OĞLUMUN MEYİDİNİ GƏTİRDİM
Ələkbərova Nuridə Məhəmməd qızı:—Şəhər atəşə tutulan vaxt axşam saat 11-də Ələsgər
müəllimgilin zirzəmisinə doluşduq. (Xatırladaq ki, Ələskər müəllim yaralı halda girov düşmüş və
Stepanakertdə—həbsxanada vəfat etmişdi).
Yoldaşım Təvəkkül postda idi. O, milli ordunun döyüşçüsü idi. Murad adlı milli ordunun bir əsgəri gecə
saat 3-də gəlib bizə dedi:
— Tez olun, meşəyə qaçın! Ermənilər və ruslar şəhərə doluşub! Sizi girov götürəcəklər!
Biz Qarqar çayını keçib meşəyə qaçdıq. Qızım Sədaqət ayaqları yalın qaçmışdı. Meşə ilə gəlib,
Naxçıvanik yoluna çıxanda saat altı olardı. Bu vaxt erməninin bir «UAZ» markalı maşını Əsgərana keçdi.
Aradan 15-20 dəqiqə keçməmiş BTR-lərdən, BMP-lərdən, avtomat və pulemyotlardan bizi atəşə tutdular. Bu
vaxt Pərvanəni, onun əri Həsənbalanı, İradəni və Taleh Abbasovu öldürdülər. Talehin iki yaşlı oğlu atasının
yanında yaralanmışdı. Ümumiyyətlə, ölənlər və yaralananlar çox idi. Bizi vəhşicəsinə qırırdılar.
Yoldaşım Təvəkküldə avtomat vardı. O, Naxçıvanik yolunda ermənilərlə atışırdı. Mən körpələrimi xilas
etmək üçün xeyli irəli qaçmışdım. Birdən Məlahət adlı bir gəlin qışqıra-qışqıra mənə çatıb dedi:
— Həyat yoldaşım Tapdığı, qızım Nazını öldürdülər!
Mən ondan yoldaşım Təvəkkülü görüb-körməməsini soruşanda dedi ki, onu da vurdular. Mən bir az
özümü itirdim. Bu vaxt 12 yaşlı oğlum Səxavətə güllə dəydi. Qışqıra-qışqıra camaatdan kömək istədim ki,
oğlumu arxama qaldırsınlar. Elxan, Astan Zeynalov mənə kömək edib uşağı kürəyimə qaldırdı. Sonra onun özü
də öldü. Yazıq yaralı körpəm hey qışqırırdı:
— Məni yerə qoy, ağrıyıram!
Güllə onun kürəyindən dəyib sinəsindən çıxmışdı. Qan belim aşağı süzülür, ağ qarın üstündə ardımca
qırmızı zolaq salırdı. Yarım saatdan sonra oğlum
[40-41]
belimdə keçindi, Mən başımın yaylığı ilə meyidi
kürəyimə bağlayıb, iki körpə də yanımda Qaraqaya istiqamətində sürünə-sürünə gəlirdik. Güllələr isə arası
kəsilmədən başımıza yağırdı. İrəlidə qardaşım Qarakişinin ayağından yaralandığını gördüm. Qaraqayaya
çatanda Şelli kəndindən tanımadığım iki oğlan köməyimə çatdı. Meyidi kürəyimdən alıb, bizi maşına
mindirərək Ağdam xəstəxanasına gətirdilər.
Fevralın 27-də oğlum Səxavəti Ağdam şəhidlər xiyabanında dəfn etdik. həyat yoldaşım Təvəkkülün və
bacısı Zərifənin meyidi 24 gündən sonra tapıldı. Onları mart ayının 20-də Uzundərə şəhidlər xiyabanında
basdırdıq. İndi biz təsəllini yalnız Xocalıya qayıtmaqda görürük.
Dostları ilə paylaş: |