A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix03.04.2017
ölçüsü3,29 Mb.
#13211
1   ...   23   24   25   26   27   28   29   30   31

YENİ İL PLANLARI 

 

Müxbirimiz Yazı Pozuyev bu günlərdə görkəmli bəstəkar 



Haray Həşirovla görüşüb söhbət etmişdir. H.Həşirov qeyd 

etmişdir ki, hazırda o, yazıçı Tez–Tonun "Nə  əkərsən, onu 

biçərsən" faciəsi əsasında "Nə tökərsən aşına, o çıxar qaşığına" 

musiqili komediyasını yazıb qurtarmaq üzrədir. Yeni ildə 

bəstəkar tanınmış  şair Hərbə Zorbayevin sözlərinə bir neçə 

balet və istedadlı nasir Mənəm Mənəmovun təmsilləri əsasında 

bir neçə simfoniya yazmaq fikrindədir. 

Müxbirimiz Qal Mağalov bu günlərdə bir neçə tanınmış 

yazıçı  və bir neçə tanınmamış pozucuyla görüşmüşdür. 

Tanınmamış pozuculardan biri yaradıcılıq planları haqqında 

aşağıdakıları demişdir: 

Hər il olduğu kimi bu il də  mənim geniş yaradıcılıq 

planlarım vardır. Bu il mən 72 min ərizə, altmış iki min 

şikayət, əlli iki min qapalı məktub, qırx min açıq məktub, otuz 

iki min xəbərdarlıq, iyirmi iki min danos, on iki min siqnal, iki 

min teleqram yazmaq fikrindəyəm. Keçən illərdə yazdıqlarımı 

da toplayıb seçilmiş  əsərlərimin yüz cildliyini oxuculara 

təqdim etmək istərdim. Mənim böyük təvazökarlığımı 

bilirsiniz. Mən adlarının məşhurlaşmasına can atan 

şöhrətpərəstlərdən deyiləm, ömrüm boyu olduğu kimi bu ilki 

əsərlərim də imzasız, anonim olacaqdır.


 503 

 

 



XƏBƏRLƏR 

 

Məlum olduğu kimi mərhum  şairimiz Kalan Kalanov bizə 



zəngin irs, qiymətli xəzinə qoyub getmişdir. Bunu nəzərə 

alaraq Yüz min nömrəli  Əmanət kassasına  şairin adı 

verilmişdir. Kalanovun əsas sərvətləri bu kassada saxlanılırdı. 

 

*** 

"Qonşubağrıçatdadan" atelyesi təzə  işə başladığına 

baxmayaraq artıq böyük şöhrət qazanmışdır. Atelyenin 

əməkdaşları — təcrübəli dərzilər bir neçə gün bundan qabaq 

iynələrini yaxalarına sancıb təzə binaya köçmüş, yüz ölç, bir 

biç devizinə riayət edərək yeni modalar mənimsəməyə 

başlamışlar. Onlar sifarişçilərin dərisindən papaq, doqquz cür 

don tigirlər. Qocaman dərzi Hacı  Mənəbaxov xüsusilə mahir 

ustadır. O, bir bezin qırağından həm Fatıya tuman, həm də 

şeytana papış tikə bilir. Təcrübəli usta öz zəngin təcrübəsini 

cavanlara da öyrədnr. Atelyeyə  gələn sifarişçilər üz verəndə, 

onlardan astar da istəyirlər. 

 

*** 

Şəhərimizin ən mənzərəli guşələrinin birində "Tamarzı" adlı 

yeni, müasir üslubda tikilmiş bir restoran açılmışdır. 

Müxbirimiz Ağzıayrıqov restoran müdiri Əli  Əyriyevlə 

görüşmüşdür. Əli Əyriyev demişdir: 

Restoranımızın müasir üslubda, yüksək zövqlə  işlənmiş 

divarlarında qonaqlarımızın diqqətnin iki şüar cəlb edir. 

Birinçisi: "iştah diş altındadır". 

İkincisi: "artıq tamah baş yarar". 

Restorana gələnlərə müxtəlif ləzzətli xörəklər təklif edirik. 

Baş aşpaz Ətiacıyev, onun köməkçiləri Şitşılıqov və Şorgözov 

özləri üçün əriştə  kəsə bilməsələr də, özgələrə yaxşı umac 


 504 

ovur, ucuz ətin  şorbasını  məharətlə bişirirlar. Harada aş, orda 

baş olan bu mahir aşpazlar, özləri də az aşın duzu deyillər, elə 

məharətlə  işləyirlər ki, nə  şiş yanır, nə kabab, əlindən gələni 

beş qaba çəkir,  Əli aşından olanlara Vəli aşı, Vəli aşından 

olanlara  Əli aşı  təqdim edirlər, qonaqlara tutanda qatıq, 

tutmayanda ayran təklif edirik. 

Axşamlar restoranımızda orkestr çalır və müğənni 

"Dadanmısan dolmaya, o da bir gün olmaya" mahnısını 

məlahətlə və məharətlə ifa edir. 

Restoran müdiri Əli  Əyriyev bizi mehribanlıqla yola saldı 

və dedi: Mənim sizə tövsiyəm budur: elə yeyin ki, həmişə 

yeyəsiniz. Unutmayın ki, çox yemək, adamı az yeməkdən də 

qoyar! 


 

*** 

"Arzu-kam" nəşriyyatının baş hesabdarı Tanış Bilişov 

müxbirlərimiz Haray Həşirov və  Çığır Bağırovla müsahibədə 

demişdir ki, bu il çap olunan kitabların tiracı  cəmisi bir 

nüsxədən — müəllif nüsxəsindən ibarət olacaqdır. Çünki onsuz 

da heç kəs heç kəsin kitabını oxumur. Bu il üç cüt, bir tək gənc 

şairin kitabı çapdan çıxacaqdır. Bu kitablar cib formatında 

olacaqdır. Beləliklə, yeddi gənc şairi bir cibə qoymaq mümkün 

olacaqdır. Buna razı olmayanların kitabları bağlanacaqdır. 

 

*** 

Bu günlərdə Quba meydanında qatığın rəngi haqqında 

maraqlı disput keçirilmişdir.  İlk çıxış edən  əhəngçi Höcət-

Höcətov belə bir fikir irəli sürmüşdür ki, guya qatıq ağdır. 

Ondan sonra çıxış edən kömürçü Tərs Məzhəbov bu fikri 

tamamilə inkar etmiş, qatığın tamamilə zil qara olduğunu iddia 

etmişdir. Malakeş Çox Bilmişov mübahisəni malalayaraq cıxış 

edənlərin ifrata vardığını, çox sol və çox sağ getdiklərini 

göstərmiş, məsələyə obyektiv cəhətdən yanaşmış, hər iki 

tərəfin mülahizələrindəki mənfi cəhətləri atmış, müsbət 


 505 

cəhətləri götürmüş və çox doğru bir nəticəyə gəlmişdir ki, qatıq 

nə  ağ, nə  də qaradır, qatıq bozdur. Bu mülahizə bütun 

iştirakçıları 

təmin etmişdir.


 506 

 

 



SON POÇT VƏ YAXUD REPLİKA 

 

Poema yaxud krossvord? 



 

(Bir nöqsanlı yazı haqqında qeydlər) 

 

Redaksiyaya məktub 



 

(Bir qrup oxucu adından) 

 

Hörmətli redaksiya! Mən özüm myaskombinatın işçisiyəm. 



Kolbasa  şöbəsinin təlimatçısıyam. Amma özüm ədəbiyyat 

həvəskarıyam. Bekar vaxtlarımda özüm də  hərdən-birdən 

yazıram. Mətbuatı daima izləyirəm, çıxan kitabları sevə-sevə 

oxuyuram. Bu yaxınlarda gənc  şair Hərc Mərcovun "Təpə" 

jurnalında çap olunmuş "Dırnaq" poemasını da maraqla 

oxumağa başladım. Poemanı oxuyub qurtardım, dönüb bir daha 

oxudum, amma təəssüf ki, yenə də bir şey başa düşə bilmədim. 

Bu yazı poemadan çox tapmacaya oxşayır, daha doğrusu 

krossvordu xatırladırdı. Çünki krossvord dolduranda olan kimi 

burda da müəyyən  şeyləri tapmaq üçün beyin işlətməli, 

müxtəlif sahələrə aid biliklərə malik olmalısan.  Şerin, 

ədəbiyyatın məqsədi bumudur? Axı istər orta, istərsə  də ali 

məktəbdə bizi öyrətmişlər ki, şerin  əsas məqsədi ruhu 

oxşamaq, insanın qəlbinə yol tapmaqdır.  Əsil  şer hissin, 

ilhamın məhsulu deyilmi, onun əsas məziyyəti rəvanlıq, 

axıcılıq deyilmi, onun yolu axmaq, axmaq, axmaqdır, ya yox? 

Bütün bu məsələlər məni dərindən düşündürdüyü üçündür ki, iş 

yoldaşlarım Pirqulu, Əliqulu və Xuduquluya müraciət etdim. 

Onlar mənim fikrimi bəyəndilər və Sizə müraciət eləməyi 

məsləhət gördülər. Bundan sonra iki nəfər daha bizimlə 

həmfikir oldu və  mən indi bu məktubu çoxmilyonluq oxucu 

kütləsi adından yazıram. 



 507 

Gənc  şair Hərc Mərcovun "Təpə" jurnalında çap olunmuş 

"Dırnaq" "poeması" "zahirən" çox "sadədir". Amma müəllifin 

fikrincə, yəqin ki, həm də çox "mürəkkəbdir". "Poema" 

"orijinal" bir "formada" yazılmışdır. Məzmunu "yenidir", 

"maraqlıdır", poemada "formayla" "məzmun" arasında "üzvi" 

bir "vəhdət" var. Müəllif "novatorluq" etmiş, "təzə" "obrazlar" 

"işlətmişdir". "Poemanın" "dili" "bədiidir", "gözəldir". 

"Qafiyələr" "müqəyyəd", "vəzn" "dürüstdür". 

"Təpə" jurnalı belə bir "poemanı" oxuculara "təqdim" 

etməklə onları "çox" "sevindirmişdir". Onlara "layiqli", 

"hədiyyə" vermişdir. Arzu edirik ki, "Təpə" jurnalı "tez-tez" 

belə "yüksək" "sənət" "nümunələrini" "çap" "eləsin". 

Mən məktubu bir az da uzada bilərdim. Ancaq yoldaşlarım 

məsləhət gördü ki, burda saxlayım, Dedilər ki, sonra məktubu 

çap eləmək üçün mətbəədə bu qədər "dırnaq" tapa bilməzlər. 

 

Hörmətlə Qəmbərqulu 

 

Redaksiyadan — tələbkar oxucularımızın haqlı  tələblərinə 



təpədən dırnağacan şərik çıxırıq. İstər "Təpə" jurnalına, istərsə 

də "Dırnaq" "poemasının" "müəllifi" Hərc Mərcova 777-ci 

ciddi xəbərdarlıq edirik. 

 


 508 

 

 



BİZ TƏNQİD EDƏNDƏN SONRA 

 

Keçən nömrələrin birində idarə başçılarından Uşaq 



Muşaqovu kəskin tənqid etmişdik. Felyetonda Uşaq 

Muşaqovun bacarıqlı  təşkilatçı, işgüzar rəhbər, namuslu işçi 

olduğunu deməklə  bərabər eyni zamanda onun böyük bir 

nöqsanını —yaşca cavan olmasını  tənqid etmişdik. 

Redaksiyaya göndərilən cavab məktubundan məlum olur ki, 

Uşaq Muşaqov tənqiddən doğru nəticə  çıxarmış, nöqsanını 

düzəltməyə çalışmış, on gün ərzində on il qocalmışdır. 

 

 

HİKMƏTLİ SÖZLƏR 

Gülmə qonşuna, çıxar qarşına. 

Cücəni payızda satarlar. 

Hər şeyin təzəsi, tostun köhnəsi. 

Ehtiyac iyidin yaraşığıdır. 

 

Toplayanı: Xeyir Söyləməzov  



 

 

ELANLAR 

 

Kinostudiyada yeni TİR açılmışdır. Müəlliflər qəpiyə güllə 



atırlar. 

AZYAZPOZ Birliyində  ələkçiyə  qıl vermək üçün ixtisaslı 

kadrlar tələb olunur. Hər gün (bazar ertəsi, xas, çərşənbə, cümə 

axşamı, cümə və şənbədən başqa) səhər saat 6-dan səhər saat 5-

59-a qədər, 0-00-00 telefonuyla arayışlar almaq olar. 

 

48-ci paralel küçəsində 49 nömrəli evdə yaşayan Nərmə 



Naziyova həmin evdə yaşayan Yekə Qarınovdan boşanmaq 

haqqında məsələ qaldırır. Məsələyə  şəhər məhkəməsi 



 509 

baxacaqdır. 

49-cu meridian küçəsində 48 nömrəli evdə yaşayan Dəymə 

Düşərov həmin evdə yaşayan Naz Qəmzəyevanı boşamaq 

haqda məsələ qaldırır. Məsələyə şəhər məhkəməsi baxacaqdır. 

 

Bu gün saat 00.00 dəqiqədə  Qır Saqqızov nadanşünaslıq 



elmləri namizədi adını almaq üçün "hırnan-zırın fərqi" 

mövzusunda dissertasiya müdafiə edəcəkdir. 

Bu gün saat 00.00 dəqiqədə örtülü bazarda dostluq gecəsi 

geçiriləcəkdir. 

Bu gün saat 00.00 dəqiqədə Filarmoniyada konsert 

başlanacaqdır. Məşhur ifaçımız Güngörməz Bayramalı toydan 

qayıtdıqdan sonra nağara çalacaqdır. 

Bu gün saat 00.00 dəqiqədə Umu Küsiyevin anadan 

olmasının 50, deyinməyə başlamasının 48 illiyi münasibətilə 

təntənəli yubiley gecəsi keçiriləcəkdir. Ön söz, məruzə, 

çıxışlar, təbriklər və son söz yubilyarın özünündür. 

 

BİLDİRİŞ 

 

Şəhər su idarəsi xəbərdarlıq edir ki, bir neçə ay ərzində suyu 



üfürə–üfürə içmək lazımdır. 

 

DÜZƏLİŞ 

 

Korrektorun xətası üzrə bir neçə  səhv getmişdir: "Hər  şey 



zəhləmgetmişlərindir"  əvəzinə "hər  şey zəhmətkeşlərindir" 

oxunmalıdır. 

"Tartan Partanov ən səfeh alimlərdəndir"  əvəzinə "Tartan 

Partanov ən fəsih alimlərdəndir" oxunmalıdar. 

"Cavanlarımız gözəl kifirlərlə yaşayır" 

əvəzinə, 

"Cavanlarımız gözəl fikirlərlə yaşayır" oxunmalıdır. 

 


 510 

 

 

MARALLARIM 

 

Dünən qoltuğumda iri bir qovluq küçəylə gedirdim ki, 



təsadüfən bir dostuma rast gəldim. Öpüşüb görüşdük, əl verdik, 

əhval tutduq. 

Dostum: 

–Dostum, — dedi, — hara belə? O qoltuğundakı nədir? 

Dedim ki, nəşriyyata gedirəm, təzə hekayələrimi aparıram. 

Dostum dərindən bir ah çəkib: 

–Sizin çörəyiniz də bir çörək deyil, — dedi. — Sizin sahədə 

elə marallar var ki, onların içində baş çıxarmaq hünərdir. 

–Necə? — dedim. 

–Belə, — dedi. 

–Axı sən nə bilirsən?  

–Başına gələn başmaqçı olar. Bilməsəm demərəm. 

Gördüm dostumun sinəsi doludur. Çəkdim onu gözəl bir 

bağın xəlvət guşəsinə, iki pors morojna, bir şüşə limonad 

aldım, dedim, ye, iç, ürəyini boşalt. 

–Günlərin bir günündə, — deyə dostum sözə başladı-mən 

bəxtiqara da bir hekayə yazmaq fikrinə düşdüm. Gördüm hamı 

yazır, upravdom yazır, avtoinspektor yazır, zavmaq yazır, 

dedim, bala, mən kimdən  əskiyəm. Götürdüm bir hekayə 

yazdım, adını da qoydum "Birovuz". Hekayənin məzmunu bu 

idi ki, bir oğlan bir qızı sevir. Tərs kimi həmin qızı bir başqa 

oğlan da sevir. Qız da bilmir ki, könlünü bunlardan hansı birinə 

versin. Birinci oğlanın adını qoymuşdum Xəyal, ikinci oğlanın 

adını qoymuşdum Məlal. Qızın da adını qoymuşdum Macəra. 

Belə poetik adların bazıyam yaman. Hə, nə başını  ağrıdım, 

əhvalat uzundur, çox mətləblərə  əl atmışdım, çox mühüm 

məsələlər qaldırmışdım, çoxlu hadisələri əhatə etmişdim və bir 

xeyli yerdə  təbiət təsvirləri vermişdim. Ancaq bunları daha 

sənə danışmıram. Hekayə bu cür qurtarırdı ki, bir gün Macəra


 511 

nəhayət insafa gəlirdi və Xəyala deyirdi ki, axşam saat düz 8–

də  mənə  zəng vur. Xəyal düz saat 8-də telefon–avtomat 

budkasına girib Macəraya zəng vurur. Amma bədbəxtçilikdən 

telefon–avtomat xarabdır, işləmir, çıxır ikinci, üçüncü budkaya 

girir, tərs kimi telefonların hamısı zay çıxır, beləliklə məqamı 

ötürür və Macəra da belə etibarsız oğlandan üz döndərib o biri 

oğlana, yəni Məlala könül verir. Hekayəni çox bədii bir abzasla 

bitirirdim: 

"Macərayla Məlal dənizkəkarı parkın xiyabanında, salxım 

söyüdün altında oturmuşdular. Macəra baxışlarını yerə 

dikmişdi, dinib danışmırdı. Məlal da söz tapmırdı. Oğrun–

oğrun qızın uzun saçlarına, zərif dodaqlarına, lalə kimi 

qızarmış yanaqlarına baxır və özünü xoşbəxt hiss edirdi. Elə bu 

vaxt Xəyal sahil qayalarının üstündə heykəl kimi donub 

durmuş, kükrəyən dalğalara baxır, romantik xəyalların 

qanadında nakam sevgisinin acı-şirin xatirələri aləminə doğru 

pərvaz edirdi. Ah! Macəranın qara gözlərini unutmaq olarmı?" 

