ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə4/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   2   3   4   5   6   7   8   9   ...   37

MOJEVSKİ: Qanun adətdən fərqli olaraq mükafatlandırılma və cəza­lan­dırıl­ma ilə izlənir. Qanun öz arzusu ilə xe­yir­xah və ədalətli olmaq istəməyənləri mükafatlan­dır­ma və cəzalandırma yolu ilə öz vəzifə­lərini yerinə yetir­məyə məcbur edir.

SPİNOZA: Yox, razı deyiləm. Xeyirxahlıqlarının əvəzində yalnız kölə olan­lara mükafat veri­lir, azad olanlara yox.

MARKS: Qanunun paraqrafları ilə əxlaqi qüvvəni yaratmaq müm­kün deyildir. Prinsiplərin arxasınca gedən qanunla­rın əsa­sında prin­sip­siz­lik – dövlətə qeyri-əxlaqi, kobud-əş­ya­vi baxış durur. Qa­nun - çirkli vicdanın harayıdır.

EYNZİDEL: Qanun əsasən ölülərin səsindən başqa bir şey ol­ma­dı­ğı üçün, canlıların iradəsindən daha çox gülməli­dir.

MARKS: Əgər qanunvericilik mənəviyyatı dekretləşdirmək qa­bi­liy­yə­tin­də deyilsə, o mənəviyyatsızlığı da hüquq elan et­mək üçün da­ha az qabildir.

MONTESKYÖ: Sonuncu mülahizələrə qəti etiraz edirəm. Mə­gər belə bir faktı unutmaq olarmı ki, qanunların möv­cud olmadığı üsul-idarə ti­ra­niyadır.
VIII

(tiraniya)
MOJEVSKİ: Tiraniyanın başlıca xüsusiyyəti ondadır ki, ora­da hər şey bir nəfərin şıltaqlığı ilə edilir.

PİFAQOR: Bu da təbiidir. Hökmdarın verdiyi əmrlər, sərən­cam­lar müt­­ləq yerinə yetirilməli, qanunlarına mütləq ria­yət edilməlidir.

MOJEVSKİ: Xeyr, elə deyildir. Qanunlar tiraniya üçün deyil, çar ha­ki­miy­yəti üçün səciyyəvidir. Tiraniyadan fərqli olaraq çar haki­miy­yəti ölkənin adətləri­nə və qanunlarına tabedir.

POLİBİ: Çar hakimiyyəti o zaman yaranır ki, idarə olunanlar ha­kimiy­yə­ti bir nəfərə könüllü olaraq güzəştə gedirlər, zor və qor­xu­dan daha çox idraka tabe olurlar.

MOSKA: Zora meyil göstərən adamlar hər bir cəmiyyətdə vardır. Əgər bu adama dahilik payı verilərsə və əlverişli tari­xi şərait yaranar­sa, biz Napoleonu əldə etmiş olarıq, əgər onun qarşısında böyük bir ideal qoyularsa, biz Qari­baldini əldə etmiş olarıq, əgər ona xoş təsadüf­dən baş­qa heç nə verilməzsə, biz Mussolinini əldə etmiş ola­rıq.

BODEN: Əgər biz desək ki, tiran yalnız qanunlara tabe olmayan kəs ol­du­ğu üçün mütləq hakimiyyətə malikdir, onda biz bü­tün dün­ya­da elə bir suveren hökmdar tapa bilmərik. Zira, Yer üzünün bü­tün hökm­dar­ları Tanrının və Təbiətin qa­nunlarına, həmçinin bü­tün xalqlar üçün ümumi olan in­sa­ni qanunlara tabedirlər.

LAO-TSZI: Hökmdarlar hadisələrin təbii axarına müdaxilə etməməli, təbii qanunauyğunluqlara riayət etməlidirlər.

ƏMİR TEYMUR: Bəlkə də belədir. Dünya malına göz dikənlərə mal və əşya verə­cəyimi vəd etdim, mənsəbə, rütbəyə göz dikən iş­baz­ları əlimin altında­kı məmləkət­lərə və vilayətlərə ha­kim tə­yin etdim. On­ları yarı­ümid və yarıqorxu arasında sax­ladım. Zalım­lardan məz­lumların hayfını belə al­dım.

MƏHƏMMƏD PEYĞƏMBƏR: Hamıya, məzluma da, azğı­na da kö­mək edin. Təəccüblənməyin. Gözlərinizdən “Az­ğı­na nəyə görə?” sua­lını oxuyuram. Azğına kömək edin ki, azğınlıqdan ca­nı­nı qur­tar­­sın, məzluma kömək edin ki, məzlumluqdan qur­tulsun.

AXUNDOV: Vilayət içində despot padşah tərəfindən elmsiz və hər şeydən xəbərsiz şahzadələr oturdulublar. Bunlar xalq ilə köləli­yin ən alçaq və ən rəzil vəziyyətində rəf­tar edirlər. Hər bir məcli­sin yuxarı başında otururlar. Qalan ca­maat isə istər əmir olsun, istər adi adam, on­ların hüzuruna daxil olanda ikiqat olur, əl-əl üs­tə du­rur, gözləyir ki, şahzadənin ağzından nə çıxacaq. Danış­ma­ğa başladıqda hər tərəfdən “bəli, bəli” sədası yüksə­lir. Bu şah­za­dələr küçələrdən keçəndə fərraşlar qabağa düşüb hər an xal­qın üstünə çığırıb deyirlər: “Rədd olun,… keçin”. Əgər bir yazıq bilməyib yoldan kənara çə­kilməsə, fərraşların kötəyinə, də­yə­nə­yinə rast gələcək. Xalq bir xəyal edə bilmir ki, bunlar nə üçün gərək bu üstünlüklərə malik olsunlar? Bunlar bizim can və malı­mıza himayəçi olmuşlar­mı? – Yox. Bunların himayəsi ilə biz məmləkətimizin daxilində quldurların zülmündən əmin-aman­lıq tapmışıqmı? – Yox. Bunların vasitəsi ilə biz yoxsulluq­dan nicat tapmışıqmı? – Yox. Bəs bunların vü­cudu nəyə lazım­dır?

LAO-TSZI: O yerdə ki, hakimiyyət böyük müdriklərə mən­sub­dur, tə­bəələr onların mövcudluğunu hiss etmirlər. O yerdə ki, hakimiy­yət o qədər də böyük olmayan müdrik­lərə mənsubdur, təbəələr on­lara bağlı olur və onları tə­riflə­yir. O yer­də ki, hakimiyyət kiçik müd­rik­lərə mən­sub­dur, təbəələr on­la­rdan qorxur. O yerdə ki, ha­­ki­miyyət daha kiçiklərə mən­sub­dur, təbəələr onlara nifrət edir.

ORTEQA-İ-QASSET: Buradan alına bilən başqa bir nəticə də ondan ibarətdir ki, adi adamın həyatı bütün zəmanə­lərin ən qüd­rət­li hökm­darlarının həyatından daha asandır, daha bol və daha təh­lükəsizdir.

RASSEL: Hakimiyyət istəyi ümumiyyətlə qorxudan doğur. Öz qonşu­la­­rın­dan qorx­mayan kəs üçün onlar üzərində ha­ki­miyyətdə ol­maq zə­rurəti də yoxdur.

MONTESKYÖ: İstibdad üsul-idarəsinin hərəkətverici qüvvə­si qorxu­dur. Bu üsul-idarə üçün köləlik ruhu, özbaşınalıq və zorakılıq sə­c­iy­­yə­vi­dir.

POLİBİ: İstibdad üsul-idarəsi monarxiyadan fərqlidir. Ali hakimiyyəti əlin­də saxlayıb ölkəni idarə edən şəxs öz xalqının iradəsi ilə razı­laşırsa, hər kəsi, təbəələrinin fik­rin­cə, əməllərinə görə qiy­mət­lən­­di­rir­sə, yəni fəzilət sa­hib­ləri­ni müka­fat­lan­dırıb, pis iş­lə­r gö­rən­ləri cəzalandırır­sa, onda xalq da qor­xu­dan da­ha çox ağılın ita­ətində durur, qocalığına baxmayaraq yek­dilliklə həmin başçını müdafiə edir, onu taxtdan sal­maq istə­yənlərə qarşı daima mü­ba­rizə aparır. Təxminən bu yolla idarə edilən cəmiy­yət zor və cəsa­rə­tin ağalı­ğı­nı əvəz etdiyi gündən hökm­dar da nəzərə çarp­ma­dan şaha çev­rilir. Xalq təkcə bu cür şahların özlərini deyil, on­ların nəvə-nəticələrini də haki­miyyətdə uzun müddət ona görə qəbul edir ki, ağılın və əsl-nəcabətin irsən keçmə­sinə inanır.

