ƏLAQƏ
(Fantastik povest)
Bu yayın istisi bir özgə isti idi. Adətən, ən qızmar yay
aylarında belə havanın yapışqan kimi çiriş keçdiyi dözülməz
bürkü günlərindən sonra şəhərə qəfil dəniz küləyi hücum
çəkirdi, açıq qalmış pəncərələrin şüşələrini qırıb tökürdü və
adama elə gəlirdi ki, bu çilik–çilik sınıb tökülən istinin,
bürkünün özüdür. Bir neçə gün sonra yenə də havadan od
tökülərdi, amma arada qalan bu qısa müddətdə şəhər etibarsız
sərinliyin ləzzətini səhra yanğısında qarşıya çıxan quyu suyu
kimi başına çəkirdi.
Bu avqust başqa avqust idi: dördüncü həftə idi ki, hərarət
ölçənin civəsi 39-40 dərəcədən aşağı enmirdi ki, enmirdi. Hava
şəffaf, amma bir qədər bulaşıq horranı andırırdı. Bu horradan
görünməz azman-şüşəüfürən əcaib formalar düzəltmişdi —
evlər, ağaclar, maşınlar, insanlar arasında qalan küçələr,
meydan, müxtəlif boşluqlar — belə əcaib şüşə —horra–hava
formalar idi. Bir vaxtlar belə bir oyuncaq vardı: şüşə kürə, içinə
də cürbəcür, rəngbərəng çınqıllar, yarpaqcıqlar —əsl kəhrəbada
həkk olub qalmış yarpaqlar kimi. İndi səma tağının altında
istidən çapalayan şəhərin damları, qüllələri də sanki şəffaf
yarımdairənin qatı maddəsinə həkk olunmuşdu. Fabrik
borularından çıxan tüstülər göyə uçub getmir, havada ərimirdi.
Tüstülər keçə kimi səmaya döşənirdi. Bu bulanıq boz tüstü
zolağından başqa səmanın hər tərəfi apaçıq idi. Bir parça bulud
belə görünmürdü. Göylərin mavisi solmuşdu. Səma kirli
pambıq rəngindəydi. Gecələr səma tağı qatranı andırırdı; Elə
bil qır qazanına bir qom köz atmısan, sonra da qazanı tərsinə
544
çevirmisən —gecə düşəndə şəhər işıqları közərən papiroslara
oxşayırdı, sonsuz girdablardan gələn ulduz işıqları isə, sanki
boş fəzadan keçmir, qatı, qalın bir maddəni deşib çıxırdılar.
Otuz gün idi can qurtaran külək əsmirdi ki, əsmirdi. Ağac
yarpaqları, kövrək, incə söyüd salxımları hərəkətsiz asılıb
qalmışdılar, elə bil havanın qatılığına yapışdırılmışdılar, şəhər
civarında, çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə
torpağa yapışıb, daha doğrusu, mıxlanıb qalmışdı. Ehtizazsız,
tərpənişsiz. Atılmış siqaret yerə mismar kimi düşürdü. Sonra
kimsə onu tapdalayır, əzirdi, asfalta həkk edirdi və o zaman
tütün qırıqları da eyni cür hərəkətsiz donub qalırdı.
