ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ



Yüklə 3,52 Mb.
səhifə3/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   2   3   4   5   6   7   8   9   ...   37

Karlos SLİM HELU: Məhsulu bölüşmək olar, amma bağı bölüşmək olmaz.

LENİN: Kapitalistlərin mövqeyi məlumdur. Məncə, Bodenin mövqeyi daha doğrudur, lakin, bu mövqe bir qədər yum­şaq ifadə olun­muş­dur. Sosial inqilabın əsasında mil­yonların təxminən belə bir inamı durur: aclıq zülmün­dən qıvrıla-qıvrıla yaşamaqdan­sa, inqi­lab uğrunda öl­mək daha yax­şı­dır.

SPİNOZA: Qiyamlar, müharibələr, qanunlara qarşı nifrət, on­la­rın şü­ur­lu olaraq pozulması doğrudan da çox zaman təbəələrin zalımlığın­dan daha çox, ali hakimiyyətin yarıt­maz fəaliyyətindən irə­li gəlir.

POLİBİ: Qədimlərdə bir dəfə şah seçilən kəs qocalana qədər taxtda otururdu. Hakimiyyətdə olduğu müddətdə sədlər çəkdirmək, əlverişli məntəqələri möhkəmləndirmək, yeni torpaqlar tutmaq kimi qayğılarla məşğul olan hökmdarlar dedi-qodu­ya, həsədə məruz qalmırdılar. Çünki istər ge­yim­­lə­­rində, istər yeyib-içmək­lə­­rin­də, istərsə də yaşayış tərzlə­rin­də xalq­la onların arasın­da heç bir fərq olmurdu və həmişə də ün­siyyət saxlayırdılar. Onlar son­ra­­dan isə belə bir qə­ra­ra gəldilər ki, öz təbəələri kimi geyinmək daha hökmda­ra yaraşmaz, ən gözəl güzəran, ən zəngin süfrələr ancaq onlarınkı olmalıdır, ədəb qaydaları isə yal­nız sadə camaat üçün qoyulmuşdur. Əgər hökmdarların bu cür əməl­ləri adamlar­da həsəd və narazılıq doğurur­dusa, onların kişi-qadın münasi­bət­­lə­­rin­dəki qadağanlara etinasızlıq gös­tər­məsi adamlar­da qar­şı­sını heç nəyin ala bilməyəcəyi qə­zəb və nifrət selini coş­durur­du. Nəticədə xalqın hakim dai­rələrə qarşı üsyanı başlayırdı.

BODEN: Xalqın monarxı öldürmək hüququ yoxdur, lakin ti­ranı öldür­mək hüququ isə vardır.

MARKS: Hər cür həqiqi xalq inqilabının ilkin şərti isə belədir: bürok­ra­tik-hərbi maşın bu vaxta qədər olduğu ki­mi bir əldən başqa ələ verilməməlidir, sındırılmalıdır.

LENİN: İnqilabçı olmaq doğrudan da o deməkdir ki, zərərli olan, vaxtını keçirmiş olan hər şey aman verilmədən dağı­­dıl­malıdır.

CEFFERSON: Xalqın hüquq və azadlıqları keşiyində lazımi səviyyə­də dura bilməyən bir dövləti xalq nəinki devirmə­li, hətta onu devir­mək xalqın bilavasitə vəzifəsi olma­lıdır.

ORTEQA-İ-QASSET: Lakin inqilab quruluşa edilən qəsd deyildir, əvvəl­kini gözdən salan yeni quruluşun tətbi­qidir.

RUSSO: Əgər ali dövlət hakimiyyəti despotik hakimiyyət­dirsə, burada qüd­rətli və qadir despot qarşısında hamı hüquq­suzluqda bəra­bər olduğu üçün despotik dövlətdə bərabər­siz­lik özünün ən yük­sək nöqtəsinə çatmış olur. Lakin, hə­min bu hüquqsuz əksəriyyət son nəticədə despotik hakimiyyəti devirərək bərabərsizliyi ləğv edir və öz təbii hüquqlarını özünə qaytarır.

ULPİAN: Təbii hüquq təbiətin hətta bütün heyvanlara belə öyrətdiyi hüquq­dur.

KAMPANELLA: Belə olduğu halda ən təbii hüquq odur ki, hər şey ümumidir. Günəş şəhərində məhz belə olduğu üçün burada zül­mün, yalanın, oğurluğun, qarətçiliyin kökü olan acgözlük məhv edi­ləcəkdir.

BENTAM: Təbii hüquq təlimi yalandır və saxtadır. Hər bir hakimiyyət hər bir qiyamı yatırmaq hüququnu özündə sax­layır.

CEFFERSON: Həyatda hər şey dəyişilə bilər, yalnız insanın təbii hü­quq­ları dəyişilməz qalmalıdır, daha doğrusu in­sana zülm etməyə, onu istismara məruz qoymağa heç ki­min haq­qı yoxdur və onun təbii hüquqları toxunul­mazdır.

BİSMARK: Bütün bunlarla yanaşı bir həqiqəti də unutmaq olmaz: İnqi­labı dahilər düşünür, fanatiklər həyata keçirir və fırıldaqçılar isə ondan faydalanırlar.

PESTEL: Hökumət ümumi fəaliyyətə sərəncam vermək və dövlətdə ha­mıya və hər kəsə xoşbəxtlik vermək üçün ən yaxşı va­sitələri seç­mək vəzifəsinə malikdir. Dövlətin verməli olduğu xoşbəxtlik isə iki əsas predmetdən – əmin-amanlıqdan və firavanlıqdan – iba­rət­dir. Əmin-amanlıq hökumətin birinci məqsədi, firavanlıq isə ikinci məqsədidir. Bu məqsədləri həyata keçirməkdən ötrü onun xalqdan ona tabe olmağı tələb etməyə haqqı vardır. Xalqın və­zi­fəsi tabe olmaq­dır. Amma, eyni zamanda onun hökumətdən tələb etmək hü­qu­qu vardır ki, hökumət daimi olaraq ümumi xoş­bəxt­liyə çalışsın və təkcə hökm­ranlıq etməsin, həm də xalqı həmin bu əmin-amanlıq və firavanlıq məqsədlərinə doğru aparsın. Bu tələb xalqın hakim dairələrə qarşı mübarizəsinə də çev­rilə bilər.

POLİBİ: Xalqın hakim dairələrə qarşı mübarizəsinə isə pislər yox, ən nəcib, məğrur və qorxmaz vətəndaşlar başçılıq edirlər. Çün­ki məhz belələri başqalarının özbaşınalığına hamıdan az dözürlər. Elə ki, üsyançı dəstələr onları özlərinə rəh­bər­ kimi qəbul edib, arxasında möhkəm dayanır, onda şah və müt­ləqiyyət üsulu ləğv edilir. Onu istibdadın pəncə­sindən xilas etməsinə sanki minnət­darlıq əlaməti olaraq xalq dərhal çevrilişin sahibkarlarını haki­miy­yəti ələ almağa çağırır və öz talelərini onların ixtiyarına verir.

LENİN: Hər bir inqilabın başlıca əsas məsələsi də əslində elə dövlət haki­miyyəti haqqında məsələdir. Hakimiyyət hansı sinfin əlinə keçməlidir? Bu, həqiqətən də əslində hər şeyi həll edir. Çünki inqilabi mübarizənin məqsədi haki­miyyətin ələ alınmasıdır.
VI

(hakimiyyət)
LOKK: Dövlət malikanə ağalığı, ailə, vahid təsərrüfat kimi kollektiv for­ma­lardan məhz siyasi hakimiyyətin mövcud­lu­ğu ilə fərqlənir.

PARSONS: İqtisadi sistemlərdə pulun oynadığı rola bənzər rolu siyasi sistemlərdə hakimiyyət oynayır. İqtisadiyyatın diq­qət mərkəzin­də həmişə pul və pul münasi­bət­ləri dur­du­ğu kimi, siyasətin də diqqət mərkəzində həmişə hakimiy­yət və haki­miy­yət münasi­bət­ləri durur.

VEBER: Siyasətin özü bütövlükdə hakimiyyətin ələ alınma­sını, əldə saxlanılmasını və istifadə olunmasını istiqa­mət­­­lən­­di­rən fəaliy­yət­dir.

PESTEL: Bu fikri bir qədər incələmək lazım gəlir. İnsanların ən ümumi məqsədi bütün cəmiyyətin və ayrılıqda onun hər bir üzvünün xoşbəxtliyidir. Həmin məqsədi həyata keçirmək üçün isə, əlbəttə ki, müəyyən əməllər lazımdır. Bu əməlləri şəxsən mən ümumiyə və xüsusiyə bölərdim. Ümumi əməl bütün cəmiy­yətə aiddir və bütün cəmiy­yətin adından həyata keçirilir. Xüsusi əməl isə ay­rılıqda hər bir üzvün məşğuliyyətindən ibarətdir. Bütün cəmiy­­yətin adından həyata keçirilən əməl sərəncam ve­rən­­lərin və­zi­fəsini, ayrı-ayrı üzv­lərin adından və ayrı-ayrı üzv­lər tə­rə­fin­dən hə­yata keçirilən əməllər isə tabe olanların vəzifə­sini təşkil edir. Vətəndaş cəmiyyəti dövlət adını aldı­ğı zaman sərən­cam verənlər hakimiyyət adını, tabe olanlar isə xalq adını alırlar. Hakimiyyət və xalq hər bir dövlətin başlıca tərkib hissələ­ridir.

HOBBS: Elədir. İnsanlar yalnız o halda öz əllərinin əməyi ilə əmin-aman­­lıq şəraitində yaşaya bilirlər ki, onları yadel­lilərdən və bir-birindən qoruya bilən ümumi hakimiyyət möv­cud olur.

ŞTİRNER: Amma, bununla belə, dövlət əməyin kölələşdiril­məsi üzə­rində qurulur və əmək bu köləlik zülmünü de­vir­dikdən sonra döv­­lətin də sonu gələcəkdir.

EYNZİDEL: Doğrudan da, idarəetmənin ən yaxşı forması odur ki, bu­ra­da az ida­rə edirlər. Ən mükəmməl forma isə odur ki, orada ümu­miy­yətlə idarə etmirlər.

LAO-TSZI: Hakimiyyət dinc olanda xalq da sadəlövh olur, hakimiy­yət işgü­zar olanda isə, xalq bədbəxt olur.

ANTİSFEN: Burada bir nüansı da nəzərə almaq lazımdır. Bir dəfə mənə “Siyasətlə necə rəftar etmək lazımdır”? – sualını verdilər. Mən bu za­man, – “Odla rəftar edən kimi”, - cavabını verdim. “Nə o qədər yaxın durmaq lazım deyildir ki, səni yandırsın, nə də çox uzaq olmayasan ki, soyuqdan donasan”.

ŞTİRNER: Dövlətin isə həmişə bir məqsədi var – fərdləri məhdudlaş­dır­­­maq, əl-ayağını bağlamaq, hansısa bir ümumiyə tabe etmək. Dövlət açıq-aşkar məhdudiyyət ifadə edir, mənim məhdudiy­yətimi, mənim köləliyimi.

TOLSTOY: Amma o da doğrudur ki, bir adamın başqası üzərin­də haki­miy­yəti hər şeydən öncə hakimiyyət sürəni məhv edir.

ARİSTOTEL: Bununla yanaşı, belə bir məqamı da mütləq nəzərdə sax­la­maq lazımdır ki, hakimiyyət və tabeolma cəmiyyət həyatı üçün son dərə­cə zəruridir, özü də yalnız zəruri deyildir, bir çox in­san­lar üçün həm də eyni zamanda faydalıdır. Cəmiyyətdəki qeyri-bəra­bərlik ona daxilən xas olan bir hadisədir. Bu qeyri-bəra­bər­lik cəmiyyətin öz içə­ri­sin­də təbii olaraq formalaşır. Birinin itaət­də, digəri­nin isə haki­miy­yətdə olması insanların öz təbiət­lə­rin­dən doğur. İnsan­ların bir qismi təbiətən kölə, başqa qismi isə – təbiətən azaddır.

BERDYAYEV: Yox, bu düşüncə - kölə düşüncəsidir, azad adamın düşün­cəsi deyildir. Azad insan özlüyündə möv­cuddur. Ağa və qul isə ya­na­şıdırlar, onlardan biri digəri ol­ma­dan mövcud ola bilməz. Əgər ağa başqasının özü üçün mövcudluğu şüurun­dan çı­xış edir­sə, kölə­nin şüuru başqası üçün mövcudluqdan ibarətdir. Köləlik həmişə özgələşmə­dir. Aristoteldən fərqli olaraq, Feyer­bax, son­ra isə Marks köləliyin bu mən­bəyini görürdülər, lakin onu eyni zamanda insan köləliyini qanuniləşdirən materia­list fəlsəfə ilə bağ­la­yır­lar. Digər tərəf­dən, köləliyə son qo­yul­ma ağalığın yaran­ması demək deyildir, ağalıq köləli­yin əks tərəfidir. İnsan ağa olma­lı deyil, azad olmalıdır. Mən buna görə də Aris­totelin fikrini inkar edirəm. Pla­tonun və son­rakı mütəfəkkirlərin isə o fikrini təsdiqləyi­rəm ki, despotun özü də kölədir. Başqasını kölələş­dir­mə özünü kölələşdirmədir. Prometey azaddır və azad­lı­ğa çı­xa­ran­dır, despot isə kölədir və kölələşdirəndir. Nə ağa, nə də kölə şəx­siyyət deyildir. An­caq azad olan insan şəxsiyyətdir. Azad in­san heç kəs üzərində ağalıq etmək istəmir. Kölələşdirmə qa­til­lik­dir. İnsan ona görə kölədir ki, azadlıq çətin­dir, köləlik isə asan. Köləlik həmişə həqiqətin inkarı­dır, həqiqət qarşı­sın­da qor­xu­dur. Həqiqət sevgisi isə kölə­ləş­dirici qorxu üzə­rin­də qələbədir.

CEFFERSON: Azadlıq ağacı isə mütəmadi olaraq tiranların və və­tən­pər­vərlərin qanı ilə suvarılmalıdır. Bu, həmin ağa­­cın küb­rəsidir.

HEGEL: Azad insana klassik nümunə olaraq Afina vətənda­şını göstərə bilərik. Afina vətəndaşı əsl azad insan idi, o, instinktiv olaraq nə etməli idisə, onu da edirdi.

BERDYAYEV: Mənə elə gəlir ki, Hegel əslində həqiqi azadlığı tanı­mır. Hegel azadlığı dərk olunmuş zərurət kimi dəyər­ləndirir. Ger­çək­lik­də isə zərurətin nəticəsi olan azad­lıq əsl azadlıq de­yildir.

TOLSTOY: Ən yazıq kölə – öz zəkasını köləliyə verən və öz zəkası­nın eti­raf etmədiyi şeyi həqiqət kimi qəbul edən kəsdir.

ZİNOVYEV: Köləliyin əsl mənbəyi və sosial dayağı isə mən­cə mə­mur institutudur.

LAO-TSZI: Əksinə, dövlətin içində hərc-mərclik başlayanda sədaqətli nökərlər meydana çıxır.

ZİNOVYEV: Bu hal hərc-mərcliyin başladığı zaman deyil, hərc-mərc­lik­dən dövlət hakimiyyətinin formalaşmasına doğru təmayül yer al­dığı zaman baş verir. Dövlət haki­miy­yəti for­ma­laşarkən kölə­liyin da­şıyıcısı olaraq məmur ordusu mey­dana çıxır.

MİLLS: Mən belə bir sərt ifadə işlətməzdim. Doğrudur, mə­mur özü-öz­lü­­yün­də siyasəti yaratmır, yalnız siyasi qərarların müxtəlif varia­si­ya­larına aid olan informasiyanı toplayır və rəsmi olaraq qəbul olunan variantı həyata keçirir. Bununla yanaşı, məmur in­ti­­zam­lı insandır, onun özünü necə aparacağını qabaqcadan asan­lıq­la bilmək olur, o ciddi olaraq öyrənib ki, özünün «şəx­si fik­ri»ni öz xidməti həyatın­dan, xidməti vəzifələrindən ciddi olaraq kənarda saxlamalıdır. Öz həmkarları ilə münasibətdə mə­mur bir qayda olaraq rəsmi davranır və insanlar ara­sında onların rütbələ­rin­dən və ranq­larından irəli gə­lən sosial distansiyanı saxlayır. Görünür elə bu səbəbdən də bü­tün bürokratik təşki­latlar­­da iye­rar­xi­yanın yuxarı pillələri aşağı və orta pil­lələ­rə nisbətən daha az bürok­ra­tikdir. Bütün bunlarla yanaşı o da doğ­ru­dur ki, mə­mur öz funk­si­ya­sını yerinə yetirmək üçün istifadə etdiyi maddi əmlakın mülkiy­­yətçisi olmadığı kimi, məmurun özü də şəxsən hakimiy­yət sahibi deyildir. Onun həyata keçir­diyi ha­ki­miy­yət onun özünə de­yil, vəzifəsinə məxsusdur.

PESTEL: Bu hal lap başlanğıcdan dövlətə və hakimiyyətə xas olan bir cəhətdir. Gəlin, bu fikri bir qədər də xırdalayaq. Hansısa bir məq­sədə nail olmaq üçün bir neçə adamın birləşməsi cəmiyyət adlanır. Məqsədə nail olmaq üçün vasitələri seçmə zamanı isə cəmiyyətin üzvləri arasında mübahisələr və fikir ayrılığı yaranır. Əgər üzvlər cəmiy­yəti məhv etmək istəmirlərsə, onlardan hər biri öz rə­yinin bir hissəsini güzəştə getməlidir ki, ümumi fəaliy­yət üçün vasitələr seçilə bilsin. Bəs son fikri kim söyləyir, vasi­tə­ləri kim seçir, üsulları kim müəyyənləşdirir, fəaliy­yətə kim sərən­cam verir? Bütün bu çətinliklər iki qay­dada həll edilir. Birinci halda bir nəfərin və ya bir neçə üzvün əqli üstünlüyü bütün müxtəlif fikirləri razılaşdırır və di­gərlərini öz üstünlüyü­nün gücü ilə cəlb edir. Digər halda isə cəmiy­yətin üzvləri bir və ya bir neçə nəfərin üzərinə vasitələri seçmək vəzifəsini qoyurlar və bununla da onlara ümumi fəaliyyətə rəh­bər­­lik etmək hüququ­nu verirlər. Bu halların hər ikisində cəmiy­yət üzvləri sərən­cam verən­lərə və tabe olanlara ayrılırlar.

PLATON: Bu hallardan ikincisi, yəni hakimiyyətin demokra­tik qayda­da formalaş­ma­sı ilə bağlı mən özümün belə bir narahatlığı­mı bil­dirmə­yə məcburam ki, hakimiyyətin demokratik qaydada for­ma­laş­­ma­sı heç də bütün hallarda uğurlu deyildir. Hakimiyyət bu qay­da ilə şə­rəf­siz insana da verilə bilər.

PİFAQOR: Hakimiyyəti şərəfsiz bir insana vermək isə ağılsızın əlinə qı­lınc vermək qədər təhlükəlidir.

ANTİSFEN: Yaramaza hakimiyyət vermək dəliyə qılınc ver­mək­dən da­ha pisdir.

PLUTARX: Həqiqətən də, əlində hakimiyyət olan adamın kiçik gü­nah­ları da böyük görünür.

VEBER: Əgər əlində hakimiyyət olan adamda daim günah axtarıla­caq­sa, o, şə­rəf­sizlikdə, ağılsızlıqda, yaramazlıq­da, dəlilikdə gü­nah­lan­­dırı­la­­caq­sa, onun hakimiyyət sür­məsi son dərəcə çətindir. Çün­ki hökmranlıq hakimiyyə­tin reallığı faktı ilə məhdudlaşa bilməz. O mütləq bu hökmranlığın qanuni olduğu inamını for­ma­laş­dır­malıdır.

PERİANDR: Rahat yaşamaq istəyən hökmdar özünü nizələrlə deyil, xal­qın məhəbbəti ilə mühafizə etməlidir.

AXUNDOV: İtaətin bünövrəsi ancaq o zaman möhkəm olur ki, o itaət mə­­həb­bət və inamdan irəli gəlir.

VEBER: Hakimiyyət və hakimiyyətə olan inam məncə ən azı üç tipdə ola bilər. Birinci - rasional tipdir. Bu, hökm­ranlığın məntiqi əsas­lan­­dı­rılmasından doğulan inamdır. İkinci - ənənəvi tip – hökm­ran­­­lığın milli mentalitetdən doğuluşu­dur. Üçüncü – hariz­ma­tik tip - hökmranlığın hökm­ran olan şəxsiyyət qar­şı­sın­da heyranlıq his­­sindən doğulan inamdır. Harizmatik hökmranlıqda başçı bö­yük missiyanı yerinə yetirən peyğəmbər, nəhəng tarixi fiqur, ya­rı­mallah kimi qavranılır.

LÖVİT: Mənə elə gəlir ki, Veber özünün harizmatik hökm­ran­lıq ideyası ilə totalitar rejimlərin meydana gəlməsinə dolayı olsa da nəzəri olaraq şərait yaratmışdır. Əvvəla, onun özü elə harizmatik rəhbə­rizmin nümayəndəsi idi və özünün şübhəli mühakimələrinə ir­ra­sio­nal inam yaradır­dı. İkinci, ona görə ki, onun siyasi etosu­nun son sö­zü dəyərlərin qətiyyətli seçimi idi. Bu dəyərlərdən hansının seçilmə­si isə Veber üçün əhəmiyyətsiz idi.

YASPERS: Mən bunun əksini düşünürəm. Mənə elə gəlir ki, Veber özü­nün harizmatik nəzəriyyəsi ilə əksinə olaraq Av­ro­pada totali­tar rejimlərin meydana çıxmasını qabaq­ca­dan söyləmişdi və Avro­pa­ya bu barədə xəbərdarlıq etmişdi.

PUBLİSİY SİR: Özünü idarə etməyi bacarmadığı halda, başqa­la­rını idarə etmək istəyən kəs ağılsızdır.

SOLON: Mən hakimiyyətə iddialı olan kəslərə belə bir məslə­hət verər­dim: Hakimiyyəti yalnız o zaman ələ al ki, özün tabe olmağı baca­rasan.

SENEKA: Özünə hökm etmək doğrudan da böyük hakimiy­yət­dir.

ARİSTOTEL: Düşünürəm ki, özünə hökm etməyin iki növü bir-birin­dən fərqləndirilməlidir. Əgər ruh bədən üzə­rində des­po­tik hökm­ran­lı­qla hakimiyyət sü­rürsə, zəka bütün meyil­­lərimiz üzərində si­yasi hakimiyyətə malikdir. Despotik hakimiyyəti, yə­ni ağanın qul üzərin­də hökmran­lığına bənzər hakimiyyəti və həmçinin eləcə də siyasi hakimiy­yəti, yəni dövlət xadiminin vətən­daş üzərin­dəki nüfuzuna bənzər hakimiyyəti hər bir canlı varlıqda görmək olar.

VEBER: Amma terminlərə dəqiq yanaşılsa, hakimiyyət termi­ni hökm­ran­­lıq terminindən fərqləndirilməlidir. Bunu bir daha vurğulayı­ram. Ha­kimiyyət institusional forma kəsb etmiş hökmranlıqdır. Hökm­ranlıq hakimiyyətdən da­ha əvvəl meydana gəlir və heç də həmişə hakimiyyət for­ma­sını almır.

MARKS: Mən bu müddəaya konkret bir nümunə göstərə bilərəm: siyasi hakimiyyət yalnız iqtisadi hökmranlığın törəməsidir.

RUSSO: Heç bir vətəndaş o qədər varlı olmamalıdır ki, başqa­la­rını pul­la ala bilsin və heç bir vətəndaş o qədər kasıb da olmamalıdır ki, özü­­­nü satmağa məcbur olsun.

DİOGEN LAERTLİ: Sokratın bitki kökləri yediyini görən birinin «Sən bi­zim hökmdara qulluq etsəydin, heç vaxt bu günə qalıb bitki kö­kü yeməzdin» sualına Sokrat «Sən də bitki kökləri ilə kifa­yət­lən­səydin, heç vaxt özgəsinə qul­luq etməzdin», - cavabını verir.

LENİN: İbrətamiz nümunədir. Öz köləliyini dərk etməyən, utancaq, şüursuz və sözsüz kölə vəziyyətində sürünən kəs sadəcə olaraq kölədir. Öz kölə­li­yini dərk edən kəs isə artıq yarımkölədir. Özü­nün kölə vəziyyətini dərk edən və ona qarşı mübarizə aparan kəs əslində inqilab­çıdır. Kölə həyatının cazibə­darlığını, ağasının xe­yir­­xah­lığını və yax­şı­lıq­larını məmnun­luq­la təsvir edən və bu za­­man ağzın­dan su axan kəsə qaldıqda isə, o gədadır, həyasızdır.

BERDYAYEV: Bu məqamın çox dərin fəlsəfi kökləri vardır. İnsan həyat­da bir çox hallarda rol oynayır, lakin bu rol özünün olmaya da bilər. Şəxsiyyətin ikiləşməsi ibtidai in­san­da və ruhi xəstədə daha aşkardır. Sivilizasiyalı in­san­da isə bu ikiləşmə gizlidir. Tam so­sial­­laş­mış və sivili­zasiyalaş­mış insan özü də sezmədən tama­milə şəx­siy­yətsiz, hətta kölə ola bilər. Xaricdən müəyyənləşən, obyek­tiv­li­yin haki­miy­yətinə əsaslanan heç nə şəxsi deyildir, in­san­da şəxssiz olandır. İnsan Mənində determi­na­si­ya olunan hər şey keçi­cidir, şəxs­sizə çevrilmiş­dir. Şəxsiyyət isə gələcəyin tə­şək­­­kü­lü­­dür, yaradı­cı­lıq aktları­dır. Obyektivasiya şəxssizlikdir, insa­nın determinasiyalı dünyaya atılmasıdır. Şəxsiyyətin möv­cud­luğu isə azadlı­ğı nəzərdə tutur. Azadlığın sirri - şəxsiyyətin sirridir. Ancaq şəxsiyyət insan ləyaqəti hissinə malikdir. İnsanın ləyaqəti ondakı şəxsiyyətdir.

RUSSO: Azadlıqdan imtina etmək elə buna görə də öz insan ləya­qə­tin­dən imti­na etmək deməkdir.

MARKS: İnsan bu və ya digər nemətdən imtina etmənin mənfi qüv­vəsi ilə deyil, özünün həqiqi fərdiyyətini ifadə etmənin müs­bət qüv­və­si ilə azaddır.

LİXTENBERQ: Bu fikirlə razılaşmaq olar. Kölə əməli – heç də həmişə kölənin əməli deyil­dir.

HEGEL: Kölə sözü bu mənanı ifadə etmək üçün çox kəskin səslənir. Hə­min mənanı ifadə etmək üçün mən kölə sözü­nə deyil, pis adam sö­zünə üstünlük verərdim. Pis adam – həqiqi olmayan adamdır, yəni özünü öz anla­­yı­şı­na və təyinatına uyğun şəkildə aparmayan adamdır.

RUSSO: Azadlıq o deyildir ki, istədiyini edəsən, azadlıq odur ki, istəmə­di­yini etməyəsən.

MONTESKYÖ: Bir qədər dəqiqləşdirilsə, azadlıq odur ki, qa­nun­la icazə verilən hər bir şeyi edə biləsən.

DEMOKRİT: Adamlar o halda azad ola bilirlər ki, bütün qanun və qay­da­lara dəqiq riayət edilir, bütün vətəndaş­ların bə­ra­bər­liyi və yek­­dilliyi üçün şərait yaradılır.

SİSERON: Biz azad olmaq üçün qanunun köləsi olmalıyıq.
VII

(qanun)
MONTESKYÖ: Qanunlar sözün ən geniş və ən əhəmiyyətli məna­sında şey­lərin təbiətindən irəli gələn zəruri müna­sibətlərdir.

RUSSO: Bir qədər konkretləşdirilsə, hər bir hüquqi qanun ümu­mi ira­də­nin bəyan olunmasından başqa bir şey deyildir.

VOLTER: Hamı qanun qarşısında bərabər olmalıdır və hər bir insanın hüquq və ləyaqəti cəmiyyətin hər bir üzvü tərəfin­dən etiraf olun­ma­lıdır.

MARKS: Yox, bu mümkün deyildir. Cəmiyyət qanuna əsas­lan­mır. Bu, hü­­­quq­şünasların fan­ta­ziyasıdır. Əksinə, qa­nun cə­miy­yətə əsas­lan­­­ma­­lıdır.

KELZEN: Mənsə Marksın tamamilə əksini düşünürəm. Hü­quq onun so­si­­al-iqti­sadi izahından azad edilməlidir. Hü­ququn izahı üçün Kan­tın irəli sür­düyü mövcud zəruri əksliyi son dərəcə səciy­yə­vidir. Hü­quq zəruri davranış qaydalarının sistemi olmaqla ic­ti­mai ətrafdan asılı deyildir. Qanun döv­lətin iradəsi deyildir, əksi­nə, döv­lət hüququn təcəssü­müdür.

QORQİY: Elə bu səbəbdəndir ki, insanlar üçün qanunun özü insan tə­biə­tinə zidd olan bir tirandır.

SOLOVYOV: Hüququn vəzifəsi heç də şər üstündə duran dün­yanı ila­hi məmləkətə çevirmək deyildir, müəyyən vaxta qədər onun cəhən­nəmə çevrilməsinin qarşısını almaqdır.

ƏFƏNDİYEV: Hüquq ədaləti tanımır, çünki gerçəklik səviy­yə­­sin­də əda­lət olmur, cəmiyyət səviyyəsində ədalət ol­mur, zaman, şərait, mü­hit səviyyəsində ədalət olmur, nisbi ədalət olmur, keçici, ötəri, sonlu, qeyri-kamil ədalət ol­mur, ağalıq-nökərlik səviyyə­sində, tə­bə­qələşmə, hamı­laş­­ma, özgələşmə səviyyəsin­də ədalət olmur, cə­miyyətçi ədalət olmur, şəriətçi, zamançı, mü­hit­çi ədalət olmur.

LENİN: Qanun bir siyasi ölçüdür, siyasətdir.

SÜLEYMAN PEYĞƏMBƏR: Ölkə qanundan uzaqlaşdıqca, çoxlu rəis­lər mey­dana çıxır.

LİXTENBERQ: Ədalətli hərəkət etmək üçün çox şey bilmək lazım deyil, amma ədalətsizlik törətmək üçün hüquq elmlə­rini əməlli-başlı öy­rənmək lazımdır.

LAROŞFUKO: Cinayət özünə daha asanlıqla himayədarlar ta­pa bilir, nəinki məsumluq.

BEKKARİA: Qanun isə odur ki, insanlar kasıb yaxud varlı, rəiyyət, ya­­xud zadəgan olmasından asılı olmayaraq törət­dikləri eyni cina­yət­­lə­rə gö­rə eyni cəzaya da məhkum edilirlər.

MARKS: Dünyanı cəza ilə nə düzəltmək, nə də qorxutmaq heç za­man müm­kün olmamışdır və deyildir.

LAO-TSZI: Qanunlar və qərarlar nə qədər çox nəşr olunursa, oğru və quldur da bir o qədər çox olur.

MOJEVSKİ: Bəlkə də bunun əksi doğrudur. Oğru və quldur nə qədər çox olursa, qanunlar və qərarlar da bir o qədər çox nəşr olunur. Əgər hər hansı bir dövlətdə vətəndaşlar nöqsansız tər­biyə alsay­dı­lar və həyalılıqla, təmizliklə, vicdanlılıqla, fəzilətli əx­laq­la se­çil­səydilər, onda hər bir cəza qanunu ta­ma­milə yersiz olardı; zira qa­nun­lar xeyirxah insanlar üçün yazılmır.

MARKS: Üstəlik, qanunlar çox zaman nəinki xeyirxah olma­yan insan­lar üçün, hətta xeyirxah olmayan insanlar tərə­fin­dən yazılır, xü­su­sən, qəddarlıq yalnız qorxaqlığın diktə etdiyi qanunlar üçün sə­ciy­­yəvi­dir.

ORTEQA-İ-QASSET: Kütlənin öz-özlüyündə eləyə biləcəyi ye­ga­nə iş qi­sas­dır. Kütlə hökmranlığı zorakılığın hökm­ran­­lığı­na gətirir.

MOJEVSKİ: Qanunlar ümumiyyətlə götürüldükdə isə yaxşı adətlərin icrası və pis adətlərin qadağan olunması barədə yazılı sərəncam­dır. Adətlər qa­nun­ların mənbə­lə­ri və baş­lan­ğıclarıdır. Amma bu­nun­la belə qanunların özləri də hansı­sa bir məntiqi əsasa söy­kən­­mə­lidir.

MONTESKYÖ: Qanunlar, əvvəla, onu yaradan dövlətin tə­biətinə və prin­siplərinə uyğun gəlməlidir. Qanunlar qa­nun­veri­cinin məq­səd­­lə­ri ilə, mövcud nizam ilə şərtlənir, öz yaranma şəraiti ilə bila­vasitə bağlı­dır. İkinci tərəfdən, qanunlar ölkənin fiziki xassə­lə­ri­nə, iqliminə, torpağının keyfiyyətlərinə, vəziyyətinə, ölçüləri­nə uyğunlaşmalıdır. Ağılın xarakteri və ürəyin ehtirasları müxtə­lif iqlimlərdə tamamilə müxtəlif olduğu üçün qanunlar da müxtəlif olmalıdır. Üçüncüsü, qanunlar bir-biri ilə bağlı olmalı­dır. Və nə­ha­yət, dördüncü və ən başlıcası, qanunlar hansı xalq üçün yara­dıl­mışsa, o xalqın xarakteri ilə sıx bağlı ol­ma­lıdır. Qa­nun xalqın azadlıq səviyyəsindən, dinin­dən, meyillərindən, zən­gin­li­yin­dən, sayından, adətlərin­dən, hə­yat tərzindən asılı olaraq qəbul edil­mə­lidir. Çox nadir hal­larda müm­kün­dür ki, bir xalq üçün yara­dıl­mış qanunlar başqa xalq üçün də yararlı olmuş olsun.

Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin