bilmir, hər kəs də
şair ola bilməz.
Padşah inadla:
—Yox, ola bilər —dedi. O həm də çox tərs, höcət padşah idi
—Mən sənə isbat edəcəm ki, hamı şair ola bilər, hamı, hamı,
hamı. Yoxsa elə bilirsən sən göydən zənbillə tək düşmüsən.
Səndən başqa bu cahanda şair yoxdur. Şairlik çox çətin işdir?
İndi hamı şair olar, onda görərsən.
Səhərisi kün fərman çıxdı. Məmləkətin bütün əhalisi şe'r
yazmalıydı. Yazmaqdan başqa hamı bir-biriylə şerlə
538
danışmalıydı. Hər şey qafiyələnmişdi — dövlət qanunları,
restoran menyüləri, qatarların gəlib-getmə cədvəli. Əgər qafiyə
düz gəlməsə qanun maddəsi ya cədvəl dəyişdirilirdi. Xırda-
para müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın
olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma
ünvanının qafiyəsini tapanacan bina yanıb qurtarmışdı.
Padşah şairə:
—İndi sən azadsan — dedi. — Get adamların içinə, həyata
yaxın ol, görəcəksən ki, neçə yanılırsanmış. Hamı şer yaza
bilər, hamı şer yazmalıdır və hamı şer yazacaq.
Biçarə şair küçəyə çıxdı. Əvvəlcə gün işığından gözləri
qaraldı. Susuzluqdan dodaqları çadar-çadar olmuşdu. Su istədi,
amma nəsrlə istədiyindən ona su verən olmadı. Özünə çəkmə
almaq istəyirdi, yeyib qarnını doydurmaq, bir yer tapıb
gecələmək istəyirdi. Amma elə nəsrnən danışırdı. Tərsliyindən
yox. Bacarmadığından. O şer yazmağı bacarırdı, amma şerlə
danışmağı bacarmırdı.
Şairə ya heç cavab vermirdilər, ya da şe'rlə cavab verirdilər.
Şair gün ərzində o qədər qafiyə eşitdi ki, axşam gedib özünü
qayadan atdı.
Xəbər padşaha çatdı.
Baş vəzir şerlə:
—Şair özünü qayadan atdı –dedi —öldü.
Padşah qəzəblə:
—O ölə bilməz —dedi.
Yeri gələndə o qəzəblənməyi də bacarırdı.
Vəzir:
—Siz həmişəki kimi haqlısınız —dedi —o ölə bilməz.
—Madam ki, ölə bilməz, deməli ölməyib, sağdır.
—Düz buyurursunuz, ölməyib, sağdır.
—Madam ki, sağdır, gərək ona hörmət edək. Şairlər
ölkəsində hər şair ehtirama layiqdir. Şairə yaxşı bir heykəl
qoymaq lazımdır. Ona gözəl bir mənzil — sərdaba tikmək
lazımdır, xüsusi maşın katafalk təhkim etmək lazımdır,
539
qəzetlərdə şəkillərini çap etmək lazımdır. Hamı bilməlidir ki,
şair sağdır. Bir də ki... padşah fikrə getdi, tutuldu, bir müddət
susdu, sonra kədərlə əlavə etdi: — bu ölüm çox mənasız işdir.
Belə xoşbəxt bir diyarda ölmək olar? Belə yerdə ölmək, illah
da intihar etmək, nanəciblikdir. Mən təbəələrimə ölməyi qəti
qadağan edirəm.
Padşah bu sözləri amiranə bir tərzdə dedi və içində sevindi
—qadağan eləməli təzə bir şey tapmışdı.
Günlərin bir günündə padşah vəzirə müraciət etdi:
–Vəzir, indi mən ölümü də qadağan eləyəndən sonra
təbəələrim yə'qin daha lap xoşbəxtdirlər.
Vəzir:
–Bəs necə ki, şah sağ olsun —dedi — bizim keçmiş
padşahlar, sizin atanız, babanız və ulu babanız da az-çox
qadağan etmişdilər, amma sizə çatan olmaz.
Padşah fikirli–fikirli:
–Bəli —dedi —Atam allahı qadağan elədi, mən heç
bilmirəm o nə deyən şeydir, amma uşaqlıqda anam hərdənbir
onun adını çəkərdi. Babam güzgü deyilən bir şey varmış, onu
qadağan edib. Mən heç bilmirəm o nə deyən sözdür. Axı bu
qadağadan neçə il sonra dünyaya gəlmişəm.
Vəzir:
—Güzgü! —dedi —mən heç belə sözü yerli-dibli
eşitməmişəm.
Padşah dedi:
–Az–maz yadıma gəlir ki, uşaqlıqda nənəm danışardı. Bu
güzgü kim imişsə, babama həmişə deyərmiş ki, sən çirkinsən,
eybəcərsən. Babam da onu məhv eləyib, bütün nəslini qırıb
məmləkətdən yox edib.
Vəzir:
–Padşah sağ olsun — dedi — bütün bu qadağalar bizi
xoşbəxt elədi. Amma, bilmirəm deyim–deməyim, heç dilim də
gəlmir, mənim də sizdən bir böyük xahişim var. Şəxsi xahişim.
Padşah:
540
–Sən yaxşı vəzirsən —dedi —Səndən razıyam. De gəlsin.
Nə istəsən edərəm.
Vəzir:
–Qadağan edin —dedi.
Şah:
—Qadağan ediləsi bir şey qalıbsa, edərəm —dedi.
Vəzir:
–Qalıb, qalıb — dedi —elə bir şey qalıb ki, sizin sadiq
təbəələrinizi tamam xoşbəxt olmağa qoymur.
–Denən görüm o nədir. Qadağan edək.
Vəzir pıçıltıyla:
–Eşq-məhəbbət —dedi.
Padşah:
—Eşq-məhəbbət — deyə təkrar etdi və onun ürəyi sancdı,
keçmiş arvadı yadına düşdü.
—Bəli, məhəbbət, sevgi. Nə qədər ki, sevgi qadağan
olmayıb, adamlar aşiq olacaqlar, həsrət çəkəcəklər,
qısqanacaqlar, ağrıyacaqlar, təklikdən bağırları çatlayacaq.
Vəzir arif adam idi, elə sözlər seçirdi ki, padşahın ürəyinə
tikan kimi batırdı, qəlbinin yaralarına duz basırdı.
–Oğlum — padşah ilk dəfə idi ki, vəzirinə belə müraciət
edirdi — sən belə yaraşıqlısan, cavansan, gözəlsən. Sən
məhəbbətin ancaq xoş üzünü görmüsən, sən nə bilirsən
qısqanclıq, intizar, iztirab, təklik nədir?
–Padşah sağ olsun, mən bütün bu hissləri axır üç saat
ərzində keçirmişəm.
—Üç saat! Qəribədir! Arvadın gözəldir, cavandır, səni sevir,
sənə sadiqdir.
—Şah sağ olsun, mən də elə bilirdim. Ancaq dörd saat
bundan qabaq arvadım şəhər kənarına gəzintiyə çıxmışdı. Orda
sizin babanızın — güzgünü qadağan edən padşahın qəsrinin
xərabələri var. Arvadım bu xərabələrə baxmağa getmişdi. O
xarabalıqlardan nə isə balaca bir şüşə qırığı tapıb gətirib evə.
Mən indi bildim ki, bu tilsimli şüşə imiş. Arvadım dönüb olub
541
ayrı adam.
—Necə ayrı adam?
–Bəli. İş orasındadır ki, mənim bir baldızım vardı,
arvadımın ekiz bacısı. Neçə il bundan qabaq öldü — vəzir
tələsik əlavə etdi — o vaxt hələ ölməmək haqqında qanun
çıxmamışdı.
Padşah:
–Yaxşı, sonra — dedi.
–Arvadım həmin şüşədən gətirib hər dəqiqə bu şüşəyə baxır,
öz-özünə gülür, danışır: əziz bacım, gözümün ağı-qarası —
deyir, axır ki, səni gördüm. Elə bil mənə dünyanı bağışladın.
Bu sehirli şüşədən görürəm ki, sağ–salamatsan, maşallah,
gülürsən, danışırsan.
Padşah:
–Yox əşi, — dedi.
–Bəli, şah sağ olsun. Əvvəlcə mən elə bildim başına hava
gəlib. Amma sonra şüşəni gizlədib hamama getdi, mən də
əlüstü şüşəni götürüb baxdım. Baxdım nə gördüm!
–Nə gördün? —deyə padşah maraqla soruşdu.
–Şah sağ olsun, bu doğrudan da sehirli şüşə imiş. Amma
arvadım məni aldadıbmış. Ömrümüzdə birinci dəfə idi mənə
yalan satırdı. Şüşədə bacısı-zad yox imiş. Bacısıynan-zadnan
danışmırmış. Şüşəyə baxıb mən cavan və gözəl bir oğlanı —
xoşbəxt rəqibi gördüm. Qan vurdu başıma, o saat gördüm ki, o
da hirsləndi, qaşlarımı çatdım, o da çatdı və başa düşdüm ki,
mən nə qədər ona nifrət edirəmsə, o da mənə o qədər kin
bəsləyir. Arvadım da bu adamla danışır, sözləşirmiş, bu
novcavan da şüşədən ona him-cim eləyirmiş. Mənim bağrım
çatlayır, əlahəzrət, qısqanclıqdan boğuluram. Siz məni
qaldırdınız, üçüncü vəzir idim, birinci oldum, bütün rəqiblərimi
və düşmənlərimi yerlə yeksan edib xoşbəxtliyə çatdırdım.
Baxtlarını açıb qapılarını bağlatdım, amma bu adamı mən
tanımıram, heç vədə onu görməmişəm. Bilmirəm arvadım
onunla harda tapışıb. Mənim ürəyim partlayır. Bütün hökmüm,
542
qüdrətim acizdir. Yalvarıram, əlahəzrət, məhəbbəti qadağan
edin ki, daha o vəfasızı sevməyim, sakit olum. Yenə xoşbəxt
olum.
Padşah:
—Əzizim —dedi — heç kefini pozma, o bizim əlimizdə
nədir ki, bu saatca qadağan edərik. Amma mən də sənin o
rəqibini görmək istəyərdim. Görüm, o vəfasız sənin kimi iyid,
gözəl, çavan oğlanı kimə dəyişib. Bəlkə mən tanıdım onu. Əgər
mənim təbəələrimdən olsa, vay onun halına, hanı o şüşə, ver
görüm.
Vəzir:
—Budur —dedi, cibindən balaca bir şüşə parçası çıxardıb
padşaha uzatdı.
Padşah aldı, baxdı, baxdı, sonra bərkdən qəhqəhə çəkib
güldü.
–Baş vəzir olsan da, axmağın birisənmiş —dedi —Belə
çirkin, eybəcər bir qoca kaftardan ötrü qanını qaraldırsan.
Padşah çox ağıllı və təcrübəli padşah idi, adamın sifətinə
baxıb bütün varlığını təyin edə bilərdi. İndi də şüşəyə baxıb
deyirdi:
–Əşi, bunun küt sifətini görmürsən, görmürsən ki, axmağın,
rəzilin biridir, bütün dünyaya nifrət edir. Özünü xeyirxah
göstərir, amma hamıya kin bəsləyir. Kin bəsləyir, ona görə ki,
bədbəxtdir. Bədbəxtdir, ona görə də hamını bədbəxt etmək
istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb. Bu gün sabah
gorbagor olacaq. Belə bir gorbagorun üstündə qanını
qaraltmağa dəyərmi?!
Doğrudan da padşah düz deyir: qanını qaraltmağa dəyərmi?
8 aprel, 1970
|