Şəhərin sakinlərinə elə gəlirdi ki, hamısı yavaş-yavaş əriyir,
tərə çıxır. Bir neçə gün, bir neçə saat da belə davam etsə onlar
əriyib atılmış dondurma kimi qabıq paltarlarından süzülərək
küçələrlə axıb gedəcəklər. Bu yalnız cismani bir düyüm
deyildi, həm də şüurlu hiss idi. Hər halda tələbə (bir həftə idi
ki, onun tələbə adlanmağa hüququ vardı, bir həftə bundan
qabaq köks təpəsindən atılıb çıxmağa hazır olan qəlbinin, sanki
içindən dışarıda səslənən döyüntüləri altında o, adını instituta
qəbul olunmuşlar siyahısında oxudu) özünü məhz belə hiss
edirdi: elə bil beyni istinin təsiri nəticəsində nə isə başqa bir
şeyə — mayeyəmi, buxaramı çevrilirdi. Səbəb yalnız istilərdə
idimi? Görəsən, niyə ömrün vacib sınaqlarından biri — ali
məktəbə qəbul imtahanları ilin ən bürkü ayına düşür? Bütün
bunlar hamısı tanımadığı yad cənub şəhəri (o bu şəhərə ilk dəfə
bir ay bundan qabaq gəlmişdi və indi azı beş il burada
yaşamalıydı), qəbul imtahanlarının üzücü gərginliyi, istilər,
istilər və nəhayət bəxtinin uğuru —instituta düşməsi (bu uğur
onun düşündüyündən də çox təsir etdi tələbəyə), bəli, bütün
bunlar birlikdə — tələbəni aydın şüurla dərk olunmayacaq,
qeyri–müəyyən, qeyri-real bir hala salmışdı. İndi bütün
həyəcanlar, təlaşlar sovuşandan sonra, tələbə dərslərin
başlanmasına qədər qalan bu müddətdə, bu qısa bekarlıq
fasiləsində nə edəcəyini, nədən başlayacağını bilmirdi. Hər
545
halda bir şeyi o, qət etmişdi —yataqxanada qalmayacaq. Artıq
onun yataqxanada qalmağa tam hüququ vardı, amma o,
hüquqdan heç vəchlə istifadə etməzdi. Təbiətən tələbə
adamayovuşmaz idi, özünə qapılmış, içinə çəkilmiş insandı və
qəbul imtahanı zamanı üç nəfər başqa abituriyentlə birlikdə
yataqxana otağında qalmaq məcburiyyəti onu bir daha
inandırdı ki, adamlarla, illah da yad adamlar ola, heç cür dil
tapa, ünsiyyət, ülfət bağlaya, əlaqə yarada bilmir. Bu
təşəbbüslər onunçün dözülməz işgəncəyə çevrilərdi. Tələbə
təəccüblənirdi ki, otaqdakı üç digər qonşusu —əvvəlcədən bir-
birlərini tanımasalar da elə ilk gün günortaya yaxın cur
olmuşdular — bir-birlərinin sözündən, sirrindən agah idilər.
Bir də tələbəni mat qoyan o idi ki, bu üç oğlan bir-birinə rəqib
kimi baxmırdılar. Halbuki, onlardan ikisi eyni institutun eyni
fakültəsinə daxil olmaq istəyirdi. Tələbə də sənədlərini məhz o
institutun o fakültəsinə təqdim etmişdi. Dördünün arasında
tələbə elə bir o oldu. Oğlanlardan biri elə ilk imtahanlardanca
kəsildi. O biri iki oğlan onun halına, ürəkdən və səmimi
acıdılar, amma özlərinin də aqibəti elə oldu. Qalan iki oğlandan
biri ikinci imtahandan, ikincisi isə axırıncı imtahandan kəsildi.
Bir gün sonra isə tələbənin daxil olduğu bilindi. Ancaq
tələbənin iki qonşusu (birinci oğlan kəsilən kimi yataqxanadan
getmişdi) heç də ona həsəd aparmır, paxıllıq etmirdi, əksinə,
deyirdilər ki, gəl bu xoş hadisəni birlikdə qeyd edək. Tələbə bir
bəhanə tapıb boyun qaçırdı. Bu adamlarla heç bir əlaqə
yaratmaq istəmirdi, fikirləşirdi ki, nə onun onlara, nə onların
ona xüsusi rəğbət bəsləməsinə əsas yoxdur. Onların
uğursuzluqdan sonra özlərini sındırmamaları, özlərini tox
tutmaları, zarafatları, lətifələri, öz aralarında, yataqxanadakı
başqa oğlan və qızlarla mehribançılıqları, ünsiyyətləri, asan
təmasları bir növ tələbəni daha da əzirdi, çünki qılıqsızlığını,
ülfətsizliyini bir daha gözə çarpdırırdı. Odur ki, sınaqdan qalib
çıxıb, bir nəfər tanış–bilişi olmayan şəhərdə yaşayacağını bilən
kimi, tələbə qalacağı yer haqqında düşünməyə başladı. O bura
546
gəlməmişdən bilirdi ki, yataqxanada tək qalmaq imkanı
olmayacaq, odur ki, tələbəlik həyatına hazırlaşarkən yavaş-
yavaş kiçik bir məbləğ yığıb hazırlamışdı. Məbləğ kiçik olsa
da, balaca bir otaq, ya guşə tutmağa bəs edərdi. İnstituta
düşdüyünü bilən kimi o, axtarışa başladı. Tələbə bilirdi ki, belə
axtarışları iki yolla aparmaq mümkündür, ya şifahi şəkildə,
tanış–bilişlər vasitəsilə, soraqlaşa–soraqlaşa (onun da
dediyimiz kimi, burada heç bir tanış–bilişi yox idi), ya da
yazılı, yəni elanlar vasitəsilə. Allahın ver günü tələbə elan
lövhəsi asılmış balaca küçəyə üz tuturdu, bura cürbəcür
adamlar toplaşardı —ev, mənzil, otaq, guşə kirayə verənlər,
kirayə götürənlər, dəyişənlər, çeşid-çeşid dəllallar və bir də
avara bekarlar. Onlar iri lövhənin qabağına yığışar, əllə, ya
makinada yazılmış, lövhəyə yapışdırılmış elanları oxuyar,
müzakirə, mübahisə edər, çənə-boğaz olardılar.
Düz altı gün idi ki, tələbə bu lövhənin qarşısına gəlirdi.
Hamısı da hədər. Bu gün lövhənin qabağında adam az idi,
tələbə yarım saata qədər dayandı, elanların hamısını elədən
belə oxudu və yenə də münasib bir şey tapmayıb kor–peşman
yola düzəldi. Ancaq bir addım atıb dayandı. Tələbəyə elə gəldi
ki, onu çağırdılar, adını çəkdilər. Şübhəsiz o yanılmışdı, çünki
bu şəhərdə üç nəfər yataqxana qonşusundan başqa heç kəs
onun adını bilmirdi. Onlar da bu şəhərdən çıxıb getmişdilər.
Ancaq qəribədir ki, tələbə yalnız adını eşitmədi, eyni zamanda
ona zillənmiş zəndli baxışları da hiss etdi. Tələbə çevrilib
baxdı: küçə bomboş idi, lövhənin qarşısında altı nəfər (tələbə
tezcə saydı onları) dayanmışdı. Onlar diqqətlə elanları
oxuyurdular. Onlardan ikisi cib dəftərlərini çıxarıb elanları ora
köçürdü, hər halda heç biri nə tələbəyə baxmaq, nə də onu
çağırmaq fikrində deyildi. Tələbə aramla küçəyə göz gəzdirdi,
sonra başını qaldırıb küçənin hər iki tərəfində yerləşmiş bir və
ikimərtəbəli evlərə baxdı. Pəncərələri də nəzərdən keçirdi, axı
ona dikilən baxışlar pəncərə arxasından da zillənə bilərdi.
Bütün pəncərələr istiyə baxmayaraq, ya bəlkə də elə istiyə görə
547
— kip bağlı idi. Heç yerdə heç kim görünmürdü. Lövhə
qarşısındakı iki nəfər lazım bildiklərini cib dəftərçələrinə
köçürüb yola düzəldilər, üç nəfər başqası da lövhədən aralanıb
tini buruldu. Gediş-gəliş az idi bu küçədə. Ancaq tindən qeyri–
adi dərəcədə uzun bir maşın — refrejerator buruldu və bütün
küçəni —tindən-tinə tutdu. Bu maşın nə isə yer üzündə çoxdan
məhv olub itmiş qədim heyvanları — kərtənkələnin nəhəng
əcdadını xatırladırdı. Məhz elə kərtənkələ kimi, nəhəng ilan
kimi qıvrılaraq tini buruldu, bir azdan quyruğu da çəkilib
gözdən itdi. Və ancaq, bundan sonra tələbə lövhə qarşısında
qalmış yeganə adama —göy köynəkli, hündür oğlana diqqət
yetirdi. Bu, tələbənin otaq qonşularından biri —həmin o ilk
imtahandan kəsilən oğlan idi. Tələbəyə elə gəlirdi ki, oğlan bu
şəhərdən çıxıb getmişdir. Onların çarpayıları yan–yana idi:
oğlanın qəribə şakəri vardı —gecə yuxuda kiminləsə bərkdən
mübahisə edər, qızışıb qışqırar, söyərdi, hər halda tələbənin
onunla görüşməyə, dayanıb kəlmə kəsməyə heç bir həvəsi yox
idi. Amma oğlan çevrilib tələbəyə tərəf addımladı. Qəribədir.
Gülümsəyən oğlan — tələbəyə elə gəlirdi ki, oğlan məhz ona
gülümsünür —yaxınlaşarkən tələbə gördü ki, bu heç də həmin
oğlan —onun yataqxana qonşusu deyil. Düzdür bir qədər ona
suyu çəkir, amma hər halda o deyil və təbii ki, heç gülümsünüb
eləmirdi də, tələbənin yanından da yad adam kimi sakitcə keçib
getdi. Amma bu anın gələcəkdə cərəyan edəcək işlər üçün
müəyyən əhəmiyyəti oldu: çünki məhz bundan sonra elə bil
kimsə tələbəyə dedi ki, lövhəyə bir də yanaş, elanları bir də
gözdən keçir. Tələbə elanları böyük diqqətlə başdan-axıracan
oxumuşdusa da, hər halda, qəribə bir daxili təkanın nəticəsində
yenidən lövhənin qarşısına qayıtdı və elanları bir-bir yenidən
oxumağa başladı. Tələbə bu işi son dərəcə böyük bir
vasvasılıqla icra edirdi. Halbuki, bilirdi — elanları indicə
oxuyub, münasib bir iş yoxdur və onları yenidən — ikinci dəfə
oxumaq mənasız işdir. Birdən eyni zamanda o həm kiminsə
baxışını hiss etdi, həm də səs eşitdi. Səs çox gümrah və nikbin
548
idi, həm də tələbəyə çox tanış gəlirdi.
–Tələbəyə eşq olsun! İşlər necədir?
Tələbə çevrilib baxdı və matı-qutu qurudu: qarşısında həmin
oğlan — kəsilib getmiş yataqxana qonşusu dayanmışdı. O,
yaşıl köynəkdə idi və tələbəyə baxıb gülümsünürdü. Tələbəni
təəccübləndirən o deyildi ki, cəmisi üçcə nəfəri tanıdığı belə
böyük şəhərdə məhz bu üç nəfərdən birisi rastına çıxıb. Tələbə
ona mat qalmışdı ki, ikicə dəqiqə bundan qabaq başqa bir
adamı məhz bu oğlana oxşatmışdı və dərhal da oğlanın özü tini
burulub onun qabağına çıxmışdı. Tələbə "telepatiyadır" deyə
düşündü. Əvvəllər də onun başına belə təsadüflər gələrdi:
kimin barəsindəsə düşünür, ya kimisə kiməsə oxşadırdı və bir
neçə dəqiqədən sonra ən gözlənilməz yerdə və ən ağlasığmaz
bir şəraitdə həmin adama — haqqında düşündüyü və ya kimisə
oxşatdığı adama rast gələrdi. Belə təsadüfləri "telepatiya" deyə
müəyyənləşdirmiş və onların sirri tələbəyə birdəfəlik izah
olunmuşdu. Başqa bir qəribəlik də vardı, amma o da tələbə
üçün izaholunmaz sirr deyildi; görürsən, bəzən o tanımadığı bir
şəhərə ya bir təbiət guşəsinə düşürdü və qəti bilirdi ki, heç bir
zaman — heç körpəlikdə də bu yerdə olmayıb, lakin nədənsə
gördükləri ona çox tanış gəlirdi. Yaxud heç bir vaxt yemədiyi
bir xörəyin, heç bir vaxt görmədiyi bir meyvənin dadını ilk
dəfə duyarkən bəzən ona elə gəlirdi ki, bu təm, bu dad ona
yaxşı tanışdır. Haradan? Bunun səbəblərini təyin edə bilmir və
əziyyət çəkirdi. Səbəblərin tapa bilmədiyi üçün yox, hadisənin
özünün qəribəliyi onun düşüncələrini məşğul edirdi. Nəhayət,
bir gün tələbə haradasa oxudu ki, irsiyyət genlərinin öz yaddaşı
var, nəsildən-nəslə keçən yaddaşı. Bu yaddaş həm də bəzən
birbaşa, müstəqim xətlə deyil, dioqanal üzrə — hansı ulu
xaladansa, ulu əmidənsə keçib gəlir. Bunu oxuyan kimi tələbə
sakit oldu. Qeyri-real və qeyri-mümkün təsadüflərin qəribə sirri
daha onun düşüncələrini yormurdu.
Küçə yenə də bomboş, adamsız idi. Sabiq otaq qonşusu
salam verib ötdü, bəlkə də ayaq saxlayıb görüşər, danışardı,
549
amma tələbənin qaraqabaq, qılıqsız adam olduğunu xatırlayıb
getdi.
Tələbə yenidən lövhəyə tərəf çevrildi və birdən-birə aşağıda
indiyə qədər nədənsə gözdən qaçırdığı bir elanı gördü. Elan
çox iri idi. "Necə olub ki, mən bu boyda elanı gözdən
qaçırmışam?" — deyə təəccübləndi. — Həm də elanın elə bir
xüsusiyyəti vardı ki, dərhal onu nəzərə çarpdırmalı idi.
