32.
Nitq mədəniyyəti konsepsiyası, onun əsasını təşkil
edən komponentlər.
İşgüzar kommunikasiyada nitq mədəniyyəti, sadəcə, danışıq
etiketlərindən, bəlağətli çıxışlardan ibarət deyil, həm də cəmiyyətdə
baş verən bütün proseslərin proyeksiyası, təzahürüdür. Nitq
mədəniyyəti hər bir konkret dilin orfoepik, orfoqrafik, leksik,
qrammatik və s. normalarını, ekspressiv imkanlarını, eləcə də yaxşı
danışmaq və yazmaq yollarını müəyyənləşdirən nəzəri və təcrübi
biliklər kompleksidir.
İşgüzar və akademik kommunikasiyada nitq mədəniyyəti
konsepsiyasının əsasını dörd komponent təşkil edir:
I Dil komponenti ünsiyyətə, hər şeydən əvvəl, nitqin düzgünlüyünə,
yəni ədəbi dilin yazılı və şifahi normalarına riayət etməyi tələb edir.
II Əlaqə komponenti adresatın danışıq situasiyasının və reallığın
nəzərə alınmasıdır. Adresat dil vasitəsi seçərkən həmsöhbətinin onu
başa düşə biləcəyini nəzərə almalıdır. Əks halda, kommunikasiya
prosesi nitq mədəniyyəti faktoru hesab edilə bilməz.
III Etik komponent dil və nitq vasitələri, yəni nitq etiketinə riayət
etmək və münasib danışıq tərzi ilə əxlaq qaydaları kodeksini və
mədəni ənənələr anlamını müəyyən edir. Yaxşı, təsirli, orijinal danışıq
kommunikasiyada etik etalondur.
IV Estetik komponent gözəllik qanunlarına əsaslanır; məzmun və
forma gözəlliyi vəhdət təşkil edir. Daha çox bədii, publisistik üslublar
üçün xarakterikdir.
Bütün bu amillər bir-biri ilə sıx əlaqəlidir. Funksionallıq, yəni işgüzar
kommunikasiya üçün müvafiq dil vasitəsi, obyektiv variantı seçmək və
onu tətbiq etmək nitq mədəniyyəti konsepsiyasının əsasını təşkil edir.
33.
Norma və variantlılıq.
Norma təkcə fikirləri düzgün ifadə edən söz axtarmaq yox, eyni
zamanda üslubi baxımdan tez başa düşülən, dolğun ifadə tərzi və
vəziyyətə uyğun daha münasib ifadələr işlətməkdir; Norma – bütün
dil materialını əhatə edir və mövcud variantlığın qarşısını alır.
Variantlıq mənaya xələl gətirmir, dil sistemini dəyişmir, lakin nitq
mədəniyyətində yüksək ədəbi dilə, leksik-semantik normaya, məna
dəqiqliyinə riayət olunması tələb edilir. Norma dil quruculuğu üçün
ictimai kommunikativ təcrübə prosesində seçilmiş, möhkəmlənmiş və
ənənəvi reallaşan elementlərin – qəbul olunmuş, dil daşıyıcılarının
nitqində sabitləşən, müəyyən dövr ərzində ədəbi dildə məcburi
(qanuni) sayılan linqvistik hadisələrin məcmusudur.
Norma – dil vasitələrinin məcmusu və müvafiq dövrdə cəmiyyətdə
qəbul edilmiş işlənmə qaydasıdır. Dilçilikdə norma anlayışı geniş və
dar mənada başa düşülür. Geniş mənada norma ənənəvi və kortəbii
surətdə yaranan, bu və ya digər növ müxtəlifliyi ilə digərlərindən
fərqlənən nitq üsullarıdır (dialekt, sosiolekt, ədəbi dil və s.). Bu
mənada norma uzus anlayışına yaxındır, bu və ya digər dil vahidindən
ənənəvi şəkildə istifadə edilməsi nəzərdə tutulur. Dar mənada norma
ədəbi dildə qanuna salınmış və hamı tərəfindən qəbul edilməsi
məcburi olan linqvistik qaydalardır; hazırda mövcud olan, keçmiş
passiv ehtiyatlardan götürülən və ya dil elementlərinin (leksik,
morfoloji, sintaktik və s.) geniş mənada – sosial qiymətləndirmə
prosesində seçim nəticəsində yeni əmələ gələn, cəmiyyətə xidmət
etməsi üçün daha əlverişli olan dil vasitələri məcmusudur. Dialektlər
və sosiolektlərdə bu əlamətlər olmadığı üçün onlara normanın dar
mənası aid edilmir.
Variantlılıq ədəbi dilin funksional-üslubi diferensiasiyasını təmin
edir, ona görə də ədəbi dil norması ümumi halda imperativ (ciddi),
məcburi (məsələn, əlifba) və dispozitiv (qeyri-ciddi) variantlı ola bilər.
|