Bəli, uzun sözün qısası, yazdım bu hekayəni, basma kağız 

çıxarıb quruladım, dedim bir arvadağaya oxuyum. Necə olsa 

ilk qələm təcrübəmdir. Oxudum arvada hekayəni, sakit, 

dinməz-söyləməz qulaq asdı. Axırıncı cümləyə çatanda, birdən 

yerindən dik atıldı. 

–Tanıdım, — deyə ancaq bircə kəlmə sözlə otaqdan sıçrayıb 

çıxdı. Mənim ürəyim düşdü, dedim görəsən buna nə oldu, 

durdum cumdum dalıycan. 

–Əzizim, — dedim, — kimi tanıdın? 

–Səni tanıdım, — dedi və gördüm ki, şkafı açıb paltarlarını 

çıxarır. 

–Məni? 


–Elə bilirsən, mənim qohum–əqrabam yoxdur, —dedi və 

paltarlarını çamadana yığmağa başladı. —Elə bilirsən yerdən 

çıxmışam, təpə–tənhayam, —təzə lak çəkmələrini çıxarıb 

qəzetə bükməyə başladı, —elə bilirsən, sənin  əlinə baxıram, 

xarabandan getsəm qalmağa bir yer, yeməyə bir parça zəhrimar 


 512 

tapmaram? Hanı mənim darağım? 

–Əzizim, —dedim, — axı bir məni başa sal, nə olub? Bu 

oyun nədir çıxardırsan, hara yığışırsan? 

–Deyirsən biz lap keyik, qanmazıq, heç nə başa düşmürük? 

Hanı mənim darağım? 

–Axı bir məni də başa sal görüm nəyi başa düşmüsən? 

–Guya özün bilmirsən? Yoxsa göbək kəsməni də 

danacaqsan? Hanı mənim darağım? 

–Ay başına dönüm, nə göbək, nə daraq? Tfu, daraq budur, 

al, amma göbək nədir, vallah, başa düşmürəm. 

–Bura bax, məni ələ salmısan? Gəl məni də tanıma, adıvı da 

dan, Macəradır, nə zibildir, kimdir o? 

–Macəra? Necə kimdir? Surətdir də, — deyə  mən 

kəkələdim, — bədii obraz. Personaj... e... necə deyərlər, bədii 

təfəkkürün, təxəyyülün məhsulu. 

–Bura bax, məni xamlama, təfəkkür, təxəyyül, o sözləri get 

nənəvə de. Geçməz o nömrə. Məni dağa-daşa salma, Teyyubun 

qızın da tanımayacaqsan? 

–Teyyubun qızı? 

–Bəli,  əmin Teyyubun qızı,  əmin qızı Hürnisə. Guya mən 

bilmirəm ki, uşaqlıqda sizi göbəkkəsmə eləyiblər, sonra qız 

başqasına qoşulub qaçıb, sən də məni almısan. 

–Axı bunun mətləbə nə dəxli var. 

–Dəxli yoxdur, deyirsən? Yaxşı, de görüm Hürnisənin 

gözləri nə rəngdədir? 

–Mən nə bilim? 

–Bilməzsən də. Ver bura mənim darağımı. Bağla çamadanı. 

Mən bir dəqiqə də bu xarabada qalmaram. 

–Əzizim, bir sakit ol. Axı Hürnisənin gözləri... 

–Bəli, yaşıldır Hürnisənin gözləri... Sənin yazdığın o lotu-

beçənin gözləri kimi. Deyirsən, o gözləri unutmaq olmaz, hə? 

Unutmursan unutma, cəhənnəmə unut, gora unut. Mən daha 

burda qalan deyiləm. 

And–aman elədim ki, heç Hürnisə  mənim yadıma da 


 513 

düşmürdü, svetaforun işığı kimi dəyişdim Macəranın yaşıl 

gözlərini elədim sarı, axırıncı cümləni pozdum getdim arvada 

bir yaxşı  şuba aldım və  nəhayət üç gündən sonra birtəhər 

barışdıq. 

Götürdüm gəldim yazımı makinəçi Səkinəyə. Xahiş elədim 

yazsın. 

–Yox, yox, vaxtım hardadır, yaza bilmərəm,–dedi Səkinə,—

davadandır? Davadandırsa yazmıram. Qanım qaralır. Həkimlər 

deyiblər ki, gərək qanını qaraltmayasan, onsuz da qan təzyiqin 

yüksəkdir. 

–Yox, Səkinə bacı, mamamın canıyçün davadan deyil. 

–Gülməlidir? 

–Yox, gülməli deyil. 

–Hə, onda yaza bilməyəcəyəm. Yaxşı, nədəndir, bəs? 

–Eşqdən–məhəbbətdən. 

–Yaxşı gətir bəri, canın cəhənnəm, yazaram. 

Makinəçi Səkinə yazmağa başladı, yazdıqca hərdənbir: 

–Malades, —deyirdi, —bu yerin yaxşı yazmısan, xoşum 

gəlir. 


Mən sevincimdən yerə–göyə sığmırdım. Hekayənin ortasına 

çatmışdı ki, birdən Səkinə əl saxladı. 

–Mən ölüm, — dedi, — dözə bilmirəm. Axırda bu qız 

hansına gedəcək? Sən canın de. Buna, yoxsa o birisinə.  

–O birisinə, —dedim. 

–Niyə? – deyə  Səkinə  tərs–tərs mənə baxıb üstümə 

çəmkirdi. — Ni za çto! Elə yaz ki, buna getsin. Bundan mənim 

xoşum gəlir, o biri yönsüzün biridir. 

 

–Axı... yox, — dedim, — bədii məntiqə görə… 



–Nə oldu, işin düşəndə ilan dili çıxardırdın, indi başlamısan, 

məntiq–filan. Yəni bizi lap annamaz sayırsan. Yəni bizim 

kulturamız çatmadı. Kitab-zad oxumuruq. Kino–zad 

görməmişik. Əgər bilmək istəyirsənsə mən sənin tükün sayınca 

kitab oxumuşam. Özün bil, buna getməsə yazmıram... 


 514 

–Axı, Səkinə bacı... 

–O yan-bu yan bilmirəm. Mən o qızın yerinə olsaydım, buna 

gedərdim. 

–Axı Səkinə bacı, siz o qızın yerinə deyilsiz, mən sizi təsvir 

eləməmişəm. 

–Bilirsən nə var? — deyə  Səkinə özündən çıxdı. — Get 

arvadını  təsvir elə, anavu, bacıvı, qızıvı  təsvir elə. Mən o sən 

deyənlərdən deyiləm, get adamıvı tap. Götür bu zibilini də, itil 

burdan, gözüm səni görməsin. 

Xülaseyi–kəlam üç həftə  sərasər makinəçi axtardım. Biri 

əsərin məzmununu bəyənmirdi, yazmırdı, biri təhkiyəsini, biri 

dilini xoşlamırdı, biri xarakterlərin inkişafını, biri deyirdi 

uzundur, hardadır məndə o vaxt ki, yazım başa çıxım, biri 

deyirdi gödəkdir, hardadır məndə o baxt ki, yazım pul qazanım. 

Nəhayət bir halal süd əmmişə rast gəldim, yazdırdım başa 

çıxdım. 

Vurdum qoltuğuma apardım redaksiyaya, əvvəlcə kiçik 

redaktor oxudu, dedi yaxşıdır, amma gərək filan, filan yerlərini 

pozasan. Sonra ortancıl redaktor oxudu, dedi yaxşıdır, amma 

gərək pozduğun yerləri təzədən yazasan. Sonra böyük redaktor 

oxudu, dedi ki, yaxşıdır, amma qurudur, ictimai motivləri azalt, 

şəxsi motivləri çoxalt, sonra ondan böyük redaktor oxudu və 

dedi ki, yaxşıdır, amma gərək təzədən yazasan, şəxsi motivləri 

azalt, ictimai motivləri çoxalt. 

Sonra yazı gəldi çıxdı lap böyük redaktora. 

Lap böyük redaktor oxudu, çağırdı hamımızı yanına. 

–Yazını oxudum, — dedi, — bəyəndim. Yaxşıdır. Çox 

mühüm ictimai məsələlərə toxunmusan. Doğrudan da, təəssüf 

ki, hələ  bəzi, tək–tük nöqsanlarımız, müvəqqəti kəm-

kəsirlərimiz yox deyildir. Bəzi tək-tük telefon-avtomatlar, 

doğrudan da bəzən, tək–tük hallarda pis işləyir. Ancaq... 

burada mühüm bir cəhət var... nə cəhət? 

Redaktorlar bir-birinə baxdılar. Kiçik redaktor əlini qaldırıb: 

—Yoldaş lap böyük redaktor, olar mən deyim? — dedi. — 


 515 

Həyat həqiqəti.  

Lap böyük redaktor: 

–Afərin, —dedi... — Düzdür. Həyat həqiqəti. Əziz müəllif, 

tutalım ki, biz sənin bu hekayəni olduğu kimi çap elədik. Bəs 

Yeni Zellandiya? 

–Kim? — Mənə elə gəldi ki, səhv eşitmişəm. 

–Yeni Zellandiya, deyirəm.  

—...? 

–Axı, bizim jurnalı, bilirsinizmi Yeni Zellandiyada, 



Finlandiyada,  İslandiyada, Qrenlandiyada oxuyurlar. Tutalım 

Yeni Zellandiyada bir oxucu götürdü, oxudu sənin hekayəni. 

Gördü ki, qəhrəmanın girdi avtomat budkasına, telefon 

işləmədi. Nə eybi var? Biz nöqsanlarımızı açıq–aşkar 

göstərməkdən, cəsarətlə, mətanətlə  tənqid etməkdən nə 

etməməliyik? 

Ortancıl redaktor əlini qaldırdı, izin istədi: 

–Qorxmamalıyıq, —dedi. 

–Ay sağ ol, qorxmamalıyıq, amma sənin qəhrəmanın ikinci 

telefona gedir, o da işləmir, üçüncü də  işləmir. Onda bu olur 

nə? 

–Ümumiləşdirmə! 



–Bəli, bəli, ümumiləşdirmə. Deməli ki, sən qara boyaları 

qatılaşdırırsan, həyatın işıqlı  tərəflərini görmürsən, ayrı–ayrı 

müvəqqəti, təsadüfi, tək-tük, xırda-mırda nöqsanları  nə 

edirsən? 

Kiçik redaktor: 

–Qabardır, —dedi. 

Ortancıl redaktor: 

–Yox, şişirdir, —dedi. 

Böyük redaktor: 

–Xeyr, artırır, —dedi. 

Ondan böyük redaktor: 

–Əsla, çoxaldır, —dedi. 

Lap böyük redaktor: 


 516 

–Heç biriniz bilmədiniz, — dedi, — bununla müəllif — 

burada o, kiçik bir pauza verdi. — Yeni Zellandiya 

oxucularında səhv təsəvvür oyadır. 

–Siz tamamilə haqlısınız, yoldaş lap böyük redaktor, — 

dedim. –Doğrusu mən bu hekayəni yazanda Yeni Zellandiya 

heç ağlıma da gəlməyib. 

–Gərək gəleydi. Necə ola bilər ki, gəlməsin? Özün 

cavansan, savadlı  oğlansan, yazanda həmişə  xəritəni gözünün 

qabağına gətir, gör sənin yazdığına Trinidad və Toboqo 

adasında nə deyərlər, Tao-Pao yarımadasında necə baxarlar, 

Kluntur–Pluntur dağının ətəyində nə nətiçə çıxararlar. 

–Nəzərə alaram, — dedim. 

–Ay sağ ol. Mən sənə bilirsənmi nə məsləhət görərdim. Axı 

niyə sənin qəhrəmanın Xəyal tək qalsın. Sən gəl məsələni ayrı 

cür qoyaq. Qoy hər üçü xöşbəxt olsunlar, Xəyal, Məyal, 

bağışla, Məlal və Macəra. Hər üçü əl–ələ verib yaşıl, geniş, 

təzə xiyabanla getsinlər. Otursunlar söyüd ağacının kölgəsində, 

o yeri xoşuma gəlir. Söyüd ağacı  məsələsini yaxşı qoymusan. 

Bəli, otursunlar söyüd ağacının kölgəsində. Üçü bir yerdə. 

–Necə? —dedim —Üçü? Axı, məhəbbət... 

–Məhəbbəti neyləyirsən, əşi onsuz da məhəbbətdən yazan o 

qədərdir ki, zibil qutusu çatdıra bilmirik. Sən dostluqdan yaz. 

Üç dost, üç yoldaş söyüd ağacı kölgəsində. 

Lap böyük redaktor bu yerdə bir pauza verdi. Ortancıl 

redaktor fürsətdən istifadə edib: 

–Ihı, ıhı, — dedi. 

Lap böyük redaktor: 

—Nədi, sözlü adama oxşayırsan, — deyə ona müraciət 

elədi. 


–Deyirdim, yoldaş böyük redaktor... ıhı, ıhı... o məsələyə... 

ıhı, necə baxırsınız? 

–Hansı məsələyə? 

–Ihı... yox... bir şey yoxdur, amma yenə də deyirəm, bəlkə... 

Kölgəsində oturmaq məsələsinə. 


 517 

–Nə var ki, burda? 

–Ihı... yox... bir şey yoxdur, amma yenə də deyirəm, bəlkə... 

ıhı, ıhı... belə də... sonra söz-söhbət olmasın... ıhı... deməsinlər 

bəs kölgə-filan... kölgəli cəhətlər —filan... kölgə... nə isə... 

ıhı... belə... necə deyim.., belə də kölgə–filan... nə isə burda bir 

şey var e... belə... necə... kölgə... 

Lap böyük redaktor fikrə getdi, sonra dedi: 

–Deyirsən yəni bunu ayrı cür yozarlar? 

–Nə deyim vallah, bilmək olmaz... ıhı, ıhı... hər halda kölgə-

filan... kölgəli cəhətlər... nə isə, söz–söhbət olmasın... bəlkə, 

necə deyim... hər halda... kölgə filan... kölgəli cəhətlər-filan... 

kölgəsindən qorxmaq-filan... 

Lap böyük redaktor: 

–Yaxşı, —dedi və  mənə müraciət etdi, —qoy xatircamlıq 

olsun, o yerini dəyiş, söyüd kölgəsində yox, söyüd... söyüd... 

aha, tapdım, söyüd işığında —o sevincək əlini əlinə vurdu —

lap yaxşı.  Əntiqə. Axırını bax belə yaz: — onun baxışları 

dalğınlaşdı, səsinin bəm yerinə salıb dərin hiss-həyəcanla dedi: 

— "Ay işığı. Salxım söyüd hörüklərini bulağın aynasında 

yuyur. Üç dost söyüd ağacının işığında oturub romantik 

xəyallara dalırlar. Söyüd ağacı. Nöqtələr. Bir də üçü. 

Nöqtələr". Hə, neçədir? 

Kiçik redaktor: 

–Əla, —dedi, — əladan da əla. 

Ortancıl redaktor: 

–Mən hələ 1913-cü ildə demişəm ki, siz dahisiniz, yoldaş 

lap böyük redaktor, — dedi. 

Böyük redaktor işi belə görəndə  dəsmal çıxarıb gözlərinin 

yaşını sildi: 

–Burda söz demək əbəsdir, —dedi, —Burda daha nə demək 

olar, —hönkürüb ağladı. 

Ondan böyük redaktor: 

–Mən bir şeyi başa düşə bilmirəm, —dedi, —Siz belə nadir 

istedad sahibi ola-ola, ona-buna belə gözəl məsləhətlər verə–


 518 

verə özünüz niyə yaratmırsınız? 

Lap böyük redaktor yumruğunu stolun üstünə qoyub: 

–İynə, —dedi. 

–Aaa, —deyə redaktorlar guya başa düşdülər, amma bir–

birlərinə maddım–maddım baxdıqlarından hiss elədim ki, onlar 

da mənim kimi bilmirlər nəyi iyləsinlər və niyə iyləsinlər. 

–Nə iyi gəlir ki? — dedim. 

Lap böyük redaktor başını bulayıb: 

–Ay dilbilməzlər, — dedi, — deyirəm: iynə  məsələsi. 

Eşitməmisiz: iynə aləmi bəzər, özü lüt gəzər. 

Kiçik redaktor: 

—Lap böyük redaktor yoldaş, —dedi, —zəngin xalq 

yaradıcılığımızı nə qədər gözəl bilirsiniz! 

Nə başını ağrıdım, çox başağrısı çəkdim, axırı hekayəmi çap 

eləmədilər. Verdilər qoltuğuma. O gündən qələmi qoydum 

qırağa. 

Dostumun qəmli hekayətinə qulaq asıb: 

—Dostum, — dedim, — xoşbəxtlikdən belə arvadlar, belə 

makinəçilər, belə redaktorlar tək-tükdürlər, müvəqqətidirlər, 

təsadüfidirlər. Arvadlarımızın, makinəçilərimizin, 

redaktorlarımızın əksəriyyəti namuslu, mədəni, ağıllı, cəsarətli, 

mərifətli insanlardır. Məsələn, mən özüm yazımı  həyat 

yoldaşıma oxuyanda mənə dəyərli məsləhətlər verir. Makinəçi 

xanım özgə  işinə qarışmadan, öz işini səliqəli, savadlı görür. 

İndi də  nəşriyyata gedirəm.  Əminəm ki, ağıllı, kamallı, 

vicdanlı, cəsarətli redaktora rast gələcəm. Bilirəm ki, lap böyük 

redaktor sağ əliylə (solaxay olsa, sol əliylə, nə qəm) bu yazıya 

bir yaxşı qol çəkəcək, göndərin mətbəəyə — deyəcəkdir. 

Dostum:  

—Zarafat edirsən, —dedi. 

—Yox, — dedim. — Ciddi sözümdür  ZARAFATI  

QURTARDIM. 

 

Zarafat Zarafatov  



 519 

 

SON SÖZ  



Heç bu boyda da zarafat olar? 

 

1966 



 520 

 

 



Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin