A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə26/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   23   24   25   26   27   28   29   30   31

BİR STƏKAN SU 

 

Bir gün kəndə  şəhərdən böyüklər gəlmişdi. Camaatı  yığıb 



bir yaxşı iclas elədilər. Pambıqçı danışdı. Çoban danışdı. 

Meşəbəyi danışdı. Mexanizator danışdı. Zootexnik danışdı. 

Şəhərdən gələnlərdən biri dedi ki, bəs heç gözümə cuvarların 

nümayəndəsi dəymir. Yəni bu boyda kəndin bir qabaqcıl cuvarı 

yoxdur.  Əl-ayağa düşdülər, dedilər necə yoxdur, heç elə  iş 

olar?  Əlbəttə var, harda olsa bu saat tapıb gətirərik. Getdilər 

suyu qurumuş  dəyirmanın yanına, gördülər su çıxmaz arxın 

cuvarı  Cəfər saman altdan su buraxır. Gətirdilər Cuvar Cəfəri 

birbaş iclasa. Böyüklər — Ay sağ ol, Cuvar yoldaş —dedilər, 

hamı danışdı, dur sən də bir-iki kəlmə de! 

Cuvar Cəfəri itələdilər kürsüyə sarı. Cuvar Cəfər lap özünü 

itirmişdi. Nə desin, nədən danışsın. Kişi elə karıxdı, elə çaşdı 

ki, vurdu kürsünün qırağındakı stəkanı saldı yerə, stəkan sındı, 

su dağıldı. 

Cuvar Cəfər lap özünü itirib dili dolaşa-dolaşa: 

–Eybi yoxdur, — dedi, — su aydınlıqdır. 

Bunu deyib düşdü aşağı, getdi oturdu bir bucaqda. 

İclasın axırında  şəhərdən gələn böyüklərdən biri yaxşı bir 

nitq söylədi. Dedi ki, mən bir şeyi sizə xatırlatmaq istəyirəm. 

Suvarma işlərinə xüsusi diqqət yetirmək lazımdır. Qabaqcıl 

cuvarların təcrübəsini dərindən öyrənmək lazımdır. Burada 

məndən  əvvəl çıxış edən kəndinizin fəxri, adı dillərdə  əzbər 

məşhur Cuvar Cəfər yaxşı bir söz dedi. Dedi ki, su aydınlıqdır. 

Mən bu sözə yüz faiz şərikəm, suyun qədrini bilin. Cuvar 

Cəfərin qədrini bilin. Su bizim gələcək qələbələrimizin 

rəhnidir. Su aydınlıqdır. Su aydınlıq gecələrin ulduzudur. 

Cuvar Cəfərin ulduzu belə parladı. Göndərdilər Cuvar 

Cəfəri Özbəkistana təcrübə mübadiləsinə. Bəstəkar Nadir 



 488 

Nikbin şair Bəkir Bədbinin sözlərinə bir mahnı yazdı, müğənni 

Süsən Sünbül oxudu, aləmə yaydı. 

Hər axşam, hər səhər  

Yüz dəfə, yüz səfər  

Arxlara su verib  

Qazandın min zəfər. 

 

Tarlanı, bostanı  

Tez suvar, Cəfər,  

Mən səni sevirəm   

Ay Cuvar Cəfər. 

 

Balam, ay Cuvar Cəfər  

Gülum, ay Cuvar Cəfər.  

Canım, ay Cuvar Cəfər.  

Belə ay Cuvar Cəfər. 

 

Bir gün Cuvar Cəfəri çağırdılar  şəhərə. Samur-Dəvəçi 

Kanalının 22 illiyi münasibətilə böyük məclis çağrılmışdı. 

Qəflətən sədr elan etdi ki, söz Cuvar Cəfərə verilir. Cuvar 

Cəfər lap mat-məəttəl qaldı. Nə bileydi ki, danışacaq. Amma 

daha geç idi. Hamı onu gözləyirdi, Cuvar Cəfər qalxdı kürsüyə, 

bir az ora-bura döyükdü, gözü sataşdı kürsünün qırağındakı su 

stəkanına, boğazını arıtladı və dedi. 

–Bax, məsələn, götürək bu su stəkanını. Yaxşı deyiblər ki, 

su girdi qaba oldu içməli.  İndi bax, məsələn, mən bu 

stəkandakı suyu götürüb içə bilərəm. Amma, məsələn, bu su 

burda üç gün qalsa, içə bilmərəm. Niyə? Çünki su bir yerdə 

qalanda iyiyər. Elə ona görə də kanal çəkirlər ki, su bir yerdə 

qalmasın, daima axsın, çuxuru tapsın, yaşasın bu kanalı çəkən 

əməkçi yoldaşlar! 

Cuvar Cəfərə xeyli əl çaldılar. 

Elə oradan çıxarıb basdılar onu qara "Volqa"ya, apardılar 

mitinqə. Mitinq köhnə hamamlara təzə tas qoyulması 



 489 

münasibətilə çağırılmışdı. Cuvar Cəfəri maşından çıxarıb bir 

baş kürsüyə itələdilər. 

Cuvar Cəfər: 

–Götürək məsələn bu bir stəkan suyu, — dedi, — 

Niqalayski vremədə xozeynlər bu suyun üstündə zəhmətkeşləri 

çox incidiblər. Onları suya aparıb susuz kətiriblər. Doğrudur, 

bəzi vaxt gözdən pərdə asmaq üçün hamam-zad da tikiblər. 

Amma hamam suyuyla çamaatı dost tuta bilməyiblər. Eh! 

Danışmaqla qurtarmaq olmur. Çox söz hamamda yada düşər. 

Mən bu şanlı gündə köhnə hamamlara təzə taslar qoyulması 

münasibətilə sizin hamınızı təbrik edirəm. 

Mitinqdən sonra Cuvar Cəfərdən xahiş etdilər ki, televizorla 

çıxış etsin. Cuvar Cəfər: 

–Elərəm, — dedi, — amma bircə şərtlə, qabağıma bir stəkan 

su qoyun. 

Bir saatdan sonra Cuvar Cəfər: 

–Hörmətli televiziya tamaşaçıları, — dedi, — götürək, 

məsələn, bu bir stəkan suyu. 

Bundan sonra bir həftə Cuvar Cəfər müxtəlif iclaslarda çıxış 

elədi. 

Pioner balalarla görüşdə dedi ki, əziz balalar, unutmayın ki, 



yol böyüyündür, su kiçiyin. Baytarların müşavirəsində su 

görəndə susamaqdan, at görəndə axsamaqdan danışdı. 

Astronomların elmi konfransında suyun duru, ayın arı olması 

haqda mülahizələr irəli sürdü. Tərcümə problemlərinin 

müzakirəsində müəlliflərin yadına saldı ki, su gərək quyunun 

dibindən çıxsın, quyuya su tökməklə sulu olmaz. Qəzet 

müxbirilə müsahibə zamanı, müsbət qəhrəman və müsbət ideal 

haqqında öz fikrini belə ifadə etdi: suyun lal axanı, adamın 

yerə baxanı. 

Bir gün lap böyük iclas çağırdılar və sözü Cuvar Cəfərə 

verdilər. Cuvar Cəfərin daha kürsü görəndə karıxan vaxtı 

çoxdan keçmişdi. Qazı-qazı kürsüyə tərəf addımladı, qalxdı, bir 

müddət təmkinlə salonu süzdü, boğazını arıtladı və dedi: 


 490 

–Məsələn, götürək bu bir stəkan... — birdən Cuvar Cəfərin 

boğazı qurudu, rəngi sapsarı saraldı; xüsusi hörmət  əlaməti 

olaraq Cuvar Cəfərçün bu səfər stəkanına su yox, pürrəng çay 

tökmüşdülər. Cuvar Cəfər dili dolaşa-dolaşa: 

–Su... çay... göl... dəniz... batdım... — deyə adda-budda 

kəkələdi. 

Çoxdan bəri ona həsəd aparan Çayçı  Cəmil 13-cü sırada 

oturub rəqibinin çətinə düşdüyünü ləzzətlə seyr edirdi. Axırda 

özünü saxlaya bilməyib yerindən qışqırdı: 

–Hə, nə oldu, aşna? Çayda balıq yan gedər? 

O gündən Cuvar Cəfərin ulduzu batdı, Çayçı  Cəmilin 

ulduzu parladı. 

 

Pinti Səfər  



Həfçi Məlik  

Xoca Zığzığ 

 491 

 

 



MARAQLI  TƏDQİQAT 

 

Gənc tədqiqatçı Səf Səfəyev neçə ildir ki, "Bir naməlum şair 



haqda" adlı maraqlı mövzu üzərində çiddi tədqiqat işi aparır. 

Bu günlərdə o dissertasiyasını tamamlamışdır. Aşağıda həmin 

dissertasiyadan bir parçanı hörmətli oxucularımıza təqdim 

edirik: 


"Tədqiqatımızın  əsas mövzusuna keçməzdən  əvvəl mən 

faydalı məsləhətləri, qayğıkeş münasibəti, dərin zəkası, həssas 

qəlbi, həlim xasiyyəti, mehriban davranışı, xoş niyyəti, iti 

qələmiylə  mənə yaxından kömək etmiş hörmətli və  məşhur 

alimlərimizdən A.-ya, B.-yə, V.-yə, Q.-yə, D.-yə... (Cəmisi 

otuz iki hərf — Redaksiyadan) öz səmimi və  dərin 

təşəkkürümü bildirmək istəyirəm. 

Habelə bu işin yazılmasında yaxından iştirak etmiş şəxslərə 

— Mövzunu tapan Tələt Tələtova, mənbələri araşdıran Müdhət 

Müdhətova, mənbələri müəyyənləşdirən  Əhəd  Əhədova, 

dəqiqləşdirən  Əsəd  Əsədova,  əlyazmaları oxuyan Qüdrət 

Qüdrətova,  əlyazmaları  tərcümə edən Hidayət Hidayətova, 

sözləri, adları  və istilahları izah edən Fikrət Fikrətova, bu 

vasitəylə  əldə alınan materialı sistemləşdirən  Əhməd 

Əhmədova, ümumiləşdirən Məmməd Məmmədova, 

yekunlaşdıran Nemət Nemətova, dissertasiyanı karandaşla 

yazan  Şövkət  Şövkətovaya, mürəkkəb qələmlə yazan İzzət 

İzzətovaya, makinada yazan İsmət  İsmətovaya və  nəhayət. 

cildləyən Karapet Aristakesova öz dərin minnətdarlığımı 

bildirirəm. 

Mənim elmi əsərim naməlum  əsrdə naməlum bir şəhərdə 

yaşayan naməlum bir şairə həsr olunmuşdur. Bəzi fərziyyələrə 

görə bu şairin adı  təxminən Çinar olmuşdur. Biz onu şərti 

olaraq Çinar Girdimani-Beyləqani adlandırırıq. Çünki heç bir 

şübhə ola bilməz ki, əgər o, Girdimanda dünyaya gəlmişsə, tam 


 492 

bir hüquqla Girdimani, Beyləqanda doğulmuşsa eyni haqla 

Beyləqani təxəllüsünü daşıya bilərdi. Çox təəssüf ki, uzun 

illərin araşdırmaları sayəsində Çinar Girdimani-Beyləqaninin 

şəxsiyyəti və  tərcümeyi-halı haqqında heç bir məlumata rast 

gəlmədik. Ancaq tam bir cəsarətlə deyə bilərik ki, o, öz 

dövrünün gözüaçıq, savadlı, ensiklopedik biliklərə malik olan, 

daima istismar edilən xalqın tərəfini saxlayan məğrur və 

məşhur bir sənətkarı olmuşdur. Təəssüf ki, əlimizdə olan bir 

neçə  şerin Çinar Girdimani-Beyləqaniyə aid olub-olmadığını 

qəti təsdiq etməyə  əsaslı  dəlillərimiz yoxdur. Ancaq heç bir 

şübhə ola bilməz ki, böyük humanist və realist sənətkar kimi 

Çinar Girdimani-Beyləqani ölməz  şer bülbülləri sırasında 

əbədi, möhtəşəm və özünəməxsus bir yer tutur. Bəzi alimlər 

göstərirlər ki, "Gülün qədrini bül-bül bilər" aforizmini 

ədəbiyyat tariximizdə ilk dəfə  məhz Çinar Girdimani-

Beyləqani işlətmişdir. Bəzi tədqiqatçılar daha irəli gedərək, 

hətta "Gül solanda, bülbül ağlar" aforizmini də ona isnad 

edirlər. Biz bu sahədə daha cəsarətli bir addım ataraq, indiyə 

qədər müəllifi məlum olmayan bir ifadəni də  məhz Çinar 

Girdimani-Beyləqani qələminin məhsulu saymaq istəyirik. 

Həmin ifadə belədir: "Gül-güllükdə bitər". Bizcə, bu ifadəni 

birinci dəfə Çinar Girdimani-Beyləqani işlətmişdir. 

Bu müddəanı irəli sürdükdə nəyə əsaslanırıq: a) Bu ifadənin 

müəllifi məlum deyil. Çinar Beyləqani-Girdimaninin bu ifadəni 

yaradıb-yaratmadığı da məlum deyil. Deməli tam bir qətiyyətlə 

demək olar ki, bu ifadənin Çinar Girdimani–Beyləqani 

tərəfindən yaradılmadığını söyləməyə heç bir əsasımız yoxdur 

və beləliklə bu ifadəni ona aid etməyimizə də heç kəsin etirazı 

ola bilməz. b) Çinar Girdimani-Beyləqaninin  əsərlərində 

dəfələrlə "gül" "güllük", "bitər" sözlərinə və defisə rast gəlirik. 

Deməli bu obrazlar, bu dil, ifadə  tərzi, təhkiyə onunçün 

səciyyəvidir. v) Bu fikirdəki dahiyanə sadəlik, dərin hikmət, 

müşahidə  və ümumiləşdirmə qüdrəti məhz püxtələşmiş bir 

sənətkarın, dünyanın hər üzünü görmüş, geniş  həyat 


 493 

müşahidəsinə malik olan bir dühanın qələmindən xəbər verir. 

Çinar Girdimani-Beyləqaninin neçə il ömür sürdüyü bizə 

məlum deyil. Deməli güman etmək olar ki, onun uzun, 

keşməkeşli və  zəngin bir həyatı olmuşdur və qoca yaşlarında 

həyatın hər üzünü görmüş sənətkar müdrik bir kəlam söyləyirsə 

burada təəccüb doğuracaq bir şey yoxdur. 

Aşağıda Çinar Girdimani-Beyləqaninin  əruz vəzni ilə 

yazılmış  və  hələ tapılmamış "Divani-Çinarından" bir qəzəli 

oxucularımıza təqdim edirik. 

 

DİVANİ-ÇİNAR 

 

Necə ah eyləməyim gözləri qara getdi,  



Dərdimə, möhnətimə dəvayi-çarə getdi.  

Ol boyu sərv-rəvan, gözləri cənnət qapısı   

Bizi cənnətdən edib qoydu avara getdi.  

Dili-suzanımızı vədə ilə aldadıb  

Yenə bu dərdi bizə bəxş edib hara getdi.  

Canı qurban edəriz püstə dəhanına onun  

Neylə küsdürdük onu, neylədik yara getdi.  

Niyə zülm etdi bizə cövrü-cəfanı kəsdi  

Dərd–möhnət işinə verdi bir ara getdi.  

Ol mah üzlü gözəlin dişləri dürdanə–sədəf  

Özü xoş oldu qami verdi Çinara getdi. 

 

Qeyd:  Bu qəzəlin "Divani-Çinardan götürüldüyünü, 

"Divani-Çinarın" məhz Çinar Girdimani-Beyləqaniyə  mənsub 

olduğunu, habelə belə bir divanın mövcud olub-olmadığını 

təsdiq edəcək faktlar, təəssüf ki, hələ  əlimizdə yoxdur. Bəzi 

fərziyyələrə görə Çinar Girdimani-Beyləqani qoşma da 

yazmışdır. Aşağıdakı qoşma, təxminən onunku ola bilərdi. 

 

 



 

 494 

QOŞMA 

 

Başına döndüyüm gül üzlü dilbər 



Yanağın üstündə xal gərək olsun 

Buxaq ağ yaxşıdır, zülflərin siyah  

Ləblərin yaqutu al gərək olsun. 

 

Gəl çapaq atları Murov dağında 

Çomərdlik vaxtında, iyid çağında  

Toy-düyün günündə yar qabağında 

Parça, ipək, atlaz, şal gərək olsun. 

 

Yüz namərd yığılıb çıxsalar üzə 

Biz laçın nəsliyik, sar neylər bizə  

Yarın mehman olub gələndə sizə                        

Süfrədə yağ, pendir, bal gərək olsun. 

 

Əcəldən istəməm möhlət ya aman      

Yaxşıya yaxşıyam, yamana yaman.  

Çinarın qoşması oxunan zaman  

Şairlərin dili lal gərək olsun. 

 

Qeyd:  Göründüyü kimi xalq ədəbiyyatında qidalanan şair, 



qoşma janrını yeni boyalarla rövnəqləndirmiş, yeni ifadə 

vasitələri, təşbihlər, qafiyələrlə  zənginləşdirmiş, yeni poetik 

incilərlə parlada bilmiş, şer gülüstanımıza öz ətri, öz rayihəsi 

olan tər çiçəklər ərmağan etmişdir. 

Çinar Girdimani-Beyləqaninin  əlimizdə olmayan maraqlı 

şerlərindən biri də "S. hərfi" adlı şerdir. Bu şer sərbəst vəzndə 

yazılmışdır. Həmin fakt bir daha sübut edir ki, sərbəst vəznin 

yenilik olduğunu iddia edənlər yanılırlar, bu forma 

ədəbiyyatımızda hələ çox qədimdən məlum idi. Çinar 

Girdimani–Beyləqani hələ neçə yüz, bəlkə  də neçə min il 

bundan qabaq sərbəst vəzndə  şer yazaraq nəinki müasir 

ədəbiyyatın, hətta müasir texnikanın da bir çox nailiyyətlərini 


 495 

uzaqgörənliklə qabaqcadan görə bilmişdir. Fikrimizin həqiqət 

olduğuna inanmaq üçün şerdəki "telefon" sözünə diqqət eləmək 

kifayətdir. 

 

S. HƏRFİ 

 

Qulaqımda telefonun dəstəyi   



  

Titrəyib əsən 

   

bir səs  



 

 

 



 

səsləyir 

 

 

 



 

səni   


 

 

 



  

Qəsdən 


 

 

 



 

pəsdən 


 

 

 



 

Bəs sən? 

 

 

 



 

Qulağımda telefonun dəstəyi  

Qulağım səsdədir 

 

   



Qulağım xəstədir 

 

   



səsdən. 

 

 



 

 

Bəs 



yoxmu 

    


bir kəs  

kəssin 


əzsin 

bu səsin 

səsini 

səsləyəndə 



səni 

sənsizləşərək 

…Səs. 

Yenə səs: 



—Siz? 

—Sus. 


—ssssssss. 

 

Qeyd:  Göründüyü kimi Çinar Girdimani-Beyləqani zəngin 



və çoxcəhətli bir istedada malik olan sənətkar imiş. Bəzi 

 496 

alimlərin fikrincə, Çinar Girdimani-Beyləqani adlı bir adam 

ümumiyyətlə yerli-dibli olmayıb. Biz hələlik bu barədə nə "hə", 

nə  də "yox" deməkdən qəti boyun qaçırırıq. Çünki namizədlik 

dissertasiyamızda bu məsələni həll etməyi qarşımıza məqsəd 

qoymamışıq. Namizədlik dissertasiyasını müdafiə etdikdən 

sonra, müəllif tədqiqatını davam etdirmək, doktorluq 

dissertasiyası yazmaq və Çinar Girdimani-Beyləqaninin 

mövcud olub-olmaması  məsələsini  ətraflı  işıqlandırmaq 

fikrindədir. 

SON SÖZ. Müəllif Çinar Girdimani-Beyləqaninin qəzəllərini 

yazan qəzəlxan Cümşüd Cümşüdova, qoşmanı qoşmuş aşıq 

Mürşüd Mürşüdova, "S. hərfi" şerini işləmiş kibernetik maşın 

"S. S.-Səksən Səkkizə" səmimi qəlbdən təşəkkürünü bildirir".


 497 

 

 

KƏLAM QONAĞLIĞI 

 

Şanlı məktub!  



Əzizim  Baldadaş! 

Bazar ertəsi, yerin məlim, zavmaq Baloğlan, bizi fisincan 

plova çağırmışdı. Sağlığına yedik içdik, day kef boğazdan. 

Araq vurdu bazarkom Atobbanın başına, dedi, bəs siz öləsiz, 

bütün bu əhli-məclis kamal-ədəblə  dəvət olunur sabah bizim 

xanə–xaraba, kababa... 

Xas günü Atobbagildə, yerin məlim, iç-bağırsağı, lüləni, 

tikəni, ciyəri, böyrəyi, təzəcə qurtarıb keçmişdik ağ  ətə ki, 

tovaroved Xosməmməd dedi, sabah gərək bizə buyurasız 

düşbərə qutaba. Çərşənbə axşamı yerin məlim, düşbərə qutabı 

bədənə vurub bəh-bəh deyəndə, zavsklad Ənnağı qalxdı ki, bəs 

sabah mənim qonağımsız, Səlyandan yaxşı balıq göndəriblər. 

Cümə axşamı, yerin məlim, balığın axırına çıxırdıq ki, elə bu 

dəm zavsex Nağdalı dedi: sabah bozbaşa bizə təşrif gətirməsəz 

ta qiyamətəcən sizdən inciyərəm. Cümə günü, yerin məlim 

Nağdalıgildə bozbaş qonaqlığı çox çəkdi. Tamadanın sağlığına 

badə qaldırıb məclisi xətm eləyirdik ki, Baksovetin saatı 6-nı 

vurdu, baza müdiri Burcəli dedi, bu saat burdan birbaş gedirik 

bizə xaş, baş-ayaq, dırnaq, kəllə–paça, xolodes yeməyə.  Əsil 

məqamıdır. Yerin məlim,  şənbə günü Burcəligilə getdik xaşa, 

həftəni vurduq başa. Qaldı bir bazar, bir də müəllim  Əhməd 

Nəzər.  Əhməd Nəzəri tanıyırsan da, müəllim babadır. Amma 

gördü ki, qeyrət vaxtıdır, boğazını arıtlayıb: sabah inşallah bizə 

qonaqsız —dedi, —sizi dəvət edirəm kələm qonaqlığına. 

–Kələm qonaqlığı? O nə deyən şeydir? 

–Kələm qonaqlığı — yəni pervi kələm borşu — po 

yevropeyski, vtoroe kələm  dolması — nasyonalnı, treti də 

tutma kələm —internasyonalnı. 

–A, dinmə, bu nədisə ayrı aləmdi! —dedik.  


 498 

Uzun sözün qısası  yığışıb səhər gəldik Nəzər müəllimgilə. 

Nəzər  müəllim: 

–Ay sizi xoş  gəlmisiz, –dedi, — səfa gətirmisiz. Qonaq 

gəlməyən evə həkim gələr. 

Burcəli  töyşüyə-töyşüyə: 

–Əmbə   pilləkənlərin  yaman  hündürdür, —dedi, — 

adamın lap kələyi kəsilir. 

Nəzər: 

–Eh, ay dost, —dedi, —biz çıxan zirvələrin yanında bu 



pilləkən nədir ki... 

Bəli, buyurduq içəri.  

Nağdalı: 

–Otağın nə dardır, ay Nəzər, —dedi.  

Nəzər: 

–Otağın darlığına nə baxırsan, — dedi, — adamın gərək 



qəlbi gen olsun. 

Əyləşdik. Yemək-içməyə        keçməzdən    qabaq bir 

məşğuliyyət axtardıq.  

Atobba: 


–Ay  Nəzər —dedi — nərdin var?  

Nəzər: 


–Nərdim yoxdur, dərdim  var, — dedi.  

Xosməmməd: 

–Dərd düşməninin olsun, —dedi.  

Nəzər: 


–Düşmən ocaq başındadır, —dedi.  

Mat–məəttəl bir–birimizə baxdıq, da kəlmə  kəsmədik. Elə 

bu vaxt Ənnağı durdu ki, bəs məni bağışlayın, gərək 

ayaqyoluna gedəm və sonra Nəzərdən soruşdu: 

–Ha tərəfə gedim, ay  Nəzər?  

Nəzər: 


–Ha tərəfə gedirsən, get, – dedi, — təki məqsədin aydın 

olsun. 


Xosməmməd: 

 499 

–Qaranlıqdır, ay Nəzər, — dedi, — işığı   yandırsana. 

Nəzər: 

–İnsanın zəkası  işıq saçmalıdır, — dedi, — elektrikdən bir 



şey  çıxmaz. 

Bəli qaranlıqda bir az da oturduq, lap darıxdıq.  

Nağdalı: 

–Ay Nəzər, — dedi, — Zəhmət olmasa bir stəkan su gətir, 

lap ürəyim yandı.  

Nəzər: 


–Ürək yanğısını suyla keçirmək olmaz, —dedi. 

Bir az gözlədik, gördük balam, kələm qonaqlığından nəinki 

xəbər-ətər, heç qoxu-ətir də gəlmir. 

Burcəli: 

–A kişilər, bu  kələm nə oldu, — deyə  soruşdu, — acından 

qırıldıq ki... 

Nəzər: 

–İnsanın ruhu tox olsun, qarnı ac olsa da eyb etməz 



deyəndə, barmağımızı dişlədik, məsələni başa düşdük. 

Başa düşdük ki, Nəzər müəllim, sən demə bizi kələm 

qonaqlığına yox, kəlam qonaqlığına dəvət eləyibmiş. Yerin 

məlim. 


 

Kiçiyin 

Müfəttiş Miriş 

 500 

 

 



BİZİM MÜSAHİBƏ 

 

Bu günlərdə müxbirimiz Çığır Bağırov planetimizin ən qoca 



sakini 299 yaşlı  Kələmulla kişiylə görüşüb müsahibə 

aparmışdır. Aşağıda müxbirin suallarını  və  Kələmullanın 

cavablarını veririk. 

Sual: Hörmətli Kələmulla, bu il siz 262 yaşından 299 yaşına 

qədəm qoymusunuz. Üç il bundan qabaq sizin 250 illiyinizi 

təntənəylə qeyd etdik. Bu barədə oxucularımıza nə deyə 

bilərsiniz. Daha doğrusu, 299 illik həyatınızda  ən  əlamətdar 

hadisələr hansılar olmuşdur. 

Cavab: Nə deyim, a bala, hər halda 60 ilim lap yaxşı 

yadımdadır. Ondan qalanı yaxşı yadımda deyil, o vaxt uşaq 

idim, nə yadımda qalacaq? 

Sual: Oxucularımız çox maraqlanırlar ki, siz Vaqiflə  və 

Vidadiylə görüşmüsünüzmü? 

Cavab: Bəli,  əlbəttə, ayıb sözdür ki, ikisini də lap yaxşı 

tanıyırdım. Rəhmətliklər bərk dost idilər, həmişə qoşa 

gəzərdilər.  İndiki kimi yadımdadır, rəhmətlik Vaqif həmişə 

rəhmətlik Vidadiyə deyərdi ki, ey Vidadi, sən bir bu gərdişi-

dövrani gəc rəftara bax e, Vidadi də cavab verərdi ki, Vaqif, 

sən yaxşı bilərsən, görən bu durnalar nə məkandan gəlirlər? 

Sual: Mirzə Fətəlini necə, görmüsünüzmü? 

Cavab: Bəs necə? Mirzə  Fətəlini lap yaxşı tanıyırdım. Bir 

dəfə parapetin tinində rast gəldim, dedi, heç bilmirəm Hacı 

Qaranı yazım yazmayım. Dedim yaz, babalı mənim boynuma. 

Sual: Yəqin Sabiri də tanımısınız. 

Cavab: Necə ki? Sabir həmişə  məni görəndə deyərdi: nə 

xəbər var, məşədi? 

Deyərdim: sağlığın, deyərdi: az çox da yenə? Rəhmətliyin 

yaman Mayakovskidən xoşu gələrdi. Deyərdi o kişinin mənə 

böyük təsiri olub. 


 501 

Sual: Oxucularımıza bir qədər də özünüz haqqında məlumat 

verin.  

Cavab: Nə deyim, a bala, ağır günlər olub, getsin gəlməsin. 

Mənim atam kankan idi. Onun-bunun qapısında işləyərdi. Ona-

buna quyu qazardı. Anam həmişə ona deyərdi ki, a kişi, özgəyə 

quyu qazan özü düşər. Qazan demişkən, qəşəng bir əhvalat 

düşdü yadıma: bir kərə atam evə tez gəldi, qoltuğunda da iri bir 

qazan, dedi arvad plovdur, qoy dəmə, mən də bu saat gəlirəm. 

Amma mən gəlincə  çəkmə. Hə, çəkmə demişkən, söz-sözü 

çəkər, bir qəşəng əhvalat da düşdü yadıma: bir gün atam mənə 

təzə  çəkmə almışdı.  İndiki kimi yadımdadır, çəkməni verdi 

mənə, bir təpik də vurdu. Dedi, bala, çəkmənin  şirnisi təpik 

olar, papağınkı qapaz. İnşallah sabah sənə papaq alacam. Hə, 

qapaz demişkən...  

Sual: Hörmətli Kələmulla… 

Cavab: Dayan, sözümü kəsmə. Kəsmə demişkən bir gözəl-

göyçək, mamlı-matan, naz atan, qəmzə satan, canan vardı, 

ondan  yaman kəsirdim. Səndən nə gizlədim, almaq istəyirdim 

onu. Atam dedi ki, alma. Hə, alma demişkən, alma ye, bala, 

utanma,    gör nə şirin almadır. 

 

(Müsahibənin ardını gələcək nömrələrimizdə oxuyun).  

 


 502 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin