qeyri-verbal (süni) ünsiyyətə aiddirlər. Qeyri-verbal ünsiyyəti
aşağıdakı kimi təsnif etmək olar: 1. Akustik ünsiyyət: pauza, öskürək,
köks ötürmək, gülüş, ağlamaq və s.; 2.Prosodik ünsiyyət: temp,
tembr, səsi artırıb-azaltmaq, müxtəlif səslər və s.; 3. Optik ünsiyyət:
ifadəli hərəkət – mimika, poza, jest, yeriş, baxış və s.; 4. Fizioqonomik
ünsiyyət: sifət quruluşu, bədən quruluşu və s.; 5. Taktiki ünsiyyət: əl
verib görüşmək, öpüş, sığal və s.; 6. Duyğu ünsiyyəti: qoxu, dad və s.
Süni ünsiyyət canlı nitqlə sıx bağlıdır, bəzən onun əsasını təşkil edir.
İntonasiya, jest, hərəkət, mimika, səs, baxış, etiket ünsiyyətin ən
vacib amilləridir. Bunların köməyi ilə sözdən də artıq məlumat
vermək olur.
Verbal və qeyri-verbal nitqin sintezi üç əsas funksiyanın yerinə
yetirilməsini təmin edir: 1) əlavə məlumat əldə olunur; 2) intonasiya
ilə birlikdə məzmun tamamlanır; 3) tərəfdaşlar arasında nitq
mübadiləsi tənzimlənir.
İnsanın qeyri-verbal davranışı onun psixi vəziyyəti ilə də sıx bağlıdır.
Qeyri-verbal davranış əsasında şəxsiyyətin daxili aləmi açılır, ünsiyyət
və birgə fəaliyyətin psixi məzmununun formalaşdırılması həyata
keçirilir.
Təbii kommunikasiya əbədidir – süni kommunikasiya elementləri
zaman və məkan məhdudiyyətinə tabedir.
5. İşgüzar kommunikasiyanın xüsusiyyətləri
İşgüzar kommunikasiya peşəkar fəaliyyətdə ofis, menecer,
marketinq və s. statusa malik insanlar arasında xüsusi bir ünsiyyətdir,
əsasən, rasional əsaslarla qurulur, tərəflər arasında məlumatın
şüurlu, hədəfli və məqsədəuyğun təşkilidir. İşgüzar kommunikasiya-
nın iştirakçıları və ya subyektləri həm fərdi, həm də birgə fəaliyyətdə
iştirak edən və ya etmək istəyən şəxslər ola bilər. İşgüzar kommunika-
siyanın mövzusu konkret bir sahə ilə məhdudlaşmır – cəmiyyətin
iqtisadi, sosial, siyasi, mənəvi və s. sahələrində həlli üçün birgə səylər
tələb edən hər hansı problem ola bilər. İşgüzar kommunikasiya
iştirakçılar tərəfindən müəyyən edilmiş və müxtəlif xarakter daşıyan
hədəflərə çatmaq məqsədi daşıyır. Kommunikasiya iştirakçılarının
məqsədləri üst-üstə düşməyə bilər, belə ki, işgüzar kommunikasiyanın
ünsiyyət motivi şəxsi, ailə problemləri, siyasi vəziyyət və ya mədə-
niyyət xəbərləri yox, birgə fəaliyyət, iş birliyidir, bu mənada
kommunikantlar qarşıya qoyduqları məqsədlərin uğurla həyata
keçirilməsində bir-biri üçün əhəmiyyətli tərəfdaşdırlar. Reallıq budur
ki, işgüzar tərəfdaşlar bir-birinə həmişə rəğbət göstərən insanlar deyil
və ya bəzən onları ayırd etmək çətin olur; işgüzar tərəfdaşların
simpatiya və antipatiyasından asılı olmayaraq, müxtəlif mövqelərin,
problemə baxışların təhlili və optimal həlli yollarının axtarışı həyata
keçirilir. Əlbəttə, burada fərdi amili istisna etmək, işgüzar
münasibətlərdən kənarlaşdırmaq olmaz: hədəfləri bölüşən insanlarla
iş qurulur və belə yanaşma işgüzar kommunikasiyanın
müvəffəqiyyətini təmin edir. İşgüzar əlaqələr emosional yox, rasional
xarakter daşıyır və istiqamət müəyyən hədəflərə daha effektiv şəkildə
çatmağa yönəlir – duyğu və hisslər köməkçi xarakter daşıyır,
kommunikasiya prosesini, atmosferini müəyyənləşdirmir. İşgüzar
kommunikasiyada emosiyaları cilovlamaq yox, hisslərlə bu və ya digər
vəziyyətdə ən uyğun olanını nümayiş etdirmək lazım gəlir: hisslər
iyerarxik xarakterlidir, bu da münasibətlərdə sərt şəkildə
subordinasiyanın qorunması zərurətindən irəli gəlir.
|