BODEN: Monarxiya tiraniyadan fərqli olaraq qanunidir, əvvə­la ona gö­rə ki, monarxın hakimiyyəti qanunlarla məh­dud­­dur, ikincisi, ona görə ki, xalqın və ya onun nüma­yən­­də­­lə­ri­nin razılığı olma­dan monarx xalqın üzərində özbaşı­na olaraq vergi qoya bilməz.

MONTESKYÖ: Amma hakimiyyət heç zaman dövlət və xalq arasında tən ya­rı bölünə bilməz. Tarazlığı, müvazinəti saxlamaq qey­ri-mümkün­dür. Hakimiyyət hökmən bir tərəfdən azalıb, o biri tə­rəf­dən ço­xal­ma­lıdır və əsasən burada üstünlük həmişə dövlətin tərəfində olur, çünki ordu onun əlin­dədir. Lakin, istibdad üsul­idarəsi mö­tədil-mülayim ida­rə forması ilə əvəz edilməlidir. Belə idarə for­ma­sı yalnız kons­titusiyalı monarxiya və respublika şə­rai­tində həya­ta keçirilə bilər. Digər tərəfdən, həqiqi mo­narxik dövlətin də var­lı­ğı­na bir o qədər inanmıram. Monarxik dövlət təmiz halda uzun müddət qala bilməz. Bu cür idarə üsulu tezliklə ya zorakılıq üstündə bərqərar olan despotizm ilə, ya da res­pub­li­ka ilə əvəz olunma­lı­dır.

IX

(respublika)
RUSSO: Qanunlarla idarə olunan hər bir dövləti mən res­publika ad­lan­dı­rıram.

MONTESKYÖ: Belə bir yanaşma dəqiq deyildir. Üç tərzdə idarəetmə mümkündür: respublikaçı, monar­xik və despo­tik. Respublikaçı idarəetmə odur ki, burada ali haki­miyyət bütün xalqın və yaxud onun müəyyən hissəsinin əlindədir; monarxik idarəetmə odur ki, bu­rada ali hakimiyyət bir adamın əlindədir və həmin bu bir adam dövləti müəyyən dəyişməz qanunlar vasitəsilə idarə edir; des­potik hakimiyyətdə isə bir adam hər hansı bir qanun və ya qayda gözləmədən öz iradəsi və istibdadı ilə idarə edir. Əgər des­po­tik hakimiyyət üçün qorxu öncül­dürsə, monarxiya üçün şərəf, respublika üçün fəzi­lət səciyyəvidir.

BOESİ: Dövlətin hansı formasının üstün olması fikrini mən indi araş­dır­maq istəməzdim. Lakin, mənə bir şey aydın­dır: dövlət forma­sı kimi monarxiyaya qəti ehtiyac yox­dur. Monarxiyanın digər döv­lət formaları arasında hansı yeri tutduğunu aydınlaşdırmaq­dan öncə mən bilmək istərdim ki, o ümumiyyətlə dövlət formaları ara­sında müəyyən yer tutmağa layiqdirmi?

BODEN: Məncə, monarxiya əleyhinə söylənilən bu kəskin mühakimələr doğru deyildir. Güclü, mərkəzləşdirilmiş döv­lət zəruridir. Mo­narx suveren rolunda çıxış etməlidir, yəni hakimiy­yətin yeganə mənbəyi olmalıdır. Onun iradəsi və onun iradəsini ifadə edən qanunlar dövlətin bütün ərazisində yerinə yetirilmə­li­dir. Yerli əmirlərin özbaşınalığına son qoyulmalıdır. Yal­nız hökm­­­dar bü­tün hüquqlara malikdir və yalnız Tanrı ondan yük­səkdir.

TUSİ: Amma siyasəti həyata keçirmək üçün həmişə bir şəxsə ehtiyac vardır. Lakin, bu şəxsin hökmən şah və ya hökmdar olması məc­bu­ri deyildir.

MONTESKYÖ: Hakimiyyət formaları içərisində hansının daha yaxşı ol­ma­sı ölkənin yerləşdiyi iqlim zonasından asılıdır. İsti iqlim des­po­­­tizmin, soyuq iqlim isə azadlığın qərarlaşması üçün zəmin ve­rir. Məhsuldar torpaqları olan ölkələr üçün bir adamın haki­miy­yəti səciyyəvidir. Asi­yada elə buna görə də hakimiyyət həmişə despotik ol­muş­­dur. Məhsuldar olmayan torpaqlarda isə əsasən bir neçə şəxsin hakimiyyəti qərarlaşır.