Makinada çap olunmuşdu, amma not kağızının üstündə: beş
paralel not xətti, üstündə də hərflər. Hələ not xəttinin başında
kaman və bas açarları da çəkilmişdi.
Elanda göstərilənlər tələbənin düz bir həftədir sorağında
olduğu şeylər idi: tək otaq kirayə verilir: pəncərələri dənizə.
Bütün rahatlıqları var. Telefon, eyvan, lift, 20-ci mərtəbədə.
"Məgər bu şəhərdə. 20 mərtəbəli bina var?" deyə tələbə
düşündü, o, şəhərə pis bələd idi. "Madam ki, 20-ci mərtəbədəki
otaq kirayə verilir, deməli, iyirmi mərtəbəli bina da var". Ən
qəribəsi isə istənilən məbləğ idi. Məbləğ, o qədər kiçik idi, heç
inanmaq olmurdu. Elə bil onun real yox, rəmzi əhəmiyyəti
vardı. Bu tələbəni hər şeydən artıq şübhələndirdi. Axı
axtardığını tapanda və tapdığının məhz sən axtardığın
olduğunu görəndə bir qədər şübhələnirsən. Mümkünmüdür?
Belə xoş təsadüf ola bilərmi? Əgər tələbə keciksəydi və məlum
olsaydı ki, bir gün, ya bir saat bundan qabaq kimsə onu
qabaqlayıb, gözəl variant əldən çıxıb, o zaman bu səadət,
doğrudan da itirilmiş həqiqət olardı. Hər halda tələsmək
lazımdır, bircə dəqiqə də yubanmamalı! O, ünvanı yazdı.
***
Elanda göstərilmiş küçə, şəhərin köhnə hissəsində idi. Gec-
tez söküləcək birmərtəbəli evlər, əyri-üyrü dar küçələr, bu
küçələri basmış qeyri-müəyyən axıntılar, davalı, toylu, yaslı
həyətlər...
Belə zalım zarafat nəyə gərəkdir? Məgər bu elanlara nəzarət
edən–zad yoxdur ki, kim ağlına nə gəlsə yazıb lövhəyə vurur?
550
Niyə adam dolamağa bu cür imkan yaradılır? 20-ci mərtəbə!
Bu da sənin iyirminci mərtəbən. Belə düşünə-düşünə tələbə
birmərtəbəli evlərə göz gəzdirirdi: bax, bütün bu komaları yan–
yana yox, üst–üstə düzsən onda doğrudan da iyirmi nədir, lap
yüz mərtəbəli bina olar! Amma belə düşünməsinə baxmayaraq
tələbənin gözləri yenə də 17–i rəqəmini axtarırdı: elanda bu
nömrə göstərilmişdi. Nəhayət, tələbə rəqəmi gördü, həmin
rəqəm göydələn binanın deyil, ikimərtəbəli mülkün üstündə
vurulmuşdusa da, tələbə nədənsə dərhal arxayınlaşdı. Bu an
ona doğrudan da elə gəldi ki, elanda yazılanlar zarafat deyil,
gerçəkdir. Ev küçənin o biri tərəfində idi. Tələbə küçəni keçib
17 nömrəli evin qarşısında dayandı. Qapıdan iri bir qıfıl
asılmışdı. İkinci mərtəbədə balaca taxta balkon vardı. Otaqdan
ora çıxan qapı bir qədər açıq idi və oradan qara tül pərdənin
ucu çıxmışdı. Eyvanda gil qablarda qeyri-müəyyən rəngli süst
bitkilər vardı, görünür, onlara çoxdan su verən olmamışdı.
Hərəkətinin bütün mənasızlığını dərk edə-edə tələbə iki dəfə
qapını döydü, sonra çevrilib getmək istədi. Amma elə bu vaxt
qonşu darvaza açıldı, oradan ortayaşlı bir qadının başı göründü
və qadın acıqlı bir ədayla:
–Kimi istəyirsiz? — deyə xəbər aldı.
Tələbə bilmədi nə cavab versin, axı elanda familiya
yazılmamışdı.
–Mən elana görə gəlmişəm, — dedi, — bu küçə, bu ev,
nömrəsi...
Qadın daha da bərk hirsləndi:
–Burda çoxdan heç kəs yaşamır, —dedi və darvazasını
örtdü. Ancaq tələbəyə elə gəldi ki, qadın darvazanın ardından
çəkilməyib, dayanıb deşikdən onu izləyir.
Onu çağırdılar, tələbə lap aydın eşitdi ki, məhz onu
səslədilər, amma adını çəkdilərmi, yoxmu — bunu dəqiq deyə
bilməzdi. Hər halda ona müraciət edirdilər. "Ah" qədər qısa bir
nidayla onu hayladılar, tələbə çevrildi və doğrudan da ikinci
mərtəbədə eyvana açılan qapının ardında qoca bir qarını, daha
551
doğrusu, qadının güclə sezilən siluetini, kölgəsini gördü.
Tələbəyə, hətta elə gəldi ki, ona əl elədilər, işarə verdilər,
amma bunun belə olub-olmadığını qəti deyə bilməzdi. Hər
halda tələbə qıfıllı qapıya yanaşdı və eyvanın düz altında
dayandı. Görünür, doğrudan da onu çağırmışdılar, çünki
haradasa, lap yaxında danışıq eşidildi, nə barədəsə qızğın
mübahisə edirdilər: tələbə bircə kəlmə sözü də seçə bilmirdi,
amma mübahisənin gərginliyini anlayırdı. Sonra bayaqkı
darvaza açıldı, ortayaşlı qadın çıxdı. İndi onun yanında balaca
çaş bir qız da vardı. Onlar dinməz-söyləməz 17 nömrəli evin
qapısına yanaşdılar, qadın xalatının cibindən bir dəstə açar
çıxartdı və qıfılı açdı. O yenə də əvvəlki kimi acıqlı idi və çox
qaba bir tərzdə tələbəyə:
–Yuxarıdadır, — dedi — pilləkənlə qalx.
Sonra kobud şəkildə qızın belindən yapışdı, boynuna bir
qapaz vurdu, qoltuğunun arasına alıb apardı, darvazadan içəri
girdi. Qız bərkdən ağlamağa başladı. Qadın ona bir qapaz da
vurub darvazanı çırpdı, kilidlədi.
Tələbə dar, qaranlıq, pişik iyi verən pillələrlə ikinci
mərtəbəyə qalxdı. Pillələr ikinci mərtəbədə qurtarırdı və burada
yeganə bir qapı vardı — hər tərəfinə bənövşəyi mürəkkəb
çıldırlamış köhnə qapı,
–Gəlin, — bu səs içəridən eşidildi, şübhəsiz indicə eyvan
qapısından baxan qarının səsi idi.
Tələbə daxil oldu. Otaq çox baxımsız və basırıq bir şəkildə
idi, nimdaş, işlənib isbatdan çıxmış şeylərlə dop-dolu idi.
Otaqdan qocalıq və iqtidarsızlıq qoxusu gəlirdi, köhnə divanın
üzü süzülüb tökülmüşdü, çırıqlarından prujinlərin sivri ucları
çıxırdı. Əcaib burumlu ayaqlara malik olan hündür, arxalı
kürsülər də beləcə köhnə, əldən düşmüş idi. Otaqda çoxlu iri
yöndəmsiz şkaf vardı. Elə bil onların rəng-rufu qocalıqlarından
tutulmuş, tündləşmiş, qaralmışdı. Tavandan iri və tozlu abajur
asılmışdı. Onun qotazlarını hörümçək toru bürümüşdü.
Divarlarda çoxlu mismar vardı. Bu mismarlar müxtəlif
552
səviyyələrdə vurulmuşdular — hündür yerdən vurulanı da
vardı və elə aşağıda vurulanları da vardı ki, bu səviyyədə
şübhəsiz, onlardan bir şey asmaq mümkün deyildi. Bütün
bunlar əcaib-qəraib təəssürat oyadırdı. Amma bu əcaiblikdən
başqa otaq həm də nə isə faciəvi bir ovqat oyadırdı. Belə ovqat
nədən doğurdu, tələbə dəqiq təyin edə bilməmişdi, amma bu
duyumu çox aydın hiss edirdi. Otağa nəzər salan kimi nədənsə
onda anlaşılmaz bir istək — tez, bir an belə yubanmadan
buradan — bu otaqdan, bu evdən, bu küçədən qaçıb qurtarmaq
istəyi oyandı. Səs eşitdi:
–Nə lazımdır sizə? — Küncdə, hündür kürsünün içinə çöküb
qalmış qarını gördü. İstiyə baxmayaraq otağın bütün
pəncərələri kip bağlı idi, qarı da boğazınacan düyməli uzun
qara paltar geymişdi, hələ üstündən çiyninə qara yun şal da
salmışdı. Nədənsə tələbəyə elə gəldi ki, qarı iflicdir,
hərəkətsizdir. Qarının sifətindən onun əsl-nəcabətli adam
olduğu sezilirdi və fantaziyanı bir az işlətsən onu çox illər
bundan qabaq, uzaq gəncliyində gözəl varlıq kimi xəyalda
canlandırmaq mümkün idi. Amma indi bu ötüb getmiş gözəllik
onun sifətinin və bədəninin bütün guşələrindən amansızcasına
qovulmuşdu və yalnız bircə yerdə — gözlərinin dibsiz
kədərində ilişib qalmış, özünə orada son məskən tapmışdı.
Gözəl zil qara gözlərinin kədərində nə isə bir məşumluq da
vardı.
–Mən elana görə gəlmişəm. Deyəsən, səhv etmişəm.
–Səhv? — deyə qarı təkrar etdi. —Yox, bu elanı mən
vermişəm. Sizə otaq lazımdır?
Tələbə:
–Bəli, — dedi, — amma orada söhbət 20-ci mərtəbədən
gedir və yazılıb ki... — O, sözünü yarımçıq qoyub susdu.
Əgər elanı bu qarı veribsə, orda yazılanları onun özünə
sadalamağa nə hacət? Hər halda öz yazdıqlarını bilir...
Qarı:
–Bəli, —dedi və öskürməyə başladı, bu papirosa aludə
553
olmuş adamın uzun sürən quru öskürəyi idi. — Tələbə otağın
müxtəlif yerlərindəki içi kötüklərlə dolu külqabılara və boş
papiros qutularına fikir vermişdi.
Bir qədər sakit olduqdan sonra qarı:
–Bəli, — dedi — 20-ci mərtəbədədir otaq — və yenə də
susub dərin xəyala getdi, düşüncələr aləminə qərq oldu.
Tələbə bir daha otağa göz gəzdirdi və başa düşdü ki,
müsibət, faciə təəssüratı nədən doğur — otaqdakı şüşəli
şkaflar, dolablar, kiçik televizor ekranı, bədənnüma güzgü və
hətta kəfkirli iri divar saatının üstlərinə örtüklər atılmışdı.
Adətən evdə meyit varsa və yaxud meyit basdırılandan sonra
qırx yas günü belə edilir. Qədim adətə görə güzgülərin,
şüşələrin üzü örtülür, son vaxtlar televizor ekranını da örtürlər,
amma üstünə parça salınmış saatı tələbə ilk dəfə görürdü.
Düzdür bəzən saatı saxlayırlar, vəfat etmiş adamın keçindiyi
dəqiqə üzərində dayandırırlar. Amma bu örtüklü saat
dayanmamışdı, işləyirdi, tələbə bunu örtüyün altında gedib-
gələn kölgədən-kəfkirin hərəkətindən anlamışdı. Saatın xəfif
çıq-çıqı da eşidilirdi və hətta zəngi də çaldı — ahəngdar sədalar
on iki dəfə səsləndi — deməli, günorta vaxtı idi.
Divarlarda çoxlu fotoşəkil vardı. Onların çoxu otuz-qırx il
bundan qabağın şəkilləri idi. Şəkillər hamısı eyni boydadı.
Nədənsə tələbənin ağlına gəldi ki, bu adamlardan heç biri indi
sağ deyil. Bəzən fotoşəkillər anlaşılmaz bir sirlə təsvirini
saxladığı adamın diri olub-olmamasını büruzə verir. Fotolardan
yalnız biri başqa ölçüdə — digərlərindən xeyli iri idi. Bu
şəkildə ortayaşlı, çatmaqaşlı, qara bığlı bir kişi əks olunmuşdu,
onun gen yaxalı pencəyi və birrəng qalstuku vardı. Kişinin
gərgin baxışı pasport şəkillərini yada salırdı. Amma əgər bu
doğrudan da pasport üçün çəkilmiş şəkil idisə, onda azı yüz
dəfə böyüdülmüşdü. Foto tünd rəngli çərçivədə idi. Bəlkə də
çərçivənin rəngi təsadüfən belə idi, amma hər halda o, matəm
haşiyəsinə də oxşayırdı.
Tələbə bu şəklin seyrinə daldı və duydu ki, qarı da onun
554
özünü uzun–uzadı seyr edir. Tələbə düşündü ki, qarı bir daha
onunla danışmayacaq, ançaq qarı qəfildən dedi:
–Şəhərin o biri tərəfində, dəniz qırağında 20 mərtəbəli ev
var. Otaq ordadır, axırıncı mərtəbədə. Bu mənim oğlumun
otağıdır — qarı dərindən köksünü ötürdü. — Daha otaq ona
lazım deyil. Mən bu otağı kirayə vermək istəyirəm... Müəyyən
məbləğə... — Qarı susdu, sonra yenidən davam etdi. —Bu
onun da arzusudur. — Qarı bu sözləri deyib sonsuz kədərlə
baxışlarını həmin kişinin şəklinə zillədi.
Təbii ki, qarı "oğlum" deyəndə onu nəzərdə tuturdu. Bu
şəkli, onun qara haşiyəsini qarının sözlərilə, kədəri ilə, ahıyla,
boşalmış, ona görə də artıq gərək olmayan və ona görə də
kirayə verilən otaqla tutuşduranda əlavə izaha ehtiyac qalmırdı.
—Hər şey aydın idi. Qarını bu barədə sorğu-suala tutmaq
qanacaqsızlıq olardı. Görünür, yaralar da lap təzə idi, qövr
edirdi, yəqin arvad oğlunu lap bu yaxınlarda itirmişdi —
güzgülər, şüşələr hələ də örtük altında idi. Tələbə bircə onu
dedi ki, otağa baxmaq istəyir.
Qarı tələsik:
–Əlbəttə, — dedi və qeyri-adi bir çevikliklə yerindən
sıçradı. Tələbəyə elə gəldi ki, qarı onunla bir yerdə evə baxmaq
uçün getməyə hazırlaşır. Amma onu iflic biləndə yanıldığı
kimi, indi də qarının hərəkətini düz yozmamışdı. Qarı, sanki
tələbənin burda olduğunu büsbütün unutmuşdu. O, tələbənin
qarşısından keçib divar saatına yanaşdı, örtüyü çəkdi, saata
baxdı, yenidən örtüyü saldı və bu səfər tələsmədən, aramla öz
yerinə qayıtdı, kürsüsünə çökdü, gözlərini yumdu. Nə qədər
vaxt keçdi? Bir dəqiqə, yarım saat, bir saat? Sonralar, qarının
evindən çıxandan sonra tələbə elə hey bu barədə düşünürdü,
amma yaddaşını nə qədər ələk-vələk eləsə də, müəyyənləşdirə
bilmirdi ki, qarının saata tərəf gedib-gəlməsiylə kürsüsünə
çöküb mürgüləməsi arasında nə qədər vaxt keçib. Divar
saatının günortanı vurmasını — on iki zəng çalmasını tələbə
aydın xatırlayırdı. Qarının evindən çıxanda da qol saatına baxdı
555
—ikiyə on beş dəqiqə işləmişdi. Amma bu iki zaman
nöqtəsinin arasındakı müddət heç cür onun şüuruna sığışmırdı.
Bu müddətdə nə olmuşdu? Bir-iki kəlmə söz, qarının saata
tərəf gedib gəlməsi və kürsüdə mürgü döyməsi. Yəni o bir saat
mürgüləyib? Təəccüblü bir şey yoxdur, qarı bir saat yox, bütün
günü də yata bilərdi, amma axı bəs tələbə özü bütün bu vaxt
ərzində neyləmişdi — durub qarının keşiyinimi çəkirdi, otağı,
fotoları
nəzərdənmi keçirirdi, arvadın oyanmasınımı
gözləyirdi? Bəlkə, bütün bunlar belə idi, olmuşdu, amma
tələbənin təsəvvüründə bu işlərin hamısı çox az bir vaxtın
ərzində cərəyan etmişdi. Hər halda bir saat olmazdı. Qarı,
doğrudan da mürgülədi, amma — tələbənin zənnincə — dərhal
da oyandı. İndi isə belə məlum olur ki, azı bir saat keçib.
Oyandı və sakitcə dedi:
–İyirmimərtəbəli ev. Orda cəmisi bircə dənə belə hündür
bina var. Altında da çörək dükanı. Düz saat altıda ora gəlin.
Mən sizi orda gözləyəcəyəm. Ünvanı yazın.
O, ünvanı aramla diktə etdi və tələbə yazan müddətdə
yenidən yuxuya getdi.
Tələbə vidalaşmadan çıxdı. Küçədə qol saatına baxdı.
Məlum oldu ki, qarının otağında saat yarıma yaxın olub.
Dostları ilə paylaş: |