HEGEL: Dövlətin ölçüləri böyüdükcə və əhalinin sayı art­dıqca onun qa­nun­ları və quruluşu tamam başqa bir şeyə çevrilir. Hər bir döv­­lət qu­ruluşu öz qüdrətliliyinin müəyyən ölçüsünə malikdir və bu öl­çü­­nü aşdıqda dövlət quruluşu dağılmağa başlayır. Bu elə bir quruluş­dur ki, başqa bir böyüklükdə olan dövlətdə onun xoş­bəxt­­liyini və gücünü təşkil edərdi.

POLİBİ: Öz-özlüyündə tam kamil olan bir dövlət forması yoxdur. Dövlət o zaman kamil olur ki, bütün dövlət formalarının ən müs­bət c­­ə­hət­­lərini özündə cəmləşdirsin. İlk dəfə məhz bu üsulla Li­kurq Sparta dövlətini yaratmışdı.

SİSERON: Polibi tərəfindən söylənilən ideya tamamilə doğ­ru­dur. Heç bir dövlət forması idarəetmənin həmişə öz dəyərini saxlayan ideal tipi hesab edilə bilməz. Hər bir dövr özünün siyasi yaradı­cı­lıq prosesin­də bu formaların qarışığından ibarət siyasi struktur­la­rı yaratmalıdır. Burada hökmdarın (monarxiya), Senatın (aris­tokratiya), yoxsa Xalq Yığıncağınınmı (demokratiya) daha əhə­miyyətli olması za­man­dan asılıdır.

POLİBİ: Təbiətin öz qanunlarına uyğun olaraq hakimiyyət formaları də­yişir, bir-birini əvəz edir və yenidən əvvəlki vəziyyətinə qayı­dır.

İBN XƏLDUN: İnsanlar əvvəlcə vəhşi olurlar, sonra tədricən təbiət alə­mindən ayrılır, sosial qrup halını alırlar. Əvvəlcə əkinçilik və mal­dar­lıqla, sonra isə sənətkarlıq və ticarətlə məşğul olurlar, elm və incəsənət meydana gəlir.

VİVEKANANDA: Bu hal müxtəlif kastaların hakimiyyətdə bir-birlərini əvəzləməsi ilə bağlıdır. Belə ki, bütün za­man­larda və sivilizasiyalı cəmiyyətlərdə dörd kasta – brahmanlar, kşatrilər, vayşilər və şud­ra­lar mövcud olmuşlar və bu kastaların dünya üzərindəki hakimiyyəti növbə ilə bir-birini əvəz etmişdir. Bütün qədim mil­lətlərdə tarixlərinin ilk dövrlərində hakimiyyət sükanı brah­man­la­rın, yəni kahinlərin əlində olmuşdur. İkinci mərhələdə haki­miy­yətə kşatrilər, yəni döyüşçülər gəlir­lər. Sonradan isə haki­miy­yət ticarət vasitəsilə varlanan vayşilərin əlinə keçir. İngiltərə Hindistanı Həzrət İsa və ya Tövrat vasitəsilə fəth etmə­di, İsanın adının arxasında, möhtəşəm sarayların arxasında, yeri titrə­dən cəng araba­la­rının arxasında, süvari və piyada orduların arxa­sın­da, döyüş şeypurlarının və nəhəng təbil gurultularının arxa­­sında, kraliça taxtının gözqamaşdırıcı dəb­də­bəsi arxasın­da hə­qi­qi İn­gil­tə­rə gizlənirdi. O İngiltərə ki, döyüş bayrağı fab­rik borusu idi, qo­şu­nu ticarətçilər ordusu idi, döyüş mey­danı isə dünyanın bütün bazar meydanları idi.

FEN YU-LAN: İnsanın dörd inkişaf mərhələsinə uyğun cə­miy­yə­tin də dörd inkişaf mərhələsi göstərilə bilər. Birinci – məsum körpə mər­­hə­lə­sində insan uşağa və vəhşiyə bənzər olaraq təbii ins­tinkt­lərə uy­ğun fəaliyyət göstərir. İkinci – utilitar mərhələdə in­san dünyadan faydalanmağa səy göstərir. Üçüncü - əxlaqi mər­hə­lə­sində insan özü­nü cəmiyyətin bir hissəsi kimi qavrayır. Dör­dün­cü – transsendent mərhələsində isə insan özünü Səmanın və­tən­daşı kimi dərk edir.

POLİBİ: Tarixi dövrləri bir daha siyasi rakursda nəzərdən ke­çir­sək qeyd oluna bilər ki, hər şeydən öncə öz-özünə heç bir plan olma­dan təkhakimiyyətlilik meydana gəlir. Son­ra onun daxilində ni­zam-intizam yaratmaq, düzəlişlər etmək yolu ilə şahlıq yaranır. Öz növ­bəsində şah üsul-idarəsi öz təbiətinə yaxın olan eybə­cər­ləş­miş for­masına, yəni tiraniyaya keçəndə sonuncuların xara­ba­lıq­ları üzə­rin­də aristokratiya yüksəlir. Daha sonra aristo­kra­tiya da təbiətin qanunu ilə oliqarxiyaya çevriləndə və qəzəb­lə­n­miş xalq hökmdara qarşı aya­ğa qalxanda demokratiya doğu­lur. Bə­zi­lərini məhv, bəzilərini isə sürgün etdikdən sonra daha və­tən­daş­lar özlərinə şah seçməyə cürət etmirlər. Səbəb də budur ki, əv­vəl­ki zalım şahlardan gözləri qorxub, eyni zamanda öz hə­yat­la­rı­nı hətta yaxşı tanıdıqları bir neçə şəxsə də etibar etməkdən çə­ki­nir­lər. Çünki dünənki hökmdarlardan çəkdik­ləri hələ də gözləri önündən getmir. Artıq heç kəsə inamı qalmayan xalq yeganə çıxış yolunu özündə görür, beləliklə də oliqarxi­yanı demokratiya ilə əvəz edir, dövlət və onun müdafiəsi qayğısını öz üzə­rinə gö­tü­rür. Nə qədər ki, köhnə sistemin həyasızlıq və zorakı­lıq­­la­rını öz göz­ləri ilə görənlər hələ sağdır, o vaxtacan yeni quruluş hamını qane edir, bəra­bərlik və azadlıq çox qiymətləndi­rilir. Ancaq elə ki, nəsil tamam dəyişir, qurbanlar bahasına qa­zanı­lan xalq ha­ki­miyyəti oğullardan nəvələrin əlinə keçir, onda demokratiya döv­rün­də öz gözünü açmış, oliqarxiya haq­qın­da yalnız ağızlardan eşi­dən bu adamlar bərabərlik və azadlıqlarının üstündə daha ba­ba­­ları tək əsmirlər, əksəriyyətdən seçilmək arzusu onların bütün hiss­ləri­nə hakim kəsilir. Bu meyil özünü xüsusilə varlılarda gös­tə­­rir. Lakin, hakimiyyətə can atan həmin şəxslər öz qabi­liy­yət və şəxsi şücaətləri ilə istədiklərinə nail ola bilmə­yəndə nə yolla olur­­­sa-olsun camaatın qılığına girmək, onu şirnikləndirmək məq­­­sədilə pul kisə­lərinin ağzını səxa­vət­lə açır­lar. Yalnız onların sər­səm şöhrətpərəst­liyi ucbatın­dan xalq ələ baxan edilir, de­mok­rat­iya isə uçulub yerini qanun­suz­lu­ğun və zorun ağalığına verir. Xalq kütlələri­nin ipə-sapa yatmaması, qa­nunlara qarşı etina­sız­­lı­ğı zaman keçdikcə oxlo­krati­ya­nın gəli­şini labüd edir. Başqasının hesabına qarnını doy­dur­mağa vərdiş edən kütlə qətllər, sür­gün­lər törədir, vəhşiliklər edir, başqa xalq­ları öz əsarəti altına alır.

LENİN: Sonuncu mərhələ müasir dillə ifadə olunsa, imperia­lizm­dir. İm­pe­rializm kapitalizmin elə mərhələsidir ki, bu­rada monopoli­ya­­ların və maliyyə kapitalının inhisarı formalaşmışdır və kapi­talın xa­ri­cə daşınması aparıcı əhə­miyyət kəsb etmişdir. Müxtəlif kapi­ta­list­lərdən bir, kol­lek­tiv kapitalist formalaşır.

VİKO: Tarixin inkişafı, məncə isə, üç mərhələdən ibarətdir. Birinci – ila­hi mərhələdir. Bu mərhələdə hakimiyyət yoxdur, hüquqi nor­ma­lar möv­cud deyildir. İkinci – qəhrəmanlıq mərhələsidir. Burada aristokratik dövlət mövcuddur. Üçüncü – insani mərhə­lədir. Bu­ra­da respublika tipli demokratik idarəetmə üsullu dövlət möv­cuddur.
X

(demokratiya)
POLİBİ: Demokratiya nədir? Çoxları onu anarxiya kimi başa düşür. Yəni, kimin ürəyi nə istəsə edə bilər. Əslində o döv­lət demo­kratik s­ayıl­malıdır ki, onda tanrılara etiqad, valideynlərə hörmət, bö­yük­lərə ehti­ram, qanun­lara isə itaət ululardan qalıb və bütün bun­larla yanaşı son həll­edici söz xalqın əksəriyyətinə məxsus­dur.

LİNKOLN: Demokratiya xalq naminə həyata keçirilən xalq hakimiy­yə­tidir.

LENİN: Yox, demokratiya yalnız varlılar üçün cənnətdir, istis­­mar olu­nan­­lar üçün, kasıblar üçün isə tələ və hiylədir.

DEMOKRİT: Yox, demokratiya şəraitində yoxsul olmaq, zülm şərai­tin­də xoş həyatdan daha yaxşıdır.

BERDYAYEV: Leninin demokratiya ideyasına düşmən mü­na­si­­bə­ti tə­bii­dir. Sosializm doğrudan da xalqın suveren iradəsini deyil, sin­fin, Messiya sinfinin – proletari­atın su­ve­ren iradəsini təsdiq edir. Ancaq proletariat istismarın ilkin günahından azaddır. Hətta Mar­ksın özü də kommunizmin taleyini burjua quruluşunun ögey oğ­lu ilə, proletariatla bağlayır. Marks kapitalizmin bu ögey oğlu­nu messiya kimi qəbul edir. Bu, yəhudilərin özlərini Tanrının sevimli xalqı kimi, ali irq kimi, yeni həyatın yaradıcısı kimi dərk etmələrinə bənzəyir. Fəhlə sinfinin kapitalizm cəmiyyətindəki və­ziy­yəti acınacaqlı­dır və in­san­da mərhəmət hissini oyadır. Am­ma bu si­nif­də xüsusi bir yüksək cizgi yoxdur, onu ehtiyac al­çal­t­mış, paxıllıq, acıq və intiqam hissi zəhərləmişdir. O, yara­dı­cılıq israf­çı­lığından məh­rum­dur. Belə mənəvi meyil­lərdən yük­sək in­sa­ni tip və yüksək icti­mai həyat tipi do­ğula bilərmi? Nəcib ciz­gi­lər, ruhani azadlıq cizgi­ləri ən sadə fəhlələrdə və kəndlilərdə də ola bilər. Bunun üçün isə onlarda qətiy­yən heç bir “proletar şüuru” və ya “proletar psixologi­yası” olmamalıdır. Marksizm yeni məm­ləkəti nəciblik üzə­rində deyil, köləlik üzərində qur­maq istəyir. “Prole­tariat” ateizmi və materializmi bur­jua­­dan öyrən­mişdir, səthi maarifçilik ruhunu onun vasitəsilə mənim­sə­mişdir, bir çox günahları və nöq­san­ları bur­juaziyadan irsi olaraq qəbul etmişdir. Prole­ta­riatda burjuaziyadan mənimsə­nil­­məyən, orijinal olan heç nə yoxdur. Proletar tipli sosia­lizmdə nəciblik yox­dur, nəciblik aristokratik sosializmə xasdır. Nəcib­lik Reskinin iyerar­xik sosializmində vardır. Demo­kra­tizm ki­mi marksist sosia­liz­mi də xalqın nəcib­ləşdi­ril­­mə­sinə xidmət etmir.

HOBBS: Demokratiya sözü özünün ilkin mənasında ümum­mil­li prob­lem­lə­rin Xalq Yığıncağında müzakirə və həl­lini ifadə edir. La­kin, Xalq Yığıncaqları arasındakı za­man intervalı çoxaldıqca de­mo­k­ra­tiya da öz mənasını iti­rir.

MİXELS: “Həqiqi demokratiya”, yəni bilavasitə demokratiya prak­tik ola­­raq həmişə mümkün olmadığı üçün nüma­yəndəli de­mo­kra­ti­ya­ya doğru təkamül edir. Nümayəndəli demo­kra­tiya isə öz ma­hiy­yəti eti­barı ilə oliqarxik təbiət­lidir, nümayəndənin nüma­yən­dəsi olduğu xalq üzərində hakimiyyə­tidir. Demokratiya hə­mi­­şə oliqarxiyaya çev­rilir.

ÇÖRÇİLL: Demokratiyanın əlbəttə ki, nöqsanları çoxdur, amma bəşə­riy­yət bu vaxta qədər bundan daha mükəm­məl olan bir quruluşu hələ ki fikirləşib tapmamışdır.

ORTEQA-İ-QASSET: Mükəmməl təşkil olunmuş hər bir cəmiyyətdə küt­­lə idarə olunur. Kütlə öz-özünə fəaliyyət gös­tərə bilmir və gös­­tər­mir. Kütlə ona görə mövcuddur ki, ona başçılıq etsinlər, ona öyüd versinlər və onun əvə­zi­nə vəkillik etsinlər.

RUSSO: Xalq deputatları xalqın nümayəndəsi deyildirlər və ola da bil­məzlər. Onlar xalq iradəsi adından heç bir qəti qərar qəbul edə bil­məzlər. Xalqın ratifikasiya etmədiyi heç bir qərar qanun hesab edilə bilməz.

QƏZZAFİ: Parlamentdə xalqın nümayəndəliyi yalandır. Xalq adından nümayəndəlik yoxdur. Əhalini seçki dairələrinə bölməklə guya bir deputat seçicilərin sayına uyğun ola­raq minlərlə, yüz minlər­lə, hətta milyonlarla adamı təm­sil edir. Hər bir deputat, başqa de­pu­tatlar kimi, xalqın nümayəndəsi sayılır. Əgər parlament seç­ki­lərdə qalib gəlmiş bir partiya tərəfindən təşkil edilmişsə, bu halda o, xalq par­lamenti deyil, partiya parlamenti olur və xalqın nü­mayəndəsi deyil, həmin partiyanın nüma­yəndəsi olur. Xalq küt­­lə­­ləri deputatlardan tamamilə ayrı düşür. Parla­mentin təyin etdiyi icraedici hakimiyyət orqanları xalqın hakimiyyətini deyil, qalib gəlmiş partiyanın hakimiyyə­tini təmsil edir. Bundan əlavə, seçkili parlament sistemi səs yığmaq üçün təbliğata əsaslandı­ğına görə sözün həqiqi mə­nasında demoqogiya sistemidir. Dün­yaya mə­lum olan ən qəddar diktaturalar parlament rejimləri şə­rai­­tində hökm sürmüşlər. Birbaşa de­mokratiya kimi səciy­yə­lən­di­rilən referendum isə demokratiya adı ilə yalandır. de­yənlər də, yox deyənlər də, əslində öz iradələrini ifadə etmir­lər, əksinə onlar müasir demokratiya məfhu­mu­nun hök­mü ilə susdu­rulmuşlar. Onlaravə ya yox deməkdən başqa danışmağa icazə verilmir. Bu ən sərt amansız diktator rejimi forma­sıdır.

ORTEQA-İ-QASSET: Ümumi səs vermədə kütlə qərar qəbul etmir, az­lı­ğın bu və ya digər qərarına qoşulur. Azlıq öz proq­ramını tək­lif edir və kütləni bu qərar layihəsini bəyənməyə dəvət edir.

BERDYAYEV: Demokratiya xalqın iradəsini tanımır, ancaq müasir nəs­lin əhəmiyyətsiz yığımı­nın iradələri­nin mexa­niki cəmlənmə­sini tanıyır. Məsələn rus xalqının iradəsini, müasir nəslin əhə­miy­­yət­siz yığımı­nın iradələri­nin mexa­niki cəmlənməsində axtar­maq düz­gün deyildir, bunun üçün Dostoyevskinin, Tolstoyun fikir­lə­rini öyrən­mək daha düzgün olardı.

LİXTENBERQ: Doğrudan da, seçkilər zamanı səsləri say­maq­dansa, çək­səy­dilər daha yaxşı olardı.

ARİSTOFAN: Bir gün heyvanlar şurasının iclasında dovşan özünün gurultulu çıxışında hamının bərabərliyini bəyan edir. Aslan dov­şa­na qulaq asır və təəccüblə soruşur: Əgər hamı bərabərdirsə, bəs sənin caynaqların harada­dır?

TOKVİL: Demokratik eqalitarizmin üç mənfi aspekti qeyd edilə bilər. Əvvəla, feodal aristokratiyasının imtiyazlarını ləğv etmək və bu­nun­­la da bərabərliyə nail olmaq uğrun­da mübarizənin aləti kimi çıxış edən siyasi mərkəzləşmə cəmiyyətdə başlıca yer tutmağa başlayır və insan azad­lıq­la­rını boğur. İkincisi demokra­tik bəra­bər­lik fərdiyyətçiliyi doğuraraq insanları bir-birindən ayı­rır, on­la­rı xüsusi həyatın çərçivəsi daxilinə salır və bununla da des­po­tizm üçün əsas hazırlayır. Üçüncüsü, bərabərliyə olan eybəcər meyil hamını kütlə səviyyəsinə endirmək meyilinə çev­rilir, kölə­likdə bərabərliyə gətirib çıxarır.

QƏZZAFİ: İndiki şəraitdə demokratik yolla aparılan siyasi mübarizə fərdin, qrupun, partiyanın və ya sinfin qələ­bəsinə, xalqın isə məğ­­lubiyyətinə gətirib çıxarır. Seçi­cilərin ümumi səsinin 51%-ini toplamış hər hansı bir namizədin qələbəsi ilə nəticələnən siyasi mübarizə dikta­tu­ranın qurulması ilə nəticələnir. Belə halda se­çicilərin 49%-i özlərinin seçmədikləri və onlara zorla qəbul edil­miş idarəetmə alətinin hökmü altına düşür­lər. Bu isə elə dik­ta­tu­ra deməkdir.

MİLLS: Belə olmaya da bilər. Amerika hindularına qarşı du­ran Ame­rika köçmələri rəqib üzərində elə texniki və say üstünlüyünə malik idilər ki, ölkə peşəkar hərbi təbəqə və iri intizamlı zor aparatı olmadan keçinə bilirdi. O zamankı hərbi texnikada zor vasitələri təmərküz­ləşmə­miş qalırdı. Bu, Amerika tarixinin ilk dövrlərində demo­kratik institutların təsdiqi üçün mühüm səbəb idi.

HOBBS: Demokratiya aristokratiya və monarxiya ilə müqayi­sə­də daha çox nöqsanlıdır. Əvvəla ona görə ki, mühüm dövlət problemlə­rinin çoxadamlı yığıncaqlarda müzaki­rəsi onların azsaylı bilicilər tərə­findən müzakirəsinə nis­bə­tən daha az effektlidir. Çünki, bir tərəfdən adamların əksəriyyəti bu problemlərin mahiyyətini ba­şa düşmür. Digər tərəfdən, əksəriyyət siyasi problemləri ümum­döv­­lət mənafe­yin­dən çıxış edərək deyil, daha çox öz dar məna­fe­yin­­dən çıxış edərək həll etməyə çalışır. Üçüncü bir tərəfdən, mühüm dövlət prob­lem­lərinin geniş miqyas­lı müzakirəsi çox zaman fikir ayrılığına, nəticədə qiyamlara və vətəndaş müha­ri­bə­lərinə gəti­rib çıxarır. Məsələyə dördüncü tərəfdən baxıldıqda, eti­raf etmək lazım gəlir ki, belə müzakirələr dövlət sir­lərinin yayıl­masına səbəb olur. Və nəhayət, dövlət prob­lemlərinin çox­adam­lı yığın­caq­larda müzakirəsi zamanı insanlar prob­lemlərin həllindən daha çox, öz natiqlik məharətini nümayiş etdirmək və mühüm dövlət postlarına seçilmək üçün siyasi kapital toplamaq qayğı­sı­na qalırlar. Buraya onu da əlavə etmək lazım gəlir ki, mühüm dövlət postlarının layiq olmayan adamlar tərəfindən tutulması imkan­ları aristokratiyaya və monarxi­yaya nisbətən de­mo­krati­ya­da daha çoxdur. Layiq olmayan adam­ların irəli çəkil­mə­­sin­də mo­narx və ya optimatlar şurası maraqlı deyillər. Xalq Yığıncağında isə əhalinin hər bir qru­pu la­yiq olub-olmamasından asılı olmaya­raq yüksək dövlət vəzifələrinə yalnız öz adamının irəli çəkil­məsinə maraq­lıdır. Bundan başqa, bir adamın hakimiy­yə­ti zamanı in­san­ların ədalətsiz cəzaya məruz qala bilməsi eh­ti­malı Xalq Yığıncağının hakimiyyəti zamanı oldu­ğundan daha azdır. Unudulmamalıdır ki, Afinada nüfuzlu adamlar heç bir ci­na­yət törətmədikləri halda sürgünə məruz qalırdılar.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin